ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 10 Aprel 2023 09:30

O getmək istəyirdi, amma gedə bilmədi…

Azərbaycanın Xalq artisti İrana Tağızadə vəfat edib

 

 

Azərbaycan mədəniyyətinə ağır itki baş verib. Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə ötən gün səhər vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Və rəsmi açıqlama yayaraq mərhuma Allahdan rəhmət diləyib.

Xatırladaq ki, həyatını Rus Dram Teatrı ilə bağlamış aktrisa 11 il bundan əvvəl teatrdan gedəcəyi barədə bəyanat vermişdi.

“Hələlik üç ay ərzində "Azdrama"da layihədə çalışacam. İş çox ağırdır, buraya bütün gücünü sərf etməlisən. Mənim "Karamazov qardaşları" tamaşasındakı rolum yüksək təəssürat yaradıb. Elçin Əfəndiyev məni öz pyesində görmək istəyir. "Artist" pyesi klassik formalı bir tamaşadır", - demişdi. Amma 3 aydan sonra yox, heç 11 ildən sonra da tetardan getməyə ürək eləməmiş, doğma kollektivdən ayrıla bilməmişdi. 

O əməkdar artist Firdovsi Ağakişiyevin həyat yoldaşı, görkəmli rejissor Tofiq Tağızadənin isə qızı idi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Şəhərin mədəni həyatına canlanma gətirən bir tədbir barədə qeydlər

 

 

“Ədəbiyyat və incəsənət”in əməkdaşı Kənan Məmmədlinin şair İbrahim İlyaslının Sumqayıt Dövlət Dram Teatrında keçirilən 60 illik yubileyi barədə qeydlərini təqdim edirik. 

 

 

Yubiley bitəndən və tamaşaçılar Sumqayıt Dövlət Dram Teatrının gözəl və rahat zalını  tərk edəndən sonra hələ uzun müddət orada saz-söz cingiltisi duyuldu, insanların xoş təəssüratlarının əksi dövran etdi. 

Bəli, Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunan tədbir uzun müddət yaddaşlarda qalacaq. 

Tədbirdə MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Millət vəkili Müşviq Məmmədli, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, xarici ölkələrdən gələn qonaqlar, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri və oxucular iştirak edirdilər. Tədbirin aparıcısı isə MM Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı idi. Səhnədə qoyulmuş kreslolarda iki şair, iki türkçü və iki dost - İbrahim İlyaslı və Əkbər Qoşalı qoşa əyləşmişdilər. 

Öncə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov yubilyarı, qonaqları və tədbir iştirakçılarını şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq İbrahim İlyaslının şəhərin mədəni həyatında fəal iştirakından danışdı, onun bu günlərdə icra başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldığını qeyd etdi. Teymur Səmədovun gözəl intonasiya ilə şairin “Necəsən” şeirini söyləməsi isə tədbirin lap başlanğıcında bir kulminasiya oldu. Və hətta tədbirə dəvət ediımiş qiraətçilər belə etiraf etdilər ki, onlar bu şeiri bu qədər gözəl deyə bilməzdilər. 

Yubiley gecəsinin ilk musiqi töhfəsi - “Sumqayıt” Milli Kamera ansanblının ifasında şairin “Sumqayıt” şeirinə bəstəkar Zərif Kərimovanın bəstələdiyi mahnı oldu, mahnı ansanblın bədii rəhbəri Şərqiyyə Mustafayevanın dirijorluğu ilə səhnədə yer aldı və alqışlarla qarşılandı. 
Daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış etdi, poeziyanın gözəl bilicisi olan Qənirə xanım şairin yaradıcılığına rakurs etdi və komitə adından ona at rəsmli tablo hədiyyə etdi. At murazdır, bu rəmzi məna poeziyamızda iz qoymağı özünə amal götürmüş şairə bir çağırış oldu həm də. 

