ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 04 Dekabr 2023 14:30

QİRAƏT SAATInda “Eşq mələyi”

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

3-cü hissə

 

Narahatlıq girdabında

 

Süleyman bura qədər romanı çox maraqla oxudu. Amma hiss etdi ki, yuxusu gəlir. Göz qapaqları qeyri-iradi ağırlaşıb yumulmaq həsrətindəydi. Romanı bir tərəfə qoydu... Yataqda uyuyan həyat yoldaşına – Zərrinə baxdı. Zərrinin üzünün nuru yuxudada ona ilahi bir gözəllik verirdi... Pəncərədən düşən ay işığı sanki Zərrinin əvəzindən danışır, qadın müqəddəsliyindən bəhs edirdi.

Süleymanqadın ismətihaqda düşündü...Həyalı, sadiq qadın olmağın necə bir ucalıq olduğunu, belə bir xanımın atası, qardaşı, əri olmağın nə qədər gözəl olduğunu fikir süzgəcindən keçirdi. Belə qadının övladı olmağın xoşbəxtliyini düşündü.

Və... birdən fikirləri tamam əks cəbhəyə yönəldi. Bəs birdən fahişə qadının doğması olmaq necə? Həyalı qadına məxsus nurdan məhrum olmaq. Şux, üstündə sübhün şeh damcıları olan ətirli bir qızılgüllə əzik-üzük, saplağından üzülmüş bir gül gəldi gözlərinin qabağına...

Dəhşətli fikirlər beynini əsir etdi. Onun Zərrini ona xəyanət edə bilərmi?

İşıqlaşana yaxın bu sual daha ağır şəkildə ruhunu əzdi. Zərrin ona xəyanət edibmi?

Sakit, təlatümsüz həyatına axı haradan gəlib soxuldu bu saqqallı gədə? İkrah hissi ilə sinəsinə qoyduğu romanı götürüb döşəməyə tulladı. Hətta səsdən Zərrin yerində qımıldandı da. Qərar qəbul etdi ki, romanı daha oxumayacaq, oğlanı çağırıb deyəcək ki, “götür zibilini apar”.

İşə gedəndə bu qərarında qəti olduğuna tam əminlik var idi onda.

Otağına keçdi, amma özü də hiss etdi ki, qəribəlikləri davam etməkdədir. Əməliyyatçı qızlara, katibəsinə diqqətlə baxır, onlarda Ülkərin əlamətlərini axtarırdı... Fikri yenə hərlənib-fırlanıb romana qayıdır, qaldığı yerdən davamını oxumağa səbirsizlənirdi. Nahara yaxın hiss etdi ki, verdiyi qərarı pozacaq. Hiss etdi ki, onu tiryək kimi özünə çəkir bu kağız parçaları. Arada bir neçə dəfə əl atıb romanı götürdü, davamını oxumaq istədi, bəxtdən iş çox idi, müştəri əlindən göz açmağa imkan yox idi. İş vaxtının tezliklə bitməsini arzuladı ki, qayıdıb evdə romanı oxumağa davam etsin...

Fərqliydi, əsəbiydi. Rayondakı qızları, sinif yoldaşlarını, tələbə yoldaşlarını yad eləyirdi. Adı pisə çıxmış qızları birər-birər gözünün qabağına gətirirdi. Düşünürdü ki, bu roman onu narahat edən suallardan qopmağa, xalqı bu bəladan qurtarmağa kömək edəbilərmi, görən? Düşünürdü ki, romanı bitirəndən sonra burada yazılanların həqiqətən effekt verəcəyinə inanarsa, gənc, istedadlı yazarları dəvət edər, onlarla fikir mübadiəsi aparar,onları da bu aktual problemlə, bu bəla ilə mübarizədə xalqa kömək etməyə çağırar. Düşünürdü ki, bir vaxtlar ona sosiologiyadan dərs demiş ağsaqqal müəllimi, deputat dostları ilə də görüşüb bu məsələni müzakirə edər...Bəlkə də birlikdə bütün cəmiyyəti hərəkətə gətirəcək bir təşkilat qurar, fəaliyyət proqramı da hazırlaya bilərlər.

Evə gəlcək dərhal yemək yedi... Zərrin xanımla qızlarının təhsili ilə bağlı qısa bir söhbət edib öz kabinetinə keçdi. Romanı götürüb divana uzandı.

 

 

 “Ədəbiyyat və incəsənət”

(04.12.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı yola saldığımız payız barədə gözəl lirik peyzaj yaratmış Təranə Dəmirin iki şeirini təqdim edir. Sabahsa şairin insan duyğularından yaratdığı iki lirik peyzaj sizlərə təqdim ediləcək. 

 

 

ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ.

