ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

İstəkli oxucular. OXUCULARIMIZIN YARADICILIĞI rubrikasında bu gün mən Nigar sizlərə gənc qəzəl həvəskarı Təbriz Babayevin iki qəzəlini təqdim edirəm. Düşünürəm ki, onları bəyənəcəksiniz. 

 

“Eyləmişəm"

 

Sevmişəm mən səni, ey yar, nə günah eyləmişəm.

Çəkmişəm dərdini aləmdə fərah eyləmişəm.

 

Nə qədər vardı günahım, gecələr tövbə edib,

Arsız-arsız onu mən bir də sabah eyləmişəm.

 

Mürği-dil baği-gülüstanə tərəf uçmaq üçün

Sənin imanını eşq ilə cinah eyləmişəm.

 

"Bərəkallah" demişəm: atmışam addım sənə mən,

O məqam aləmi-dünyadə fəlah eyləmişəm.

 

Təqsiri-halımı nihan elədim hər kəsə, çün

Sənə bir-bir danışıb gizli izah eyləmişəm.

 

Ömrümü məclisi meyxanədə məhv eyləmişəm.

Demə, xülya imiş əslində, naxah eyləmişəm.

 

Bağladım könlümü könlündə olan sadəliyə,

Eşqimi könlünə, ey yar', nigah eyləmişəm.

 

Qorxudarmı məni düşman, ya da şeytan tələbi?

Ona imanımı hər vaxtı silah eyləmişəm.

 

Ola bilsin ki səsim aləmə, Təbriz, yayılıb,

Gecələr fəryad edib, aləmə ah eyləmişəm.

 

 

"Gəl oyanaq"

 

Sevgilim, gəl yenə əvvəlki kimi şən dolanaq,

Hamı xoşbəxt olacaqkən niyə biz qəmdə yanaq?

Bitsin artıq bu yuxu, gəl oyanaq.

 

Otur əvvəlki kimi xoş sözə başla, söz açıb,

Bizə bir faidə verməz axı yatmaq, göz açıb,

Yenə əvvəlki kimi göz-gözə hər gün dayanaq.

Bitsin artıq bu yuxu, gəl oyanaq...

 

Sıxsa, bir yol səni qəm-qüssə-kədər, dinmə qəti,

Bizi kim məsxərə eylərsə əgər, dinmə qəti!

Ayrılıqdan bizə kim söz atacaqdırsa, danaq,

Bitsin artıq bu yuxu, gəl oyanaq...

 

Elə bil sətri dolan köhnə varaqlar kimiyik,

Ya da söz dinləməyən körpə uşaqlar kimiyik.

Böyüyək gəl daha birlikdə olaq, biz calanaq.

Bitsin artıq bu yuxu, gəl oyanaq...

Yenə əvvəlki kimi göz-gözə hər gün dayanaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Elnaz İslamvəndin şeirlərini  təqdim edir.

 Köylü Qız adıyla tanınmış güneyli şairə, Elnaz İslamvənd  1983-cü ildə Təbriz  şəhərində doğulmuşdur. O, 2005-ci ildə pedaqoji fakültəsini Təbriz universitetində bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci il və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.

 
SALAM VERDİYİM GÜNƏŞ
 
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
 
Bir buxça bələdin xatirələrdən,
Olub keçənləri silib-süpürdün.
Sanki biz heç zaman tanışmamışdıq,
Sanki sən deyildin məni öpürdün.
 
Şəhərdən şəhərə boylanmadaydıq,
Mən sizin günəşə salam verərdim.
Görərdin sən orda bir ağac əkdin,
Mən burda meyvəsin əl atıb dərdim!
 
Bilirdim azanız haçağ səslənər,
Kölgənə quş belə qonsa bilərdim.
Baharı dizimə çökdürürdün sən,
Hanı mən gördüyüm? -
                            Borandı, qar, qış!
 
“Sənə gül alımmı?” dediyin gündən,
Gül nədi, başıma kül ələyirsən.
Mən gedən deyildim, özün bilirsən,
Sən məni bu yola itələyirsən.
 
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.

 

“Ədəbiyyat və incəsənət”
(19.01.2024)

Cümə, 19 Yanvar 2024 14:41

Elə bir zaman olacaq ki… - ESSE

 

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

İçimin bir sakit küncünə çəkilib özüm özümlə söhbət edərkən məni daim narahat edən xalqımızın başına gətirilən “1990-cı il qanlı 20 yanvar” faciəsiylə bağlı suallara cavab üçün fikir-xəyal ağuşuna düşdüm və bir anlıq zamanı an sürətli çalxalanmaqda olan aləmi unudaraq düşünəndə gördüm ki, qürbətdə vətəndən ötrü burnunun ucu göyüm-göyüm göynəyən adamlardan çox, vətəndə yaşayıb elindən, obasından ağızdolusu danışan, yurd məhəbbətindən  xəbərsiz, sifət cizgiləri rəngbərəng insanların qismən əhatəsindəyəm.

