ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Yumul, bənövşəm, yumul” şeirinin növbəsidir. 

 

Dağlara gün düşübdür,

Açıl, bənövşəm, açıl...

Xalq mahnısı

 

Hava yaman sazaqdı,

Günəş səndən uzaqdı,

Bir ac quzu mələyib

Sənə boylandı, baxdı,

Yumul, bənövşəm, yumul.

 

Çəmənlərə iz düşür,

Bir deyil ki, yüz düşür.

Niyə sənin payızın

Hər çiçəkdən tez düşür;

Yumul, bənövşəm, yumul.

 

Göydə bulud görünür,

Bulud qara bürünür.

O dağda bir duman var

Sənə tərəf sürünür;

Yumul, bənövşəm, yumul...

 

Qalarsan baxa-baxa,

Kağız gül səndən baha,

Arı yaman çoxalıb

Gülü də sancır daha;

Yumul, bənövşəm, yumul.

 

Ömrün bircə həftədir,

Ətrin min cür həbdədir,

İndi sevənlər üçün

Beş qərənfil dəbdədir;

Yumul, bənövşəm, yumul.

 

Yum gözünü, çən görmə,

Vaxtsız gələn qəm görmə,

Dünya yaman qarışıb,

Mən görəni sən görmə;

Yumul, bənövşəm, yumul!...

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Rəfail İncəyurd görüşür.

 

Başımı götürüb kəndə gedəcəm,

Beş-on duru adam tapmaqdan ötrü.

Neynim, çalışıram boz niyyətlərin

bəyaz əllərindən qopmaqdan ötrü.

 

Keçir şər qüvvələr himayəsinə,

İlahi, bu dünya nə günə düşür?

Quyuda ağ qoçu gözləyən igid

Yenə qara qoçun tərkinə düşür.

 

Şeytan yuvasına dönür get-gedə,

Yox, burda yaşamaq çətinləşibdi.

Haqqa qulluq edən beş-on nəfər də

Döyülə-döyülə çox dəyişibdi.

 

Yaxşı bildiyin də yamana dönür,

Bir də görürsən ki, əyilib ağzı.

Dağlardan ayrılan dupduru çaylar 

bu səmtlə nə qədər, hayana axsın?

 

Yox, burda yaşamaq alınmır daha:

Gözündən düşürəm, ay canım-gözüm – 

Gerçəyi deyəndə bərk gedənlərin,

Yalan danışanda özüm özümün.

 

Mədhiyyə daşıyan “iti” qələmlər

Görən, nə verəcək yazıb millətə?

Ağıl kəsə-kəsə, göz görə-görə 

gör kimlər dərs deyir yazıq millətə!

 

…Başımı götürüb kəndə gedəcəm,

Gərək nizamlayam evi-eşiyi.

Amma deyirlər ki, kənd də dəyişib-

Cırlaşıb adamı, iti-pişiyi.

 

Hərhalda yenə də ora yaxşıdı-

Ordan da o yana dağ ətəyi var.

Hardasa salamat qalan çobanın 

bayatı çağıran bir tütəyi var.

 

Odur ki, yığışıb çəkiləm gərək,

Gözləyim, bəlkə də durula zaman.

Bəlkə də dəyəri verilə Haqqın,

Bəlkə də seçilə ağı qaradan!..

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Məhəmməd Çaığının poemasını təqdim edir. 

 

 

Güney Azərbaycanın Təbriz şəhərində yaşayan Çalğın Məhəmməd adı ilə tanınmış şair Məhəmməd Rza Cəfərinin yeni yazdığı “Qarabağ” poeması onun yaradıcılığının zirvəsi oldu desək, yanılmarıq. 

 

 

QARABAĞ

 

Ey Füzuli...

Sənin qara gözlərin

Qışın ağ gözlərinin altında su kimi əsir.

 

Sənin xurmalı yanaqların...

Şirinliyindən

Adamın dodaqların kəsir.

 

Sənin zeytun gözlərin...

Gözlərin yeridikcə

Adam müsəlmanlaşır.

 

 Ey Füzuli...

Ağrılarını unut

Əllərimdən tut

Gözlərindən o qədər içmişəm-aaaşıram.

Sənin gözlərinə and olsun Füzuli!

Səni məndən uzaqladanlardan-uzaqlaşıram

Dünyanın güzgülərinin önündəsən hala.

Səni göstərə bilməyən aynaların adı şüşədir

Səni göstərə bilməyən gündüzlərin adı gecədir,

Səni səbt edə bilməyən tarix nağıldır

Və səni oxuya bilməyən şair - heç şair deyil!

 

Ey Füzuli...

Ayağa dur

Taqçalarının tozunu al.

O çörək qabındakı cəhlənmiş çörəklərini boşalt

O küzədəki boyat suyu dışarı süz.

Hələ,divardan sallanan Sayatın saralmış şəklinə baxarsanmı?

Ooooooy!!

Anan ölsün Sayat

Su boyat, çörək boyat,

Gərəkdir rəngin saralsın.

