ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bir vaxtlar mətbuatda senzor, televiziyalarda, kinostudiya və teatrlarda bədii şuralar var idi, hər cılız işlər üzə çıxmazdı. İndilərdə bu ənənə bilavasitə olmasa da, dolayı yolla geri qayıtmaqdadır və bu da mədəniyyət nümunələrinin keyfiyyətinə dəlalət edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirlik yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.

Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirir.

Yanvarın 18-də Ekspert şurasının ilk iclası təşkil olunub. Qeyd edilib ki, repertuar üçün təqdim olunan layihələr müvafiq teatrların fəaliyyət istiqamətlərinə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına uyğun olmaqla yanaşı, sahə üzrə qabaqcıl təcrübəyə əsaslanmalı, keyfiyyət amilinə diqqət yetirilməlidir. Layihələrin rejissor həllinin, rəssam şərhinin müasir dövrün tələblərinə cavab verməsi önəmli məsələdir. Repertuar seçimi zamanı Azərbaycan dilinin, mədəni dəyərlərimizin qorunması, inkişafı və zənginləşdirilməsi, cəmiyyətin bədii-estetik zövqünün formalaşdırılması, xüsusilə gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi kimi məqamlar nəzərə alınmalıdır.

İclasda, həmçinin bildirilib ki, layihələr hazırlanarkən ideyanın düzgün əsaslandırılması, məqsəd və vəzifələrinin aydınlığı, habelə mövzusunun aktuallığı və mədəniyyətin inkişafı ilə bağlı prioritet istiqamətlərə uyğunluğu diqqət göstərilməli məqamlardır.

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılan Ekspert şurasına Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov rəhbərlik edir. Şurada Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, Əli Əmirlinin də yer aldığı doqquz nəfər üzv təmsil olunur, həmçinin ekspertlərin sırasında sosioloq, psixoloq və teatr rəssamları da yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

 

Bu gün Qanlı Yanvar faciəsinin 34-cü ildönümü tamam olur. Hər il xalqımız bu günü həm böyük qürur, həm də ürəkağrısı ilə qeyd edir. Ötən bir qərinədə 20 Yanvar gecəsinin ruhunu yaşadan bir çox sənət əsərləri yaradılıb. 

 

Qanlı Yanvar gecəsinin müdhiş əhvalını əks etdirən filmlərimiz, rəsm, musiqi, bədii əsərlərimiz, heykəltaraşlıq nümunələrimiz bizi həmin gecənin real mənzərələri ilə yenidən görüşdürür. Bu sənət əsərləri əsl tarixdir, xalqın, millətin azadlıq uğrunda mübarizə salnaməsidir.

Qanlı Yanvar faciəsinin ədəbiyyat və incəsənət əsərlərində əks olunan bəzi nümunələrinə nəzər yetirək. 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

Şəhidlərin ölməzliyi bədii ədəbiyyatda

20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatında istər nəsrdə, istərsə də poeziyada zaman keçdikcə daha dolğun görünür. O müdhiş şənbə gecəsində dinc əhalini, günahsız insanları qanına qəltan edənlər, eləcə də bu qırğına “fərman” verənlər nifrətlə xatırlanır.

O müdhiş şənbə gecəsinin reallıqları görkəmli yazıçı və şairlərimizin - Anarın, Elçinin, Çingiz Abdullayevin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin, Nəbi Xəzrinin, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Mədinə Gülgünün, Məmməd Aslanın, Tofiq Mütəllibovun, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin və digər vətənpərvər söz və qələm sahiblərinin elegiyalarında, etiraz ruhlu şeirlərində və publisistik əsərlərində öz əksini tapıb. Bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya çatdırıblar. Xalq şairi Qabilin “Mərsiyə”si, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” adlı şeiri, Rafiq Səməndərin “Şəhidlər” kitabı işıq üzü görüb. Ədiblərimiz 20 Yanvar faciəsini əsərlərində olduqca dolğun və böyük bədii dillə təsvir ediblər. Xalqımızın başına gətirilən bu müsibətin gələcək nəsillər tərəfindən unudulmamasında, yaddan çıxarılmamasında bu əsərlərin böyük rolu var.

Ötən illərdə işıq üzü görən bir çox bədii və araşdırma yazılarda da 20 Yanvar faciəsinin mahiyyətindən bəhs olunub. Azərbaycan Milli Kitabxanasına son illərdə Azərbaycan və rus dillərində qanlı Yanvar hadisələri ilə bağlı onlarca nəşr təqdim edilib. Yazıçı Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix: 20 Yanvar faciəsi haqqında”, Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Məzahir Süleymanzadənin “20 Yanvar: güllələnmiş qəzet”, Mədinə Qasımovanın “Ağla, qərənfil, ağla” və “İ mertvıe pobejdayut” (“Ölülər də qalib gəlir”), Şəmkir Təhməzlinin “1990-cı il Qanlı Yanvar izləri” və faciədən bəhs edən digər əsərlər kitabxananın fondunda yer alıb. Filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova 20 Yanvar hadisələri zamanı şəhid olan gənc şair Ülvi Bünyadzadənin ədəbi irsinə “Ön söz” və şərhlər yazaraq nəşr etdirib. Yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar hadisələrindən bəhs edən “Mənim ağ göyərçinim” tamaşası 1999-cu ildən müxtəlif teatrlarda səhnələşdirilib. Qanlı Yanvar gecəsindən bəhs edən bu əsərlərin ideya qayəsinin kökündə o dayanır ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı mütləq bilməli və unutmamalıdır.

Bu bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini vəsf edən obrazlar yaradılıb. 20 Yanvar faciəsinin qan izləri, qurumayan göz yaşları ədəbiyyatımızda daim öz aktuallığını qoruyub və qoruyacaqdır. Çünki bu, günahsız, əliyalın insanlara qarşı törədilmiş faciədir.

