İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Cəlilabad şəhərində "Həməşəra" Mətbu Orqanı ilə Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada Cəlilabad ədəbi mühitinin nümayəndələrindən olan "Həməşəra" Fəxri Diplomu laureatı yazıçı-şair Pərvanə İsgəndərqızının "Məndən xəbərsiz" adlı yeni nəşr edilmiş şeirlər kitabının təqdimat mərasimi rayonun tanınmış ziyalıları və Cəlilabad ədəbi mühitinin bir sıra tanınmış simalarının iştirakı ilə keçirilmişdir.
Tədbir fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, həmçinin, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadənin aparıcılığı və çıxışı ilə başladı.
Tədbirdə ilk öncə vətən uğurunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edildi.
İlqar İsmayılzadə giriş çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əziz şəhidlərimiz və qazilərimizin II Qarabağ Savaşında bütün dünyaya göstərdikləri rəşadətdən və onların canı və qanı bahasına torpaqlarımızın erməni işğalından azad olmasından söz açaraq onların adı və hörmətinin daim qəlblərimizdə yaşayacağına təkid göstərdi.
Daha sonra Pərvanə İsgəndərqızının "Məndən xəbərsiz" adlı yenicə nəfis şəkildə nəşr edilmiş şeirlər toplusu barədə qısa məlumat təqdim edərək müəllifi nəşr edilmiş ilk şeir kitabı münasibətilə üzrəkdən təbrik etdi və ona yeni, həm də davamlı uğurlar arzuladı.
Bununla yanaşı həm də hər zaman Cəlilabad ziyalıları və ədəbi mühitinin nümayəndələri üçün sevimli ocaq olan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ziyalı və işgüzar direktoru Qənimət xanım İsrafilovaya bu qəbil ədəbi tədbirlərin keçirilməsinə daim səmimi dəstək olduğuna görə minnətdarlığını təqdim etdi.
Tədbirdə iştirak edən Cəlilabad rayonunun tanınmış ziyalılarından: Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, Əmək zərbəçisi, Əmək veteranı və təqaüdçü müəllim Hacı Paşa Rüstəmov, tanınmış ziyalı pedaqoq Dadaş müəllim Bayramov, rayonun elit-ziyalı xanımları və pedaqoqlarından olan Xatirə Quliyeva, ziyalı pedaqoq, tarixçi, bədii qiraətçi və ictimai fəal Adıgözəl müəllim Nuriyev, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, ədəbiyyatçı, bədii qiraətçi və şair Mikayıl İnçəçaylı, Cəlilabad MKS-nin direktoru Qənimət İsrafilova, Cəlilabad MKS-nin əməkdaşları Nadir Şəmili, Zaur Hüseynli və Ramilə Abdullayeva, gənc pedaqoq Günel Mirzəyeva və başqaları, həmçinin, Cəlilabad ədəbi mühitinə aid olan xanımlardan: "Həməşəra" Fəxri Diplomu laureatları şair Gülşən Şahmuradlı, kitabxanaşünas və bədii qiraətçi, şair Müşahidə Nərimanova, yazıçı-şair Pərvanə İsgəndərqızı, şair Sevinc Şirvanlı və "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, AYB və AJB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, publisist-şair Arzu Əyyarqızı ayrı-ayrılıqda çıxış edərək Pərvanə İsgəndərqızını yenicə nəşr edilmiş ilk kitabı münasibətilə ürəkdən təbrik edib, onun şeirlərindən qiraət edərək Pərvanə İsgəndərqızı poeziyasının xüsusiyyətləri və imtiyazları barədə öz fikirlərini səsləndirdilər.
Son olaraq tədbirin baş qəhrəmanı Pərvanə İsgərdərqızı öz çıxışında tədbirin təşkilatçıları və iştirakçılarına, böyük bacısı və mənəvi ana adlandırdığı Müşahidə Nərimanovaya, həmçinin kitabın ərsəyə gəlməsində əməyi olmuş Arzu Əyyarqızı və İlqar İsmayılzadəyə səmimi minnətdarlığını bildirdi. Sonda isə xatirə fotoşəkilləri çəkildi...
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)