ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 04 Dekabr 2023 14:45

Qısa gülməcələr

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bazar ertəsi fərqli bir gülüş menyüsü ilə başlamaq istəyirəm. Qısa gülməcələr. Bəyənəcəyinizə əminəm. 

 

Biz birlikdə çox gözəl görsənərik” dedi Qoğal Başsız atlıya. 

 

“Ehtiyatlı olun, asılılıq yaradır!” sözünü siqaret və alkoqolun üzərinə yazmaqdansa kreslo, divan və digər yumşaq mebelin üzərində yazmaq lazımdır. 

 

Kafedə ayaqyoluna getdim. Qapının üstündə “Öz üzərinə” sözünü görüb qorxdum və geri qayıtdım.

 

Bir sıra əməkdaşlarının “Bolt” və “Uber” taksi xidməti istifadəçisi olmaları və tez-tez zədə almaları müqabilində iş buraxmaları səbəbindən Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiya Xarici İşlər Nazirliyinə “Toyota” şirkətinin “Prius” avtomobili istehsalına son qoyması tələbi ilə nota göndərib.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əli Qayıbın    şeirlərini təqdim edir. 

 

Əli Qayıb

Şeirlərində Qayıb təxəllüsü aparan Əli Rəştbər, 1980-cı ildə Qaradağın Gal kəndində dünya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınırlar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür, onların adı: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

 

VƏTƏN

 

Gəldiyim yollardır şahdim mənim,

Səni sevə sevə gəlmişəm Vətən.

Sənin qəm günündə kövrək olmuşam,

Güldüyün zamanlar gülmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.  

 

Adımı tarixdə yazsalarda pan,

Sevgin urəyimdə qiymətlı mərcan.

Duymuşam səsini səslənən zaman,

Səni öz canımdan bilmişəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Sevdim ocağını sevdim odunu,

Yaşadım sevginin şirin dadını,

İkiyə böləndən tarix adını,

Məndə ürəyimi bölmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Bakın ya Təbrizin birdirlər mənə,

Ömürlük hayatda bağlıyam sənə,

Xocalı dərdindən neçə min dönə,

Donmuşam ،yanmışam  , ölmüşəm Vətən,

Səni sevə_sevə gəlmişəm Vətən.

 

Qoy aləm eşitsin Qayıb'ın hayın,

Üsyanlı ruhunda susan harayın.

Şeir xəritəmdən araz tək çayın,

Adını çoxdandır silmişəm vətən,

Səni sevə_sevə gəlmişəm vətən.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Kənan Mənmədli, “Ədəbiyyat və incəsənət”

 

Sən demə var. Və Beynəlxalq Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal hazırda ölkəmizdədir. 

Azərbaycanda şərab turizminin inkişafı üçün mövcud olan imkanlar haqqında fikir mübadiləsi aparmaq və bu sahədə baş verən son yenilikləri bölüşmək məqsədilə dekabrın 2-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfrans keçirilib və cənab Vidal da bu konfransa qatılıb. 

 

Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, konfransda çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid (bəli, bəli) ölkəmizdə şərab turizminin inkişafı üçün böyük potensialın olduğunu və Azərbaycanın şərabçılıq ənənələrinin və məhsullarının beynəlxalq turizm sərgilərində nümayiş etdirildiyini deyib.

Xose Antonio Vidal və təşkilatın Avrasiya regionu üzrə vitse-prezidenti Leonid Gelibterman tərəfindən isə müvafiq mövzular üzrə çıxışlar edilib.

Həmçinin konfrans çərçivəsində Azərbaycanda ilk olaraq "Şəki Şərab" zavodunun Beynəlxalq Şərab Turizmi Təşkilatına (GWTO) üzv olması haqqında rəsmi sertifikatın təntənəli təqdimatı olub. Bu, zavodun ölkəmizdə enoturizm potensialının inkişafına verdiyi töhfəni təsdiqləyir. Beynəlxalq assosiasiyada üzvlük təcrübə mübadiləsi, tədbirlərin keçirilməsi və GWTO-nun digər iştirakçıları ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yaradacaq.

"Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün GWTO xəritəsində ekspertləri və şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək daha bir yer var - Azərbaycan. Bölgənin zəngin tarixi, yerli torpaq ərazilərin xüsusiyyəti və burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək, iqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir”, - deyə Xose Antonio Vidal vurğulayıb.

Qeyd edək ki, "Şəki Şərab" zavodunun enoturizm potsialının inkişafı ilə Azərbaycanda Rusiyanın "Abrau-Durso" Şirkətlər Qrupunun maraqlarını təmsil edən "Az Abrau" şirkəti məşğul olur. "Az Abrau" şirkətinin direktoru Ernest Minqazov sertifikatın təqdim edilməsinə şərh verərək bildirib: "Enoturizm sahəsində qabaqcıl dünya praktikalarını tətbiq etməklə və beynəlxalq təcrübədən istifadə etməklə biz turistləri regiona cəlb edə və öz qədim tarixi ilə məşhur olan Şəkidə cazibəli turistik məkana çevrilə bilərik”.