 

Adam bu payızda ölə, İlahi,

Üstünü xəzəllə torpaqlayalar.

Vaxt gələ, yerində ağaclar bitə,

Sonra budaq-budaq yarpaqlayalar.

 

Təzədən doğasan bir ağac kimi,

Dünyanın səninlə işi olmaya.

Yanında hərlənə qurdlar, köpəklər,

Sənə batırmağa dişi olmaya.

 

Sakitcə dolana dünya başına,

Sən də ağac kimi durub baxasan .

Heç kim tanımaya bu baxışları,

Yiyəsiz baxasan, qərib baxasan.

 

Başına yığışa gəlib keçənlər,

Hamı kölgə uma ağac adamdan.

Təpədən dırnağa tərsiz, tumarsız,

Bu susuz adamdan, bu ac adamdan.

 

Günəş  budağında çiçək toxuya,

Əl atıb gülündən öpələr sənin.

Dadın çıxarasan bu azadlığın-

Bu dağlar, dərələr, təpələr - sənin.

 

Adam bu payızda ölə, İlahi,

Üstünü xəzəllə torpaqlayalar.

Vaxt gələ, yerində ağaclar bitə,

Sonra budaq-budaq yarpaqlayalar.

 

 

İNDİ BU PAYIZDAN ..

 

İndi bu payızdan şəhid qoxusu,

İndi bu payızdan qan iyi gəlir.

Nə dilin dönür ki, yamanlayasan,

Nə də gəlişini sevməyin gəlir.

 

Həsrət havası var çöldə, bayırda,

Boşalır buludlar, dolur buludlar.

Torpaq qol götürüb oynayan anda

Başının üstünü alır buludlar.

 

Neçə arzu yatır xəzəlin altda,

Üstünü, başını örtüb gedirik.

Hələ ki, gizlənib günəş buludda,

Küləkdən, yağışdan tutub gedirik.

 

İndi bu payızın sevdası ayrı, 

İndi bu payızın odu başqadı.

İndi bu payızın mayası ayrı,

İndi bu payızın dadı başqadı.

 

Küsübdü dərələr, dağlar adamdan,

Yamaclar qanrılıb üzünə baxmır.

Şair olduğun da çıxır yadından,

Qələm də, varaq da sözünə baxmır.

 

İndi bu payızdan şəhid qoxusu,

İndi bu payızdan qan iyi gəlir.

Nə dilin dönür ki, yamanlayasan,

Nə də  gəlişini sevməyin gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Bazar ertəsi, 04 Dekabr 2023 13:30

Müharibəsizlik və xəstəliksizlik!

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Şaxta baba uşaqların, bəzən də böyüməmiş ruhların yeni il  müjdəçisidir. Şaxta babaya  nə zamansa, məktub yazmağım, yaxud yazmamağım barədə bir fikrim yoxdur, daha doğrusu,  yadımda qalmayıb.  Amma indi bu yaşımda yazsa idim, yəqin ki, bir neçə il əvvəl yazacağımdan fərqli olacaqdı bu məktub. 

 

2020-ci ildən başlayaraq mənim üçün həyat tərsinə dövr etməyə başladı sanki.  Əvvəlcə müharibə dönəmində olan hadisələr, daha sonra öz həyatımda baş verən itkilərin hər biri bu məktubun məzmununa fərqli  təsir edəcəkdir.

Özüm üçün yazsa idim,  yəqin ki, zamanın geri addımlamasını istəyərdim.  Amma əlimdə iki seçim olsa,  geri qayıdıb bir səhər yuxudan durub hər şeyin əvvəlki kimi taraz olmasını, xəstəliksiz, itkisiz zamanı istəyərdim. 

Ya da ki, bir söz  var, çox vaxt deyirlər ki, keçmiş daha keçib, gələcəyinizi düzgün qurun. Mən də bu sözə uyğun gələcəkdə indi itirdiklərimin əvəzi olmasa da, yenə də ruhlandırıcı istəklərimə bir an öncə çatmaq istərdim. 

İnsanlar üçün istəyə gəldikdə isə, təəssüf ki, cəmiyyət üçün problem yaradan xəstəliklər ki var, onların ziyanını görənlərdənik. Həmçinin özüm də müharibənin ağır itkilərini eşidən, bilən, araşdıran, üzülənlərdənəm. Ona görə həm bundan sonrakı öz həyatım üçün, həm ailəm üçün, həm də cəmiyyət üçün sülh içərisində yaşayış, çarəsi tapılmayan xəstəliklərin uzaq olduğu bir həyat istəyərdim.

