ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı Narıngül Nadirin “Adsız oğlan“ hekayəsini təqdim edir.

                                              

Bilmirəm indi bunu xatırlamaq kimə gərəkdir və nə əhəmiyyəti var?..  O, mənim sevgilim, dostum deyildi, heç qohumum da deyil...

Yəqin ki, o oğlan məni indi görsə tanımaz, tanımaz bir az böyük çıxıre... heç kim olduğumu xatırlamaz. Amma gülüşü indiki kimi yadımdadır, qəribə bir gülüş idi. Təbəssümü dodaqlarından başlayıb bütün sifətinə yayılırdı. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey... Onu bu müddət ərzində bir neçə dəfə xatırlamışam. Bir dəfə Bakıya ilk gəlişim haqqında hekayə yazanda, bir də ara-sıra şəhərə ilk gəldiyimdə yaşadığım yerlərdən keçəndə. Hər dəfə də xatırlayan kimi həmişəki mənasız, bir qəpik əhəmiyyəti olmayan bir sual yenə də beynimi tıqqıldadır: görəsən, onun adı nə idi? Əhməd, Cəmil, Murad? Bəzən o köhnə yerlərdən keçəndə adını xatırlamağa çalışsam da, heç nə alınmır. Səsin görüntüsü yoxdur ki, göz yaddaşında ilişib qalsın. Əslində heç fərqi də yoxdur. Guya nə anlamı var ki... Amma hər halda, adı var idi axı. Özü də dəfələrlə yanımda səsləndirmişdi.

İndi yay  tətilindəyəm, boş vaxt tapan kimi, daha doğrusu, darıxdığımdan klaviaturanın qarşısına keçib nələrsə yazmağa çalışıram. Yəqin ki, siz məndən yaxşı bilərsiz, yazmağa ki, başladın, keçmişə qayıtmamaq mümkün deyil.

O gün şəhərin küçələrində xeyli gəzişdim. Pis çıxmasa belə deyərdim ki, o ki var, avaralandım. Köhnə qəbiristanlıq yerindən keçəndə onu xatırladım.

Qəbiristanlıq sözünü işlətdim deyə birdən elə bilərsiniz ki, söhbət dünyasını dəyişmiş birindən gedir. Əsla elə deyil. Söhbət açdığım adam yəqin ki, sağdır. Ona görə yəqin ki, deyirəm ki, qəfil ölüm- itimləri, qəzaları nəzərə almasaq və yaşını hesablasaq, güman ki, sağdır, haralardasa yaşayır.

Demək, Bakıya təzə gəldiyim vaxtlardır. Təzə deyəndə lap dəqiqi hardasa 20 gün olar. Ta Bakını necə görmüşəm, şəhər ilk dəfə gözümdə necə şəkillənib, hansı hissləri keçirmişəm, nələri düşünmüşəm, bunu yazıb başınızı çox ağrıtmaq istəmirəm. Həm çox uzunçuluq olar, həm də ilin-günün bu vaxtında niyə sentimentallıq edim ki?..  Demək, Bakıya gəlib ata ocağı kimi şəhərdə ən yaxın qohum sayılan, ərk yeri olan xalaqızıgilin evinə sığınmışam. Universitetə qəbul imtahanı verməliyəm. Mənim zamanımda Bakının yeganə universitetində oxumaq hamının arzusuydu, indi bilmirəm, deyəsən adiləşib. Həm də indi universitetlər də çoxalıb, o vaxtlar institut adlanan ali məktəblər indi universitet adlanır. Nə isə, həm ali məktəbə qəbul olunmaq, həm də şəhərdə yaşamaq istəyim olduqca böyükdür. Şəhərdə yaşamaq  arzumdan  da yazmıram, yazsam xeyli vaxt aparar, odur ki, bu dəfə  onun üstündən də keçirəm.

Nə isə mətləbə keçim, ta söhbəti uzadıb sizi bezdirməyim...

Axşam xalaqızıgildə səhər imtahana getmək məsələmi, daha doğrusu, universitet yolunu necə getmək məsələmi xeyli müzakirə etdikdən sonra ümumilikdə qərara alırıq ki, sabah imtahana özüm tək gedəcəm. Əslində, bu qərara səs verməyən də var. Xalaqızının əri belə fikirləşir ki, tək getsəm yolda azıb qala bilərəm, şəhər də qazan kimi qaynayır, hər cür adamla doludur, ağıllısı var, axmağı var. Mən isə 3-4  dəfə  universitetə getdiyimdən ürəklənmişəm və dönə-dönə israr edirəm ki,  gedərəm, özü də lap rahatca gedərəm, yəni mənə görə işinizdən qalmayın. Nə var ki, avtobusun nömrəsini bilirəm, sonuncu dayanacaq universitetin qarşısıdır. Universitet də orda, düz Elmlər Akademiyası metrosunun yanındadır. Nə çətin işdir ki? Qayıdanda yolu əks tərəfə keçib yenə həmin avtobusa minirəm, gəlib ağ darvazalı  köhnə zavodu keçib düşürəm. Vəssəlam! Şəhərə gələndən ağ darvazalı zavod nişangah yerimdir. Köhnə, mazut iyi verən zavoddur. Mağazaya, dükan -bazara gedəndə ağ darvazasını tapıram, vəssəlam. Ağ darvazalı zavod yerindədirsə, adam şəhərdə niyə azsın ki?..

Adətən öz sözünün üstündə durmağa israrlı olan, adamlarla həmişə bir ton  yuxarıdan danışmağı sevən xalaqızının ərini birtəhər razı salırıq. Amma burasını da deyim ki, xalaqızının ərinin bir ton yuxarıdan danışmağa haqqı da var. Qohum- əqrabadan kənddən kim şəhərə gəlirsə ona tapşırırlar. Yəni o vaxt tapşırardılar, söhbətin əlbəttə indiyə dəxli yoxdur. Həm də tərsliynə baxmayaraq yaxşı adamdır. O ki deyirlər, hər nəslin bir hörmətlisi, ağsaqqalı olur, bax bu da onlardandır. Şəhərə üz tutan evsizlərin, köməksizlərin pənahıdır, kəndə gələndə qohumlar başına dolanırlar, hərə bir tərəfə çəkir. Nə isə, bu mövzunu da qoyaq bir kənara...

Bayaq dedim axı, universitetə artıq üçüncü dəfədir ki, gedirəm. İki imtahanı verib yaxşı qiymət almışam, indi üçüncüdür, bundan sonra daha biri qalıb. Bizim dövrümüzdə ali məktəbə  4 imtahan verirdilər, ballar toplanırdı, sonra ümumi müsabiqə olurdu. Kim çox bal toplayırdısa, o qəbul olunurdu, qalanlar ümidlərini gələn ilə bağlayırdılar.

Səhər evdən çıxanda xalaqızının əri sonuncu sözünü deyir:

-Bax ha, diqqətli ol ki, azıb qalmayasan.

Mən də qətiyyətlə söz verirəm ki, arxayın ol, azmaram.

Evin qarşısındakı dayanacaqda  şad-xürrəm avtobusa minib düz universitetin qarşısında düşürəm.

İmtahandan çıxan kimi universitetin həyətinə toplaşan adamlar başıma yığışır.

Yerbəyerdən suallar yağdırırlar:

- Nə oldu, necə oldu, nə soruşdular? Məmmədov İlqarı gördünmü? Bizim qızı necə? Əliyev Kənan neynirdi? 

Adamların  aşırı  canfəşanlığına həmişə gülməyim gəlib, indi də ürəyimdə gülürəm. Elə bil uzun müddət yatıb həbsxanadan çıxmışam, bunlar da məndən otaq yoldaşlarımı soruşurlar. Nə isə, birtəhər onlardan qurtulub yolu əks istiqamətə keçərək doğma avtobusumu tapıram. Yerimi rahatlayaraq  başımı aynaya söykəyib xəyala dalıram.

İmtahanı yaxşı versəm də, istədiyim qiyməti ala bilməmişəm. Mən 5 gözləyirdim. İmtahn götürən qara, enlisifət qadın hər vəhclə qiymətimi kəsməyə çalışırdı və sonda elə də etdi. Bu an, yəni söhbət o andan gedir, ona nifrət edirəm, ta bağışlayın məni, hələ ürəyimdə yüngülcə söyürəm də. Hərçənd ki, ömrümdə dilimə söyüş gətirmərəm. Sonralar, mənə dərs deyəndə də onunla ulduzum barışmadı, bir-birimizə nifrət edə-edə 4 ili başa vurduq.

Başımı avtobusun aynasına söykəyib düşünürəm ki, əgər o biri imtahandan da 4 alsam, yəqin ki, müsabiqədən keçməyim çətin olacaq. Amma necə olursa-olsun, şəhərdə qalacağam, ölsəm də kəndə qayıdan deyiləm. Belə bir az yekəxanalıq kimi çıxmasın, o kəndə sığışmıram, darıxıram orda. Ora mənlik deyil. Qəbul olunmasam, işə düzəlib işləyərəm, gələn il sənədlərimi yenidən verərəm. Gələn il də alınmasa, o biri il. Dünya dağılmayıb ki?.. Burasını da deyim ki, inadkarlıq cəhətdən zəif deyiləm. Bir şey beynimə düşdüsə əl çəkmirəm.