 

Ey Füzuli...

Ayağa dur

Əl-üzündə yağış təsviri qur.

Küçələrini xalça uzad

Alışdır tiribonlarını

Həmən bir şeir gecəsi qur

Təbrizdən Çalğın gəlmiş

Və Bağdaddan...

Buyursun Füzuli həzrətləri.

 

"Bu rövşəndir təbiətdə dan ulduzsuz pegah olmaz,

Roxe zibayin ey dilbər nigahilən təbah olmaz.

 

Əgər məşuqələr içrə sədaqətlən viqar olsa,

Bütün sərgəştələr içrə bu qədri nalə-ah olmaz.

 

Mərizi-eşqəm ey dilbər təbibi-dərdi mən sənsən

Təbib dərdə əlac eylər uzaqdan ki, nigah olmaz!

 

Dodağından tərəhhüm qıl mənə bir qünçə lütf eylə,

İlahi bargahında o qünçeylən günah olmaz.

 

Mənə bir busə borcun var dedin gəl al Qarabağda

Bu gün nəqd eylə ey dilbər sabah olmaz, sabah olmaz.

 

Füzuli xainidanından qalan şahzadə Çalğındır

Nasıl şahzadədir Çalğın başında heç sipah olmaz?!

 

 Ey Şuşa...

Ey dünyanın ən dəli-sov gəlini

Ey yer kürəsinin sevgiyə hamilə olan nöqtəsi.

Gecələr qoynunda yazdığımız şeirləri - sinəndəki təpələrdə gizlətdik.

Gündüzlər səsində yazdığımız romanları - göbəyindəki qayalıqlarda…

 

Ey Şuşa...

Ey xanın ərköyün qızı.

Gözlərindəki yaşıl muncuqlarını mənə verərsənmi?

Yanaqlarındakı qızıl almalarını necə?

Dodaqlarını aç şərqin havası təmizlənsin,

Saçlarındakı bəyaz qartallarını uçurt

Göylər darıxır boşluqdan.

 

Ey Şuşa...

Qollarını boynuma sal,     yalqızam.

Saçlarını çiynimə sər,       darıxıram.

Əllərimi bağrına bas          üşüyürəm.

Oooooy!     bilmədim

Bağışla Şuşa

Yaralarına əlim dəydi

"Anan ölsün Şuşa

Nə dırmaşıbsan daşa

Bacın qurban olaydı

Gözündən axan yaşa.

 

Ey Şuşa...

Ey pərişanlığın simvolu

Ey Şuşa...

Ey şeirin istresi

Ey Şuşa...

Ey şairlərin paytaxtı

Hələ şair dedim yadıma düşdü

Oturun Molla Pənah Vaqifi çağırım gəlsin.

 

"Çoxdandı həsrətəm yaşıl gözünə,

Gəl otur qarşımda göz-gözə şuşa.

Nə gözəl saatdı, möhtəşəm andı,

Mən sizə qonağam, sən bizə şuşa.

 

Boğazın bulurdan ətəyi ağ qar,

Sinəndən aslanır bir cüt qızıl nar,

Gözlərində bir cüt yaşıl zeytun var,

Dəhanın bənzəyir dənizə şuşa.

 

Əyir ağ güzəmi uzad hananı,

Sağ ala inəyi bağla dananı,

Yüklə ağ mayanı, boz arvananı,

Yolla bu qatarı təbrizə şuşa."

 

 Atam illər öncə ağlardı.

İllər sonra mən güldüm.

Qarabağ, siz görən qarabağdan çox uca boydur.

Ağdam...

Ağdamda bir gəlin ağlardı qatar səsiylə,

Gövərçinin ayağına məktub bağlayır bir gəlin

Və mən...

Qara damda otursam da

Ağdama vurulduğum gündən

Özümdən çox məmnunam…

 

Baş ağrıların toxtayandan sonar,

Yol qırağındakı çinar ağaclarına baxarsan!

Dağların ətəyindəki göz yaşlarına diqqətli ol

Sənin bulutlarla nə işin var?

Uzaqdan görünən o savadlı şəhərin adı laçındır

O dirsəyə söykənən şairin adı sücaət!

 

"Fotoçu şəklini çək,

Hörüyünün saçının.

Şəkildə gözəl düşür,

Qəmi, dərdi laçının.

 

Ayazlı bir axşamda,

O qəlbidə yastam da,

Anam o uçuq damda,

Saçın hördü laçının.

 

Gözlərimdə yuxular,

Süzülür xumar-xumar,

Nağılda üç alma var,

Onun dördü laçının."

 

Əlimi alnıma qoyub kəlbəcərin qəlbisindən baxıram

Yer kürəsinin yuvarlaq olduğunu kim söyləmişdi?

Milyonlar açılar və qollar gizləniblər kölgələrinin dərinliklərində

Və dərələr, çadır kimi qatlanmış göstərir yer kürəsini.

