
Super User
Gənc rejissorlar beynəlxalq festivalda ölkəmizi təmsil edirlər
Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə iyunun 11-dən 24-dək Moskva şəhərində Beynəlxalq Çexov festivalı çərçivəsində MDB, Baltikyanı ölkələr və Gürcüstanın gənc rejissorlarının iştirakı ilə rejissor laboratoriyası keçirilir. Bu möhtəşəm tədbirdə ölkəmizi təmsil etmək üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Mehman Fətullayev və Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Anar Məmmədov seçilib.
Bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova məlumat verib.
“Azərbaycan Teatr Xadimləri İttifaqının xətti ilə tədbirdə iştirak edəcək gənc rejissorlar Mehman Fətullayev və Anar Məmmədov 14 gün ərzində laboratoriyada digər ölkələrin gənc rejissorları ilə bərabər, festival çərçivəsində oynanılan tamaşalara baxacaq, ustad dərslərinə, seminarlara və digər tədbirlərə qatılacaqlar”, - deyə A.Qafarova vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Qazax ədəbiyyatı günü” təşkil olunub
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Qazax ədəbiyyatı günü” keçirilib.
Fondun yaydığı məlumata görə, kitab sərgisində Qazax yazıçılarının, tarixçilərinin və akınlarının Qazax və Azərbaycan dillərində əsərləri təqdim olunub.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Yazıçılar Birliyinin, Azərbaycan Elmlər Akademiyasının, Qazax icmasının və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Festivalın qonaqları iştirak ediblər.
Qazaxıstan Respublikasının himninin səsləndirilməsi ilə başlayan təntənəli tədbir "Qazax xalqının Türk dövlətçiliyi tarixinə töhfəsi” mövzusunda panel sessiyaları ilə davam edib.
Tədbirdə çıxış edən Festivalın koordinatoru, şair Xəyal Rza Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində gördüyü genişmiqyaslı işləri yüksək qiymətləndirərək, Festivalda fəal iştirakına görə təşkilata təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri - Qazaxıstan nümayəndəsi Talqat Muxanov Fondun qurucu üzv ölkələrdən biri olan Qazaxıstanla mövcud əlaqələrindən və təşkilat tərəfindən Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə Qazax xalq musiqisi səslənib və Abayın şeirləri oxunub.
Sonda qonaqlara müxtəlif milli mətbəx nümunələri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
Yeni mövsümə 3 premyera yaxşı göstəricidir
Akademik Milli Dram Teatrınının yeni mövsümdə afişasını üç yeni tamaşa bəzəyəcək
Yay fəsli teatrların fasiləyə çıxmaq və yeni mövsümə hazırlaşmaq vaxtıdır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümümə birdən-birə üç tamaşa hazırlayır. “Ədəbiyyat və incəsənət” portalının növbəti xəbəri bu barədədir.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının açıqlamasına görə, yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır.
ƏSRƏ BƏRABƏR GÜN
Cavid Zeynallı bildirir ki, “Əsrə bərabər gün" tamaşasının quruluşçu rejissoru Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Plastik həll Ceyhun Dadaşova, qrafika işi Tərlan Əskərli və Ruslan Kərimova məxsusdur. Səhnə əsərinin rejissor assistentləri Dilbər İsmayılova, Xanım Həsənova, Könül Kərimova, Vüqar Məmmədov və Nərmin Həsənovadır.
SƏNSİZ
“Sənsiz” tamaşası isə görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq. Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq. 1967-ci ildə Tofiq Kazımovun quruluş verdiyi "Sənsiz" tamaşası dövrünün böyük maraqla qarşılanan səhnə əsərlərindən biri olub. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Balayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır.
DANTENİN YUBİLEYİ
“Dantenin yubileyi” tamaşasının quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Qeyd edək ki, tamaşaların premyeralarının cari ilin sentyabr-dekabr aylarında olacağı planlaşdırılır. İlin yekunu üçün hazırlanacaq səhnə əsərləri müxtəlif rejissor yanaşmaları əsasında fərqli təqdimatda, bütün truppa üzvlərinin yaradıcılığa cəlb olunması ilə tamaşaçıların ixtiyarına veriləcək.
Bir sözlə, yeni mövsümdə bizi gözəl tamaşalar gözləyir.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
2-ci dərc
Adətim üzrə ətrafı nəzərdən keçirmək üçün görüş yerinə bir qədər tez gəlmişdim. Tanış parkda on dəqiqəyə qədər gəzişib şübhəli bir şey müşahidə etmədim. Nə qədər fikirləşsəm də, tək özümə məlum olan bir ünvanda mənə görüş təyin edən birinin kim ola biləcəyinə qərar verə bilmirdim.
Saata baxdım, 19:59 idi. Çayxanaya girib beş nömrəli otağa keçməliydim.
Otağın qapısını döymədən açdım. İçəri keçməyə tələsmirdim. Otağın quruluşu elə idi ki, içəri boylanmadan oradakı adamı görmək mümkün deyildi. Çayxananın açdığım qapıdan görünən alaqaranlıq otağındakı masanın üstündə buğlanan çaynik, yanında iki armudu stəkan və qəndqabı qoyulmuşdu. Stəkanlardan birinə çay süzülmüşdü, o birisi isə boş idi.
İki stəkan… Bu yaxşı əlamət idi… Demək, boş stəkan mənim üçün nəzərdə tutulmuşdu.
