
Super User
Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür
“Ədəbiyyat və incəsənət” portalının redaksiyası Xalq yazıçısı Çingiz Abdullayevin doğum günündə onun indiyədək olan müsahibələri içərisindəki ən maraqlı zənn etdiyi müsahibəsini sizlərə təqdim edir. Müsahibəni Kəbutər götürüb, görkəmli ədibin altmış dörd illiyinə əlli illiyindən nəzər yetirməyimiz, əlbəttə ki maraqlı olar.
1959-cu ildə Bakı şəhərində anadan olub. Hüquq elmləri doktoru, Xalq yazıçısı, AYB-nin katibdir. Dünya şöhrətli yazıçının əsərləri 16 dilə tərcümə edilib və 23 ölkədə, o cümlədən, MDB ölkələrində, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 20 milyon nüsxə ilə kitabları nəşr edilib.
Ötən əsrin son illərinə yaxın bir tarixdən başlayaraq, dünya detektiv ədəbiyyatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Klassik detektivin digər ədəbi janrlarla sintezindən qaynaqlanan və yeni yaranan-siyasi detektiv janrı şöhrət qazanmağa başladı. Amerikanın ən nüfuzlu ədəbi jurnalları soydaşımız olan yazıçını yeni yaranmış siyasi detektiv janrının banisi elan etdi. Həmyerlimiz cənub-şərqi Asiyadan tutmuş Latın Amerikasınacan bütün dünyanı əhatə edən “Mavi mələklər” romanını yazmaqla dünya detektiv ədəbiyyatında yeni, “qlobal siyasi detektiv” janrının əsasını qoydu və bütün dünyada bu janrın klassiki kimi şöhrət qazandı.
“Cəhənnəmdən keçid”, “Geri dönməmək”, “Öz dünyanı yarat”, “İnanılmaz qətl”, “Atlantika üzərində ölüm”, “Xammurapinin məcəlləsi”, “Unudulmuş yuxu”, “Yalnız özününkülər”, “Professionalların oyunları”, “Professionalların qaydaları”, “Günəş altında zülmət” kimi casus, “Döyüşçünün yolu”, “Məhkumların cənnəti”, “Eramızın əvvəlindəki sui-qəsd” daha yüzlərlə roman bütün dünyanı dolaşmağa başladı.
Müsahibimiz Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, dünya şöhrətli yazıçı Çingiz Abdullayevdir.
Dronqo
- Çingiz Abdullayevin adı çəkilən kimi onun yaratdığı obrazlardan ilk olaraq Dronqo yada düşür...
- Dronqo quş adıdır. Əsərdə göstərilir ki, o, əslən bakılıdır, valideynləri hələ də bu şəhərdə yaşayır, hətta onun Bakıdakı ünvanı da var - Xaqani 25. Bu ünvanda Azərbaycan Yazıçılar Birliyi yerləşir və maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir.
- Sovet şinelindən çıxdığından detektiv janrını uzun müddət qəbul etməyən Azərbaycan oxucusunu necə ovsunladınızsa, sizin haqqınızda rəvayətlər danışmağa başladılar-Dronqonun Çingiz Abdullayev olduğunu söyləyirdilər.
-Mənim qızım da hər dəfə öz heyrətini gizlədə bilmir və mənə “ata, bu sənsənmi” deyə suallar verir. Təbii ki, yazıçı ideal qəhrəman fikirləşəndə özünü yaratmaq istəyir. Məsələn, Konan-Doyl Şerlok Holmsla öz prototipini yaradırdı. Amma obraz onun əmisi idi. Bütün yazıçılar belə edib. Ən çox sevdiyin qəhrəman sənin özünsən. Heç fikir vermisinizmi Servantes bir az Don Kixota bənzəyir.
- Dronqo da sizin ideal qəhrəmanınızdırmı?
- Yox, sadəcə o diri qəhrəmandı. Görünür bunu oxucular duyurlar. Beş xarici ölkədə “Dronqo” klubları fəaliyyət göstərir. Moskva kimi böyük şəhər də daxil olmaqla dünyanın bir neçə mərkəzi şəhərində “Dronqo” restoranı var. Mən orda nahar edərkən məndən pul almırlar. O klubların, o restoranların hansına daxil olsan mənim portretimi asıblar. Bunu mənə təsadüfən bu adla qarşılaşıb maraq üçün içəri girənlər də söyləyiblər. Həmin yerlər “Dronqo” filmlərinin qəhrəmanlarının şəkilləri ilə də bəzənib. Və mən düşünürəm ki, onlara da münasibət mənimlə eynidir.
