Super User
Cəlilabadda Pərvanə İsgəndərqızının kitab təqdimatı...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Cəlilabad şəhərində "Həməşəra" Mətbu Orqanı ilə Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada Cəlilabad ədəbi mühitinin nümayəndələrindən olan "Həməşəra" Fəxri Diplomu laureatı yazıçı-şair Pərvanə İsgəndərqızının "Məndən xəbərsiz" adlı yeni nəşr edilmiş şeirlər kitabının təqdimat mərasimi rayonun tanınmış ziyalıları və Cəlilabad ədəbi mühitinin bir sıra tanınmış simalarının iştirakı ilə keçirilmişdir.
Tədbir fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, həmçinin, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadənin aparıcılığı və çıxışı ilə başladı.
Tədbirdə ilk öncə vətən uğurunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edildi.
İlqar İsmayılzadə giriş çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əziz şəhidlərimiz və qazilərimizin II Qarabağ Savaşında bütün dünyaya göstərdikləri rəşadətdən və onların canı və qanı bahasına torpaqlarımızın erməni işğalından azad olmasından söz açaraq onların adı və hörmətinin daim qəlblərimizdə yaşayacağına təkid göstərdi.
Daha sonra Pərvanə İsgəndərqızının "Məndən xəbərsiz" adlı yenicə nəfis şəkildə nəşr edilmiş şeirlər toplusu barədə qısa məlumat təqdim edərək müəllifi nəşr edilmiş ilk şeir kitabı münasibətilə üzrəkdən təbrik etdi və ona yeni, həm də davamlı uğurlar arzuladı.
Bununla yanaşı həm də hər zaman Cəlilabad ziyalıları və ədəbi mühitinin nümayəndələri üçün sevimli ocaq olan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ziyalı və işgüzar direktoru Qənimət xanım İsrafilovaya bu qəbil ədəbi tədbirlərin keçirilməsinə daim səmimi dəstək olduğuna görə minnətdarlığını təqdim etdi.
Tədbirdə iştirak edən Cəlilabad rayonunun tanınmış ziyalılarından: Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, Əmək zərbəçisi, Əmək veteranı və təqaüdçü müəllim Hacı Paşa Rüstəmov, tanınmış ziyalı pedaqoq Dadaş müəllim Bayramov, rayonun elit-ziyalı xanımları və pedaqoqlarından olan Xatirə Quliyeva, ziyalı pedaqoq, tarixçi, bədii qiraətçi və ictimai fəal Adıgözəl müəllim Nuriyev, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, ədəbiyyatçı, bədii qiraətçi və şair Mikayıl İnçəçaylı, Cəlilabad MKS-nin direktoru Qənimət İsrafilova, Cəlilabad MKS-nin əməkdaşları Nadir Şəmili, Zaur Hüseynli və Ramilə Abdullayeva, gənc pedaqoq Günel Mirzəyeva və başqaları, həmçinin, Cəlilabad ədəbi mühitinə aid olan xanımlardan: "Həməşəra" Fəxri Diplomu laureatları şair Gülşən Şahmuradlı, kitabxanaşünas və bədii qiraətçi, şair Müşahidə Nərimanova, yazıçı-şair Pərvanə İsgəndərqızı, şair Sevinc Şirvanlı və "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, AYB və AJB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, publisist-şair Arzu Əyyarqızı ayrı-ayrılıqda çıxış edərək Pərvanə İsgəndərqızını yenicə nəşr edilmiş ilk kitabı münasibətilə ürəkdən təbrik edib, onun şeirlərindən qiraət edərək Pərvanə İsgəndərqızı poeziyasının xüsusiyyətləri və imtiyazları barədə öz fikirlərini səsləndirdilər.
Son olaraq tədbirin baş qəhrəmanı Pərvanə İsgərdərqızı öz çıxışında tədbirin təşkilatçıları və iştirakçılarına, böyük bacısı və mənəvi ana adlandırdığı Müşahidə Nərimanovaya, həmçinin kitabın ərsəyə gəlməsində əməyi olmuş Arzu Əyyarqızı və İlqar İsmayılzadəyə səmimi minnətdarlığını bildirdi. Sonda isə xatirə fotoşəkilləri çəkildi...