Bir addım atıb içəri keçdim. Uzunsov otaqda, girdiyim qapıdan sol tərəfdə masanın yuxarı başında oturmuş adama tərəf baxanda isə... Bu ola bilməzdi…
-Siz?
-Otur Bəxtiyar, səninlə söhbətimiz uzun olacaq…
Çayxananın otağında məni gözləyən polkovnik Arif Dadaşzadə idi. Az əvvəl haqqında danışdığım, əməliyyat işində «Qurdboğan» ləqəbi qazanmış müəllimimin mənim inanılmış şəxslərlə görüşdüyüm yeri müəyyən etməsi təəccüblü deyildi. Bunu təxmin edə bilərdim. Ancaq istədiyi vaxt mənimlə sərbəst şəkildə görüşmək imkanına malik, istefada olan polis polkovnikini belə gizli görüşməyə vadar edən səbəb nə ola bilərdi?
Arif müəllimin uzatdığı əlini sıxıb boş stullardan birinə oturdum.
-Özünə çay süz və məni diqqətlə dinlə. Məsələ çox ciddidir.
Ən çətin vəziyyətlərdə də soyuqqanlılığını itirməyən Arif müəllim adəti üzrə sakit və təmkinli idi. Ancaq pıçıltı ilə danışması indi deyəcəklərinin son dərəcə ciddi bir məsələ ilə bağlı olduğuna işarə idi.
Stəkana çay süzüb qabağıma çəkdim.
Qocaman polkovnik danışmağa tələsmirdi. Nəhayət, uzun fasilədən sonra düz gözlərimin içinə baxıb dedi:
-Söhbət ikimizin də yaxşı tanıdığı, Day-day ləqəbli İsfəndiyar Mövlayevin oğlunun qətlindən gedir.
İndi də mən xeyli susdum. İsfəndiyar Mövlayevi nəinki ikimiz, bütün şəhər tanıyırdı və əgər onun oğlunun maşın vurması nəticəsində həlak olmasını neçə ildən sonra müəllimim qətl adlandırırdısa, deməli ortaya yeni faktlar çıxmışdı.
-Səhv etmirəmsə, Day-dayın aman-zaman bircə oğlu var idi? - artıq yeni araşdırmamızın başladığını başa düşüb, Arif müəllimə ilk sualımı verdim.
-Hə, elədir. Nə qədər möhkəm adam olsa da, yeganə övladını itirmək onun üçün ağır zərbə oldu. İsfəndiyarla münasibətimizin tarixçəsi çox keçmişə gedib çıxır. Yəqin başa düşürsən ki, hələ o vaxtlar nə milis zabiti kimi mənim, nə də kriminal aləmdə nüfuz sahibi kimi onun statusu bizim aşkar dostluq etməyimizə imkan vermirdi. Həmin ərəfədə böyük qardaşım Rusiyada ticarətlə məşğul olmaq üçün külli miqdarda borca girib sonradan həmin pulu batırmışdı. Borc müəyyən şərtlərlə verilmişdi. Borc sahibləri də çox imkanlı və əlləri hər yerə çatan insanlar idilər. Qardaşıma vaxt qoymuşdular. Pul qaytarılmazsa, məsələnin nə ilə bitəcəyi məlum deyildi. Qardaşım hara əl atdısa, kimə müraciət etdisə, pulu düzəldə bilmədi. Verilən vaxt bitirdi. Mən cavan oğlan idim, Çəmbərəkənddə, İsfəndiyarın yaşadığı ərazinin sahə müvəkkili işləyirdim, qiyabi tanışlığımız var idi onunla. Bax onda, ən çıxılmaz vəziyyətdə onun qapısını döydüm, vəziyyəti izah etdim.
Arif müəllim azacıq susub danışmağa davam etdi:
-İsfəndiyar da cavan idi. Ancaq artıq nüfuzu ilə şəhərdə kifayət qədər tanınırdı. Məsələni boynuna götürdü. Səhəri gün eşitdim ki, borc sahibləri ilə görüşüb. Borc verilən məbləği qaytarıb, verilmə şərtlərindəki tələblərinin isə yazılmamış qanunlara zidd olduğunu onlara izah edərək ləğv elətdirib. Qarşı tərəf, onun məntiqi izahı və nüfuzu qarşısında susmağa məcbur olmuşdu. Qardaşım işlərini qaydasına qoyub onun borcunu hissə-hissə qaytarsa da, mənim İsfəndiyar Mövlayev qarşısında bir mənəvi borcum qaldı o vaxt. O hadisədən sonra aramızda yaranan münasibət get-gedə daha da istiləşdi, dediyim kimi, aşkar mümkün olmasa da, gizlində dostluq etdik. Ancaq bir dəfə də etdiyini dilinə gətirmədi. Xidmət yerimi dəyişsəm də, münasibətlərimizi davam etdirirdik. Sonra oğlunun faciəli ölümü baş verdi. Oğlanın meyiti gecə saatlarında elə Çəmbərəkənddə, yaşadıqları evin qarşısında tapılmışdı. O proses barədə bəlkə sən də bir şeylər eşitmişdin. Kifayət qədər peşəkar əməkdaşların cəlb olunduğu istintaq qrupu heç bir izə düşə bilmədi. Axtarışlar nə qədər davam etsə də nə maşın tapıldı, nə də sürücüsünü müəyyən etmək mümkün oldu.
