
Super User
Sinoptiklərdən xəbərdarlıq edib
Bu gün axşam şimal və qərb rayonlarından başlayaraq aprelin 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qərb küləyi əsəcək, aprelin 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimal edilir.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
21 ən yaxşı ideya müəllifi mükafat uğrunda yarışacaq
“Startup school”da ideya yarışı keçirilir
Səmərələşdiricilər və ixtiraçılar cəmiyyətdə daim lazımlı adamlar sayılırlar. Bir vaxtlar ölkəmizdə kəşflər, ixtiralar və səmərələşdirici təkliflər üç kateqoriya üzrə mükafatlandırılırdı və bu işlə məşğul olanlar babat qazanc əldə edirdi…
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hazırda KOBİA (Kiçik və orta biznesin inkişafı agentliyi) ən müxtəlif startUp layihələrini - müasir təbircə ixtira və kəşfləri, daha dəqiq isə ideyanı maliyyələşdirir. Özəl qurumlar da bu yöndə fəaliyyətdədirlər. Növbəti söhbətimiz bu barədədir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School” bu cür bir platformadır və orada ideya yarışı keçirilir.
“Enterprise Azerbijan” portalının rəhbəri Mətanət Musayevanın bildirdiyinə görə, “StartUp School”a müraciət edən 200 layihə arasında startap layihələri ilə yanaşı ideyalar da üstünlük təşkil edib.
Bu ideyalar arasından ekspertlərin ən yaxşı hesab etdiyi 21 layihə “Ən yaxşı ideya” nominasiyasında yarışmaq üçün vəsiqə qazanıb.
M.Musayeva məlumat verib ki, qalib ideyalardan 8-i xanım startapçılara məxsusdur. Müsabiqədə 15-25 yaş həddi arasında 16 nəfər qalib olub ki, bunlardan 2 nəfəri 15 yaşlı Azərbaycan vətəndaşları Ruslan Nəbili və Rəna Məmmədlidir. “StartUp School”a yeni ideyaları ilə müraciət edənlər arasında gənclər üstünlük təşkil etsə də, müsabiqədə yaşı 25-45 arası olan 4 nəfər də iştirak edib. Qalib ideya startapları arasında 4 nəfər Türkiyə vətəndaşı var.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Şanxay Beynəlxalq Film Festivalı yenidən fəaliyyətə başlayır
Keçən il pandemiya səbəbindən ləğv edilən 25-ci Şanxay Beynəlxalq Film Festivalı cari il iyunun 9-dan 18-dək keçiriləcək.
Bu barədə AzərTAC TASS-a istinadla xəbər verir. Məlumatda deyilir ki, pandemiya səbəbindən 2022-ci ildə qəbul edilən festivalın təşkil edilməsinin ləğvi qərarından bu günə kimi təşkilatçılar dünyanın 128 ölkə və regionundan təxminən 8,8 minə yaxın film layihələri qəbul ediblər.
Qeyd edək ki, Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən təşkil olunur. Müxtəlif vaxtlarda festivalın münsiflər heyətinin üzvləri Oliver Stoun, Karen Şahnazarov və bir çox başqa tanınmış kinematoqrafçılar olublar. Bu festival çoxdan regional tədbir olmaqdan çıxaraq təkcə Asiyadan deyil, dünya kinosundan da bir çox ulduzları özünə cəlb edir. Bu illər ərzində festival Çin kinematoqrafiyasının inkişafının şahidi olub, eyni zamanda beynəlxalq mübadilə və mədəni əməkdaşlıq platformasına çevrilib.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Valeh Kərimov: “Gənc qızlar gözəllik, yaraşıq axtarırdılar, o da məndə yox idi”
Moşu obrazı ilə sevilən Xalq artisti Valeh Kərimovun Moderator.az saytına verdiyi müsahibəsindən 4 maraqlı məqamı “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirik.
1-ci məqam
Uzun illər teatrda çalışmışam, indi də Mingəçevir Dövlət Dram Teatrında çalışıram. Ömür boyu ona pis baxmışam ki, evdə olan qan qaralığı teatra gətirəsən. Çox xırda şeylər məni əsəbləşdirir. O vaxt universitetdə dərs deyəndə tələbələrə əsəbləşirdim. Çünki bu sənətə laqeyd baxırdılar. Mən elə bilirdim ki, incəsənət sahəsində gəlib Cəfər Cabbarlının qəhrəmanları ilə, Şekspirin əsərləri ilə tanınacam. "Moşu" obrazı ilə tanındım. Amma bu rola qədər mən teatrda çox dramatik rollar oynamışam. Bu rollarımı sayanda bir çoxları deyir ki, xəbərsizik. Axı tamaşaları televiziyada göstərmirdilər.
