
Super User
Medianın müdaxiləsi tarixi-memarlıq abidəsini necə xilas etdi
Bəzən vətəndaş cəmiyyəti və media ayrı-ayrı haqsızlıqlara və qanunsuzluqlara reaksiya verməklə bu kimi halların qarşısını ala bilir. Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş tarixi-arxitektur bina ilə bağlı baş vermiş məlum insident də məhz elə bu vətəndaş sayıqlığı nəticəsində aradan götürülüb.
“Ədəbiyyat və incəsənət” portalı xatırladır ki, işbazlar tərəfindən sözügedən binanın
dam örtüyündə əlavə mansardın tikilməsi faktı dərhal medianın diqqətini cəlb edib. Xəbər saytları bu qanunsuzluq faktını istimailəşdiriblər. Ayrı-ayrı vətəndaşlar da xəbəri sosial mediada gündəmdə saxlayıblar.
Və bir gün keçmiş Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb ki, binanın sahibkarı tərəfindən tarixi abidədə mansardın tikilməsi struktur idarələr tərəfindən nəzarətə götürülüb və tikintinin qarşısı alınıb. Məlimatın tam mətni belədir:
“Qanunsuz tikinti ilə bağlı sahibkara xəbərdarlıq edilib və tarixi binanın üzərində hər hansı tikintinin aparılmasının yolverilməz olduğu bildirilib. Artıq binanın damında inşa edilmiş konstruksiyaların sökülməsinə qərar verilib və söküntü işlərinə başlanılıb. Ərazi aidiyyəti qurumlar tərəfindən tam nəzarətə götürülüb”.
Bu yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısının alınmasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sanksiyası və müdaxiləsi isə əsas rol oynayıb.
Bu barədə Dövlət Xidmətinin rəsmi açıqlamasında bildirilir. Açıqlamada qeyd olunur ki, həmin tarixi-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edilən kimi tikinti dayandırılıb, taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb.
Amma gəlin razılaşaq ki, paytaxtımızda indiyə qədər neçə-neçə tarixi abidə media və vətəndaş müdaxiləsi olunmayıb deyə işbazların qurbanına çevrilib.
Ayıq-sayıq olmaq, dəyərli hər şeyimizi qorumaq bizim borcumuzdur.
Və sonda bir ritorik sual: tarixi abidə statuslu bina niyə dövlətin balansında olmasın, bir işbaz sahibkarın xüsusi mülkiyyəti sayılsın?
Tbilisi Dövlət Konservatoriyasında “Nizaminin xatirəsinə” simfoniyası səsləndirilib
Gürcüstanın Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının böyük zalında konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Gürcüstan müxbirinə istinadən xəbər verir ki, musiqi gecəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun simli orkestr üçün “Nizaminin xatirəsinə” simfoniyası ifa olunub.
Konsertdə, həmçinin Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin müşayiəti ilə yunanıstanlı fleytaçalan Statis Karapanos çıxış edib.
Musiqi gecəsində Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin direktoru Mixeil Mdinardzenin “145/Xristos” əsərinin premyerası olub. Otar Qordelinin fleyta üçün konsertinosu səslənib.
Bundan başqa, konsertdə Ukraynanın və Gürcüstanın müğənnisi Sofi Villinin də ifası dinlənilib.
Qeyd edək ki, 1947-ci ildə yazılan “Nizaminin xatirəsinə” simfoniyası dahi şair Nizami Gəncəviyə həsr edilib.
Konsertdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanlı musiqiçi Latviyada çıxış edib
Azərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı Müqəddəs Üçlük Kafedralında ölkəmizin istedadlı orqan ifaçısı Natəvan Quliyevanın konserti keçirilib.
Natəvan Quliyeva görkəmli bəstəkarlarımız Qara Qarayev, Nazim Əlivərdibəyov, həmçinin tanınmış latviyalı bəstəkar Ayvars Kaleys və bir sıra dünya klassiklərinin orqan musiqi əsərlərini məharətlə ifa edib.
Azərbaycanlı musiqiçisinin çıxışı Liepaya şəhərində hər il keçirilən ənənəvi Yay Orqan Konsertləri çərçivəsində baş tutub.
Rumıniya səfərimizin Məmməd İsmayıl xatirəsi
“Yazarın söz mətbəxi” rubrikasında gənc şair Ümid Naccarinin ustad şair Məmməd İsmayıl barədəki qeydləri təqdim olunur.