Arif müəllim sözünü kəsib qayğıkeşliklə mənə “Çayını soyutma, iç” deyib də sonra sözünə davam etdi:
-İstintaqın gəldiyi yekun nəticə oğlanın qaranlıq küçədə naməlum maşın tərəfindən vurulması oldu. İsfəndiyara da, istintaqın yekun qərarı ilə razılaşmaq qaldı. Həmin vaxt hamı hadisəni arxasında hər-hansı düşmənlik amili dayanmayan, bədbəxt hadisə kimi qəbul etdi və bu məsələ belə də bağlandı. Mən istintaq qrupuna daxil edilməmişdim. Ancaq məsələ barədə ətraflı məlumata malik idim və elə o vaxtlar nə isə məni istintaqın bu qərarı ilə razılaşmağa qoymurdu. Bəzi şübhələrim var idi. Keçən illər ərzində bu məsələ ilə bağlı kiçik də olsa, bir ipucu tapmağa çalışırdım. Gümanım gələn bütün imkanlardan istifadə edir, atdığım hər addımımı isə yüz ölçüb, bir biçirdim. İçimdən gələn bir hiss məni son dərəcə ehtiyatlı olmağa vadar edirdi. İsfəndiyar Mövlayevin hansı dairələrlə əlaqədə olmasını bilirsən. Mən isə, tam işin içində deyildim. Marağım kimlərinsə xoşuna gəlməyə bilərdi və bu, mənə baha başa gələrdi. Nəhayət ki, illər sonra şübhələrim təsdiqləndi. Son dərəcə məxfi olan bir mənbədən aldığım məlumat neçə illər əbəs yerə çalışmadığımı təsdiqlədi. İsfəndiyarın oğlu qətlə yetirilib, Bəxtiyar.
Həmsöhbətim çay süzülmüş stəkanını əlinə götürdü. Mən susur, müəllimimin nə vaxt davam edəcəyini gözləyirdim. Aramla çayını içdikdən sonra o, yenə də pıçıltı ilə sözünə davam etdi:
-Hansı səbəbdən, nəyə görə qətlə yetirildiyini mənə demədi həmin şəxs. Bəlkə də bilmir, bəlkə də deməyə qorxdu. Ancaq hadisənin qətl olduğunu əminliklə təsdiqlədi. Bir zamanlar real sübutlar əldə edərəmsə, İsfəndiyarın və günahsız qətlə yetirilmiş oğlu Əmirxanın intiqamını alacağıma özümə söz vermişdim. İndi həmin sözümü tutmağın vaxtı çatıb, Bəxtiyar. Vicdan borcum olan bir kişinin oğlunun qanının yerdə qalmasına imkan verməyəcəyəm. Bunu edənlər kimlərdirsə, mütləq cəzalarına çatmalıdırlar. Cinayətkarları müəyyən etmək bizə müyəssər olarsa, onların yalnız və yalnız qanun qarşısında cavab vermələrini istərdim. Ancaq hadisədən illər ötüb, özün başa düşürsən.
-Bəli, qanunda nəzərdə tutulan müddət bitib.
Bunu deyib, zənlə müəllimimə, həyatı boyu qanunun aliliyini rəhbər tutan qocaman polis polkovnikinə baxdım. Onun bu halda hansı qərar qəbul edəcəyi mənə çox maraqlı idi.
Müəllimimsə, bu məsələnin üstündə çox dayanmadı. Yəqin ki, dayanmaq istəmədi.
-Bu cinayəti araşdırmağını istəyirəm. Hadisələrin səni haralara aparıb çıxaracağını bilmirəm, ancaq bunu unutma ki, bu dəqiqədən etibarən ikimiz ülgüc üzərində gəzirik. Bir dəfə də büdrəməyə ixtiyarımız yoxdur.
Həddən çox əziyyətimi çəkmiş, mənə mənəvi atalıq etmiş müəllimimin hər bir sözü mənim üçün qanun idi. Ancaq bunu bilən müəllimim onu da gözəl başa düşürdü ki, başqa heç bir məlumata malik olmadan, yalnız hadisənin bədbəxt hadisə deyil, qətl hadisəsi olduğunu öyrənməklə, illər əvvəl baş vermiş bir cinayəti açmaq necə çətin olacaq… Tapşırığını verərkən, məhz bunu düşündüyünü onun baxışlarından hiss edirdim. Mənsə rahat idim. Olduqca rahat. Çünki mənə bu tapşırığı verən müəllimim özü kənara çəkilmir, hadisələrin gedişatını nəzarətində saxlayacağına, koordinasiya edəcəyinə eyham vururdu. Mənə bu bəs edirdi. Adı gələndə cinayətkarların qorxudan tük saldıqları, elə onların özlərinin «Qurdboğan» ləqəbi verdikləri polis polkovniki Arif Dadaşzadə mənimlə olacaqdı.
-Günü bu gündən başlayıram. Belə başa düşürəm ki, vaxt məhdudiyyəti yoxdur?
-Hərəkətlərində və qərarlarında tam sərbəstsən. Ancaq vaxt məsələsində bunu deyə bilmərəm, nə qədər cəld işləsən, bir o qədər yaxşı olar.
-Əlaqə vasitəsi?
-Nizami küçəsindəki valyutadəyişmə məntəqəsi. Sənin ofisinin qapısı ilə üzbəüzdəki ağacın gövdəsində ağ təbaşirlə çəkilmiş üfüqi xətt əlaqə üçün işarə olacaq. Çəhrayı təbaşirlə çəkilmiş xətt təhlükədən xəbər verəcək.
-Parol?
-«Dediyim məbləği toplamısınız?»