Şaxta baba, biz səni öz ailəmizin timsalında tanıyırıq. Atamız, anamız, nənəmiz, babamızdır bizim Şaxta baba təmsilçimiz. Onlar hər zaman yanımızda olarsa, biz hər zaman Şaxta babadan razı olacayıq.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Səyahət etməyi sevirsiniz? Mən sevirəm. Ən çox da keçmişə səyahət etməyi sevirəm. Nə dəyişdi, nə düzəldi, nələri dəyişə bildik, nə qədər inkişaf etdik - bunları görmək ümidilə ən çox keçmişlə bugün arasında müqayisələr aparıram. Bir müddət öncə sizinlə qadın hüquqları mövzusunda bir yazımı paylaşmışdım. Son dönəmlər aktual olan mövzulardan biri. Bir digər aktual mövzu isə Qaraqandır ki, bununla bağlı ilk dəfədir nə isə yazıram. Qaraqanın "BİRİNCİ DƏRƏCƏ" komandası artıq təxmin edir mövzu nədir. "Qızım" tracki.

Bu səfər isə keçmişə yox, gələcəyə səslənəcəyəm.

 

Qızım. Çox qəribə bir dünyaya göz açacaqsan. Olduqca maraqlı, acı dolu, sevinc dolu, bəlkə çox uzun, bəlkə sıradan bir həyat yaşayacaqsan. Bilməyini istədiyim çox şey var. Bu həyatda nə olur olsun, güclü olmaq hər insanın, hər bir qadının ilkin borcudur. Amma mən istəyirəm ki, sən məcbur olmayasan heç nəyə. Mən sənin arxa, dayağın olacağam. Sən də mənim gücüm, hüzurum. Bu dünyada nə olur olsun, hər yıxılanda sənə baxacaq, səndən güc alacağam. Hal-hazırda mənim 19 yaşım var. Amma bir gün sən mənim olsan, mənim həqiqətən bir qızım olsa, sənə bu dünyadan fərqli bir dünya verəcəyəm, söz verirəm. Sən heç vaxt eşitməyəcəksən "Sən qadınsan, dur bu işi gör" cümləsini. Sən heç vaxt görməyəcəksən bədəninin hər hansı bir yerində mavi, yaşıl, bənövşəyi rəngləri. Qızım. Səninlə danışmaq istədiyim, sənə demək istədiyim bir neçə şey var, yaxşı dinlə məni. Sən bu dünyaya gələndə, bil ki, bir mələk kimi gələcəksən və ömrünün sonunadək bir mələk olaraq qalacaqsan. Heç kim sənin qürurundan, sənin qəlbindən, sənin səbrindən və xətrindən üstün olmayacaq. Heç kimin din anlayışı, mentalitet düşüncəsi sənin həyat tərzini bəlirləməyəcək. Sən azad bir qadın kimi yetişəcək, hür bir insan kimi formalaşacaqsan. Sənin öhtəliklərin olmayacaq, sənin seçimlərin olacaq. Sənin məcburiyyətin yox, istəyin olacaq. Qızım. Sənin gələcək planların nə olacaq bilmirəm, amma mənim sənlə bağlı arzularım odur ki, hər şeyin üstəsindən tək gələcək qədər güclü, əlini ağdan qaraya vurmaq istəməyəcək qədər də zərif olasan. Bütün dünyanın sirlərini açacaq qədər zəki, amma qəlibləşdirilmiş dərsləri vecinə almayacaq qədər də ağıllı olasan. Sən bu dünyada necə olursan ol. Ən gözəl şəkildə var olacaqsan. 

Qızım. Mən səni kişilərə düşmən yetişdirməyəcəyəm. Sən həyatın hər anında insanları sevməyi öyrən, bunu istəyirəm, sevgi dolu ol. Bu dünyanın kirinə, nifrətinə inad, ən gözəl sən gül, ən çox sən xoşbəxt ol. Ruhumun sözü-avazı... Hər zaman əlinin biri yuxarı, biri aşağı baxsın. Mevlana rəqslərində olduğu kimi... Bir əlin dua etsin, bir əlin daim kömək etsin, daim ölümü bilsin və unutmasın. Nifrət, kin, əsəb kimi duyğulardan xəbərsiz ol. Sən bu dünyanı qüsursuz bil, qüsursuz tanı, qüsursuz yaşa. Amma səhv etməkdən də qorxma. Səhvlərinlə birlikdə böyü, düzlərinlə özünə bir cığır aç. Əsrlərin kitablarını oxu və bil ki bu dünya, sənin dünyan sadəcə sevgiylə, sənin o kiçik qəlbindəki nurla gözəlləşəcək. Daim işıq saç. Kiməsə görə yox, öz yolların aydınlıq olsun deyə. Kimdənsə qorxma, hətta yaradandan belə. Öz qəlbini o qədər gözəl tanı, o qədər gözəl yetişdir ki, tanrının səni sevdiyindən o qədər əmin ol ki, əllərin səmaya qorxuyla yox, hüzurla açılsın daim. Bil ki, sadəcə o olacaq sənin qəlbinə fərəhlik verən və sənin qurduğun, sənə qurduğum yepyeni nağıllar aləminə bənzər o dünyada sənə dəstək olan.