- Bu adlı filmləridə sizin yaradıcılığınızın məhsuludur?
- Əlbəttə. Dronqonun fəaliyyətindən bəhs edən beş bədii filmin, baş rolun ifaçısı İvar Kaliniş olan bir teleserialın ssenari müəllifiyəm. Amma mən çalışdığım filmlərdə daha bir şərt qoyuram, film hazır olandan sonra mən razılıq verməsəm yayımlana bilməz. Nəinki ssenarini, hətta kinonu da təsdiq etməliyəm. Çünki özümdən deyil, ətrafdakılardan da işinə peşəkar münasibət tələb edirəm. Məsələn, son illərin məhsulu olan və Azərbaycan filmləri arasında seçilən “Məhkumlar” filminin də ssenarisi mənimdir.
Sonuncu mogikan
- Ölkəmizin elan olunmamış müharibə aparmağa məcbur olduğu və siyasi sabitliyin pozulduğu bir zamanda işıq üzü görən “Mavi mələklər” detektiv romanının müəllifini dünya ədəbiyyatında klassik detektiv janrının sonuncu nümayəndəsi hesab edirlər...
- Mənə Moskvada da bu fikri dedilər. Mən isə düşünürəm ki, 50 elə də böyük rəqəm deyil və ədəbiyyat öz mövqelərini möhkəmləndirdiyi bir zamanda bu janrın yeni nümayəndələrinin yaranmayacağını kimsə proqnozlaşdıra bilməz. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçıların yaratdığı ənənələri klassik detektivin bütün qaydalarını dəqiqliklə ifadə edir. Mən isə özümü onların davamçıları hesab edirəm.
- Həm də dünya ədəbiyyatının siyasi detektiv janrının banisi kimi qəbul olunursunuz...
- Bəlkə də bu ondan irəli gəlirdi ki, sovet dövründə nəinki siyasi, heç detektiv janrında yazmağa icazə vermirdilər. İlk dəfə Lev Avalov bu janra müraciət elədi və nəsibi üçillik həbs cəzası oldu. Onu dövlət orqanlarının iş prinsipini açmaqda günahlandırırdılar.
- Təkcə MDB məkanını nəzərdə tutmurlar, dünya miqyasında bu belədir...
- Məndən əvvəl siyasi detektivə müraciət edən olub. Amma onun kriteriyalarının müəyyən edilməsi və tam olaraq açılması mənim peşəmdən irəli gəlir. Mən hüquqşünasam və xaricdə çalışmışam. Amma hansı janrda yazmağından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrində hökm sürən ab-havanı, insanların psixologiyasını açmağı bacarmalısan. Siyasi dedektiv isə dünyada baş verən ictimai-siyasi hadisələr barədə səhih informasiyalar, bir çox hallarda öz təsdiqini tapan siyasi proqnozlar, hamının tanıdığı dövlət xadimlərinin təsvirində heç bir komplekslərə qapılmamağı tələb edir. Əsərin mayası İnsan faktorudur. Konkret bir insan taleyi, bəzən qlobal əhəmiyyətli siyasi hadisələrdən daha çox önəm daşıyır. Hər hansı bir siyasi hadisə nə qədər əhəmiyyətli, mühüm olsa da, insan faktoru ondan qat-qat əhəmiyyətlidir, konkret insanların taleyini sındırmaqla hansısa absurd ümumbəşəri səadətə, xoşbəxtliyə nail olmaq mümkün deyil, heç bir qlobal əhəmiyyətə malik planlar, hətta ən “xırda” adamların da taleyini nəzərə almadan həyata keçirilə bilməz.
- Burda təbii ki, yazı peşəkarlığı da böyük rol oynayır.
- Mənim necə yazıçı olduğumu isə təbii ki, oxucular bilir. Amma qeyd etmək istəyirəm ki, qarşıdakı 6 ildə “Eksimo” nəşriyyatı tərəfindən əsərlərimin 150 cildliyi nəşr olunacaq. Ötən illərdə isə kitablarımın 70 cildliyi çapdan çıxıb. Təkcə son bir il ərzində 30 kitabım işıq üzü görüb.
- Çox az inkişaf etmiş bir janra müraciət etdiyiniz üçün yəqin ki, çap olunmağınızda da problem olmayıb.