Milli Məclisin Sumqayıtdan seçilmiş depuatatı Müşviq Məmmədli də şairi 60 illik yubileyi münasibəti ilə təbrik etdi, şəhərin mədəni həyatında onun rolunu dilə gətirdi.
Hər iki millət vəkili İbrahim İlyaslının həyat və yaradıcılığından ətraflı söz açaraq onu çağdaş poeziyamızın öndə gedən nümayəndələrindən biri, uzun zamandır ki, ümumtürk ədəbiyyatına öz töhfələrini verən bir tərcüməçi olaraq dəyərləndirdilər.
Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli AYB “Fəxri Diplom”unu yubilyara təqdim etdi və onun AYB Poeziya seksiyasının rəhbəri olaraq səmərəli fəaliyyətindən söz açdı. 
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 60 illik yubileyi münasibəti ilə İbrahim İlyaslının adına yazılan ünvanı tədbir iştirakçılarının diqqətinə çatdırdı, onu idarənin Fəxri Fərmanı ilə təltif etdi.

Aparıcı Əkbər Qoşalı tədbirə qatıla bilməmələri səbəbindən yubilyarı təbrik teleqramı ilə yada salan ağsaqqal xalq şairimiz Nəriman Həsənzadə və Sumqayıtın eks icra hakimiyyəti başçısı, ədəbiyyatın böyük dostu Şakir Abuşev barədə bilgi verdi. 
Daha sonra səhnəyə başında yaşıl fəs olan qonaq təşrif buyurdu. Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Dövlət Sovetinin deputatı Rıkail Zəydullin çıxış edərək, İbrahim İlyaslının Azərbaycanla Tatarıstan arasında ədəbi əlaqələrin inkişafındakı xidmətindən danışdı və ona “Təşəkkür Məktubu” təqdim etdi.
Çuvaşıstan Respublikası Peşəkar Yazıçılar İttifaqının sədr müavini, gözəl şairə Marina Karyagina özünün Azərbaycan sevdasından danışdı və burada ədəbiyyatın rolunu yüksək dəyərləndirdi, İbrahim İlyaslını yubileyi münasibəti ilə ürəkdən təbrik edərək, ona Çuvaşıstan Yazıçılar İttifaqının mükafatını təqdim etdi. 

Tədbirin növbəti kulminasiyası şairin qardaşı, müasir Azərbaycan aşıq sənətinin ən zirvələrində qərarlaşmış İlham Aslanbəylidən gəldi. O sazı necə dilə gətirdisə qardaşının poeziyası telli sazın sayəsində coşdu, kükrədi, ürəkləri riqqətə gətirdi. 
Rusiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycan diasporunna rəhbərlik edən Tərlan Qasımov da çıxış edərək, yubilyarı təbrik etdi və ona xatirə hədiyyəsi təqdim elədi.

Qeyd edək ki, şairimiz əslən Qazax rayonunjn Aslanbəyli kəndindəndir, gənc yaşlarından Sumqayıta gələrək ali təhsil alaraq bu şəhərin Alüminium zavodunda əmək fəaliyyətinə başlayıb. 

Bu səbəbdən də “Qazax” Xeyriyyə İctimai Birliyinin təbriki gözlənilən idi. Birliyin sədri, çox hörmətli professor İlham Pirməmmədov çıxış etdi, şairin yaradıcılığından və ictimai fəaliyyətindən söz açdı və İbrahim İlyaslını Birliyin təsis etdiyi “Səməd Vurğun” diplomu ilə təltif etdi. Və daha bir kulminasiya: Diplomu yubilyara Səməd Vurğunun nəticəsi, Səməd Vurğunun Ev muzeyinin yeni təyin ediımiş direktoru, tanınmış gənc musiqiçi Vurğun Vəkilov təqdim etdi. 

Tanınmış qiraətçi Xəzər Süleymanlının şairin şeirini səsləndirməsi də onsuz da xoş olan ovqata bir qədər də müsbət aura əlavə etdi. 
Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şairə Ofelya Babayeva İbrahim İlyaslının Sumqayıtda ədəbi mühitin formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açdı, onun “Dəniz” ədəbi birliyi, Poeziya evi vasitəsilə ədəbi gəncliyin inkişafına təkan verdoyini vurğuladı, yubileyi münasibəti şəhərin ədəbi ictimaiyyəti adından onu təbrik etdi.
Yubiley gecəsində filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər də şairin yaradıcılığı barədə geniş məruzə ilə çıxış etdi. 
Sonra Dünya Gənc Türk Yazarları Birliyinin başqanı, şair İntiqam Yaşar təbrik nitqi ilə çıxış edərək İbrahim İlyaslını DGTYB-nin 25 illik Yubiley Medalı ilə təltif etdi. 
Tədbirin sonunda çıxış edən yubilyar tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkür və minnətdarlığını bildirdi və “Zəfər Marşı” şeirini səsləndirdi. 