Konfrans çərçivəsində Azərbaycan Turizm Bürosunun Qastronomiya Turizminin idarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova Azərbaycanda qastronomiya turizmi sahəsində nəzərdə tutulan layihələr barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Bundan əlavə, şərab istehsalı və şərab turizmi üzrə ixtisaslaşmış şirkət nümayəndələri təmsil etdikləri şirkətlərin təcrübələrini əks etdirən məlumat xarakterli təqdimatlar ediblər.

Tədbirin sonunda iştirakçıların maraq doğuran sualları çıxışçılar tərəfindən cavablandırılıb.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq, şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Ölkənin turizm üzrə tanınmış mütəxəssisi, portalımızln eksperti Ruslan Quliyev mövzu ilə bğlı belə bir açıqlama verib:

-Azərbaycanda şərab turizminin ən parlaq nümunəsini ilk olaraq Şamaxıda “Meysəri” brendi yaradıb. Bu sahə kifayət qədər prestijli və gəlirlidir. Ölkəmizin Qərbdə Gəncə, Şəmkir, Xanlar və Tovuz, daha sonra isə Qarabağ, Şamaxı, İsmayıllı, Qəbələ və Bakıya ən yaxın Siyəzın kimi şərab mərkəzləri formalaşıbdır. 

 

Qapaq çəklində: Xose Antonio Vidal Azərbaycanı okivar tərifləyərkən.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Bazar ertəsi, 04 Dekabr 2023 16:00

“Çoxaldı bir daha hörmətin sənin…”

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MİRVARİD DİLBAZİ POEZİYASINA RƏĞBƏTİ

 

“Ədəbiyyat və incəsənət” portalı Mirvarid Dilbazi Poeziya Məclisinin sədri,

Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlının Ümummilli lider Heydər Əliyevin ümumən ədəbiyyata, o cümlədən Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbaziyə qayğısından bəhs edən “Heydər Əliyevin ədəbiyyatımıza qayğısı” məqaləsini təqdim edir. 

 

 

 “Azərbaycan xalqı Sizinlə fəxr edir. Çünki Siz XX əsrin tarixi şəxsiyyətisiniz, Azərbaycan ədəbiyyatının, şeirinin  klassikisiniz.”

Ümummilli lider Heydər Əliyevin Mirvarid    Dilbazinin 85 illik yubiley gecəsindəki təbrik nitqindən.

 

19 avqust 1912-ci ildə Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində el-obanın nüfuzlu adamı Paşa bəyin ocağında dünyaya gözünü açan Mirvarid Dilbazi atasını erkən itirir, babası Mustafa ağanın himayəsində əsrarəngiz təbiətli Dilican yaylaqlarında böyüyür. Mühitin insanın yetişməsində mühüm rol oynadığını Mirvarid xanımın timsalında görmək olar. Əsilzadə ailə mühiti, al-əlvan təbiət, sözə, saza vurğunların yurdu gənc Mirvaridi poeziyanın qoynuna çəkməyə bilməzdi. Qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” şeiri “Oktyabr alovları” dərgisində dərc olunanda o, 15 yaşındaydı.

Sözün nahamar, əzablı yollarına erkən çıxan şair Tanrının 89 illik ömür payında iki “ilk”ə imza atmağı bacardı. O, Azərbaycanin ilk qadın Xalq şairi kimi şərəfli titulun sahibidir. Həm də 1998-ci ıldə dövlətimizin ən ali mükafatı – “İstiqlal” ordeni ilə təltif olunmuş ilk qadındır. Bu həm poeziyada, həm də Azərbaycanın ictimai həyatında Mirvarid Dilbazinin çəkisinin, yüksək mövqeyinin aydın göstəricisidir.

Dilbazi “Ürəkli adam” deməkdir. Bəs Mirvarid Dilbazi kimdir? Bu suala şairin cavabı möhtəşəmdir, fəxredici ömür yoludur:

 

 Əslim – Dilbazilərdən,

 Mərdlər böyüyən yerdən.

 Südüm mələk südüdür,

 Sərvətim nəğmələrdən –

 Özüm də Dilbaziyəm,

 Azərbaycan qızıyam!

 

Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində və  siyasətində idarəetmə ilə yanaşı, ədəbiyyat da aparıcı qüvvə idi, dövlət rəhbəri ədəbiyyata qayğı, diqqəti dövlətçiliyin, siyasətin, Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi dəyərləndirirdi, ədəbi prosesləri müntəzəm izləyirdi. Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Yazıçılar İttifaqının və Birliyinin bütün qurultaylarında iştirak etmiş, əhatəli, parlaq məzmunlu nitqləri ilə yadda qalmışdır. Söz adamlarının yubiley tədbirlərində, anım günlərindəki çıxışlarında Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkir, xalqa, Vətənə sevgi ruhunda yazmağın sənətkar üçün xoşbəxtlik olmasını vurğulayırdı. 

O, 1997-ci ildə keçirilən yazıçıların X qurultayında çıxışı zamanı gənc vaxtlarından ədəbiyyatı sevdiyini, kamil bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında, ədəbiyyatın, mədəniyyətin önəmli əhəmiyyətini qeyd etmişdir. “Ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır.” Bu fikir ədəbiyyata Heydər Əliyevin baxış bucağıdır.

