
Super User
“Bir gözüm Urmiya, bir gözüm Göyçə” - Əli Qayib
“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Əli Qayibin həftəsidir.
Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.
Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.
Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.
URMİYA-GÖYÇƏ
Ömürlük mənimdir ata bilmərəm,
Onsuz məzarda da yata bilmərəm,
Cənnətdə də qərar tuta bilmərəm,
Bu hayat baxçamda açandan qönçə,
Bir gözüm Urmiya bir gözüm göyçə.
Vətənsiz yaşamaq haramdır haram,
Xoş günü xoş günüm yarası yaram,
Heç zaman özümdən ayıranmaram,
Ortadan ürəyim süngüyə keçə,
Bir gözüm Urmiya bir gözüm göyçə.
Göy üzündən baxan ey ulu Rəhman!
Parça-parça olmuş ,can Azərbaycan!
Olarmı bir ata övladlarından_
Bəzisin ayıra bəzisin seçə?!
Bir gözüm Urmiya bir gözüm göyçə.
Bu yerlər vətənim Qayıbdır adım,
Zikrimdir adları hər addım-addım,
Bunların eşqiylə yazıb yaratdım,
Vermədim ömrümü bir anlıq heçə,
Bir gözüm Urmiya, bir gözüm Göyçə.
“Ədəbiyyat və incəsənət”
(14.06.2023)
Sona İntizarın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb
“Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, istedadlı gənc yazar Sona İntizarın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
Kamran Murquzovun “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, kitabın redaktoru Azərbayca Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyeva, rəyçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının məsul katibi Şəfa Eyvaz, tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.
İlk qələm təcrübələrinin toplandığı kitabda həm poeziya, həm nəsr nümunələrinin yer alması müəllifin istedadından xəbər verən ədəbi faktor kimi qəbul olunmalıdır.
Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edən Sona İntizarın uzunmüddətli gərgin əməyinin nəticəsi kimi qəbul edilən, bədii yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərində qələmə alınan ədəbi-bədii nümunələri mövzusunun müxtəlifliyi, məzmununun dolğunluğu, ifadə olunan fikirlərin aydınlığı, dilinin sadəliyi və səlisliyi ilə müəllifi həmyaşıdlarından köklü şəkildə fərqləndirir.
Kitab müəllifin oxucuları ilə ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitabın ədəbiyyatşünas-alim, tənqidçilər, mütəxəssislər, o cümlədən ədəbiyyat cameəsi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
“Ədəbiyyat və incəsənət”
(14.06.2023)
Azərbaycan əsilli norveçli dizaynerin Antalyada kolleksiyasının təqdimatı olub
Türkiyənin Antalya şəhərində moda dünyasının əlamətdar hadisələrindən biri sayca 6-cı “Antalya Moda Həftəsi” keçirilib. Antalya Moda Həftəsinin təşkilatçısı Eda Meltem Yılmazın dəvəti ilə Antalyada Norveç doğumlu, əslən cənubi azərbaycanlı, “SHERVIN NAJAFPOUR” qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner Şervin Nəcəfpurun təqdimatı baş tutub.
Bu barədə AzərTAC-a Şərvin Nəcəfpur bildirib.
Qeyd edilib ki, bu məqsədlə “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında azərbaycanlı rəssam Pərnisə Əsgərova tərəfindən çəkilmiş miniatürlərin əks olunduğu köynək və çoxistifadəli parça çantalar hazırlanıb.
Dahi şairin müdrik kəlamlarının da əks olunduğu, “Danışan İrs” adlı xüsusi kolleksiya Nizami Gəncəvi irsinin təbliğinə xidmət edib. Antalya MiGROS AVM-də təşkil olunan özəl təqdimat zamanı “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi və modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə xüsusi dizaynlı köynək və çoxistifadəli parça çantanın təqdimatı da olub. Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün şəkillərinin, “Bir millət, iki dövlət, tək yumruq” şüarının əks olunduğu kolleksiya Türkiyə və Azərbaycan qardaşlığının sarsılmazlığını və əbədiliyini təbliğ etmək məqsədi daşıyıb.
Beynəlxalq səviyyəli Antalya Moda Həftəsi Antalya Böyükşəhər və Antalya Muratpaşa Bələdiyyələri, Batı Akdeniz İhracatçılar Birliyi, Hotel SU, Antalya MiGROS, Radisson mehmanxanalar şəbəkəsi və digər böyük şirkətlərin dəstəyi ilə həyata keçirilib.
