
Super User
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına sayılı günlər qaldı
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq və festival sentyabrın 15-dən 22-dək keçiriləcək.
Festivala film qəbulu artıq sona çatıb. Belə ki, xarici və yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilib. Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak hüququ qazanacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmlərin adları da açıqlanıb.
Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.
Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.
Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)
Məmməd İsmayıl Şeir Yarışmasına sənəd qəbulu davam edir
Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə “Güfte Edebiyat" Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışması keçiriləcək və yatışmanın mükafatları da elan edilib.
1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə "Güfte edebiyat" mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.
2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.
3. Şeirlər vəznli və ya vəznsiz ola bilər.
4. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər.
5. Mövzu sərbəstdir.
6. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.
7. Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək.
8. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır.
9. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir.
10. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır.
11. Yarışmaya təqdim olunan əsərlər dala qaytarılmayacaq və müəllif hüquqları "Güfte edebiyyat" da olacaq.
12. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır.
Münsiflər heyəti
Seçim:
1. Fikret Yazıcıoğlu 2. İdris Gürdal 3. Mehmet Özcan Yasdıbaş 4. Rabie Ruşid 5. Ülviyye Ebulfezqızı
Final:
1. Prof. Dr. Abdullah Şengül 2. Talat Ülker 3. Celalettin Kurt 4. Ali Saçıkara 5. Sündüs Arslan Akça 6. Mahmut Hasgül 7. Aysel Xanlarqızı Seferli
Yarışma təqvimi:
Elan: 24 aprel 2023
Son qəbul: 15 oktyabr 2023
Seçim: 15 oktyabr-5 noyabr 2023
Final: 5 noyabr-5 dekabr 2023
Nəticələrin açıqlanması: 10 dekabr 2023
Mükafatlandırma mərasimi: 24 dekabr 2023
Mükafat:
1-ci yer: 5000 TL
2-ci yer: 3000 TL
3-cü yer: 2000 TL
Həvəsləndirici mükafat: 1000 TL
Müraciət:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
10-CU DƏRC
25 noyabr, 1979-cu il. Madrid, İspaniya. Britaniya hava yolları şirkətinin və Amerika aviaşirkətlərindən birinin ofisinin qarşısında partlayış baş verib, partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb və bunu Roma papası II İoann Pavelə onun Türkiyəyə nəzərdə tutulan səfərdən vaz keçməsi üçün xəbərdarlıq olduğunu elan edib.
17 dekabr, 1979-cu il. London, Böyük Briyaniya. Türk aviaşirkətinin Londondakı ofisinin qarşısında partlayış baş verib, partlayış nəticəsində binaya ciddi ziyan dəyib.
22 dekabr, 1979-cu il. Paris, Fransa. Türkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi Elmaz Şolpan Parisin mərkəzində qətlə yetirilib. Bir neçə erməni terror qrupu ASALA ilə birgə məsuliyyəti öz üzərinə götürüb.
22 dekabr, 1979-cu il. Amsterdam, Niderland. Türk hava yolları şirkətinin ofisinin qarşısında partlayış baş verib, bunun nəticəsində binaya ciddi ziyan dəyib.
4-cü kişi diktor:
-23 dekabr, 1979-cu il. Roma, İtaliya. Kilsələr şurasının qarşısında dağıntılar törətmiş partlayış baş verib.
23 dekabr, 1979-cu il. Roma, İtaliya. Şəhərdə Fransa və ABŞ aviaşirkətlərinin ofislərinin qarşısında üç partlayış baş verib, partlayışlar nəticəsində küçədən keçən bir çox adam yaralanıb. Terror aktına görə məsuliyyəti öz boynuna götürən ASALA bunun "ermənilərə qarşı apardığı siyasətə görə Fransa hokümətinə cavab olduğunu elan edib".
10 yanvar, 1980-ci il. Tehran, İran. Türkiyə aviaşirkətinin bürosunun qarşısında partlayış baş verib.
18 fevral, 1980-ci il. Roma, İtaliya. "Lüfthanza", "Svis Eyr" və "El Al" şirkətlərinin ofisləri partladılıb. ASALA terror aktlarının səbəbini belə izah edib: "Lüfthanza" – "türk faşizminə yardım edən alman hökumətinin cəzalandırılması məqsədi ilə". "Svis Eyr" - "gunahsız ermənləri həbsxanaya salmaması üçün İsveçrə hökumətinə xəbərdarlıq üçün". "El Al" – "Sioznizmə görə".