 

Kələfinin ucları dolaşıb düyünlənmiş, pırtlaşığının açılışı qəliz bu pərakəndə dünyamızın daş-kəsəkli, eniş-yoxuşlu, həm hamar, həm kələkötür dolaylarında yıxıla-yıxıla, dura-dura hamımız qeyri-ixtiyari zor-xoş zamanın axınına düşüb addımlayırıq. Gedirik ömür payımıza, düşən zamanın qədərindən xəbərsiz. Addımlayırıq özümüz də bilmədən tələsə-tələsə, hər birimizin bəxtənə düşən vaxtın, saatın bir sonu olduğunu bilə-bilə, alın yazısının fərqinə varmadan. Baş alıb gedirik bələkdən kəfənədək, gəlişimizdən gedişimizə qədər olan ömrümüzün qeyri-müəyyən vaxt kəsimində məchulluğa doğru. Hiss və duyğuların həzləri səbəbindən hamımız barışa, əmin-amanlığa, xoşbəxtliyə, firəvan həyat sürmək işığına hamil olmağa fokslanaraq min cür əzab-əziyyətlərdən, müxtəlif növ “zəhmət”lərdən keçə-keçə hansısa tərpəntilər, hərəkətlər sayəsində doğulmuş bugünün qucağında sabahların xətrinə yürüyürük. 

Təssüflər olsun ki, bu həzlərimizdən doğub törəyən hərəkət və tərpənişlər- sülh və əmin-amanlıq, səadət və xoşbəxtlik istəyi adı altında edilən çabalar dünyamızın bir yanında var-dövləti aşıb daşan, çil-çıraqları gözçıxaran billur saraylarda adamların kef-damaqla təmtəraql bol nemətlər içində ömür-gün keçirməklə çətinliklər üzündən səfil-sərkərdan ömür sürənlərin halına biganə yanaşaraq yaşamasına, digər o biri yandasa təlatümlər dolu, qandonduran fəlakətlərə- ətrafına od-alov püskürən müharibələrə, qan-qadalara bais olan işğallara, minlərlə uşağın acından və susuzluqdan taleyinin talanmasına, saysız-hesabsız evlərin sahibsiz qalmasına, neçə-neçə kənd və şəhərlərin, ölkələrin dağılaraq xarabaya çevrilməsinə səbəb olur. 

Bu məqamda Yəhudi əsilli nevroloq Ziqmund Freydin: “İnsan hər zaman xoşbəxt olmaq istəyir və elə buna görə də bədbəxt haldadır” kəlamında düşündüyüm suala geniş mənada cavab tapdım. İnsan xislətinin hər bir an hərəkətdə oldğu üçün Arzu edək ki, insanların bu həzz və istəklərinə səbəb  olan bütün irili-xırdalı, pisliyə, yaxud yaxşılığa yönəlik hərəkətləri bəşərin sağlamlığına, bol-bol sevinç və şadlıq içində təhlükəsiz ömür sürmələrinə xidmət etmiş olsun.

Gəlin inanaq ki, xalqımızın talyində iz buraxmış qara günlər, insanların xislətindəki pisliklər vaxt gələcək yalnız tarixin arxivini zənginləşdirəcək. Bəşər övladının istək və həzləri, nəfs və arzuları ancaq yaxşılığa köklənəcək. 

Elə bir zaman olacaq ki, insanların istək və arzularının yaxşılıq çiçəyinin ətrinin rayihəsi bütün yer üzünü bürüyəcək. Cəmi bəşəriyyət yer kürəsini xilas edəcək, pöhrələri içləri saflaşdıran səadət dolu zövqdən zövq alacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Şəhid anaları. Onlar cəmiyyətin ən ali varlıqlarıdır. Sən vətən üçün canını verən övlad yetişdirə bilirsənsə, demək, burada ən azı gen və tərbiyə səndən gəlir və bu iki faktor ətraf mühitlə, təhsillə, sosiallıqla birləşir. 

Ötən gün “Park Cinema” kinoteatrlar şəbəkəsində Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun uzaq 1944-cü ildə qələmə aldığı eyniadlı əsərin motivləri əsasında lentə alınan və şəhid analarına həsr olunmuş “Ana” filmi nümayiş olundu. 

Layihənin müəllifi Toğrul Abdullayev, rejissoru Vüsal Məmmədovdur. Filmdə Əməkdar artistlər Gülər Nəbiyeva və Firəngiz Babayeva, aktyorlar İlqar Musayev, Səyyad Məmmədov çəkiliblər.