Antalya moda günlərində yerli dizaynerlərlə yanaşı, əcnəbi modelyerlərin geyim kolleksiyalarının nümayişi də reallaşıb.
“Ədəbiyyat və incəsənət”
(14.06.2023)
Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar
İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.
AzərTAC xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.
İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
AzərTAC xəbərinə onu da əlavə edək ki, görüş barədə Türkiyənin birinci xanımı özünün “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan Prezidentinin xanımı, dostum Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. UNESCO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır”, - deyə Türkiyə liderinin xanımı yazıb.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Mədəniyyət naziri Oqtay Mirqasımovla görüşüb
Mədəniyyət naziri Adil Kərimli iyunun 13-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, kinodramaturq, Xalq artisti, professor Oqtay Mirqasımovla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən nazir onun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələri xatırladıb. Bildirilib ki, Oqtay Mirqasımovun lentə aldığı ekran əsərləri Azərbaycanın kino salnaməsini zənginləşdirib, özünəməxsus ideya-estetik meyarlarla bu sahənin tərəqqisinə yeni çalarlar bəxş edib.
Qeyd olunub ki, Azərbaycan mədəniyyəti və kinematoqrafiyasının inkişafında mühüm xidmətlərinə görə Oqtay Mirqasımovun daha öncə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunması, iyunun 12-də – doğum günündə isə Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeninə layiq görülməsi və ordenin şəxsən dövlət başçısı tərəfindən ona təqdim edilməsi Xalq artistinin zəngin yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.
Adil Kərimli Oqtay Mirqasımovu 80 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə bir daha təbrik edib, möhkəm cansağlığı və bundan sonra da həyat və sənət enerjisi ilə dolu uzun ömür arzulayıb.
Xalq artisti Oqtay Mirqasımov əməyinə göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sənətkar ömrünü həsr etdiyi milli kinematoqrafiya sahəsinə bundan sonra da öz töhfəsini verməyə çalışacağını deyib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Sabah Abşeron yarımadasında 36 dərəcə isti olacaq
Azərbaycanda iyunun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində əsasən səhər saatlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı bildirilir.
Bütün havalarda sizlərə xoş ovqat arzusu ilə!
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
“Sən də bildin yalandır, mən də bildim yalandır…” - İntiqam Yaşar
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında bu dəfə sizlərə gənc şair İntiqam Yaşarın “Əllərin üşüdükcə” adlı şeirini təqdim edir.
İndi sevgi şeirləri yenidən dəbə minib. Yenə sevənlər bir-birinə sevgi bəndləri yazıb göndərirlər. Nə fərqi var ki, kağız məktub olsun, ya elektron.
Və razılaşaq ki, bu gün “Əllərin üşüdükcə, Şəkillərimi yandır” zirvəsinə ucalmış sevgi varsa, nə xoş halımıza.
Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına
həm özünü inandır,
həm də məni inandır.
Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
“Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Rəssamlar İttifaqında “Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb.
Sərginin keçirilməsində məqsəd rəssamlığa olan marağı artırmaq, gənc nəslin istedad və bacarığını inkişaf etdirməkdir.
Sərgidə mərkəzin dərnək üzvlərinin milli və müasir üslubda işlənmiş əsərləri, portretləri, dekorativ kompozisiyalardan ibarət 200-dən çox rəsmləri nümayiş olunub.
Dəvət olunan qonaqlar gənc rəssamların əl işlərini yüksək qiymətləndirərək, bu cür sərgilərin uşaqların istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb və onlara yaradıcılq uğurları arzulayıblar.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Macarıstanlı qonaq Respublika Gənclər Kitabxanasında olub
Azərbaycanda qonaq olan macar şairi, tərcüməçi Balaş Soloji yazıçı, şair Ramil Əhmədin müşayiəti ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olub.
Ramil Əhmədin “Ədəbiyyat və incəsənət”ə verdiyi məlumata görə, görüş zamanı qonaqlara Respublika Gənclər Kitabxanası haqqında məlumat verilib. Bildirilib ki, 152000-dən artıq fondu olan Gənclər Kitabxanası bu il 95 illiyini qeyd edir. Qonaqlara kitabxanada tətbiq edilən Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri, elektron və metodiki xidmətlər haqqında geniş məlumat verilib.
