İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qürbətin üzü həmişə sərt olur. Sən orada hətta ən yaxşı karyera, güzəran qursan belə, yenə ürəyin rahatlanmaz, vətən həsrəti içində qövr edər. Görkəmli bəstəkar Adil Bəbirovun taleyi buna sübut deyilmi?
Adil Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olub. Tələbəlik dövründə fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazıb.
O, hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərib.
1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti çəkib. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alıb. Hətta sonata sonradan simfonikləşdirilərək, müəllif tərəfindən partitura şəklinə salınıb.
1968-ci ildə isə «Azərnəşr» bəstəkarın fortepiano ilə oxumaq üçün nəzərdə tutulan 4 mahnısının klavirini nəşr edib. Albomun ilk səhifəsi «Mən anayam» adlı mahnı ilə başlanır. Fikrət Qocanın kiçik, sadə bir şeirinə yazılan mahnı kuplet formasında olub, zəngin harmonik müşayiətlə, oxuyanın axıcı, süzgün və lirik ifasını birləşdirirək yeni mənzərə yaradır. Kiçik bir şeir parçasında bəstəkar musiqinin ifadə vasitələrindən, bacarıqla istifadə edərək lad yönəlməsindən də bəhrələnə bilib.
«İlk addımlar» adlanan digər mahnı isə Şüştər ladından başlayaraq tədricən Segah ladına gəlib və qısa müddət, bir neçə xanədən sonra dalğavari hərəkətlə yenidən, əvvəlki pilləyə keçib. Vals ritmində yazılan «Yollar» mahnısının melodiyası və harmonik dili elə bir tərzdə yazılıb ki, klassik harmoniyaya, Avropa musiqisində işlədilən triton intervalları, majoro – minor akkordları, ikiqat dominanta, nonakkordlar üstünlük təşkil edir. Linear və adi keçici akkordlar, ləngimədən sonra həll olunma və s. geniş tətbiq olunur. Dalğavari xətlə inkişaf edən melodiya müxtəlif tonallara elliptik dövrə edərək əvvələ qayıdır.
Vokalı yaxşı duyan bəstəkar kantilena yaratmaqla, oxumaq üçün əlverişli gəzişmələrdən və mahnı mətnində ən yaxşı səslənən saitlərdən istifadə edir. Mahnıda Azərbaycan ladlarına xas olan kadansvari melizmlər işlədilməklə ona ustalıqla milli don geydirilib. Bu kiçik mahnı məcmuəsi, şair Yusif Həsənbəyin sözlərinə yazılmış «Xoşbəxt olsunlar» nəğməsi ilə tamamlanır. Kuplet formasında yazılan mahnı Segah ladının pərdələrinə toxunur.
Bəstəkarın səhnə əsərləri arasında dram tamaşalarına yazdığı musiqi, eləcə də «Yer tutanlar» müzikli musiqi ictimaiyyətinə yaxşı tanışdır. Müzikl musiqili komediya teatrında 1982-ci ildə səhnəyə qoyulub, 1984-cü ildə isə «Melodiya» səsyazma firması tərəfindən iki valdan ibarət alboma yazılıb. Bu dövrdə yazılan musiqi əsərləri arasında «Kamera orkestri üçün 5 pyes» (1983), «Balet süitası» (1984), Səməd Vurğunun «İnsan», Bəxtiyar Vahabzadənin «İz qalır» pyeslərinə yazılmış musiqi bəstəkar yaradıcılığının maraqlı səhifələrindəndir.
Adil Bəbirov pedaqoq kimi də fəaliyyət göstərib. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitet) musiqi kafedrasında alətşünaslıq dərsləri aparıb. Bu dövrdə bəstəkar teleradio şirkətində də səs rejissoru kimi çalışıb. Sənətdə yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətinə verdiyi töhfələrə görə bəstəkar, 1989-cu ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Kino musiqisi sahəsində məhsuldar işləyən Adil Bəbirov 12-yə dək filmə musiqi bəstələyib.
Bu sırada «Oxu tar» (1968), «Sevinc» (1968), «Azərbaycan ipəyi» (1972), «Pəncə..qulaq..palaz..tikan.» (1976), «Bağda rahat yer» (1978), «Sağ ol, dostum» (1980), «Böyük anda sadiqik» (1981), «Ekskursiya» (1991), «Yurd yeri» (1994-97), «Cümhuriyyət generalları» (2006), «Bağ yerində» kimi filmlər misal göstərilə bilər. Bəstəkarın Qarabağ torpağından məcburi köçkün düşən insanların real həyatını əks etdirən, «Yurd yeri» televiziya tamaşasına yazdığı musiqi onun son vaxtlarda yazmış olduğu əsərlərindəndir.
Filmoqrafiya
1. Oxu, tar
2. Sevinc
3. Azərbaycan ipəyi
4. Pəncə... Qulaq... Palaz... Tikan...
5. Bağçada Rahat Yer
6. Sağ ol, dostum
7. Böyük anda sadiqik
8. Ekskursiya
9. Yurd yeri
10. Qu quşunun məhəbbəti
11. Yurd yeri 2
12. Cümhuriyyət generalları
13. Bağ yerində
Video
İslam Rzayev - Bilirsən özün
Akif İslamzadə - Görüşə gəl
İlhamə Quliyeva - Könlümüz
Elxan Əhədzadə - Yaşa Qarabağım
Yaşar Səfərov - Yollar
Elmira Rəhimova - İncitmə məni
Elmira Rəhimova - Oyan
Elmira Rəhimova - Ana laylası
Elmira Rəhimova - Mən anayam
Şövkət Ələkbərova - Həyat eşqi
Daha sonra Azərbaycan SSR Əməkdar incəsənət xadimi Adil Bəbirov Azərbaycanı tərk edərək Kanadaya köçüb. 26 sentyabr 2021-ci ildə ömrünün son illərini yaşadığı Kanadanın Toronto şəhərində xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)