Azərbaycanın görkəmli şairi, mənəvi atam Məmməd İsmayıl ilə Ruminiyaya çox möhtəşəm bir səfərimiz oldu. Məmməd müəllimi yaxından tanıdığıma və şəxsiyyətinə bələd olduğuma görə çox sevinirəm.
"Mən şair taleyinə inanan adamam!"- deyir o və həqiqətən də şair ömrü sürən insandır. “Dostu tanımaq istəyirsənsə səfərə çıx” - demiş atalar...
Ədəbiyyat üzrə beynəlxalq müstəvidə böyük uğurları olan Məmməd İsmayıl həm də xaraktercə bütöv və misilsiz şəxsiyyətdir və bu uğurlar heç də təsadüfi deyil. Bu, illərlə formalaşan şairlik həyatının və istedadın səmərəsidir.
Bu səfərdə illərini ədəbiyyata, sənətə həsr etmiş Məmməd müəllim qızıldan dəyərli olan təcrübələrini mənə bir övladı kimi öyrətdi.
Sizə cansağlığı və səfərlərimizin davamını arzulayıram, əziz Məmməd müəllim!
Günün fotosu: Odessa vilayətinin bombalanması acı nəticələr verib
Günün fotosu: Odessa vilayətinin bombalanması acı nəticələr verib
Rus işğalçı ordusunun artilleriyası ötən gün Ukraynanın kurort şəhəri Odessanı bombalayıb, ən azı 18 nəfər həlak olub.
Foto: Euronews
Sabah Durna balığı teatrsevərləri nağıllar aləminə aparacaq
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sabah - iyulun 3-də rusdilli tamaşaçılar qarşısında maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.
Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.
Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər. Onu da qeyd edək ki, bu üçlük tamaşada 7-dən artıq personajı canlandırmaqla, eyni zamanda, iki kuklanın oyununu ustalıqla təqdim etməyə müvəffəq olub.
“Şair qəlbini çıxarıb hamıya göstərə bilən insandır”
Hümbət Həsənoğlunun növbəti 10 aforizmi
1) Arzu insan ağlının yelkənidir.
2) Təvəzökarlıq özünü nümayiş etdirməyin incə üsuludur.
3) Şair - qəlbini çıxarıb hamıya göstərə bilən insandır.
4) Şəxsiyyət özünün hamı kimi olmadığını dərk etməkdən başlayır.
5) Saatın əqrəbi irəli getsə də, hər kəsin vaxtını geri sayır.
6) Sənin əvəzinə öləcəyini seçiblər, sənin seçimin isə yaşamaq olmalıdır.
7) Sevgi iki ruhun bir-birində təsəlli tapmasıdır.
8) Nəfəs verib bir cüt soyuq əli qızdıra bilmirsənsə, nəfəs almağın əbəsdir.
9) Maraqlı yaşamaq üçün bekarçılığını qurban verə bilməlisən.
10) Musiqi qəlbin nəfəsliyidir.
Bəstəkar və rəssamdan “Sarı adam” albomu
Azərbaycan diasporu öz nailiyyətləri ilə tarixi Vətəndəki soydaşlarını sevindirir. Diaspor nümayəndələri arasında yaradıcı insanlar – bəstəkarlar, rəssamlar, yazıçılar, heykəltəraşlar az deyil. Xaricdə yaşayan azərbaycanlıların növbəti uğuru barədə hər bir xəbər xalqımızın istedadına və yaradıcı təbiətinə görə qürur hissi doğurur.
Ramin Quliyev Çexiyada yaşayan azərbaycanlı bəstəkar, Heyran Mustafazadə isə həmin ölkənin paytaxtında yaşayan istedadlı rəssamdır.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, onlar birlikdə “Yellow Man” (“Sarı adam”) adlı yeni musiqi albomu yaradıblar.
Müəlliflər məhz bu adı seçmələrini onunla izah edirlər ki, onların nəzərdə tutduğu sarı adam musiqi rəngləri vasitəsilə duyğular və emosiyalar yaradır. Əslində belə bir albom yazdırmaq ideyası eyniadlı “Yellow Man” əsəri bəstələnəndən sonra meydana çıxıb. Məhz həmin anda bəstəkar belə bir albom üzərində işləməyi qərara alıb.
Ramin etiraf edib ki, bu əsərin adı meşədə gəzərkən ağlına gəlib. O deyib: “Biz hamımız müəyyən emosiyalar yaşayırıq. Bəzən özümüz də hiss etmədən bu duyğular qəlbimizdə yer alır. Sanki sürətlə gedən bir qatardayıq və pəncərədən o tərəfdə olanları görməyə macal tapmırıq. Hər bir gülü, çiçəyi ağacı, daşı, insanı görməyə çalışmaq lazımdır. Bizim həyatımız və həyat barədə təəssüratımızı bu anlar və duyğular əsasında formalaşır. İnsan təkcə həyati vurnuxmalarla kifayətlənməməlidir, axı bu həyatda gözəlliklər çoxdur. Sadəcə onları görmək lazımdır”.