Sonra qonaqlar kitabxana fondu ilə yaxından tanış olub və şöbələrə, sərgilərə baxış keçiriblər.
Görüşün sonunda qonağa Azərbaycanın tarixi abidələrini əks etdirən suvenirlər və 44 günlük Zəfər Tarixindən bəhs edən kitab hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
3-cü dərc
Məhəlləmizdə həyat öz axarında gedirdi. Hava qaralsa da, hələ küçədən yığışmayan uşaqların səsi, bağça adlanan hissədə tut ağacından asılmış yüzlük elektrik lampasının işığında samovar çayı içə-içə domino çırpan kişilərin, uşaqlarını evə çağırmaq üçün küçəyə çıxmış arvadların qışqırığı bir-birinə qarışmışdı.
Parkdakı bayaqkı səs-küydən fərqli olaraq, Dağlı məhəlləsi üçün adi bir şey olan bu haray-qışqırıq mənə qətiyyən təsir etmirdi. Çünki mən bu məhəllədə böyümüşdüm. Bu səslər də mənə olduqca doğma idi. Bu ora-bura qaçışan uşaqlar kimi, eynilə əyri-üyrü küçələrdə özümüzün fikirləşdiyi, «altı ağac», «yeddi şüşə», «naqquli» və bir çox başqa oyunlar oynaya-oynaya keçmişdi uşaqlığım. Dondurmasatan gələndə əvvəlcə hamı pul üçün evə qaçır, sonra eyni vaxtda qayıdıb dondurmaçıya hücum çəkirdik. Dondurma ilə birlikdə dil-ağız edib aldığımız tüstülənən dondurma buzunu azca su ilə şampan şüşəsinə töküb qapağını vurur, sonra yerə qoyub xeyli aralıda durub gözləyirdik. Su ilə qarışan buz çox sürətlə əriməyə başlayır və şüşə bir anda qatı ağ tüstü ilə dolurdu. Bir azdan şüşənin içində yaranmış təzyiqdən qapaq partıldı ilə yerindən çıxıb göyə millənirdi. Bizim üçün o şampan qapağı sanki bir raket idi və əldə etdiyimiz buzun miqdarından asılı olaraq şüşənin içində yaranan təzyiqdən şampan qapağı nə qədər yüksəyə millənərdisə, bir o qədər çox sevinərdik. Qapaq isə, doğrudan da çox yüksəyə millənirdi.
Bizim uşaqlığımızda nə indiki pirotexnika, nə fişənglər, nə də başqa oxşar əyləncələr yox idi. Hətta bəzi uşaqların böyüyənədək heç bir oyuncağı da olmurdu, çox şeyi özümüz fikirləşib tapırdıq. Elə buna görə də, həmin uşaqlıq indikindən qat-qat maraqlı idi.
Hələ Tarzan adlı bir qoca, kürən itimiz də var idi. Qonşu məhəllələrin uşaqları ilə vuruşmağa gedəndə Tarzanı da özümüzlə aparırdıq. Qarşı tərəf sayca bizdən nə qədər çox olsa da, Tarzanı görən kimi hamı qaçıb aradan çıxırdı və biz, bircə yumruq belə atmadığımız halda, döyüşdən qalib çıxan əsgərlər kimi sinəmizi qabağa verib geriyə, məhəlləmizə gönürdük.
Bir gün kiminsə mağazadan qayıdarkən yerə dağıtdığı qəndləri Tarzanın xartaxartla yediyini gördük. O gündən hərə oynamağa gələndə evdən Tarzana bir neçə qənd gətirməyə başladı. Cibimizdə gətirdiyimiz qəndləri növbə ilə Tarzana yedizdirir, ona böyük yaxşılıq etdiymizi düşünürdük. Nəticədə, bəlkə də hələ bir neçə il qonşu məhəllələrlə döyüşlərdə bizə kömək edəcək Tarzan iki aydan sonra öldü. Bu bizə çox pis təsir etsə də, həmin vaxt onun nədən öldüyünü başa düşmədik. Çox sonralar bildim ki, itlərə və atlara qənd vermək olar, amma hərdən, lap gec-gec və azcana.
