
Super User
Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli-interaktiv Yeni il şənlikləri keçiriləcək
Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli-interaktiv Yeni il şənlikləri keçiriləcək.
Şənlikdə uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. Bundan əlavə, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, Yeni il zarafatları ilə sevindirəcək.
Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
“Bütün gülüşlər bədbəxtlikləri gizlətmək üçündü…” - YENİ ŞEİRLƏR
“Ədəbiyyat və incəsənət” portalı AYB üzvü, Prezident təqaüdçüsü Namiq Hacıheydərlinin yeni yazdığı şeirlərini təqdim edir.
Dünya
Qoy ruhdan düşməsin dərdə düşənlər,
Hamının dərdindən halıdı dünya.
Sonunda hər kəsin haqqını verir,
Minillər şahidi, uludu dünya.
Gah ömür yoluna bəla gətirər,
Gah da yollarında çiçək bitirər,
Doğru yol tutanı haqqa götürər,
Əyriyə cəhənnəm yoludu dünya.
O kəs ki, düşməni öz tamahıdır,
Qazancı günahsız məzlum ahıdır,
Şərə dost olanın şahənşahıdır,
Haqqa dost olanın quludu dünya.
Nəbzi var, dili var, canlı, diridi,
Yaşayan varlığın o da biridi,
Dilini bilənə yaylaq yeridi,
Bilməzə düzlərin koludu dünya.
Ay Namiq, əməllər getməz havayı,
Hər kəsin önünə qoyular payı.
Kim deyir, azalıb onların sayı,
Yaxşı adamlarla doludu dünya
Gülüş
Bütün gülüşlər bədbəxtlikləri gizlətmək üçündü,
Dünyanın ən bədbəxt adamıdı;
Dünyanın ən çox gülən adamı.
Söz
Sözün
tükəndiyi yer yoxdur,
Sözün
keçmədiyi yer var.
Yol
Tək bir yol var dünyada:
Tanrıya gedən yol.
Qalan bütün yollar
yolsuzluqdur əslində.
Gülüşünü yadırğayan
Güldü,
Gülüşündən utandı;
Gülüşünü yadırğayan adam.
Hardan gəldin?
Sənə
Dəvətnamə göndərmədim
Buyur, gəl!- demədim,
Çağırmadım…
Hardan gəldin, niyə gəldin ömrümə?!
Olam, olam…
Tanrı aça qapıları,
Göylərdən səs alam, alam.
Bir işıq süzülüb gələ,
Sevgi ilə dolam, dolam.
İçimizi sevgi yuya,
Ucalda bizi Tanrıya.
Hamı sözə sayğı duya,
Dağ-daş deyə: Salam! Salam!
Bir gün ruhum qanadlana,
Uçub vara yalnız Ona,
Sual verə Yaradana:
“Doğrudanmı qulam, qulam”?
Bir məqamda Tanrı dinə,
İşıq donlu bir səs enə,
“Eşqsiz olan qula dönə,
Eşqə varan: balam, balam”.
İşıq, nur yağa yerlərə,
Hər qarışda eşq göyərə,
Sevgi qoxuya dağ, dərə –
Ünvanı mən olam, olam.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
GÜNEY AZƏRBAYCAN NƏSRİ ANTOLOGİYASInda Həsən Babayinin “Pişik” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Nəsri Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Həsən Babayinin “Pişik” hekayəsini təqdim edir.
Əcəbşirli təxəllüsü ilə tanınan Həsən Babayi, 1965-ci ildə Urmiyanın yaxınlığında olan Əsəbşir şəhərində dünyaya göz açıbdır. İlk təhsilatını əcəbşirdə bitirdikdən sonra, təbriz şəhərinə köüb mühasibat fakültəsində təhsilini təbriz universitetində bitiribdir. O, maliyyə idarəsinə aid bankada işləyibdir. Onun yazdığı nəsrini sizə təqdim edirik.