- Düzünü deyim ki, mən detektiv janrını sevmirdim. Daha çox fantastika oxuyurdum. Babam da, ulu babam da, əmilərim, qardaşlarım da hüquq-mühafizə orqanlarında çalışırdılar və mənim də ən böyük arzum onların yolunu davam etdirmək idi. 189 saylı məktəbi bitirən kimi imtahan verdim və Bakı Dövlət Univesitetinin Hüquq fakültəsinə daxil oldum. Onda mənim 17 yaşım vardı. Qismət elə gətirdi ki, mən çox məxfi-xüsusi qapalı bir təşkilata düşdüm. Və burda çox maraqlı tale yaşadım. Sonra xaricdəki fəaliyyətim, daha sonra ölkədəki partiya işim də mənə yardım etdi. Amma onu da deyim ki, Dövlət Təhlükəsizlik Nazirliyinin kuratoru da olsam üç il kitabımın çapına icazə vermədilər. İlk kitabım “Yazıçı” nəşriyyatı tərəfindən çap olundu və 30 min nüxsə iki həftə ərzində satıldı. Roman yenidən 100 min nüxsə ilə çap olundu və iki günə satılıb qurtardı.
İctimai xadim
- Cəmiyyətin dayaqları həmişə müxtəlif fərdlərin çiynində dayanır. Bir ictimai xadim, dünya şöhrətli yazıçı və ziyalı kimi sizin də məsuliyyətiniz var. Qələminiz və şöhrətiniz Azərbaycan həqiqətlərinin dünya arenasına çıxarılması məsuliyyətini də sizin üzərinizə qoyur, desək, yanılmarıq ki?
- Mən o məsuliyyəti daim çiynimdə hiss edirəm. Xocalı qətliamı, Qarabağ müharibəsi ilə bağlı yazmaq, film çəkmək istəyirəm. Nə qədər ki, etməmişəm bu məsuliyyət məni rahat buraxmayacaq. Amma bir məsələ var. Siz özünüz dediniz ki, məni dünyada tanıyır və qəbul edirlər. Əgər belədirsə, deməli, mənim sözümə inanırlar. Mən hər hansı mövzuya müraciət etsəm, hər şeyin yaxşısını və pisini də açıq-aydın yazmalıyam. Bizim bu problemlərimizin içində o qədər acı həqiqətlər gizlənib ki, mən bunları hələ ki, yaza bilmərəm. Və mən o həqiqətlərdən yazmağa başlayan kimi məni xalq düşməni elan edəcəklər. Məni qorxudan bu deyil. Əslində ermənilər bizə qalib gəlməyiblər, biz Qarabağ savaşını uduzmuşuq. Və uduzan xalq deyil, Qarabağ müharibəsi zamanı kürsüdə əyləşənlərdir. Uduzan Şuşada yerləşən tarix-diyarşünaslıq muzeylərini talayıb oranı ermənilərə verənlərdir. Amma onlar da bizim xalqın bir üzvüdür. Düşünürəm ki, indiki halda ölkəmizə kömək etməliyəm, çünki müharibə hələ bitməyib. Amma mən bildiklərimi, araşdırdıqlarımı bir gün hökmən yazacam. Suallar çoxdu. Bizi 1918-19-cu illərdə soyqırımına belə məruz qoyublar, amma qalib gələ bilməyiblər. Necə oldu ki, indi qalib gəldilər? Baxın, bu sualların cavabı açılanda cəmiyyəti şoka salacaq məqamlar olacaq. Şamaxını başdan-başa qana buladılar, amma yenə bizim olaraq qaldı. Şuşa isə yoxdu. Mən özüm Şuşada böyümüşəm, o yerlərin strateji əhəmiyyətini və mövqeyini də yaxşı bilirəm. Necə oldu ki, Qacarın ala bilmədiyi qalanı erməni fəth elədi. Şuşanın alınmasından 16 il keçir, amma bir hərbiçi çıxıb bu hadisənin normal izahını verə bilmir.
Ağdam verilən günü atam xəstələnib yorğan-döşəyə düşdü. Onun atasının, əmilərinin, babalarının, tayfasının məzarları Ağdamdaydı. Qarabağlılar hamısı bilir Ağdam məzarlığı əsl muzeyə bənzəyirdi. Düzdü, atamın səhhəti bərpa olundu, sağalıb ayağa qalxdı. Amma uzun muddət xəstə yatdı o hadisədən sonra. Onda atamın özünün, indisə ruhunun qarşısında xəcalət çəkirəm. Mən yaxşı oğul olmamışam ki, babalarımın qəbrini düşmənə vermişəm, onları qaytara bilməmişəm. Ağdam işğal olunanda atam mənəvi sarsıntıdan başqa, fiziki ağrılar keçirirdi. İndi o həyatda yoxdu, amma həmin o ağrılar mənə, qardaşlarıma keçib və bilirəm ki, bütün Azərbaycan Qarabağ ağrılarını yaşayır.