Bəri başdan deyək ki, qəddar sovet rejiminə əyilməyən və gəncliyində “İldırım” adlı antisovet təşkilatına üzv olan ədib bu “Ana” hekayəsində də sosializm realizmi ehkamlarını alt-üst edib. Onun müharibəyə, onun gətirdiyi qan-qadaya, şəhidliyə münasibəti başqa cür olub, filmi yaradanlar da bu özəlliyi bacarıqla ekrana daşımağı bacarıblar. 

Park Cinema” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən məlumat aldıq ki, filmin nümayişindən əldə olunan bütün vəsait “YAŞAT” Fonduna köçürüləcək.

“YAŞAT” – şəhid ailələrinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanmış şəxslərin dəstəklənməsi fondudur. Bu təsisatın yaradılmasında əsas məqsəd vətəndaş cəmiyyətinin təşəbbüsləri çərçivəsində dövlət tərəfindən şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı zərər çəkmiş qazilərin sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsidir.

Sabah da 20 yanvardır, daha bir şəhidvermə günümüzdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün şəhid analarına isə səbr və dözüm versin!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “ICESCO-da İnnovasiya” mövzusuna həsr olunan Məşvərət görüşündə 3 fəaliyyət üzrə üzv dövlətlərin nümayəndələri ilə ICESCO komandası arasında fikir mübadiləsi aparılıb, yaradıcı ideyalar irəli sürülüb. Bildirilib ki, iclasın nəticələri təşkilatın qarşıdakı illər üçün fəaliyyət planlarının, xüsusilə etik liderlik, insan resurslarına sərmayə, idarəetmə və innovasiya mədəniyyəti ilə bağlı fəaliyyət planlarının hazırlanması üçün əsas rol oynayacaq, üzv ölkələr arasında əməkdaşlığın təşviq edilməsinə imkan yaradacaq.

“ICESCO-nun gələcəyini bizimlə formalaşdırın” mövzusunda keçirilən ilk tədbir iştirakçılar üçün etik liderlik, insan resurslarına investisiya, innovasiya mədəniyyəti və ağıllı xidmətlər üzrə innovativ təşəbbüslərin ideya və təkliflərini təqdim etmək imkanı olub.

“ICESCO strategiyasında innovasiya” adlanan ikinci tədbir ideyalar, məlumat mübadiləsi, potensialın yaradılması və siyasətin formalaşmasında əməkdaşlığın genişləndirilməsi üzrə təşəbbüslər üçün ideyaların yaradılmasına həsr olunub.

Üçüncü fəaliyyət isə üzv dövlətlərin ev sahibliyi edəcəyi əsas qlobal tədbirləri, xüsusən də “Riyad Expo – 2030”, UNESCO-nun Özbəkistandakı Baş Konfransı, Azərbaycanda COP29-u əhatə edib.

Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib, COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb.

Məşvərət görüşü işini müzakirə sessiyası ilə yekunlaşdırıb.

İcraiyyə Şurasının iclasında təşkilatın 2023-cü ildə fəaliyyətinə, 2022-ci il üzrə maliyyəyə və üzv ölkələr tərəfindən ICESCO-ya edilən maliyyə töhfələrinə dair hesabatlar dinlənilib, İslam Dünyasının Süni İntellekt üzrə Nizamnaməsi, təşkilatın kadrlar və maliyyə qaydaları sənədi, İcraiyyə Şurasının 45-ci sessiyasının keçiriləcəyi yerlə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib. Təşkilatın 2024–2025-ci illər üzrə Fəaliyyət Planı və büdcəsi təsdiqlənib.

Azərbaycan nümayəndəsi çıxışında tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanına, Krallığın Mədəniyyət Nazirliyinə və ICESCO-ya təşəkkürünü bildirib.

Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO-ya və üzv ölkələrə minnətdarlıq bildirilib, onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunub.

Bununla yanaşı, qarşıdakı aylarda Bakıda ICESCO-nun regional ofisinin açılış mərasiminin keçiriləcəyi də diqqətə çatdırılıb.

2024-cü ildə Bakıda ICESCO və digər beynəlxalq təşkilatların tərəfdaş olduqları 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP29) keçiriləcəyi qeyd edilib, təşkilat və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiyyəti vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün saat 19.00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində rejissor Andrey Tarkovskinin “Stalker” filmi nümayiş olunacaq.

 

Dərhal qeyd edim ki, nümayişin təşəbbüskarı YARAT Müasir İncəsənət Mərkəzidir. Film rus dilində, azərbaycanca subtitrlərlə nümayiş ediləcək. 

Təbii ki, Andrey Tarkovski dahi rejissordur və onun hər bir filminə baxmağa dəyər. 

Bəs “Yarat” “Stalker” filminin hansı səciyyəvi xüsusiyyətlərini tamaşaçılarımız üçün vacib hesab edir? 