-Cavab?
-«Bəli, ancaq bu zərfdəki anketi doldurduqdan sonra Baş ofisimizə yaxınlaşıb pulunuzu götürə bilərsiniz».
- Aydındır. Bəs mənim suallarım olarsa və ya təcili görüş istəyərəmsə?
-Suallarını da, görüş yeri və vaxtı yazılmış kağızı da elə aldığın zərflərdən birində həmin valyutadəyişmə məntəqəsinə verməyin kifayət edər.
Texniki vasitələrlə bütün əlaqələr qadağan edilirdi. Arif müəllim deməsə də, nəyin haradan uzandığını təxmin edirdim. İsfəndiyar Mövlayev kimi zəhmli və olduqca imkanlı bir kişinin oğlunu qətlə yetirməyə cəsarət etmək kimlərin işi ola bilərdi, siz də təxmin etdinizmi? Ola bilər ki, təxmin etdiniz. Belə adamların hər yerdə adamı ola bilərdi…
-İsfəndiyarın açıq-aşkar düşmənləri olmayıb, - Arif müəllim yaranmış sükutu pozdu. Əksinə, çoxlu dostları olub həmişə. Ancaq bu dostların içərisində ikisi ilə çox yaxın dostluq edib Day-day. Onlardan biri - Səttar, dünyasını dəyişib, yəqin bilirsən. İkincisi - Səlim isə həyatdadır. Elə yaxın dostlarından başlayacağıq. Sən ölmüş Səttarın keçmişini kəşfiyyata başla, gör nə öyrənə bilirsən. Səttarın bir oğlu var idi, səhv etmirəmsə, atasının ölümündən sonra Xudat şəhərinə köçüb. Onunla maraqlan. Bəlkə bu bizə nəsə verdi. Səlimlə mən məşğul olacağam hələ ki.
-Bəs, digər dostları?
-Onların da, Səttarın oğlunun da adlarını və ünvanlarını başqa məlumatlarla bir yerdə sənə çatdıracaqlar.
Müəllimim sualımı dərhal cavablandırdı. Onun bu sualı gözlədiyi, həmin adamların dairəsini müəyyən etmək üçün lazımı tapşırıqlarını verdiyi bəlli idi. Kimə və ya kimlərə, bunu təkcə özü bilirdi.
-Yaxşı çaydı, soyutma, heyifdi. Mən çıxıram.
Bunu deyib, Arif müəllim cibindən çıxardığı, xüsusi yapışdırıcısı olan süni bığ və saqqalı taxdı, sonra qulağı ağır eşidən insanların istifadə etdiyi eşitmə cihazını qulağına keçirdi, əyilib stolun altına qoyduğu çəliyi götürdü və ayağa qalxdı. Mən də qalxdım. Bunu müəllimimə olan ehtiramımdan etdim. Onu ötürməyəcəyimi ikimiz də bilirdik. Müəllimim qrimləndikdən sonra, bir anda iyirmi-iyirmi beş yaş qocalsa da, yenə də bizi birlikdə heç kim görməməliydi.
Arif müəllim sanki doğrudan da səksən beş yaşındaymış kimi, çəliyini yerə döyə-döyə, asta addımlarla çayxananın otağını tərk etdi.
Boşalmış stəkanıma yenə də çay süzdüm. Onsuz da, hələ ən azı on beş dəqiqə buranı tərk edə bilməzdim. Bu çayxananın çayına isə doğrudan da söz ola bilməzdi.
Çayxananın sahibi Xəqani Gədəbəy rayonundan idi. Onun sifarişi ilə yığılan, dağlarda bitən müxtəlif şəfalı otlar kölgəlik yerdə qurudulur, sonra ona göndərilirdi. O isə bu otların qarışığından hazırladığı cürbəcür dəmləmələri müştərilərinə təklif edirdi. Hansı otu hansı ilə dəmləmək lazım olduğunu isə ona hələ uşaq vaxtı babası öyrədibmiş. Bakıya köçdükdən sonra bu bilikləri onun işinə yaramış, işlətdiyi çayxana dəmlədiyi otların sayəsində xeyli məşhurlaşmışdı. Otların ona havayı başa gəldiyini nəzərə alan Xəqani qiymətləri də münasib etdiyindən xeyli müştəri toplamışdı. Elə indi içdiyim çay da hansısa otların qarışığından hazırlanmışdı və adam içdikcə içmək istəyirdi.
Daimi müştərisi olduğum üçün Xəqani ilə yaxın münasibətimiz yaranmışdı. Agentlərimlə növbəti görüşü təyin edərkən, ona zəng vurur, boş otaq saxlamasını tapşırırdım. O da mənə otağın nömrəsini deyirdi.
Belə-belə işlər, cənab Nəzərli. Keçmişə qayıtmalı, bəlkə hələ ölülər aləminə də baş vurmalı olacaqsan. Görəsən, o qətldən neçə il keçib, məncə otuz, ya bir qədər də çox? - özüm özümə sual verdim.
Öyrənilməsi çətinlik törətməyən, qətlin tarixi də daxil olmaqla zəruri olan bu və digər məlumatların yaxın zamanda mənə çatdırılacağını bilirdim. Belə başa düşdüm ki, polkovnik Dadaşzadə Day-dayın oğlunun qətlə yetirilməsini təsdiqləyən şəxslə elə bu gün, uzaqbaşı dünən axşam görüşüb və ondan ayrıldıqdan qısa müddət sonra mənimlə görüşmək istəyib. Tumsatanla görüşün vaxtının yaxınlaşdığını bilən müəllimim görüş vermək üçün nə vaxtsa özünün mənə ötürdüyü bu gizli əlaqə kanalından istifadə edib. Məsələnin ciddiliyini nəzərə alaraq, ilk dəqiqələrdən ehtiyatla tərpənməyə qərar verib. Bu anlaşılandır.
