Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 23.Mütaliə ilə bağlı faktlar
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
23.
MÜTALİƏ İLƏ BAĞLI FAKTLAR
Böyük şəxsiyyətlərin həyatına nəzər saldıqda, mütaliə haqqında çox əhəmiyyətli və maraqlı faktlar meydana çıxır. Dahi şairimiz və mütəfəkkirimiz Nizami Gəncəvi elm öyrənməyi hər şeydən üstün tuturdu. O, özü qədim yunan mənbələrini birər-birər öyrənirdi. Azərbaycan Sovet ədəbiyyatının görkəmli nümayəndələri Səməd Vurğun və Rəsul Rza mütaliənin vacibliyini dönə-dönə qeyd edirdilər, özləri də çox mütaliə etmələri ilə fərlənirdilər.
Günümüzdə də ölkəmizdə çox sayda kitab oxumaqla fərqlənən unikal şəxslər vardır. Onlardan biri Sumqayıt şəhərində yaşayan Xan Rəsuloğludur ki, oxuduğu kitabların sayı hesabı yoxdur, min nüsxələrlə ölçülür. O, kitabları həm oxuyur, həm də onların qısa konspektini tutur, təbliğ edir.
Məşhurların kitablarla bağlılıqlarına aid o qədər maraqlı faktlar gətirmək olar ki. Məsələn, Napoleon Bonapart sürətli oxuma qabiliyyəti ilə fərqlənib. Hətta onun dəqiqəyə iki min söz sürətiylə oxuduğu iddia olunur. Balzak iki yüz səhifəlik romanı cəmi yarım saata oxuyurmuş.
Dünyanın ən varlı iki şəxsi – “Tesla” şirkətinin sahibi İlon Mask da, “Amazon” şirkətinin sahibi Ceff Bezos da qazandıqları bütün uğurlara görə kitablara borclu olduqlarını söyləmişlər. İlon Maskı yüksəldən Benjamin Franklinin xatirələri, Ceff Bezosu isə müşküllərdən xilas edən Nobel mükafatçısı Kadzio İsiquranın “Günün qalanı” romanı olmuşdur.
"Risaleyi Nur" kitabının müəllifi olan Badiuzzaman Said Nursi yeniyetməlik çağında gündə 200 səhifə mütaliə etməklə 90 kitab oxumuş və qeyri-adi hafizəsi hesabına onların hər birini əzbər yadda saxlamışdır.
Növbəti:
24. Dahilər və kitab
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ISESCO-nun baş direktoru ilə Türkistan akimi bir araya gəlib
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, ICESCO-nun Baş direktoru cənab Dr. Salim bin Məhəmməd əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Türkistana səfər edib və orada müxtəlif tədbirlərə qatılmaqdadır.
21 Sentyabr, 2025-ci il tarixində Dr. Salim bin Məhəmməd əl-Malikin Türkistan vilayəti Akiminin müavini Yertay Altayev və Türkistan şəhərinin akimi Azimbek Pazılbekoğlu ilə görüşü baş tutub.
Portalımıza Türkistanda olanTürk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyətindən verilən xəbərə görə, görüş zamanı əsas diqqət mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Həmçinin, ICESCO ilə əlaqələrin daha da möhkəmləndirilməsi və Türkistan vilayətindəki abidələrin İslam dünyasının mədəni irs siyahılarına salınması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Türkistan vilayəti Akim müavini və Türkistan şəhəri Akimi ICESCO-nun fəaliyyətini yüksək qiymətləndirib, görüşün əhəmiyyətinə toxunublar. ICESCO Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik Türkistanda keçirdiyi zaman ərzində onun zəngin mədəni irsinin şahidi olduğunu və bu mirasın İslam dünyasının ümumi dəyərlərinə böyük töhfə verdiyini qeyd edib. Tərəflər öz növbəsində Türk Mədəniyyəti və İrsi Fonduna görüşün təşəbbüsünə və təşkilinə görə minnətdarlığını bildiriblər.
Görüş əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsi ilə davam edib.
Qeyd etmək lazımdır ki, görüşdən əvvəl qonaqlar üçün “Böyük Çöllər Yurdu” («ҰлыДалаелі») Mərkəzinə xüsusi ekskursiya təşkil olunub. Burada iştirakçılar mərkəzin zəngin ekspozisiyaları ilə tanış olub, Böyük Çölün tarixi, mədəni irsi və qədim ənənələri haqqında ətraflı məlumat əldə ediblər.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Onu daha çox uşaq yazıçısı kimi xatırlayırlar
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bizdə uşaqlar üçün yazanlar o qədər azdır ki. Ona görə də lanları əsla unutmurlar, oxuyurlar, bəyənirlər. O cümlədən, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Ələviyyə Babayevanı.
