
Super User
Ən çox oxunan: Rusiyanın Ukraynaya təcavüzündən utanc duyan rus Nobel mükafatçısından inanılmaz jest
Tarixdə ən bahalı Nobel medalı müəyyənləşib: bu,rusiyalı jurnalist Dmitri Muratovun medalıdır ki, bu medal auksionda 103,5 milyon dollara satılıb. Bu pulu laureat YUNİSEF-ə təqdim edib ki, müharibədən əziyyət çəkən Ukrayna uşaqlarının köməyinə yollanılsın. Bu xəbər ötən günün ən çox oxunan xəbəri kimi manşetlərdə duruş gətirib.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, hərracın özü simvolizm şəraitində həyata keçirilib: formal olaraq o, iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi günü başlayıb və iyunun 20-də - Ümumdünya Qaçqınlar günündə başa çatıb.
Əlbəttə, kimlərsə sual edə bilər ki, Dmitri Muratov kimdir? O, "Novaya qazeta"nın baş redaktorudur və sözügedən addımı barədə belə deyib:
"Bəli, biz redaksiyada tam heyətlə acizlik hissi keçirdik, ona görə ki, döyüşlər başlamışdı, insanlar həlak olurdu və bu işdə bizim ölkəmiz iştirak edirdi. Və biz nə edə biləcəyimizi bilmirdik. Bax, bu cür acizlik hissi fevralın 24-dən başlayaraq bütün vicdanlı ruslara tanış idi".
Nobel Sülh Mükafatı Dmitri Muratova ötən il filippinli jurnalist Mariya Ressa ilə birlikdə "Söz azadlığının qorunması üçün səylər"inə görə təqdim edilib. O zaman "Novaya qazeta" nın baş redaktoru mükafatın pul hissəsini də xeyriyyəçiliyə sərf etmişdi. Bu humanist insan indi də medalını xeyriyyəçiliyə sərf etdi.
Xatırladaq ki, Rusiyanın başladığı təcavüzkar müharibəyə etiraz edən "Novaya qazeta" martın 28-də "Roskomnadzor"un iki xəbərdarlığından sonra işini dayandırıb. Rusiyadan mühacirət edən əməkdaşlar "Novaya qazeta: Avropa" layihəsini işə salıblar. Bu sayt Rusiyada bloklanıb.
ABŞ-da yaşayan azərbaycanlı qadın professor Aida Hüseynova vəfat edib
Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Hüseynova vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “Qafqazinfo”ya istinadən xəbər verir.
Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.
2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışırdı.
By itkini Azərbaycan musiqisinə təsir edən itki kimi dəyərləndirir, mərhumun ailəsinə və xalqımıza başsağlığı veririk.
Hərbi xidmətdən yayınıb Azərbaycana qisas dalınca gələn qazax oğlu anıldı
Aida Eyvazlı yazır
Yenə Şəhidlər Xiyabanına gedirdik. Bu dəfəki ziyarətçilərimiz Xəzərin o tayından gəlmişdilər. Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli və Akademiyanın vitse prezidenti Füzuli Məcidli idi.
Başımda Aşıq Qərib dolanırdı. Şəhidlər Xiyabanında bayatı deyərlər, oxşayıb, öyərlər şəhidləri. Mən də Aşıq Qəribin anası ilə görüşü səhnəsində oxuduğu gözəlləməyə bənd olub qalmışdım.
Mən gəlmişəm otağına,
Durum düşüm ayağına.
Bir rəhm elə qonağınam,
Ana mən Qəribəm, Qərib.
2020-ci ilin 44 günündə Türk dünyasının Zəfər tarixini qanlarıyla, canlarıyla yazan igidlərimizin uyuduğu müqəddəs məkanda əvvəlcə general-polkovnik Polad Həşimovun uyuduğu sıradan başladıq ziyarətimizi. 1990-cı ilin 20 yanvarından məzarlıq çiçəyi olan qərənfillərimizi ehtiram əlaməti olaraq şəhid oğullarımızın, qəhrəmanlarımızın sinəsi üstünə düzdük.
II Şəhidlər Xyabanı hər gün olduğu kimi gəlimli-gedimli idi. Həyat yoldaşı şəhid olandan sonra başdan-ayağa qara geyinən bir gəlin gəldi. Oğlu ilə birlikdə şəhidinin məzarının üstünə su səpirdilər. Diqqətimizi bir gənc qızcığaz da cəlb etdi. O da məzarların ətrafında fırlanıb qurumuş çiçəkləri toplayır, məzar başındakı ağacları sulayırdı. 2020-ci ilin sentyabr ayından bu məkana gələn doğmalar və dostlar, qohumlar və yadlar, qərib ellərin yolçuları bu müqəddəs yerdəkiləri unudulmağa qoymurlar.