Əlimi alnımdan götürüb

Aşağıdakı kəndə sarı yeriyirəm hala.

Bu kənd də bir qız var, adı QIZQAYIT

Qızqayıtın sağ çiyini sol çiyinindən uca olsa da,

Yeriyəndə sol ombasını bassa da Qızqayıt,

Yerişini sevirəm.

Qızqayıtın dodaqları kənd qoxusu versə də.

Dişləri kömür rəngində olsa da Qızqayıtın,

Gülüşünü sevirəm.

Danışanda topuq vurur Qızqayıtın dili…

Çaçaçaçaçalğın sənə çaçaçaçay

Dəmləmişəm gəgəgəl iç.

Ooooooooy

Sənin şeir dadında çayını çox sevirəm

Qızqayıt!

Qızqayıtın barmağına anamın üzüyünü

Nişan taxıram

Və kəlbəcəri gələn yaza tapşırıram…

 

Cənubdan hala,

Zəngəzurun sağ döşündə uzanmışam.

Beynimdə Atillanın yaratdığı xəritə,

Böyrümdə bir sürü quzu mələşir.

Köpəklər yalğızlığımı hürüşürlər kiçik bir təpənin üstündə

Və bir çoban…

Tütəyində oxşayır:

“Anam ölsün zəngəzur

Nə yatıbsan, yatma dur?!

Qollarını aç, uzalt,

Yenidən bir Turan qur.”

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Çərşənbə, 06 Dekabr 2023 13:00

Yağışlı gündən bir not - ESSE

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Avtobusdayam və evə qayıdıram, ağlımın içində yenə milyon fikir var, gülümsəməyə, vecsiz davranmağa, yaxşı görünməyə çalışıram. Narın yağış və avtobusdakı abu-hava həzin payız axşamlarını xatırladarkən, iliklərimə qədər darıxdığımı hiss edirəm yenə. Mahnının sözləri də, bir qədər yaxın, amma bir o qədər uzaq olan keçmiş xatirələrə aparır adamı.

Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim...

Verərdim həqiqətən? Ötən günlərin xatirinə gələn günlərimi qurban verərmiydim?

Verməzdim məncə.

Yaşadığlarım da, yaşamadığlarım da, yetəri qədər incidir onsuz..

Düzdür, çox darıxıram, içim sızıldayır hər güləndə, xoş xatirələrim canlananda gözlərim dolur.

Artıq əvvəlki mən deyiləm. Nə gedənin yoxluğuna 2gündən çox pis oluram, nə gələnin varlığına həyatımı bağlayıram. Dəyişən çox şey oldu əslində, düşücələrim, davranışlarım, səmimiyyətim, həssasiyətim dəyişdi. Mən dəyişdim. Sevdiklərimi itirərək, qəlbim qırılaraq dəyişdim mən. Bir anda bu qədər buz dağı ola bilməz heç kim. Vecsiz davranışlarım da, səbəbsiz deyil. Susqunluğumun da səbəbi danışmağa bir şeyin olmamasından deyil, anlayacaq kimsənin olmamasındandır. Depresiyada deyiləm, üzgün deyiləm, xoşbəxt və şən də deyiləm. Sadəcə öz dünyam var mənim,  adına cəhənnət dediyim dünyam.

Güldüyüm qədər acı çəkdiyim, ağladığım qədər güclü qalmağa çalışdığım o dünyada, hər kəs ötəridir artıq gözümdə.

Peşman deyiləmsə belə, kaşkilərim çoxdu. Hər şeyə rəğmən vaz keçməməyə çalışıram, özümü inkişaf etdirməyə, daim araşdırmağa çalışıram. Ən yaxın dostlarım kitablardır və onlardan bağlarımı qoparmayacağıma söz verirəm özümə. Kim bilir, bəlkə mənə də, pəncərədən yağış damlalarını seyr edə-edə kitabımın son səhifələrini vərəqləyərkən, öz kitabımda sonuncu səhifəyə çatmaq nəsib olar.

Belə, dostum, reallaşdırmadığım xəyallarım, nə olursa olsun, vaz keçməyəcəyim arzularım var. Zaman-zaman yaşanmışlıqların məni dəyişdiyinin fərqində olsam da, dayanmağa niyyətim yoxdur.

Sonuncu səhifəyə kimi, qələmim qırılana kimi o kitabı yazmağdan vaz keçməyəcəyimə söz verirəm. 

Özümə sözüm olsun bu.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün də mənim Şaxtababaya məktub yazmaq növbəmdir. 

Salam, Ağsaqqallı Şaxtababa. Bu məktubu cismi və yaşı xeyli böyümüş, amma sənə hələ də inanan 2-ci sinif uşağı səmimiyyətilə yazıram və arzularımı bir-bir sıralamağa başlayıram.

İlk öncə sırf paxllığımdan, mənimlə oxuyan varlı uşaqlarına pulla silinə bilməyəcək, çoxlu kəsirlər sürpriz etməyini istəyirəm. 