XII yüzillikdən – Nizamidən üzü bəri görkəmli söz adamlarının yubileylərinin, anım mərasimlərinin dövlət səviyyəsində keçirilməsinin, söz sənətinə qayğı və diqqətin kökündə Azərbaycançılıq ideyasının geniş yayılmasına, xalq tərəfindən anlaşılmasına xidmət durur. Son yarım əsrdə yaranan ədəbi incilər həmin qayğı və diqqətin bəhrəsidir, ədəbiyyatımızın “altmışıncılar” nəslinin yetişməsinə münbit şərait yaradıb.

Heydər Əliyev Azərbaycan tarixini söz, mədəniyyət, elm xadimlərinin, yaradıcı şəxsiyyətlərin tarixi kimi dəyərləndirirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi dövründə Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rza, Süleyman Rüstəm Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmüş,  Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Mirvarid Dilbazi, Anar, İsa Muğanna, Nəbi Xəzri, Maqsud İbrahimbəyov, Qabil, Vaqif Səmədoğlu, Fikrət Qoca, Nəriman Həsənzadə Vətənin ən ali mükafatı “İstiqlal” ordeni ilə təltif  olunmuşdur.

1982-ci ildə Azərbaycan ədəbiyyatı tarixinin fəlsəfi fikir, düşüncə, təfəkkür, əfəndi şairi və dramaturqu, millətin hürriyyəti uğrunda canını fəda edən Hüseyn Cavidin məzarının 41 ildən sonra uzaq Sibirin bataqlıqlarından, Tayqa meşələrindən Vətənə gətirilməsi, Naxçıvan torpağında dəfn edilməsi, 1996-cı ildə milli ornamentli əzəmətli məqbərəsinin inşası Ulu Öndərin uzaqgörənliyi idi. Axı, Cavidin cismi də, ruhu da Azərbaycandan ayrı uyuya və yaşaya bilməzdi. 

Mirvarid Dilbazi Cavid və Vaqif məqbərələrinin “memar”ına xitabən “Cavidi Vətənə gətirən, onu öz xalqına yetirən oğul”a sevgisini poetik hisslərlə nəzmə çəkir:

 

 Böyük işlər gördün böyük hünərlə,

 Bəzədin Vətəni abidələrlə,

 Cavidlə görüşdük, bu şad xəbərlə

 Çoxaldı bir daha hörmətin sənin. 

 

 Bu duyğular da Mirvarid xanımındır: 

 

 Aqillər unutmur bu haqqı-sayı, 

 Adi xidmət deyil xidmətin sənin.

 

 “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin, korifey klassiklərimiz Füzulinin, Nəsiminin, hətta Azərbaycandan kənarda böyük nümayəndə heyəti ilə yubileylərinin keçirilməsi, Nəsiminin, Cəfər Cabbarlının, Nəriman Nərimanovun heykəllərinin Bakının mərkəzi park və xiyabanlarını bəzəməsi həqiqətən də adi xidmət deyildi.

Heydər Əliyev ədəbiyyat, incəsənət, mədəniyyət hamisi idi, bilirdi ki, bu mənəvi dəyərlərsiz tərəqqi mümkün deyil: “Ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, istedadlı insanlar mədəniyyətdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar əmələ gətirirlər.”

Ulu öndər əmin idi ki, “mılli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.” Təcrübəsi, intellekti zəngin Heydər Əliyevə görə, Füzuli keçmişdə Türkləri birləşdirən şəxsiyyət kimi əbədi ömür qazanıb: “Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır.”

6 yanvar 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar bir çox mədəni irsimizi mənimsəmək xəyalına düşən qonşularımıza, eləcə də daxildəki harasa, kiməsə xidmət edən “alim”lərə anladırdı ki, Azərbaycan poeziyasının ulu babası, şeyxi bizim milli kimliyimiz, xəzinəmizdir. 1981-ci ildə Nizaminin 840, 1991-ci ildə 850 illiyinin keçirilməsi, bu tədbirə xaricdən də nizamişünasların, şair və yazıçıların, dövlət xadimlərinin dəvət edilməsi Nizamini özününküləşdirmək istəyən əcnəbilərə  sarsıdıcı zərbə idi və elə həmin ildə yazıçıların VII qurultayında sovetlərin qadağalarına önəm verməyən Ulu Öndər çıxışında Cənub ədəbiyyatı mövzusuna toxunur. Uzaqgörən Heydər Əliyev bu günümüzü o vaxt görürdü.

Dövlət rəhbərinin ədəbiyyata, sənətə, sənəkarlara, söz adamlarına, qayğısı, diqqəti, dərin ehtiramı Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycançılıq ideologiyasına münasibətindən qaynaqlanırdı. Mirvarid Dilbazi də onun diqqətində olduğu, unutmadığı, yüksək dəyərləndirdiyi sənətkarlardandır. Şair 70 il Vətənin müstəqilliyi, istiqlalı, bütövlüyü, ana dilimizin saflığının qorunması uğrunda istedadı, sözü, qələmi ilə silahlanıb vuruşan Azərbaycan qızı, anası, nənəsiydi. O, özünü xoşbəxt sənətkar sayırdı. 2000-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Mirvarid Dilbazini qəbul edəndə Xalq şairi özünün xoşbəxtliyini daha aydın önə çəkmişdi: “Xoşbəxt olur o sənətkar ki, millətindən və dövlətindən razıdır və ondan razıdırlar...”