“Stalker” filmi ilə dahi rejissor tamaşaçıları insan həyatının mənası haqqında dərin düşünməyə sövq edir. Əlbəttə ki, çoxumuz özümüzü yaşantının gündəlik standart axınına atıb niyə və nə üçün yaşadığımızın fərqinə belə varmırıq. 

Film reallıqla fantastikanın sərhəddində qərarlaşıb. Janrca elmi tantastikadır. Sirli və qadağan zonada, şayiələrə görə, ən əziz arzuların gerçəkləşdiyi bir otaq var. Tanınmış yazıçı və nüfuzlu professor bu otağa getməyə qərar verirlər – hər biri öz səbəblərinə görə, amma bu barədə danışmamağı üstün tuturlar. Onları otağa Zona üzrə bələdçi olan Stalker aparır – o ya dəli-divanədir, ya da yeni imanın elçisidir.

Film 1979-cu ildə çəkilib və olduqca maraqlıdır. 

Bir sözlə, baxmağa dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

Özümü tapa bilmirəm...


... atları çapın dördnala,

qaçmışam – çatıb gətirin,

qoymayın səhərə qala,

axşamnan tapıb gətirin,

 

Ayrılıq bir gedər-gəlməz,

hələm-hələm gedən – gəlməz!

Yamanla dünya düzəlməz,

yaxşımnan tutub gətirin.

 

Yaramadım bu ürəkdən!

Nə fərqim var kəpənəkdən?

İşığımı ya şimşəkdən,

ya şamnan tutub gətirin.

 

Köynəyi yıprandı sazın,

yolu qapandı Arazın,

yaxşı dostlar dağılmasın

başımnan-tutub gətirin!

 

Laylan hanı, gözəl anam,

doğdun ki, bu cür talanam!?

O zamannan bədgümanam

Qonşumnan – tutub gətirin!

 

dövran məni niyə sıxır?

insaf etsin, Allah baxır!

dərd o qədər; adım çıxır           

huşumnan – tutub gətirin,

 

Uçursan, çata bilmirəm,

yuxum ol, yata bilmirəm,

özümü tapa bilmirəm;

yaxamnan tutub gətirin...

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Vətəninə, cəmiyyətə fayda vermək ən gözəl arzulardandır. Bu arzuları həyata keçirən  bugünkü müsahibimiz ictimai xadim, uşaq hüquqlarının müdafiəçisi, vətənpərvər şair xanım Mərcan Şahbuzludur.

 

- Mərcan xanım, uşaq və gənclər öz hüquqlarını necə öyrənə bilərlər?

 

-Hər bir uşaq və gənc istər ailədə, istərsə də cəmiyyətdə öz hüquqlarını bilməlidir. Bunun üçün BMT- nin Uşaq Hüquqları Konvensiyasını bilmək birinci addımdır. Heç də uşaqların hamısı əla şəraitdə yaşamırlar. Bəzən uşaq və gənclər bəzi hüquqlardan məhrum olunurlar. Yəni, onların hüquqları pozulur. Ona görə də bütün vətəndaşlar uşaqların sağlam, təhlükəsiz və produktiv gələcəyi üçün çalışmalıdır.

 

- Bu gün uşaqların təhsil səviyyəsi hansı pillədədir?- 

 

-Dünyada təqribən 130 milyon məktəbyaşlı uşaq məktəbə getmir. Onların 3/2-si qız uşaqlarıdır. Bu uşaqların təhsil almaq hüququ pozulub. Hesablamalara görə, 2- ci minilliyin əvvəlində dünyada 850 milyon yəni, dünya əhalisinin 6/1 hissəsi savadsız olacaq. Bu statistika problemin böyük olduğunu göstərir. Təhsil sosial və iqtisadi inkişafın mərkəzi prinsipi və aparıcı faktorudur.

Digər başqa sahələrdə olduğu kimi    Konvensiyada uşaqların təhsil hüquqlarının təmin olunması vacib məsələ kimi qeydə alınıb. Hərbi münaqişələr  dünyanın çox yerində böyük fəlakətlərə və dağıntılara səbəb olur. Bu gün dünyadakı bir çox müharibələri buna misal göstərə bilərik. İstər Qarabağ, istər Ukranya, Qəzzada çoxlu sayda uşaqlar əziyyət çəkmişdir.

Belə vəziyyətdə UNİCEF VƏ YUNESKO tərəfindən xüsusi hazırlanmış " Edikit"  proqramı həyata keçirilir. Bu proqramın əsas məqsədi  yaranmış xaosla işləyən müəllim və şagirdlər üçün tədris vaistələri, dərsliklər, materiallar göndərməkdədir.