Daha sonra, layiq olan insanlara sevinc gətir. Elə bir sevinc olsun ki, illərlə çəkdikləri sevinc aclığının gözü dolsun.

Keçən illərdəki kimi, virus, xəstəlik, qalmaqal, azyaşlı tiktokerlər, geyimlə müqayisə edilən "müasirlik" gətirmə. Hətta bunlar bizim sənə hədiyyəmiz olsun.

Bəzi insanlara şəxsi həyat gətir. Bolluca şəxsi həyat gətir növbəti gəlişinə qədər bəs etsin ki öz həyatlarını nümayiş etməsinlər. Həm də başqalarının həyatlarına burunlarını soxmasınlar.

İnsanlara səmimiyyət ver, amma çox olmasın, yoxsa bunun da zibilini çıxaracaqlar. Axı biz bu işi yaxşı bacarırıq. 

Allahdan, həyatdan ümidini itirənlərə uşaq gülüşü, ailə sevinci göndər. Dini fanatiklərə isə heç dəyib dolaşma, onsuz da səni sevmirlər.

"Sevgi", sevgi gətir, "romantika" gətir bu boz şəhərə.

Qar gətir özünlə. Qorxma, kasıblar da qarı sevir. Onlar qardan üşüməz, əksinə qəlbləri isinər.

“Televiziyada kömək” adı ilə oxuması, yazması olmayan insanları 

aciz, gülünc vəziyyətə qoyub özlərinə reytinq yığan bəzi aparıcılara vicdan qutusu yolla.

Davalı ölkələrə uşaqların əli ilə ağ göyərçinlər göndər.

Üstündə ad soyadım yazılan qələm və dəftəri isə gecə mən yatarkən yolkamızın altına qoymağı unutma. Dəftərimi vərəqləyəndə uğurlarımın rəsmi çəkili olsun.

Şaxtababa, ən əsası da, bir masa arxasında yığışmaq, ata, ana, dost və tanışları ziyarət etmək üçün insanlara "yeni il" tipli bayramlardan başqa fərqli səbəblər də göndər.

Məktubumu tez oxu, Şaxtababa reallaşdırılması vacib olan arzular real olmaq üçün səbirsizlənirlər... 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

İndi sən də yorulmusan, indi mən də yorulmuşam. 

 

Səbəbsiz bir xəcalətin yükündən əzginləşmiş, xaraba küçələrdə kölgədə bezginləşmiş sonumuzu gözləyirik.

 

O küçədə olan qəssab bıçaqsız ət doğrayır. 

 

İndi dəmirçi əmim qəssab dükanını bağlayır. Yolu evə sarıdır. 

Pəncərəni örtərək, qapını açıq qoyur, gecəni salamlayır. 

 

Mənsə boş-boş baxaraq yol alıram sonsuza.

 

Səni arxamda qoyub üz tuturam yolunuza... 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

"Olaylar" qəzeti və eyni adlı  informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi, tanınmış Yazar Yunus Oğuz son siyasi hadisələri “Ədəbiyyat və incəsənət” portalı üçün şərh edir. 

Yunus Oğuz öncə sual edir: “Post Vaşinqton"un arxasında kim dayanır?

 

O deyir: “Söhbət "Vaşinqton Post" qəzetinin nə yazmasından yox, onun arxasında kimin dayanmasından gedir. Hesab edirəm ki, bu yazı hazırda cərəyan edən maraqlı proseslərin nəticəsidir. Belə ki, Amerika Zəngəzur dəhlizində birbaşa oturmaq istəyir. Təkcə Azərbaycanda deyil, eləcə də Orta Asiyada enerji resurslarına sahib olmağa çalışır. Çox təəssüf ki, bunu Azərbaycanın əli ilə etmək niyyətindədir". 

 

“Yunus Oğuz bildirir ki, hazırda  "Bir kəmər, bir yol" uğrunda savaş gedir: "Fikir vermisinizsə, Çin rəsmisi elan elədi ki, "Bir kəmər, bir yol"un Azərbaycan ərazisindən keçməsi daha məqbuldur. Hazırda bu layihə uğrunda mübarizə gedir. Məlum olduğu kimi bu yol Zəngəzur dəhlizindən keçir. Ona görə də Azərbaycana qarşı təzyiqlər artır. Birləşmirş Ərəb Əmirliklərində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşərək məhz bu məsələləri müzakirə edib. Əsas odur ki, "Bir kəmər, bir yol" Orta Asiyadan gələrək Zəngəzurdan keçmək şərtilə Qərbə çıxır. Məsələ orasındadır ki, Azərbaycan onların şərtləri ilə razılaşmır. Orta Asiya Azərbaycan üçün hazırda ən önəmli rol oynayır ki, bütün enerji resursları oradan yönəlsin. Təsadüfi deyil ki, prezident İlham Əliyev bu yaxınlarda keçirilən  Mərkəzi Asiya Sammitinə fəxri qonaq kimi dəvət olunmuşdu. Onlar Azərbaycan Prezidentinin nüfuzunu bilirlər və buna görə də təzyiq gəstərməyə başlayıblar".