Heydər Əliyevlə Mirvarid Dilbazinin görüşü səmimi söhbətləri ilə qocaman şairin ömrünə şirinlik qatmış, onda tükənməz həyat və yaratmaq eşqi, ruh yüksəkliyi yaratmışdı, 88 yaşlı ağbirçək şairin əzablarına, dövranın vurduğu yaralarına sığal çəkmiş, səfa vermişdi. Bu görüş iki böyük şəxsiyyətin bir-birinə dəyəriydi, səmimiliyin, mehribanlığın, ərkin, qarşılıqlı anlaşmanın pik nöqtəsi kimi yaddaşlarda ən azı söz ömrü qədər yaşayacaq anlar idi.

 Mirvarid xanımla – Ulu Öndər demişkən, “Azərbaycanın əfsanəsi, istiqlaliyyəti yolunda bir əsgər” ilə Heydər Əliyevin görüşündən bəzi maraqlı anları xüsusi qeyd etmək istəyirəm:

 Heydər Əliyev: Maşallah, yaxşısınız.

 Mirvarid Dilbazi: 90-nın pilləsini çıxıram.

 Heydər Əliyev: İnşallah 90 da olacaq, 100 də olacaq.

Mirvarid Dilbazi: Mənim böyük nəvəm deyir ki, nənə, kim kimə arzu edirsə 100 il yaşa, o ona qarğış edir.

Heydər Əliyev: Elə deyil... Çox məmnunam, Mirvarid xanım, Sizinlə görüşməkdən. İndi Siz elə bir insansınız ki, bizim Azərbaycanda əfsanəyə dönmüsünüz. Ona görə də hər dəfə Sizinlə görüşmək məndə çox böyük, xoş əhval-ruhiyyə yaradır. Bir də Sizə çox ömür arzulayanda, mən özümə də arzulayıram, çünki mən deyirəm ki, Siz 100 yaşa çatasınız, biz də Sizin 100 yaşınızı qeyd edək.

Mirvarid Dilbazi: Allah qoysa. Əgər bu belədirsə, qoy mən 200 yaşa çatım, razıyam.

Deyəsən “səmimilik”, “ərk” sözlərini çox işlətməli olacağam. Belə isti münasibətə başqa nə ad vermək olar ki?! Mirvarid xanım hər dəfə Milli liderlə görüşəndə ona “oğlum” deyə müraciət edərdi. Bu ərkyanalığın, səmimiliyin, sadəliyin mayasında o müraciəti qazanmaq hüququ dayanır. Ana oğula necə 200 il ömür arzulamasın?

Mirvarid xanım Heydər Əliyevin daxili və xarici siyasətini, dövlətçiliyi qorumaq uğrunda şücaətini, mübarizəsini alqışlayır və dəstəkləyirdi: 

“Dərin siyasi biliyi olmayanlar milləti idarə eləməyə gəlməsin, gücləri çatmaz. Şəxsiyyəti olmayan adamlar millətini sevə bilməzlər.”

 

 Bir xalqın başında aqil, mötəbər,

 Tədbirli bir başçı durmasa əgər,

 O xalqı qurd nədir,

 Tülkülər yeyər.

 

Bu Mirvarid Dilbazi düşüncəsiydi. Heydər Əliyevin də Mirvarid xanımın poeziyasına dəyəri həmişə yüksək olub. O, şairin 85 illik yubiley gecəsindəki təbrikində  bunu xüsusi vurğulayır:

“Şair olmaq asan deyil. Təkcə bizim xalqımızın tarixində yox, bütün dünya xalqlarının tarixində şairlər, yazıçılar, alimlər adətən kişilərdən olubdur. Ancaq qadınlardan olan şairlər xüsusi hörmətə malikdirlər. Onlar gərək nə qədər yüksək istedada malik olsunlar ki, kişilərlə bərabər səviyyədə, bəlkə onlardan da üstün səviyyəyə qalxaraq, şeirlər yazaraq, böyük şairlər dəstəsinə qoşula bilsinlər.

Əziz bacım Mirvarid Dilbazi, siz məhz belə insansınız, qadınsınız, şairsiniz...” 

Mirvarid xanımın Heydər Əliyevə doğma övladı kimi sevgisi vardı. İnanmıram ki, sənət adamları içərisində Ulu Öndərə “oğlum” deyərək müraciət edən ikinci söz adamı olsun. Şair ona “el məhəbbətindən çiçəkləri olan, zamanın soldura bilmədiyi" söz çələngi hörür: 

 

 Oğul qarşısında

 Ana dayandı.

 Dərin kamallı,

 Incəxəyallı,

 Böyükürəkli,

 Ucaboylu,

 Enlikürəkli,

 Dünya qarşısına çıxan mərdim!

 

 Mirvarid Dilbazi “ey dünya şöhrətli mərdim”, “əziz oğlumuz” ərki ilə müraciət etdiyi dövlət başçısına “Ana xeyir-duası” verir:

 

 Dedim: - Mən anayam, müdrik oğullar!

 Xeyir-dualardan başqa nəyim var?!

 Xeyir-dualarım sizə yar olsun,

 Adınız Vətənə iftixar olsun.