Bizim evimiz küçənin güneyində yerləşirdi. Qabaq – qanşar qonşumuzun həyətlərində bir pişik balalamışdı. Onların evləri quzeydə yerləşdiyindən qapıları açıldıqda həyətləri görünərdi. Qonşunun həyət qapıları çox vaxt açıq olardı. Pişiyin gəl-gedini gözaltına almışdım. Ana küçə-bacadan tapdığını balalarına aparmağını düşünəndə anam yaddaşımda canlanardı. Küçəmizin qapı bir qonşuları bir-birilərinin adlarını belə öyrənməmişdilər. Ancaq birlikdə bir küçədə yaşam sürürdülər. Hamı səssiz gəlib sözsüz gedərdi. Böyüklər ilgi saxlamadıqlarından uşaqlar da elə yaxınlaşmazdılar. Atamdan bir dönəm sordum, düz cavab almadan ardını tutmadım. “Nəbilim, indi dəb belədir. Kimdə vaxt var? Qonşu sözü köhnəlib. İndi qardaş qardaşın evini tanımır” deyib sovuldu. Küçədə hərə öz qapısının qabağına ağac-gül əkmişdi. Az suvarıldığından dirçəlişləri gözə gəlmirdi. Atam şam ağacı, zanbaq əkmişdi. Küçənin görkəmi gözəl görünmürdü.
Pişiyi deyirdim… balalarını dişində dolandırar, küçə itlərindən qoruyardı, axı hələ əlləri ağızlarına çatmayırdı. Balaların birini avtomobil vurmuşdu. Küçəmizin iki başı da açıq olduğundan gəl-get çox olurdu. Atam bir illət də küçənin dibinin bağlı olmadığını söylərdi. Qonşuların soyuqqanlı davranmalarına yazıq pişik qalan o iki balasının yanına dönüb buna baş çəkib yanıqlı səs çıxarar, gözünə baxmaq mənə mümkün olmurdu. Baxan kimi “Mənim balamı qaytarın" təmənnası baxışlarından duyulurdu. Qapı bağlananadək gəlib getdi. Bağlanandan sonra qalxıb divarın üstünə oturub məlul-məlul baxdı. Küçəni gözünün altına almışdı, balasının cəmdəyi küçənin ortasında it axtarırdı onu ağzına alıb aparsın. Küçə itləri hələ sümsünməyə çıxmamışdılar. Mən atışkadan düşünürdüm, pişik anası divar üstdən. Nəhayət itlərin axını üz verdi . Biri ağzına alıb aradan çıxdı. Pişik başını aşağı dikib qalan balalarının yanına döndü. Mən isə atışkanı qapayıb özümə daldım. Ağlar analar yadıma düşdü, vaxtilə öz babalarını itirib əli boş döndükləri yaddaşımda canlanıb duyğulandım. Yazıq pişik balasını itlərdən qoruyub avtomobil qəzasına düşdüyünə inana bilmədiyinə vurnuxdu. Küçə boyu ölüm payını ala pişikdən alıb sakitləmişdi.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənlii, “Getmək istəyirsən…”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən” şeirinin növbəsidir.
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.
Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlartək dumanda çəndə
Nəyimi sevmişdin diyə bilmədin
İndisə yüz eyib görürsən məndə
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın 130 illiyinə həsr olunmuş tədbir keçirilib
Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın 130 illiyinə həsr olunmuş tədbir təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Muzeyin elmi kütləvi işlər şöbəsinin müdiri Xanımbacı Abdinova Azərbaycanın ilk qadın pianoçularından olan Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolu, onun musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər, pedaqoji fəaliyyəti haqqında çıxış edib.
Bildirilib ki, Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Şəhərdəki “Müqəddəs Nina” qızlar məktəbində oxuyub, burada mükəmməl musiqi dərsləri də alıb. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində də səylərini əsirgəməyən Xədicə Qayıbova repressiya qurbanı olub.
Tədbirdə “Ömür sonatası” sənədli filmi nümayiş olunub. Azərbaycan Televiziyasının “Sabah” studiyası tərəfindən Xədicə Qayıbovanın 130 illik yubileyi münasibətilə çəkilmiş “Ömür sonatası” sənədli filmi bu il geniş tamaşaçı auditoriyasına təqdim olunub. Filmin rejissorları Namiq Ağayev, Anaxanım Abdullayeva, ideya müəllifi və prodüseri Xalq artisti Ramiz Həsənoğludur.