2-ci məqam
"Bəxt üzüyü" filmindəki Moşu obrazı məni həm qabağa saldı, həm də arxaya atdı. Hətta bir dəfə filmə dəvət etmişdilər, rejissorlar öz aralarında söhbət edirdilər ki, "Vallah bu Moşu olacaq, sifət Moşudur da". Yaxşı pyesdir, Vaqif Səmədoğlu yazıb, ürəyini, əziyyətini bura qoyub. Bu obraz elə-belə yaranmadı. Müşahidə etdim. "Moşu"-nun pijamasını teatrın içindəki bir aktyordan götürdüm. Hərədən bir şey götürdüm. Allah rəhmət etsin, böyük şairimiz Zəlimxan Yaqub həmişə mənimlə görüşəndə deyirdi ki, "Moşu mənəm". "Bəxt üzüyü" filminə bəlkə də heç 5 dəfə baxmamışam. Həmişə göstərəndə deyirəm ki, kanalı dəyişin. Mən özümə niyə baxım ki? Mənim üçün maraqlı deyil, oldu keçdi.
3-cü məqam
Gəncliyimdə evlənmək istəmirdim, anam fikir edirdi. Evdə də qadağan etmişdim mənə evliliklə bağlı sual verməyi. İşə gedirdim, görürdüm ki, bacım axşamdan məktub yazıb, cibimə qoyub. O da deyirdi ki, anam fikir edir, Valeh evlən. 32 yaşında evləndim. Azad olmaq, azad yaşamaq istəyirdim. Mən cavanlıqda çox xanımlara vurulmuşam, amma heç kim mənə vurulmayıb. Çünki gənc qızlar gözəllik, yaraşıq axtarırdılar. O da məndə yox idi. Nəyimə vurulsunlar? Şükür Allaha, 3 övladım var. İki oğlan, bir qız.
4-cü məqam
1975-ci ildə Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrına gəldi. İlk tamaşası da "Komsomol" tamaşasında Humay obrazı oldu. Mən də Gəray bəyi oynayırdım. Bu tamaşadan sonra dostluğumuz yarandı. "Lənkəran xanının vəziri" tamaşasında da birlikdə oynayırdıq. Mən vəziri, Afaq xanım isə vəzirin arvadlarından biri olan Şölə xanımı oynayırdı. Tamaşada belə bir səhnə var ki, vəzirin arvadları savaşır. Mən də o vaxt arıq, çəlimsiz oğlan idim. Afaq xanım savaşa-savaşa birdən məni qucağına alıb, aparıb səhnənin kənarına qoydu. Afaq xanım səhnədə həqiqətən də çevik və enerjili idi.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Adil Kərimli şiddətli töhmət verdiyi rəisi işdən çıxardı
Mədəniyyət Nazirliyində idarə rəisi işdən çıxarılıb. “Ədəbiyyat və incəsənət” Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir ay əvvəl Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.
Mədəniyyət Nazirliyi məlumatı təsdiqləyib. Bildirilib ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Beybala oğlu Musayevə aprelin 4-dən üç ay müddətinə həmin idarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq həvalə edilib.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Dünyanın ən əntiq üç kitabı
“Ədəbiyyat və incəsənət” portalı Səidə Sübhinin köşəsini təqdim edir.
Bu dəfə dünyanın ən əntiq sayılan kitabları barədə söz açmaq istəyirəm. Onların sayı 3-dür:
Ptolomey, “Coğrafiya”
Artur Rembo, “Səhənnəmdə mövsüm”
Leonardo da Vinçi, “Lesterin məcəlləsi”
Marağınız üçün onu deyim ki, “Lesterin məcəlləsi” kitabından cəmi bir nüsxə var. O da Bill Qeytsdədir. Milyardçı bu kitabı 30,8 milyon dollara alıb.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Günün fotosu: “Bu Rusiya üçün riskdir”
Günün fotosu: “Bu Rusiya üçün riskdir”
Finlandiya NATO-nun 31-ci üzvü oldu və Rusiya Prezidentinin bu olaya reaksiyası belə oldu: “Bu Rusiya üçün riskdir”
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Xalq artisti Cavan Zeynallı həyat yoldaşını Qusarda dəfn etməsinin səbəbini açıqlayıb
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, Cavan Zeynallı bu haqda "Səhər mərkəzi" verilişində danışıb. O bildirib ki, qəbiristanlıqda dəfn üçün ondan çox pul istəyiblər:
"Onun üçün Bakıda yer tapdım, mənə hörmət etdilər. Apardılar ki, burada Rauf Hacıyevin qızı basdırılıb. Deyirəm, haradadır? Göstərdilər ki, buradakı yeri sizin üçün ayırmışıq. Burada elə qiymətlərdir ki... Qusarda belə qiymət yoxdur. Həm də ailəsi gəldi ki, aparırıq Qusara. Deyirəm ki, yer tapmışam, pul vermişəm. Cavab verdilər ki, Röya vəsiyyət edib ki, mənə nəsə olsa, anamın, atamın, qardaşımın yanında dəfn edin. Rahat oldum, Bakıda çoxluqdur, orada rahatlıqdır".