Ələviyyə Babayeva 1921-ci ilin 12 avqustunda Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunan "İki həyat" adlı hekayəsi ilə başlayıb. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib. A. Qaydarın "Uzaq ölkələr", V. Biankinin "İz ilə", "Ayı balası", "Qırmızı təpə", K. Paustovskinin "Oğru pişik", V. Q. Korolenkonun "Satın alnmış uşaqlar", Y. Sotnikin "Əcaib quş", V. Astafyevin "Ulduz xəzanı", Y. Çaruşinin "Nikitanın oyuncaqları" və b. onun tərcüməsində kütləvi tirajla çap olunub.
"Azərbaycan qadını" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri, sonra baş redaktor olub. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub.
Əsərləri
- Mənim müəlliməm
- Hekayələr
- Tək ağac
- Kənd yolları
- Payızda
- Mən tək deyiləm
- Kənd yollarında səyahət
- Kölgə
- Tut ağacı
- Süsənsünbül
- Hörüklər
- Povestlər
- Adamlar və talelər
- Böyürtkən mürəbbəsi
- Sehrli pillələr
- Səni axtarıram
- Küləyin tərkin
Filmoqrafiya
- Dınqıl, sazım, dınqıl
- Sehrlənmiş küpə
Mükafatları
- Azərbaycan SSR əməkdar mədəniyyət işçisi
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Yazıçı 23 sentyabr 2014-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Oğuzda "Musiqi mənim həyatımdır " adlı konsert təşkil edilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunun qədim Baş Daşağıl kəndindəki Sənətkarlıq klubunda, həvəskar musiqiçi, sintizator ifçısı, gözdən əlil, Uşaq İncəsənət Festivalı iştirakçısı, Oğuz rayon Uşaq Musiqi məktəbinin şagirdi Zəhra Novruzovanın ilk konserti təşkil edilib.
Tədbirdə əvvəlcə Dövlət himnimiz səsləndirilib, sonra Vətən uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Oğuz rayon Baş Daşağıl kənd Sənətkarlıq klubunun müdiri R.Abdurəfiyev həvəskar sintizator ifaçısı Zəhra Novruzovanın uğurları barədə məlumat vermişdir.
Tədbirdə Z.Novruzovanın solo çıxışı olmuşdur. Daha sonra isə o özünün sevimli mahnılarını Oğuzun tanınmış müğənniləri ilə birlikdə də ifa etmişdir.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşı A.Ağayev, Baş Daşağıl kənd Ərazi İdarəetmə üzrə İcra Nümayəndəsi T.Məmmədov, Bucaq kənd Bələdiyyəsinin sədri R.Əhmədov, Baş Daşağıl kənd sakinləri həvəskar musiqiçi Z.Novruzovanın yaxın qohumları, həmçinin Zəhra Novruzuzovaya mənəvi dəstək olmaq üçün Bakı şəhərindən gələn əslən Oğuz rayon Sincan kəndindən olan tanınan və sevilən müğəni Tərlan Oğuzlu və Oğuz rayon Dəymədərə kəndindən qonaq qismində iştirak edən müğəni Ülvi Oğuzlu, eləcədə tədbirin ərsəyə gəlməsində, Zəhra Oğuzlunun ilk solo konsertinin təşkil olunmasında Oğuz rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Hüseyinov, Oğuz rayon Mədəniyət Mərkəzinin əməkdaşı Mirməhəmməd Malıyevin böyük zəhməti olmuşdur.
Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ayaz Ağayev Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirovun fəxri fərmanını və hədiyyəsini, Zəhra Novruzovaya təqdim etmiş, onu təbrik etmişdir.
Tədbirin təşkilinə görə Oğuz rayon Baş Daşağıl kənd kənd sakinləri və tədbir iştirakçıları yaradıcı insanlara, istedalı şəxslərə; göstərdiyi mənəvi dəstəyə görə Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirova, Oğuz rayon Mədəniyyət Mərkəzinin direktoru A.Hüseyinova, Oğuz rayon Baş Daşağıl kənd Sənətkarlıq klubunun əməkdaşlarına öz minəttdarlıqlarını bildirdilər.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Sumqayıtda “Üzeyir Hacıbəyli və musiqi mirası” konserti keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert Sumqayıtda baş tutub.
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirdə Regional Kamera Orkestri, Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin Xalq çalğı alətləri orkestri və Sumqayıt Dövlət Dram Teatrının kollektivi çıxış edib.