Filmin nümayişindən əvvəl Xədicə Qayıbovanın rolunu ifa etmiş pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, filmin məsləhətçisi, Bakı Musiqi Akademiyasının prorektoru, professor, Xalq artisti Yeganə Axundova yaradıcılıq prosesi haqqında təəssüratlarını bölüşdülər.
Tədbir Nərgiz Salmanlının və Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Çıxışlar və musiqi ifalar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış və Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
DİQQƏT: Qızılcaya qarşı peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdır
“Peyvənd üçün müraciət edən uşaq son 3 gündə qızılca xəstəsi ilə sıx təmasda olubsa və peyvənd göstərişi varsa, 72 saat ərzində vaksinasiya ola bilər”.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
T. Eyvazov bir daha valideynlərə çağırış edib: “Eyni zamanda, həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə üz tutmaq istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər.
Qeyd edim ki, müəyyən səbəblərdən peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar. Usaqlarımız 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Bir sıra səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar mütləq peyvəndin 2-ci dozasını almalıdırlar. Bəzi hallarda isə peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar var. Belə halda minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozası vurulmalıdır.
Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər”.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Bu gün Bakıda yeddi gürcü rəssamın “Ekinoks” adlı qrup sərgisi açılacaq
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində gürcü rəssamların “Ekinoks” adlı qrup sərgisi açılacaq.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, YARAT-dan sərgidə Qia Edzqveradze, Tamara K.E., Luka Lazar, Konstantin Mindadze, Koka Ramişvili, Andro Semeyko və Levan Sonqulaşvilinin bu yaxınlarda ərsəyə gətirdikləri və son illərdə çəkdikləri əsərlərin nümayiş olunacağı bildirilib.
“Ekinoks” (lat. “aequinoctium” – “bərabər gecələr”) multidisiplinar sərgisi, insan identikliyinin dərk edilməsinin təməl prinsipini, XX əsrin sonlarından başlayaraq XXI əsrin əvvəllərinə qədər lokal və qlobal perspektivlərdə şüurun formalaşması yolunu təsvir edən yeddi gürcü rəssamı bir araya gətirir.
Sözügedən sərgi layihəsi, müəyyən fərdi və kollektivi (və ya əksinə, kollektivi və fərdi) bir-birinə bağlayan qarşılıqlı fəaliyyətin mürəkkəb diskursunu, eləcə də fərdi təcrübənin kollektiv təcrübəyə, habelə onun dəyişən zaman kəsiklərinə təsirini ortaya qoyur. Sərgi işıq və qaranlığın qarşılıqlı əlaqəsini təsvir etməklə, dualist prinsip üzərində qurulub; burada fərd və kollektiv arasında qarşılıqlı fəaliyyət kontinuumda (zaman-məkan prosesində) nəzərdən keçirilir.
Sərgidə təqdim olunan araşdırma, tanınmış gürcü mütəfəkkiri Merab Mamardaşvilinin Tbilisi Dövlət Universitetinin incəsənət və humanitar elmlər fakültəsinin tələbələrinə (1984-1985) oxuduğu bir sıra mühazirələri üzərində qurulub. “Yolun psixoloji topologiyası” (1997) adlı silsilə mühazirələrdə, Merab Mamardaşvili, zaman və həyatı, Marsel Prustun “İtirilmiş zamanın axtarışında” romanına əsaslanan diskursun mərkəzi mövzuları kimi istifadə edib. Sərginin adı, məhz Mamardaşvilinin “Bərabərlik nöqtəsi” mühazirəsindən götürülüb. Burada gecə və gündüzün qarşılıqlı təsirinin nümunəsi qismində şüurun ifadə tarazlığının əldə edildiyi məkanı təsvir edir.