Maşından düşən kimi domino oynayan məhəllə kişiləri məni səslədilər: -Bəxtiyar qədeş, gəl çay iç.
Çay içmək istəməsəm də məhəllənin adətləri yaxınlaşıb onlarla görüşməyi tələb edirdi.
-Salam, oyunçu aparsın. Çay içmişəm, siz nuş edin, - yaxınlaşıb hamı ilə görüşdüm.
-Sağ ol, qədeş, elə oyunçu aparır, - «Professor» ləqəbli Qələndər bir qədər qürurla dominoda udduğunu vurğuladı.
Qələndər dominonu həqiqətən yaxşı oynasa da, mən burada qürrələnməli bir şey görmürdüm. Ancaq bunu ona deməyi lazım bilmədim. Ən yorğun, yuxusu gözündən tökülən insana hobbisi barədə bir sual verin, o dəqiqə yuxunu da, yorğunluğu da unudub həvəslə danışmağa, gözləri parıldamağa başlayacaq. Bu da məhəllə uşağının hobbisidir, nə etmək olar. Qoy əsl dominoçu kimi hamının ona necə həsəd apardığını düşünüb nə qədər istəyir qürrələnsin. Qələndərdi də…
-Yaxşı, mən yorğunam, evə keçirəm. Bir şey lazımdırsa, deyin, təşkil edim.
-Sənin sağlığın, Bəxtiyar. İşində ol, biz də bir azdan keçirik evə.
Evin qapısını açıb içəri keçsəm də, dəhlizin işığını yandırmağa tələsmədim. Uzun illər tək yaşadığım bu evdə gözüyumulu da gəzə bilərdim. Ancaq işığı dərhal yandırmamağımın səbəbi bu deyildi. Həmişə evə girəndə bir müddət dayanır, sakitlikdə özümə məxsus, xüsusi bir hissiyyatla evin ab-havasını dinləyir, sonra içəri keçirdim. Söhbət hansısa təhlükədən getmirdi. Zaman-zaman bunu də, digər şeylər kimi özümə təlqin etdiyim üçün, bu məndə bir növ vərdiş halını almışdı. Hər vəziyyətə hazır olmaq üçün heç də real təhlükənin başının üstünü almasını gözləmək lazım deyil. Hadisə bir dəfə olur. Nə vaxt, hansı şəraitdə səni haqlayacaq, bax bunu heç vaxt bilmirsən.
Hər şey qaydasında idi. İşığı yandırıb otağa keçdim.
Televizoru işə salıb yuyunmaq üçün hamamxanaya keçdim. Qayıdıb televizorla üzbəüz qoyulmuş divana oturdum. Əl-üzümü quruladığım dəsmal hələ də əlimdə idi. Gözlərim televizora baxsa da, fikrimdə bu günkü görüşün detallarını saf-çürük edirdim. Beynimdə həmin görüşdə edilən söhbəti sanki maqnitofon lenti kimi geri fırlayır, təkrar-təkrar dinləyirdim.
Bayaq müəllimimin bildiyi, ancaq hələlik mənə demək istəmədiyi bir şeyin olduğunu düşünmüşdüm. Əgər məntiqlə yanaşsaq, bu nə ola bilərdi? Məntiq bu halda nə deyir?
Təcrübəli polkovnik uzun illər bu işin qətl olduğuna inanaraq ipucu axtarıbsa və ehtimalları təsdiqləndikdən sonra əvvəlkindən on qat çox ehtiyatla davranırsa, deməli elə hadisə baş verən vaxtdan onun şübhələndiyi, ancaq əlində konkret dəlillər olmadığı üçün adlarını çəkmədiyi şəxslər var. Bu şəxslər isə, hər kimdirlərsə, onlar üçün adam öldürməklə bir milçək öldürməyin heç bir fərqi yoxdur. Daha doğrusu, kimisə öldürməyin yox, ölümünə fərman verməyin. Adətən belə insanlar özləri əllərini qana batırmır, bununçün əllərinin altında saxladıqları, hər bir tapşırıqlarını yerinə yetirməyə hazır olan buyruqqulu insanlardan istifadə edirlər. Onları insan yox, insan materialı adlandırsaq daha düzgün olar.