19 may, 1980-ci il. Marsel, Fransa. Türkiyə konsulluğuna yönəldilmiş və konsulluğun binasını vurmaq üçün nəzərdə tutulmuş raket aşkarlanıb və zərərsizləşdirilib.
31 iyul, 1980-ci il. Afina, Yunanıstan. Türkiyə səfirliyinin idarəetmə məsələləri üzrə attaşesi Qalib Özman ailəsi ilə birlikdə avtomobildə olarkən terrorçuların hücumuna məruz qalıb, Qalib və onun 14 yaşlı qızı Nəslihan hadisə yerində həlak olublar, həyat yoldaşı Sevil və 16 yaşlı oğlu Kaan isə ağır yaralanıblar.
5 avqust, 1980-ci il. Lion, Fransa. İki erməni terrorçusu türk konsulluğunun binasına zorla daxil olaraq qapıçıdan konsulun yerini deməsini tələb ediblər, sonra onlar ətrafa atəş açaraq iki nəfəri qətlə yetiriblər, bir neçə nəfər isə yaralanıb.
Estafet nəhayət qadınlara keçdi. 1-ci qadın diktor:
-26 sentyabr, 1980-ci il. Paris, Fransa. Erməni terrorçuları iki dəfə Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə attaşesi Selcu Baklabaşına atəş açıblar. O, sağ qalıb, lakin ömürlük iflic olub.
3 oktyabr, 1980-ci il. Cenevrə, İsveçrə. Öz otel otaqlarında bomda hazırlayarkən iki erməni terrorçu Süzi Mesxedjan və Aleksandr Yeniqomşyan yaralanıb. Onların həbsi ASALA–nın yeni qrupunun "3 oktyabr qrupunun" yaradılmasına səbəb olub. Bu qrup bütün dünyada İsveçrə təşkilatlarına hücumlar həyata keçirib.
3 oktyabr, 1980-ci il. Milan, İtaliya. Türk aviaşirkətinin ofisinin qarşısında baş verən partlayış nəticəsində iki nəfər İtaliya vətəndaşı yaralanıb.
5 oktyabr, 1980-ci il. Madrid, İspaniya. Partlayış nəticəsində "Al İtaliya" aviaşirkətinin ofisinə ciddi ziyan dəyib, 12 nəfər yaralanıb.
10 oktyabr, 1980-ci il. Beyrut, Livan. Beyrutun qərbində İsveçrə təşkilatlarının qarşısında bir neçə partlayış baş verib, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu ASALA ilə birgə oz boynuna götürüb, onların ardınca İngiltərədə İsveçrə təşkilatlarına qarşı oxşar terror aktları törədən digər qruplar da məsuliyyəti öz üzərinə götürüblər.
12 oktyabr, 1980-ci il. London, Böyük Britaniya. Partlayış nəticəsində Türkiyə turizm və məlumat bürosuna ciddi ziyan dəyib.
2-ci qadın diktor:
-12 oktyabr, 1980-ci il. London, Böyük Britaniya. İsveçrə ticarət mərkəzində partlayış baş verib.
13 oktyabr, 1980-ci il. Paris, Fransa. Partlayış nəticəsində Parisdə yerləşən İsveçrə turizm bürosunun binasına ciddi ziyan dəyib.
21 oktyabr, 1980-ci il. İnterlaken, İsveçrə. Parisdən İnterlakenə gedən qatarda partlayıcı qurğu aşkarlanıb.
4 noyabr, 1980-ci il. Cenevrə, İsveçrə. Partlayış nəticəsində Cenevrədə yerləşən məhkəmə binası ciddi zədələnib. İsveçrə hüquq mühafizə orqanları partlayışı ASALA–nın törətdiyini bildirib, bir müddət sonra isə "3 oktyabr" qrupundan olan terrorçular da məsuliyyəti öz boynuna götürüblər.
9 noyabr, 1980-ci il. Strasburq, Fransa. Partlayış nəticəsində Strasburqdakı Türkiyə konsulluğuna ciddi ziyan dəyib, terror aktına görə məsuliyyəti "Türk – kürd işçi partiyası" və ASALA öz üzərilərinə götürüblər.