Sərgi, kəpənəyin daxilində baş verən qarşıdurma vasitəsilə metamorfozu təsvir edən simvoldan başlayır və pupun öz qanadlarını açması üçün sərf etdiyi səy və zamana istinad edir. Daha sonra, sərgi layihəsi bu yola sövq edən amilləri aşkara çıxarır ki, burada kollektiv yaddaş və təcrübə mühüm əhəmiyyət kəsb edir. Burada həmçinin dualist prinsip vurğulanır. Bir tərəfdən, geosiyasi dəyişikliklər, mədəni müşahidələr, keçmişlə əlaqə və onun zamanla transformasiyası mənsubiyyət hissinin baş qaldırmasında vacib rol oynayır. Digər tərəfdən isə identikliklərin qloballaşma və texnoloji dəyişikliklərə cavab olaraq transformasiyası və metamorfozlara məruz qalması, şüurun təməl prinsiplərini dəyişir. Beləliklə, yeni formalar ərsəyə gəlir və yaddaşa olan zərurət öz aktuallığını itirir, mədəni mənsubiyyət fenomeni isə absurd görünür.
Sərginin ikinci hissəsi “kontinuum” anlayışını, insan şüurunun yol keçdiyi sistemi araşdırır. İşığın arxitekturasını öyrənməklə (qara üzərində sarı çalar), məlumatların şüurda dərketmə (qavrayış) fenomeninə istinad edilir (işıq və ya təəssüratın qavrayışına gəlincə, qəbul edən şəxsin əsas şəraitləri qaranlıq və boşluğa əsaslanır) və nisbilik nəzəriyyəsindən istifadə etməklə, zamanın qavrayışının şərtiliyi, insan və kollektiv şüurun miqyası müəyyən edilir. Elə bu prinsip dünyadakı təkrarlanan kütləvi prosesləri müəyyən edir. Məhz bu aspekt ilə, təkrarlanan çalarlara qarışmaqla və ya fərdi fəaliyyətin irəli gəlməsinə təkan verən fərqli, vahid yol formalaşdırmaqla, fərdi və kollektiv şüur arasında qarşıdurma baş verir.
Sərginin kulminasiya nöqtəsi, yalnız şəxsi səylər vasitəsilə gerçəkləşən xarici aləm üçün anlaşılmaz və keçilməz məkanı ifşa edən “əks diskurs” vasitəsilə əldə edilir; bu məkan isə, öz növbəsində, zamanın yeni formalarını və dəyişikliklərini törədən kollektiv şüurun strukturu üçün katalizatora çevrilir.
Aprelin 27-dək davam edəcək sərginin kuratorları Tamuna Arşba və Tata Ksovrelidir
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
POETİK QİRAƏTdə Nemət Tahirin “Söydüyünüz o mərd mənəm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Nemət Tahir görüşür.
Çəkilməyən, dözülməyən,
Dediyiniz, o dərd mənəm.
Qova-qova namərd edib,
Söydüyünüz o mərd mənəm.
Özümə də bir az yadam.
Bir az suyam, bir az odam.
Həm küləyəm, həm torpağam.
Bildiyiniz, o dörd mənəm.
Dostu yoxdur, düşməni çox,
Qarnı acdır, gözləri tox,
Kölgəsinə güvəni yox,
Yalquzağam, bozqurd mənəm.
Qan qoxuyur çiçəkləri,
Kəfənsizdir şəhidləri,
Kimsəsiz “ruhlar şəhəri”,
-Gördüyünüz o yurd mənəm.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Beşinci fəsil - nəymiş bu?
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Hardan başlayım, necə başlayım bilmirəm. Bəlkə, heç başlamamalıyam, bəlkə də, çoxdan qələmi əlimə almalıydım.
Günlərdir beynimin içində kimsə beşinci fəsil deyə pıçıldayırdı. Düşünür, düşünür, elə heey düşünürdüm..
Bilmirəm niyə gecənin üçündə oturub cızma-qara etmək istəyirəm.
Sadəcə söhbətə ehtiyacım var..
Danışa bilmədiyim hər şeyi yazmağa o qədər öyrəşmişəm ki, artıq nəinki insanlarla, özümlə belə söhbət edə, danışa bilmirəm.
Beynimdə quraşdırılan dayanmaq bilməyən sual maşını gah qəlbimi yerindən çıxacaqmışcasına sinəmdə çırpındırır, gah da ki, heç yoxmuş kimi varlığını hiss etdirmədən döyündürür. Görəsən niyə məhz 5-ci fəsil?