Amma yox. Tam olaraq belə deyil. Hər bir əlaltıdan istənilən məqsədlə istifadə etmək olmaz. Belə əlaltıların hərəsinin öz təyinatı var. Qatil olmaq hər kəsin bacaracağı iş deyil. Cinayət aləmində qatillər xüsusi kateqoriyaya aiddirlər. Deməli, köməkçilərin də içində seçilmişləri var. Qətl törətməyə hazır olanları. Əgər polkovnikin şübhələndiyi adamların əlləri altında bircə beləsi var idisə, bu yetərli idi. Hamısının belə olması vacib deyildi.
Yaxşı bəs bu sənə nəyi xatırladır, Bəxtiyar?
Televizorun səsini bir qədər azaltdım.
Əgər bu dediklərimi həqiqətə yaxın ehtimallar kimi qəbul etsəm, bu ehtimallar birbaşa cinayətkar aləmin «elita»sını hədəfə götürür. Çünki bütün bu indi düşündüklərim həbsxana qanunları ilə eynilik təşkil edir.
Yaxşı, cinayət aləminin yazılmamış qanunları barədə məlumatlısan. Elə isə, yaddaşındakıları təzələ və gör araşdırmağa başladığın ölüm işində bu sənə nəsə verəcəkmi?
Nədən başlayaq? Müəyyən yaş dövründən sonra bütün mövcudluqları, hətta azadlığa çıxdıqdan sonra da həbsxana ilə birbaşa bağlı olan insanların təhlilinə elə həbsxanalardakı qaydalardan başlasam, məncə, düz olar. Bu aləmin ierarxiyasında insanlar təbəqələrə bölünürlər. Bu təbəqələr də, cinayət aləminin digər qanunları kimi vaxtilə on beş respublikanı özündə birləşdirən SSRİ-də formalaşıb və hazırda da elə ən çox həmin on dörd respublikanın «böyük qardaş»ı sayılan Rusiyanın azadlıqdan məhrumetmə yerlərində yaşamaqdadır.
Ən aşağı təbəqədə «üzdəniraq»lar dayanır. Bu təbəqəyə, əsasən, təbiətən bu işə meyli olanlar, uşaqbazlar, aktiv və passiv pedarastlar, zorlama maddəsi ilə məhkum olunanlar aid edilirlər və elə məhkumluqlarının ilk günündə onlara yerləri göstərilir. Ancaq onlarla yanaşı, cəza növü kimi, hansısa «səhv»ə yol verərək içərinin yazılmamış qanunlarını pozmuş məhbuslar da bu təbəqəyə atıla bilərlər.
Onlara yaxın olan bir kateqoriya məhbuslar da var ki, «üzdəniraq» olmasalar da, bunlar üst-başlarına fikir verməyən, olduqca pinti olan və elə bu məziyyətlərinə görə birincilər kimi hamının aralı gəzdiyi məhbuslardırlar. Birincilərlə də, ikincilərlə də əl tutub salamlaşmaq belə, dərhal onların sıralarına qoşulmağa səbəb olur. Ona görə də hamı onlardan uzaq gəzir. Əsasən, ayaqyolunu təmizləmək və sair kimi ən çirkin işləri onlara gördürürlər. Bu kateqoriyaya aid olan məhbuslara ikrah hissi o qədər güclüdür ki, hətta onların yemək yedikləri alüminium boşqabların yan tərəfində kiçik deşiklər açılır. Bu, ümumi yeməkxanada həmin boşqabların tanınması və kiminsə boşqabı ilə səhv düşməməsi üçün edilir. Çünki, kimsə bilmədən belə, onların boşqabında yemək yeyərsə, «bulaşmış»lardan hesab olunur və özünə hörmət edən məhbuslar dərhal onunla bütün münasibəti kəsirlər.
Bundan sonra gələn kateqoriya həbsxana rəhbərliyi ilə əməkdaşlıq edənlərdir ki, onları da digər məhbuslardan heç biri qəbul etmir, satqın, xəbərçi kimi tanıyırlar. Burada da hər şey aydındır.