20 Yanvar hadisələri sənədli ekran əsərlərində

Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin daha çox müraciət etdiyi mövzulardandır. Elə hadisələrin baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. Müxtəlif illərdə lentə alınan “Azadlığa gedən yollar”, “Qəsd”, “Matəm”, “Şəhidlərdən şəhidlərə”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Şəhidlik zirvəsi”, “Cənubda Şimal küləyi” və digər sənədli film nümunələri 20 Yanvar faciəsinin ağrılarını yaşadan sənədli kino əsərləridir. “Salnamə” sənədli filmlər studiyasında çəkilən bu ekran əsərlərində o dövrün real mənzərəsini görmək və dəyərləndirmək mümkündür. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilmiş kifayət qədər ekran əsəri istehsal olunub.

Yeri gəlmişkən deməliyik ki, “Azadlığa gedən yollar” sənədli filmində 20 Yanvar faciəsi süjet xəttinin əsasını təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar. Hərbi vətənpərvərlik mövzusunda çəkilmiş “Mən evə qayıdıram” bədii filmi ötən əsrin 90-cı illərinin real hadisələrini əks etdirir. Film Azərbaycanın hərbi təyyarəçilərinin qəhrəmanlıq hekayətindən bəhs edir.

Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi də faciənin real hadisələri əsasında lentə alınmışdır. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorları çəkilmişlər. Film dünyanın bir çox ölkələrinin ekranlarında göstərilib.

Qeyd edək ki, son illər “Salnamə” studiyada vətənpərvərlik mövzusunda yeni filmlər ərsəyə gətirilib. Bu filmlərdə 1988-ci ildən bəri ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələr fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla kinolentin yaddaşına köçürülüb.

Bir məqamı da xüsusi vurğulamalıyıq ki, 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də hər il “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir.

Azərbaycan musiqisinin Qanlı Yanvar səhifəsi

20 Yanvar faciəsi daha çox musiqidə ifadə olundu. Bəstəkarlarımız 20 Yanvar faciəsinə həsr olunmuş 100-dən çox əsər yaradıblar. Hələ 1990-cı ildə görkəmli bəstəkar Cövdət Hacıyev “Şəhidlər” simfoniyasını bəstələdi. “Şəhidlər” adlı başqa bir simfoniyanın müəllifi isə bəstəkar Oqtay Kazımi oldu. Bəstəkar Hacı Xanməmmədov 1990-cı ildə Əzizə Cəfərzadənin sözlərinə solist və xalq çalğı alətləri orkestri üçün bəstələdiyi “Əlimdə sazım ağlar” əsərini 20 Yanvar şəhidlərinə ithaf etdi. Azər Rzayevin “Bakı-90” simfoniyası, Tofiq Bakıxanovun “Humayun” simfonik muğamı, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil”, “Haqq səninlədir”, “Azərbaycan” vokal-simfonik poemaları, Mobil Babayevin “Ağlama, torpağım, ağlama” kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün “Qətl günü”, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsi, Məmməd Quliyevin xor və orkestr üçün, Faiq Sücəddinovun fortepiano üçün, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik “Vətən şəhidlərinə”, Cavanşir Quliyevin xor üçün “Şəhidlər”, Arif Mirzəyevin orqan üçün “Yanvar mərsiyələri”, Aqşin Əlizadənin “Ana torpaq” odası, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Qəm karvanı” oratoriyaları və başqa qəhrəmanlıq, mübarizlik ruhunda yazılmış əsərlərdə xalqımızın başına gətirilən müsibətlər, şəhidlərimizin ruhuna ehtiram ifadə olundu.

Həmçinin bəstəkar İlham Quliyev “İlham və Fərizə” operasını bəstələdi. Azər Dadaşov “20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniya, Faiq Nağıyev rejissor Xamis Muradovun real faktlara əsasən lentə aldığı “Şəhidlərdən-şəhidlərə” sənədli filminə musiqi yazdı. Xalqımızın qanlı hadisələrdə yaşadığı kədəri, hüznü bəstəkarlar Fuad Cavadov “Qara Yanvar”, Azad Zahid “Mədhiyyə” əsərlərində əks etdirdilər. 20 Yanvar faciəsi və şəhidlərə həsr olunan musiqi əsərləri arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər” operası, Oqtay Rəcəbovun “Çingiz” oratoriyası, Zabitə Məmmədovanın solist, xor və orkestr üçün “Elegiya”sı da diqqəti cəlb edir.

Qanlı Yanvar faciəsinə irihəcmli musiqi əsərləri ilə yanaşı, mahnı və romanslar da həsr olundu. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə “Şəhidlər ağısı” mahnısını yazdı.

Vasif Adıgözəlov 1991-ci ildə Fikrət Qocanın “Bir şərqi de” şeirinə musiqi bəstələdi. Oqtay Rəcəbov Məmməd İsmayılın sözlərinə “Qana dönən qərənfillər”, Mehriban Əhmədova Məmməd Arazın sözlərinə “Ana millət, ata millət, ağlama”, Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə “Mənim şəhid bacım, şəhid qardaşım” mahnılarını yazdılar. İlham Abdullayevin Dönməzin sözlərinə yazdığı “20 Yanvar”, Ruhəngiz Qasımovanın “Şəhid oğullara” mahnıları da xalqımızın Qara Yanvar dərdinə haray çəkdi.

Bəstəkarların müraciət etdikləri janr və üslublar müxtəlif olsa da, bu əsərlərin mövzusu və mahiyyəti birdir. Eyni olan həm də həmin əsərlərdə ifadə olunan duyğu və düşüncələrdir. Bəstəkarlarımız 20 Yanvar hadisələrinə münasibəti, hüzn və qüruru musiqinin dili ilə çatdırdılar. Həmçinin onlar əsərlərində şanlı tariximizdən dərs almağı, vətəni sevməyi təbliğ etdilər.

Yalnız ümumxalq kədəri deyil, həm də haqq yolundan dönməzlik, mübarizlik, yenilməzlik əks edilən bu əsərlər musiqi kollektivlərinin, orkestrlərin ifasında xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilir, 20 Yanvarda Azərbaycan xalqının başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılır. Bu əsərlər həm də bir xalqın ölməz ruhunun ifadəsi oldu.