Albomun yazılması konsepsiya ilə sıx bağlıdır. Royal eyni vaxtda yeddi mikrofona yazılıb. Onlardan altısı royalın daxilində müxtəlif yerlərdə, biri isə royalın altında qoyulmuşdu. Bəstəkarın sözlərinə görə, burada məqsəd ondan ibarət idi ki, dinləyici özünü royalın daxilində hiss etsin, simlərin, ağacın rezonansını, klavişlərin, mexanizmin və pedalın səslərini duysun. Bəstəkar deyib: “Bütün bu səslər bizim əsərin tərkib hissələridir. Dinləyicinin diqqəti təkcə melodiya üzərində deyil, həm də başqa səslər üzərində cəmləşir. Məsələn konsert salonlarında dinləyicilər bu imkandan məhrumdurlar, onlar yalnız olduqları məkanın səslərini eşidirlər”.
Heyran Mustafazadə albomum cildinin yaradılması prosesi barədə fikirlərini bölüşüb. Rəssam deyib: “Ramin öz kompozisiyasından qısa bir hissəni mənə göndərəndə mənim fikrimdə onun musiqi vasitəsilə ifadə etdiyi hissləri vizual şəkildə çatdırmaq ideyası yarandı. Mən bu təklifimi ona bildirdim. Bir müddətdən sona Ramin yazdı ki, albom olacaq, albomun adı artıq məlumdur, qalan məsələlərin həlli üçün əsəri özümün dinləməyimi təklif etdi. “Sarı adam” rəsmi üzərində işin nə qədər davam etdiyini dəqiq deyə bilmərəm. Lakin bir məsələni qəti deyə bilərəm ki, “bu dalğaya köklənmək”, nəyə görə, məsələn, “göy adam” və ya “qırmızı adam” deyil, məhz “sarı adam” variantını seçməyimizi anlamaq üçün xeyli vaxt lazım gəldi.
Bu rəngin xüsusiyyəti nədən ibarətdir? Bu xüsusiyyət müəyyən xarakterlə, fərdi münasibətlə bağlı deyil, bəlkə də tam əksinə - ən ümumi, mücərrəd və ekspressiv xarakter daşıyır. Bu, konkret insanın portreti deyil, musiqinin özünün, dinləyicini cəlb edən, onun sanki əriyib getdiyi sehrli axının portretidir”.
Əlavə olaraq bildirək ki, Ramin Quliyevin elektron, kamera və orkestr əsərləri 2018-ci ildən Yanaçek adına Musiqi və İfaçılıq Sənəti Akademiyasının layihələri çərçivəsində Niderlandda və Çexiyada ifa edilir.
Ramin Quliyev festivalların treylerləri, animasiya filmləri və teatr pyesləri üçün musiqi yazır. Bəstəkar həm də “AnimaFilm” studiyasının seçim komissiyasının üzvüdür.
2020-ci ildə Ramin Quliyevin “Dream” adlı ilk albomu işıq üzü görüb. “Yellow Man” (“Sarı adam”) bəstəkarın sayca ikinci albomudur. Hazırda Ramin Quliyev özünün üçüncü albomu üzərində işə başlayıb.
Uğurlu “Mədəni gənclik” layihəsinə yekun vurulub
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsi başa çatıb.
Bu münasibətlə iyulun 1-də Bakı Dövlət Universitetində (BDU) mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və universitetin rektoru Elçin Babayevin tələbələrlə görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında deyib ki, hər bir gəncin uğurlu olması üçün özünü tanıması vacibdir: “Sizlər BDU-da təhsil alaraq öz düşüncə qabiliyyətinizi aşkarlayırsınız. Peşəkar dünyada ən vacib tələb olunan keyfiyyət düşüncə tərzidir. Artıq elə bir dövrdəyik ki, məlumatlı olmaq üstünlük təşkil etmir. Yəni dünyanın hər hansı bir yerində nə isə icad olunursa, dərhal qlobal səviyyədə məlum olur. Bu dövrdə əsas üstünlük öz unikal düşüncə qabiliyyəti ilə bəlli olan məlumatları, faktları fərqli cür təqdim etməkdir. Məsələn, eyni məlumata sahib olan bir azərbaycanlı və amerikalı eyni faktı oxuyub fərqli cür nəticəyə gələ bilərlər. Bu fərqlilik isə mədəniyyətdən irəli gəlir. Burada da kim daha zəngin mədəniyyətə sahibdirsə, o üstünlük qazanır. Bildiyiniz kimi, dünyanın bəlli bir coğrafi xəritəsi var. Biz düşünürük ki, göstəricilər üzərində işləyərək dünyanın mədəniyyət xəritəsini tərtib edək. Bu xəritə coğrafi xəritə ilə üst-üstə düşməyəcək. Bu xəritə millətin, xalqın dünya mədəniyyət tarixində oynadığı rola, verdiyi töhfəyə əsaslanacaq. Düşünürəm ki, bu xəritədə biz böyük ölkələrdən biri olacağıq. “Mədəni gənclik” layihəmizin əsas məqsədlərindən biri də odur ki, gənclərimiz Azərbaycanın həmin mədəniyyət xəritəsini görə bilsinlər”.