Və mən bu yazını hələ də İbrahim İlyaslının haqqında bol-bol tərif dediyimiz “Necəsən” şeirini oxumayanlar üçün şeiri təqdim etməklə yekunlaşdırır, sevimli şairimizə isə “Həmişə yaxşı olasan” mesajını çatdırıram. 

 

 

NECƏSƏN

 

Mənim səndən uzaqlarda

Yamandı halım, necəsən?

Özgəsinə qismət olan

Cahı-cəlalım, necəsən?

 

Yalana döndü gerçəyim,

Ay gözəlim, ay göyçəyim.

Çəmənim, çölüm, çiçəyim,

Pətəyim, balım, necəsən?

 

Daşam yolun üstə bitən,

Nə sirdi anlamaz yetən.

Gözü, könlü dil-dil ötən,

Dilləri lalım, necəsən?

 

Zər-zibam, ləlim, gövhərim,

Yaqut-yəmən, simu-zərim,

Barmaqları bəxtəvərim,

Başı bəlalım, necəsən?

 

Üzün dönməz mənə sarı,

Yarı öz ömründən, yarı.

İbrahimin sitəmkarı,

Necəsən, zalım, necəsən?

 

Fotolar sumqayıtlı fotoqraf Şakir Rəhmanındır.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Cümə, 07 Aprel 2023 19:00

Biri Amerikada, biri Belçikada

 

“Ədəbiyyat və incəsənət” sizlərə iki həmyerlimizin beynəlxalq uğuru barədə söz açmaq istəyir. Söhbət uğurlarını redaksiyamızla bölüşən Ümid Nəccaridən və Soltan Soltanlıdan gedir. 

 

Şair Ümid Nəccarinin “Oktyabr gülləsi” adlı şeiri Amerikanın “Spillwords” ədəbiyyat və incəsənət saytının manşetində dərc edilib.

Rəssam Soltan Soltanlı isə Belçikada keçirilən beynəlxalq karikatura yarışmasında Sertifikat qazanıb. 

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

Cümə, 07 Aprel 2023 18:30

Bir dəhşətli qalanın sirri

“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas, şairə Adilə Nəzərin “Əlamut qalası” yazısını oxuculara təqdim edir. Xatırladaq ki, söhbət 12-ci əsrdə dünya xalqları üçün vahimə mənbəyinə çevrilmiş bir məkandan gedir. Azərbaycanda çəkiləcək ilk tarixi serial - 44 bölümlük “Azərbaycan Atabəyləri: Şəmsəddin Eldəniz” filmində, yeri gəlmişkən, bir çox hadisələr həmin məkanda cərəyan edəcək. 

 

Vladimir Bartolun "Fədailər qalası Əlamut" kitabını oxuyub bitirdim. (Bundan əvvəl Peter Villeyin də "Ələmut" kitabını oxumuşdum. Müəyyən qədər fərqlərlə əsər demək olar ki, eyni məzmunu təşkil edir) 

Kitabda Xəzər dənizinin cənubunda, İranın şimalında yerləşən Ələmut qalasının XI əsrdə necə, hansı sirlərə şahidlik etdiyi ortaya çıxır. 

Əsərin qəhrəmanı dünya tarixinin ən əsrarəngiz və ən qorxulu liderlərindən biri olan Həsən Sabbahdır. Həsən Sabbahın yaratdığı Xaşxaşilər təriqəti İslamın şiəlik qoluna, daha dəqiq desək bu qolun İsmayili təriqətinə əsaslanır. Xaşxaşilərin (təriqətin adı çox şey deyir) lideri Həsən Sabbah mənə görə insanı insan edən bütün əxlaqi və mədəni dəyərləri rədd edən və bu dünyagörüşünü çox qısa bir müddətə dünyanın hər yerinə yaya bilən, özünə tərəfdarlar toplamağı bacaran bir avtoritetdir.  