Beləcə xeyli yol gəlirəm və birdən ayılıram. Baxıram ki, avtobus mənə tanış olmayan binaların arasıyla şütüyür. Tez qabağa  keçib sürücüdən ağ darvazalı zavodu soruşuram, sürücü sürəti azaltmadan arın-arxayın tüklü üzünü qaşıyır, tələsmədən bildirir:

-Sən oranı çoxdan keçib getmisən, burda düş geri qayıt, iki dayanacaq geri qayıtmalısan.

Sürücü səbrlə izah edə-edə yolu bir xeyli də ötüb keçir.

Xalaqızının ərinin sözlərini xatırlayıram: “Diqqətli ol ki, azıb qalmayasan”.

Avtobusdan düşüb özümü tarazlayıram və yolun kənarıyla geri qayıdıram. Böyük, enli  yoldur, maşınlar ara vermədən şütüyür. Kənarda bir adamlıq səki var, bəzi döngələrdə o da bitir, yox olur. Görünür, bu yolla ancaq maşınlar hərəkət edir. Az qala divara sürtünə -sürtünə yeriyirəm. Əhlikef sürücülərin bəziləri sürəti azaldaraq dilxoşluq edir, başlarını pəncərədən çıxarıb mənə sataşırlar. O zaman dəbdəydi belə şeylər. Bilmirəm, indi də küçədə qızlara sataşırlarmı? Sataşsalar da daha yəqin ki, məzmun dəyişib. O zaman başqaydı... Məsələn, iri ZİL maşınından biri başını çıxardıb irişir: “gözəlsən e gözəl”,“bəh-bəh incəbel gözəl piyada gedir”.  Başqa birisi: “sənə əziyyət olar piyada getmək, gəl gedək” və yaxud,  “asta yeri, ayağını daş əzər” və s. və ilaxır.

Bir tərəfdən ünvanı tapa bilməmək qorxusu, həyəcan, sürücülərin  atmacaları, bir tərəfdən  də isti... Əməlli- başlı tərləmişəm, paltarım bədənimə yapışıb.

Xeyli piyada yol gedirəm, az qala küçənin başına çatıram. Amma mənim axtardığım ağ darvazalı zavod yerində yoxdur. Əgər  o zavod tapılmasa, axtardığım ev dünyasında tapılan deyil! Buralarda olmalıydı axı... Elə bil heç yerli-dibli olmayıb. Nə qədər baş sındırıram, istiqaməti düz tuta bilmirəm. Küçədə bir nəfər adam da yoxdur söz soruşmağa. Artıq özümdən şübhələnirəm. Bəlkə qayıdanda avtobusun nömrəsini düz oxumamışam, fikirli-fikirli qaçıb minmişəm. Özümü  o ki var danlayıram: “Axmaq, qanmaz, yaddaşsız! Hələ bu ağılla universitetdə oxumaq istəyirsən. Bir ünvanı yadında saxlaya bilmirsən. Monqol...”

Daha irəli getmirəm, dayanıb gözləyirəm. Aha, qarşıdakı döngədən çıxan oğlan mənə tərəf gəlir. Gəlib çatanda düz qarşısında dayanıram, birbaşa yolunu kəsirəm.  Ortabab, yaraşıqlı oğlandır, yəqin ki, məndən 5-6 yaş böyük olar. İndiki kimi yadımdadır, əynində ağ köynək var, yuxarıdan 3 düyməsi açıqdır. Qollarını yarıya qədər çırmalayıb. Qara  şalvar geyinib, hələ tuflisinin rəngi də yadımdadır. Ağıllı sifəti var, adam beləsindən nəsə pis hərəkət gözləmir. Bəlkə də Allah yetirib bunu mənə. Qırımımdan görür ki, sözlü adamam, dayanıb nə deyəcəyimi gözləyir.

Birbaşa axtardığım ünvanı soruşub vəziyyəti başa salıram.

Oğlan məni başdan-ayağa süzür, bir qədər duruxur, çətin bir riyazi məsələni həll edirmiş kimi fikirləşir, sözlərimi təkrarlayır:

-Ağ qapılı zavod... Yanında balaca həyət evləri. Sonra o tərəfə doğru  istiqamət...

Onun belə çox fikirləşməyinə görə ünvanı tapa bilməyəcəyindən qorxuram. Həm də qorxuram  ki, birdən çıxıb gedər, tək qalaram bu çölü-biyabanda. Tez dillənirəm:

-Balaca evlərdir,  köhnə, bozarmış hasarları var, divarlardan üzümlər sallanıb.

Oğlan  diqqətlə üzümə baxıb gülümsünür. Təbəssümü çox qəribədir. Gülüşü  dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey...

Birdən qoluma toxunur.

-Gedək,  deyəsən tanıdım, irəlidədir.

Sakitcə onun ardınca düşüb  dabanbasma gedirəm. Oğlandan, daha doğrusu dabanından elə yapışmışam ki, indi lap dünyanın o başına da getsə ardınca gedəcəm, başqa əlacım yoxdur. Yol gedə-gedə durmadan  ünvanı başa salıram:

- Ağ darvaza, iri çənlər, balaca həyət evləri...

Oğlan məni ardınca çəkib aparır, bir adam güclə yeriyə bilən dar səki ilə gedirik. Yoldan ötən maşınlar bu dəfə vıyıltı ilə yanımızdan keçib gedirlər. Küçənin başına kimi gedirik. Ağ darvazadan bir nişan yoxdur ki, yoxdur! Nəfəsimizi dərib yenidən irəliləyirik. Nəhayət uzaqdan zavod görünür. Başı göyə ucalan enli, qara boruları da var. İrəli keçib addımlarımı yeyinlədirəm. Oğlan da arxamca gəlir. Zavodun qarşısına çatırıq. Yox, bunun qapısı ağ deyilmiş, boz mavi rəngdədir. Oğlan bildirir ki, bu ərazidə bir neçə zavod var. Köhnə neftayırma zavodlarıdır, hamısı da bir-birinə bənzəyir.

Küçəni o biri üzə keçməli oluruq. Yolu  keçəndə oğlan əlimdən bərk- bərk yapışır, məni maşınlardan qoruyur. Ürəyimə heç nə gətirmirəm. Eləcə dost kimi, himayədar kimi əlimdən tutub. Küçənin o üzündə əlimi geri dartıram. Deyəsən xoşuna gəlmir, amma etiraz da eləmir. Tərslikdən hava dəhşət istidir, sanki göydən od yağır, həm də çox yorulmuşuq. Bir qədər aralıda altında köhnə taxta oturacaq olan yaşıl  yarpaqlı ağac görünür. Oğlan bu dəfə qolumdan tutub ağaca tərəf çəkir. Bu yerdə ağlıma xoşagəlməyən fikirlər gəlir. Nə qədər olmasa tanımadığım adamdır. Amma etiraz da edəmmirəm. Ağacın kölgəsindəki ensiz balaca oturacaqda diz-dizə söykənib əyləşirik. Diz-dizə əyləşməyimdən bir qədər narahat oluram. Bir tərəfdən də oğlan oğrun-oğrun məni süzür, sıxılıram. Nəfəsimizi dərib sərinlənirik. Oğlan ehmalca  əlimi ovcuna alır. Bu dəfə sərt hərəkətlə əlimi geri çəkirəm və  qaşqabağımı töküb ayağa qalxıram. Oğlan da ciddiləşir:

-Bəlkə yaxşı fikirləşəsən, başqa nə vardı evinizin yaxınlığında?

Daha heç nəyi  yadıma sala bilmirəm. Ağlamaq istəyirəm.

Yenidən bərabər addımlayırıq. İkimiz də susmuşuq. Oğlan qaşqabaqlı görünür, məndən irəli düşüb gedir. Üzünü mənə çevirmədən soruşur:

-Sənin adın nədir?

Adımı söyləyirəm. Sonra o adını deyir: Əhməd, Cəmil, Murad... Nəsə anlaya bilmirəm. Bir tərəfdən külək başlayıb, o biri tərəfdən  sanki qulaqlarım tutulub. İrəlidə  köhnə bir qəbiristanlıq görünür. Yadıma düşür ki, bu qəbiristanlığın yanından bir-iki dəfə  keçmişəm. Sevindiyimdən az qalıram qaçıb köhnə başdaşlarını qucaqlayım.

-Görmüşəm, bu qəbiristanlığı, görmüşəm, buradan keçmişəm, ev o biri üzdədir-ucadan dillənirəm. Oğlan da mənimlə bərabər sevinir, üzü işıqlanır.

-Aha, görmüsənsə deməli buralardadır, indicə tapacağıq.

Qəbiristanlığa tərəf yeriyirik. İri, xırda, düz, əyri başdaşları uzaqdan adamın üzünə  dirənir. Başdaşlarının bəziləri yerə yıxılıb, bəziləri yarıyıxılıdır. Amma məlum olur ki, qəbiristanlığın o biri küçəyə çıxışı yoxdur. Deyəsən, heç başqa yerə də çıxış yoxdur burdan...