Növbəti kateqoriya «mujik» kimi tanınan kişilərdir. Bu kateqoriyaya aid olanlar çoxluq təşkil etməklə, adətən hər-hansı təsadüf ucbatından həbsxanaya düşənlər, bir də ki, bilərəkdən törətdikləri cinayətə görə həbs olunsalar da, düzgün kişi kimi qalaraq həbsxana ierarxiyasında bundan o yana getmək fikri olmayanlardır. Məhz bu səbəbdən onlara, «kişi» kimi tərcümə olunan «mujik» adı veriblər. Onlar əsasən əməklə, fiziki işlə məşğul olur, günlərini saymaqla onlara kəsilmiş cəzanın müddətinin başa çatmasını və azadlıqda normal həyata qayıtmalarını gözləyirlər. Onların digər məhbusla yaranmış istənilən anlaşılmazlığa aydınlıq gətirmək üçün özlərini müdafiə etmək hüquqları olsa da, başqa heç bir məsələdə heç bir söhbətə qarışmağa ixtiyarları yoxdur. Hə, bir də, iki məhbus arasında yaranmış mübahisənin araşdırılmasında, əgər nəsə görüblərsə, şahidlik edə bilərlər…
Bunlardan sonra gələnlər «bərkgedən»lər, özlərini bir növ avtoritetli məhbus hesab edənlərdir. Rusiya həbsxanalarında bunlar «blatnoy»lar adlanırlar, yəni «hörmət sahibləri». Bax bu kateqoriyanın rolu həbsxana həyatında olduqca böyükdür. Əvvəla ona görə ki, onlardan yuxarıda yalnız və yalnız cinayət aləminin «elita»sı sayılan «lotu»lar dayanır və elə «lotu»ların elitaya gedən yolu da «bərkgedənlik»dən keçib. Deməli, bu kateqoriyadan olan hər bir məhbus, hər-hansı səhvə yol verməzsə və «oğru» qanunlarına riayət edərsə, gələcəyin potensial «lotu»su, başqa sözlə «qanuni oğru»sudur. Əgər «lotu»ların sayı yüzlərlə ölçülürsə, «bərkgedən»lər minlərlədir və kifayət qədər hüquqlara malikdirlər. Təbii ki, söhbət «həbsxana qanunları» adlanan, onların özləri özlərinə yaratdıqları hüquqlardan gedir. Bu kateqoriyadan olanlar, adətən, heç bir faydalı əməklə məşğul olmurlar, ancaq «bərkgedən» statusu almaq üçün də müəyyən tələblər var. Belə ki, azadlıqda olarkən hər hansı xidmət növü ilə bağlı əmək fəaliyyəti ilə məşğul olan, deyək ki, taksi sürücüsü, ofisiant, bərbər kimi başqalarına xidmət göstərənlər, o cümlədən hərbi xidmətdə olanlar həbsxanada bu statusu daşıya bilməzlər.
Onların «obşak» adlanan oğru kassasındakı pullardan müəyyən məqsədlər üçün istifadə etmək, həbsxanadaxili konfliktləri araşdırmaq, «lotu» olmayan yerdə «təqsirkar»lara cəza kəsmək səlahiyyətləri var.
Stop! Təqsirkar demişkən, bəlkə… Niyə də yox? «Cəllad»lar və «Torpeda»lar. «Cəllad»lardan başla. «Cəllad»lar oğru yığıncaqlarında «lotu»ların, başqa adda isə «qanuni oğru»ların kəsdikləri cəzanı yerinə yetirənlərdir və cinayət aləmində kifayət qədər yüksək statusa malikdirlər. Hələ sovet dövründən onlar əsasən çox böyük müddətə, bəzən hətta iyirmi beş ilədək azadlıqdan məhrum edilmiş soyuqqanlı məhbuslardan seçilirdi. Həmin dövrdə uzun müddət ölüm hökmü tətbiq olunmadı. Elə buna görə də, belə böyük cəza müddəti bitənədək həyatda qalmasına heç bir ümidi olmayan məhbus kimisə öldürməklə heç nə ilə risk etmir, olsa-olsa ifşa edilərsə, iyirmi beş illik cəza müddətinin üzərinə bir neçə il də əlavə olunurdu ki, bu da onunçün heç nəyi dəyişmirdi.
Sonrakı illərdə sovet qanunlarında ölüm hökmünün tətbiq edilməsinə səbəb olan bir amil də elə bu oldu.
«Cəllad»lar öz statuslarını gizli saxlamır, heç nədən çəkinmədən bunu simvolizə edən döymələr gəzdirirdilər. Hamının ehtiyat etdiyi belə məhbusların istifadə etdikləri əsas döymələr, kapyüşon adlanan baş geyimində olan, əlində balta tutmuş cəllad şəkli, bəzi hallarda isə dişlərini qıcamış pələng və ya canavar rəsmidir.