Bu məzarlıqdan 300 metr yuxarıda isə 1994-cü ildə salınmış Şəhidlər Xiyabanıdır. Bax orada dəfn olunan uşaqlar Qarabağ uğrunda döyüşə gedəndə burada indi uyuyanların əksəriyyəti ya doğulmamışdı, ya məktəbli idi, ya da hələ yaşı döyüşə getməyə çatmırdı... Burada uyuyan igidlər ötən 28 il ərzində indi uyuduqları məkandan 300 metr yuxarıdakı məzarlığı dəfələrlə ziyarət etmiş, oradakı Şəhidlərin qarşısında baş əymişdilər.
Ancaq burada uyuyan oğullar II Şəhidlər Xiyabanında bir qəribin uyuduğundan xəbərsiz idilər. O igidin qərib olduğunu yalnız dostları - 776 saylı əlahiddə taborun döyüşçüləri Saleh Əliyev, Yaşar Nəsibov, Yusif Ağayev, İsgəndər Ağayev, Mürvət Əliyev, Rövşən Babayev, Elxan Şıxəliyev, Mehman Əliyev, Teymur İsmayılov, Elçin Məmmədov, Fərzəli Pəsərək, Rəşid Əliyev və digərləri bilirdilər. Lakin onu qərib kimi deyil, əziz qardaşları kimi yad edirdilər. Bu gün də yad edirlər. Amma ki, bir danılmaz həqiqət var, sinəsində doğulduğun torpaqdan ayrı düşdünsə, qəribsən ki, qərib. İstər sağ ol, istər də, torpağın altında.... Sağ olanda - doğmaların, yurd yerin yadına düşəndə ürəyinin başı göynəyəcək, ölüb torpaq altında yatdınsa, torpağın, məzarın göynəyəcək...
Bizim yerlər daşlı olar,
Gözəl qızlar saçlı olar.
Qərib gözü yaşlı olar,
Ana, mən Qəribəm, Qərib.
Yəqin ki, oxucularım kimdən danışdığımı bildilər. Söhbət II Şəhidlər Xiyabanında uyuyan qazax balası Barımbetov Yerbol Turexanulıdan gedir.
1993-cü ilin fevral ayında 776 saylı tabora Xüsusi Təyinatlı kimi qəbul olunmuşdu. 1992-ci ilin payızından 1993-cü ilin fevral ayına qədər 6 ay müddətində Qazaxıstanın Kapçekay hərbi desant bazasında əsgərlik xidməti keçmişdi. 6 ay ərzində öyrəndiklərini gəlib Azərbaycanın torpaqlarının azadlığı uğrunda döyüşdə tətbiq etməyə başlamışdı. Doğma yurdundakı hərbi hissəni nədən özbaşına buraxlb gəldiyini soruşanda, demişdi ki, mən həm də bizim Daxili İşlər Nazirinin müavini, polkovnik Saylau Serikovun qisasını alıram. Milis polkovniki Saylau Serikov 1991-ci ildə Qarakənd üzərində vurulan helokopterdə şəhid olmuşdu.
Yerbol Barımbetov belə qeyrətli bir türk oğlu idi. Türk tarixini dərindən öyrənmək üçün tarixçi olmaq istəmişdi. Bu arzusunu da keçid balı aşağı olduğundan gerçəkləşdirə bilməmişdi.
Bu gün isə doğma yurdundan, türklərin ATA YURDU Qazaxıstandan onu ziyarətə türk dünyasının adlı-sanlı tarixçisi, tarix elmləri doktoru Darxan Kıdıralı özü gəlmişdi.
Yerbol, yəqin ki, ruhlar aləmində çox şeydən xəbərdarsan. Bəlkə elə sənin ürəyindəki arzuları göyərdənlərdən biridir Darxan Kıdıralı. Axı Beynəlxalq Türk Akademiyasının rəhbəri olduğu vaxtdan, türk dünyasının tarixinə yeni bir işıq, yeni bir yol salıbdır. İndi o yolda sənin arzuların göyərir.