Daha sonra Elnur Əliyev tələbələrin layihə haqqında təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Bu cür layihələrinin davamlı olmasını arzulayan BDU-nun rektoru Elçin Babayev “Mədəni gənclik” layihəsinin təşkilinə görə Mədəniyyət Nazirliyinə, layihədə iştirak edən tələbələrə və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə təşəkkürünü bildirib.
Tədbirin sonunda tələbələr arasında layihə üzrə keçirilən sorğunun (ən çox bəyənilən tamaşa, artist və s.) nəticələri elan olunub. Layihədə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, bu ilin may ayından həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir. İki ay davam edən layihəyə BDU-dan 300 nəfər könüllü tələbə qatılıb. Tələbələr 5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə sərbəst baxmaq imkanı əldə ediblər.
“Vərqa və Gülşa”nın beynəlxalq uğuru
Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev MDB iştirakçısı olan ölkələrin Əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının təşkilatçılığı ilə dövri nəşrlər, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində keçirilən XIX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekununda “İllüstrasiya sənəti” nominasiyasında qalib olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə 2004-cü ildən MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.
Bu il 7 ölkədən 67 nəşrin daxil olduğu müsabiqə Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilib. MDB iştirakçısı olan ölkələrin XIX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin qərarı ilə Çingiz Fərzəliyevin rəhbərliyi altında nəşr edilmiş “Vərqa və Gülşa” kitab-albomu öz nominasiyası üzrə ən yaxşısı seçilib.
Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən hazırlanmış “Vərqa və Gülşa” kitab-albomu 2021-ci ilin oktyabr ayının əvvəlində Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdim olunub. Həmin nəşr Əbdülmömin Məhəmməd əl-Xoyinin gənc Vərqa və gözəl Gülşanın nəhayətsiz eşqindən bəhs edən qədim şərq əfsanəsinə əsaslanaraq çəkdiyi 71 orta əsr miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi fundamental kitabdır.
“Vərqa və Gülşa” illüstrasiyaları Şərq miniatürləri arasında günümüzədək qədər gəlib çatmış ən qədim nümunələrdir. XIII əsr manuskriptinə yeni “poliqrafik qiraət” bəxş edən “Vərqa və Gülşa” kitab-albomu o dövrün təsvir ənənəsinin, onun xüsusiyyətlərinin, spesifika və bədii üstünlüklərinin dolğun və əhatəli mənzərəsini təqdim edir. Rəqəmsal imkanlar sayəsində ilk dəfə olaraq Azərbaycan miniatürünün şah əsərləri orijinal manuskriptə mümkün qədər autentik təqdim olunub və bu təsvirlərin yüksək estetik keyfiyyətləri haqqında tam təsəvvür yaradır.
“Vərqa və Gülşa” kitab-albomunun “İllüstrasiya sənəti” nominasiyasında qazanılan qələbəsi Azərbaycanın Əməkdar incəsənət xadimi, çox saylı, o cümlədən beynəlxalq ali fəxri adlar və mükafatlar sahibi, Azərbaycan Miil İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin respublikamızda və onun hüdudlarından kənarda Azərbaycanın unikal mədəniyyətinin dolğun tədqiqi, qüsursuz təbliği və geniş intişarı istiqamətində apardığı yorulmaz elmi-maarifçilik fəaliyyətini bir daha nümayiş etdirdi.
“Vərqa və Gülşa” kitab-albomu dünyanın aparıcı muzey və kitabxanalarının fondlarına hədiyyə edilib. Bu sıraya ABŞ-ın Konqres Kitabxanası da daxildir.