
Super User
Çox gözlənilən “Çiçəkli Ay qatilləri” filmi kütləvi nümayişə buraxılacaq
Bu filmi hamı gözləyir. Rejissor Martin Skorsezenin çəkdiyi və baş rolda Hollivud ulduzları Robert De Niro və Leonardo Di Kaprionun yer aldığı “Çiçəkli Ay qatilləri” filmini deyirik. Nəhayət ki, filmin kütləvi nümayişə buraxılacağı tarix açıqlanıb.
kinonews.ru saytı xəbər verir ki, ekran əsərinin kütləvi nümayişi oktyabrın 20-dən başlayacaq.
Qeyd edək ki, filmdə yer alan hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Mədəniyyət naziri forum məruzəçiləri ilə görüşüb
Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.
Bu münasibətlə avqustun 30-da Mədəniyyət Nazirliyində foruma qatılacaq panel iştirakçıları və məruzəçilərlə görüş təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, görüşdə mədəniyyət naziri Adil Kərimli, nazir müşaviri Orxan Fikrətoğlu, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, akademiklər Nizami Cəfərov, Rəfael Hüseynov, yazıçılar Aqil Abbas, Elçin Hüseynbəyli, Varis, İlqar Fəhmi, şairlər Əkbər Qoşalı, Aqşin Yenisey, Qəşəm Nəcəfzadə, naşirlər Şəmil Sadiq, Şahbaz Xuduoğlu, milli kitabxananın direktoru Kərim Tahirov, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı və digər şəxslər iştirak ediblər.
Görüşdə forumun mövzuları və tədbirin proqramı ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qeydlər nəzərə alınıb.
Bildirək ki, Azərbaycan Dili və Ədəbiyyatı Forumu sabah - sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Azərbaycan Dili və Ədəbiyyatı Forumu ilə bağlı görüş keçirilib
Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.
Bu münasibətlə avqustun 30-da Mədəniyyət Nazirliyində foruma qatılacaq panel iştirakçıları və məruzəçilərlə görüş təşkil olunub.
Görüşdə forumun mövzuları və tədbirin proqramı ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qeydlər nəzərə alınıb.
Bildirək ki, Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)
“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq
Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ilin 3 sentyabr 18 00-da Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq.
Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendinin, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi, yekunda isə qala konsertin keçirilməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)
Azərbaycan Yazıçılar Birliyində “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirilib
Mədəniyyət Nazirliyi və Azərbaycan Ədəbiyyat Fondu “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin məqsədi keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsi olub.
Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun məruzəçisi olduğu tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, Azərbaycan Yazıçılar Birliyinin katibləri İlqar Fəhmi, Elçin Hüseynbəyli, Xəyal Rza, birliyin dramaturgiya seksiyasının müdiri Firuz Mustafa, Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, rejissor Adil Azay, “Ultra production” şirkətinin rəhbəri Pərviz Məmmədov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazarlardan Yunus Oğuz, Yaşar, Rüstəm Dastanoğlu, Kənan Hacı, Firudin Qurbansoy, Fərid Hüseyn və digərləri iştirak ediblər.
Öncə ədəbiyyatla kinonun vəhdətindən, yaxşı filmlərin çəkilməsi ilə yaxşı dramaturji materialın mövcud olması asılılığından bəhs edilib. Mədəniyyət naziri Adil Kərimlinin kinodakı durğunluğu aradan qaldırmaq üçün atdığı zəruri tədbirlərə diqqət çəkilib, kino industriyasının əvvəlki dönəmlərdə yazıçılar üçün bağlı olan qapılarının taybatay açıldığı bəyan edilib.
Daha sonra Orxan Fikrətoğlu Mədəniyyət Nazirliyinin kino siyasətini tam olaraq tədbir işçilərinə açıqlayıb.
Kino Agentliyinin yaradılması, Kino Forumunun keçirilməsi, filmlərin məhz ən yaxşılar tərəfindən çəkilməsi üçün ədaləti bərqərar etməklə müsabiqə elan edilməsi gözlə görünən əsas nəticələrdir.