Siyasi detektiv
- Siyasi detektiv janrının digərlərindən fərqlənən özəlliyi yaradıcılığınıza mane olmur ki?
- Bu elə bir janrdır ki, bu gün sənin yazdıqların yuxarıların xoşuna gələ bilər, sabah vəziyyət dəyişəndə səni xalq düşməni elan edərlər. Mən sözümü dəyişməmişəm heç vaxt. 1989-cu ildə Ümummilli lider Heydər Əliyevdən nə yazırdımsa, bu gün də onu yazıram. Ona görə ki, bu şəxsiyyət Azərbaycanın xilaskarıdır. Yəni, bu inkarolunmaz həqiqətdir. Niyə fəxr etməyəydik ki, Moskvada elə yüksək bir kürsüdə oturan bizim azərbaycanlımızdır. Biz nə edirdik? Qorbaçov bir dəfə çıxışlarının birində dedi ki, Heydər Əliyevin əleyhinə Moskvaya gedən məktubların hamısı Azərbaycandan gəlir. Nə oldu? Heydər Əliyevi işdən uzaqlaşdırdılar, üç ay sonra Qarabağ məsələsi gündəmə gəldi. Mən hələ bu məsələlərin faş olmasını istəmirəm. Hələ ki, biz erməni kimi mənfur düşmənlə üz-üzəyik. Amma mən yanlış yazsam, bunu onsuz da oxucu duyacaq. Oxucu isə səndən vicdanlı, həqiqətin təhrif olunmadığı mətn istəyir.
Sağlığında qiymət verin insanlara...
- Sizi əvvəl dünya tanıdı, sonra öz ölkəmizdə qəbul olunmağa başladınız.
- Daha ağrılısı başqa məqamdı. Bu gün 50 yaşım tamam olur. Səkkiz ölkənin səfirləri rəsmi şəkildə məni müxtəlif təltiflərlə mükafatlandırıblar. Artıq dördüncü gündür ki, telefonlarım qapalıdır. İnsanların təbriklərinə sadəcə cavab verə bilmirəm. Buna vaxtım çatmır. 45 yaşım olanda ad günümdə məni on dörd min adam təbrik etdi. Cənab Prezident İlham Əliyev öz imzası ilə mənə Xalq yazıçısı adını verdi. Bundan böyük etimad olmaz. O ki qaldı qəbul olunmağa, detektiv janrının vətəni yoxdu. Kim deyə bilər ki, Artur Konan Doylu Azərbaycanda öz vətənindəkindən az sevirlər. Amma etiraf edim ki, mənə toxunan məqamlar var. Nəyə görə mən Riqaya gedəndə şəhər sakinləri məni vağzalda qarşılayırlar, amma Azərbaycanda “detektiv janr deyil” deyirlər. Amma artıq mən o pilləni keçmişəm. Baxın, hələ də mətbuatda yazırlar ki, Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatına dəxli yoxdu. Niyə? Ona görə ki, mən rus dilində yazıram. Onda İsmayıl Bəy Qutqaşınlı da ana dilində yazmayıb, onun da dəxli yoxdu Azərbaycan ədəbiyyatına? Yaxud Anar Azərbaycan dilində yazır dəxli var, rusca yazsaydı deyəcəkdilər, dəxli yoxdu? Mən düşünürəm ki, mənim kitablarımın yayıldığı arial, həm də Azərbaycanın adının, təfəkkürünün yayıldığı arialdı?! “Vikipediya” açıq dünya ensiklopediyasında dünyanın ən məşhur beş yazıçısının adı var ki, onlardan da biri mənəm.
İsveçrədə kitabımı 30 avroya satılan görəndə istəyirdim alıcılara deyim ki, o kitablar üçün bu qiymət çox bahadır, amma həm də qürur duyurdum. Azərbaycan dilində çap olunan kitablarım üçün heç bir qonorar almıram, satış pulunu isə tərcüməçilərə bağışlayıram.
Son
Hazırda “Cənub şəhərində festival” əsərim çapa hazırlanır. Bu əsərdə Bakı və onun hər bir çağdaş sakini, məcazi mənada desəm, özünü görə biləcək. Amma mövzunun dəxli olduğu hər bir dövlət məmurunun surəti də əsərə daxil edilib. Daha doğrusu, hadisələr onların ətrafında baş verir.