Sən biləcəksən ki, sənin anan əslində gənc bir yazıçı olmaq xəyalı qurub və minlərlə qadına aid yazı yazıb, hətta bəzən üsyanlar  edib tanrıya ki, niyə bu qədər canlar yanır?! Amma sən elə bir dünyada yaşa ki, əsla üsyan edəcək səbəbin olmasın. Sən kişilərdən qorxmaq yerinə tanrıya "yaxşı ki bu dünya qadın və kişilərin birlikdə həyat sürdüyü yer olaraq qurulub" deyə biləcək qədər şanslı ol. 

Qızım. Mən sənə söz verirəm ki, həmçinin sənin nə atan, nə qardaşın sənin həyatını almayacaq səndən. Sənə səndən başqası toxunmayacaq, səni səndən başqası gücdən sala bilməyəcək. Və mənim sənə yeganə şərtim odur ki, sənə yaradacağım dünyanın sənin olduğunu unutma. Unutma ki, səni heç sən də yıxa bilməz. Səni sevirəm. Mən var olmayan, amma var olanda daha çox sevəcəyim qızımı çox sevirəm. Diləyirəm, heç vaxt "kaş ki" deməzsən. Çünki mən sənin üçün bu cəmiyyəti "yaxşı ki" deyiləcək hala gətirməyə çalışacağam.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni Arif Babayevdir. Ondan müsahibə1998-ci ilin fevralında götürülüb.

 

“SƏSİM XALQIN ÜRƏYİNƏ YAZILIB”

        

Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, xalq mahnıları, təsniflər və muğamlarımızın mahir ifaçısı, Xalq artisti Arif Babayevin 60 yaşı tamam oldu. Öz təkrarolunmaz səsi və həmişəcavan sənəti ilə o, Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Cabbar Qaryağdıoğlu, Zülfi Adıgözəlov, Xan Şuşinski, Seyid Şuşinski kimi korifeylərin layiqli davamçısı olan Arif müəllim bu gün onlarla yetirməsi olan muğam məktəbinin başında dayanır. Onun neçə-neçə tələbəsinin səsi dünyanın ən böyük konsert salonlarından gəlir. Bütün sənətsevərlər adından 60 illik yubileyi münasibətilə Arif müəllimi ürəkdən təbrik edir, ona səhnədə həmişə belə şux, gümrah qalmağı arzu edirik.

 

 

-Arif müəllim, təxminən 25-30 il əvvəl xalq arasında bir əfsanə dolaşırdı -  Arif əfsanəsi. Siz özünüz o illəri necə xatırlayırsınız?

 

-O illərdə tərəf müqabili olduğum böyük sənətkarlar var idi – Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova... Onlarla bir səhnədə oynamaq nə qədər maraqlı idisə, bir o qədər də şərəfli idi. İndi də opera səhnəsində yaxşı cavanlarımız var. Amma birdən-birə sənətkar olmaq mümkün deyil. Həm də operanın qəribə sirrləri, öz tələbləri var. Yaxşı xanəndə olmaq hələ yaxşı opera müğənnisi olmağa zəmanət vermir. Elə müğənnilər var ki, on-on beş dəfə opera səhnəsinə çıxsalar da, teatrda qala bilmirlər.

 

-Ömrünüzün 60-cı pərdəsindən dönüb geriyə baxanda nə ilə fəxr edirsiniz?

 

-Fəxr edirəm ki, hələ gənc yaşlarımdan böyük sənətkarlarla çiyin-çiyinə işləmişəm. Gələcəyi düşündükcə, tələbələrimizin gələcək sənət uğurlarımı təsəvvür etdikcə, daha böyük iftixar hissi keçirirəm.

 

-Deyirlər ki, insan yaşa dolduqca doğulub-böyüdüyü yerlər onu özünə çəkir.

 

-Kim deyirsə, çox düz deyir. Yaşımın üstünə yaş gəldikcə, məndə də o hisslər baş qaldırır. Allah qoysa, gün gələr, Qarabağ problemi həll olar. Bu arzumuza da çatarıq. Ağdamı, Şuşanı görmək istəyirəm.

 

-Bəs, dönüb geri baxanda nəyə təəssüf edirsiniz?