Y.Oğuz bildirir ki, göstərilən təzyiqlərdə əsas məqsəd onların istədiyini verməkdir: "Azərbaycanın əli ilə Mərkəzi Asiyadan gələrək Avropaya gedən enerji daşıyıcılarına nəzarət etmək istəyi var. Azərbaycan isə regional lider olduğundan bu məsələlərə özü nəzarət etmək istəyir. Ona görə də Amerikanın, Rusiyanın irəli sürdüyü şərtlərlə razı olmur. Bununla Azərbaycan regional liderliyini tam sübut edib. Bu səbəbdən Azərbaycana qarşı böyük təzyiqlər edilir. Bir tərəfdən Blinken zəng edib deyir ki, bunlar hamısı səhv edib, digər tərəfdən isə "Vaşinqton Post"u təzyiq vasitəsi kimi işə salırlar. Məlum olduğu kimi "Vaşinqton Post" demokratların maliyyələşdirdiyi bir qəzetdir. Bununla kifayətlənməyərək vətəndaş cəmiyyətlərinin dili ilə çatdırırlar ki, guya Azərbaycanda demokratiya yoxdur, insan hüquqları pozulur. "Freedom House"nin açıqlamasında da Azərbaycanı sıxmaq elementləri əksini tapmışdı. "Vaşinqton Post"un da, Avropanın da, Fransa və Almaniyanın da rəsmi və qeyri-rəsmi bir dərdi varsa, o da "Bir kəmər, bir yol"a nəzarətə girmək və oradan böyük pay qoparmaqdır. Həm də çalışırlar ki, Rusiya bu dəhlizə minimum həddə daxil olsun. Bununla da Güney Qafqazda Rusiyanın təsiri bitsin".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan regional oyunçi kimi düzgün siyasət yürüdür: "Heç şübhə də etmirəm ki, gələcəkdə Azərbaycan iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilərək "Böyük 20-liyə" daxil olacaq. İndi Azərbaycanın hədəfində odur və ona doğru gedir. Belə halda "Vaşinqtion Post"un nə yazmasından asılı olmayaraq Azərbaycan dövlətinin maraqları nədirsə o da həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu il "Vaşinqton Post"da Azərbaycanla bağlı beş yazı dərc olunub. Təbii ki, Ermənistan kimi iqtisadiyyatı çökmüş, asılı dövlət belə təzyiqlərə dözə bilməz. Ermənistana kiçik bir təzyiq olan kimi Rusiyadan üz döndərdi. O cümlədən, Gürcüstana da təzyiq olan kimi geri çəkilir. Məsələn, Gürcüstan elan etmişdi ki, Rusiya ilə əlaqələri yumşaltmaq lazımdır. Çünki böyük bir ticarət əlaqələri var. Lakin, bir az sıxılan kimi mövqeyindən yayındı. Göründüyü kimi  bütün davalar "Bir kəmər, bir yol"un üstündədir. Bu isə o deməkdir ki, geosiyasət geoiqtisadiyyata bağlıdır. Çin də daxil olmaqla Mərkəzi Asiya dövlətlərinin yükləri Azərbaycandan kecəcəksə, bu o deməkdir ki, büdcəyə milyardlarla pul gələcək. Burada söhbət təkcə Zəngəzur dəhlizindən getmir, qaz, neft kəmərləri var, yeni enerji daşıyıcıları istehsal olunur. Bir müddətdən sonra Azərbaycan enerji ixrac edəcək ki, bunların hamısı dövlətə böyük vəsaitlər gətirir. Belə ki, ortalığa tort qoyulub, kimsə böyük, kimsə balaca tikə götürmək istəyir. Belə məlum olur ki,  "Vaşinqton Post"un arxasında duranlar da şərtlər irəli sürmək istəyirlər. Təsəvvür edin ki, illər idi ki, Amerikanın Azərbaycanda səfiri təyin olunmurdu, indi təcili səfir təyin olundu. Görüntü ondan ibarətdir ki, kimlər Zəngəzur dəhlizindən pay istəmir? Buna görə Rusiya, Almaniya, Fransa, İran Zəngəzurda konsulluq açmaq istəyini reallaşdırırlar, hələ bir azdan Latın Amerikası ölkələri da prosesə qoşulacaqlar. Hazırda "Vaşinqton Post" bu məsələdə marağı olan oliqarxların müdafiəçisi rolunda çıxış edir. Çox təəssüf ki, həmin oliqarxlar da dövlətin adından çıxış edə bilirlər. "Vaşinqton Post" özbaşına deyil ki, gündə bir yazı yazsın".