“Yeni Azərbaycan”çılar adından Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
P.S. Görkəmli ədibimizi 64 yaşının tamam olması münasibətilə təbrik edir, ona daha böyük hədəfləri vurmağı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Qırmızı lalədən Qız Qalasınadək!
Bu gün səhnəmizin ilk balerinası Qəmər Almaszadənin anım günüdür
Baletə ağızbüzənlər həmişə tapılır. Onlar, guya baletin milli mentalitetimizə yad olduğunu israrla sübutlamağa çalışırlar. Amma bu, kökündən yanlışlıqdır. Balet simfonik musiqi ilə birgə dünya incəsənətinin ən elitar növü olaraq qalır və qalacaq da. Azərbaycan baleti isə öz ənənələrini saxlayacaq və daim inkişaf edəcək!
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünyaşöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin anım günüdür.
Vəfatından 17 il ötsə də onun adı hər zaman böyük hörmət və ehtiramla anılır.
Bakıda 1915-ci ildə dünyaya göz açan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb.
Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb.
Balerina 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını edib. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən coşqun heyranlıqla qarşılanıb.
“Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olub.
Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.
O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb.
Balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib.
Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib.
Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub.
Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib.
Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil edib. O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməyib.
Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Muğam Mərkəzində Xalq artisti Hacı Xanməmmədovun xatirəsi anılacaq
Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqili gecə təşkil olunacaq.
Musiqili gecədə Muğam Mərkəzinin solistləri Könül Məmmədli, Vəfa Vəzirova, Hüseyn Məlikov, Könül Xəlilzadə, Murad Laçın, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Elgiz Əliyev, Ehtiram Hüseynov və başqa solistlərin ifalarında bəstəkarın repertuarından olan musiqilər səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Ariflər vəzifəni Allahın insan taleyinə yazdığı gözəl bir fürsət kimi dəyərləndirirlər…
“Ədəbiyyat və incəsənət” portalı “Onlar tanınmağa layiqdir” rubrikasında Elman Eldaroğlunun təqdimatında “Sevindik Hətəmov- 60” yazısını təqdim edir.
Bəli, Allahın varlığını hamı təsdiq edir, amma az adam Yaradanı hər yerdə görə, hiss edə bilir. Nəfs, qəzəb, kin, paxıllıq, təkəbbür bəşər övladını elə bir vəziyyətə salıb ki, yalnız çətin vaxtlarında Allahı yadına salır...
Müəllim ailəsində doğulub, müəllim maaşı ilə böyüyüb ərsəyə çatıb. Bir insan kimi formalaşmasında müəllim tərbiyəsinin və tələbkarlığının rolu böyük olub. Mərdliyin mayasını Laçının bumbuz çeşmələrinin suyundan, dağ havasından götürüb. İlk dəfə dürüstlüyün nə olduğunu dünyaya göz açdığı Güləbird kəndinin adamlarından öyrənib. Haraya gedibsə dağ saflığını qoruyub saxlaya bilib. Aldığı təhsil zehninə işıq saçıb, təfəkkürünü kamilləşdirib. Xeyirlə şəri bir-birindən ayırmağı bacarıb. Və sonra, sonra da Allahı dərk edib, Ona baş əyib, ədalətinə güvənib. Haraya gedirsə, nə iş görürsə Allahı orada görə bilir...
Əlbəttə ki, ariflər vəzifəni Allahın insan taleyinə yazdığı gözəl bir fürsət kimi dəyərləndirirlər. Elə bir fürsət ki, onun vasitəsi ilə insanlara daha böyük fayda verə bilirsən.
O da, taleyinə yazılan vəzifənin çətinliklərini, şərəfini yaşayır. Yanına gələnlərin problemlərini həll etməyə çalışır. Bacardığı qədər, səlahiyyətləri daxilində ona pənah gətirənlərə yardımçı olur...
Qürurludur, lakin lovğalıqdan, təkəbbürdən çox uzaqdır. Davranışında o qədər səmimi, mehribandır ki, onunla ünsiyyətdə olanda sıxılmırsan. Kobud söz işlətmir, fikrini ən mükəmməl tərzdə ifadə edir. Heç kimə yuxarıdan aşağı baxmır, hər kəslə öz dilində danışmağı bacarır…
Onunla bir süfrədə əyləşmək, başqa aləmdir. Qonağına o səviyyədə xidmət göstərir ki, sanki bundan bir rahatlıq tapır…
Gözümüzü açandan müxtəlif ictimai-siyasi quruluşlarda yaşamışıq. Hər quruluşda eyni vəzifənin özünəməxsus adları olub. Bir vaxtlar rayon partiya komitəsinin birinci katibi adlanan vəzifə, bu gün rayon icra hakimiyyəti başçısı adlanır. 1600 kvadrat kilometr ərazisi, 140 minə yaxın əhalisi olan Salyan kimi nəhəng bir rayona rəhbərlik etmək əlbəttə böyük məsuliyyətdir. Hər gün müxtəlif xarakterli insanlarla ünsiyyətdə olmaq, bitib tükənməyən sosial, iqtisadi problemlərin həllinə çalışmaq, sakinlərin tələb və istəklərini dinləyib, düzgün qərar vermək, çətinlikləri aradan qaldırmaq çox ağırdır.