-Kaş, hər şeyi yenidən başlamaq mümkün olaydı... Xanəndənin bir ən ciddi problemi olur. Yaş artdıqca əldə etdiyi texnika gənclik yaşlarında olmur. Gənclik yaşlarındakı səs isə yaş atrdıqca korşalır. Bu ikisini bir araya gətirmək çətin, bəlkə də, qeyri-mümkündür. Bax, buna təəssüf edirəm.

 

-İlk dəfə sizin haqqınızda yazan jurnalisti xatırlayırsınızmı?

 

-“Azərbaycan gəncləri” qəzetində Şahin Quliyev adlı cavan bir oğlan vardı. Mənim haqqımda ilk dəfə o yazıb. Yazı “Arifə gül verdilər” adlanırdı.

 

-Haqqınızda yazılanları saxlayırsınızmı?

 

-Doğrusunu desəm, belə şeylərlə maraqlanmamışam. Yalnız axır vaxtlar haqqımda yazılanları yığıb saxlamağa çalışıram. İndiki cavanlar bu baxımdan daha çevikdirlər. Bizim nəsil müğənnilərin çoxunun lent yazıları da qalmayıb. Rübabə kimi bir sənətkarın bir tamaşası da lentə alınmayıb. Təsəllimiz odur ki, səsimiz xalqın ürəyinə yazılıb.

 

-Çox-çox illər bundan əvvəl xalq arasında belə bir söz gəzirdi ki, guya qeyri-adi səsinizi batırmaq üçün sizə xüsusi olaraq hazırlanmış içki içiriblər.

 

-Bu, doğru deyil. Allah verən səsi heç kəs batıra bilməz. Səs üç şeydən xarab olur – soyuqdan, yuxusuzluqdan, əsəbilikdən. Allah insana hər şeyi yavaş-yavaş verir, yavaş-yavaş da alır. Hər şeyi verən də odur, alan da. Mənim düşmənim olmayıb. Sənətkar həmkarlarımla həmişə mehriban olmuşam. Odur ki, kiminsə mənim səsimi batırmaq fikrinə düşməsi mümkün deyildi.

 

-Hazırda çoxlu səsi olmayan “müğənnilər” peyda olub. Belələrinə nə demək istərdiniz?

 

-Səsi olmayan qoy gedib mahnı yox, qəzet oxusun. Mənim tələbələrimin içində də bəzən belələri olur. Deyirəm, a bala, niyə gəlmisiniz bura? Yel əsib, qoz tökülüb?

 

-Amma, yəqin ki, razı qaldığınız tələbələriniz də var?

 

-Çox... Aygün Bayramova, Nəzakət Teymurova, Könül Xasıyeva, Könül Kərimova, Gülüstan Əliyeva, Elçin Cəlilov, Qəzənfər Abbasov... Yeri gəlmişkən, bir söz deyim, onsuz da zəng edib bunu Könül Xasıyevaya deyəcəkdim. Son vaxtlar onun səhnə davranışı məni qane etmir, keçib sintezatora, ayaq üstə durub oxuyur. Elə hesab edir ki, guya bununla muğamı müasirləşdirir. Xalq muğamları həmişə müasirdir. Xalq Könülü muğam ifaçısı kimis sevir, ayaq üstə durmağına görə yox.

 

-Sənətçilər arasında öz ustadına kəm baxan nankorlar da olur.

 

-Belələri də var. Onları, məncə, kimsə öyrədir, yoldan çıxarır. Müəllimin kimdir deyə soruşanda görürsən ki, başqasının adını çəkirlər. Neynək, əsas odur ki, yaxşı oxusunlar. Amma əksər tələbələrim məni unutmurlar. Bir yerə qastrola gedəndə gəlib mənim xeyir-duamı alırlar.

 

-Arif müəllim, siz Azərbaycanda “Segah”a möhür vurmuş xanəndə hesab olunursunuz. Muğamlar arasında “Segah”ın sizə daha yaxın olmasının səbəbi nədir?

 

-“Segah” elə bir laddadır ki, həm ağladır, həm xəyala daldırır. Ürəyimi ən çox “Segah”la boşalda bilirəm. “Segah”ı dinləyən adam düşünməyə bilməz. Məncə, bizim xalqın ən çox sevdiyi muğam “Segah”dır. “Segah” Azərbaycan xalqının muğam pasportudur. Bununla bərabət, mən “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur-Hindi”, “Rast” muğamlarını da oxumuşam.

 

-Ömrünü sənətə həsr etmiş bir xanəndə kimi muğam sizin üçün nədir?

 

-Muğam qanımız, canımızdır. Muğam ana laylasıdır. Heç kəs deyə bilməz ki, mən muğamı axıra qədər bilirəm. Çünki o sonsuzdur. Əgər kim desə ki, muğamı axıracan bilir, qeyri-təvazökarlıq etmiş olmur.