Yeni kino strategiyasının ilk bəhrəsi olan müsabiqə özündə filmlərin 5 xətt üzrə maliyyələşəcəyini ehtiva edir:
-Dövlət sifarişi ilə çəkilən filmlər - ilk öncə milli-mənəvi və sənət dəyərlərinə xidmət edəcək filmlər;
-Kommersiya filmləri - daha çox gəlir əldə etməyə hesablanan, bir sözlə, “kassa filmləri”;
-Sənət filmləri (art-hauslar) –istedadlı rejissorlarımızın öz seçim və istəkləri ilə çəkdikləri, beynəlxalq kinofestivallarda təmsil olunacaq yüksək zövq filmləri;
-Debüt filmlər – gənc rejissorların debüt işləri;
-Tələbə filmləri - İncəsənət Universitetinin və digər kino təhsili verən ali məktəb tələbələrinin çəkdikləri filmlər.
Beləliklə, peşəkar və həvəskar hər bir kəs kino çəkmək şansı əldə edir.
Nəzərə çatdırılıb ki, qısa müddətdə bu müsabiqənin elan edilməsi ilə yanaşı parçalanmış və iki kinematoqrafçılar ittifaqında cəmləşən kino cameəsi birləşdirilib, “Debüt studiyası” bərpa edilib, mediasının maliyyələşdirilməsinə başlanılıb.
Bu gün Mədəniyyət Nazirliyi ən əvvəl prodüser mərkəzlərinin çoxalmasında və təkmilləşməsində maraqlıdır. İkinci - bazarın və rəqabətin yaranmasında maraqlıdır. Seleksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, ssenaristlər, operatorlar, aktyor və aktrisaların müəyyənləşdirilməsində maraqlıdır. Və bu sahələrdə artıq canlanma hiss edilməkdədir.
Ölkəmizdə kino festivallarının keçirilməsi ənənəvi hal alacaq. Beynəlxalq anima, doko və kiçikhəcmli filmlər festivallarını maliyyələşdirməklə Mədəniyyət Nazirliyi, eyni zamanda, ölkəmizə təşrif buyuran tanınmış əcnəbi kino mütəxəssislərini panel müzakirələrinə cəlb etmək, Azərbaycan kinosu barədə bilgiləri dövriyyəyə buraxmaq fikrindədir. Tədricən A kateqoriyalı festivallara çıxmaq, ölkədə kino pavilyonları tikmək məqsəd kimi götürülür.
Mədəniyyət Nazirliyi dünyaçaplı studiyaların gəlib Azərbaycanda filmlər çəkməsində maraqlıdır. Hətta onları maliyyələşdirməkdə də. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkətlərdən yalnız bir şey tələb olunacaq: 60-70 faiz yerli işçilərdən – azərbaycanlı mütəxəssislərdən istifadə etsinlər. Nəticədə yeni kadrlar hazırlanacaq, hazır kadrların isə kino təcrübəsi artacaq.
Yeni kadrların hazırlanması prosesində tələbələrin xaricdə təhsil almasına önəm veriləcək, ssenaristlərin təkmilləşdirilməsində xeyli işlər görüləcək. Animasiya Akademiyası açılacaq, milli animasiya filmlərinin çəkilməsi prioritet sayılacaq.
Kinoaktyor truppası bərpa ediləcək, texniki heyət üçün hər 6 aydan bir kvalifikasiya kursları keçiriləcək, dünyanın qəbul etdiyi ən yüksək avadanlıqlarla işləyən peşəkarlar dəvət ediləcək ki, bizdəki texniki heyətə ustad dərsləri keçsinlər. Bu dərsləri mənimsəyənlər müvafiq sertifikatlar alacaqlar.
Kinoteatrlarda göstərilən əcnəbi filmlərin dublyaj keyfiyyəti məsələsi də önəm daşıyır, buna görə dublyaj studiyaları yaradılacaq, yüksək səviyyədə tərcümə mətnlərindən istifadə ediləcək.
Kinoteatrlarda Azərbaycan filmlərinin nümayişinə üstünlük veriləcək və bu filmlər üçün üstün prokat şərtləri müəyyənləşəcək.