Məzarı qarşısında Darxan Kıdırlaı da, Füzuli Məcidli də, mən də yenə təzim etdik. 20 yanvarın qırmızı göz yaşı olan qərənfillərimizi sinəsi üstünə düzdük. Sonra Darxan Kıdırlalı məzar başında Quran oxudu. Dayandı. Fikrə getdi. Diqqətini Yerbolun ölüm tarixi çəkdi. Dedi ki:
“Ah nə yazıq... Onun ki, şəhid olduğunda 20 yaşı var imiş... Şəhidlər öz yaşlarından sonra böyüməzlər. Tanrı dərgahına uçduqları yaşda qalarlar”.
Yenə gözlərimin yaşını bulaq edib, Yerbolun baş daşından boylanan şəklinin üzünü başıma örtdüyüm qazax milli kəlağayısının ucu ilə sildim. Sonra həmin kələğayı ilə gözlərimin yaşını qurutdum.
Hər iki dostum Darxan Kıdıralı da, Füzuli Məcidli də dərin bir fikrə getmişdilər. Mən isə ürəyimdə Yerbolun yolunu gözləyə-gözləyə harada olmasından xəbərsiz dünyadan köçən atası Turexan və anası Satkulla danışırdım. Yenə beynimdə Aşıq Qəribin gözəlləməsi dolanırdı.
Canım ana, gözüm ana,
Ana, mən Qəribəm, Qərib.
Sənə vardır sözüm ana,
Ana mən qəribəm, qərib.
Bacı, mən qəribəm, qərib.
Anası oğul həsrəti ilə dünyadan köçən, gözü düz 28 il doğmalarını, onu sevənləri gözləyən Yerbol qardaşımızın indi ruhunun gözləri o Vətən yollarından yığılmışdı. Yerbol Berimbetovun burada qərib olduğunu bildiyim gündən Qazaxıstandan gəlib-gedən qonaqlarımı onun ziyarətinə gətirirəm. Özümü Yerbolun bacısı sayıram. Başqa cür ola bilməz axı. Mənim Vətənimin torpaqlarıının azadlığı uğrunda şəhid olan oğulun bacısı olmaq şərəf borcumdur!
Baurum Yerbol, məni bacı kimi qəbul edirsənsə, bilirəm ki, sənin 20 yaşlı məzarın üstünə bizim digər şəhidlərimizin üstünə gətirilən toy-nişan xonşaları gətirilmədi. Səni oxşayıb-ağlayan olmadı. Səni, bizdən neçə min kilometr uzaqda olan doğmaların axtardı. Hər dəfə məzarının başına gələndə, səni bacı əvəzi oxşayıram. Həsrətli günlərini necə keçirdiyini soruşuram. Doğmalarının yuxularına qonaq gedib-getmədiyini bilmək istəyirəm. Anan Satkul sənin yanına kaytış boldımı? Bəs atan necə? İndi birlikdəsinizmi?
Bu ilin aprel ayının 20-də qardaşın Nurbol, əminoğlu Yermek məzarını ziyarətə gəldilər. İndi məzarının üstündə ata yurdunda dəfn olunan ananın və atanın uyuduğu torpaqdan pay var. Torpaq ruhun daşıyıcısı, söz aparıb gətirənidir. İndi yəqin ki, ruhlar aləmində atan və ananla rahat danışa bilirsən. Yəqin ki, onlara deyirsən ki ana, gözlərim yollara baxa-baxa qalmışdı. Bilirdim ki, bir gün məni tapacaqsınız:
Qəribəm ağrıyar başım,
Ümmana döndü göz yaşım.
Bəs hanı Nurbol qardaşım,
Ana, mən Qəribəm, Qərib.
II Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarını ziyarət edib, müqəddəs məkandan uzqalaşdıq.
XI Qlobal Bakı Forumuna gələn qonaqlarımız - Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli və Akademiyanın vitse prezidenti Füzuli Məcidli elə Şəhidlər Xiyabanından hava limanına yola düşdülər.
Qazaxlar, dünyadan əməli saleh insan köçəndə deyərlər ki, “kaytış boldı”. Yəni ki, gəldiyi yerə döndü. Axı insan Tanrı zərrəsidir. Yer üzünə göndərilir ki, yaxşı əməllərlə yaşasın. Yerbol qardaşım bizim igid oğlanlarımızla birlikdə Tanrı dərgahına kaytış bolıblar. Yerlərinin rahat olduğuna şübhə yox. Çünki məqamları ən uca məqamdır.