 

-Həyatınızda ən çox sevindiyiniz gün nə vaxt olub?

 

-Oğlum Yaşar anadan olan gün. Yaşar iki qızdan sonra doğulmuşdu. Mənim üçün qız da, oğul da əzizdir. Yaşar doğulanda ona görə sevindim ki, familiyamı daşıyan olacaqdı. Yaşar indi artıq Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyur. Nə qədər təkid etsək də, hələ evlənmək istəmir.

 

-Sizin şəxsiyyətinizə xalq arasında böyük hörmət var. Bu, hər incəsənət adamına nəsib olmur. Buna necə nail olmusunuz?

 

-Mən hansı evə getmişəmsə, ora öz evim kimi baxmışam. Ağsaqqalların hörmətini saxlamışam. Çünki bilmişəm ki, mənə səsi verən Allah, çörəyi verən xalqdır. Bir sənətkar kimi həmişə özümə hörmət etmişəm. Həmişə xalqın rəyi ilə hesablaşmışam. Fikirləşmişəm ki, xalqın gözü tərəzidir, elin sözü əvvəl-axır düz olur.

 

-Sənətdən uca nə var sizinçün?

 

-Namus, qeyrət, təmiz ad! Bunlar olmasa, sənət bir qara qəpiyə də dəyməz. Ləkəli adla sənətkar olmaqdansa, daş daşımaq yaxşıdır.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Mən yalnız yaxşılığı götürərdim. Çünki nə götürməyimizdən asılı olmayaraq, bizə qalan ancaq yaxşılıq olacaq.

 

-Arif müəllim, sizə bundan sonra da ancaq və ancaq yaxşılıq görməyi və yaxşılıq etməyi arzu edirəm.

 

-Sağ olun.

 

 “Ədəbiyyat və incəsənət”

(04.12.2023)

 

 

 

 

 

 

Bazar ertəsi, 04 Dekabr 2023 12:30

BİRİ İKİSİNDƏ – Ulucay Akifin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini yekunlaşdırır. Bu gün növbə Ulucay Akifindir.

 

 

ADINI BİLMƏDİYİM ŞEİR

 

mən müharibə görməmişəm,

vuruşmamışam Stalinqrad uğrunda,

nə Berlin divarının qarşısında

qurban getməmişəm bir mərmiyə…

 

ya da bir at belində,

qılınc-qalxanım əlimdə

atılmamışam döyüş meydanına,

amma bilirəm –

barmaqlar həmişə düşmən olub çəkilən tətiyə.

 

boğuşmamışam aslanlarla Afrika çöllərində,

hücum etməyib mənə yekədişli bir timsah

Nil çayının sahilində.

 

heç köpək balığı da görməmişəm,

amma üzmüşəm onlarla bir sularda

Ağ dənizdə, Qara dənizdə…

 

qərar verə bilməmişəm heç vaxt

əsmərlər daha gözəldi, sarışınlar, ya kürənlər?

çox axtarmışam sevgini ağ bənizdə, qara bənizdə.

 

güllərin adlarını da bilməmişəm,

amma çox sevmişəm qoxularını,

fərqi nə – adı Bənövşədi, Nərgiz, ya Lalə?..

 

sərxoş olub ayaqyalın gəzmişəm dəniz sahilində,

çox içmişəm eşq şərabından,

gecələr dolub-boşalıb piyaləm.

 

heç küləkləri də tanımamışam,

bilməmişəm adlarını –

hansı xəzridi, hansı gilavar?

 

amma sevmişəm onları da,

ona görə

pis günlərə yox,

gözəl günlərə “bir külək idi, əsib keçdi” demişəm.

 

bir külək kimi əsib keçib

adını unutduğum

qadınlar ömrümdən.

 

heç vaxt görməmişəm,

eşitməmişəm Allahı,

amma həmişə sevmişəm,

ümidlə gözləmişəm O gələcək sabahı…

 

dua etmişəm İstanbulda məsciddə,

Tiflisdə bir kilsədə,

Piterdə sinaqoqda…

 

həəə, indi yadıma düşdü,

mən eşitmişəm,

mən görmüşəm Allahı!

 

 

KÖLGƏ

 

bu qədər savaş və qanın,

ölümlər və yalanın içində

əlimin tərsiylə itələyib bu yumru dünyanı

masamın üstündən,

şeir yazmaq istəyirəm sənə.

şeir yazmaq – bacardığım ən gözəl biçimdə

 

şeir yazmaq istəyirəm sənə,

üçüncü minilliyin iyirminci ilində.

şeir yazmaq –

Adəmin Həvva ilə danışması kimi –

Insanoğlunun birinci dilində.