Diskussiya şəklində davam edən tədbir olduqca səmərəli keçib.
“Təbiətimizin sovqatı” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Xətai Sənət Mərkəzində “Təbiətimizin sovqatı” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
Sərgidə nümayiş olunan əsərlərin müəlliflərinə sertifikat təqdim olunub.
Həmçinin, sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb.
Qeyd edək ki, mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərib. Nəzərdə tutulduğu kimi, təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verməklə 152 əsər seçilib.
Daha ətraflı növbəti buraxılışlarda.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)
Ankarada möhtəşəm qəhvə festivalı keçiriləcək
Sentyabrın 22-24-də Ankarada möhtəşəm qəhvə festivalı keçiriləcək. Türkiyə mediası xəbər verir ki, festivalda böyük qəhvə markaları, maşın və avadanlıq istehsalçıları və digər qəhvə sənayesi müəssisləri bir araya gələcəklər.
İştirakçılar, həmçinin festival çərçivəsində xüsusi dequstasiya və seminarlarda iştirak edə biləcək, canlı konsertlər və səhnə tamaşalarına baxmaq imkanı əldə edəcəklər.
Peru, İndoneziya, Qvatemala, Vyetnam və Rusiyadan olan qəhvə şirkətlərinin də qatılacağı festivalda İtaliya və Yunanıstandan mütəxəssislər müxtəlif tədbir və seminarlarda qəhvə həvəskarları ilə görüşəcəklər.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)
Leyli və Məcnun” yenidən Bakı Marionet Teatrında nümayiş olunacaq
Sentyabrın 16-23-30-da yeni teatr mövsümündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjimançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşa ürkək, vəfalı və dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)
Yeniyetməliklə bağlı bilmədikləriniz
“Ədəbiyyat və incəsənət” portalı ailə mövzusunda actual söhbətləri davam etdirir. Bu gün psixoloq, refleksoloq Fazilə Camalova yeniyetməliklə bağlı danışacaq.
Yeniyetməlik, uşağınızın yetkinliyə keçdiyi həyəcanlı, lakin eyni zamanda stressli dövrdür. Bu müddət ərzində bir çox sürətli dəyişikliklər və inkişaflar baş verir. Fiziki, koqnitiv və psixoloji dəyişikliklər vasitəsilə uşağınız kim olduğunu və hara aid olduğunu kəşf etməyə başlayır.
Yeniyetməlik nədir?
Yeniyetməlik uşaqlıq və yetkinlik arasında keçid dövrüdür. Yeniyetməlik dövrünə qədəm qoyan uşaqlar bədənlərində və beyinlərində çoxlu dəyişikliklər yaşayırlar. Bunlara fiziki, intellektual, psixoloji və sosial problemlər, habelə öz mənəvi hisslərinin inkişafı daxildir. Dəyişikliklər sürətlidir və tez-tez müxtəlif dərəcələrdə baş verir. Bu, bir yeniyetmənin həyatında maraqlı, lakin çətin bir dövr ola bilər. Yeniyetməlik, uşağınızın daha müstəqil olduğu və şəxsiyyətini kəşf etməyə başladığı dövrdür.
Yeniyetməlik dövrlərinə 10-14 yaş arası erkən yeniyetməlik, 15-17 yaş arası orta yeniyetməlik və 18-24 yaş arası gecikmiş yeniyetməlik daxildir. Hər bir mərhələ yeniyetmələr üçün müxtəlif çətinlikləri əhatə edir və valideynlərdən fərqli reaksiyalar gözləyir. Yeniyetmələrlə yaşadıqları dəyişikliklər haqqında açıq danışmaq hər bir valideyn üçün çətin ola bilər. Yeniyetmələrlə ünsiyyətin vacib hissəsindən biri onlara qarşıda nə gözlədiyini anlamağa kömək etməkdir. Təəccüblənməmək üçün bədənlərinin necə dəyişəcəyini izah etmək, uşağın narahatlığını yüngülləşdirə bilər. Fiziki dəyişikliklərdən əlavə, valideynlər yeniyetməlik dövründə baş verən sosial və həyat tərzi dəyişiklikləri haqqında söhbətə başlaya bilər.