20 Yanvar faciəsi rənglərin işığında

Azərbaycan təsviri sənət ustaları 1990-cı ilin 20 Yanvarında yaşanan faciəyə biganə qalmamış və ötən illər ərzində bu mövzuda yaddaqalan təsviri və tətbiqi sənət əsərləri yaradıblar. Bu mövzuda yaradılan rəsm əsərlərində təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhunun nümayişi əsas motivləri təşkil edir.

Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğurulan “Nakamların dəfni” əsərinə tamaşa etdikcə, həqiqətən, öz xalqının qəhrəmanlığından qürur duyursan. Xalq rəssamı Kamil Nəcəfzadənin “20 Yanvar” rəngkarlıq tablosunu isə bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar. Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun “Bakıda 20 Yanvar faciəsi” tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından duyulası əhəmiyyət kəsb edir. Tanınmış fırça ustası Sara Manafovanın çəkdiyi “Qara güllər” əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür. Əməkdar incəsənət xadimi Eyyub Məmmədov isə şahidi olduğu qanlı olaylara bədii münasibətini “Qanlı şənbə günü”, “Komendant saatı” və “Hədəf” tablolarından ibarət “Yanvar hadisələri” adlı triptixində ifadə etmişdir.

İstedadlı rəngkarlar Eyzam Şıxəliyev “Faciə”, İlham Ənvəroğlu “Xeyir və Şər” əsərində Yanvar gecəsinin ağrılarını yaddaqalan bədii boyalarla təsvir ediblər. Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi “Fəryad” əsərində bir neçə butanın ifadəli forması ilə faciənin yaşantıları şərti-rəmzi həllini tapıb.

Arif Həsənov və Etibar Aslanovun kompüter qrafikası nümunələrində də 20 Yanvar faciəsinə rənglərin və cizgilərin vəhdətindən yaranan münasibət yaddaqalandır.

Tətbiqi sənət ustalarından Fəxrəddin Əliyevin iriölçülü “20 yanvar” xalçası, Adil Şıxəliyevin “Qara Yanvar” qobeleni, Rauf Əbdülhüseynoğlunun “Faciə gecəsi” haqqında söz açdığımız mövzunun dekorativ-şərti ifadəsi baxımından diqqət çəkir.

Heykəltaraşlıq sahəsində ilk nümunə elə faciənin baş verdiyi ildə Gəncə şəhərində yaradılıb. Onun müəllifi tanınmış tişə ustası Səid Rüstəmdir. Üçhissəli heykəltaraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş Qanlı hadisənin ittihamedici obrazlı-şərti həlli tapılmışdır.

Faciədə həlak olanların xatirəsinə ucaldılmış ümumiləşdirilmiş abidə isə paytaxtın “20 Yanvar” meydanında yerləşir. Bu əsərdə şənbə gecəsi törədilən qanlı cinayətə qarşı dinc əhalinin etirazı yaddaqalan plastik tutumda ifadə olunub. Çoxfiqurlu tunc kompozisiyanın müəllifləri Azad Əliyev və Cavanşir Dadaşovdur.

Əməkdar rəssam Arif Qazıyevin “Fəryad” və “Şəhid anası”, Xalq Rəssamı Fuad Salayevin “Qıl körpüsü”, Məmməd Rəşidovun “Daşın göz yaşları” və s. heykəltaraşlıq nümunələrində də faciəyə tutulan plastik güzgü cəlbedici və yaddaqalandır.

Yeri gəlmişkən qeyd edək ki, hazırda ölkəmizdə elə bir muzey, elə bir kitabxana yoxdur ki, orada xalqımızın qanlı yaddaşına çevrilmiş 20 Yanvar faciəsi ilə bağlı əsərlər toplanmasın. Bu faciənın bədii təcəssümünə çevrilmiş belə əsərlərlə təkcə anım günlərində deyil, hər zaman tanış olmaq mümkündür.

Bütün bunlar bir daha onu göstərir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsi qurbanlarının o qanlı gecədə nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq. Vətən yolunda, el yolunda şəhid olanlar heç vaxt unudulmurlar və onların xatirəsi nəsillər dəyişsə də, ürəklərdə əbədi yaşayacaqdır.

 

(Material hazırlanarkən AzərTAC-ın məlumatlarından istifadə olunmuşdur)

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2024)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edəcəyik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Kahı məzəsinin reseptini təqdim edəcəyik. 

 

LAZIM OLAN ƏRZAQ:

Kahı – 158 qr

Nanə – 50 qr

Abqora – 10 qr

Üzüm sirkəsi – 10 qr

Şəkər tozu – 5 qr

 

HAZIRLANMASI:

Irəvanda kahı məzəsi işkəncəbi ilə yeyilir. Abqora və üzüm sirkəsinə qənd atılır. Içərisinə 1:1 nisbətində yaşıl nanə (quru halda da istifadə oluna bilər) əlavə olunur və qatılaşanadək qaynadılır. Sonra şüşə qaba tökülür, ağzı möhkəm bağlanır. 1:2 nisbətində su ilə açılır (durulaşdırılır), istifadə edilir.

 

P.S.Mövsümə görə məzələrin tərkibləri dəyişə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Yanvarın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tamaşa nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
Uşaqlar üçün nəzərdə tutulan tamaşada əsas rolları Elnur Hüseynov, Günel Məmmədova və Kərəm Hadı-zadə ifa edəcək.
Səhnə əsəri dörd əkizin Bonka adlı qıza vurulması və sonradan baş verən əhvalatlardan bəhs edir. Əsərin qayəsini sədaqət, zəhmətsevərlik və düzlük təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

 

Poetik Qiraətdə bu gün sizlərə şair Tahir Talıblının bir şeirini təqdim edirik. Zəmanədən giley poeziyanın həmişə əsas mövzusu olub. Amma bu mövzuda həmişə dərin qatlarda bir didaktika gizlənib. 

 

Bitili qara daşıydım 

Çox yurddan-yurda daşındım

Qəriblik çəkdim aşındım

Yenə də üzü daş qaldım.

 

Bu dünya sərxoş dünyadı

İşi tamam boş dünyadı

Gördüm ki, çaş-baş dünyadı

Mən özüm də çaş-baş qaldım.