Roman sadəcə bədii əsər deyil. Yəqin ki, müəllifin uzun illər ərzində İslamın IX-XII əsrlər dövrünü tarixi və elmi yöndən  əsaslı şəkildə tədqiqi sayəsində yazılıb. Çünki əsər özlüyündə tarixi faktları əks etdirir. Belə demək olarsa, müəllif min illərin tozunu çırparaq altından ziddiyyətli dini fikirləri, qorxunc qətlləri ilə tarixə iz qoymuş, Ələmut qalasının fatehi Həsən Sabbahı üzə çıxarır. O Həsən Sabbahı ki, qəlbi təmiz, niyyəti saf, fiziki cəhətdən sağlam insanları cənnət vədi ilə aldadaraq din fədailəri ordusu (əslində isə sui-qəsdçilər ordusu) yaradıb, hökmlər, fətvalar verib öz siyasi əməllərinə alət etmişdi. 

(Ələmut qalası 1256-cı ildə Moğollar tərəfindən alınana qədər bu təriqətə məxsus olmuşdur)

 Romanı mümkün qədər yaşından asılı olmayaraq dini inancında boşluq olan hər kəsin oxumasını tövsiyyə edirəm. 

Niyə? 

Əsərdə təsvir olunan hadisələr min il əvvəl baş verən və bitən hadisələr deyil, bu gün də davam edən, gələcəkdə də davam edəcəyinə şübhə olmayan hadisələrdir. Bəlkə də bu gün bu mövzuda vəziyyət o zamankından daha ciddidir. Çünki əvvəllər bu növ fırıldaqçı çox nadir və insanların daha az inanclı olduqları yerlərdə görünürdüsə, indi bu cür vicdan istismarçıları fərqli qurumlar altında eyni işləri davam etdirirlər. 

İndi dünya Həsən Sabbahlarla doludur. 

Kitabın əvvəlində diqqət çəkən bir cümlə var ki, bu cümlə əsər boyunca özünü gah H.Sabbahın süni yaratdığı cənnətin mələyi, gah həmin cənnət uğruna qatil olmağı, hətta daha tez ölümə qovuşmağı gözə alan fədailərdən biri kimi təsəvvür edən oxucununun sonda gəldiyi nəticəyə çevrilir. Bir də maraqlısı budur ki, həmin cümlə din adı altında ağlagəlməz qətllər törədən, qadağalar qoyub zülmlər edən qəhrəmandan qalan yeganə kitabdan götürülüb. (Hülaki xan qalanı əsir alanda H.Sabbahın bütün kitablarını yandırmışdı, bir kitabından başqa. Çünki o kitab H.Sabbahın avtobioqrafiyası idi.) Cümlə belə idi: 

“Heç bir şey gerçək deyil. Hər şeyə icazə var.” 

 

Şəkildə Həsən Sabbah. Ələmut qalası XI əsrdə və hazırkı görüntüsü. 

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

 

Aprelin 9-da - bazar günü müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində “Vidalaşmadan getməyin” adlı monotamaşa növbəti dəfə nümayiş olunacaq.

 

Bu monotamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır.

Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı monotamaşada haradansa peyda olan bir kişi bizə öz həyatını, keçmiş günlərini və o günlərin fərqində olmadığı məqamlarını danışır. Həmçinin səhnə əsərinin paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara təqdim olunur.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

 

“Hazırkı toplantıda TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik”.

 

Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısında çıxışı zamanı deyib.

“Bu il mayın 12-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır”,-deyə mədəniyyət nazirinin birinci müavini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

 

Ankarada “CSO ADA Ankara”nın böyük səhnəsində 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib. 

 

AzərTAC  xəbər verir ki, Türkiyənin paytaxtının ən mötəbər festivallarından birinin açılış günüdə Azərbaycan Respublikasının Əməkdar Artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib. 