 

- Uşaqların maarifləndirilməsində ziyalıların rolu nədən ibarətdir?- 

 

-Məsələn, biz uşaq və gənclər təşkilatında fəaliyyət göstərərkən uşaqları müxtəlif tədbirlər vaistəsilə maarifləndirməyə, onların dünyagörüşünü artırmağa çalışırdıq. Bəzən məktəblərdə şagirdlərin iştirakı ilə tamaşalar hazırlayırdıq. Şagirdlər bu rolları məharətlə oynayırdılar. Hətta bu yaxınlarda rusdilli şagirdlərin ifasında

 " Xocalı şəhidlərinin"  xatirəsinə həsr edilmiş tədbir hazırlamışdıq. Bu dəfə də şagirdlər gözəl bacarıq nümayiş etdirdilər. Müstəqil Azərbaycanımızda da uşaqlara böyük sevgi və qayğı göstərilir.

 

- Uşaqların fikirlərinə cəmiyyətimiz tərəfindən diqqət yetirilirmi?

 

- Uşaqların fikirlərini dinləmək, hörmət etmək lazımdır. Bu prinsiplər uşaqların yaşadıqları dünyanın qurulması və formalaşması üçün vacibdir.

Son illərdə bir çox ölkələrdə uşaqlar ətrafında baş verənlərə təsir etmək imkanı qazana biliblər. Məsələn, Beliçkada uşaqlar valideynləri arasında mübahisələr və ya boşanma zamanı ifadə vermək hüququnu əldə ediblər.

Böyük Birtaniyada uşaqlara aid qərar çıxararkən hakimiyyət orqanları tərəfindən uşaqların fikir və arzuları öyrənilir.

Yaşlı nəsil bəzən uşaqları dinləmir, düşünürlər ki, uşaqlar tam fikir söyləməyə qadir deyillər. Əsla belə etmək olmaz. Yaşlı nəsil uşaqların fikir söyləmə hüquqlarının olduğunu bilib onlara q/ ciddi yanaşmamalıdır.

 

- Uşaqlara qarşı ayrı- seçkilik, q/ bərabər yanaşma hansı formalarda özünü büruzə verir?

 

- Uşaq müxtəlif səbəblər üzündən ayrı- seçkiliyə məruz qala bilər, məsələn: əlil olduğuna, küçədə yaşadığına görə, kimsəsiz olduğu üçün, eləcə də irqçilik, dini etiqad, etnik mədəniyyətə görə də ola bilər. Bizim uşaqlarımız tez- tez xarici ölkələrdə bununla qarşılaşırlar. Uşaq ayrı- seçkiliyə ən tez uğrayan təbəqələrdəndir. 

Çində məhbusların uşaqları ayrı- seçkiliyə məruz qalır. Uşaqlar günahsızdırlar, valideynlərinin günah ağırlığını daşımalı deyillər. Kimsəsiz uşaqlar küçələrdə yaşayıb hüquqlarından istifadə edə bilmirlər. Həyatın mənası təkcə dünyaya gəlmək deyil axı həyatın mənası dünyaya gələn hər bir uşağın cəmiyyətə, millətə, Vətənə layiqli övlad olmasıdır.

 

Uşaqlar haqqında yazdığım şeirin yeri göründü. 

 

Uşaqlar

Körpələr yaranıb eşq -məhəbbətdən,

Kim əl çəkə bilər bu səadətdən?

Hər evin günəşi ,ayı uşaqlar,

Hər evin neməti, payı uşaqlar.

/////

Uşaqlar parlayan gündür - gündüzdür,

Uşaqlar sabaha ümidimizdir.

Onlarsız gün çıxmaz, açılmaz səhər,

Gülməz üzümüzə.

 gələcək  günlər.

/////

Tanrı hər bir kəsin qəlb sirdaşıdır,

Uşaqlar evlərin üzük qaşıdır.

Onları tutaraq ürəkdə əziz,

Ərməğan edirik gələcəyə biz.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Yanvarın 25-də Azərbaycan Mətbuat Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəm ilə keçiriləcək görüş keçiriləcək. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyindən məlumat verilib. 

Tədbir "Kitab dünyası" qəzeti ilə tanışlıq və əlaqələrin qurulması məqsədi daşıyır. 

Xatırladaq ki, Xasiyyət Rüstəm çağdaş özbək ədəbiyyatında yeri olan şairdir, eləcə də Özbəkistan - Azərbaycan ədəbi əlaqələrinin genişlənməsində fəallıq göstərir. 

Tədbir Azərbaycan Mətbuat Şurasının Məmməd Araz küçəsi 4 ünvanında yerləşən ofisində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının sevimli qonağı hərf-hərf birləşib söz olan şair, sözlə qanadlanıb uçan bəndə, həyatı təbəssümündən oxuyan AYB- nin üzvü, Prezident Təqaüdçüsü Faiq Hüseynbəylidir.