 

Yeyir kimi, yemir kimi

Nə gözləyir demir kimi

Bir ot basmış qəbir kimi

Söküldüm, içi boş qaldım.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Tarixdə bəzi günlər vardır, üzərindən uzun illər keçməsinə baxmayaraq, hər ilin həmin günü hamı bir qayda olaraq hər şeyi bir kənara qoyur. Həyatının bütün izdihamından qaçıb o günə qayıdır.

Necə bir ad verim bu günə,  bilmirəm, ehtiram günü, xatırlamaq, anmaq günü, ya da görüş, bəli zamanın fövqündə bir görüş günü...

 

Hamı görüşə tələsir o gün üşüyən əllərində isitdiyi qucaq dolusu ehtiram çiçəyi hədiyyəsiylə...

Ehtiram çiçəklərinin yanında həm də kimi öz göz yaşlarını, kimi də çiynlərindəki yükün ağırlığını aparır.

Nəhayət hamı görüş yerinə gəlib çatır, hər üzdə bir həyəcan, hər üzdə bir başı dik, alnı açıq hüzn duyulur.

Sükutla silahlanmış qələbəlik səbirsizliklə onları gözləyən soydaşlarının qarşısına keçir, baxışlar toqqoşur...

Kimi öpüb oxşayır, kimi özündən, həyatından danışır, kimi dərdləşir, kimi xəyal qanadlarında xatirələrə pərvazlanır, kimi də sadəcə sükutu bağrına basıb baş daşının qarşısında özü də bir daşa çevrilir.

Qar dənələri bəyaz kəpənəklərtək uçuşub qırmızı qərənfillərin üzərinə qonur...

Elə günü sabah təqvimimizdə o görüş günlərindən biridir və bilirəm ki, hamı qəlbinin dərinliklərində intizarla sabahkı görüşə tələsir... 

 

Qış uyuda bilmir bu soyuq qəmi,

Donub başdaşıtək bir dərdli Ana,

Didilmiş gəlinlik paltarı kimi

Qar yağır şəhidlər xiyabanına 

 

Yorğun əsgərlərin yuxusu dərin,

Son sözü " bir içim sərin su verin !"

Örtür yarasını qar şəhidlərin,

Qar yağır şəhidlər xiyabanına 

 

Burda ağlayan kim, burda susan kim

Bizlərdən məhəbbət umub küsən kim

Dən düşür torpağın saçına sanki,

Qar yağır şəhidlər xiyabanına 

(Nüsrət Kəsəmənli)

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Əziz oxucularım, bu xəbəri tələsik paylaşıb tamaşaya qaçıram. 

Bu gün, saat 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı səhnə əsəri nümayiş olunacaq.

Biletlər 7 manatdan başlayır, vallah çox əlçatandır. 

 

Təbii ki, mövzunun kimdən getdiyi elə tamaşanın adından bəllidir, tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı, görkəmli şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.

Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar iştirak edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Statistikaya görə Azərbaycanda orta insan ömrü təxminən səksən ildir. Nə qədər uzunömürlü olsa da, hələ heç kim Şirəli babadan çox yaşamayıb. Bəli, ad günləri insan ömründə çox olmur- 80, 90, lap elə olsun 100 və ya 150. Dilimizdə belə bir müdrik deyim də var- Xeyir və şər qardaşdırlar. 20 yanvar ümummilli matəm günü olsa da, hər ilin bu günündə dünyaya gələn insanlar az olmayıb. Onlardan biri də yazıçı Yeganə Kərimzadədir.

 

Deyir ki,- “Mən daşları sevirəm. Daşlar haradasa azıb qalan yaddaşdı mənim üçün. Həm də bu bugünkü düşüncəm. Amma zaman vardı ki, mənim və dostlarımın oynamağa oyuncaqları yox idi. Bizim kimi uşaqlar oyunlarımızı daşlarla, yollardan yığdığımız şüşələrlə oynardıq. Onda bizim indiki kimi kompüterlərimiz, dəbdəbəli gəlinciklərimiz, hörümçək adamlarımız yox idi. Həyat bizim üçün küçədə, torpaq üstə, daşların arasında daha mənalıydı. O vaxt “beşdaş” bütün uşaqların sevdiyi bir oyun idi, amma mənə o “beşdaş” oyununa gedən yol daha maraqlı gəlirdi. Düşünürdüm ki, o yolu necə gedim ki, fərqli və düşündürücü olsun. Necə ana dünyaya övlad gətirirsə, eləcə də torpaq dünyaya daşları gətirir. Bax məni həmişə bu fikir düşündürürdü. Atam bir dəfə məni Qərbi Azərbaycana - Vediyə aparmışdı, mənə ermənilərin etdiyi vəhşiliklərdən danışırdı. Mən də çay daşlarını yığırdım. Amma atamdan sonra aparıb hamısını qəbristanlıqda basdırdım...”

Səmimi, həlim xasiyyətli xanımdır. Yazıb yaratmaq, bildiklərini, istedaddan qaynaqlanan düşüncələrini yazıya çevirmək onun həyat kredosudur. On yeddi yaşı olanda “Mozalan” satirik jurnalı üçün ssenari yazırdı. Hətta o vaxt Moskvadan “Yunost” jurnalından gəlib onun şəklini də çəkiblər. Onlara bu yaşda yeniyetmənin ssenari yazması çox maraqlı gəlibmiş. On yeddi yaşında AzTV-də sərbəst verilişlər hazırlayan bu qızın istedadı hamını heyran etmişdi.

“Mən həmişə istəmişəm ki, Fərman Kərimzadənin qızı kimi yox, özüm olaraq, Yeganə Kərmzadə olaraq tanınım. Amma elə bil həmişə atamın adının kölgəsində qalmışam. Bu hər zaman qəlbimdə yığılıb qalan sözlərdir. Amma mənim də uğurlarım az olmayıb. Gənc yaşlarında xarici ölkələrdə hekayələrim çap olunub və indi də yaradıcılığıma davam edirəm.”- söyləyir.

Atası Fərman Kərimzadə Azərbaycanın məşhur yazıçılarından biri olub. Əsərləri əldən ələ gəzib, geniş oxucu aiditoriyası qazanıb. Xalq tərəfindən sevilib, heyranları çox olub. “Sonuncu eksponat”, “Ömrümüz-günümüz”, “Heykəl dilə gəlir”, “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu”, “Qoca qartalın ölümü” kimi kitabları özündən sonra yadigar qalıb...