Haqqında söhbət açdığım Sevindik Hətəmov bütün bu sadaladıqlarımın öhdəsindən ləyaqətlə gəlir. Elə ona görə də harada, hansı rayonda çalışıbsa insanların rəğbətini qazanıb. Onun Yardımlını tərk edərkən, necə yüksək səviyyədə yola salındığının çox adam şahidi olub. İnsanlar iki saat yol qət edib bu görüşə tələsirdilər...
Yaxşı insanlara dəyər vermək, onları nümunə göstərməyə tələsmək insanlıq borcumuzdur. Sevindik Hacıağa oğlu Hətəmov səkkiz ildir ki, Yardımlıdan gedib, amma hələ də adı gələndə ehtiramla yad edilir, ünvanına xoş sözlər söylənilir. Bəli, biz yardımlılar Onu özümüzə doğma, əziz adam bilirik...
Mən onu qırx yeddi yaşından tanıyıram. Nə zəmanə, nə vəzifə onu dəyişə bilməyib. Hələ də saflığını, mərdliyini, insanpərvərliyini qoruyub saxlaya bilir…
Bu gün Sevindik Hətəmovun 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
“Skamya” lirik komediyası Opera və Balet Teatrının səhnəsində canlanacaq
Mayın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aleksandr Gelmanın pyesi əsasında “Skamya” komediyası nümayiş olunacaq.
Əsas rolları İrina Apeksimova və Qoşa Kutsenko ifa edəcəklər.
“Skamya” - dramaturq Aleksandr Gelman tərəfindən yaradılan səmimi əhvalatdır. Tamaşada çətin yol keçən və bir-birinə ürəklərini açan kişi və qadından söhbət gedir. Əvvəlcə tamaşanın janrı komediya kimi göstərilir. Lakin burada həm romantika, həm intriqa, həm də zəngin hisslər ahəngi mövcuddur.
Tamaşa dünyanın 30 ölkəsində göstərilib. “Skamya” Moskvanın “Büllur Turandot” mükafatına və Nitsada keçirilən Rusiya incəsənəti festivalının Qran-prisinə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
“Öz kefimin paşasıyam” deyir Arğın Paşa
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikaaından ən yaxşı şeir seçmələrini sisin diqqətinizə çatdırırıq. Sırada Arğın Paşadır. Bu gün o “Öz kefimin paşasıyam” deyir.
ÖZ KEFİMİN PAŞASIYAM
Yoxluğunda üşümürəm,
Öz kefimin paşasıyam.
Dərd yükünü daşımıram,
Öz kefimin paşasıyam.
Nə gözlərim dəniz olur,
Nə ürəyim bir an solur,
Boşalır külqabım, dolur,
Öz kefimin paşasıyam.
Qəm çəkmirəm bir an, lələ,
Cavandır bil, bu can hələ,
Ürək sözüm coşur belə,
Öz kefimin paşasıyam.
Önəmsizdir mənə saat,
Yaşayıram dərdsiz, rahat,
Cəhənnəm olsun bu həyat,
Öz kefimin paşasıyam.
Düşünməki dağılmışam,
Dağlarınla, dağ olmuşam,
Şair fəsli doğulmuşam,
Öz kefimin paşasıyam.
Yaşamıram bir an sürgün -
Ki, işlərim düşə düyün,
"Dünya beş gün, o da xoş gün",
Öz kefimin paşasıyam.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Pərdələr və arakəsmələr barədə mütləq həqiqət - Hümbət Həsənoğlu yazır
“Ədəbiyyat və incəsənət” portalı Hümbət Həsənoğlunun “Pərdələr və ya arakəsmələr haqqında” adlı essesini oxucularına təqdim edir
Nar meyvəsini açanda içindəki pərdələri görmüsünüz. Qoz meyvəsinin içində də belə pərdələr, arakəsmələr vardır.