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)
Kosovolu şair Lulzim Tafanın salamat qalmış şeirləri
Ümid Nəccari, “Ədəbiyyat və incəsənət” üçün
Sizlərə kosovalı şair Lulzim Tafanın şeirlərini təqdim edirəm. O, professordur, Priştinada AAB Universitetinin rektorudur. Həm də şairdir. 1970-ci ildə Kosovo Respublikasının Lipcan şəhərində anadan olub. Priştina Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsilini alıb, Sarayevo Universitetində isə doktorantura təhsilini başa vurub.
1999-cu il müharibəsi zamanı o, Kosovoda olub. Onun bütün əmlakı, o cümlədən kitabxanası, şəkilləri və ən əsası 300-dən çox şeiri olan əlyazması evi ilə birlikdə yandırılıb. Müharibədən sonra o, şeir yazmağa davam edib, insan haqları və azadlıqları sahəsində məşğul olmağa başlayıb.
O, çoxsaylı kitab və şeir toplularının müəllifidir. Şeirləri dünyanın bir neçə dilinə tərcümə olunub və müxtəlif müəlliflər tərəfindən bir çox antologiyalara daxil edilib.
İndiyədək onun əsərləri ingilis, alman, italyan, serb, xorvat, Monteneqro, Bosniya, makedon, rumın, fransız, ərəb, yunan, türk, İsveç, macar, rus, fars dillərinə tərcümə olunub.
O, dünyanın ən məşhur alban şairlərindən biri olmaqla yanaşı, həm də ən çox tərcümə edilən şairdir. Dünyanın hər yerindən nəşriyyatlar onun kitablarını tərcümə edib nəşr etdirirlər. Kosovadan olan müəlliflər və ədəbiyyatşünaslar onun bədii yaradıcılığını çox yüksək qiymətləndirirlər. Ədəbiyyat sahəsində ən məşhur beynəlxalq ədəbi jurnallarda da onun əsərləri dərc olunmaqdadır.
DAŞLAR İLƏ DANIŞIQ
Səninlə danışmaq istəyirəm,
inanılası bir şey üçün…
Buraya kimi hiss etmisənmi dərdi?
Günəş yandıracaq səni,
ürəyin özləyibmi onu?
Səni kim dondurdu?
Ona görə heç bir oddan söhbət gedə bilməz,
O, səni əridə bilərmi?
GÜNƏŞ İLƏ DANIŞIQ
Səninlə danışmaq istəyirəm,
yalnız səninlə.
Kimsə sənə toxuna bilibmi
əlləri ilə?
Gözlərin yaşla doludur.
BİZƏ DEDİLƏR
Buraya kimi gülmüsənmi,
yoxsa ağlamısan?
Doğulduğun gündən
qanlar sakit dayanmır.
Səni kəssələr belə,
kiminlə danışırsan,
sevgiyə çevrildimi?
Bir gizli sirrinmi var,
Nəyi min qıfıl altında gizlətmisən?
TAXTA İLƏ DANIŞIQ
Səbrinə görə sənə aşiqəm,
ağızdan çıxan bir səs ki,
eşitmirsən onu.
Baltadan çəkinirsən
səni gözlədiyini bildiyində,
oddan qorxursan,
yanacağını bildiyində
YER ÜZÜ KİMİDİR ŞEİR
Yer üzü kimidir şeir,
bir çox insanı var,
yorucu.
Okeanları var,
dağları, təpələri,
daş, taxta, meyvə,
şirin meyvə ağacları,
soyuq fəsillər və aşiqanə küləklər,
kədərli…
Su, torpaq, çiçək,
sarmaşıq gülləri,
məzarlıqda otları,
bataqlıqları…
Yer üzü kimidir şeir,
Bir azca böyük…
ÜZÜNÜ XATIRLAYIRAM
Üzünü xatırlayıram,
gözyaşı qana dönüb
mənim üzərimdə….