Əks təqdirdə, toplanılması elə də çətin olmayan məlumatları indi, burada mənə təqdim edərdi. Sadəcə, vaxtı az olduğu üçün hələ bu məlumatları əldə edə bilməyib.
Sonra nə? İllər öncə törədilmiş cinayətin, qoy lap elə qətl olsun, araşdırılmasına bu gün və ya bir həftə sonra başlamağın, fikrimcə, heç bir fərqi yoxdur. Burada zaman məfhumu, «isti izlər» və sairə öz əhəmiyyətini itirir, yalnız həqiqətin üzə çıxması maraq kəsb edir, zaman yox. Nəticədən asılı olmayaraq, bu yalnız keçmişə bir səyahət olacaq. Ancaq Arif müəllim mənimlə dərhal görüşmək istəyib, söhbət zamanı da vaxtın məhdud olduğunu dedi. Bu halda belə tələsməyin yalnız bir izahı var. Polkovnikin bildiyi, mənə demək istəmədiyi başqa bir şey də var. Onu tələsməyə vadar edən səbəb. Bu nə ola bilər görəsən? Hələlik bunu yaddaşa yazıb bir kənara qoyaq.
Bəs sonra?.. Araşdıracağım işi keçmişə səyahət adlandırdım az öncə. Bu yalnız zaman anlamından belədir. Əslində isə, belə başa düşürəm ki, kimlərinsə ciddi-cəhdlə uzun illər üzərinə qara pərdə çəkdiyi hadisələrə səyahət cəhdini edən istənilən naşı «səyyah» elə səyahətinin əvvəlində ölümə məhkumdur. Yəqin ki, dediyim qara pərdənin altında tək bir gəncin qətli deyil, çox şeylər yatır.
Daha nə?.. Polkovniklə ikibaşlı oyun də oynaya bilərdilər. Qətl barədə məlumatı ona ötürən mənbə, paralel olaraq başqasına da ötürə bilərdi. Hər-halda nəzəri cəhətdən bunun mümkünlüyünü təcrübəli polkovnikin mütləq hesaba aldığına şübhəm yoxdur. Heç kimə, hətta ən etibarlı mənbəyə də yüz faiz güvənmək olmaz. Bunu əməliyyat işinin yazılmamış qanunları tələb edir. Bu halda, əgər məlumat başqa mənbəyə də ötürülübsə, o zaman təqaüddə olan polis zabitinin gündəlik, heç nə ilə fərqlənməyən həyat tərzində diqqəti cəlb edəcək istənilən aktivliyin həmin mənbə tərəfindən müşahidə olunması onun üçün real təhlükəyə çevrilirdi. Çünki bu aktivlik, onun məlumatı aldıqdan sonra hərəkətə keçməsinin təsdiqi kimi qəbul olunacaqdı. Xüsusilə onun əməkdaşı olmuş keçmiş polis zabiti, hazırda isə detektiv olan şəxslə, yəni mənimlə təcili görüşməsinin əlavə şərhə ehtiyacı ola bilməzdi qarşı tərəf üçün. Deyilənlər, polkovnikin bu işi araşdırmağa başlamasına işarə idi.
Bunu, bəlkə də bundan çoxunu polkovnik Dadaşzadə də gözəl anlayır və onun birdən-birə iyirmi-iyirmi beş il «qocalması»na səbəb budur. Əgər düşündüyüm kimidirsə, dediyim arqumentlər ehtiyatlı olmaq üçün kifayət qədər ciddi əsas ola bilərdi. Hər şey elə indi düşündüklərimə oxşayırdı. Bu isə heç ürəkaçan deyildi, heç…
Başqa bir şey də aydınlaşdı mənimçün bu gün. Detektiv fəaliyyətinə yeni başlayanda İsfəndiyar Mövlayev qaçırılmış maşınının tapılması üçün mənə müraciət etmişdi. Həmin vaxt onun qəzetdə verdiyim elan vasitəsilə ofisimə gəldiyini düşünmüşdüm. İndi başa düşdüm ki, o, mənim ofisimi təsadüfən seçməyibmiş. Belə-belə işlər detektiv…
Saata baxdım. Müəllimimin getməsindən on beş dəqiqə keçmişdi. Gedə bilərdim. Ayağa qalxdım. Çayın pulunu masanın üzərinə qoyub otaqdan çıxdım.
Çayxananın giriş qapısı birbaşa parka açılırdı. Sakit çayxana otağından sonra parkdakı səs-küydən burada bir an da ləngimək istəmədim. Bu saatdan sonra ofisdə elə bir işim qalmamışdı. Evə gedəcəkdim. Asta-asta avtobus dayanacağına tərəf addımladım…
Davamı var
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
Gənc Tamaşaçılar Teatrında “Biganə məşuq” tamaşasının premyerası olub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası olub.
Teatrın yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış “Biganə məşuq” səhnə əsərində ümumbəşəri duyğular fonunda qadın-kişi münasibətlərindən bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir. Əsas rolları Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə ifa edirlər.