Konsertdə bəstəkarın əsərləri, milli rəqslər və bədii kompozisiyalar təqdim olunub, proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetində görüş
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ ICESCO-NUN BAŞ DİREKTORU UNİVERSİTETİNİN QONAĞI OLUB
21 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik Türkistana səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi, həmçinin gələcəkdə birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərgisi və orada təqdim olunan nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar ilə tanış olublar.
Qeyd etmək lazımdır ki, bu Sərgi 10 iyun, 2025-ci il tarixində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə təntənəli şəkildə açılmışdır.
Tədbirin sonunda Dr. Salim əl-Malik tələbələrin ünvanladığı suallara cavab verib, gənclərin elmə və maarifə olan marağını yüksək qiymətləndirərək, onların gələcəkdə Türk-İslam dünyasının inkişafında mühüm rol oynayacaqlarını vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
Noyabrın 3-dən 5-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verr ki, tədbir Türkiyənin Antalya şəhərində təşkil olunacaq.
Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.
Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irs nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək. Forum iştirakçıları, həmçinin, Antalya şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabrın 1-dən 9-dək keçiriləcək “Mədəniyyət Yolu” Festivalında iştirak edəcəklər. Azərbaycan sözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq.
Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri oktyabrın 1-dək https://culture.fillout.com/elchilersəhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanın müxtəlif bölgələrində təşkili planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Vüqar Nemətin “Kimdi bu dəli” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.
Vüqar Nemət
Kəleybər
KİMDİ BU DƏLİ?
Görəsən kimdi bu dəli?
Biz keçdik, bizi söymədi.
O tanrını qaraladı,
İt-pişik payı qoymadı.
Söydü, yeri-göyü söydü,
Döydü, kölgəsini döydü,
Hamının ağzını əydi,
Zorbaya, zora əymədi.
Getməz, o üzdən getmədi,
Bilmədik davası nədi?!
Birazdan çaldı, oynadı,
Artıq heç kəsi saymadı.
Ağıl axtara-axtara,
Gör bir gəlib çıxıb hara?!
Bu dünyaya, pula, vara,
Uymaz, heç nəyə uymadı.
Həm buralı, həm oralı,
Görəsən kimdir bu dəli??
Hamı yolun çaşdı, vəli
O öz yolunu caymadı!..
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
“Nikolayın evi”nin kontrabası və ya Berlin mühaciri
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu yazı kontrabas ifaçısı barədədir və bu yazını hazırlayanda maraq üçün iki-üç tanışımdan “kontrabas nədir” deyə soruşdum. Yalnız biri kontrabası tanıdı. Tanımaq səbəbi də “Nikolayın evi” adlı teleserialda komedik aktyor İlkin Misgərlinin bu alətlə macəralarını görməyidir.
Buna kimi bu sayaq şit, məzmunsuz filmlərin heç nəyə faydası olmaması qənaətində idim. Amma indi fikrim dəyişib. Əgər kimsə bu filmin sayəsində kontrabası tanıyıbsa, buna da min şükür.
Görkəmli kontrabas ifaçısı İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepiano, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik edib.
Sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.
İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib.
Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar. Daha sonra sənətkar ailəsi ilə birgə Almaniyanın paytaxtı Berlin şəhərinə köçüb və yaradıcılığını orda davam etdirib.
Mükafatları
1. "Əməkdə fərqlənməyə görə" medalı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
İlyas Hüseynov 2017-ciilin 12 yanvarda– tam 93 yaşında Berlin şəhərində vəfatedib. Berlin şəhərində də dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)
“Koroğlu” və “Manas” dastanlarında qəhrəmanlıq diskursunun müqayisəli analizi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün “Koroğlu” və “Manas” kimi qəhrəmanlıq dastanlarından danışacağıq.
Türk dünyasının iki ən möhtəşəm epik abidəsi- Azərbaycan və Anadolu coğrafiyasında formalaşmış Koroğlu dastanı ilə Qırğız xalqının milli eposu sayılan Manas qəhrəmanlıq fenomenini təsvir və təqdimetmə baxımından həm ortaq mədəni kodlar, həm də fərqli ideoloji çalarlar daşıyır. Bu dastanlar yalnız bədii əsərlər kimi deyil, həm də xalq yaddaşının, milli kimliyin və sosial-siyasi dəyərlərin formalaşdırıcı elementləri kimi mühüm əhəmiyyətə malikdir. Onların qəhrəmanlıq diskursunun müqayisəli təhlili türk epik düşüncəsinin mahiyyətini və onun müxtəlif tarixi mərhələlərdə necə dəyişdiyini anlamağa imkan verir.