 Xalqdan aldığınız mükafatlar da,

 Sizə inam olsun, etibar olsun.

 

“Vətənsiz oğul olmasın” şeirində də, “Vətənin dar günündə şücaətlə dayansın mərdim düşmən önündə, igid oğul, ər oğul, Vətənin şöhrətidir tədbirli Rəhbər oğul” ümidi, inamı ilə Heydər Əliyevin xilaskarlıq missiyasını tərənnüm edirdi. 

Ümummilli lider onun yaradıcılığının, hiss və duyğularının ölməzliyinə inanırdı:

“Sizin şeirləriniz, poemalarınız neçə-neçə nəsillərə güc, inam verib və bu gün də verir, gələcəkdə də verəcəkdir.”

 Mirvarid xanım  Heydər Əliyevi “təfəkkür və təbəssümü ilə insan səadətinə nurlu yol axtarışına çıxan, qara buludları parçalayan Günəşə” bənzədirdi. Öndərin dühasına ehtiramını lirik duyğuları ilə bildirirdi:

 

 “Sən xalqa endikcə yüksələcəksən.”

 ”Getdi sinəmizdən Cavidin dərdi.”

 “Sən ey ağlı ümman, ürəyi incə!”

 “Qoymadın tökülsün sən qardaş qanı,

 Qurtardın bölümdən Azərbaycanı!”

 

O, bir ana qayğıkeşliyi, mərhəməti, həssaslığı ilə Heydər Əliyevin – “canlı kitab”a bənzətdiyi mənəvi oğlunun, yorğunluğunu üzündən oxuyurdu. Axı o, el anasıdır, ağbirçək nənədir, övladının, nəvəsinin ovqatını bircə baxışıyla duyur:

 

 Üzündəki yorğunluğa 

 İşıq saçır alnındakı vüqar.

 

Bu il həm də Ulu Öndərin ömür-gün  sirdaşınn - Mirvarid Dilbazinin lirik və kövrək hislərinin dili ilə desək, ''o ağıl, kamal, sədaqət rəmzinin, o ülvi qadının, zəngin xilqətin'' 100 illik yubileyidir. Mirvarid xanım ''Unudulmaz Zərifə Əliyevanın xatirəsinə'' şeirində bizi ''bənövşə fəslində'' tərk edib haqqın dərgahına qovuşan Zərifə Əliyevanın vəfatına tək ellər yox, eləcə də güllər ağladığını, göz yaşlarının güllərin ətrinə  qarışdığını ürəyinin sızıltıları ilə qələmə alır. ''Kişilər ağlasa, Vətən ağlayar'' misrası ilə şair Heydər Əliyevi Vətənə tən bilir:

 

Sənsiz gözü yaşlı qalan məhəbbət,

Sənin şöhrət oldu təmiz adına.

Eşq olsun qüdrətli o sərkərdənin,

Qəlbini fəth edən müdrik qadına!

 

Mirvarid Dilbazinin yaradıcılığının zəngin və çoxşaxəli olduğunu qabarıq əks etdirən nümunələri saymaqla qurtarmaq olmur. Uşaqlar üçün şeirləri körpələrimizin nənə laylasıdı, mahnı mətnləri musiqisiz də kövrək nəğmədi. Vətənpərvərlik şeirləri Azərbaycan əsgərinin qoluna güc verir, mübarizə əzmi yaradır. Ulu Öndər ona görə deyirdi ki, Mirvarid Dilbazi Azərbaycan qadınının, Azərbaycan xanımının ən parlaq, ən gözəl simasıdır.

Ağbirçək şair anamız ömrünün müdrik çağlarında duyğulu ürəyində bir dərd daşıyırdı – Qarabağ dərdi. Mirvarid xanımın yeganə övladı Xatirə Dilbazi müsahibələrinin birində deyir ki, Heydər Əliyev ad günündə anama zəng edirdi, təbrikindən sonra soruşurdu ki, ürəyin nə istəyir? Anam da eyni cavab verirdi: heç nə lazım deyil. Mirvarid xanımı yaxşı tanıyan sənət dostları isə xatirələrində yazırlar ki, şairin Ümummilli liderin bu sualına ərklə cavabı “mənə Qarabağımı verin!” olurdu.

Mirvarid xanımın arzusunu yerinə yetirmək üçün Heydər Əliyevə ömür vəfa etmədi. Onun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində artıq haqq dünyasına qovuşmuş Mirvarid Dilbazinin istəyini yerinə yetirdi, işğal altında qalmış torpaqlarımız bədxah, nankor, qaniçən insan qatillərindən azad olundu. Heyif ki, tale şair anamıza bu günü görməyə, zəfər sevincinin dadını dadmağa, azad olunmuş torpaqları ziyarət etməyə imkan vermədi. Ancaq onu dəqiq bilirəm ki, bu gün el anamızın ruhu şaddır.

Xatirə Dilbazi müzəffər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdardır: “Ilham Əliyev sağ olsun, anamın 100 illik yubileyini təşkil etdi. Evimizin qarşısında anamın xatirə lövhəsi vuruldu.”

Ümummilli liderin yorulmaz davamçısı İlham Əliyev Mirvarid Dilbazini “ədəbiyyatımızı yeni-yeni obrazlarla zəndinləşdirən sənətkar” kimi təqdim edir:

 “Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil etmişdir. Şairin çoxsaylı lirik şeirləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.”  

Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar 2021-ci ilin ''Nizami Gəncəvi ili'' elan olunması təkcə Nizami Gəncəvi yaradıcılığına, ədəbiyyata deyil,  ümumilikdə mədəniyyətə, Azərbaycana, sivilizasiyaya verilən dəyərdir.

“Nizami Gəncəvi ili'' elan olunması ilə əlaqədar bütün il boyu ölkəmizdə və dünyanın əksər ölkələrində, böyük şəhərlərdə silsilə tədbirlər keçirilmiş, yeni nəsillərə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, Nizami irsini daha dərindən öyrənmək üçün yeni imkanlar yaranmışdır.

Bu, ümummilli liderin davamçısı İlham Əliyevin ədəbiyyata, sənətə qayğısına bir sübutdur.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaradanda qərara aldıq ki, nur üzlü şair anamızın şəxsiyyətinin, sözünün işığına yığışaq, onun arzularını yaşadaq, poetik duyğularını gələcək nəslə ötürək. Mirvarid Dilbaziyə, digər sənət adamlarına həsr olunmuş tədbirlər keçirmək, Vətənin azadlığı, bütövlüyü naminə canını fəda etmiş şəhidlərin ruhuna sayğı ilə doğum və anım günlərini təşkil etmək bizim ən ümdə vəzifəmizdir. Azərbaycanın ilk qadın Xalq şairinin kitablarının yeni nəşrlərini hazırlamaq, zəngin yaradıcılığına yenidən qayıtmaq, irsini, arzularını yaşatmaq əsas fəaliiyyət proqramımızdır. Mirvarid Dilbazi adına  kitabxana yaratmaq niyyətindəyik. 

2022-ci ildə Mirvarid Dilbazinin 110 illiyi günlərində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi Qazaxda – Qazax rayonu İcra Hakimiyyəti, “Qazax” Xeyriyyə İctimai Birliyi, AYB-nin Qazax zona  filialının   birgə təşkilatçılığı ilə qeyd olundu. Sonra MDPM Ağsuda, Cəlilabadda, Gəncədə, Bakıda, mədəniyyət mərkəzlərində yubiley tədbirləri keçirdi. Gəncliyə Yardım Fondu və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının  99 illiyi yüksək səviyyədə qeyd olundu.  Həm də ‘’Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi’’ layihəsi çərçivəsində Azərbaycan  Respulikası  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ‘’Mirvarid  Dilbazi az". saytı yaradıldı  və 110 illik yubileyi qeyd olundu,  “Azərbaycan kələğayısı – min illərin yadigarı” layihəsi çərçivəsində isə sənədli film çəkildi və filmin təqdimatı oldu, bütün tədbirlərdə Mirvarid Dilbazi anıldı, yaradıcılığı təbliğ olundu,  şeirləri səsləndirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamını əsas tutaraq onun kitablarının yenidən nəşr etməyi qarşımıza məqsəd qoymuşuq. “Bənövşələr üstə göz yaşları” kitabı kiril əlifbasından latın əlifbasına çevrilərək yenidən işıq üzü gördü. Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsindəki çıxışlar, şair haqqında yazılan məqalələr, elmi-publisistik yazılar, şeirlər toplanmış “Öz içimdən yanan bir ocağam mən” kitabı da nəşr olundu. Milli -mənəvi dəyərlərimizi uca  tutaraq ‘’Azərbaycan kəlağayısı min illərin yadigarı’’ adlı kitabımız da işıq üzü gördü. Bu kitab ‘’26 Noyabr Azərbaycan Kəlağayısı Günü’’nə töhfəmiz oldu və Beynəlxalq Muğam Mərkəzində ‘’Kəlağayı Günü‘’nü qeyd etdik və ‘’Kəlağayı’’ sərgisi təşkil etdik. Sərgidə yeni yaratdığımız ‘’Kəlağayı’’ muzeyinin 150-dən çox qədimi kəlağayıları, İsmayıllı bölgəsinin Basqal kəndindən olan kəlağayı ustası  Mürşüd Talıbovun kəlağayı üzərində klassiklərimizin rəsmləri, gənc rəssam Gülnarə Məmmədovanın kəlağayı haqqında rəsm əsərləri sərgiləndi və böyük sevgiylə qarşılandı. II Milli Yaylaq Festivalında üç gün davamlı olaraq, Passage 1901-də iki gün ‘’Kəlağayı’’ festivalında Mirvarid Dilbazi Poeziya Məclisi olaraq qədimi kəlağayılarımızı  sərgilədik, təqdim etdik, təbliğ etdik. Atatürk Mərkəzində ‘’ Kəlağayı əlvan qıyqacı’’ adlı tədbir də gənc tələbələr tərəfindən böyük sevgiylə qarşılandı. Bu tədbirlər, bu kitablar, kəlağayı sərgiləri  Azərbaycan ədəbiyyatının zirvələrindən birinin – Mirvarid Dilbazinin irsinin yaşamasına Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin töhfəsidir. Bu istiqamətdə qarşıda hələ çox işlər planlaşdırırıq. 