Deyir ki,- “Ailədə üç bacı, bir qardaş olmuşuq. Mənə qədər iki qız da dünyaya gəlib, amma onlar vəfat ediblər. Evin böyük övladı mənəm. Ailəmizin elə də böyük tələbatı olmayıb. Sadə həyat tərzi sürmüşük. Maşınımız vardı. Rəngi göy olduğundan atam ona "göy at" deyirdi. Kinostudiyanın binasında yaşayırdıq. Rəhmətlik Adil İsgəndərov o evi atama vermişdi. Atam bizi respublikanın hər yerinə aparırdı. Siqnal səsi eşidən kimi eyvana cumurduq. Yuxarı qalxmağa da hövsələsi çatmırdı. Deyirdi, əyin-baş götürün, geyinin, düşün aşağı. Hara gedəcəyimizi bilmirdik. Az qala Azərbaycanın hər rayonunda döyməyə qapısı vardı. Öz evi kimi idi döydüyü qapıların hamısı. Raykom katibləri, vəzifəli adamlar başına and içirdilər, amma onun dostları daha çox sadə adamlar idi. Bizi Şuşanı, Laçını, Kəlbəcəri qarış-qarış gəzdirib. Cənub zonası, Şimal zonası, Şəki-Qəbələ tərəflər. Azərbaycanın dörd tərəfi cənnətdir, harada gözəl təbiət, saf sulu bulaq, təmiz dağ havası vardısa, maqnit kimi çəkirdi onu özünə. Gəlişi toy-bayram olurdu dostları üçün. Quzular kəsilirdi, süfrə açılırdı. Belə şeyləri götürmürdü, heyvan kəsiləndə gözləri dolurdu, amma kimə deyirsən, adamlar bilmirdilər necə dursunlar onun qulluğunda. Ailədə çox mehriban idi, üstümüzə acıqlandığını xatırlamıram. Özü də səfərlərə çox çıxırdı. Mütləq bizə nəsə hədiyyə gətirməliydi. Paltar, suvenir, oyuncaq və s.. Ayaqqabı həvəskarı olduğum üçün çalışırdı mənə çoxlu ayaqqabı alsın. Bir də görürdün qripə yoluxurduq, qızdırmamız qalxırdı. Özünə yer tapa bilmirdi. Tez nəsə bir hədiyyə alıb başımızı qatmaq istəyirdi. Saçları tez ağarmışdı, qar kimi idi, amma uşaq kimi saf, insanlara inanan, onları sevən biri idi atam. Övladlar arasında heç vaxt ayrı-seçkilik salmazdı. Dördümüzü də eyni məhəbbətlə sevirdi...”

Dilimizin saflaşmadığı, əksinə gün-gündən bərbad hala düşməsi onu çox kədərləndirir. Düşünür ki, dilimiz yad sözlərlə dolduqca dolur. Müstəqillik həyatımıza hər mənada daxil olsa da, amma dilimiz inkişaf etmək əvəzinə kirlənir...

Həyatını televiziyasız təsəvvür etmir.

“Özüm televiziya jurnalisti olmuşam. Hər bir veriliş üçün günlərlə çəkilən əziyyət, o iş üçün sərf olunan hazırlıq prosesi var. Televiziyanın məsuliyyəti böyükdü, ona elə-belə yanaşmaq olmaz. Səhv informasiya, səhv söz və ya bir yazını görən milyonlarla insan qarşısında məsuliyyət daşıyırsan. Bu gün televiziyada problem varsa, bu, birbaşa orada işinə barmaqarası yanaşan qeyri-peşəkarların günahıdır ki, çox insan bu gün televiziyadan küsüb. İtirən yenə televiziya olur. O, tamaşaçısını itirir. Ona görə də rəqabət xatirinə peşəkarlarla işləmək vacibdir. Televiziya ekranı böyük gücə malikdi. Oradan deyilən söz güllədən betərdir. Oradan deyilən sözə cavab yox, reaksiya verə bilərsən. Yəni təsir gücü böyükdür. Milli mədəniyyətdən uzaq düşüb kimsə kimliyini bilmək istəmirsə, onu bilməyəcək də. Milli təfəkkür, milli adət-ənənə və mədəniyyətimiz efirlə dəyişə bilməz, çünki dediklərimiz şəxsiyyətimizə kodlanıb, zamanla üzə çıxır. Demirəm ki, başqa mədəniyyətlərlə maraqlanmayaq, onları da izləmək vacibdir, ən azı dünyagörüşü baxımından, amma bütün hallarda milli olmalısan ki, özün olasan.”- söyləyir.

Doğrudur, bu gün mən sizə Yeganə xanımın yaradıcılığından söhbət açmadım. Çalışdım ki, daha çox onun ömür yoluna işıq tutum, bildiklərimi sizinlə bölüşüm. O ki qaldı yaradıcılığına, həmkarları danışsalar daha yaxşı olar...

Bəli, xeyir-şər qardaşdır. Nə qədər ağrı-acısını çəksək də 20 yanvar tarixi həm də Yeganə xanımın növbəti ad günüdür Onu indidən təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”
(19.01.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Olduqca mükəmməl xanımdr. Onu nəiləsə təəccübləndirmək elə də asan deyil. Çox ölkələrə səfər edib, çox xalqların mədəniyyəti ilə yaxından tanış olub. Onun üçün insanlarda ən gözəl xüsusiyyət mərhəmət, ən nifrət etdiyi isə, yalandır. Peşəsini çox sevir, amma söyləyir ki, rəssamlığı da bacarsaydı daha xoşbəxt olardı. Bəzi düşündüklərini sözə çevirə bilmədiyini, çox bəyəndiyi pis cəhəti hesab edir. Qəhrəmanı Çe Gevara olan bu xanım, qanunların bərqərar olduğu yerdə özünü daha rahat hiss edir. Heç zaman jarqon ifadələri dilə gətirmir. Anlayışsız mühitdə yaşamağı bədbəxtlik sanır...

“Lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda “vspışka” olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan. Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın “Əsgər qəbri haqqında ballada” poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı birisinin məzarını görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.”- söyləyir...

Haqqında söhbət açdığım xanım- Xalq şairi Məmməd Arazın qızı, yazıçı, publisist İradə Tuncaydır. 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib.

Deyir ki,- “Bu gün cəmiyyət böyük yazıları, böyük məlumatları, necə deyərlər, həzm etmir. Ona görə də mətləbi oxucuya yığcam şəkildə çatdırmaq lazımdır. Blez Paskal hələ XVII əsrdə bir məktubunda yazmışdı ki, bu məktubu həmişəkindən uzun yazdım, çünki daha qısa yazmağa vaxtım yoxdur. Yəni əgər sən bir mətni lokanikləşdirə bilmirsənsə, deməli, o barədə məlumatın ya yoxdur, ya da yetərli deyil. Əgər toxunduğun mətləbi oxucuya, necə deyərlər, həzm elətdirə bildinsə nə yaxşı, əks halda oxuyan olmayacaq. Çox çalışırsan ki, oxucuların sayı artsın, amma baxanda görürsən ki, bir xəbərə maksimum 400-500 baxış olur. 10 milyonluq respublika üçün bu, dəhşətli mənzərədir. Amma təəssüf ki, reallıq belədir...”

Gözəl yazı tərzi, özünəməxsus üslubu var. Düşündürməyi bacarır. Araşdırma qabiliyyəti, tədqiqat səriştəsi, daim öz üzərində işləmək səyi yüksək səviyyədədir. Müsbət xüsusiyyətləri çoxdur. Yaxşıya “yaxşı”, pisə “pis” deməkdən çəkinmir. Zövqlü geyinməyi xoşlayır, davranışında səmimidir. Ailəsinə bağlı xanımdır- mehriban həyat yoldaşı, qayğıkeş ana və nənədir. Ömür-gün yoldaşı Aqil Abbasla həm də dostdurlar.

“Adam atasını özü seçməsə də, həyat yoldaşını özü seçir, amma burada taleyin, qismətin rolu var. İnsanın ailəsində hər cür hadisə ola bilər. Həyatdır. O qədər sürprizləri var ki! Çalışırsan münasibəti qoruyub-saxlayasan. O da çalışır, sən də çalışırsan. Bəlkə, bundan sonra gələn nəsillər bizim qədər çalışmayacaqlar, bilmirəm. Mən bu barədə çox düşünmüşəm. Məcnuna deyirlər, özünün və Leylinin rəsmini çək. O, yalnız özünü çəkir. Səbəbini soruşanda, deyir, kişi qadının örtüyüdür, qadın görünməməlidir. Bəli, biz ikimiz bir candayıq, daha çox görünən isə odur. Necə deyərlər, Aqil xalq adamıdır, xalqın arasında olmağı xoşlayır...”- söyləyir...

Mətbuatımızın bu günü onu narahat edir. Gənc jurnalistlərin daha çox mütaliə etməsini arzulayır və bu yolda əlindən gələni əsirgəmir.

Deyir ki,- “Bu barədə danışmaq çətindir. Özümə müəllim hesab etdiyim şəxsiyyətlər olub. Mütaliəmi beynimdə sistemləşdirə bilmişəm. Adam var ki, çox oxuyur, lakin tətbiq edə bilmir. Amma mən hər kəsin yerinə də bir söz deyə bilmirəm. Həmişə çalışmışam ki, gənclərə nəsə kömək edim. Özümüzü qorumağı bacarmalıyıq. Bunun əsas yollarından biri də mətbuatdır. Leninin gözəl bir fikri var: "Oxumaq, oxumaq, yenə də oxumaq". İstərdim ki, gənclərimiz çox oxusunlar, oxumağa ərinməsinlər. Arzu edirəm ki, hər şey yaxşı olsun. Bu gün yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağıllı sözü eşidə biləcək tamaşaçı bu gün yox səviyyədədir. Bizim dövrdə həmişə şairə, sözə inanmaq kimi bir ənənə var idi. Bəzən nəsrin populyar olmadığı dönəmlərdə böyük elmi əsərlər şeir dilində yazılardı. Biz bu gün mədəni mühitdən uzaqlaşırıqsa, düşünürəm ki, o zaman həbsxanalar tikmək üçün vəsait ayırmalıyıq. Əxlaqdan naqis adamların yetişdiyi cəmiyyət qorxulu cəmiyyətdir. Ona görə də mütləq şəkildə ideoloji əsaslar yaratmalıyıq. Təəssüflər olsun ki, televiziyalar şəxsi meyarları nəzərə alır. Amma birinci növbədə milyonların sevgisini qazanmaq lazımdır...”

Bəli, anlayışsız mühitdə yaşamağı bədbəxtlik hesab edən bu xanım, öz həyatından nümunə gətirərək, adamları təhsil və mütaliənin insan həyatında önəmli rol oynadığına inandırmağa çalışır. Onun “Facebook” sosial platformasında dodaqaçıran paylaşmaları isə bir başqa aləmdir. Bir də görürsən ki, elə bir fikir paylaşır ki, adamı həm güldürür və həm də düşündürür...

Bu il İradə xanım üçün yubiley ilidir. Ömrünün 65-ci təntənəsini yaşayacaq, yaxın dostları ətrafına yığıb hesabat verəcək. Düşərli olsun, İradə xanım!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün

 

Zəlimxan Yaqub fenomeni haqqında çox deyilib, çox yazılıb və hələ innən belə də, əbədiyyətəcən yazılacaq, deyiləcəkdir. O, Azərbaycan ədəbiyyatı  tarixinə öz adını əbədi yazmış nadir söz ustadlarındandır. 

Əminəm ki, onun əsərləri, əsərlərində qoyduğu problemlər, poetik üslubu və dili hər zaman maraqlı və oxunaqlı olacaq, zamanın sərhədlərini aşaraq min illərə gedib çıxacaqdır. Zəlimxan poeziyası oxunduqca, öyrənildikcə daha orjinal, daha aktual, daha maraqlı olacaqdır. Onun yaradıcılığına hansı baxış bucağından baxılmasından, hansı tərəfdən yanaşılmasından asılı olmayaraq sözünün sanbalı, gücü, mənası, ləngəri və ifadə forması, poetikası ilə həmin dövrün oxucusunu heyrətləndirəcəkdir. 