10 noyabr, 1980-ci il. Roma, İtaliya. Romada yerləşən İsveçrə aviaşirkətinin ofisində və İsveçrə turizm bürosunda baş vermiş partlayış nəticəsində 5 nəfər yaralanmışdır, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu öz üzərinə götürsə də, sonra ASALA və "Türk – kürd işçi partiyası" da onlara qoşulub.
19 noyabr, 1980-ci il. Roma, İtaliya. Türkiyə səfirliyi nəzdində fəaliyyət göstərən turizm bürosunun və türk aviaşirkətinin yerləşdiyi binada partlayış baş verib.
25 noyabr, 1980-ci il. Cenevrə, İsveçrə. Partlayış nəticəsində "İsveçrə banklarının ittifaqı"nın binasına ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.
Yenidən sıra 1-ci kişi diktora qayıtdı:
-5 dekabr, 1980-ci il. Marsel, Fransa. Polis İsveçrə konsullluğuna qoyulmuş partlayıcı qurğunu zərərsizləşdirib.
25 dekabr, 1980-ci il. Sürix, İsveçrə. Partlayış nəticəsində Kloten hava limanının radiolakasiya sisteminin idarəedici qurğusu sıradan çıxıb, ikinci partlayıcı qurğu isə hava limanının əsas üçuş enmə zolağında aşkar olunub və zərərsizləşdirilib.
29 dekabr, 1980-ci il. Madrid, İspaniya. "Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verib, hadisə yerindən reportaj hazırlayan ispan jurnalist ikinci bombanın partlaması zamanı ağır bədən xəsarətləri alıb.
30 dekabr, 1980-ci il. Beyrut, Livan. "Svis Kredit" şirkətinin ofisində partlayış baş verib.
14 yanvar, 1981-ci il. Paris, Fransa. Türkiyə səfirliyinin maliyyə məsələləri üzrə müşaviri Əhməd Erbəylinin maşınında partlayış baş verib. Diplomat heç bir zərər çəkməsə də, ətrafdakı binalara və maşınlara ziyan dəyib. ASALA-nın özünü "Aleks Yeqişemonyan qrupu" adlandıran terrorçu dəstəsi partlayışa görə məsuliyyəti öz boynuna götürüb.
27 yanvar, 1981-ci il. Milan, İtaliya. Partlayış nəticəsində, "Svis Eyr" aviaşirkətinin bürosuna ciddi ziyan dəyib. Küçədən keçən iki nəfər İtaliya vətəndaşı yaralanıb.
3 fevral, 1981-ci il. Los-Anceles, ABŞ. İsveçrə konsulluğunun pilləkanları altında qizlədilmiş partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib. "3 oktyabr" qrupu məsuliyyəti öz boynuna götürərək İsveçrə hokumətinin erməni terrorçusu Syuzi Mesxeredjyanı sərbəst buraxmadıqca bu cür aksiyaların davam edəcəyini bildirib.
2-ci kişi diktor sözə başlamaq istəyəndə Zatikyan yerindən söz atdı ki, “Bu boş qırıldatmaqlarınız nəyə lazımdır, sözünüz varsa konkret sözünüzü deyin”. Yenə də auditoriyanı narazılıq və hiddət bürüdü. Baş Hakimsə onu nəzakətli davranmağa dəvət etdi. Sakitlik yaranan kimi 2-ci kişi diktor mətnini oxudu:
-5 fevral, 1981-ci il. Paris, Fransa. Amerika və Fransaya məxsus iki aviaşirkətin ofisində qoyulmuş partlayıcı qurğuların işə düşməsi nəticəsində bir nəfər yaralanıb, ofislərə ciddi ziyan dəyib.
4 mart, 1981-ci il. Paris, Fransa. ASALA-nın Şaan Natali adlı qrupundan olan iki nəfər erməni terrorçu türk diplomatlarına hücüm edib. Diplomatlar - Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Roşat Moralı, səfirlikdə din məsələləri üzrə cavabdeh şəxs olan Teselli Arı və Anadolu bankının Parisdəki nümayəndəsi İlkay Karakoş küçədə avtomobilə əyləşərkən onlara atəş açılıb. Moralı və Karakoş qaçmağa cəhd ediblər, bu məqsədlə Moralı yaxınlıqdakı kafeyə daxil olub, lakin kafenin sahibi onu itələyib bayıra çıxarıb və burada terrorçular onu güllələyiblər, Karakoş gizlənə bilib və sağ qalıb, Teselli Arı isə sabahısı gün xəstəxanada keçinib.