Azərbaycan poeziyasının dayaq sütunlarından biri Məmməd Arazın  Mirvarid xanımın poeziyası barədəki fikri möhtəşəmdir:

“Onun poeziyası bu günün tərcümeyi-halının bir hissəsi kimi gələcək nəslə öz sözünü deyəcəkdir.”

Mirvarid Dilbazi öz tərcümeyi-halının bir hissəsini yığcam şəkildə Mirvaridsevənlərə belə təqdim edir: 

 

 Əgər şeirə dönsə bu məhəbbətim,

 Hər sözdə bir ana qəlbi döyünər.

 Mənim burdan gəlir gücüm, qüvvətim, 

 Ocaq öz içindən yanmasa sönər.

 

 Öz içindən yanan bir ocağam mən,

 Yandıqca, daha gur yanacağam mən.

 

Şərəfli ömrünün ən kövrək, müdrik çağlarında da həyatdan, yaşamaq və yaratmaqdan, elə gərəkli olmaqdan doymayan Mirvarid Dilbazinin “mən üç nəslin nənəsiyəm, bu gün, sabah gedəsiyəm” nisgilində də işıq, ilahi həyat sevgisi vardı. O, Azərbaycan poeziyasının işıqlı gələcəyi, milli kimliklərindən biri kimi əbədi yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

 

“Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, "Məhsəti" jurnalının təsisçisi və baş redaktoru, "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin qurucusu və ilk sədri Fəridə Ləmanın 70 illik yubileyi keçirildi. 

 

Yubileydə "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, şair-yazıçılar, ziyalılar, media nümayəndələri iştirak edirdilər. Yubiley öncəsi Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov açaraq qonaqları salamladı. İlham Pirməmmədov "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradılmasından, fəaliyyətindən danışaraq dünyasını dəyişən ziyalıları rəhmətlə andı. İctimai Birliyin fəaliyyətində öz köməkliyini əsirgəməyən, ürəyi Vətənlə döyünən Fəridə Ləmanı 70 illik yubileyi münasibətilə təbrik etdi: "Fəridə Ləman təəssübkeş ziyalıdır. "Qazax" Xeyriyyə İctimai Birliyi yaradıldığı ilk günlərdən İctimai Birliyin gördüyü işlərdə fəal iştirak etmişdir. Qələmi ilə, sözü ilə el-obanın yanında dayanmış, itirilmiş torpaqlarımızın azadlığı üçün mücadilə etmişdir. "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradıcılarını hər zaman minnətdarlıq hissi ilə yad edirik. Dünyasını dəyişən üzvlərimizə Allahdan rəhmət diləyirik. Onu da qeyd edim ki, Fəridə xanım mərhum akademik Teymur Bünyadovun məsləhəti ilə "Dəli Kür" qəzetinin redaktoru təyin olunub. Biz də ənənəyə sadiq qalaraq "Qazax" Xeyriyyə İctimai Birliyinin aylıq mətbu orqanı olan "Dəli Kür" qəzetinin növbəti xüsusi buraxılışını Fəridə Ləmanın 70 illik yubileyinə həsr etməyi qərara aldıq. Xüsusi buraxılış çapdan çıxıb və bu gün oxucuların ixtiyarındadır". 

Fəridə Ləman həmçinin Azərbaycan ədəbiyyatında xidmətlərinə görə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Xalq şairi Səməd Vurğun adına diplomla təltif olundu.

İlham Pirməmmədov Fəridə Ləmanı Şəhid ailələrinin, Qazilərin, Xalq şairi Nəriman Həsənzadənin, Qazax RİH-nin başçısı Rəcəb Babaşovun, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun, hərbi jurnalist Şəmistan Nəzirlinin, İctimai-siyasi xadim Eldar Namazovun, İctimai Birliyin bütün üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının adından təbrik etdi. 

Tədbirin aparıcısı Məti Osmanoğlu da öz növbəsində qonaqları salamlayaraq, Fəridə Ləmanın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi: "Fəridə xanımın yaradıcılığının ana xəttini Vətən, Şəhid mövzusu təşkil edir. Fəridə xanım təəssübkeş, Vətənpərvər ziyalıdır", deyə Məti Osmanoğlu qeyd etdi. 

Akademik Nizami Cəfərov, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri Başxanım Abbaslı, Rövşən Babanlı, Rəfail İncəyurd, Natəvan Dəmirçioğlu,  Güləmail Murad, Arif Mirzəyev çıxış edərək Fəridə Ləmanın Birinci Qarabağ savaşında qələmlə, sözlə Vətən keşiyində dayanmağından söz açdılar. Qazax Şəhidləri haqqında ilk kitabın müəllifi Fəridə Ləman olduğunu fəxrlə söylədilər. 

Ziyalılar Arzu Nehrəmli, Nüşabə Məmmədli, Aidə Şirinova, Adilə Nəzər, Simuzər Baxış, Xalidə İlyasqızı, Hüsniyyə İsmayıllı çıxış edərək Fəridə Ləman yaradıcılığından, bir ziyalı olaraq onun Vətən qarşısında xidmətlərindən söz açdılar. 

Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Milli Məclisin Mədəniyyət Komitəsinin sədr əvəzi, millət vəkili Fazil Mustafanın təbrik məktubunu Fəridə Ləmana təqdim etdi.