Bu Festivalın ilk konsertinin məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi çox sevindirici, eyni zamanda qürurvericidir. Bu layihənin həyata keçirilməsində uzun illər klassik musiqini həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliğ edən “Premier LTD” konsert agentliyinin rəhbəri Nəzakət Qasımovanın böyük xidmətləri var. Konsert proqramında tanınmış solistlər – Azərbaycanın Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.

Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Villiamsın “Schindler`s list” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert “Türk marşı” ilə tamamlanıb.

Festivalın açılış günüdə qonaq qismində Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər, məşhur türk pianoçusu Gülsin Onay, dünyaşöhrətli dirijor Erol Erdinç və digər tanınmış simalar iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

 

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Bakı və Şuşada 9-cu İclası davam edir

 

Aprelin 7-də Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi keçirilir. 

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, ADA Universitetində baş tutan tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Ceyhun Bayramovun video müraciəti təqdim edilib. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı və UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuz açılış mərasimində çıxış ediblər. Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb.

ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən açılış mərəsimində UNESCO Baş direktorun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Eduard Matokonun ünvanladığı videomüraciət tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Çıxışçılar sırasında yer alan Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ilk sədri Həsən Həsənov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ötən 30 il ərzində Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafından bəhs edərək mədəni irsimizin dünyada daha geniş miqyasda tanıdılmasına fayda verəcək təkliflərlə çıxış ediblər.

Açılış mərasimi başa çatdıqdan sonra panel müzakirələr və seminarlar öz fəaliyyətinə başlayıb. 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə keçirilən ilk paneldə ölkəmizin UNESCO-nun icra etdiyi proqram və layihələrə dəstəyi və əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin panel iştirakçılarının bu istiqamətdə təklif və tövsiyələri dinlənilib.

ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən növbəti panel mədəni irsin qorunması, elm, təhsil sahəsi üzrə UNESCO çərçivəsində əlaqələrin daha da genişləndirilməsi və birgə beynəlxalq tədbirlərin keçirilməsi mövzularını əhatə edib.

Maddi və qeyri-maddi mədəni irs, təbii irsin qorunması və təhsil məsələlərini əhatə edən seminarlardan və mütəxəssis rəyləri dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının ölkəmizdə keçirilən 9-cu İclasının yekun bəyanatı işlənib hazırlanıb. 2023-cü il Türk dünyasının mədəniyyət paytaxt, Şuşa şəhərində keçiriləcək iclasın yekun bağlanış mərasimində sözügedən bəyanat qəbul ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

Cümə, 07 Aprel 2023 17:30

Rəzalət, utanc, rüsvayçılıq…

“Aparır, kayf aparır", "Bomba kayfda", "Kayfim zor olanda", “Zır kayfdayam bu gün", “Nə, nə, nə nəşəni çəkdim, xu, xu, xu xumar apardı", “Bu da təzə temadır, yetim", “Ley-pey olmuşam", “Kefliyəm", “Mənim balam şor dadır", “Evli insan sevirəm", “Evli qadın sevirəm", “Maç elə", “Na bomba xumardır bu", “Öp, öp", “Ay, ay, of, of", “Ölürəm öpüşmək üçün", “Kül bunun qız başına", “Üzün meymuna oxşar", “Özümü atdım Xəzərə", “Kəsəcəyəm damarları"…

Bu narkomaniyanı, alkoqolu, seksi, intiharı təbliğ edən, vulqar, qaba, təhqiredici sözlərlə zəngin leksikon ən bilsəniz nədir? 

Muğamatla, Üzeyir Hacıbəyovla, Xan Şuşinskiylə, Bülbüllə, Qara Qarayevlə, Fikrət Əmirovla rövnəqlənən Azərbaycan musiqisinin bugünkü mahnılarının adlarıdır. 

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi illərdir musiqimizdə hökmranlıq edən bayağılığa son qoymaq üçün gərəkli addım atıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərkəz "Mahnılarımız monitorinq aynasında" adlı kitabı ərsəyə gətirib və ötən gün ictimaiyyətə və mediaya təqdim edib. Gəlin kitabı birlikdə vərəqləyək. 