Dilini xatırlayıram,
bir ilandır qara zəhəri ilə
taleymi özünə düyünləyib.
Sən yatarkən,
yuxudan dururam,
xatirələrinlə baş-başa qalıram.
BİR XOŞ GECƏ YAĞIŞLA
Bir xoş gecə yağışla,
şəhərin sükutu öldürür məni,
gecikmiş fəsillər,
islaq və nəm bir şəhərdə…
Bir xoş gecə yağışla,
yalqız bir qonaq,
islaq və nəm bir şəhərdə,
bir yerdə uzanıb yatacaq.
Bir xoş gecə yağışla,
ayaq izlərimi silməyəcəkdir,
qan qoxusu verən bir şəhərdə…
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)
POETİK QİRAƏTdə Əşrəf Vesəllinin “Orda bir kənd var idi” şeiri
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Onun “Orda bir kənd var idi” şeirini təqdim edirəm. Yağı əsarətindən azad edilərkən Füzuli rayonundakı dogma kəndinin viran qaldığını görən şair
nə hisslər keçirir?
ORDA BİR KƏND VAR İDİ...
Orda bir kənd vari di,-hər tərəfi gül- çiçək,
Yalların yamacında, dağlar dibində bir kənd.
Orda bir kənd var idi, -uca boy, enlikürək,
Papağını yan qoyan, əli cibində bir kənd.
Yol qırağında bir ev nur içində üzərdi,
Qoynunda bir cilvəlihamıya naz satardı.
Ayağına dəyən daş ürəyimi əzərdi,
Yoluna çıxan tikan gözlərimə batardı.
Hər dərdin öz loğmanı, hər dərdin öz dərmanı,
Hər ağrının- acının özəl çarəsi vardı.
Toylarının Əbdülü, Cəmili və İmranı,
Qəmbəri və Məliyi, Aslanı, MirAslanı
Vaylarının yasini- Molla Qarası vardı.
Ona gəc baxanın da xoş baxardı üzünə,
Toylar barışdırardı sevgililər küsəndə.
Yüz yaşlı qocanın da nur gələrdi gözünə
Bacıxanımla Pərzad qol qaldırıb süzəndə.
Orda bir kənd var idi, -xoşbəxtdi övladları,
Şöhrəti dolaşardı şəhərləri, kəndləri.
Hanı əmim Şəfinin zərif zarafatları,
Hanı Balaş dayının məzəli söhbətləri?..
Analar qurdürəkli Yavərlərindən deyər,
Gözəllərin gözündə dan yeri sökülərdi.
"Şuşanın dağları"nı oxusaydı Qulubəy
Şuşanın dağlarından dumanlar çəkilərdi.
Neçə mərmini yeyib, neçə qurşunu udub,
Ağız açıb, birkəsdən köməklik istəməzdi.
Yaralıçağında da üz- gözünü turşudub,
Doğma balasına da "ağrıyıram" deməzdi.
Orda bir kənd vari idi,..
bəs o kənd hanı indi?-
Daşını da daşnaqlar daşıyıb aparıblar.
O goreşən vəhşilər mənim sevdiyim kəndi
Qarabağdan hayana qaşıyıb aparıblar?!
Orda bir kənd var idi… şükür!- yenə olacaq,
Onun ümid gülləri bir daha solmayacaq.
Qoynunda yaraşıqlı evlər ucaldılacaq,
Ancaq mənim sevdiyim o kənddən olmayacaq!..
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)
Sirrin yayılması onun qorunmasından başlar - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Başqasının üzərinə kölgə salmaq istəyən göy qübbəsinin altına girən Atlant kimi gün işığının altına girib onu çiyinlərinə almalıdır.
2.
Həyatda görmədiklərimiz qaldımı?! Satqın dostlardan kişi düşmənlərə qədər hər kəsi gördük.
3.
“...Gözündən görürəm, bu dost itəcək. Yalın ayağıma batmaq istəyib Yolun ortasında tikan bitəcək – İzindən görürəm, bu dost itəcək.”
4.