12 mart, 1981-ci il. Tehran, İran. Bir qrup erməni terrorçusu Tehrandakı Türkiyə səfirliyinə hucum edib, nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı öldürülüb. Terrorçulardan iki nəfər İran polisi tərəfindən həbs olunaraq edam edilib.
3 aprel, 1981-ci il. Kopenhagen, Danimarka. Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Kavit Dəmir evinin yaxınlığında olarkən erməni terrorçusu ona bir neçə dəfə atəş açıb, onu yaralayıb, lakin həkimlərin səyi nəticəsində diplomat sağ qalıb.
9 iyun, 1981-ci il. Cenevrə, İsveçrə. Türkiyə konsulluğunun katibi Məhmət Savaş Ergüz erməni terrorçusu tərəfindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Qatil Martin Camoqçyan polis tərəfindən həbs olunub. Camoqçyanın həbsi ASALA tərəfindən "9 iyun təşkilatı" adlı terrorçu dəstənin yaranmasına səbəb olub, bu dəstənin üzvləri İsveçrədə və ondan kənarda yerləşən bir neçə İsveçrə şirkətinin ofislərində partlayışlar törədiblər.
19 iyun, 1981-ci il. Tehran, İran. “Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verib, partlayışa görə məsuliyyəti ASALA–nın "9 iyun təşkilatı" adlı terrorçu dəstəsi öz üzərinə götürüb.
19 iyul, 1981-ci il. Bern, İsveçrə. Bern şəhərində İsveçrə parlamentinin binasında partlayış baş verib, zibil qabına qoyulmuş partlayıcı qurğu işə düşüb. Anonim zəng partlayışı "9 iyun təşkilatı"–nın törətdiyini bildirib.
3-cü kişi diktor:
-20 iyul, 1981-ci il. Sürix, İsveçrə. Sürix beynəlxalq hava limanında yerləşən fotoavtomatın içərisinə qoyulmuş partlayıcı qurğu işə düşüb. "9 iyun təşkilatı" adlı terrorçu dəstə partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
21 iyul, 1981-ci il. Lozanna, İsveçrə. Lozanna univermağında qadın geyimləri bölməsində partlayış baş verirb, 20 nəfər qadın alıcı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürüb.
21 iyul, 1981-ci il. Cenevrə, İsveçrə. Cenevrə dəmir yolu vağzalının saxlanma kamerasına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində dörd nəfər yaralanıb. Hüquq mühafizə orqanları bu aktı "9 iyun təşkilatı" – nın törətdiyini hesab edib.
11 avqust, 1981-ci il. Kopenhagen, Danimarka. İki partlayıcı qurğunun işə düşməsi nəticəsində "Svis eyr" aviaşirkətinin ofisinə ciddi ziyan dəyib, bir nəfər amerikalı turist yaralanıb. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürüb.
20 avqust, 1981-ci il. Paris, Fransa. "Al İtaliya" aviaşirkətinin Paris nümayəndəliyinin qarşısında partlayış baş verib. Anonim telefon zəngi partlayışa görə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı"nın öz üzərinə qötürməsini bildirib.
22 avqust, 1981-ci il. Paris, Fransa. Yunanıstana məxsus “Olimpik Eyrlayns" şirkətinin Paris filialının binası qarşısında partlayış baş verib. Anonim zəng partlayışa görə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı"nın öz üzərinə götürdüyünü bildirib.
15 sentyabr, 1981-ci il. Kopenhagen, Danimarka. Türkiyə aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində iki nəfər yaralanıb. Polis ikinci partlayıcı qurğunu aşkar edərək zərərsizləşdirə bilib. Terror aktına görə məsuliyyəti "Altıncı erməni azadlıq ordusu" adlı terrorçu qrup öz üzərinə götürüb.
22 sentyabr, 1981-ci il. Tehran, İran. Partlayış nəticəsində Tehrandakı İsveçrə səfirliyinin binasına ziyan dəyib. Partlayışa görə məsiliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürüb.
4-cü kişi diktor söz aldı...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)
Nə qədər qısqanc olduğunuzu yoxlayın -TEST
“Ədəbiyyat və incəsənət” portal sizə istirahət günləri üçün tapşırıq verir. Qarşınıza bir stəkan çay qoyub (əgər isti olsa sərin su qiyarsınız) bu testin suallarını cavablandırmaqla müəyyənləşdirin ki, nə dərəcədə qısqancsınız.