 

1-ci təsnifat

Girişdə qeyd olunur ki, monitorinqlərin nəticəsinə görə, mahnı mətnlərinin dilində loru söz və ifadələrdən istifadə halları, səslərin (əssən c, ç, ş, g) qüsurlu tələffüzü aşkarlanıb.

Eləcə də bayağı tərzdə təqdim olunan mahnılarda ifa üçün yetərli olmayan səs tembrləri va texnikalarına rast gəlinib.

Qeyd edilib ki, bunlar sintezator müşayiəti ilə aranjiman olunan, bəsit musiqi quruluşu bir-birini təkrar edən, eləcə də monotonluğun, reçitativin üstünlük təşkil etdiyi mahnılardır.

Həmin mahnı siyahısına:

Pərviz Bülbülə, 

Türkan Vəlizadə, 

Üzeyir Mehdizadə, 

Ülviyyə Namazova, 

Aygül Səfərova, 

Aydın Sani, 

Nüşabə Musayeva, 

Nəfəs, 

Aydın Lökbatanlı, 

Canan 

və digərlərinin ifaları daxildir.

 

2-ci təsnifat

Burada hind, ərəb, fars, yəhudi və s. yad ritmlərlə müşayiət olunan mahnıların siyahısı  yer alıb. 

Həmin mahnılar aşağıdakılardır:

- Nazənin - "Səni sevərəm";

- Rübail Əzimov - "Divanə";

- Sevil, Sevinc & Nurlan Təhməzli - "Baş bəlası";

- Nurlan Təhməzli & Sevil, Sevinc - "Şəkər ilə bal";

- Nurlan Təhməzli - "Öp, yar, ürəyimdən";

- Nurlan Təhməzli- "Yox xəbəri";

- Könül Kərimova & Aydın Sani - "Bəs mən səni kimdən soruşum?";

- Mətanət Əsədova - "Sevdim";

- Nurlan Təhməzli "Mən aşiqəm";

- Abbas Bağırov - "Xızı dağları";

- Qurd - "Rəqs edir hər kəs";

- Pərviz Bülbülə & Türkan Vəlizadə - "Rin-narin";

- Aqşin Fateh & Nəfəs - "Qar çiçəyi";

- Mina Hüseyn - "Brend";

- Niyam Salami - "Kefimiz düzələr";

- Aynur Dadaşova - "Dünya hey fırlanır";

- Məryəm Şabanova-"Bayram";

- Nəfəs & Aqşin Fateh - "Yarəm";

- İman Zaman - "Könlümün maralı";

- Afşin Azəri-"Can, can";

- Əli Pormehr- "Naz eləmə";

- Aqşin Fateh & Aysel Manaflı - "Həbibim";

- Niyam Salami - Şeytan qadın";

- Şəbnəm Tovuzlu - "Olmaz";

- Aqşin Fateh-"Çarəsiz";

- Ülviyyə Namazova - "Halım yamandır".

 

3-cü təsnifat

Zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı da tərtib edilib. 

Həmin mahnı nümunələri aşağıdakılardır:

- İlkin Çərkəzoğlu - "Aparır, kayf aparır", "Bomba kayfda", "Kayfim zor olanda" mahnısı;

- Məhəmməd Fəda - "Zır kayfdayam bu gün";

- Rüzgar - "Yenə gedirəm";

- İlqar Dəniz & Orxan Eşqin - "Nə, nə, nə nəşəni çəkdim, xu, xu, xu xumar apardı";

- Sənan & Vǝli & Arzu - "Bu da təzə temadır, yetim";

- Simral Qasımoğlu & Asif Əhmədli - "Zəhrimar";

- Said & Samid - "Nağaracuğa";

- Elçin Göyçaylı - "Ley-pey olmuşam";

- Toğrul Göyçaylı & Nurlan Göyçaylı - "Adam nə qədər ley-pey?";

- Şamil Vəliyev - "İçirəm mən";

- İlqar Dəniz - "İçirəm";

- Elvin Elcan - "Kefliyəm";

- Elçin Göyçaylı - "Mey gətir";

- Ramil Sədalı - "Gecə ləzzət eləyir";

- Fərəcov & Cavid - "Nivalar dəlilərindir";

- Fərhad - "Şəhər xuliqanları";