Təsadüfdür ya təvafüq, ayıra bilmirəm düzü. Sanki avqustun isti çağında gecənin qaranlığında yağan yağış və havaya qarışan torpaq qoxusu kiçicik bir ipucu verirdi.
Nə idi beşinci fəsil?
Bəlkə heç vaxt yaşanmayacaq olan, lakin əsla xəyal qurmaqdan bizi məhrum etməyən, yaşanması mümkün olmaz ikən belə, yaşandığını hiss etdiyin o qarmaqarışıq duyğular idi.
Bəlkə gülərkən içimizə axıtdığımız göz yaşları..
Bəlkə yağışdan sonra çıxan göyqurşağı..
Bəlkə səhraya yağan yağış.
Bəlkə qış günəşi, bəlkə payız vaxtı xəzəl yarpaqlara düşən şeh damcıları.
Kim bilir bəlkə illərini verib canına can bildiyin dostunun heç uğrunda səndən vaz keçişi idi o beşinci fəsil. Ya da, sevginin qarşılığında bir əlvidaya sığan sonsuz maviliklər arasında itib-batan xəyal qırıqlıqları idi həmən o fəsil.
Həmən fəsil ki, heç vaxt onun varlığından tam əmin olmayıb yoxluğundan ümidimizi üzmədik.
Həmən o fəsil ki, bir anda istəsə bütün xoşbəxtçiliyimizi bircə fırtınada yerlə bir edə biləcək qədər gücə sahib idi.
Beşinci fəsil~bəyazın içindəki siyah, siyahın içindəki bəyaz, gecənin zülmətindən doğan günəş, qürubun ardından çökən qaranlıq, bəzən yaz yağışı, bəzən dekabrın buludsuz masmavi səması, bəzən donan Xəzər dənizi, bəzən avqust qasırğası, bəzən isə sadəcə ağlamaqdan quruyan göz yaşlarımızın yerinə dərdlərimizi gülərək danışanda axıtdığımız söz yaşlarımız idi.
İçində bütün paradoksları 4 fəsil gizlədən beşinci fəsil qəlblərimizin ən dərinliklərində gizlənən, sadəcə rəbbimizə aşkar olan duyğuların təcəssümü, xeyirin şərə, şərin xeyirə qardaş olduğunu görməyib qəlbimizdə hiss etdiyimiz sonsuz axan şəlalə idi bəlkə də.
Ya da 1 günlük ömrünün son çırpınışları olduğundan bixəbər kəpənəyin insan qəlbinə qondurduğu xoşbəxtlik idi.
Kəpənəyin ölümü ilə intihar edən xoşbəxtlik...
Hardan bilərdim ki, qucaqlasam sıxılıb ölər deyə qorxduğum kəpənəyim sonuncu çırpınışında xoşbəxtliyimin intiharına səbəb olacaq.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Məktəb niyə qızların üzünə bağlıdır? - AKTUAL
Şahbaz Xuduoğlu yazır
“Təkərli kitab” bu dəfə Cəlilabada getdi. Astara şosesindən sağa çıxanda yol səni məşhur "Armudu stəkan" abidəsinin yanından mərkəzi meydana aparır. Yeri gəlmişkən, o çayxananın dağınıq vəziyyətdə olması təəssüf hissi doğurur.
Yollar səliqəlidir, ətrafına çiçəklər əkilib.
Mərkəzdə "5 mərtəbə" deyilən ərazidə yerli ziyalılar ilə görüşdük: Bilal Alarlı, Namiq Ağa, Əlövsət Tahirli, Ramil Əmənov, Mahir Hidayətov, İman Abdulla, Mikayıl İncəçaylı, Həmid Babaşov, Dadaş Bayramov, Azər Quluzadə və s.
Cəlilabad yazarlarının nəşr etdiyimiz kitablarından onlara hədiyyə etdik.
Hava çox istidir, meydanda qalmaq olmur. Həm də plana əsasən kəndlərə getməliyik.
....Nəhayət uzun prospektdən, narahat bir döngədən sağa ayrılırıq, getdikcə seyrələn tikililər geridə qalır. Qarşıda şumlanmış, xışlanmış, bəzi yerləri əkilmiş sahələr görünür.