 

ey sən,

bütün uzaqları özünə məskən bilən!

hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?

gündüzlər hansı küçələrdə rəqs edir kölgən,

gecələr hansı otaqlarda gizlənir?

 

ey sən,

bütün uzaqları özünə məskən bilən!

mən tanıyıram sən yaşayan küçəni də,

şəhəri də, ölkəni də

tanıyıram, səni isidən günəşi də,

səni üşüdən küləyi də,

tanıyıram səmanda uçan quşları,

tanıyıram bütün səndə unudulmuşları…

 

demirəm ki, o günəşi, quşları,

o küləyi, o küçəni, şəhəri…

demirəm ki, mənə ölkəni göndər,

heç olmasa, heç olmasa hərdən bir,

heç olmasa, heç olmasa gecələr,

heç olmasa mənə kölgəni göndər.

 

 

BAYILDA AXŞAMÇAĞI

 

Adın dodağımda çiçəkləyər hər axşamçağı,

hər axşamçağı sən yadıma düşərsən.

günəş qürub edəndə dağların arxasında,

hər axşamçağı sən yadıma düşərsən,

dəniz qoxusu neft qoxusuna qarışanda.

 

Hər axşamçağı

adamlar ötüb keçəndə yanımdan,

ağaclar ötüb keçəndə yanımdan,

dəniz ötüb keçəndə yanımdan,

sən yadıma düşərsən.

 

Bibiheybət məscidindən azan səsi

yayılar dağlara,

dalğalara,

yayılar ağaclara,

dənizə,

üzümü tutaram göylərə

“Ya Rəbb, mən də Sizin bəndənizəm”.

 

Adın dodağımda çiçəkləyər hər axşamçağı,

hər axşamçağı sən yadıma düşərsən.

Salam verərəm tanımadığım balıqçılara,

onlar da alar salamını tanımadıqları bu adamın.

 

Hər axşamçağı

xəbərsiz gələn bir kədər

çökər şəhərin üstünə,

çökər adamların, dağların,

ağacların, dənizlərin üstünə.

 

Və hər axşamçağı

adın çiçəkləyər dodağımda,

hardan gəldiyini bilmədiyim

bir ümid cücərər içimdə.

 

Ya Rəbb, nə yaxşı ki,

bu şəhərin, ağacların,

bu dənizin, dalğaların,

balıqçıların, balıqların

ümidi kədərindən az deyil.

 

 

ÖMRÜN XIRMANI

 

Şərtini şumda kəsmədiyimiz

ömrün xırmanındayıq.

Bundan sonra günəş çıxmasa da olar,

yağış yağsa da...

 

İndi ömrümün iyirmi yeddi

rəfində hamı yerbəyerdi

bundan sonra dost itirməsəm də, olar,

düşmən qazansam da...

 

Küləklər sığal çəkər şəhərin səssizliyinə,

daha gündüzlər uzanmasa da olar,

gecələr qısalsa da...

 

Mən elə bilirdim hamının

Allahı var bu yer üzündə,

daha Allah heç kimin olmasa da, olar,

hamının olsa da...

 

 

GİZLƏNPAÇ

 

ucuz ətin şorbası ilə bayram keçirən ailələr

şükür etməyi öyrətdi uşaqlara –

bizim balaca məhəllənin

kiçik evlərində...

 

o uşaqları

nə atalar sözləri aldada bildi,

nə də qorxuda bildi kapitalizmin qəddar marşları...

və beləcə,

kasıb ailələrin uşaqları da

yavaş-yavaş böyüməyə başladı...

 

O uşaqlar ki,

küçə davalarında

nə döyülənə lağ etdi,

nə döyəni alqışladı,

kin saxlamadı ürəyində.

 

O uşaqlar ki,

düzəltdiyi ilk oyuncaq

taxtadan silah oldu

müharibənin nəfəsini,

hiss etdi kürəyində.

 

O uşaqlar ki,

bacı, qardaş sözlərinin

qan bağı ilə yaranmadığını bildi,

dost dediklərimiz də

ailəmiz qədər bizdəndi.

 

Və biz

gizlənpaç oynayanda da

dostlarımızın tapa biləcəyi yerdə gizləndik.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

 

Bazar ertəsi, 04 Dekabr 2023 12:00

Uğur üçün 15 keyfiyyət - Bol mütaliə

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.

Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.

Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.

Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.

 

***

Öncəki günlər isə digər parametrləri açıqlamışdım:

1) Nümunəvi tərbiyə almaq.

Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.

Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.

Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.

2) Möhkəm ailəyə malik olmaq.

Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.

Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.

3). Milli kök və dini mənsubiyyətə bağlılıq.

Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.

Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.

Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.

4) Yüksək səviyyəli təhsil ala bilmək.

Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\

5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.

Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.

Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.

Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.

6). Yaxşı əhatə dairəsinə malik olma.

Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.

İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

 

Bazar ertəsi, 04 Dekabr 2023 11:45

Milli Dram Teatrının dekabr repertuarı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı dekabrda maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında dayanıb. Şənbə günü - dekabrın 2-də “Dantenin yubileyi”, bazar günü - dekabrın 3-də isə “Qarabağnamə” və “Şükriyyə” tamaşaları təqdim edilib. 

 

Bəs növbəti günlər hansı tamaşalar təqdim olunacaq? 

 

8 dekabr – “Ölülər”

 

9 dekabr – “Xurşidbanu Natəvan”

 

10 dekabr – “Ah, bu uzun sevda yolu”

 

15 dekabr – “Cəhənnəm sakinləri”

 

16 dekabr – “Qarabağnamə”, “Filumena Marturano”

 

17 dekabr – “Dəli yığıncağı”

 

23-31 dekabr – “Yeni il” tamaşası

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Salam, Şaxta baba. Necəsən? Deyəsən bir az gecikmişəm sənə məktub yazmağa. Bir az yox, bir xeyli. Haradasa 15 il qədər. Eynilə xəyallarıma gecikdiyim qədər. 

 

Cəmiyyətin realistika axınına qapıldığım andan etibarən xəyallarımın boş, məktublarımın ünvansız olduğunu öyrənməyə başladım. Elə o vaxtdan bəri məktublarım ünvansız, yarım, nəysələr və bəlkələrlə dolu xəyallarım isə ümidsizliklərə gömülmüş idi. Bu gün yenidən xəyal qurmağa, məktub yazmağa başlayıram. Qulağa qəribə gəlsə də, uzun zaman sonra yalnız özüm üçün məktub yazıb bir şey istəyəcəyəm səndən. Əslində, yeni il qabağı istənilən mağazadan ala biləcəyim, hətta deyərdim ki, çox ucuz, ancaq mənim üçün daim özəl mənası olan, göy kağıza bürünən, adını hələ də bilmədiyim, uşaq vaxtından "cız-bız" adlandırdığım, yananda qığılcım çıxardan uzun dəmir çubuqlardan istəyirəm. Uşaqlıqdan bəri yeni ili mənim üçün xüsusi edən ən gözəl hədiyyə atamın, anamın, baba-nənəmin mənə hədiyyələrimin yanında verdiyi elə bu cızbızlar idi. Çox sadə görünsə də, özüm özümə onlardan çoxlu alsam da, mən məhz onu səndən almaq, uşaqlığıma - xəyallar qurmağı bacardığım, məktublarımı gəlib aparıb hədiyyə gətirdiyin  vaxtlara qayıtmaq istəyirəm.

Bundan əlavə, səndən bu hədiyyənin nisbətində daha böyük bir hədiyyə istəyirəm. Bəlkə də, birinci istəyim Laplandiyadan gəlməyə dəyəcək qədər önəmli olmasa da, mənim ikinci diləyim səni düşündürə və həyata keçirmək üçün cəhd etməyə vadar edə bilər. Biz uşaq olandan bəri ailədə müsəlmanlıq və islami keyfiyyətlər haqqında tərbiyə alsaq da, valideynlərim nə mənə, nə də bacıma din mövzusunda ayrı-seçkilik etməməyi, sayğı duymağı öyrədib. Belə ki, qapı qonşularımızdan biri - 7 uşaqlı ər-arvad və qaynana ilə birgə bir otaqda yaşayan kasıb bir ailədir. Ancaq, bir az cəmiyyəti və dinləri şəxsi dərk edəndən bəri onların vahabi olduqları üçün özlərini din adı altında çox şeydən təcrid etdiklərinin, bəsit insani ehtiyaclarını ödəyə bilmədiklərinin, övladlarına yaşlarının ötüb keçməsinə baxmayaraq təhsil, normal geyim, hətta, qida belə verə bilmədikləri halda yardım qəbul etmədiklərinin şahidi olmaq mənə təsir edir. Şaxta baba, bilirəm ki, sən uşaqlar üşüməsin deyə onlara papaq, əlcək, palto, corab gətirirsən və sən özlərini müsəlman adlandırdıqları üçün yeni ili qarşılamağı özlərinə ayıb bilib "xristian bayramına" qarşı gələn valideynlərin də sözlərinə fikir verməyib uşaqları sevindirməkdən vaz keçmirsən. 

Ümid edirəm məktubum sənə çatar və məni yenidən xəyal qurmağın gözəl olduğuna inandırarsan.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Dekabrın 2-də Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlanıb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu gün başa çatacaq mədəniyyət günlərinin maraqlı proqramı var.

 

Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilb. 

Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib. 

Bu gün isə Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq.

Bu gün həm də Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.