- İlqar Dəniz & Orxan Eşqin - "Xuliqanski";

- Samir Ilqarlı & Tural Səda - "Avtoşlar"

- İlqar Dəniz & Orxan Eşqin - "Avtoşlar-2" (İlqar Dəniz & Orxan Eşqin - "O yana, bu yana");

- Fərəcov - "Gedirik Nabrana";

- Fərid Biləcərili & Hakim - "Sür, ay qardaşım";

- Məhəmməd Fǝda & Elnur Ağdamlı - "Avtoşdur bunlar"

- Vüqar Səda - "Ay yetim";

- Orxan Dəniz - "Mənim balam şor dadır";

- Gülağa - "Hayıf məndən";

- Narana Paşayeva - "Əmim oğlu, neylədin?";

- Ülviyyə Namazova - "Evli insan sevirəm";

- Azəri oğlu Cəfər - "Evli qadın sevirəm";

- Dərya Eyvazova - "Nə gedər";

- Rza & Elmir Əliyev - "Yeri var";

- İlqar Dəniz & Orxan Eşqin - "Maç elə";

- İlqar Dəniz & Orxan Eşqin - "Verməyəcəyəm";

- İlqar Dəniz & Orxan Eşqin - "Qız tuturam";

- İlqar Dəniz - "Bu nə dvijeniyadır";

- Elcan Həsənov - "Na bomba xumardır bu";

- Sevgi - "Öp, öp";

- Orxan Eşqin & İlqar Dəniz - "Ay, ay, of, of"

- Orxan Eşqin & Aysel Şirin - "Ölürəm öpüşmək üçün";

- Samir İlqarlı & Mahir Aybrat & Tural Səda - "Padxod-2";

- Elvin Xəyal - "Kül bunun qız başına";

- İlqar Dəniz & Orxan Eşqin - "Üzün meymuna oxşar";

- Cavad Rəcəbov - "Balaca kişi";

- Orxan Dəniz & Aşiq Səbuhi - "Mənim balam bal dadır";

- Şəbnəm Tovuzlu - "Baldır balam";

- Üzeyir Mehdizadə & Rəqsanə - "Dəli balam";

- Mehriban - "Dəli balam";

- Aygül Səfərova - "Dəlidir balam";

- Səmra - "Bandam";

- Səmra - "Armas"; "Göz";

- İlqar Dəniz & Orxan Eşqin - "Zor eləmişəm";

- Üzeyir Mehdizadə "Rǝdd elǝ!";

- Nüşabə Musayeva "Partlaya-partlaya";

- İlqar Dəniz - "Sevənə söyüş qoymuşam";

- Canan - "Ürəyi partladı";

- Günay İbrahimli "O kimdir ki?!";

- Tural Sədalı - "Özümü atdım Xəzərə";

- Mehdi Sadiq & Noton - "Yaşamaq lazım";

- Üzeyir Mehdizadə - "Kəsəcəyəm damarları"

 

Bəli, siyahılar göstərir ki, musiqimiz bərbad  haldadır. Bayağılıq, yad ritmə uyma bir kənara, bunlar mədəniyyətimizə qarşı cinayətdir, dinləyiciləri narkomaniyaya, sərxoşluğa, pozğunluğa, intihara yönəltmək isə tək mədəniyyətə qarşı deyil, şəxsiyyətə qarşı da cinayətdir. Bu cür hallara yol verənlər dünya praktikasında cəzaya məruz qalırlar. 

Biz ümid edirik ki, Mədəniyyət Nazirliyimiz mütləq lazımi ölçü götürəcək! 

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

 

Sabah Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanın qədim incəsənət nümunələrində və XIX-XX əsrlərə aid xalçalarında quş təsvirləri” adlı mühazirə keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mühazirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva mühazirədə tunc və dəmir dövrlərinə aid metal, keramika məmulatlarının, həmçinin xalçalarımızın üzərindəki quş təsvirləri, onların daşıdığı mənalar barədə ətraflı məlumat verəcək.

İştirak etmək istəyənlər əvvəlcə https://forms.gle/qiYwPwpUc6r43Dm49 linkindən qeydiyyatdan keçməlidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.