Cəlilabad zibilliyində traktor işləyir. Külək bacardıqca sellofan paketlərini ətrafa yayıb.
Yolda üç yol polisindən başqa bir kimsə yox, onlar, sanki Almaniyada zavoddan yeni çıxmış Volswagenin yanında dayanıblar. "Təkərli kitab"ı hələ təpədən aşan kimi gördülər və dərhal hər üçü özünü maşının qabağına atdı. Yalnız kənd adamlarının hərəkət etdiyi bu yol, həqiqətən, onlar üçün çox darıxdırıcıdır.
Yolboyu Namiq müəllimlə söhbət edirik.
Kimya müəllimidir. Gəncədə oxuyub. Bir neçə il Yardımlının Yolacaq kəndində işləyib, sonra doğma Babalıya qayıdıb. Hələ Gəncədə oxuyanda auditoriyada tələbə qızlar tələbə oğlanlardan daha çox olub. Bu ona qəribə gəlib, çünki Cəlilabadda hər ailə qızları məktəbə buraxmır. "Mən düşündüm ki, əgər övladlarımıza təhsil vermək istəyiriksə, ilk növbədə qadınlara təhsil verməliyik, çünki kişilər işdə-gücdə olur, uşağı böyüdən qadındır. Qadın savadsız olanda uşağın təhsilinə kömək edə bilmir".
Kəndə qayıdandan sonra bir neçə qız şagirdi, çətinliklə də olsa, peşə məktəblərinə göndərmək üçün valideynlərini razı sala bilib.
Yolboyu kəndlərdən keçirik, bu kəndlərin heç birində qızlar təhsil almır. "Qızların təhsilinə, əsasən, valideynlər mane olur".
Uzaqdan Salam Sarvanın kəndini göstərir, orda da heç bir qızın təhsil almasına icazə verilmir.
Qarayar kəndi, Şiləvəngə, Abışabad, Şabanlı, Təklə kəndindən keçirik.
Bəzi kəndlərdə möhtəşəm evlər tikilib. Hamısı Rusiyada işləyənlərindir, deyir.
Babanlı kəndi Namiq müəllimin kəndidir.
Sonrakı Cəlayir kəndində maşına yanacaq doldurduq.
Kənd kişiləri yaxınlıqda kom halda yığışıblar. Deyəsən, domino oynayırlar. Onlara yaxınlaşıram. Deyirəm: "Sizə kitablar maraqlı olsaydı, maşınımızı burda saxlayardıq".
Nəhəng bir adam dəstədən ayrılıb mənə tərəf bir-iki addım atdı. Bəlkə də cəngavər cüssəli biri olmasaydı, heç bu cümləni yazmazdım. Dedi, məktəbə gedin, burdakılar kitab nədir bilməzlər.
Şənbə günü olsa da onun sözünü yerə salmadım. Əslində, başqa seçimim də yox idi.
Yolüstü heyvanlarını otaran kişi ilə də kəlmə kəsdim. Dedi, Vallah günümüz belədir, heyvanlar otlayır, biz də onlara tamaşa edirik. İşimizin adı budur.
Çəmənli, Xanəgah.
Xənəgah - bu adda kənd az qala Azərbaycanın bütün rayonlarında var.
Ardınca Pərdi, Zəhmətabad, Əsədli gəlir.
Yolda Nigara deyirəm, elə bil gecədir, hamı evinə çəkilib. Bağında, bağçasında işləyən yoxdur. Ümumiyyətlə, hərəkət yoxdur. Yaxşı ki, yamacda qoyun sürüsü otlayır, bir uşaq da yerə uzanıb. Buralarda torpaq əraziləri genişdir, adda-budda dərələr, yarğanlarda heyvanlar da gözə dəyir, amma nəsə dərin bir sükut var, havasızlıq, bezginlik və yorğunluq hiss olunur.
Şair Ülvi Aydın zəng edir. Zevin kəndində gözləyir. Profilində "Ya Hüseyn" yazılıb.