Y. Oğuz deyir ki, Amerika həmişə ikili siyasət aparır: "Ya əvvəl kökə verirlər, sonra qırmanc, ya əvvəl qırmanc verirlər, sonra kökə. Təbii ki, burada erməni lobbisinin də rolunu istisna etmək olmaz. Bütün sadalananlara baxmayaraq düşünürəm ki, Azərbaycan düz yoldadır. Əgər Azərbaycan geri çəkilsəydi, Ermənistan kimi onun da başını sığallayardılar. Azərbaycanın milli, dövlət mənafeyi var, dövlət maraqlarını da heç kimə vermək lazım deyil".

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Aydan Həsənova ilə görüşürük. 

 

DİREKTOR

Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə  Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.

 

ŞAGİRD

Mən, Həsənova Aydan Ceyhun qızı 2007-ci ildə Bakı şəhərində doğulmuşam. Bakı şəhəri, Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Klassik ədəbiyyatı  xoşlayıram. Hekayələr oxumağı sevir və boş zamanlarımda esse yazmaqla özümü çox gözəl hiss edirəm. 3-cü qrupa hazırlaşıram.

  

ESSE

Müharibə, çarəsiz insanlar, fəryad çığırışları, ana naləsi, atəş səsləri, sahibsiz oyuncaqlar, torpaqdakı qan ləkələri və Azərbaycan tarixi...

Azərbaycanın tarix xəritəsinə baxdığımızda qanlı izlər görünür, ana naləsi, atəş səsləri eşidilir.

Tarix boyu nə qədər faciələr yaşandı bu torpaqda. Dost dediyimizlər bizi əvvəldən istəməyən, bizi içdən-içə bitirməyə çalışan bir düşmən çıxdılar. Hər qonşumuzda bir parçamız əsir qaldı. Hər zaman bizi ayırmağa, bir- birimizə həsrət qoymağa çalışdılar. Bizim "Azadlıq məşəli"mizi söndürməyə çalışdılar. Bu yaşlı torpaqdan kimlər gəldi, kimlər keçdi...

Bizim xalqımız neçə-neçə faciələrə sinə gəldi. Bizə qarşı törədilən faciələrdə kimisinin körpəsi, övladı qətlə yetirildi, gözlərinin önündə. Neçə uşaq anasız, atasız qaldı. Neçə-neçə uşaqların gözlərinin önündə anası, atası can verdi. Nə qədər oyuncaq sahibsiz qaldı. Hər tərəfdə atəş səsləri eşidilirdi. Bəziləri canı yarım halda fəryad edirdi, yerdəki qan ləkələri, izləri insanı dəhşətə gətirirdi. Bu hadisələr hər kəsin kabusuna çevrildi. Günahsız insanlar hər dəfə yuxularında ailələ üzvlərinin necə öldüklərini görürdülər.

20 Yanvar, Xocalı faciəsi, Mart soyqrımı, Qarabağ müharibəsi və başqaları...

Bunların hər biri dəhşətdir. İnsanlığa ziddir. Bəzən bütün bunlar nə üçün Azərbaycanın-xalqımızın başına gəlir? -deyə düşünürük. Bəlkə də, xalq, millət olaraq, çox ürəyiaçıq, hər kəsi özünə dost bilən olduğumuz üçündür?! Bəzən gözlərimizlə baxdıqlarımız görmədiklərimizin sənət əsəridir.

Azərbaycan oğulları tökülən qanı yerdə qoymadılar və qoymayacaqlar da. 

Müzəffər Ali Baş komandanımız və torpağımız üçün hər an canını fəda etməyə hazır olan igid, qəhrəman ordumuzun sayəsində "44 günlük Qarabağ müharibəsi"ndən alnıaçıq, üzüağ şəkildə  çıxıb bütün dünyaya: "Qarabağ Azərbaycandır", söylədik. 

Vətən torpağı qanla sulananda Vətən olur.  Torpağımız bizimdir, bizim olacaq!

Şəhidlər ölməz, Vətən bölünməz!

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Çərşənbə, 06 Dekabr 2023 14:00

Gülüş Klubunun bu günkü menyüsü

 Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

“Gülüş klubu”nda çalışmışıq ki, bu gün də “Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur” şüarımıza sadiq qalaq.

 

İbrətamiz

Dünyada ən çətin deyilən 5 söz bunlardır:

5. Tetragidrokannabiol

4. Fenolflein

3.Elektrikləşdirdiklərimizdənsiniz

2.Dixlordifeniltrixloretan

1. Bağışla.

 

Tost

Bu tostu məşhur bir yazıçı öz həyat yoldaşının ad günündə söyləyib:

Səni görəndə gəlir mənim yazmağım.

Sən aşsan, mən də sənin qazmağın.

 

 

Deyimlər

Ağlamayana məmə yoxdur. Ancaq heç ağlayana da məmə yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni İslam Rzayevdir. Ondan müsahibə1998-ci ilin sentyabrında götürülüb.

 

 

-İslam müәllim, sənətə gəlişinizə kimin təsiri olub?