Qeyd edək ki, bir hissəli səhnə əsərində fransız müğənnisi Edit Piafın yaşadığı ağır həyatı, xəstəlik həddinə çatan sevgisi təsvir edilib. Əsərdi Lyüsi adlı müğənni çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsinin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq. Bu ciddi kontrastın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyinin necə olması tamaşada öz əksini tapır.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
Günün fotosu: Çelikin konserti anşlaqla keçib
Günün fotosu: Çelikin konserti anşlaqla keçib
İyunun 10-da Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Çelikin konserti təşkil edilib. O, dillər əzbəri olan mahnıları ilə tamaşaçılara xoş anlar bəxş edib. Konsert proqramı gurultulu alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
Cəllad qatar və cəllad xərçəng…
GÜNEL EMİNLİYƏ REKVİYEM
Günel Eminlinin vəfat etməsi xəbəri ədəbi kuluarlarda da, Günelin yaxınları, dostları arasında da bir ruh düşkünlüyü yatatdı. Uzin müddətdir xərçəngdən əziyyət çəkən yazar ötən həftə xəstəliyə təslim oldu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yazarın dostlarından olan gənc şair Ramil Əhməd Günelin ölümünə bu cür şərh verib:
“Ötən həftələrdə dostlarla hər şey yaxşı olacaq deyirdik. Olmadı. İndi sənin güllərlə olan şəklin qarşıma çıxdı və sənin bu anın dəhşətliyinə yazılmış şeirini xatırladım:
Qatar relsləri uzanıblar yola,
çiçək var arasında,
Çobanyastığıdır deyəsən,
Bitib üzü günəşə sarı,
Xəbəri yox əcəldən,
Cəllad qatar,
Bir azdan,
Başın üzəcək bədəndən...
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
“Sahə” bədii filmi nümayiş olunub
“Azərbaycan” kinoteatrında milli kinomuzun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə rejissor İlqar Safatın “Sahə” bədii filmi nümayiş olunub.
Öncə tədbirin aparıcısı Sevda Sultanova çıxış edərək ekran əsəri haqqında danışıb.
O qeyd edib ki, “Sahə” filmi 2008-ci ildə çəkilsə də, digər filmlər kimi YouTube platformasında yerləşdirilməyib. “Sahə” müştərək layihədir, Azərbaycan və Gürcüstan kinoşirkətlərinin birgə əməkdaşlığı çərçivəsində istehsal olunub. Azərbaycandan “Narimanfilm”, Gürcüstandan “Georgiafilm” və “Bagirafilm” kino şirkətləri istehsalat prosesində iştirak ediblər. Eyni zamanda, filmə Mədəniyyət Nazirliyi də maliyyə dəstəyi ayırıb.
Ekran əsərində Azərbaycan aktyorları ilə yanaşı, gürcü aktyorları da iştirak edib.
“Sahə” filminin ideyasının necə yaranmasından danışan İlqar Safat bildirib ki, bu, onun tammetrajlı bədii debütüdür: “Buna kimi mən sənədli filmlər çəkmişəm. Filmin ideyasının yaranması psixologiyaya, haradasa psixodeliyaya, şamanizmə olan marağımla bağlıdır. “Sahə”nin ideyası yuxuda yarandı. Bu hadisəni, onun fabulasını yuxuda gördüm və yazdım. Amma nə vaxtsa onu çəkəcəyim ağlıma gəlməzdi. “Sahə” arxetipik, bibliyasayağı bir hekayədir və burada şüur axını fəndindən istifadə olunub”.
Rejissor daha sonra qeyd edib ki, onun üçün filmdə əsas məsələ atmosfer yaratmaqdır və “Sahə” filminin estetik təsvir həllinə xüsusən, 1960-cı illərin nuar kinosu təsir göstərib.
Ekran əsərində birinci polis rolunu oynayan, Xalq artisti Məmməd Səfa filmin çəkilişləri ilə bağlı maraqlı xatirələrini bölüşüb: “Çəkilişdən 15 il keçməsinə baxmayaraq, müəyyən həyəcan hissi keçirirəm. Çünki çəkilsəm də, filmi görməmişəm. Yəqin ki, bu gün mənim üçün önəmli günlərdən birinə çevriləcək. “Sahə” mənim üçün həm də ona görə dəyərlidir ki, burada öz müəllimim Vaqif İbrahimoğluyla birgə çəkilmişəm, hətta tərəf müqabili olmuşam. Bu gün önəmli gündür, 15 il əvvəl baş verənlər yada düşür, istər-istəməz adam kövrəlir”.
Filmdə baş rolun ifaçılardan biri Qəribin uşaqlığını oynayan Timur Oduşev qeyd edib ki, bu filmə çəkiləndə çox gənc olub: “Bu rola seçiləndə 11 yaşında idim, gənc fotoqrafı oynayırdım. Filmə çəkilmək həyatımda böyük addım oldu. Ekran əsəri ilə bağlı xatirələrim çoxdur”.
İlqar Safatla əməkdaşlıqdan zövq aldığını vurğulayan Əməkdar artist Sonaxanım Mikayılova bu cür maraqlı filmdə rol aldığı üçün qürur duyduğunu bildirib.
Sonra topal obrazını canlandıran aktyor Midhət Aydın da maraqlı xatirələrini bölüşüb.
Qeyd edək ki, misteriya janrında çəkilən filmin süjetinə görə, məşhur fotoqraf və nişanlısı yol-nəqliyyat qəzasından sonra polis “Sahə”sinə düşürlər. Bu sahədən sağ-salamat çıxmaq üçün o, burada öz qorxularını qovmalıdır.