C.Zeynallı Finlandiyada yaşayan qızı ilə heç bir əlaqəsi olmadığını deyib:
“Orada ailəsi var. Necə gedim? Gedib Finlandiyada məhkəməyə verim? Başqa ailədir. Düşünürəm ki, ona dəymək olmaz".
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Dövlət Simfonik Orkestri Filarmoniyada konsert verəcək
Aprelin 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.
Musiqili gecədə orkestr dirijor Murtuza Bülbülün rəhbərliyi altında çıxış edəcək.
Proqramda Lüdviq Van Bethoven “Eqmont” uvertürası, Edvard Qriqin “Per Günt” süitası No. 1, Ferents Listin “Prelüdlər” simfonik poeması, Modest Musorqskinin “Keçəl dağda gecə” simfonik lövhəsi (işləyəni Nikolay Rimski-Korsakov), Pyotr İliç Çaykovskinin “Qu gölü” baletindən süita səslənəcək.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Sədaqətli həyat yoldaşı seçməyin hansı şərtləri var?
“Ədəbiyyat və incəsənət”in Gənc ailə güçəsində Uğur Mətin sizlərə “SƏDAQƏTLI HƏYAT YOLDAŞI SEÇMƏK ÜÇÜN ÖZÜNÜZƏ BU SUALLARI VERIN” yazısını təqdim edir.
Xoşbəxt evlilik və düzgün münasibət üçün partnyorun doğru insan olub-olmamasına əmin olunmalıdır. Həyatınıza girən biri ilə çətinlik çəkmədən, asanlıqla söhbət edə bilməlisiniz. Onunla vaxt keçirməkdən bezməməli, danışmaqdan zövq almalısınız.
Qarşınızdakının sizin üçün doğru insan olduğunu bilmək üçün özünüzü bir neçə sual verin.
Beləliklə, həmin sualları təqdim edirik:
Maraqlarınız oxşardırmı?
Nə qədər çox ortaq tərəfləriniz varsa, bir o qədər bir-birinizə tez uyğunlaşacaqsınız. Bu o demək deyil ki, bütün maraqlarınız, hobbiləriniz eyni olsun. Amerikalı psixoloq Sima Hinqorani məsələ ilə bağlı bu sözləri deyib:
“Həyatınızı kiminləsə keçirməyə qərar verdiyiniz zaman, ikinizin birlikdə nə etmək istərdiklərinə baxmalısınız. Məsələn, əgər siz kino həvəskarısınızsa, bu zaman filmlərdən zövq alan biri ilə birlikdə olmaq istərdiniz. Bu həyatınızı daha da maraqlı edəcək”.
Standartlarınız uyğun gəlirmi?
Yaxşı həyat yoldaşı seçərkən həm özünüzün, həm də ailənizin standartlarını nəzərə almalısınız. Sizinlə eyni sosial təbəqədən və ya eyni ailə mədəniyyəti olan birini seçmək mümkün olmasa da, bu uyğunluğu nəzərə almaq vacibdir.
Bir-birinizə hörmət edirsiniz?
Sizə, arzularınıza, məqsədlərinizə və şəxsiyyətinizə hörmət etməyən biri ilə həyatınızı keçirə bilməzsiniz.
Etibarlı insandır, ona güvənirsinizmi?
Etibar edə biləcəyiniz birini seçmək son dərəcə vacib məqamdır. Bir-birinizə güvənməsəniz və ya inanmasanız, xoşbəxt bir evlilik ola bilməz.
Birlikdə yaxşı vaxt keçirirsiniz?
Birlikdə vaxt keçirməkdən zövq almaq eyni maraqlara sahib olmaq qədər vacibdir. Sizə kifayət qədər vaxt ayıran və vaxt keçirməkdən bezməyən biri ilə sevgili olmalısınız.
O, dəyişməyə açıqdırmı?
Fərqli mədəniyyətlərdən olan insanların evliliklərində diqqət etməli olan məqam onların bir-birindən nə qədər fərqli olduqları deyil, tərəflərin dəyişməyə açıq olub-olmamasıdır.
Bir tərəf “mən beləyəm, dəyişmərəm” deyirsə, qarşı tərəf çətin vəziyyətə düşür. Münasibətdə hər iki tərəf vərdişlərindən tam olmasa da, bir az ödün verə bilər. Bununla da ikili ortaq nöqtədə görüşərsə, mədəni fərqliliklər evliliyə təsir etməz.
Evliliklə bağlı özünüzə verməli olduğunuz digər suallar:
Özümü tanıyırammı?
Evlilik üçün özümü hazır hiss edirəm?
Bu insan evlilik üçün yetkin biridirmi?
Bu insan mənim yaxşı və pis günümdə yanımda olacaqmı?
Qarşılıqlı sevgi, hörmət və sədaqəti təmin edə biləcəyikmi?
Həyata fərqli tərəfdən baxıb ortaq bir məxrəcə gələ bilərikmi?
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)