Manasdastanı türk epik sistemində ən genişhəcmli və çoxqatlı struktur quruluşuna malik nümunədir. Burada qəhrəman obrazı təkcə fərdi cəsarətin simvolu deyil, həm də bütöv bir xalqın varlığını qoruma və milli birliyi bərpa etmək missiyasının daşıyıcısıdır. Manas obrazı ətrafında formalaşan motivlər əsasən xalqın düşmənə qarşı səfərbər olunması, torpağın və kimliyin müdafiəsi, qəhrəmanın isə yalnız fiziki gücü ilə deyil, həm də təşkilatçılıq və liderlik bacarığı ilə önə çıxması üzərində qurulmuşdur. Qırğız elmi ənənəsində Manas çox vaxt «xalqın ruhu» kimi təqdim edilir və onun qəhrəmanlığı şəxsi maraq yox, kollektiv taleyə xidmət kimi yozulur. Bu baxımdan, Manas dastanının qəhrəmanlıq konsepti dövlətçilik və milli suverenlik ideyaları ilə sıx bağlıdır.
Koroğlu dastanı isə qəhrəmanlıq anlayışına fərqli bir istiqamətdən yanaşır. Bu dastanın əsas qəhrəmanı olan Koroğlu bəzən təkbaşına haqsızlığa qarşı çıxan bir üsyançı, bəzən də sosial ədalət uğrunda mübarizə aparan xalq müdafiəçisi kimi təsvir edilir. Onun mübarizəsi genişmiqyaslı dövlətçilik ideyasından çox, konkret zalım hakimlərə və feodal təbəqəyə qarşı yönəlmişdir. Bu səbəbdən də Koroğlu dastanında qəhrəmanlıq fərdi təşəbbüs, şəxsi ləyaqət və xalqın gündəlik ədalət duyğusu ilə daha çox bağlıdır. Əgər Manas daha çox mərkəzləşdirilmiş və dövlətləşmiş qəhrəmanlıq modelinə uyğun gəlirsə, Koroğlu xalqın içindən çıxan və xalqla birgə nəfəs alan qəhrəman obrazını təmsil edir.
Hər iki dastanda qəhrəmanlıq motivləri cəsarət, sədaqət, səbr və əzm kimi ortaq etik dəyərlərlə ifadə olunsa da, bu dəyərlərin tətbiq sahəsi və diskursiv təqdimat forması fərqlidir. Manas qəhrəmanlığı rituallaşmış və mərkəzləşdirilmiş bir epik sistemin məhsulu olaraq kollektiv ideologiyanın daşıyıcısıdır. Manas dastanı ifaçı-manasçıların nəsildən-nəslə ötürdüyü zəngin performativ ənənə ilə möhkəmləndirilmişdir və onun qəhrəmanlığı xalqın milli yaddaşında müqəddəs bir obraz kimi yaşadılır. Koroğlu dastanı isə daha çox aşıq və ozan mühitində, improvizasiya elementləri ilə zəngin şəkildə ifa olunur və qəhrəmanlıq burada daha çox sosial tənqid və xalq ədalətinin bədii ifadəsi kimi çıxış edir.
Bundan başqa, iki dastanın tarixi inkişaf kontekstləri də qəhrəmanlıq diskursunun formalaşmasına təsir etmişdir. Manas dastanı əsasən Qırğız xalqının müstəqillik uğrunda mübarizə yaddaşı ilə bağlı formalaşmış və xüsusilə sovet dövründə milli kimliyin rəsmi simvoluna çevrilmişdir. Koroğlu dastanı isə Osmanlı, Azərbaycan və İran kimi fərqli siyasi-mədəni mühitlərdə yayılaraq çoxsaylı lokal variantlarda inkişaf etmiş, buna görə də onun qəhrəmanlıq diskursu daha çox sosial-etik müstəviyə yönəlmişdir.
Nəticə etibarilə, Manas və Koroğlu dastanları qəhrəmanlıq ideyasını fərqli tarixi, sosial və mədəni kontekstlərdə formalaşdıraraq türk epik düşüncəsinin iki mühüm qütbünü təmsil edir: Manas kollektiv və dövlətçi qəhrəmanlıq modelini, Koroğlu isə fərdi və sosial ədalət yönümlü qəhrəmanlıq modelini. Bu fərqlər yalnız dastan qəhrəmanlarının xarakterində deyil, həm də onların ətrafında formalaşan performativ ənənələrdə, mədəni kodlarda və ideoloji təyinatlarda özünü göstərir. Beləliklə, hər iki dastanın müqayisəli təhlili türk xalqlarının epik dünyagörüşündə qəhrəmanlığın çoxşaxəli və dəyişkən bir anlayış olduğunu nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)