Oğlan barmaqlarını qatlayıb hesablayır, əməli-başlı baş işlədir:

-Deməli, qəbiristanlığın o biri tərəfindən keçmisən, sonra geri qayıtmısan. Sonra... Bəs niyə tapa bilməyək axı? Əgər sən deyən yerdədirsə, elə buralarda olmalıydı.

Qəbiristanılığın yanında bir qədər o tərəf -bu tərəfə fırlanırıq.

Birdən qəbirlərin arsından yaşlı, arıq, beli əyilmiş bir kişi çıxır, daha doğrusu, peyda olur. Kim bilir, bəlkə də nə vaxtsa ölmüşdü, elə indicə dirilib. Kişi iri, bulanıq gözlərini üzümüzə zilləyir, sonra birdən biədəb söyüşlərlə bizi söyməyə başlayır:

-Əxlaqsızlar, pozğunlar, dingildəşməyə sanki  yer tapmırlar. Qəbiristanlığı xəlvət görüblər, gəlib burda görüşürlər. Sizin...

Yaman pərt oluruq. Oğlan  kişiyə yaxınlaşıb  başa salmaq istəyir ki, məsələ o deyən kimi deyil. Kişi daha da qızışır, səsini ucaldır. Oğlan da əsəbləşib səsini qaldırır.

Bu anda bir milis işçisi bizə yaxınlaşır. Bilmirəm  bu adamsız yerdə o hardan çıxdı?  Necə xəbər tutdu? Hələ də qaranlıqdır mənə. Kişi  milisi görüb daha da bərkdən söylənir, haqqımızda, daha doğrusu  oğlanın haqqında vəkalət qaldırır:

-Sevgilisini yanına salıb bayaqdan burda yüz hoqqadan çıxır. Səhər-səhər də  ikisini qovmuşam, indi də bunlar... Mənə bura nəzarət etməyi tapşırıblar, işimiz gücümüz budur, axşamacan adam qovuruq burdan. Əxlaq deyilən bir şey də olmalıdır  axı...

Milis oğlanı kənara çəkir. Burasını deməyi az qala unutmuşdum. O vaxtlar  polisə milis deyirdilər, indi polis deyirlər. Nə isə, milis oğlanı kənara çəkir. Bəlkə də ikisi yaşıd olarlar. Amma burada milis hökmlüdür, hakimdir. Sualları o verir.

-Adın nədir sənin?

Oğlan əsəbi səslə, hirslə özünü  təqdim edir:

-Əhməd, Cəmil, Murad...

Yenə də əməlli-başlı eşidə bilmirəm. Milis deyəsən bizi məntəqəyə aparmaq istəyir, az qalır ürəyim qırılıb yerə düşsün. Özüm də belə şeylərdə yaman qorxağam.

Oğlan getmək istəmir. Əsəbləşir, əl- qolu ilə nə isə danışır, mübahisə edir, milisi başa salmağa çalışır, hərdən qoluna da girir. Kənara çəkilib  danışırlar. Oğlan məni göstərib nə isə deyir,  bəlkə də məntəqəyə sonra gələcəyini bildirir. Deyəsən, sonda   razılaşırlar.

Gözücu qəbiristanlıq tərəfə baxıram. Kişi yoxa çıxıb, görünür  “vəzifəsini” yerinə yetirib gözdən itib.

Yenə də yanaşı yeriyirik. Oğlan  xeyli pərt görünür, qaşlarını düyünləyib, dodaqlarını bir-birinə sıxıb. Yəqin ki, baş verənlər heysiyyətinə toxunub. Onun ürəyini almağa çalışıram. Bu boyda şəhərdə bu an təkcə güvənc yerim odur.  Qəbiristanlıq gözətçisinin qarasınca söylənirəm, dinmir. Sonra milisin nə dediyini soruşuram,  cavab vermir. Eləcə qaşqabaqlıdır. Üzündə tutqun kölgələr dolaşır. Bu saat razıyam əlimdən tutsun, istəyir heç buraxmasın, lap qoluma girsin. Təki bircə dəfə gülümsəsin. Qəsdən qolumu qoluna toxundururam, əhəmiyyət vermir. Bir qədər ondan irəli keçirəm, dayanıb üzünə gülümsünürəm, yenə də əhəmiyyət vermir. Özümü böyüklərin ciddiyə almadığı uşaq kimi hiss edirəm. Küsülü adamlar kimi yeriyirik. Bir qədər getdikdən sonra uzaqdan başqa bir zavod görünür.

-Odur, oradır, - qışqırıram. 

Addımlarımızı yeyinlədirik.

-Oradır, yüz faiz oradır, evimizi də görürəm.

Oğlan da zavodu görür, rəngi açılır. Gülümsünür. Təbəssümü dodaqlarından başlanıb sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey...  Əlimdən tutur. Bu dəfə əlimi geri çəkmirəm, eləcə əl-ələ tutub gedirik.

-O biri imtahanda gəlib səni özüm aparacam. Saat 9-da evin yanındakı dayanacaqda gözləyəcəm. Qayıdanda da özüm götürəcəm.

Dinmirəm.

Birdən  zavodun qarşısında var-gəl edən xalaqızının ərini görürəm. Üz- gözündən hirsli və narahat olduğu görünür. Özümü itirirəm. Əlimi oğlanın əlindən çəksəm də artıq gecdir. Oğlan bir şey anlamır, əyilib qulağıma nəsə demək istəyir.

Xalaqızının əri başımızın üstünü alır.

Əvvəl mənə təpinir:

-Bu vaxta kimi harda qalmısan? Bu oğlan kimdir?

-Azmışdım...

Sonra oğlanın qarşısına keçir, qəzəblə onu süzür. Adın nədir sənin?

-Əhməd, Cəmil, Murad...

Həyəcandan  yaxşı anlaya bilmirəm.

-Bu qızı hardan tanıyırsan?

-Yolu azmışdı, kömək etmək istədim.

Xalaqızının əri kükrəyir.

-Mənə gəlmə, mən səninçün dünənki uşaq deyiləm. Şəhərdə böyümüş adamam. Yolu azmışdı, ürəyin dözmədi qızın əlindən tutdun, əl-ələ verib gəlib  buranı tapdınız...

Az qalıram deyim ki,  elədir, eləcə dediyin kimidir.

Xalaqızının əri sakitləşmir:

-Bu qızı yiyəsiz görmüsən?

Ürəyim bərk-bərk döyünür. Şəhərdə qalmaq, yerləşmək ərəfəsində xalaqızının ərinin yanında inamını itirmək də az iş deyil. Hələ bunun kəndə xəbər çatmağı, hökm çıxarılmaq filan da ola bilər. Az qalıram havalanım.

Xalaqızının əri oğlanın yaxasından yapışır. Sifəti o qədər qəzəblidir ki, əyilmiş görünür, baxmağa qorxuram. Gözlərimi yumuram. Nə isə tıqqıltı, xışıltı, sillə səsləri eşidirəm. Lap hind filmlərindəki kimi... Düşünürəm ki, dəhşətli davanın ortasında oğlan qəflətən irəli atılıb xalaqızının ərinin yaxasından yapışacaq, qaldırıb yerə çırpacaq. Film davam edəcək. Sonra oğlan mənim əlimdən tutur, kaskadyorlar kimi divarın o üzünə atılırıq. Çıxıb gedirik dünyanın o biri üzünə.

Gözlərimi  açıram. Sakitlikdir, üzü-üzə dayanıblar. İkisinin də paltarı əzik-üzük və tozludur.  Oğlan gözlənilmədən xalaqızının ərinin qarşısına keçir:

-Bağışlayın, üzr istəyirəm. Təsadüfən  belə alındı... Üzr istəyirəm.

Oğlan özünü nədəsə günahkar bilir, yaxud da xalaqızının ərini yumşaltmaq istəyir. Bəlkə də məni düşünür, vəziyyətdən çıxartmağa çalışır. Hərçənd ki, bu versiya sonralar ağlıma gəlib.

Deyəsən xalaqızının əri də xeyli yumşalıb. İrəli düşüb evə tərəf gedir və mənə əmr edir:

-Gəl ardımca!

Dönüb  gözucu oğlana baxıram.

Oğlan yolu o biri üzə keçməyə hazırlaşır. Son anda baxışırıq. O, yenə də gülümsünür. Gülüşü dodaqlarından sifətinə yayılır, dünyaya ərk etmək, yaxud da meydan oxumaq, günəşə baxıb gülümsəmək kimi bir şey...  Anidən mənə əl edir və uzaqlaşaraq gözdən itir. Mən onu bir daha görmürəm.

Bu hadisədən sonra bir müddət onu xatırlayıram, Ağ darvazalı zavodun qarşısından, evin yaxınlığındakı dayanacaqdan keçəndə gözüm axtarır. Hələ deyəsən bir müddət fikir çəkib qüssələnirəm də. Sonra tamamilə unuduram.

Amma hərdən yaddaşımın  hansısa küncünə qonmuş, artıq çoxdan toz basmış, lazımsız, dəbdən düşmüş  lent kimi kənara atılmış  o hadisəni xatırlayanda yenə də ağlımdan  mənasız bir fikir keçir: görəsən o oğlanın adı nə idi? Əhməd, Cəmil, Murad?