Zəlimxan Yaqubun Qarabağ dərdləri haqqında əsərləri “Şair harayı” kitabında  toplanmışdır. Hər sətrindən, hər sözündən fəryad qopan bu əsərlər əsasən  1990-1993-cü illəri əhatə edir. Həmin illərdə şairin bütün yaradıcılığı sanki bu problemlərə yönəlmişdi. Böyük ədəbiyyatşünas-filosof Yaşar Qarayev şairin qeyd olunan əsərlərinin toplandığı həmin kitabı haqqında yazırdı: “Kitabdakı şeirlər haraydır, gileydir, şairin Atillaya dediyi şikayət, Pənah xana söylədiyi ağı, Xocalıya oxuduğu layladır. Bu ağı və laylalarla Şəhriyarı öz dərdindən hali edir, Cavad xana, Babəkə, Qazan xana ürəyini boşaldır, əzabını bölüşmək üçün şaha, şeyxə və şairə-Şah İsmailə pənah gətirir”. 

 

İblis yenə fitnəsində, şeytan şərində,

Ağrı canda, nisgil gözdə, yara dərində.

Tağım uçdu, belim sındı Xudafərində, 

Şeyxim mənim, şahım mənim, şairim mənim!

 

Və ya:

 

Qanlı bir yuxu gördüm, yuxu yozanım haray,

Ustad Dədə Qorqudum, ulu ozanım haray,

Gəlsin Tüpdağıdanım, Halaypozanım haray,

Qüdrətimə xal düşdü, arıma güllə dəydi.

 

 

Ta qədim zamanlardan bu günümüzədək müharibələrdə saz, söz silahla bərabər olub. Zəlimxan Yaqub əsərlərində  şeirini, sözünü yarağa, gülləyə,  mərmiyə, ildırıma, şimşəyə döndərir. Zəlimxan yaradıcılığında söz ordunu ayağa qaldırmağa qadir qüdrət sahibidir:

 

Haqqın var baş olub, başda durmağa,

Qaldır məmləkəti ayağa, şeirim!

Misralar meydanda mərmiyə dönsün,

Kəlmələr gülləyə, darağa, şeirim!

Qızıldan bahadır hər gün, hər saat,

Gözləmir, heç kəsi gözləmir həyat.

Torpağı silkələ, göyləri oyat,

Sığışma dəftərə, varağa şeirim!

 

Şair bu mövzuda yazdığı əsrlərdən birini “Vətən yaraları” adlandırıb. Kəlbəcər rayonunun işğalına həsr olunmuş bu poema bir yazının, bir tədqiqatın mövzusudur. Poema bu misra ilə başlanır: “Dedilər ki, bu axşam Kəlbəcər də verildi ”. Müəllif “verildi”kəlməsini görün əsərdə necə təqdim edir:

 

Birdən birə elə bil,

Duyğularım, hisslərim kaman kimi gərildi!

Söhbətə bax, sözə bax 

Kəlbəcər də verildi...

 

“Tək bircə Kəlbəcər gedibsə əldən, mənim kimisinə haramdı dünya” deyərək haray çəkirdi Zəlimxan Yaqub:

 

Necə ola bilər ki,

Bircə günün içində məğlub olsun Kəlbəcər,

Bir daşı, bir qayası tərpənməsin tük qədər?!

Mən buna inanmıram,

Mən bu məğrur dağları məğlub olmuş sanmıram!

 

Belə olanda şair haray çəkir, fəryad qoparır. Ən uca dağın zirvəsin qalxaraq gur səsi ilə bütün Azərbaycana müraciət edir: “Gözünü yaş yandırıb, qəlbimi qəm tutanlara, ayağı yer, dili söz, əli qələm tutanlara, ağsaqqallara, qocalara, sərkərdəyə, ozana, tariximizi qan içində yaradıb, qan üstündə yazanlara, əri şəhid olanlara, oğul məzarı üstə saçlarını yolanlara, toyu yasa dönənlərə, alışmamış sönənlərə, milyonçuya, rüşvətxora, oğruya, alçağa, baş kəsənə, atasından inciyib, anasından küsənə, qorxağa, fərariyə, kənara çəkilənlərə, aradan əkilənlərə, Vətən adı gələndə arzuları çin olanlara, qeyrətli oğullara, işi ancaq söz olub, söz üstə yarışanlara, qaçqın, köçkün, didərgin, evsiz-eşiksiz qalanlara, dili səssiz, laylasız, əli beşiksiz qalanlara, partiyalara, dəstələrə, dəstəbazlara, qurumlara, hayasız alverçilərə, halal ticarətçilərə, min dəfə soyulanı bir də üstəlik soyanlara, dünya malından ötrü öz doğma qardaşına daldan güllə atdıranlara, min dəfə əziləni yenidən əzdirənlərə, Vətəni qəlbində yox cibində gəzdirənlərə səslənir, onları haraylayır”:

Mən sizi çağırıram,

Mən niyə çağırıram?

Bu çağırış, bu nida, bu səs nə deyir sizə?

Ürəyimi göynədən,

Dodağımı yandıran nəfəs nə deyir Sizə?

Düşünün fikirləşin!

      

Xəyanətkarları, satqınları lənətləyir Zəlimxan Yaqub: “Çoxu eşşək gəzir hərifləməyə, çoxu yəhərlənmiş hazır at gəzir, Şuşa əlimizdən gedəsi olsa, çoxu kəlləsinə güllə sıxırdı, “maşallah” hələdə salamat gəzir”:

 

Vaqif! Ey sərvərim, ey tacidarım!"

Başdan Şuşa adlı tacı vermişik!

Şuşanı verməklə düşmən cənginə,

Məkkəni vermişik, Hacı vermişik!