Azərbaycan şəhidləri ilə eyni məkanda uyuan qazax xalqının qəhrəman oğlu Yerbol Barımbetovun doğmalarının da gözü yollardan yığılıb. Öz qardaşını ziyarət edib qayıdandan sonra, Nurbol Barımbetov Qazaxıstan mətbuatına müsahibə verərərk, qardaşının necə böyük məqama, hörmətə sahib olduğunu deyib.
Qərib gedər iz itirər,
Əlin xudaya götürər,
Qərib ölsə kim götürər
Ana mən qəribəm, qərib.
Bacı mən qəribəm, qərib.
Yerboldan 28 il xəbər olmayanda, doğmaları elə bilmişdilər ki, izi itib, tozu da yoxdur. Lakin Yerbol Barımbetovun da, Şəhidlər Xiyabanında uyuyan naməlum və qərib olan digər şəhidlərin də xatirəsi bizim üçün əzizdir.
Mən inanıram ki, Yerbol Berimbetovun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi üçün mütləq hər hansı bir meydanın, küçənin adı veriləcək. Bu həm də Qazaxıstan və Azərbaycan dostluğunun əbədi simvoluna çevriləcək. Bir də xatırlatmaq istəyirəm ki, sağlığında Qarabağdakı erməni separatçılarına qarşı igidliklə döyüşən o qazax qəhrəmanı Yerbol Barımbetov Turexanulı Qazax və Kəlbəcər, Ağdərə uğrunda gedən döyüşlərdə həm də kəşfiyyatçı kimi xüsusilə seçilib.1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən mükafatlandırılıb. Atəşkəs elan olunmasına az qalmış, 1994-cü ilin 20 aprelində Yerbol Barımbetov sonuncu döyüşündə yaralanaraq şəhid olur.
Allah rəhmət eləsin!
Ən çox oxunan: Qrenlandiyada nadir ayı növü aşkarlanlb
Qrenlandiyanın cənub-şərqində, bu adanı İslandiyadan ayıran Danimarka boğazının sahilində qütb ayılarının yeni bir növü aşkarlanıb.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, genetik tədqiqatlar orada tamamilə ayrı bir qrup ayının yaşadığını aşkarlayıb, bu qütb ayıları nadir hallarda başqaları ilə əlaqə saxlayırlar. Bu yırtıcılar daim bir yerdə yaşamırlar və bütün sahil boyunca miqrasiya edirlər.
Kaliforniya Universitetinin mütəxəssisi Beth Shapira söyləyir: “Cənub-Şərqi Qrenlandiyadan olan ayıların bu qrupu genetik olaraq bütün qonşularından çox fərqlənir. Onlar hər hansı digər subpopulyasiyaların bir-birindən fərqlənməsundən daha çox öz digər qütb ayılarından fərqlənirlər. Bu çox ciddi genetik fərqlərdir, hansılar ki, kifayət qədər uzun təcriddən, populyasiyanın kiçik effektiv ölçüsündən və inbridinqdən xəbər verir".
Cənub-şərq ayılarının əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar şirin su buzlaqlarında ov etməyə uyğunlaşıblar: bunlar Qrenland buzlaqlarının dənizə sürüşən qəlpələridir. Beləliklə, bu ayılara dəniz buzunun əriməsi təsir göstərmir və onlar, nəzəri olaraq, qlobal istiləşmənin nəticələrindən daha yaxşı qorunur.
Amma bütün digər qütb ayıları üçün bu cür xilas yolu mövcud deyil. Belə nadir şərait yalnız burada və Şpisbergen adasında mövcuddur. Güclü genetik fərqlər isə göstərir ki, bu populyasiya ən azı bir neçə yüz il əvvəl mümkün olmuşdur.
Amma çox bədbin proqnoz da var: Müasir ayılar bu yeni mühitə uyğunlaşmağa sadəcə vaxt tapmayacaqlar: bəzi alimlərin fikrincə, Arktik yırtıcılar əsrin sonuna doğru yox ola bilərlər.
Cənub-şərq Qrenlandiya ayıları, nəzəri cəhətdən, daha uzun yaşaya bilərlər, lakin bu, qeyri-müəyyəndir: Qrenlandiya buzlaqlarının sürətlə əriməsi, ovçuların ərazidə tez-tez görünmələri vəziyyəti ümidsiz edir.