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

 

 

 

Cümə, 26 Sentyabr 2025 17:33

Soyuq şimalda vətən həsrətiylə

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qürbətin üzü həmişə sərt olur. Sən orada hətta ən yaxşı karyera, güzəran qursan belə, yenə ürəyin rahatlanmaz, vətən həsrəti içində qövr edər. Görkəmli bəstəkar Adil Bəbirovun taleyi buna sübut deyilmi?

 

Adil Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olub. Tələbəlik dövründə fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazıb.

O, hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərib.

1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti çəkib. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alıb. Hətta sonata sonradan simfonikləşdirilərək, müəllif tərəfindən partitura şəklinə salınıb.

1968-ci ildə isə «Azərnəşr» bəstəkarın fortepiano ilə oxumaq üçün nəzərdə tutulan 4 mahnısının klavirini nəşr edib. Albomun ilk səhifəsi «Mən anayam» adlı mahnı ilə başlanır. Fikrət Qocanın kiçik, sadə bir şeirinə yazılan mahnı kuplet formasında olub, zəngin harmonik müşayiətlə, oxuyanın axıcı, süzgün və lirik ifasını birləşdirirək yeni mənzərə yaradır. Kiçik bir şeir parçasında bəstəkar musiqinin ifadə vasitələrindən, bacarıqla istifadə edərək lad yönəlməsindən də bəhrələnə bilib.

«İlk addımlar» adlanan digər mahnı isə Şüştər ladından başlayaraq tədricən Segah ladına gəlib və qısa müddət, bir neçə xanədən sonra dalğavari hərəkətlə yenidən, əvvəlki pilləyə keçib. Vals ritmində yazılan «Yollar» mahnısının melodiyası və harmonik dili elə bir tərzdə yazılıb ki, klassik harmoniyaya, Avropa musiqisində işlədilən triton intervalları, majoro – minor akkordları, ikiqat dominanta, nonakkordlar üstünlük təşkil edir. Linear və adi keçici akkordlar, ləngimədən sonra həll olunma və s. geniş tətbiq olunur. Dalğavari xətlə inkişaf edən melodiya müxtəlif tonallara elliptik dövrə edərək əvvələ qayıdır.

Vokalı yaxşı duyan bəstəkar kantilena yaratmaqla, oxumaq üçün əlverişli gəzişmələrdən və mahnı mətnində ən yaxşı səslənən saitlərdən istifadə edir. Mahnıda Azərbaycan ladlarına xas olan kadansvari melizmlər işlədilməklə ona ustalıqla milli don geydirilib. Bu kiçik mahnı məcmuəsi, şair Yusif Həsənbəyin sözlərinə yazılmış «Xoşbəxt olsunlar» nəğməsi ilə tamamlanır. Kuplet formasında yazılan mahnı Segah ladının pərdələrinə toxunur.

Bəstəkarın səhnə əsərləri arasında dram tamaşalarına yazdığı musiqi, eləcə də «Yer tutanlar» müzikli musiqi ictimaiyyətinə yaxşı tanışdır. Müzikl musiqili komediya teatrında 1982-ci ildə səhnəyə qoyulub, 1984-cü ildə isə «Melodiya» səsyazma firması tərəfindən iki valdan ibarət alboma yazılıb. Bu dövrdə yazılan musiqi əsərləri arasında «Kamera orkestri üçün 5 pyes» (1983), «Balet süitası» (1984), Səməd Vurğunun «İnsan», Bəxtiyar Vahabzadənin «İz qalır» pyeslərinə yazılmış musiqi bəstəkar yaradıcılığının maraqlı səhifələrindəndir.

Adil Bəbirov pedaqoq kimi də fəaliyyət göstərib. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitet) musiqi kafedrasında alətşünaslıq dərsləri aparıb. Bu dövrdə bəstəkar teleradio şirkətində də səs rejissoru kimi çalışıb. Sənətdə yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətinə verdiyi töhfələrə görə bəstəkar, 1989-cu ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Kino musiqisi sahəsində məhsuldar işləyən Adil Bəbirov 12-yə dək filmə musiqi bəstələyib.

Bu sırada «Oxu tar» (1968), «Sevinc» (1968), «Azərbaycan ipəyi» (1972), «Pəncə..qulaq..palaz..tikan.» (1976), «Bağda rahat yer» (1978), «Sağ ol, dostum» (1980), «Böyük anda sadiqik» (1981), «Ekskursiya» (1991), «Yurd yeri» (1994-97), «Cümhuriyyət generalları» (2006), «Bağ yerində» kimi filmlər misal göstərilə bilər. Bəstəkarın Qarabağ torpağından məcburi köçkün düşən insanların real həyatını əks etdirən, «Yurd yeri» televiziya tamaşasına yazdığı musiqi onun son vaxtlarda yazmış olduğu əsərlərindəndir.

 

Filmoqrafiya

1. Oxu, tar

2. Sevinc

3. Azərbaycan ipəyi

4. Pəncə... Qulaq... Palaz... Tikan...

5. Bağçada Rahat Yer

6. Sağ ol, dostum

7. Böyük anda sadiqik

8. Ekskursiya

9. Yurd yeri

10. Qu quşunun məhəbbəti

11. Yurd yeri 2

12. Cümhuriyyət generalları

13. Bağ yerində

 

Video

İslam Rzayev - Bilirsən özün

Akif İslamzadə - Görüşə gəl

İlhamə Quliyeva - Könlümüz

Elxan Əhədzadə - Yaşa Qarabağım

Yaşar Səfərov - Yollar

Elmira Rəhimova - İncitmə məni

Elmira Rəhimova - Oyan

Elmira Rəhimova - Ana laylası

Elmira Rəhimova - Mən anayam

Şövkət Ələkbərova - Həyat eşqi

 

Daha sonra Azərbaycan SSR Əməkdar incəsənət xadimi Adil Bəbirov Azərbaycanı tərk edərək Kanadaya köçüb. 26 sentyabr 2021-ci ildə ömrünün son illərini yaşadığı Kanadanın Toronto şəhərində xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.

 

Vüqar Nemət

Kəleybər

 

İNSAN HEÇ NƏYƏ BƏNZƏMƏZ

 

İnsan heç nəyə bənzəməz yavrum mənim

Gülü, güldür

Tikanı, tikandır dünyanın.

Amma insan

Özünə belə bənzəməz.

Baxarsan

Adam kimi adam

Əl uzadsan yanar əllərin

Yaxınlaşsan ürəyin üşüyər!..

 

Qış, qışdır

Yaz da yazdır, bilirsən.

Yaz

İnsan heç nəyə bənzəməz mənim gülüm

Hər şeyə bənzədiyi kimi!.. 

 

“Ədəbiyyat  və incəsənət”

(26.09.2025)

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1.

Nikita Xruşşov Stalindən sonra hakimiyyətə gəlincə, Stalinin cinayətləri haqqında məşhur çıxışlara başlayır, çıxışların birini edərkən, zaldan kimsə qışqırır:

 -Yoldaş Xruşşov, bu qədər günahsız insanlar öldürülərkən bəs siz harada idiniz?

 Xruşov sakitcə zala baxaraq soruşur:

 -Bunu kim dedi, ayağa dursun!

  Zalda böyük sükut yaranır və heç kəs qalxmır. Belədə Xruşov deyir:

 -Hə, qorxursunuz? Mən də beləcə, sizin kimi  qorxurdum.

 

2.

Bir dəfə Stalin Plan komissiyasının sədri Baybakovla söhbət zamanı deyir:

-Nazirin gərək öküz kimi möhkəm əsəbləri olsun.

Stalinin işgüzar söhbətlərdə yaltaqlığı sevmədiyini bilən Baybakov ona etiraz edir:

-Yoldaş Stalin, yalnız korridada öküz əsəbi və hirsli olur!

Stalin gözlərini qıyaraq, qəlyanını ehmalca onun çiyninə vura-vura deyir:

-Yoldaş Baybakov, əgər sizi həmin o öküz kimi iki gün, iki gecə ac və susuz qaranlıq tövlədə saxlasalar, sonra da neçə min tamaşaçının qabağına buraxıb, dörd bir tərəfdən bizləməyə başlasalar, siz əsəbi olarsınız, ya yox?!

 

3.

Ukraynanın kənd təssərüfatı komissarını hesabat vermək üçün Kremlə dəvət edirlər. O, Stalinin qəbulunda soruşur:

- Yoldaş Stalin, ətraflı məlumat verim, yoxsa qısa?

Stalin cavab verir:

- İstəyirsən ətraflı danış, istəyirsən qısa məruzə et, bu sənin öz işindir. Ancaq nəzərinə çatdırıram ki, sənin cəmi üç dəqiqə vaxtın var.

 

4.

Stalin eşq yaşadığı dul qadın Matrena Kuzakovadan olan oğlunun adını Konstantin qoymuşdu.

Konstantinin Stalinin oğlu olması onu 1947-ci ildə həbsdən xilas edib. “Atom casusluğu”nda ittiham olunan Konstantinin adı Beriyanın hazırladığı günahkarlar siyahısında olsa da, o həbs olunmayıb.