“Yolla gedən olmasa, bilinməz, Bilinməz gəlir bu yol, ya gedir?! Bir dünyaya sal məni, İlahi, İki üstəgəl iki beş edir.”
5.
Kiplinq: “Şərq Şərqdir, Qərb Qərbdir və onlar heç zaman birləşməyəcəklər.” Bu misralar ilə başlayan balladasının sonunda Kiplinq qərbli və şərqli iki sevgilini onların faciəli məhvindən sonra birləşdirir. Bir ballada boyda huşsuzluq böyük bir dünyanın hər şeyə rəğmən bütövlüyünün etirafına dönür.
6.
“Ölən öldü, gedən getdi, qalan – heç... Bacarırsan bu qıl körpü – gəl, keç. Üç alma var, öz payına birin seç, Hər şey bitir bu dünyada beləcə, Bu da sənə min bir gecə...”
7.
Rəsul Rzanın “Mənim fikrimcə...” kitabına cavab olaraq Məmməd Rahim “Xalqın istəyincə” kitabını yazdı. Amma farslar demiş, “an koca, in koca?” Cavidin “İblis” pyesinə Səməd Vurğun “İnsan” pyesini cavab kimi yazdı. Yenə də o fars deyimi yada düşür. Cavab kimi yazanda alınmır.
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 37.Yekun
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
YEKUN
Əziz oxucular!
Bütün bu deyilənlərdən aydın olur ki, təkcə mütaliə mədəniyyətinin nə demək olduğunu başa düşmək və sadəcə olaraq mütaliə ilə məşğul olmaq azdır. Bilik xəzinəsindən tam istifadə etmək üçün mütaliə mədəniyyətinə tam olaraq yiyələnmək vacib şərtdir.
Biz sizlərə həyatda uğur qazanmağa yönəli təmrinlər içində bəlkə də, birincisi barədə ətraflı danışdıq. Əminik ki, bu kitab sizin stolüstü kitabınız olacaq, sizin bəzilərinizə yaxşı və mükəmməl təhsil almaqda, bəzilərinizə iş karyeranızda yüksəlməyə, bəzilərinizə həyatda rastlaşdığı çətinliklərdən qopmağa yardımçı olacaq.
Mütaliə edin, əziz oxucularımız. Elə bu gün, bu kitabı oxumaqla bundan sonra içinizdə kitab sevgisinin yaranmasına vəsilə olacağımıza əminik.
Ümidlərimizi doğruldun!
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)
Bir imzanın tarixindən
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Söhbət bu gün anadan olmasının növbəti ildönümünü qeyd edəcəyimiz (köhnə təqvimlə) görkəmli yazıcımız, tanınmış içtimai-siyasi xadim, Azərbaycan dilinin dövlət dili olması haqqında qəbul edilmiş qanunun əsas təşəbbüsçüsü – xalqımızın “Böyük dayağı” Mirzə İbrahimovdan gedəcək.
Daha doğrusu, bu böyük insanın bir imzasının tarixi ilə bağlı kiçik xatirəmi sizlə bölüşəcəm.
Mənə də Mirzə İbrahimovu görmək, onu dinləmək və onunla görüşmək nəsib olub. Hadisə institutda oxuyanda, 49 il bundan əvvəl – 27 fevral 1976-ci ildə baş verib. Bu tarix ona görə dəqiq yadımda qalır ki, həmin gün tədbirdən sonra M.İbrahimova imzalatdığım “Pərvizin həyatı” kitabında müəllif öz xətti həmin tarixi qoyub.