Azər Turan “Səməd Behrəngi” adına mükafata layid görülüb
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıcısı Anar tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana Birliyin “Səməd Behrəngi” adına mükafatını təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalı xatırladır ki, Səməd Behrəngi adına ədəbi mükafatı Birliyin Cənubi Azərbaycan şöbəsi təsis edib.
Azər Turanı bu münasibətlə təbrik edirik!
Həftəsonu 3 istirahət günü olacaq
Azərbaycan Silahlı Qüvvələr Gününün qeyd edildiyi 26 iyun günü bazar gününə təsadüf etdiyindən iyunun 27-si - bazar ertəsi qeyri-iş günü sayılacaq. Beləliklə də həftəsonu 3 gün - 25, 26 və 27 iyun istirahət günü olacaq.
Əslən Qazax rayonundan olan, süni intellekt üzrə amerikalı fəlsəfə doktoru
Elman Eldaroğlu yazır
Söhbətimə ABŞ-ın 28-ci prezidenti Vilsonun 28 may 1919-cu ildə Paris sülh konfransından sonra söylədiyi sözlərlə başlamaq istəyirəm. O, Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşündən məmnun olduğunu belə ifadə etmişdi- "Mənim söhbət etdiyim insanlar eynən mənim kimi düşünur və mənim kimi eyni ideyalara - hürriyyət, hüquq və ədalətə hörmət bəsləyirlər"…
Yüksək intellektli insanlarla ünsiyyətdə olmaq həm asan və həm də çətindir. Asandır ona görə ki, onlar səni rahat başa düşürlər. Çətinliyi isə ondadır ki, onları dəqiq anlamağa çalışırsan. Haqqında danışdığım Cavid Hüseynov süni intellekt üzrə mütəxəsisdir. Necə deyərlər, zəkası, savadı yüksək səviyyədədir…
O, 1976-ci ildə Bakı şəhərində dünyaya gəlib. Əslən Qazax rayonundandır. 8-ci sinfə qədər Bakıdakı 20 nömrəli məktəbdə, sonra isə İncəsənət Gimnaziyasında oxuyub. 1992-ci ildə oranı bitirərək İnşaat Muhəndisləri İnstitutuna qəbul olunub. 1995-ci ildə beynəlxalq mübadilə proqramı xətti ilə ABŞ-ın Rochester Texnalogiya İnstitutunda təhsilini davam etdirib.1996-cı ildə bakalavr, 1998-ci ildə birinci dəfə mühəndis və idarəetmə ixtisası, 1999-ci ildə isə ikinci dəfə kompyuter elmləri üzrə magistr dərəcələrinə yiyələnib.
1999-cu ildə İrven şəhərindəki Kaliforniya Universitetinin doktoranturasına qəbul olunub. 2008-ci ildə orada kompyuter elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə (PhD) yiyələnib.
Eyni zamanda 2002-ci ildən məşhur "General Monitors" şirkətinə kompyuter mühəndisi kimi işə götürülüb. 2015-ci ilədək bu vəzifədə çalışıb. Sonra, bir il Konektikut ştatında "ESPN" şirkətində işləyib.
2016-cı ildən Nyu York ştatında ilk kompyuteri istehsal edən "İBM" şirkətində süni intellektin biznesə tətbiq olunması üzrə mütəxəsis və qrup rəhbəri vəzifəsində çalışır. Bu sahə, dünya şöhrətli həmyerlimiz Lütfi Zadənin işlədiyi sahədir…
Deyir ki, "Lütfi Zadə ilə ilk dəfə Oriqon şatatında süni intellekt üzrə keçirilən illik konfransda görüşdüm. Çalışdığımız sahəyə aid söhbətimiz oldu. Azərbaycanlı olduğumu biləndə çox sevindi. Sonralar onu da azərbaycanlılarla bağlı tədbirlərimizə cəlb edə bildim, maraqlı çıxışlarını hələ də xatırlayıram"…
Azərbaycan naminə xeyli işlər görüb. 2006-cı ildə Tomas Qolts da daxil olmaqla bir neçə soydaşımızla "Amerika Azərbaycanlıları Şurası"nı təsis ediblər. 2006-cı ildə Los Anceles, Kaliforniya, 2007-ci ildə Kaliforniya- Berkli, 2008-ci ildə İrvin, 2009-cu ildə Nyu Yorkdakı Kalumbiya universitetlərində Amerikadakı azərbaycanlı tələbələrin konfranslarını keçiriblər. Corc Vaşinqton, Kalumbiya universitetlərində isə Qarabağ həqiqətləri ilə bağlı tədbirləri təşkil ediblər.