 

5.

Stalinin yaxın münasibətdə olduğu insanlardan biri olan Papanin özünə ikimərtəbəli dəbdəbəli bağ evi tikdiribmiş. Papaninin bu “qudurğanlığı” dərhal Stalinə çatdırılmışdı və o, bu dəbdəbəni öz gözləri ilə görmək istəmişdi. Bunun üçün özünə xas olan hiyləyə əl atmışdır. Rəsmi görüşlərin birində Papanini yanına çağıraraq demişdir:

-İvan Dmitriyeviç, axı siz qonaqpərvər adamsınız, bəs məni niyə bağınıza qonaq çağırmırsınız?”

-Mən buna xoşbəxt olardım, yoldaş Stalin, lakin Siz elə məşğulsunuz ki...-deyə Papanin əl-ayağa düşmüşdür.

Ertəsi gün Stalin ev sahibinun müşaiyəti ilə dinməzcə bağı gəzdi, hər iki mərtəbəni nəzərdən keçirdi və bir söz söyləmədən, qaşqabaqlı maşının yanına qayıtdı və əyləşərkən bunu dedi:

-Əla bağdır.Yaxşı uşaq bağçası olardı.

Papanin arif adam idi. Artıq, ertəsi gün səhər bütün sovet mətbuatı qütbçü Papaninin öz bağını sovet balalarına hədiyyə verməsindən yazırdı.

                                                                Mənbə: Hikmət Akademiyası

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

Cümə, 26 Sentyabr 2025 16:06

Anar, “Bakı küçələri”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

BAKI KÜÇƏLƏRİ

 

 Bakının küçələri –

 Ömrümün gündüzləri, ömrümün gecələri.

 Bir-birinə calasan – ömrümün yolu olar.

 Ötüb keçən günlərlə

 Lim-həlim dolu olar.

 O küçənin tinində

 Sevgilimlə ilk görüş,

 İlk nəvaziş, ilk öpüş.

 Atamın tabutunu, anamın tabutunu

 Çiynimdə apardığım

 Küçələrin matəmi.

 Dostların təsəllisi,

 Dərdlərimi ovudan

 İllərimin məlhəmi.

 Harasa tələsdiyim, harasa gecikdiyim

 İş yerin dəyişdiyim,

 Kimnənsə deyişdiyim

 Təsadüfi görüşün

 Qəfil sevincdən payı

 Qarlı, sazaqlı qışı,

 Yandırıb yaxan yayı.

 Belə deyib babalar:

 “Hər aşığın dövranı var”.

 Görünür, hər küçənin

 Özünün novrağı var.

 Küçələr də dəyişir,

 Bir gün qeyb olur, itir

 Ağaclar da quruyur,

 Təzə ağaclar bitir.

 Yadlaşmış küçələrdə

 Göydələn binaların

 Günü örtür kölgəsi.

 Yabançı danışığın,

 yabançı musiqinin

 qulağımda yad səsi.

 Küçələr də təklənir,

 küçələr də qocalır.

 Mənə elə gəlir ki,

 Şəhərimin bu günü

 Dünənindən öc alır.

 Tanış küçələrin də

 indi adı başqadır.

 Həyatın dadı qaçıb,

 Ya da dadı başqadı.

 Küçələrdən keçdikcə

 Ayaqlarım yorulur.

 Küçələrgəzmək

 Hər gün daha zor olur.

 Son dəfə küçələrdən çiyinlərdə gedəcəm,

 Bilməm neçə yaşımda.

 Kim bilir, bəlkə qaldım

 Bir köhnə küçənin də

 vəfalı yaddaşında…

                               10 oktyabr 2010

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

Cümə, 26 Sentyabr 2025 15:40

DAŞLARIN NAĞILI

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

         Kimdir başlığı oxuyub “Daşların da nağılı olar?”, - deyən!? Niyə olmür ki?!  “Daşdəmirin nağılı” ola bilir, daşların nağılı ola bilmir?! Daşların o qədər nağılı var ki! Günlərlə dinləsən, qurtarmaz. Amma mən o nağılları danışmayacam sizə. Daşlar haqqında öz nağılımı danışacam. Əfsanəvi yox, daha çox realist nağıllardan olacaq mənim nağılım. Ola bilsin ki, ara-sıra qarışdırdım. Amma siz bənd olmayın, ötüb keçin. Yazının janrını müəyyənləşdirmək də sizə qalıb. Mən onu nağıl adlandırdım. Nə isə, keçək nağılımıza və ənənəvi qayda da başlayaq.

 

Deməli, biri varmış, biri yoxmuş torpaq olan hər yerdə çoxlu daşlar varmış. Hələ də var. Bizim kimi onların da anası torpaqdır. “Doğma torpaq” dediyimiz torpaq. Daşların bir hissəsi anaları torpağın qoynuna sərələnmiş, əbədi sükuta qərq olmuşlar. Sanki yorğunluqdan daş kimi düşüb yatıblar. Lap bar gətirmiş daş zəmisinə bənzəyirlər. Biz bu zəminin barını-qəribə, cürbəcür böyüklükdə, cürbəcür rəngdə və formada olan daşları hər gün görürük.

Amma görə bilmədiklərimiz də var. Çünki çoxu hələ analarının bətnindədir, işıqlı dünyaya gəlmək üçün gözləyirlər. Amma hamiləlik dövrü bizdəki kimi doqquz ay yox, min, milyon illər çəkir. “Doğuşları” qorxulu nağıllara oxşayır, çox böyük nərilti, gurultu qopararaq gəlirlər. “Mamaçaları” əsasən zəlzələ, vulkan, partlayış, tufan, uçqun, sel, daşqın, daha nə bilim nələr olur. Bax, belə hay-küylə dünyaya gəlir, özlərini tanıdandan sonra ad alırlar. Yaşamağa, işə-gücə yarımağa başlayırlar. Amma yaman çox yaşayırlar, çox uzun ömürlü olurlar. Təsadüfən “ölürlər”. Elə bil ki, “Ölməz Kaşşey”dirlər.

         Vətənləri göylərdən başqa, torpaq olan hər yerdir. Axı, onları torpaq “doğur”. Birdə ki, “göy üzü daş saxlamaz” ki. Nə qədər yuxarı qalxsalar da, yenə torpağa düşürlər-analarının qucağına qaçırlar.

Yurd yerləri həm bizim qalaktika, həm də bizə məlum olmayan qalaktikalardır. Məmləkətləri bizimkindən milyon dəfələrlə böyükdür. Məskənləri təkcə torpağın üstü deyil,  həm də onun ən dərin qatları, okeanların dibi, dağların ən uca zirvələridir. Biz olmayan və ola bilməyən hər yerdə onlar var.

Çox, amma çoxxx yaşlıdırlar, ey. Nəinki əcdadlarımızdan, onların ulu babalarından da əvvəl var olublar. Əcdadlarımızın əcdadlarının dünyaya gəldiyi günü bilirlər. Şairin söylədiyi kimi, “İnsan yoxkən daşlar olub, yer üzünün vətəndaşı”.

         Peyda olduğumuz gündən bizi çox istədilər. Bütün digər varlıqlardan çox istədilər. Hamımıza eyni gözlə baxdılar. Heç rəngimizin, cinsimizin, dilimizin və dinimizin fərqli olmasına da bənd olmadılar. Öz evlərində - mağaralarında ulularımıza sığınacaq verdilər. Əcdadlarımızı məhv olmaq təhlükəsindən xilas etdilər. Düşmənlərdən, vəhşi heyvanlardan, soyuqdan, istidən qorudular onları.    Mərdlik, dözüm və cəsarət öyrətdilər, M.Araz demişkən, yaşamaq üçün “daş ayaqlı, daş əlli” olmağa məcbur etdilər. 

Top, tank, qrad mərmilərinə dönüb düşmənə atılan daşlarımız oldular. Qaraca Çobanın üç yaşar dana dərisindən olan, hər atanda on iki batman daş atan sapandına yoldaş oldular, mələküzlü Şeytana atılmalarına belə etiraz etmədilər. Bu daşlar, daş nizələr və oxlar dəyən düşmənlər “daş dəymiş ayı kimi bağraraq” qaçdılar, ya da cəhənnəmə vasil oldular.

         Bizim üçün elədikləri bunlarla qurtarmadı. Xəstələnəndə dərdimizə dərman da oldular. Öz sehrli güclərini işə salıb ölməyə qoymadılar bizi. Əsəb xəstəliyi olanlarimiz zümrüd daşı gəzdirdilər. Özünə qapananlarımız yaqut və sapfir taxdılar. Ürək tutması olanlar mirvarıdən, zəhərlənənlər zümrüddən, baş və göz ağrısından əziyyət çəkənlər kvarsdan ikiəlli yapışdılar. Malaxit onları kədərdən, qəmdən uzaqlaşdırdı, keçmişlə bağlı peşimançılıqlarını unutdurdu. Qanaxmanı dayandırmaq, xərçəngi müalicəsi etmək üçün opal daşından,qorxu hissi yaşayanlar yaqut, yaşıl, sarı və adi sapfirdən, doğuşunəziyyətsiz keçməsi üçün təbii aqat ametisdən yararlanmağa, 12 xəstəliyin dərmanı olan firuzədən və s. istifadə etməyə başladılar.  Dahi təbib İbn Sina kəhrəbanın köməyi ilə dabanlardakı çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə etdi. Nəsirəddin Tusi isə kəhrəbanın tozunu çaya və ya suya qataraq içməyi məsləhət gördü. 