Bilirsiniz də, belə bir deyim var, qısqanclıq xərçəng kimi adamı içindən yeyır.
1) Sizin sevgiliniz telefonla danışır
A) Başa düşməyə çalışırsınız danışan kimdir - 2 bal
B) Sakitcə öz işinizlə məşğul olursunuz - 1 bal
C) Qonşu otağa keçib telefonu dinləyirsiniz - 3 bal
2) Kimsə sizə deyir ki, sevdiyniz adam başqası ilə qalıb
A) Faktı inkar edirsiniz - 1 bal
B) Sevgilinizdən soruşursunuz - 2 bal
C) Sizə xəbər gətirən adamdan ətraflı məlumat öyrənirsiniz - 3 bal
3) Sizin sevgiliniz gündəlik yazır, lakin sizə göstərmək istəmir
A) Gizlincə oxuyursunuz - 3 bal
B) Mənəvi aləminə hörmət edirsiniz - 1 bal
C) Tələb edirsiniz ki, gündəliyi sizə versin - 2 bal
4) Kimsə sevgilinizə bahalı konfet gondərib
A) Hədiyyənin mənşəyi ile maraqlanırsınız - 2 bal
B) Onun yeyilməsində iştirak edirsiniz - 1 bal
C) Konfet qutusunu zibil qabına atırsınız - 3 bal
5) Öz zahiri görünüşünüzə dair komplimenti xoşlayırsınız
A) Sevmirəm - 1 bal
B) Məmnuniyyətlə qəbul edirəm - 3 bal
C) Bəzən bu mənə xoş gəlir - 2 bal
6) Siz sevgilinizlə rəqsə getmisiniz lakin o sizinle rəqs etmək istəmir
A) əhəmiyyət vermirsiniz - 1 bal
B) Onların rəqs zamanı nə haqda danışdıqları ilə maraqlanırsınız - 2 bal
C) Bu sizin xoşunuza gəlmir - 3 bal
7) Sevgiliniz uzun müddət yoxa çıxır
A) Qayıdanda harada olması və nə etməsi haqda soruşursunuz - 2 bal
B) Səbrirsizliklə yolunu gözləyirsiniz - 1 bal
C) Qalmaqal qoparıb istintaqa başlayırsınız - 3 bal
8) Bir məclisdə sevgilinizi başqa biriylə tanış etmək məcburiyyətində qalırsınız
A) Tanışınıza başa salmağa çalışırsınız ki, siz bir-birinizə bağlısınız - 3 bal
B) Bunu o zaman edərsiniz ki, sevgiliniz istəsin - 2 bal
C) Siz qarşılıqlı münasibətlərinizi reklam etdirmirsiniz - 1 bal
9) Sevgilinizlə qonaq getmisiniz
A) Bütün gecəni ondan ayrılmırsınız - 3 bal
B) Başqa adamlarla əylənirsiniz - 1 bal
C) Bütün gecəni onu güdürsünüz - 2 bal
10) Sevgiliniz qəflətən imicini dəyişir
A) Bunu qəbul edirsiniz - 3 bal
B) Bu dəyişikliyi müzakirə edirsiniz - 1 bal
C) Burada müzakirə ediləcək bir şey yoxdur - 2 bal
İndi isə hesablayın
10-17 - Qısqanc deyilsiniz.
18-24 - Orta həddə qısqancsınız.
25-30 - Çox qısqancsınız.
Əgər “çox qısqancsınız” qrafasına düşürsünüzsə, həmən özünüzü dəyişməyə çalışın. Əks təqdirdə, sizə çətin olacaq.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)
Molla Qələm axundun 140 illiyinə
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Molla Qələm axund kimi tanınan Qasımov Qulamrza Məhəmmədrza oğlu 1883-cü ildə Lerik rayonunun Zenoni kəndində dünyaya gəlib. İlk ruhani təhsilini 10 il Xorasanda alan Qulamrza daha sonra Nəcəfül-Əşrəfdə 3 il, Mədinədə isə 4 il qalaraq İslam elmlərinə dərindən yiyələnmib.
Xorasanda təhsil alarkən gözəl hüsn-xəttə malik olduğu üçün ustadları ona “Qələm” ləqəbi veriblər.