Namiq müəllimin "qızlar məktəbə buraxılmır" deməsi bizi çarəsiz bir duruma salmışdı. Yəni, necə ola bilər? Bəs bizim bu "təkərli kitab"ın mənası nədir? Övladını təhsil almağa qoymayan kitabı silahla qarşılar. Domino komundan ayrılıb mənə sarı addımlayan cəngavər kişi ağlıma gəldi. Adama elə gəlir ki, bizdə daha "qız mənimdir, məktəbə qoymuram" düşüncəsi qalmayıb, sən demə yolu, suyu, işığı olan abad kəndlərimizdə hələ də cəhalət yaşayır.
“Bir ələm olsa hamı qoşulub gedər dalınca". Nigar soruşur, nə dedin. "Heç nə, öz-özümə danışıram".
Ləkin kəndində bir qadın şəhid bulağının ətrafındakı çiçəkləri alaq edirdi. Ürəyim açıldı. O güllü donda, kəlağayıda olan qadın, sarı çiçəklərlə dolu şəkər kimi bağça. Dərhal ağlımdan keçdi, bəlkə də şəhid anasıdır. Bu bulaq oğlunun adınadır.
Və elə orda da dayandıq. Şəhid bulağı ilə üzbəüz yaşıl meydançada gənclər top oynayırdılar. Yaxınlaşıb "Təkərli kitab"a dəvət etdim. Tərəddüdlə də olsa gəldilər.
Dərhal kitabları çıxarıb maşının qarşısına düzdük. "Pulsuzdur, götürün! Zarafat etmirəm. Amma mütləq oxuyun!"
Onda istəmirəm, gənclərdən biri deyir. Sonra kitab qapaqlarını bir-birinə göstərib gülüşdülər.
Şəhid bulağının bağçasını alaq edən qadına yaxınlaşıb onu da dəvət edirəm. "Balaca uşaqlar varsa, onları da gətirin, onlar üçün kitab hədiyyələrimiz var".
Bir anda sükut pozulur, domino komu dağılır, evlərin üstündən zülmət çəkilib gedir, qanadlı mələk kimi gözəl-göyçək uşaqlar başımızın üstünü alırlar.
Qonşular da gəldi, kənddə xəbər işıqdan daha sürətlidir. Heç kəs kitabın gəldiyinə inanmır. Çəpər üstündən bir-birlərinə səslənirlər. "Kəndə kitab gəlib!" "Kəndə kitab gəlib!"
Bu layihə işə düşəndən həyəcanla gözlədiyim cümlə.
Tikinti materialları satan dükançı "dükan açıqdır, mən qaçdım", deyir. Başqa birisi "kitab götür, pulsuzdur". "Yox istəmirəm, nə edəcəm onu".
Ətrafdan hind toyuğunun səsi eşidilir. Burda, deyəsən, hər evdə hinduşka saxlayırlar.
Günəş sınıb. Biz yığışırıq. Şatırlı,
Buravar kəndləri nisbətən yamacda yerləşir. Çətinliklə serpantin yollarla irəliləyib, qamışlı dərədən keçib Telavar yüksəkliyinə tərəf qalxırıq. Maşınımız tez-tez sönür. Benzinnasosda problem yaranıb. "Bu sizi yolda qoyacaq", kəndlərin birində maşına baxan bir nəfər dedi. Bu söz ağlımdan çıxmır.
Zevin kəndi şəhidlər üçün abidə ucaldıb, qarşısında şair Ülvi Aydın gözləyir. Bəlkə də yeganə kənddir ki, beş igid şəhid verib. Burda hava soyuyub. Onun əyni tənikdir. Yaxşı ki, bu abidə var, yoxsa bu yüksəklikdə onu soyuq vurardı.
Biz hələ Çəmənlidən gələndə gözləyirdi.
"Daha gec oldu, Zevinə bir başqa vaxt gələrik". Kitabını nəşr etməyi vəd etdim.
Heyvan evə dönən vaxtdır. Hava qaralıb.
Telavar yüksəkliyindən Abidərya ocağına, Ləzran kəndinə enirik. Ərsilə, Mirimli kəndlərində yolumuza qoyun sürüləri çıxır. Üzü enişə Yardımlı-Masallı yoluna, Sırıq kəndinə çatırıq.
Daha maşının bizi yarı yolda qoymaq qorxusu yoxdur.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
.