Mirvari müdriklik gətirdi, zümrüd bədəni və ruhu təmizlədi, gül rəngli kvars sevgi yaratdı, qara almaz və şələ daşı cəsarət oyatdı. Əqiq daşı Peyğəmbəri “Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən, bəd nəzərdən, pisliklərdən uzaq olarsınız”, - deməyə məcbir etdi. Bu gün də daşlarla müalicə - litoterapiya davam edir. Onu bəzən XXI əsrin təbabəti də hesab edirlər.

Yenə bitmədi. Daşlardan qalalar, qəsrlər, qüllələr, türbələr, heykəllər  ucaltdıq. Kəndlər, şəhərlər saldıq, yollar çəkdik, səkilər, pilləkənlər qurduq, evlər tikdik. İndi də tikirik. Hələ çox illər də tikəcəyik. Çünki həsrətlə divarlara qoyulacaqları günü gözləyən gözəl daşlarımız çoxdur.

Elədikləri bunlarla da qurtarmadı. Bir vaxtlar ulu babalarmız öz keçmişlərini “daş fırçayla daşlara çəkib”lər. Tariximizin şahidi olan həmin daşlar əcdadlarımızın tarixini qasid kimi günümüzə çatdırıblar, hələ də çatdırırlar. Çox vəfalı və etibarlıdırlar. Min illər bundan əvvəl əcdadlarımızın onlara əmanət etdiklərini olduğu kimi əmanətçilərə yetirirlər. Bu gün Göytürk (Orxon-Yenisey), Qlozel, Saymalı, Qobustan-Gəmiqaya, daşdan yapılan daşbaba, daşnənə, bəngüdaş, daşat, daşqoç kimi plastik daş fiqurlar və yer kürəsinə səpələnmiş minlərlə digər kitabələr türkün daş yaddaşına çevrilərək, tariximizə güzgü tutur, onu dananların başına daş kimi düşür. Həmin daş kitabələr nələrdən xəbər vermir, nələrdən…”Daşlaşan, torpaqlaşan ulu babalarımız” nə çətinliklərdən keçiblərmiş, nə qəhrəmanlıqlar göstəriblərmiş! Nə gözəl öyüd, nəsihət göndəriblər bizə! Bizlə babalarımızın dilində danışan, şanlı tariximizi bizə yenidən yaşadan, ulularımızın öyüdlərini günümüzə çatdıran daşlara, daş kitabələrə eşq olsun! Əbədi olsunlar! Yaşasın daş-insan dostluğu!

Daşların etdiklərini saymaqla qurtarmaz. Çörəyimizin unu üçün dəyirman daşı da oldular. Ta nə etsinlər bizim üçün daşlar?! Bir sözlə, yarandığımız gündən daş bizimlə bir yerdədir, bizə sadiqdir, bizə gərəkdir.

Bəs biz daşlar üçün nə etdik? Biz də az şey etmədik onlar üçün. Çox sevdik onları, ən azı onlar bizi sevən qədər. Hələ səmavi dinlər yaranmamışdan əvvəl öz Allahlarımızı və totemlərimizi daşdan yapdıq. Onları ziyarət daşı edib, yanaqlarından öpdük. O qədər sevdik ki, əzizləyə-əzizləyə vətən, qarın, soy, silah, yurd, sirr kimi sözlərimizə qoşub özümüz kimi vətəndaş (vətən daşı) adlandırdıq, özümüzə qardaş, soydaş, silahdaş, yurddaş, sırdaş hesab etdik. Bizə ad qoyduqları kimi, biz də Dədəm Qorqud sayağı “elədikləri qəhrəmanlıqlara” uyğun olaraq onlara ad qoyduq: elçi daşı, çəki daşı, qaval daşı, fəlsəfə daşı, sevgi daşı, uğur daşı, böyrək daşı, övlad verən daş, dekorativ daş, daş kitabə, dəyirman daşı, çaxmaq daşı, mişar daşı, çay daşı, cadu daşı, sehirli daş, ziyarət daşı, qara daş …və baş daşı.

“Balalarını” onlardan ayrı düşməyə qoymadıq. Hə, hə, balalarını. Uşaq vaxtı nəhəng boz, girintili-çıxıntılı daşları ata, bir az kiçik, sığallı və çox gözəl görünən daşları ana, ətraflarına səpələnmiş kiçik daşları onların uşaqları hesab edərdik. Böyüklərimiz bizə demişdilər ki, o balaca daşları yekə daşların yanından uzağa atan da onların anaları ağlayır, qarğış edirlər. Ona görə bir az uzağa düşən daşları “valideynlərinin” yanına toplayaqdıq ki, ata-analarından ayrı düşüb “ağlamasınlar”. Ağlamamaqları üçün hətta onlarla “Beşdaş” da oynayırdıq. 

Daşa sevgimizdən, məftunluğumuzdan alpinist də olduq. Çılpaq, sal daş qayalara dırmaşıb, onların ismətli qızlar kimi bizdən gizlətdikləri başqa gözəlliklərini də gördük, yenidən valeh olub, vurulduq onlara. Onlara o qədər aşiq olduq ki, şair demişkən, bircə insan düşüncəmizi saxlayıb, taleyimizi daş qayaların taleyinə bağlamaq istədik. “Gəlin qayası”ndakı kimi. Bəzən daş olmaq ürəymizdən keçdi. Sevgililərimizin keçdiyi yollarda “bir daş olmağı” (Ə.Cavad) arzuladıq. Bəzən də özümüzü vətən daşına tay tutub dedik ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”.

Daşları o qədər sevdik ki, onları baş tacımızın, üzüyümüzün, sırğamızın, boyunbağımızın qaşı elədik, başımıza qoyduq, barmağımıza, qulaqlarımıza taxdıq, boynumuzdan asdıq. Bu daşlar üstümüzdə olduqca qürurlandıq, özümüzü dünyanın ən varlı adamı sandıq, lovğalandıq hətta.

Daş sözü dilimizin əzbəri oldu. Yaxşı və ya pis olan çox şeydə o sözdən istifadə etdik. Dərdimizi daşa danışıb yüngülləşdik. Dedik ki, “Dərdimi daşa dedim, daş əridi”. Pis adamlara, yaramaz iş görənlərə  qarğış edəndə  “Səni görüm daşa dönəsən”, “Başına daş düşsün”, “Yolundan daş əskik olmasın”, alqış edəndə “Daş kimi möhkəm ol”, “Daş kimi sağlam ol”, “Daş kimi ol” söylədik. Sirlərimizi qorumaq üçün “Bir daş altda, bir daş üstdə” deyib keçdik. İnsanları birliyə və həmrəyliyə səsləyəndə düşündük ki, “Daş daşa söykənər-divar olar”. Özünə adi umac ova bilməyənlər haqqında “Kəsək oturub daşın gününə ağlayır”, peşimançılıq çəkənlərə “Daldan atılan daş topuğa dəyər” dedik. Yorulub ağır yatan adama “Daş kimi düşüb”, daş ürəkliləri görəndə uzümüzü Yaradana tutub “Daş qəlbli insanları neylərdin, İlahi” söyləmirikmi!?

Daşı əbədilik rəmzi bilib, daşişləmə sənəti icad etdik. Oxşaya-oxşaya onların üzərində sənət əsərləri yaratdıq. Daşların hesabına çapma alətləri ilə qaşov, iskənə, biz və bıçaqlar, hörmə texnikası ilə bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq meydana çıxardıq. Daşlardan daş heykəllər düzəltdik, onların üzərində qrafik yazılar yazdıq, həndəsi və nəbati naxışlar çəkdik. Daşların köməyi ilə tariximizi gələcəyə daşıdıq. Bu daşlar əsrlərdən keçdi, gəldi. Qədim milli-mənəvi dəyərlərimizi təcəssüm etdirdilər.

Daşı müqəddəs sayıb daş kultu oluşdurduq. Onlar haqqında “Daş qız”, “Yada daşı”, “Elçi daşı”, “Oğlanqız daşı” kimi əfasanə və rəvayətlər, “El atan daş dağdan aşar”, “Dağın yaraşığı daşdır, insanın yaraşığı başdır”, “Keçmişinə daş atanı gələcək topa tutar” kimi atalar sözləri, “Daş üzük” və “Daş paltar” kimi nağıllar və “Ergenekon” kimi dastanlar, çoxlu bayatılar və şeirlər (Ə.Kərim: “Daş”, M.Araz: “Daş harayı”, M.Yaqub: “Daş”, A.Cəmil:”Daş haqqında düşüncələr”, R.Rövşən: “Göy üzü daş saxlamaz” və s.), mahnılar (Ay bəri baxbəri bax!” və s.)  düzub qoşduq.