Molla Qələm axund 3 qız, Əhməd və Rzaxan adlı 2 oğul atası olub.
Oğlanlarından biri Bakıda ali təhsil alarkən kimsə axunda çatdırır ki, oğlun şərab içir. Axund- ola bilməz!- söyləyib inanmadığını deyir. Bu hal bir neçə dəfə baş verəndən sonra axund deyib:
-Mənim oğlum gözünü açıb evdə "Allahu əkbər", "Bismillah" kəlmələrini eşidib. Və bu kəlmələrlə böyüyüb. Mənim tərbiyəmi almış adam heç vaxt harama əl uzatmaz, inanmıram. Yəqin günah onu əhatə edən yoldaşlarındadır. Allah üzlərini qara eləsin!
Ruhu şad olsun!
P.S. Leriklilər rəhmətliyin 140 illiyi ilə bağlı süfrə açıb imkansızlara ehsan versələr gözəl olar. Və ya “Quranın qiraəti” müsabiqəsi keçirə bilərlər. Axı molla Qələm axund Lerikin fəxridir…
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)
Bu gün Mədəniyyət Nazirliyi “Mədəniyyət dalğası” layihəsinə start verir
Sentyabrın 1-də Mədəniyyət Nazirliyinin və “CBC FM” radiosunun birgə təşkilatçılığı ilə yeni mövsümdə “Mədəniyyət dalğası” verilişi ictimaiyyətə təqdim ediləcək.
Nazirlikdən verilən məlumata görə, layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, mədəni həyatımızda baş verən yenilikləri efirdən səsləndirmək və dinləyiciləri maarifləndirmək məqsədi daşıyır.
Radio verilişi hər həftənin cümə günü saat 11:00-da “CBC FM”də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq.
Qeyd edək ki, “Mədəniyyət dalğası” verilişi, eyni zamanda, “CBC FM”in rəsmi sosial media hesabında da canlı izlənilə bilər.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)
Sabah “Imagine Dragons”un Bakı konsertidir
Sentyabrın 2-də Amerikanın dünyaca məşhur “Imagine Dragons” rok qrupu “Mercury World Tour” dünya turnesi çərçivəsində Bakı Olimpiya Stadionunda çıxış edəcək.
Dünyanın hər bir guşəsində stadionları pərəstişkar kütləsi ilə doldurmaqda çətinlik çəkməyən, hər addımda rekordlara imza atan, “Qremmi” musiqi mükafatına layiq görülmüş Las Veqas kvarteti öz möhtəşəm ifaları ilə pərəstişkarları qarşısına çıxacaq.
Qeyd edək ki, “Imagine Dragons” 2008-ci ildə Las-Veqasda (Nevada ştatı) yaradılan amerikan pop-qrupudur. Qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman. Qrup 2012-ci ildə “Night Visions” debüt studiya albomunun buraxılmasından sonra məşhur olub. Amerikanın “Billboard” jurnalı onları 2013-cü ilin ən parlaq ulduzları adlandırıb, “Rolling Stone” jurnalı isə onların “Radioactive” mahnısını ilin ən böyük rok hiti olduğunu qeyd edib. “Imagine Dragons” buraxdığı beş alboma görə 53 nüfuzlu musiqi mükafatı və 160 nominasiyaya layiq görülüb. Qrup, həmçinin üç “American Music Awards”, doqquz “Billboard Music Awards”, ən yaxşı rok ifasına görə “Qremmi” mükafatı, “MTV Video Music” mükafatı və ən yaxşı rok qrupuna görə “World Music” mükafatına layiq görülüb. 2018-ci ildə qrup dünyada ən populyar qrup kimi “Believer”, “Thunder” və “Radioactive” mahnıları ilə milyarddan çox baxış toplayan ilk rok qrup olaraq “Spotify”də rekord vurub.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)
“Özünü səhv yerdə axtaranlar və Həyatın açması"
Matruska JK, “Ədəbiyyat və incəsənət” üçün
Qədim zamanlarda, amma həqiqətən ən qədim zamanlarda insanlar yaradılıb, ya da var olub. Birdən birə yaranan bu varoluş anında bir sıra insanlar yarandıqları yerdən başqa yerlərə razı halda köç ediblər, yavar olduqları yerdə məskən salıblar, ya da məcbur qalıb qaçıblar. Bəzən gedilməli yolun əksinə, bəzən də gedilməməli yola tərəf gediblər. Bəzən nə etməli olduqlarını bilmədən sürü şüurunun arxasınca düşüblər. Bəzən məsuliyyət hissini, vicdan ağırlığını çəkmək istəməyiblər. Bəzən heç kimin arxasınca getməyib öz yollarıyla gediblər. Ya bilərək, ya da bilməyərək.