Hətta «cəllad» olmuş bəzi məhbusların sonradan «qanuni oğru» adı alması halları da məlumdur. Bir sözlə, bu tip məhbuslar olduqca təhlükəlidirlər. Hələlik bunları bir tərəfə qoyaq və «torpeda»lara keçək.
«Torpeda»lar «cəllad»lardan fərqli olaraq, heç də qatil rolunu öz iradələri ilə seçmirlər. Onlar ən çox qumar borcu olub, həmin borcu vaxtında ödəyə bilməyənlərdirlər. Cinayət aləmində qumar borcu, nə qədər paradoksal səslənsə də, «müqəddəs» sayılır və onu ödəyə bilməyən borclu olduğunun əsarətinə keçir, bir növ, onun quluna, başqa sözlə «torpeda»sına çevrilir. Bu zaman o «sahib»inin istənilən, hətta kimisə öldürməsi barədə tapşırığını da qeyd-şərtsiz yerinə yetirməlidir ki, borcu bağışlanılsın. Bir borca görə «torpeda»ya çevrilən, bir tapşırığı yerinə yetirməklə «torpeda»lıqdan çıxmış olur. Tapşırığı yerinə yetirməyənin özünü ən yaxşı halda fiziki ölümdən daha betər olan, «üzdəniraq»ların yanına atılmaq kimi mənəvi ölüm gözləyir. İstəmədiyi halda bu vəziyyətə düşsə belə, bunun nə olduğunu gözəl anlayan «torpeda», «üzdəniraq» olmaqdansa, verilən tapşırığı yerinə yetirməklə kiminsə qatili olmağa üstünlük verir.
«Torpeda»lar tərəfindən planlaşdırılmış qətllər adətən gecə saatlarında, hamı yatdıqdan sonra həyata keçirilir. «Torpeda»lar haqqında da bu qədər.
Yaxşı bəs buradan nə nəticə çıxarmaq olar? Yenə də stop! Day-dayın oğlu da gecə saatlarında qətlə yetirilib. Bunu dəqiq bilirəm. Burada «cəllad»dan çox «torpeda» dəst-xəttinə oxşarlıq müşahidə olunur.
Əgər belədirsə, deməli Day-dayın oğlunun qətli arxasında, böyük ehtimalla, elə ilk dəqiqələrdən düşündüyüm kimi, həyatlarının çoxunu dəmir barmaqlıqlar arxasında keçirmiş, azadlığa çıxsalar belə, yenə də həbsxana qanunları ilə yaşayan, başqa yaşam tərzini təsəvvür etməyən və ya xislətlərinə görə başqa cür yaşamaları mümkünsüz olanlar durur.
Bəli, çayxanada da, indi də apardığım təhlillər əsasında gəldiyim nəticələr heç də ürəkaçan deyil. Ən azından, əminəm ki, keçmişdə törədilmiş bu qətllə bağlı araşdırma olduqca «maraqlı» bir araşdırma olacaq…
Ömründə heç kimdən və heç nədən qorxmayan polkovnik Dadaşzadənin hələlik «yatmış əjdahanı» oyatmamaq üçün son dərəcə ehtiyatla davranmasını da bura əlavə etsək, ehtimallarım həqiqətə bir qədər də yaxınlaşır.
Təcrübəli əməliyyatçı heç vaxt yersiz addımlar atmır, hadisələri nə tələsdirir, nə də bir saniyə gecikməyə qoymur. Yalnız əgər qarşı tərəfi «tərpətmək» və səhv etməyə vadar etmək lazımdırsa, onda qəsdən özünü büruzə verir və səhvin nə vaxt buraxılacağını gözləməyə başlayır.
İndiki halda kim olduğunu belə tam müəyyən etmədiyimiz qarşı tərəfin hələ ki, yatması bizim xeyrimizə idi. Yatmış düşmənin başının üstünü qəfildən almaq daha asan olur…
Elə yatmış demişkən, məncə, bu günlük bəsdir. Yatmaq, səhərə gümrah olmaq lazımdır.
Qalxıb televizoru və işığı söndürüb yataq otağına keçdim. Yorğun olduğum üçün yəqin ki, tez yuxuya gedəcəkdim.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)