Tarixən nəhəng və iri sal qayalıqların, daşların olduğu yerləri müqəddəs saydıq. Bu daş qayaları və dağları qayınata-qayınana hesab edib, onlara baxanda hörmət və etiram əlaməti olaraq başımıza papaq qoyduq, yaylıq bağlayıb, yaşmaqlandıq.Daşa sığınmaq, daşdan istifadə etmək sonralar düşüncələrimizdə daş pirlərin, ziyarətgahların yaranması ilə nəticələndi. Həmin pirlərə inandıq, onlara güvəndik, ümidlə ziyarət etdik. Oğuzun Kərimli kəndindəki  övlad verən daş ziyarəti (“Qoşa qardaş”) kimi.

Daşlara olan sevgimiz bəzən acgözlüyümüzə də səbəb oldu. Hamısı mənim olsun deyib, kəndləri, şəhərləri viran qoyduq, insanları soyub-taladıq. Onları məhv etdib, xəzinələrimizi həm də qiymətli daşlarla doldurduq. Nənəmiz Nüşabənin İskəndərə dedikləri də bizə dərs olmadı. Anlamadıq ki, daş yerində gözəldir. Heç kəs onu özü ilə o dünyaya apara bilməyib, bilməyəcək də. 

Daş sevgimiz yaşayır, insanlar olduqca da yaşayacaq. İşə bax ki, daşları o qədər çox istəyirik ki, öləndə də onlardan ayrılmaq istəmərik, özümüzə baş daşı etdirik. Onlar da istəyimizi yerə salmayıb, bizim cismən mövcud olmadığımız dövrdəki kimliyimiz olurlar. Bir zamanlar var olduğumuzun, elədiklərimizin, təvəllüd və vəfat tarixlərimizin sübutuna, qəbrimizin ünvanına çevrilirlər.

Nağılımız başa çatmaq üzrədir. Amma indilik göydən üç alma düşməyəcək. Çünki daş-insan dostluğu və yardımlaşması davam edir. Bir teluqu atalar sözündə deyildiyi kimi, daşın və insanın taleyini qabaqcadan demək olmaz. Hələ çox şeylər ola bilər…

Sizlərə isə yeməli alma əvəzinə, daş kimi möhkəm və sağlam olmağı arzulayıram.

Qoy həyat yolunuz həmişə daşsız-kəsəksiz olsun! Yolunuza heç vaxt daş çıxmasın! Özünüz də düşmənlərimizdən başqa, heç kəsin yolunda daş olmayın!

Amma hər şeyə rəğmən Vətən daşını sevin, o bir parça daş da Vətəndir. Qürbətə düşəndə həmin o kiçicik daş üçün də burnumuzun ucu göynəmirmi!?   

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

                                                             

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

RƏŞAD MƏCİD

 

ŞUŞA SEVGİSİ

(“Şuşa dəftəri” silsiləsindən)

 

 

Süzülür dan yerindən tarixlərin işığı –

Dahilər şəhərinin işıqdı yaraşığı!

Şəninə dastan yazır,

                   söz qoşur haqq aşığı,

Əcdaddan paydı, deyir,

                   qoca Şuşa sevgisi!

 

Azərbaycan əsgəri...

                   borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya,

                   tunca Şuşa sevgisi!

 

Çox da qıvrılır yolu;

                   yol piyada, can atlı!

Ün yetməz zirvəsinə çox nəsillər can atdı...

Adında qoşa heca – sanki qoşa qanaddı

Qopmuş körpə dilindən

                   qönçə Şuşa sevgisi!

 

Məlhəmdi çiçəkləri, bulaqlar loğmanıdı,

Heyrət çökən dərələr ucalıq heyranıdı!

İndi onu cahana prezidentlər tanıdır;

Tarix görməyib əsla

                   bunca Şuşa sevgisi!

 

Qalxır hünərli şəhər, olur qızıl dirəkli

Daş deyil hörülən daş məhəbbətdi, ürəkdi!

Çağlayan sevgilərin ilham mənbəyi təkdi –

Ali Baş Komandanın uca Şuşa sevgisi!

 

 

ŞUŞA HAVASININ SİRRİ

 

Ləzzət kimə təndi,

                   dərd kimə tuşdu;

Biri səs qaynadır,

                   biri lal kimi?!

Şuşanın havası hamıya düşmür,

qismət bölünsə də sovqat bal kimi.

 

Hamının üzünü eyni meh öpür,

Hamının qanadlı beşiyi eyni.

Xəzinə, Daşaltı, Kirs dağı – o pir,

Cıdır düzü adlı beşiyi eyni!

 

Bəlkə not yazılıb hər çiçək üçün –

Neyləyək sirrini bilək torpağın?

Səsi, havacatı cücərtmək üçün

münbit olmalıdı ürək torpağı?!

 

Göyünmü, yerinmi töhfəsidir səs,

bilənlər var imiş bəlkə əskidən?

Kaş ki, sağ olaydı – biz bilən əbəs,

sorardıq Firudin Şuşinskidən!

 

Burda torağayın, burda bülbülün,

hər otun çiçəyin öz nəğməsi var.

Adam var oxumaq onunçün zülüm,

di gəl ki, bulağın, çayın səsi var!

 

Hava öz yerində, su öz yerində,

Qocaman muğamat qədimi oddu.

Allah vergisinin kökü dərində,

səsi nizamlayan ilahi koddu!

 

 

ŞUŞADA ADAMLAR

 

Gözlər seyr etməkdən yorulan deyil,

yeri, “Güllü bağ”dan milyon dəfə keç.

Könül qanad çalır, uçur elə bil

elə bil ayaqlar yerə dəymir heç!

 

Kim kimi görürsə,

                   nə xoşdu, - deyir,

Adam uca boylu, inadlı olur.

Yolları enişdi, yoxuşdu deyin

Şuşada qonaqlar qanadlı olur!

 

 

CIDIR DÜZÜNDƏ DAN ÜZÜ

 

Günəşin doğulmağına

Cıdır düzündən baxmaq...

Dağların arxasından,

qıpqırmızı səmadan

haçan görünər deyə

Gözünü

dan yerindən ayırmamaq,

Qaynar təndirdən çıxan

imisti çörək kimi

əlini Günəşə sarı uzatmaq,

Ovcunu,

         barmaqlarının ucunu

         yandıran Günəşin

Qırağından bir loxma kəsmək...

Və təzə çörək kimi

burnunun ucuna tutub

qoxulamaq Günəşi.

Xülyalara qapılmaq,

böyümək,

         ucalmaqdı,

Tanrı dərgahının

varlığına inanmaqdı

Cıdır düzündə durub

Günəşin doğulmağına baxmaq!

 

 

ŞUŞAYA GETMƏK

 

Yollar ağır, cığırlar dik, sıldırım çətin,

Qaya-qaya igidlərin tək adı – MƏTİN!

Şəhid düşən ərənliyin, məğrur qeyrətin

pak ruhunu ziyarətdir Şuşaya getmək!

 

Demə vətən Şirin imiş, Fərhadmış insan,

Lap ölsə də, haqq yolundan dönməz qəhrəman!

Qayaları al qan ilə yazılı dastan,

tükənməyən fəxarətdir Şuşaya getmək!

 

Hər qarışı qədim tarix, müqəddəs yaddaş,

Dərələri dərin fikir, yamacı sirdaş!

Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,

Qəlb qızdıran hərarətdi Şuşaya getmək!

 

Xarıbülbül sevdasına tutuşmaqdımı?

Saf havayla, nur yağışla qatışmaqdımı?

Yaradanın dərgahına yetişməkdimi,

Ya cənnətə səyahətdi Şuşaya getmək?

 

Büllur kimi yanır par-par göyə, yerə bax!

Pərvanəsi olana bax, səməndərə bax!

Cıdır düzü bələnibdi nəğmələrə, bax,

Çal-çağırlı səadətdi Şuşaya getmək!

 

Dahiləri yetişdirib suyu-çörəyi,

Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.

Bəstəsinə təzim üçün Üzeyir bəyin

Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

26.

VƏRDİŞLƏR KOMPLEKSİ

 

Mütaliə mədəniyyəti həmçinin kitabla iş prosesində vərdişlər kompleksidir. Bəs bura nələr daxildir?
• kitabın mövzusunun seçilməsi;
• mənbələrdə düzgün istiqamətlənmək bacarığı;
• mütaliədə sistemlilik və ardıcıllıq, konkret kitabın seçilməsi;
• oxuduğunu mənimsəmək və kitabın məzmununu dərk etmək;
• əldə edilmiş informasiyanı təcrübədə tətbiq və istifadə 
etmək, informasiyanı biliyə çevirmək;
• kitaba, dövri və ardı davam edən nəşrlərə qayğı ilə yanaşmaq;
• kitabla işin düzgün təşkili, gigiyenik qaydalara əməl edilməsi və s.

 

Növbəti: 27.Abituriyentin uğur formulu

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

Rəqsanə Babayeva,

Rejissor,yazıçı, Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru,"Gənclik"xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

“Sandıqdan çıxan ruh”

 

Bir sandığın qapağını açanda oradan təkcə parçalar yox, əsrlərin səsi, nənələrin xatirələri, xalqın yaddaşı çıxır. “SANDIQ” studiyası da belədir – sandıqdan çıxan milli geyimlər bu günün gənclərinə milli kimlik aşılayır.