 

1.)Xoş gördük, dəyərli Şairimiz Faiq bəy.

Əslində misralarınızdan sonsuz sayda bənzəri olmayan " sual ordusu" sıraya düzmək olardı, amma ən şanslı " 10 sualımız" liderliyi ilə yaman öyünür. Vaxt itirmədən birinci sıradakı 

"ildırımsürətilə tələsən" sualımızı Sizlə qovuşdururam.

 

Xoş gördük, axşamın xeyirli olsun,

Necəsən bu axşam?...

Salam, ay divar!..

Gəl bir az dərdləşək, şeir oxuyum,

Atam-anam divar, balam ay divar.

(Faiq Hüseynbəyli)

 

"Yolların ən mübarəki insanı özünə çatdıran yoldur."

(Əbu Turxan)

 

Dəyərli şairimiz, deyəsən, bu təxəyyülünüzdəki divar bizləri özümüzə qaytaran, uzaqlaşmağa qoymayan, sədd çəkən divardır, elə deyilmi? Bu divarın sirri nədədir?

 

- Xoş gördük, hər vaxtınız xeyirli olsun. "Söz var ki, kəsdirir başı, söz var ki, kəsər savaşı"- deyir Şah İsmayıl Xətai. Bu mənada, "divar" sözü də çoxşaxəlidi. Divar arzularla insan arasında sərhəd də ola bilər, sizin qeyd etdiyiniz kimi, insanı özünə, keçmişinə qaytaran, milli şüurundan, mənliyindən ayrılmağa qoymayan sədd də. Divarın bir üzü məhbəsdi, hansı ki, azadlığını məhdudlaşdırır, bir üzü Vətəndir, evdir, ocaqdır, hansı ki, azadlığı üçün canından-qanından keçirsən, qoruyursan, uğrunda şəhid olursan.

 

2)" Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur."

(Volter)

 

Faiq bəy, məhəbbət ən böyük gücdürmü? Elə deyilsə, söyləyin, nədir ondan güclü olan?

 

- Mənim üçün bu dünyada ən güclü nəsnə SÖZDÜR. Dini baxışlarda dünyanın yaradılışı Sözlə bərqərar olub. Sözün ucalığı Tanrının "Ol" kəliməsində gizlənir. Söz həm ehtirasdı, həm etirazdı, həm də etirafdı. Asilərin də, aşiqlərin də sirri SÖZDƏdir. Söz ayindi, duadı, alqışdı. Söz həm də küfrdü, qarşığdı. Nə qədər trafaret səslənsə də, mənim üçün müqəddəs olan SÖZDÜR. 

 

3) Ulayır səbrimi kəsən küləklər,

Torpaqdan, dənizdən küsən küləklər.

Bu yağan yağışlar, əsən küləklər,

Yar gələn yollarda tozun yorğunu. 

 

Tanrı, sirlərini açan bəndəyəm,

Mən haçan Tanrıyam, haçan bəndəyəm?

Sözlə qanadlanıb uçan bəndəyəm,

Sözün yorğunuyam, sözün yorğunu.

(Faiq Hüseynbəyli)

 

"İnsanlar yorğun, həyat tərəfindən cəzalandırılmış, ya sevgiylə, ya da sevgisizliklə şikəst olmuş." (Ç. Bukovski) 

 

Faiq bəy, şairləri nə yorur, niyə yorur?

 

- Bu sualın cavabı elə öz əksidir. Şairlər yorulmur, sadəcə yorğunluqdan şairlik doğur, şeir yaranır. Şair ömrü Sizif əzabıdır. Yorğunluq həm də çəkilən yükün göstərisidir. Yüklü şeirlər yorğunluğun məhsuludur. Şairi isə yoran həyata keçməyən arzular, yarım qalan sevgilər, bir az həyatda qərarsızlıq, haqq uğrunda mübarizə, ədalət mexanizminin işləməsi üçün çabalardır. Çünki, şairlər təkcə özlərini yaşamır, həm də cəmiyyətin qarşılaşdığı problemlərə ayna tutur. Orta əsrlərdə bir çox şairləri, dərvişləri tüfeyli həyat tərzinə görə qınayıblar. Əslində, bu yaşam özü cəmiyyətlə iqtidar arasında güzgü effekti rolunu oynayıb. 

 

4) Həyat sınıq bir şüşə,

Kim ucala, kim düşə?

Aç əlini Günəşə,

Havalar xoşdu, Faiq. 

 

Sevdiyinə ərk elə,

Sevgi nədir, görk elə...

Qəlbi doldur eşq ilə,

Bu dünya boşdu, Faiq.

(Faiq Hüseynbəyli)

 

"Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir."