Nə isə. Bur az əvvələ qayıdaq. Dekan müavinimiz M.Həkimov bir neçə gün əvvəldən bütün tələbələrə elan etmişdi ki, fevral ayının 27-də M.İbrahimovla görüş keçiriləcəkdir. Bu, digər tələbələr kimi məni də çox sevindirmişdi. Orada çıxış etmək fikrinə düşmüşdüm. Bunu mənə heç kim tapşırmamiş, heç kəs təklif etməmişdi. Öz fikrim idi.Heç çıxış etməyə imkan verilib-veriləməyəcəyini də bilmirdim. Amma çıxışa hazırlaşmağı qəti qərara almışdım. Zatən Mirzə müəllimin həyat və yaradıcılığına, demək olar ki, bələd idim.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasındaçıxışa hazırlaşmaq bir-iki gün vaxtımı aldı. Burda təsadüfən M.İbrahimovun 1957-ci ildə keçmiş Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatında çap olunmuş “Azərbaycan dili” kitabı əlinə düşdü. Kitabda toplanmış məqalələrlə maraqlanarkən “Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək”yazısı diqqətimi cəlb etdi. Çıxışımı həmin məqalə üzərində qurmaq qərarına gəldim. Elə də etdim.
Nəhayət, gün gəlib çatdı. Tədbir başladı. Tədbiri filologiya fakültəsinin dekanı, hazırkı latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi A.Qurbanov açdı.
M.İbrahimovun həyatı, ədəbi-bədii yaradıcılığı, içtimai-siyasi fəaliyyəti, ayrı-ayrı əsərləri barədə bir-birindən maraqlı təqdimatlar edildi. Mən də çıxış üçün müraciət etdim və izin verildi. Əvvəl deyilənləri tərarlamamaq üçün diqqəti yuxarıda adını çəkdiyim məqaləyə yönəltdim. Mirzə müəllimin dil-ədəbiyyat dərsləri və fənn müəllimlərinin əsas vəzifələri barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdım.
Sonra maraqlı sual-cavablar oldu. Sonda söz M.İbrahimova verildi. Mirzə müəllim çox parlaq bir çıxış etdi. Gələcəyin dil-ədəbiyyat müəllimlərinə öz dəyərli məsləhətlərini verdi. Dilimizi yüksək səviyyədə tədris etməyi, onun keçikçisi olmağı və saflığını qorumağı tövsiyə etdi. Təvazökarlıq kimi olmasın, arada mənim çıxışıma da toxundu, hətta 1-2 cümlə tərif də söylədi.
Tədbir başa çatandan sonra tələbələr ondan təzəlikdə çap olunmuş “Pərvizin həyatı” kitabını (“Gənclik” nəşriyyatı, Bakı-1975) imzalamağı xahiş etdilər. Mirzə müəllim tələssə də, uşaqların xahişini yerə salmadı. Kitablara imza atmağa başladı. Növbəm çatanda mən də kitabı imzalamaq üçün M.İbrahimova təqdim etdim. O, kitaba imza atıb, tarix qoydu. Zarafatla dedi ki, siz uşaqlara mən yazdığım kimi yox, yaxşı yazmağı öyrədin ha. Və gülümsündü.
Hazırda həmin kitab mənim şəxsi kitabxanamda qorunan ən qiymətli kitablardan biridir. İt-bata düşər deyə evimdən kənarda oxumağa da heç kimə icazə vermirəm. Hər dəfə o kitabı əlimə alanda, həmin imzanı və tarixi görəndə o gözəl günlər və o möhtərəm insan xəyalımda canlanır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)
Türk-islam maarifçiliyinin formalaşmasında Nizamülmülkün rolu
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində Türk-İslam mədəniyyətinin intibah dövrü sayılan XI əsrdəki görkəmli nümayəndəsi Nizamülmülk (tam adı Əbu Əli Həsən ibn Əli Tusi) barədə söhbət açacağıq.
Türk-İslam mədəniyyətinin intibah dövrü sayılan XI əsrdə Nizamülmülk (tam adı Əbu Əli Həsən ibn Əli Tusi) yalnız bir dövlət xadimi kimi deyil, həm də maarifçi, strateq və ideoloq kimi mühüm tarixi şəxsiyyətlərdən biri kimi çıxış etmişdir. Onun fəaliyyəti Səlcuq imperiyasının siyasi və mədəni əsaslarının möhkəmlənməsinə, eyni zamanda İslam dünyasında elm və təhsilin sistemləşməsinə böyük təsir göstərmişdir. Nizamülmülkün maarifçilik ideyaları həm dövlət idarəçiliyində, həm də ictimai-mədəni həyatda dərin iz buraxmışdır.