Dinləmə güclü, lakin kifayət qədər qiymətləndirilməyən bir vasitədir. Valideynlər tez-tez həll yollarına yönəlirlər. Ancaq bu meylləri bir kənara qoyub, sadəcə olaraq yeniyetməni dinləmək münasibətləri gücləndirə bilər. Xüsusi və ya maraqlı suallar vermək uşağın özünü mühakimə olunduğunu hiss etdirə bilər və buna görə də açıq və doğru danışmaqdan çəkinə bilər. Diqqətlə dinləmək maraq, təsdiq və dəstək göstərir. Bu, həm də yeniyetmənin lazım olduqda valideynə etibar etməsinə imkan verir. Yaxşı dinləyici olmaq yaxınlıq və inam yaradır - eyni zamanda yeniyetmənin təcrübələrini təhlil etməyə imkan verir.
Yeniyetməlik dövründə fiziki dəyişikliklər hansılardır?
Yeniyetməlik dövründə fiziki inkişaf, yetkinlik adlanan bir proses vasitəsilə baş verən dəyişiklikləri əhatə edir. Yetkinlik dövründə uşağınızın beyni müəyyən hormonlar ifraz edir. Hormonlar uşağınızın bədəninin fiziki olaraq dəyişməsinə və cinsi orqanlarının yetişməsinə səbəb olur.
Uşağınız çox güman ki, böyümə sürəti yaşayacaq. Bu müddət ərzində onların boyu və çəkisi sürətlə böyüyəcək. Digər fiziki dəyişikliklər bədən qoxusu, sızanaq və bədən tüklərinin artması ola bilər. Əksər qızlar yeniyetmələr 10-14 yaş arasında böyümə sürətinə malikdir. Əksər yeniyetmə oğlanlarda 14 yaş arasında böyümə sürəti müşahidə oluna bilər. Bəzi fiziki dəyişikliklər hər kəsdə baş verir, lakin vaxt və sıra insandan insana dəyişə bilər. Bəzi yeniyetmələr erkən, bəziləri isə gec yetkinləşirlər. Bu spektrin hər iki ucunda olmaq, həmyaşıdları arasında fərqlənmək üçün əlavə stresə səbəb ola bilər.
Yeniyetməlik dövründə beyin inkişafı uşaqlıq dövründəkindən daha yüksək səviyyədədir. Uşaqlar yalnız konkret - burada və indi haqqında məntiqli düşünə bilirlər. Yeniyetmələr bu hüdudlardan kənara çıxırlar və yalnız həqiqət kimi gördükləri şeydən çox, nəyin doğru ola biləcəyini düşünə bilərlər.
Bu dövrdə inkişaf edən psixi xüsusiyyətlərə mücərrəd düşüncə, düşünmə bacarıqları, impuls nəzarəti, yaradıcılıq, problem həll etmə bacarıqları, qərar vermə bacarıqları aiddir.
Yeniyetməlik dövründə uşağınız duyğuları müşahidə etməyə, ölçməyə və idarə etməyə başlayacaq. Bu o deməkdir ki, onlar öz hissləri və başqalarının hissləri haqqında daha çox xəbərdar olmağa başlayacaqlar. Emosional inkişaf prosesi uşağınıza öz bacarıqlarını inkişaf etdirmək və özünəməxsus keyfiyyətlərini kəşf etmək imkanı verəcək. Başqalarının özünə inamını artırmaq üçün daha çox dəstəyə ehtiyacı ola bilər.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)
Əfsanəvi ifaçı Tomas Anders Bakıya gələcək
Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək.
Daim özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Koblenz şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olub. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün "Was macht das schon" adlı mahnısını T.Anderslə birgə ifa edir. 1983–1984-cü illərdə musiqiçilər "Wovon traumst du denn" adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun "Catch me İ`m falling" hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur. Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə "Modern Talking" yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)