Pərdələr ona görədir ki, meyvənin bir hissəsində olan xəstəlik, mərəz asanlıqla digər hissələrə keçməsin.
İnsan bədəninin daxilində hər orqanın da öz pərdəsi var. Ürəyin, ciyərlərin, hətta beynin də öz pərdəsi var.
Belə, lakin görünməyən pərdə-arakəsmələr gözümüzə, qulağımıza və digər hissiyyat orqanlarımıza da qoyulub.
Məsələn, insan gözü yalnız 400-700 nm işıq dalğası diapazonunda görür. Bundan kənar diapazonda insan gözü heç nə görmür. Əks halda biz əllərimizdə, ətrafda qaynaşan milyardlarla mikroblar görərdik ki, bu da yaşayışımızı mümkünsüz edərdi. Eyni zamanda, dünyamız belə rəngbərəng və gözəl deyil, ağ-qara və boz rənglərdə olardı.
Qulağımıza da pərdə( məhdudiyyət) qoyulub. Biz səsi yalnız 16-20000 hs. arası tezlikdə eşidirik. Bundan qıraq tezliklərdə, təbiətdə elə səslər ola bilir ki, biz dəhşətə gəlib qulağımızı tıxayıb yaşamalı olardıq.
Allahın dənizlər arası qoyduğu pərdə haqqında Quranda da yazılıb.
O gözə görünməyən pərdədən sular fırtınada belə qarışmır.
Düşünürəm ki, Allah bizim beynimizə də məhdudiyyət pərdələri qoyub. Bu pərdələrə görə biz ruhlar aləmini heç vaxt dərk edə bilməyəcəyik. İnsan min ildən sonra da quşların, kəpənəklərin, cırcıramaların dilini başa düşməyəcək. Bunlar ona görə edilib ki, onlar bizdən və əksinə qorunaq.
Bəşəriyyət Allahın onun üçün müəyyən etdiyi, pərdələrlə dəqiq çərçivələnmiş dar bir cığırla gedir.
İnsan öz ağlı ilə də belə görünməz pərdə yarada bilir.
İnsanın ailədə, ictimai yerlərdə, könüllü olaraq özü ilə digər insanlar arasında qoyduğu bu məhdudiyyət pərdəsinin adı əxlaqdır.
Əxlaq insanı heyvandan fərqləndirən əsas meyardır.
Hətta dilimizdə də “pərdə saxlamaq” ifadəsi var.
Ailədə, cəmiyyətdə, kollektivdə, dostluqda belə
“pərdə saxlamaq” la çox problemlərin qarşısını almaq olar.
Bizi ayırmaq üçün deyil, bizləri qorumaq üçün yaradılan pərdələri birlikdə qoruyaq.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq
Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.
ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblı (rəhbər Ədalət Behbudov), solistlər və violin ansamblı, eləcə də kollecin müəllim və tələbələrinin ifalarında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək. Konsert proqramında “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani” aşıq havaları və digər bəstəkar mahnıları səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Bir şeiri iki dəfə oxumaq məcburiyyəti - Varis yazır
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin günümüzün ədəbi mənzərəsini müəyyənləşdirməyə çalışan amorfizmlərdən bəhs edən “Virus dövrü ədəbiyyatı” termini sizə tanışdırmı? yazısını oxucularına təqdim edir.
Hazırda dünya siyasəti, iqtisadiyyatı, elmi, mədəniyyəti, turizmi, idmanı – bir sözlə mövcud olan hər bir sahə böhran içindədir. Baş verənlərdən dərin sarsıntı keçirən yazıçılar da şedevr yazıb-yarada bilmir, öz yaradıcılıqlarını, bir növ, əkinçilər kimi dincə qoyurlar.
İndi insanlıq bir fobiya yaşayır, hamı şəraitin girovudur. Sərhədlərini bağlayıb hər gün karantinlərini bir az da şərtləşdirən, ardınca hiperinflyasiya və bahaçılıq girdabına düşən dünya dövlətlərində yeganə aktiv sahə isə, təbii ki, virus infeksiyası ilə cəngə çıxmış tibb, qiymət artımı etiketlərini hər gün dəyiş-düyüş edən tacirlər, bir də, qismən, informasiyadır, onun istehsalı və istehlakıdır.
Bununla belə, nəşriyyatların, mətbəələrin qapandığı, çap məhsullarının tam dayandığı bir şəraitdə bəzi ədiblər elektron mediada, xüsusən sosial şəbəkələr üzərində ədəbiyyatın, hər halda, mövcudluğunu isbatlamağa çalışırlar. Məsələn, qərbdə maraqlı şeir nümunələri yayılmaqdadır. Hətta bəzi ədəbiyyat funksionerləri yarızarafat, yarıgerçək bu şeirləri “karantinizm” cərəyanına aid edirlər.