(Anton Çexov) 

 

Faiq bəy,  həyatın "ərköyün uşaq", "qəddar şah", "amansız düşmən", "deyingən qoca qarı" obrazları ilə qarşılaşanda səbrinizi "qalxan" edə bilirsinizmi?

 

- Səbr Tanrının adlarından biri kimi iradəmizi təmsil edir. Həqiqəti dərk edən, ədaləti təmsil edən biri kimi şair, qeyd etdiyiniz obrazlarların qarşısında öz fəlsəfəsini ortaya qoyur. Problemlərin həlli yolunu təklif edir. Texnoloji inkişaf qarşısında ekoloqlar yüz il, min il sonra dünyada baş verəcək iqlim dəyişmələrinə qarşı bu gün necə mübarizə aparırlarsa, şairlər də dünənki, bugünkü milli şüuru sabahlara təhlükəsiz şəkildə ötürməkdə görəvli şəxslərdir. Tarixin bəzi məqamlarında şahların vəzirləri, məsləhətçiləri elə şairlər olub. Hətta bu yerdə yenə də şair Şah İsmayılın adını vurğulamaq istərdim. Qılınc və Qələm paralelliyi Dədə Qorquddan, Koroğludan, Şah İsmayıldan bu günümüzə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. "Amansız düşmən"dənsə, mehriban dostluğu, sevgini tərcih edərdim. Qocalıq məhfumunu yaşla əlaqələndirmirəm. İndi o qədər zamanədən gileyli gənclərimiz var ki... Bu bir az da sosial vəziyyət ilə bağlı olsa da, ədəbi yaşantıya çevrildiyi məqamlar da olur. 

 

5) Sizə "qismət", "əzəl", "nakam", "kədər", "qaranlıq" sözlərindən bir poetik cümlə qurmanızı xahiş etsək, təxəyyülünüzdən hansı cümlə doğular?

 

- Hər poetik sözün öz fəlsəfəsi var. Təqdim etdiyiniz sözlər uğursuz insan modelini şəkilləndirir. Şeir nə zaman güclü olur? Əlbəttə ki, yaşantı güclü olanda. Əzəldən nakam qisməti kədərli qaranlıqlar olan şairlər öz tənhalıqlarını yaşamağa məhkumdurlar. Bu da olsun verilən sözlərə uyğun bir cümləlik ifadə. 

 

6) Kəpənək əllərin bəyaz təbaşir,

Həllini tapırmı qara lövhənin?

Həyat tənlikləşir, inteqrallaşır,

Sonsuza bərabər eşq ilə yəni... 

 

Qalmışıq həyatın məngənəsində,

Həsrətin uzanır, yol dəyişirsən.

Sən ki, riyaziyyat müəllimisən,

Niyə isim kimi hal dəyişirsən? 

 

Mən səni unuda bilmirəm, amma,

O vaxtdan kodlaşıb, rəqəmləşmişəm.

Sənin həsrətinə, sənin qəminə,

Yenidən vurulub eşqə düşmüşəm. 

(Faiq Hüseynbəyli) 

 

Həsrətə don biçsəydiniz, hansı rəngdən istifadə edərdiniz və nə üçün?

 

- Həsrətin rəngi monotondu, yaşantılarla qarışdıqda rənglənir. Həsrət bir növ yaşantıların rəngli alınması üçün katalizator rolunu oynayır. Nə qədər poetikləşdirməyə çalışsaq da, hər kəs eyni cür darıxır. Gənclik illərində sevdiyi qıza qovuşmayanlar eyni həsrəti yaşayır, analar, atalar övladlarını eyni cür sevir, torpağını, xalqını sevən, soyuna-kökünə bağlı olan hər kəs vətənini eyni şəkildə sevir. Şəhid anaları eyni taleyi yaşayır. Hərdən mənə elə gəlir ki, şəhid ataları bir ailədir, biri-birinə qardaşdırlar. Həsrətin rəngi hər halda göz oxşayan deyil. Həsrətin rənginə bələnməyi kimsəyə arzu etmirəm. Həsrətin rəngi, bəlkə də, yeddi əsas rəngdən səkkizincisidir. Şeirlərdəki fikir həsrətin rəngini özü ilə gətirir. 

 

7)Xoşbəxt deyilsiznizsə belə, arzuladığınız xoşbəxtliyi artıq tapmış insan kimi davranın. Əmin olun ki, çox qısa zamanda, həqiqətən də, xoşbəxt birinə çevriləcəksiniz.

(Deyl Karnegi)

 

"Xoşbəxtlik xoşbəxt anlarla ölçülür və daimi deyil"- söyləyənlər də az deyil. Bəs Faiq Hüseynbəyli xoşbəxtliyə necə tərif verərdi?