Ekran əsərinin operatorları Konstantin Esadze, Varlam Karçxadzedir. Digər rolları Zaza Bejaşvili və Melissa Papel canlandırıblar.
“Sahə” filminin nümayişi Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi çərçivəsində gerçəkləşib.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
Loğman Kərimov: “Mәn Azәrbaycandan ilk aktyoram ki, “Lenfilm”dә baş rola çәkilmişәm”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Loğman Kərimovla müsahibə 12.03.1998 tarixində götürülüb.
“AKTYOR OLMAQ ÇƏTİNDİR”
Loğman Kərimov Bakıda anadan olub. 1982-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1979-cu ildən işlədiyi Gənc Tamaşaçılar Teatrının səhnəsində 30-dan çox obraz yaradıb. İndiyədək 12 bədii filmə çəkilib. “Qəzəlxan” filmində yaratdığı Əliağa Vahid obrazı ona şöhrət qazandırıb. Loğman son vaxtlar rejissorluq fəaliyyəti ilə də məşğuldur. Yaxın günlərdə Gənc Tamaşaçılar Teatrının kollektivi onun rejissorluğu ilə yazıçı Elçinin “Mahmud və Məryəm” pyesini tamaşaçılara təhvil verəcək. Loğmanla söhbətimizin əsas istiqamətində bu mövzu dursa da, onun yaradıcılığının bu və ya digər tərəflərinə də toxunulub.
- Loğman, xalq sənin ...
- Xalq yox də... Bu, olmadı. Mən siyasətçi deyiləm...
- Olsun tamaşaçı... Tamaşaçı sənin Әliağa Vahid obrazını çox sevir. Bәs, özün necә, bu işindәn razısanmı?
- “Qәzәlxan” Azәrbaycan kinosu tarixindә ilk filmdir ki, onun premyerası Respublika Sarayında keçirildi. Hәmin gün çox һәyәcanlı idim. Tamaşaçılar һәr 10-15 dәqiqәdәn bir әl çalırdılar. Film başa çatanda isә bütün zal ayağa durub yaradıcı һeyəti alqışlaydı. Bu, mәnim yox, bütövlükdә Azәrbaycan kinosunun qәlәbәsi idi.
- Sonra geniş tamaşaçı kütlәsinin rәğbәtini qazandın.
- Bu filmә qәdәr mәni Rusiyada daһa yaxşı tanıyırdılar. Mәn Azәrbaycandan ilk aktyoram ki, “Lenfilm”dә baş rola çәkilmişәm. Bu, müharibәnin 40 illiyi münasibәtilә çәkilәn “Barıt" filmi idi. Sonra “Dovjenko” studiyası mәni “Portağallar’ filmindә әsas rollardan birinә çәkdi. Sonra amerikanların “Nә üçün” filmindә әsas rollardan birini oynadım. Ümumiyyәtlә, köһnә işlәrdәn danışmaq yaxşı deyil, amma soruşursunuzsa, suala tam cavab verәsәn gәrәk. Yaşım az da olsa, muәyyәn işlәr görә bilmişәm. Mәn, ümumiyyәtlә, bir az aktiv uşaq olmuşam.
- Bәs, rejissorluq fәaliyyәtinә necә başladın?
- Görkәmli yazıçı Elçinin “Maһmud vә Mәryәm” pyesinә qәdәr dә mәn özümü bu saһadә sınamışam. Radioda, orta mәktәblәrdә bir çox tamaşalara quruluş vermişәm. Bu teatrın özündә 10-dan çox tamaşada ikinçi rejissor kimi fәaliyyәt göstәrmişәm.
- Yәqin bilmәmiş olmazsan ki, Qarabağ һadisәlәri başlayandan Üzeyir bәyin “Әsli vә Kərәm” operası Azәrbaycan Dövlәt Opera vә Balet Teatrının repertuarından çıxarılıb. Səncə, eyni mövzuda әsәri sizin teatrın sәһnәsində tamaşaçı necә qәbul edәcәk?
- Mәn inanıram ki, tamaşaçı ilə sәһnә arasında ünsiyyәt yaranacaq. Çünki biz һaqq işin tәrəfdarıyıq.
- Tamaşada izlәdiyin әsas qayә nәdir?
- Allaһ birdir vә dilindan, dinindәn, irqindәn, millәtindən asılı olmayaraq insanlar bir-birlərini sevməlidirlər. Amma indi nəinki xristianlarla müsəlmanlar arasında qarşıdurma var, hətta müsəlmanlar da bir-birilərini “Allah” deyə-deyə qırırlar.
- Tamaşada rol bölgüsünü necә aparmısan?
- Tamaşanın әsas qəһrәmanı mәһәbbәtdir. Onu bütün kollektiv yaradır. Maһmud və Mәryәm rollarını Mәdәni-Maarif Texnikumunun tәlәbәlәri Vüsal Meһrәliyev vә Nuridә Әliyeva ifa edәcәklәr. Sofini Mübariz Həmidov, Banunu Solmaz Qurbanova, Azәri Yasin Qarayev, Aysulunu Meһriban Abdullayeva. Süleyman paşanı Ramiz Sәrkәrov, Ziyad xanı Rafiq Hüseynov, Ceyranı Şәfәq Әliyeva mәşq edirlәr. Tamaşanın ümumi aparıcısı isә görkәmli sәnәtkarımız Firәngiz Şәrifovadır.