 

-O vaxtlar Füzulidә Cәlil kişi adlı ustad bir xanәndә var idi,  rəhmətlik mәnim sәsimә, ifama həmişə yüksәk qiymәt verər, tövsiyə edәrdi ki, çalış 17-18 yaşa qәdәr bu sәsi saxla, qoһumların, tanışların sözü ilә orda-burda çox oxuma.

Uşaqlıqda çox sevdiyim xanәndәlәrdәn biri dә Füzulinin mәşһur oxuyanı Ağabala Abdullayev idi. O vaxtlar uşaqları teatra buraxmazdılar. Bibim oğlu mәni paltosunun altında gizlicә içәri keçirmişdi. Ağabala “Leyli vә Mәcnun”da Mәcnun, Zәroş Hәmzәyeva isә Leylini oynayırdılar. O vaxtlar xanәndә olmaq çox çәtin idi. Radio iki saatdan bir cığıldaya-cığıldaya xəbərləri deyər, sonra konsert verərdilər. Televizor nə gəzirdi? Amma bununla belә xanәndәlәr var idi!

 

-Niyә bir qayda olaraq repertuarınıza geniş sәs diapazonu tәlәb edәn, zildәn oxunan çәtin maһnılar salırsınız?

 

 

-Bu sualı mәnә indiyәdәk һeç bir müxbir vermәyib. Ürәyimcә olan sualdı. Mәn һeç vaxt özümü öymәmişәm. Amma madam ki, sual verdiniz, gәrәk özümü bir az tәriflәyәm. Gәnc yaşlarımdan mәnim musiqi qavrayışım çox zәngin olub. Seyid Şuşinskinin tәlәbәlәri içәrisindә yalnız Zeynәb Xanlarova vә mәn bir ildә 4-5 dәstgaһ öyrәnə bilirdik. Qalanları ildә, әn çoxu 2-3 dәstgaһ һazırlayardılar. Mәn Seyid Şuşinskiyә çox әziyyәt vermәz, ağzını açan kimi dediyini götürәrdim. Buna görə özümü çәtinliyә sala bilirәm. Caһangir Caһangirov һәmişә çәtin maһnılar yazardı, һәmişә dә istәyərdi ki, mәn oxuyum onun maһnılarını. Onun “Ay qız” maһnısının da ilk ifaçısı mәn olmuşam.

 

-Bu maһnını mәşһur türk müğənnisi Müəzzəz Abacı da oxuyur, özü dә anonim maһnı kimi...

 

-O, mәnim ifamda eşidәndәn sonra oxuyub. On-on beş il әvvәl bizdә belә maһnıları dinlәyici o qәdәr dә yaxşı qavramırdı. O, maһnıları һәlә indi-indi dәrk etməyә başlayırlar.

 

-Caһangir Caһangirov “Ana Kür" maһnısını nә әcәb sizә yox, Gülağa Mәmmәdova verdi?

 

-Caһangir müәllim Gülaga ilə bәrk dost idi. Onlar tez-tez bir-birinin bağında olurdular. Yәqin ki, orda Caһangir müәllim maһnını dodaqaltı oxuyanda Gülağa eşidib, xaһiş edib ki, maһnını ona versin. O da bu xaһişdən keçә bilmәyib.

 

- İndi һәr biri adlı-sanlı sәnәtçi olan tәlәbә yoldaşlarınızı necә xatırlayırsınız?

 

- Әlibaba Mәmmәdov, Zeјnəb Xanlarova, Elmira Rәһimova, Mayis Salmanov, Kamil Hüseynov, Teymur Hüseynov, İmran Mәmmәdovla bir sinifdә oxumuşam. Tar şöbәsindә oxuyan Arif Mәlikov, Dadaş Dadaşov, Adil Bәbirov, kamança şöbәsindә oxuyan Ramiz Mirişlinin dә tәlәbәliyi mәnimlә eyni vaxtda keçib. Ramiz Mirişli vә Adil Bәbirovla yaxın dost olmuşuq. Onları Bәstәkarlar İttifaqına qәbul edәndә mәn “Salyanski kazarma”da әsgəri xidmәtdә idim. Adil Bәbirov gəldi dalımca ki, bәs, imtaһan veririk, gәl gedәk bizim maһnıları oxu. Komissiya üzvləri Qara Qarayev, Fikrәt Әmirov, Әşrәf Abbasov, Süleyman Әlәsgәrov idi. Hәrәsinin iki  maһnısını oxudum. Hәr ikisi “әla” qiymәt aldılar və Bәstәkarlar İttifaqına qәbul edildilәr.

 

-Muğam tәһsili almış tәlәbәlәri adәtәn Opera Teatrına dәvәt edәrdilәr. Sizi, nә әcәb, dәvәt etmәyiblәr?

 

-Ediblәr, getmәmişәm. Zeynәb xanımı operaya dәvәt edәndәn sonra operanın direktoru Fikrәt Әmirov mәni yanına çağırtdırıb dedi ki, sәn Zeynәb xanımla birlikdə tamaşalarda iştirak etsәn, һәm özünә xeyir olar, һәm dә teatra. Getdim evә, fikirlәşdim, gördüm ki, mәndәn opera artisti olmaz. Çünki onepa artistindәn tәlәb olunan sәһnә һәrәkәtlәrini — qaçmağı, yıxılmağı һeç cür özümə yaraşdıra bilmәdim. Ona görә dә mәnә edilәn tәklifi qabul etmәdim.