Aşıq Şahin Süleymanov və Aşıq Aişə Səyyadqızı Fəridə Ləmanın müəllifi olduğu şeirləri sazda ifa etdilər. Sonda söz Fəridə Ləmana verildi. Fəridə Ləman tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbirin keçirilməsində əməyi olan insanlara, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədova, akademik Nizami Cəfərova, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr əvəzi, millət vəkili Fazil Mustafaya, tədbirin aparıcısı yazıçı-publisist Məti Osmanoğluya təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində bu gün Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı Bakıda “Gecikənlər” tamaşasını təqdim edəcək.

Tamaşa həmçinin sabah Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyevdir.

Tamaşaya giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə gənc şair İqbal Həhmət görüşür.

 

Hələ ki, qonaqdı qarlı qış mənə,

Gözlə bahar gələr, onda gələrsən. 

Gəlib oyadarsan bənövşələri,

Gələndə o güllü donda gələrsən. 

 

Bizim buralarda soyuqdu, gəlmə,

Azan dənizçınin qayığındayam.

Yerin isti olsa məni düşünmə,

Mən hələ bu ömrün soyuğundayam.

 

Gəlib oyadarsan bənövşələri

Cücərər nazını çəkib gedərsən.

Kollara danışıb mənim sevgimi,

Bənövşə dibinə əkib gedərsən.

 

Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Bazar ertəsi, 04 Dekabr 2023 15:30

“Ay Laçın, can Laçın”

Tanınmış sahibkar, iş adamı, şair Xuraman Muradovanın Türkiyənin Ankara şəhərində "Ay Laçın, can Laçın" adlı ikinci şeir kitabı türkün türkcəsində yenicə çapdan çıxıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab “Gülnar yayınları” nəşriyyatında ərsəyə gəlib. 

Xatırladaq ki, şairin birinci kitabı "Sənə məktub yazacam..." adlı mahnısının adıyla işıq üzü görmüşdür. 

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Bazar ertəsi, 04 Dekabr 2023 12:45

“Qırmızı ləkə” - ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Onu ən son görəndə gülərkən yanağında əmələ gələn qəmzələrin yerində qırmızı ləkələr var idi. Qəbul edirəm , onun yanaqları və burnu qızarsa belə bir "kloun" qədər əyləncə vəd edən siması yox idi. Amma mənə bu ləkələr çox maraqlı təsir bağışlamışdı. Axı buna nə səbəb ola bilərdi?Nə də olsa, onu sevgi sözcükləri ilə utandıran hündürboy, yaraşıqlı, könlünü xoş tutan bir qəhrəmanı yox idi, elə çox bəzək-düzək bacaran birinə də bənzəmirdi. O an tez baxışlarım əllərinə yönəldi, düşündüm ki, bəlkə onun da ailəsi bütün işlərini həll etdikdən sonra evdə çörək olmadığını xatırlayanlar topluluğuna daxildir və bu yaramaz da həmin çörəyin ən azı yarısını yeyərək evə çatmağa tələsir. Ya da kiminsə ağır şilləsinə tuş gəlib, yoxsa üzü niyə bu qədər qızarsın ki?

Bir az sonra ağlıma gəldi ki, bəlkə də səbəbi onda deyil başqa mövqelərdə axtarmalıyam. Başımı qaldırıb ətrafa baxdığım zaman onun bu aləmdə tək olmadığını gördüm. Onlarla onun kimilər küçələrdə qırmızının ağır tonlarına qarşı mübarizə aparırdılar. Bu mənzərə insana saraya sərilən xalça mənzərəsini xatırladırdı. Sonra gördüyüm ləkələrin onların hər birinin üzü ilə yanaşı bütün vücudlarını əhatə etdiyinin fərqinə vardım. Bu dəmdə sıxlıqdan asimana doğru titrək bir əl uzandı, cəld davranıb tutmağa çalışsam da, bir göz qırpımında geri çəkildi.

Sonra bir uşaq oyuncağının qırmızı axıntıya qarşı mübarizə apardığını gördüm, onu xilas etdiyim zaman sağ qolu yox idi. Gözlərim əlində oyuncağının qolunu bərk-bərk sıxan körpəyə sataşdı, anası da onun əllərini bərk- bərk sıxırdı. Səssiz bir insan sürüsü, bütün səssizlikləri ilə girdikləri ağır bir mübarizə...

Oradan ayrılmaq məcburiyyətində olduğumu bilirdim, amma son bir şeyi umutmuşdum. Axı bu çarəsizlik içində  oyuncağı öz qolu ilə qovuşdurmaq tək çarə idi. Axı hər ayrılıq bu qədər gözəl sonla bitmir.... 

“Keçmişimiz və tariximiz unudulmur. Sonu gözəl olmayan bütün hekayələrə ...”

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Dekabrın 3-də Aşqabad Beynəlxalq Məktəbində “Qış Milli Mətbəx Xeyriyyə Festival” keçirilib. Azərbaycanın Türkmənistandakı səfirliyindən AzərTAC-a verilən məlumata görə, hər il olduğu kimi bu il də ölkəmiz festivalda təmsil edilib. 

 

Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.

Festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub.

Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər.

Milli mətbəximizin nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.