- Şablon da olsa, gәrәk bağışlayasan, sәnә bu sualı da vermәk istәrdim. Taleyә inanırsanmı?
- Of... Mən elə şeylәrә inanıram. Alın yazısı mütlәqdir. Hamının taleyi o gözəgörünməz kişinin əlindәdir.
-Niyә һәmişә kәdәrli olursan? Taleyindәn narazısanmı?
- Bunu mәnә һamı deyir, yәqin ki, şәxsi һәyatımla bağlıdır.
- Ailә vәziyyәtin nә yerdәdir?
- Ailəliyəm, həyat yoldaşım evdar qadındır, oğlum Orxan məktəblidir.
- Mən һәlә elә bir sәnәtçiyә rast gәlmәmişәm desin ki, mən övladımın sәnәtçi olmasını istәyirәm. Bәs, sən neçә?
- Qorxuram onun sәnәtçi olmasından. İstedadlı oğlandır, dörd yaşı olandan kitab oxuyur. İngilis dilini yaxşıca öyrənib. İstəmirəm ki, o aktyor olsun. Aktyor olmaq çәtin şeydir.
- Bəs, oğlunun nәçi olmasını istәyәrdin?
-Adam olsun! Küçәdә saqqız satmasın, vәtәnә gәrәkli insan olsun.
- Sən һәmişә elə düşüncəli, kәdәrli olursan ki, Moşunun qardaşı olduğunu təsəvvür etmək çətindir.
- Mәnim qardaşım Valeһ Kәrimov һaqqında suallara cavab vermәyә ixtiyarım yoxdur. Burası da var ki, mәn ona baxıb sənətə gәlmişәm. O niyә komikdir, mәn niyә bir başqa cür... Hәrәnin öz zövqü var. Ümumiyyәtlә, bizim ailә maraqlı ailәdir.
- Necә maraqlı?
- Böyük qardaşım Sabir Moskvada tәһsil alıb, indi İsveçrәdә һәkim işlәyir. “Ostankino"da onun һaqqında film çәkilib. Kiçik qardaşım Ceyһun musiqiçidir, Almaniyada işlәyir. Elә içinin avarası mәnәm.
- Aktyorluğu nә mәnada çәtin һesab edirsən?
- Sәn çox şey arzu edirsәn, amma sәnә arzuladıqlarını vermirlәr. Görünür, xasiyyәtin dә rolu var. Mәn bir az әtiacı adamam. Ağa ağ deyirәm, qaraya qara.
- Onda tәkcә Vaһidin yox, Sabirin dә obrazını yarada bilәrsən ki...
- Nə deyim... ya qismәt...
- Sənә arzu etdiyin bütün rolları oynamağı arzu edirәm.
-Sağ olun.
- Tәsәvvür elə ki, seһrli xalçaya minib başqa planetә gedirsən. Sənə özünlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdin?
- Vahidin qəzəllər kitabını.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)
Pribaltikanın “Kremerata Baltika” orkestri Heydər Əliyev Mərkəzində ecazkar konsert verdi
Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” Kamera Orkestri solistlərinin konserti çox gözlənilirdi. Nəhayət ki, həftəsonu konsert baş tutdu.
Mükəmməl ifası ilə dünyada böyük rəğbət qazanan “Kremerata Baltika” ilk dədə geniş auditoriyaya 1997-ci ildə Avstriyanın “Lokenhaus” festivalında orkestrin direktoru, tanınmış skripka ifaçısı Gidon Kremer tərəfindən təqdim olunub. Orkestrdə Latviya, Litva və Estoniyadan olan istedadlı gənc musiqiçilər ifa edirlər. Kollektivi yaradarkən tanınmış maestro Baltik regionundan olan gənc həmkarları ilə zəngin təcrübəsini bölüşmək niyyətində idi. İlkin mərhələdə fəaliyyəti uzunmüddətli təhsil layihəsi kimi nəzərdə tutulan gənc kollektiv qısa zamanda tədris prosesi çərçivəsindən çıxaraq Avropanın məşhur orkestrləri sırasına daxil olub. Kollektiv dünyanın aparıcı musiqi meydanlarında fərqli ifaları ilə dinləyicilərin sevgisini qazanıb. “Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində mindən çox konsert proqramı ilə çıxış edib. Musiqiçilər 20-dən çox CD yazıb, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.
“Kremerata Baltika”nın solistləri Litvada yaşayan 9 musiqiçidən ibarət olan ansambldır. Onlar məşhur orkestrin ənənələrini davam etdirərək gənc litvalı bəstəkarlarla fəal əməkdaşlıq edir, onların əsərlərini proqramlarına daxil edirlər. Həmin əsərlərdən bəziləri Bakı konsertində səslənib. Bakı konsertinin solistləri - Litva “Kremerata”sının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir.
Qeyd edək ki, konsertin 1-ci hissəsində Faustas Latenas - "Bolero", Olli Mustonen - nonet no.2, Silvija Miliūnaite - "Drive for live" (solo Cerald Bidva -skripka, Giedre Dirvanauskaite -violonçel), ikinci hissədə isə F.B.Mendelssohn - skripka və simli üçün e-moll konserti (solo- Džeraldas Bidva), Nino Rota - simlər üçün konsert səsləndirilib.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də konsertdə çıxış edib. Azərbaycanlı dirijoru “Kremerata Baltika” ilə yaradıcı dostluq bağlayır. O, mütəmadi olaraq müxtəlif festivallarda məşhur orkestrlə çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)