Oxuculara onlardan birini təqdim etmək qərarına gəldim. Düzdür, adətən sətri tərcümədə şeir bədiiliyini tam itirir, amma məna yükü və mesajı tam olaraq qorumağa çalışmışam.
Müəllifi Conatan Riddir. Siz onu iki dəfə dalbadal oxuyacaqsınız. Niyə? Birinci dəfəsini oxuyun, səbəbini sonda izah edəcəyəm.
Şeirin adı “İtirilmiş nəsil”dir.
Mən itirilmiş nəslin nümayəndəsiyəm. Və mən inanmaq istəmirəm ki. Mən bu dünyanı dəyişə bilərəm. Başa düşürəm, olsun ki, bu sizi hiddətləndirəcək, amma “Xoşbəxtlik artıq sənin içindədir”. – Bu, həqiqətən yalandır. “Pul məni xoşbəxt edəcək!”. Və otuzumda öz övladıma danışacam ki, O – mənim həyatımda ən vacib kəs deyil. Mənim bossum mütləq biləcək Mənim prinsiplərim belədir: İş. Ailə. Birinci daha vacibdir. Uzun illərdir ki, İnsanlar ailə halında yaşayır Amma buna baxmayaraq Cəmiyyət heç vaxt əvvəlki kimi ola bilməyəcək. Ekspertlər mənə deyir, Otuz ildən sonra öz boşanmamın on illiyini qeyd edəcəyəm. Mən düşünmürəm ki, Mən sonadək özüm qurduğum ölkədə yaşayacağam. Gələcəkdə Təbiətin məhvi bir norma olacaq. Heç kim inanmır Biz öz gözəl planetimizi qoruya biləcəyik. Və əlbəttə Mənim nəslim artıq itirilib. Səfehlik olar düşünmək ki, Ümid var.
İndi isə şeiri axırdan əvvələ cümləbəcümlə oxuyun. Şeirin adı bu dəfə “Ümid var”dır. Oxudunuzmu?
Bax bu tip şeirlər müasir insan inkişafının əksliklərini, ziddiyyətlərini özündə xarakterizə edir. Düzdür, onlar elə də dəyərli ədəbi nümunələr deyil, amma motivasiya baxımından çox əhəmiyyətlidirlər.
Günümüz də məgər belə deyil? Baş verən qorxunc hadisələr – koronavirus pandemiyasının gətirdiyi fəlakətlər və zorən izolyasiya insanları depressiyaya salmadımı, saldı. İndi də inflyasiyalar, bahalaşmalar, müharibələr insanlığın başının üstündən qorxunc kabus kimi əskilmir. Amma şərə məğlub olmamaq üçün, yaşamaq üçün pozitiv qalmaq da əsas şərtdir. Hər bir şərin əks tərəfində xeyir var, şərə boyun əyməyək deyə xeyirə söykənməli, ondan güc almalıyıq.
Şəkildə: Conatan Ridd
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
UNESCO-nun mənzil-qərargahında “İpək Yolu” ölkələrinin konsert proqramı təqdim olunub
UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində konsert təşkil edilib.
AzərTAC xəbər verir ki, konsertdən öncə çıxış edən UNESCO Baş direktorunun müavini Qabriela Ramos “İpək Yolu” üzərində yerləşən ölkələrin zəngin mədəni irsindən söz açıb. Sonra təşkilatçı ölkələrin səfirləri mədəni irsdən danışıblar. Konsertdə ölkələr musiqi, adət-ənənə, rəqs kimi milli-mədəni irs nümunələrini təqdim ediblər.
Konsertdə Səidə Zülfüqarova (piano) və Ağarəhim Quliyev (fleyta) Cövdət Hacıyevin “Ballada”, Fazil Soyun “Qara torpaq”, Fikrət Əmirovun fleyta və fortepiano üçün pyeslərini ifa ediblər. Bununla yanaşı, Azərbaycan milli rəqsləri “Naz eləmə” və “Uzundərə” təqdim olunub.
Xatırladaq ki, UNESCO-nun “İpək Yolu” proqramının 35 illiyi münasibətilə “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayan təbirlər silsiləsi Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən “Find your own Silk Road in Azerbaijan” adlı sərginin açılışı ilə davam edib. “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr edilmiş tədbirlər təşkilatçı ölkələrin konsert proqramı ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)