Bu da incəsənətdir - təsərrüfat küpləri və küp qəbirlərin saxlanılma qaydası... Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Məlum olduğu kimi indiyədək dünyanın bir sıra ölkələrində arxeoloji qazıntılar zamanı təsərrüfat küpləri və xüsusilə də, küp qəbirlər aşkarlanmış, qədim tarixə malik olan bu kimi maddi-mədəniyyət nümunələri hər bir ölkənin muzeylərində ən qiymətli tarixi tapıntı kimi çox səliqəli və güvənli şəkildə qorunub saxanılır.

 

Bu gün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında açıq səma altında saxlanılan qədim təsərrüfat və küp qəbirləri sözün həqiqi mənasında olduqca qiymətli tapıntılardır. Onların bəzisi nadir tapıntı olmaqla yanaşı, həm də 2000 ildən çox yaşa malikdir. Amma belə qiymətli maddi-mədəniyyət nümunələrini heç bir restavrasiya işləri aparılmadan Cəlilabad şəhərində Heydər Əliyev adına prospektin kənarında avtomobillərin sürətlə ötüb-keçdiyi bir məkanda, həm də açıq səma (günəş, yağış, qar və dolu) altında torpaq üzərinə qoyub saxlamaq onların tez bir zamanda məhv olması üçün ən uyğun şəraiti yaratmışdır. Bəlkə də bu küplərin yerin altında və torpaqlar altında qalması onların Muzeyə gətirilib bu tərzdə saxlanılmasından daha faydalı olardı...

Doğrusu heç başa düşə bilmirəm ki, doğma Cəlilabadda küp qəbir və təsərrüfat küplərinin açıq səma altında bu tərzdə torpaq üzərinə qoyulması fikiri ilk dəfə kimin təşəbbüsü olmuşdur?! Heç şübhəsiz qədim maddi-mədəniyyət nümunələrinə qarşı sərgilənən belə bir münasibət yalnız bu sahədə təcrübəsizlik və bəlkə də qədim tarixə və mədəniyyətə olan biganəlikdən irəli gəlir...

Halbuki beynəlxalq muzey təcrübəsinə görə, saxsıdan hazırlanmış bu kimi küp qəbir və ya təsərrüfat küpləri metaldan hazırlanan xüsusi paya (ayaqlıq) üzərində, özü də qapalı və ən azından üstüörtülü məkanlarda saxlanılmalıdır. Bu gün hər kəs internet üzərindən dünyanın müxtəlif ölkələrində belə maddi-mədəniyyət nümunələrinin hansı formada qorunub-saxlanıldığını çox asanlıqla əldə edə, müşahidə edə bilər. Bunun üçün heç də çox büdcə sərf etməyə heç bir ehtiyac da, yoxdur...

Ümid edirəm ki, aidiyyatı orqanlar, xüsusilə də, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və eləcə də, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi bu məsələ ilə bağlı dərhal lazım olan tədbirləri həyata keçirməklə xalqın "Şəxsiyyət vəsiqəsi" sayılan qədim tarixi və mədəniyyətinin qorunmasında fürsəti əldən verməyəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.