2007-2011-ci illərdə beş il ardıcıl fevral ayında, bir sıra nüfuzlu universitetlərdə Xocalı soyqrımına həsr olunmuş tədbirlərin təşkilatçılarından olub.
Deyir ki, "Burada yaşayan soydaşlarımıza daha faydalı olmaq üçün, gərək amerikalılara qaynayıb qarışasan. Onların inzibati idarələrində yer tutmağı bacarmalısan. Bunun üçün isə işləmək, etibar qazanmaq lazımdır"...
2013-2015-ci illərdə Kaliforniya Demokratlar Partiyasının idarə heyətinin üzvü, 2014-2015-ci illərdə Fauntin Valli şəhərinin planlaşdırma komitəsinin 5 üzvündən biri olub. Hal hazırda Nyu Cersi ştatının Hakensak şəhərinin planlaşdırma komitəsinin üzvüdür. 2013-2015-ci illərdə həm də "Türk Amerkan Cəmiyəti"ndə təmsil olunub.
2012-ci ildən "Amerikanın Acərbaycan Cəmiyyəti"nin icraçı direktorudur…
Həyat yoldaşı azərbaycanlıdır. İki qızı var, biri 19, o birisi isə 5 yaşındadır. Hər ikisi ana dilində sərbəst danışır. Böyük qızı Aydan istedadlı gəncdir, yaxşı rəsmlər çəkir. Fransada Luvr muzeyində keçirilən "ART Şou"da Əsmər Nərmanbəyovaya ayrılan hissədə Aydanın da rəsmləri sərgilənib…
Amerika siyasətinin nümayəndələri və bəzi konqresmenlərlə dostluq edir. Deyir ki, "Amerkalıların belə bir kəlamı var- "Əgər bu ölkədə yaşayırsansa, sən bu ölkənin yaxşı vətəndaşı olmalısan""…
Çox təmkinli və ciddi insandır. İllər ötəcək, bəlkə də ABŞ Konqresində bir azərbaycanlı kimi təmsil olunan ilk konqresmen o, olacaq…
Cəlilabadda yazarların ocağı yaradılıb
“Bildiyiniz kimi, son dövrlər Cəlilabad rayonu Azərbaycan ədəbiyyatına xeyli sayda imza bəxş edib. Bu axın bu gün də davam edir. Bütün bunları nəzərə alaraq Cəlilabadda yaşayıb-yaradan yazarlar yeni bir ədəbi ocaq yaratmaq qərarına gəliblər".
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu məlumatı şair Elşad Barat yayıb.
"Yaradılmış ocağın məqsədi istedadlı Cəlilabad gənclərinin üzə çıxarılması, müxtəlif ədəbi layihələrin həyata keçirilməsi və mütəmadi olaraq ölkədə, dünyada gedən ədəbi proseslərin müzakirəsini aparmaqdır" - deyə şair bildirib.
Azərbaycan Milli Kulinariya Mərkəzi küçə yeməkləri üzrə müsabiqə elan edir
Orxan Fikrətoğlunun gəlişindən sonra xeyli canlanan Azərbaycan Milli Kulinariya Mərkəzi küçə yeməyi - “streetfood” üzrə müsabiqə elan edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə Azərbaycanda “streetfood” ənənəsini başlatmaq, yerli əhaliyə və turistlərə milli xörəklər zəminində müasir, tez hazırlanan, sağlam və kreativ dizayna malik yeni xörəklər təqdim etmək məqsədilə elan edilir.
Küçə yeməklərinin satışı üçün konsepsiyaların hazırlanması ilə bağlı müraciətlər 18 yaşdan yuxarı həm peşəkar həmdə qeyri peşəkar şəxslərdən qəbul edilir. Bütün materiallar rəqəmsal formada təqdim olunmalıdır.
Məsələn, yuxa içində müxtəlif ətlər, ayran və dovğa içkiləri, limon şərbəti bu qəbildən olan qida və içkilərdir.
Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq.
Əlavə məlumat əldə etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına müraciət etmək olar.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsində bu dəfə Bülbüldür
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkar Murtuza Məşədi Rza oğlu Məmmədova həsr olunub.
O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.
Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb.
O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
Bülbül Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib.
Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.
Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.
Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.
Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan Hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. Şuşamız azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.