Hər tikmə, hər naxış, hər rəng bir dastan danışır. Burada geyim geyinən insan sadəcə bəzənmir – o, bir dastanın qəhrəmanına çevrilir. Aşıq olur, sevgi eşidir, milli dəyərlə nəfəs alır.

 

“SANDIQ” bir muzey deyil, yaşayan bir məkandır. Burada geyim – əşya yox, mədəniyyətin toxumasıdır. Və bu toxuma əlvan naxışlarla gələcəyə ötürülür.

Gənc dizayner-modelyer Gülüş Aslanlının layihəsi əsasında Beyləqan rayon Mədəniyyət mərkəzində açılmış “Sandıq” – milli geyimlər studiyasının fəaliyyətin çoxşaxəli spektri vardır.

Bu interyer detallarının fonunda “SANDIQ”ın missiyası daha aydın görünür. Studiyanın fəaliyyəti yalnız geyim tikməkdən ibarət deyil. Burada:milli geyimlər hazırlanır, satılır və icarəyə verilir,xüsusi sifarişlə bədii layihələr üçün kostyumlar tikilir,geyimlərin restavrasiyası aparılır,foto və video çəkilişlər təşkil olunur,təlim və seminarlarla gənclər öyrədilir.

 

“SANDIQ” Milli Geyimlər Studiyası milli yaddaşın sandığıdır. Onun divarındakı təsvirlər – nar, buta, kəlağayı, od, papaq, ağ və qara rəngin kontrastı – xalqın mədəniyyət fəlsəfəsini simvollaşdırır. Onun fəaliyyət spektri isə bu fəlsəfəni yalnız qorumaqla yox, həm də gələcək nəsillərə ötürməklə məşğuldur.

Bir divar rəsmi bu qədər sirr daşıyırsa, studiyanın özündə neçə-neçə gizli xəzinələrin, milli incəliklərin yaşadığını təsəvvür etmək çətin deyil. “SANDIQ” – milli ruhun yenidən doğuluşu, xalq yaddaşının müasir təqdimatıdır.

Bir studiyanın divarında bir təsvir – əlində nar tutan qadın. İlk baxışda sadə bir rəsmdir. Amma diqqətlə baxdıqda onun arxasında bütöv bir fəlsəfə, milli mədəniyyətin dərin qatları, əsrlərin simvolik dili gizlənir. Bu qadın təkcə bir obraz deyil – xalqın yaddaşıdır, onun ruhunu daşıyan anadır. Qadının əlindəki nar isə həyatın, bolluğun, sevginin, dirilişin rəmzi kimi gözümüzün önündə parlayır.

 

Narın sirri – əsrlərin dərinliyindən gələn simvol

 

Nar təsadüfi seçim deyil. Bu meyvə əsrlər boyu müxtəlif xalqların mif və dini mənbələrində müqəddəs sayılıb. İkinci əsrin səyahətçisi Pausanias narın hekayəsini “müqəddəs sirr” adlandırmışdı.

Türk düşüncəsində nar cənnətin nişanəsi, məhsuldarlıq və sevgi simvoludur. Nağıllarda övladsızlara uşaq bəxş edən sehrli meyvə, qəhrəmanlara güc verən sirli qüvvədir.

İudaizmdə narın 613 tumu Tövratın 613 əmrinə işarədir.

Xristian ənənəsində nar İsanın iztirabları və dirilişi ilə bağlanır; Leonardo da Vinçinin və Botticellinin dini rəsmlərində Məryəmin əlindəki nar bu ideyanı daşıyır.

İslamda nar Quranda üç dəfə çəkilir – Allahın yaratdığı gözəl meyvələrdən biri və cənnətin əlaməti kimi.

Çin mədəniyyətində nar məhsuldarlıq və çoxsaylı nəslin simvoludur.

Azərbaycan folklorunda isə nar tapmacaların cavabında, dastanlarda sehrli qüvvə kimi, xalq şənliklərində bolluq rəmzi kimi çıxış edir. Gəlinlərin cehiz sandığında kələğayı ilə yanaşı nar təsvirli parçalar, evlərin divarlarında isə bolluq arzusu ilə nar rəsmləri olub.

 

Buta – eşqin və əbədiyyətin işarəsi

 

Qadının gözlərinin üzərində əks olunan buta naxışı da təsadüfi deyil. Folklorda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısıdır. O, suyun, odun, həyatın başlanğıcını simvolizə edir.

Nağıllarımızda aşiqə “buta verilməsi” eşqin ilahi nişanıdır. “Kitabi-Dədə Qorqud” dastanlarında buta qəhrəmanlara şairlik, aşıqlıq, müdriklik bəxş edir. Aşiqin “eşq şərbətini içməsi” buta almaqla başlayır. Bu seçilmişlik, əslində, millətin sevgi fəlsəfəsinin mərkəzində durur.

 

Kəlağayı – qadın zərifliyi və milli dəyərin qoruyucusu

 

Qadının başındakı örtük – kəlağayı – Azərbaycan qadınının həm gözəllik, həm də namus simvoludur. Onu sandıqlarda qoruyub saxlayan analarımız bu parçaya sadəcə geyim kimi yox, müqəddəs əmanət kimi baxıblar.

2014-cü ildə kəlağayı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Buta naxışının ən çox işlənən motiv olması isə təsadüfi deyil: buta qadının başını bəzəyən ipəkdə həm sevginin, həm də milli kimliyin işarəsi olaraq yaşayır.

Kəlağayı ilə bağlı adətlər də olduqca maraqlıdır: gəlin köçən qızın başına ağ kəlağayı örtülər, gəlin arabasının qabağına kəlağayı bağlanardı. Döyüşən kişilərin qarşısına qadın baş örtüsünü atarsa, mütləq sülh yaranardı. Bu ipək parça, əslində, qadının gücünün və cəmiyyətin ona verdiyi hörmətin ifadəsidir.

 

Rənglərin fəlsəfəsi

 

Qadının geyimindəki ağ rəng saflığın, təmizliyin, uğurun simvoludur. Ağ rəng həm də Tanrıya yaxınlıq nişanəsi sayılıb. Bu səbəbdən ağ gəlinliklər qədim dövrlərdən indiyədək gəlinlərin ən önəmli geyimi olub.

 

Kişi obrazındakı qara rəng isə aristokratiya, təcrübə, güc və ciddiyyət simvoludur. Qara – torpağın məhsuldarlığı, döyüş sənətlərində yüksək rütbə, həyatın dərinliyi deməkdir. Ağ və qaraya birlikdə baxanda insan həyatın kontrastlarını görür: paklıq və təcrübə, saflıq və güc.

Kişinin geyimindəki yaşıl rəng isə ümid və təravətin, barış və əməkdaşlığın işarəsidir. Bu rəng Venera planeti ilə bağlılıqda sevgini, Çində isə cavanlığı və gözəl həyatı tərənnüm edir.

 

Od – xalqın müqəddəs ocağı

 

Divar rəsminin başqa bir detalı – od. Azərbaycan “Odlar Yurdu” adlanır. Tarixən and içəndə “od haqqı” deyilirdi, Novruzda tonqallar alovlandırılırdı. Oğuzlar bir-birinə xəbər çatdırmaq üçün dağ başlarında od yandırırdılar.

Od həm müqəddəs güc, həm də həyatın başlanğıcıdır. Elə bu səbəbdən “SANDIQ”ın divarında od təsviri yalnız dekorativ element deyil, milli kimliyimizin ən qədim qatlarının bədii ifadəsidir.

 

Papaq – kişinin ləyaqət nişanı

 

Kişi obrazında ən diqqətçəkən detallardan biri papaqdır. XX əsrin əvvəllərinə qədər papaq yalnız baş geyimi deyil, həm də ləyaqət, şərəf və kişilik nişanı idi. Papaqsız kişiyə hörmətsizlik kimi baxılırdı. Qaragüldən tikilən sür papaqlar imkan və status göstəricisi idi.

Bu gün həmin papağın divar rəsmi vasitəsilə təcəssüm olunması milli geyim ənənələrinin unudulmadığını, əksinə, yenidən yaşadıldığını göstərir.

Bütün bunlar göstərir ki, “SANDIQ” sadəcə bir atelye deyil, mədəniyyət evi, yaradıcılıq laboratoriyası və milli irsin müasir platformasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

          SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər), şair

 

-         Kim yıxılanı qaldırmağa əl uzatmayıbsa qorxsun ki, o da yıxılanda əl verən olmayacaq.

-         Başqalarının əzablarına laqeyd olan insan deyil.

-         Həqiqi dost odur ki, sənə düz yol göstərsin.

-         Kişilik qolunun gücü və qılıncı ilə yox, özünü ələ almaqla və ədalətilə ölçülür.

-         Sirri dosta demə, dostun da bir dostu var.

-         Xeyir səpən xeyir, şər səpən şər biçər.

-         Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.

-         Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.

-         Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.

-         İki adam öldü və dünyadan həsrət getdi:
biri yığdı yemədi, digəri bildi eləmədi.

 

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.