 

O illərdə şair təkcə Dədə Qorquda,  Qazan xana, Şah Xətaiyə müraciət etmirdı, həm də “Allahım mənə bir ağsaqqal yetir” deyərək  Tanriya müraciət edirdi:

 

Allahım mənə bir ağsaqqal yetir,

İstər yerdən çıxart, özün bilərsən.

İstər göydən endir, özün bilərsən.

...İstər Cavanşiri qaldır yerindən,

İstər Xətaini təzədən gətir.

...Baş ver, başımızda tac ola bilsin

Ruh ver qolumuzda güc ola bilsin.

...Dönsün nəsillərin ziyarətinə,

Məkkə ola bilsin, Hacc ola bilsin!

...Adamı insana, kütləni xalqa

Tayfanı millətə çevirmək üçün,

Allahım, mənə bir ağsaqqal yetir!

 

Və 1993-cü ildə Tanrı o, ağsaqqalı Azərbaycana yetirəndə, xalqın təkidli tələbi ilə Ümumilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndə Zəlimxan Yaqub yazırdı:

 

Addımbaşı  ölümlə çarpışan şirim mənim,

Ölümsüzüm, olməzim, əbədi dirim mənim,

Gur ocaqlar yandıran ocağım, pirim mənim,

Yüz minlərin içində minim yox, birim mənim,

Allah özü də təkdir, baxma meydanda təksən,

Sən qalib gələcəksən!

 

 

Lakin qalibiyyətin təmin edilməsi üçün çox iş görmək lazım idi. Ən birincisi isə ordudan, başlamaq lazım idi. Qarabağın qalibiyyəti ordudan keçirdi. Şair haray çəkirdi: Mənə ordu gərəkdir, xəstəyə dərman kimi, mənə ordu gərəkdir, nəfəs kimi, can kimi, mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.

Şair həm də soyuq səngərlərdə Vətənə keşik çəkən, başsız dəstəbaşçıların başsızlığı üzündən canını düşmən gülləsinə güdaza verən əsgərlərimizə müraciətən yazdığı “Əsgər qardaşma məktub” şeiri çox təsirlidir. Onun əsgərlərimizə müraciət formasına diqqət yetirin: Mənim şah damarım, mənim sağ gözüm:

 

Özün qaz səngəri, özün aç yolu,

Dumandan, gümandan çıxart milləti.

Ən güclü ordunun zərbəsinə dön,

Ən ağır zamandan çıxart milləti,

 

Qələbə pay deyil, hədiyyə kimi.

Gətirib hardansa verələr sənə.

Özün qazanmasan lənət oxuyar,

Bu dağlar, bu düzlər, dərələr sənə.

 

Şair bizim Böyük Qələbəyə, Müqəddəs qələbəyə Gün kimi, Ay kimi inanırdı. O, bu qələbənin çox uzaqda olmadığını da hiss etmişdi. Şeirlərindən göründüyü kimi Qarabağ düyününü danışıqlar yolu ilə deyil,  savaş yolu ilə həllini istəyirdi. Ömrünün sonuna yaxın Qarabağ haqqında yazdığı şeirlərdə xalqı, milləti savaşa, döyüşə çağırırdı,”Son saatım, son xilasım, son əlacım hücumdu” deyərək hər bir Vətən oğluna səslənirdi:

Qara buludların yaxasını cır,

Dəli şimşəklərin inadını qır,

Yer kimi silkələn, göy kimi hayqır       

Haydı Vətən oğlu sərhədləri aş,

Savaş istəyirəm, dəli bir savaş.

Hiss edirdi ki, bu “dəli savaş”da qalib olacağıq. Yoxsa bizi babaların ruhu bağışlamaz, gələcək nəsillər bizi başa düşməz, şəhidlərin ruhu od tutub yanar. Ona görə gur səsilə hayqırırdı:

 

Anam Azərbaycanım! Dayanma məzlum, fağır,

Məzlumların başına göydən od-alov yağır.

Bütün oğullarını səslə, döyüşə çağır,

Bir göz qırpımı belə qiymətli an deməkdir,

Tökülən hər damla qan bir həyacan deməkdir,

Bu gün döyüş meydanı Azərbaycan deməkdir.

Yaxşılara yaxşı ol, yaman ol yamanlığa,

Ana Vətən,hazır ol Böyük qəhrəmanlığa!

 

Zəlimxan Yqaub həmişə səsi, sözü şeirləri ilə xalqı birliyə çağırırdı. Bu baxımdan onun “Şair harayı” poemasının finalı çox maraqlı və təsirlidir: “Nurlu axşam düşər, qızıl dan olar, qızıl sünbül bitər, qızıl dən olar, millətin dirəyi qızıldan olar, daşlar gül bitirər, qayalar çiçək, bu gün yumruq kimi birləşə bilsək”:

 

Torpağın dalınca torpaq gedəcək,

Ağacın dalınca yarpaq gedəcək,

Qanımız getdisə canımız gedib,

Baş getdi dalınca papaq gedəcək.

Dünya şirinlikdən daddan çıxacaq,

Papaq unudulub yaddan çıxacaq,

Ləçək bağlanacaq başlara ləçək,

Bu gün yumruq kimi biz birləşməsək!

 

Zəlimxan Yaqub 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün dastanı” poemasında: ”...Şah İsmyıl Xətayim, igid oğlu, ər oğlu, O, da Heydər oğludur, İlham da Heydər oğlu” deyərək Prezident İlham Əliyevin indi xalqımızı bir məslək, bir amal uğrunda birləşdirəcəyinə və  böyük qələbəyə nail olacağını inanırdı. Şair O günü görməsə də arzuları çin oldu. Cənab Ali Baş Komandan İlham Əliyev bir yumruq kimi birləşdirdi bu xalqı. Ali Baş Komandan, Azərbaycan Əsgəri  və Azərbaycan Xalqı bir yumruğa çevrildi. Birlik rəmzinə çevrilən bu “ Dəmir yumruq” düşmənin başında ildırım kimi çaxdı. Bu birlik Azərbaycan xalqının və dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı. Milyonlarla insanın arzuları çin oldu. İndi Qarabağ azaddır. Qarabağ Azərbaycandır! Sənin də ruhun şaddır, Zəlimxan Yaqub! Çünki sənin də arzuların çin olub. 

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.