 

- Xoşbəxtlik anlayışı ruhunun rahatlıq tapdığı zaman və məkan anlayışı ilə düzmütənasibdir. Hardansa oxumuşdum ki, həyatında səni sıxan, səni narahat edən hər nə varsa, tərk et. Tərk etməyi bacar ki, növbəti qarşılaşdığın anlar sənin xoşbəxtliyin ola bilər. 

 

8) Bir ümid ver mənə,

Gözlərimin işığı,

Bu qaranlıq dünyanı

nura qərq edim.

Bir ümid ver mənə,

Arxasınca ölümə gedim.

Bir ümid ver,

Qüssədən-qəmdən uzaq.

Əllərimdən tutsun,

Yeni tale yazaq.

Bir ümid ver,

Sonda könlü qırılmasın,

Gözləri dolmasın...

Acı olsun zəhər kimi,

Yeməli olmasın.

Bir ümid ver ki,

möhkəmliyi dəmir kimi.

Gündüzləri parlaq,

Gecələri kömür kimi.

Yansın öz atəşiylə,

Alışsın söz oduyla,

Yansın söz atəşiylə.

Oynasın xəyallarımın günəşiylə.

(Faiq Hüseynbəyli) 

 

Faiq bəy, bəs ümidi yaşadan, onu ayaqda saxlayan nədir?

 

- Ümidi yaşadan xatirələrdir. Gələcəyi istiqamətləndirən keçmişdir. A nöqtəsindən B nöqtəsinə qədər olan məsafədə ümidlərinin gerçək olacağını fərz etməklə öz isbatını ortaya qoya bilərsən. Ümid bir işıqdır. İşıq isə özündən sonra zamanı və məkanı qaranlıqda qoyur, deyə düşünürük. Əslində, işıq sadəcə qaranlığın içindən keçir, müəyyən zaman və məkan kəsiyində onu aydınladır. 

 

9) Sədaqət sadəcə, güclü ruhların cəsarət  edə biləcəyi bir seçimdir.

(Paulo Koelo)

 

Dəyərli Faiq bəy, cəsarətli ruh daha nələrə qadirdir?

 

- Cəsarətli ruh bir az öncə qeyd etdiyimiz xoşbəxtlik məhfumundan təcrid olunmaqla mükafatlandırılır. Cəsarət etməyə çalışırsansa, demək, haqqındır, amma sənin deyil, sahiblənməyə çalışırsan, mübarizə aparırsan, əldə etmək üçün çaba göstərirsən. Sonunda istəyinə nail olsan da, o deyil. Cəsarətli olmaq, istəyinə nail olmaq, mübarizə yoludu. Mübarizə yolunun sonunda qalibiyyət varsa, rahatlıq var, həzz var. Amma bu yolda itirdiklərin qazandıqlarından çox olur. 

 

10) Deyirəm, dünyanı tərs çevirəsən,

Quşlarla balıqlar verə baş- başa.

Buludlar saxlaya dağların yükün,

Çaşdıra Allahı bu tərs tamaşa. 

 

O da əsəbləşə, coşa, kükrəyə,

Əfv edə, çəkməyə sözü dərinə,

Deyə, kim tərsinə çevirib rəsmi?

Fırladıb yenidən asa yerinə.

(Faiq Hüseynbəyli) 

 

Faiq bəy, yalanla doğrunun yerini 

"1  GÜNLÜK" dəyişsək, yalan doğrunun nə çəkdiyini anlayarmı?

 

- Doğru Tanrı, yalan isə şeytandır. Tanrıyla şeytanın yerini dəyişmək absurddur. Nizam pozular. Şeytanın Tanrılaşdığı yerlərdə insan kimi yaşamaq olmaz. Əlavə olaraq, elin dediyi kimi, yalanın ömrü qırx gündür. Qırx birinci gün hər şey öz ampulasında olacaq. Doğru nə çəkirsə, çəksin, vicdanı rahatdır. Gerçəkliyi isə heç nə dəyişə bilməz. 

 

-Dəyərli Şairimiz, rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün minnətdarıq, Sizə həyat və yaradıcılığınızda uğurlar arzulayırıq.

Sonda isə ənənəvi sualımızı verirəm: Hansı sualımızı daha çox bəyəndiniz?

 

- Bütün suallara daxili narahatlığı əks etdirən ruh hakim idi. Həyatda fərq qoymağa çalışmıram. Əgər mütləq bəyəndiyim vardırsa, bəyənmədiyim də vardır, demək. Bu mənə görə yanlışdır. Yaşamaq eşqdir, sevgidir. Sevgidə eqo olmamalıdır. Eqonu məhv etməlisən ki, onun üzərində dayanasan. Eqonun köləsi olmaq uduzmaqdır. Seçim Tanrınındır. Mən isə sadə bir insanam.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.