Nizamülmülkün ən mühüm xidmətlərindən biri elm və təhsilin dövlət səviyyəsində təşkili sahəsindədir. Onun təşəbbüsü ilə Bağdadda, Nişapurda, Bəlxdə və digər şəhərlərdə “Nizamiyyə” mədrəsələri yaradılmışdır. Bu təhsil müəssisələri o dövr üçün müasir elm mərkəzləri sayılırdı. Nizamiyyə mədrəsələri İslam dünyasında ilk dəfə olaraq sistemli tədris proqramı, müəllim maaşı və dövlət tərəfindən maliyyələşən təhsil modeli ilə seçilirdi. Bu model sonradan digər İslam ölkələrində və hətta Avropada tədris sistemlərinin formalaşmasına təsir etmişdir.
Nizamülmülkün məqsədi yalnız dini elmlərin deyil, həm də hüquq, fəlsəfə, tarix, ədəbiyyat kimi sahələrin inkişafını təmin etmək idi. O, elmə sahib olanların dövlətin və cəmiyyətin tərəqqisində əsas rol oynayacağına inanırdı. Bu baxımdan Nizamülmülkün maarifçilik fəlsəfəsi İslamın intellektual ənənəsini gücləndirərək, elm və iman arasında tarazlıq yaratmağa yönəlmişdi.
Nizamülmülkün “Siyasətnamə” əsəri təkcə siyasi traktat deyil, həm də maarifçi ideyalar toplusudur. O, əsərində bilik və təhsilin dövlət idarəçiliyində, ictimai ədalətin bərpasında və mənəvi nizamın qorunmasında əvəzsiz rol oynadığını vurğulayır. Nizamülmülk üçün maarifçilik yalnız fərdi inkişafın deyil, həm də dövlətin möhkəmliyinin təminatıdır. Onun fikrincə, ədalətli hökmdar elmli olmalı, alimləri himayə etməli və xalqın təhsilinə diqqət göstərməlidir.
Bu baxış bucağı Türk-İslam siyasi-fəlsəfi düşüncəsində yeni bir mərhələnin başlanğıcı oldu. “Siyasətnamə” əsəri sonrakı dövrlərdə bir çox türk dövlətlərində idarəçilik və maarif prinsiplərinin formalaşmasına ideoloji baza yaratdı.
Nizamülmülkün təsiri yalnız Səlcuq imperiyası ilə məhdudlaşmamış, ümumtürk-İslam dünyasında geniş yayılmışdır. O, elmin və təhsilin dövlət siyasətinin ayrılmaz hissəsi olmasının vacibliyini önə çəkərək, dövlət idarəçiliyinə elm adamlarının, hüquqşünasların və alimlərin cəlb olunmasını təmin etmişdir. Onun dövründə alimlərə, şairlərə və filosoflara göstərilən himayə mədəni dirçəlişin əsas səbəblərindən biri olmuşdur.
Nizamülmülk Türk-İslam maarifçiliyinin ən önəmli simalarından biridir. O, dövlət idarəçiliyində elmə və təhsilə verdiyi önəmlə yalnız siyasi sabitlik yaratmamış, həm də intellektual və mədəni inkişafın əsaslarını qoymuşdur. “Siyasətnamə” və “Nizamiyyə” mədrəsələri vasitəsilə o, maarifçiliyin sistemli bir dövlət siyasəti səviyyəsinə yüksəlməsini təmin etmiş, beləliklə də Türk-İslam dünyasında elmin, mədəniyyətin və mənəviyyatın qovuşduğu bir mühit formalaşdırmışdır.
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)
Bu da incəsənətdir - təsərrüfat küpləri və küp qəbirlərin saxlanılma qaydası...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Məlum olduğu kimi indiyədək dünyanın bir sıra ölkələrində arxeoloji qazıntılar zamanı təsərrüfat küpləri və xüsusilə də, küp qəbirlər aşkarlanmış, qədim tarixə malik olan bu kimi maddi-mədəniyyət nümunələri hər bir ölkənin muzeylərində ən qiymətli tarixi tapıntı kimi çox səliqəli və güvənli şəkildə qorunub saxanılır.