 

-Peşiman deyilsiniz ki? Axı, o vaxtlar fәxri adların verilmәsindә Opera Teatrının dәstәyi çox vacib idi?

 

-Peşiman deyilәm, çünki istәr filarmoniyanın, istәrsә dә Estrada Birliyinin solisti olandan xalq tәrәfindәn sevilmişәm, fәxri adlara layiq görülmüşəm.

 

-Opera Teatrının solisti olmayan vә toylara gedәn İslam Rzayev fәxri adları, yәqin ki, әziyyәtsiz almayıb.

 

-O vaxtlar fәxri ad masәlәsinə çox ciddi yanaşırdılar. Toylara gedәn müğәnnilərә fәxri ad verilmirdi ki, o, öz cibi üçün çalışır. Bir gün o vaxtkı mәdәniyyәt naziri Zakir Bağırov mәni yanına çağırıb dedi ki, toylara getmә, yoxsa sәnә fәxri ad verilməyəcək. O gündən toydan ayağımı kәsdim. Duz iyirmi beş ildir ki, toya getmirәm. Әmәkdar artist adını 1967-ci ildә Zeynәb Xanlarova vә Elmira Rәһimova ilә eyni vaxtda almışam. Üstündәn 25 il keçәndәn sonra Xalq artisti olmuşam. Çünki paxıllarım çox idi, hər dәfә mәni Xalq artistliyinә tәqdim edәndә adımı siyaһıdan pozurdular. Mәn dә tәәccüb edirdim ki, üzdә olan müğәnni ola-ola niyә mәnә ad vermirlәr? Әgәr mәn pis oxuyurdumsa, niyә bütün rәsmi konsertlәrә mәһz mәni dәvәt edirdilәr? Azәrbaycan incәsәnәtindә mәnә olan zülm һeç kәsә olmayıb.

 

-Sonuncu dәfә verilәn fәxri adlara münasibәtiniz necәdir?

 

-Bu dәfә әsl zәһmәtkeş oxuyanları yaddan çıxardılar. Adları Elmira Rәһimova, Mahrux Muradova, Sabir Mirzәyev, Novruz Feyzullayev, Süleyman Abdullayev, Mayis Salmanov, Mayis Mәmmәdov almalı idilәr. Bunların Azәrbaycanın hər kәndindә bәlkә 2-3 dәfә konsertlәri olub. Amma elә Xalq artisti var ki, Bilәcәridәn o yana çıxmayıb.

 

-Muğam Teatrını yaratmaq ideyası necә yarandı?

 

-1985-ci ildә Zeynәb xanımla birlikdә İraqa qastrola getmişdik. Mәn orada Muğam Mәrkәzi olduğunu görәndә fikirlәşdim ki, necә ola bilәr, muğamın әn çox inkişaf etdiyi ölkә Azәrbaycan olsun, amma bizdә muğam mәrkәzi olmasın? Televiziyanın rejissoru Arif Qazıyev vә Ramiz Mirişli ilә sözü bir yerә qoyduq ki, Muğam Mәrkәzi yaradaq. Xanәndәlәri və orkestri yığmaq mәnә һәvalә olundu. Yığdım. Hazırda 8 solistim var: 4 qadın, 4 kişi: Aygün Bayramova. Zeynәb Beһbudova, Elza Qaybalıyeva, Almaz Orucova, Әsgәr Әһmәdov, Әlixan Salmanov, Elsevәr Hüseynov vә Aşur Adıgözәlov.

 

-Muğam Teatrı xarici ölkәlәrdә qastrol sәfәrlәrindә olubmu?

 

-Çox. Almaniyada, Polşada, Çexoslovakiyada, İsveçrәdә, ABŞ-da, İspaniyada vә Portuqaliyada olmuşuq. Amma xeyli vaxtdır ki, qastrola gedә bilmirik. Çünki dövlәt yol xәrclәrimizi ödәyә bilmir. Mәn dә elә adamam ki, һeç kəsə gedib ağız açmaram. Yәqin bir qeyrәtli eloğlu tapılıb Muğam Teatrına komәk edәcәk. Bu il һәm dә bizim yubiley ilimizdir, axı. Muğam Teatrının 10 yaşı tamam olur.

 

-Ailә vәziyyәtiniz barәdә nә deyә bilәrsiniz?

 

-Bu sualın cavabı bütün jurnalistlәrә qaranlıqdır. Mәn bunu sirr kimi saxlayıram.

 

-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

-Nə çətin sual oldu (fikrә gedir) Xalçanın üstündə nә yerlәşir, onu götürərdim.

 

 “Ədəbiyyat və incəsənət”

(06.12.2023)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.