Bu gün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında açıq səma altında saxlanılan qədim təsərrüfat və küp qəbirləri sözün həqiqi mənasında olduqca qiymətli tapıntılardır. Onların bəzisi nadir tapıntı olmaqla yanaşı, həm də 2000 ildən çox yaşa malikdir. Amma belə qiymətli maddi-mədəniyyət nümunələrini heç bir restavrasiya işləri aparılmadan Cəlilabad şəhərində Heydər Əliyev adına prospektin kənarında avtomobillərin sürətlə ötüb-keçdiyi bir məkanda, həm də açıq səma (günəş, yağış, qar və dolu) altında torpaq üzərinə qoyub saxlamaq onların tez bir zamanda məhv olması üçün ən uyğun şəraiti yaratmışdır. Bəlkə də bu küplərin yerin altında və torpaqlar altında qalması onların Muzeyə gətirilib bu tərzdə saxlanılmasından daha faydalı olardı...
Doğrusu heç başa düşə bilmirəm ki, doğma Cəlilabadda küp qəbir və təsərrüfat küplərinin açıq səma altında bu tərzdə torpaq üzərinə qoyulması fikiri ilk dəfə kimin təşəbbüsü olmuşdur?! Heç şübhəsiz qədim maddi-mədəniyyət nümunələrinə qarşı sərgilənən belə bir münasibət yalnız bu sahədə təcrübəsizlik və bəlkə də qədim tarixə və mədəniyyətə olan biganəlikdən irəli gəlir...
Halbuki beynəlxalq muzey təcrübəsinə görə, saxsıdan hazırlanmış bu kimi küp qəbir və ya təsərrüfat küpləri metaldan hazırlanan xüsusi paya (ayaqlıq) üzərində, özü də qapalı və ən azından üstüörtülü məkanlarda saxlanılmalıdır. Bu gün hər kəs internet üzərindən dünyanın müxtəlif ölkələrində belə maddi-mədəniyyət nümunələrinin hansı formada qorunub-saxlanıldığını çox asanlıqla əldə edə, müşahidə edə bilər. Bunun üçün heç də çox büdcə sərf etməyə heç bir ehtiyac da, yoxdur...
Ümid edirəm ki, aidiyyatı orqanlar, xüsusilə də, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və eləcə də, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi bu məsələ ilə bağlı dərhal lazım olan tədbirləri həyata keçirməklə xalqın "Şəxsiyyət vəsiqəsi" sayılan qədim tarixi və mədəniyyətinin qorunmasında fürsəti əldən verməyəcəklər.
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)
“ASAN xidmət”in nümayəndə heyəti beynəlxalq təcrübə mübadiləsi proqramında
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunan beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN”dan verilən məlumata görə, qabaqcıl innovasiya ekosistemində keçirilən proqram BƏƏ Hökumət Təcrübə Mübadiləsi Ofisi, Dubay Gələcək Fondu və Dubay Gələcək Akademiyası tərəfindən təşkil olunub.
İştirakçılar gələcəyin idarəetmə modelləri, innovasiya ekosistemlərinin qurulması, süni intellektin tətbiqi və dövlət xidmətlərində rəqəmsal transformasiya kimi mövzulara dair nəzəri biliklər və praktiki bacarıqlar əldə ediblər.
Nümayəndə heyəti tərəfindən proqram iştirakçılarına “ASAN xidmət” modeli barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində “Dubai Future Labs” və “Area 2071” kimi qabaqcıl mərkəzlərin fəaliyyəti ilə tanışlıq olub, innovasiya və dövlət xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
RƏSM QALEREYASI: Ruhiyə Qərib, “Ağ dəniz”
RƏSM QALEREYASI: Ruhiyə Qərib, “Ağ dəniz”
Türk rəssamı, 61 yaşlı Ruhiyə Qərib “Ağ dəniz” rəsmini akvarellə çəkibdir.