Düzü, insanlığı ilbizə bənzədirəm. İlbiz kimi gedərkən arxalarında iz qoyurlar deyə. İzlər görünməyə bilər. Bəziləri iz buraxdığından xəbərsiz, bəziləri necə iz buraxdığından xəbərsizdir. Bəziləriysə heç buraxdığı izin dərdində də deyil. Nəticə olaraq o izlə rastlaşan hansısa bir həşərat ya yolunu dəyişdirər, bəlkə izdə sıxışıb qalar( boğular), bəlkə də başqa bir həşərat o izi izləyib öz yolundan ayrılar.
İnsan da elədir. Birisi özsevgi nədir bilməz, dərk etməz. Çünkü özsevginin məlumat kitabçası onun şüuraltında yoxdur, qeyd olunmayıb. Kimilərində qərar, istək düyməsi işləməz, çünki mükəmməliyyətçi və tələbkar insanlar əhatəsində böyüyüb və ya ünsiyyətdə olmaq məcburiyyətində qalıb. Kimiləri də vecsiz. "Uzağı, vaxtı çatanda ölüb gedəcəm də nə olacaq ki, niyə nəyinsə dərdini çəkim ?" deyə düşünüb yaşayanlar. Bunlar da tənbəl və günü günə satan insanlar əhatəsində var olanlardır.
Doğrudur. Hər kəs, hər şey kimlərəsə, nəyəsə görə daim dəyişir. Heç nə sabit qalmır. Ya da bəziləri özünü yaxşıca manipulyasiya edir, ya da manipulyasiya edən insanlara məruz qalır. Amma bəzən də bu, yaxşı nəticə verir. Çünki bəzi insanlar qərarsızdırlar. Eyni fikri dəfələrlə deməyə hövsələm də çatmır. Buna səbəb ailə, mühit, maraq dairəsidir. Lakin belə insanlar da cəmiyyətin üzvü olduqlarından, çiban deyillər ki, sıxıb partladasan, sonra yerinin sağalmağını gözləyəsən. Belə insanları da motivasya koçları, psixoloq, ekstrasens, rejissor, yazıçı və.s idarə edir. Lakin bu uğur da gətirə bilər. Əgər həmin öncü olan kəs xarakteri müsbət və Dünyaya faydalı biridirsə həmin kəslərə də xeyri dəyəcəkdir. Başıboş ortalıqda gəzməklərindənsə, onun - bunun pəncərəsinə daş atmaqdansa, bəlkə də özlərinə, həyatlarına, vərdişlərinə xeyirləri dəyəcək. Kim bilə bilər ki.
Bütün insanlığa yüklənən xüsusiyyət olan müqayisələndirmək, özü elə bəşəriyyətin məhvinə səbəb ola bilər. Yeridilən düşüncə isə budur. Yaradıcılıq, qabiliyyət yaradılışından varsa vardır, yoxsa yoxdur. Ya da genetikdir. Mən isə heç birinə qatılmıram. Qəbul edilən demək olar ki, çox düşüncəni də rədd edirəm. Hazırkı, şüur vəziyyətimə gələnədək də şüuraltı kassama nə qədər düşüncə yığmışdım. Lakin indi başa düşürəm ki, bu dünyada niyə qonağıq. Çünkü tum çırtlayaraq ətrafda və içimizdə başverənləri izləyirik sadəcə. Varoluşdan ölənədək bu belədir. Belə də olacaq. Qeyri - ixtiyari bir şeylər hiss edəcək, eşidəcək, görəcək, yığacaq, paylaşacayıq. Həyatın açması budur. Bu bəzilərinə ağırlıq, bəzilərinə yüngüllük bəzilərinə də boşluq hissi verəcək.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Darhan Kıdıralı millətin saflaşması yolunda
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darhan Kıdıralı bu günlərdə bəşəriyyəti narahat edən sosial problemlər haqqında öz ölkəsinin saytlarına müsahibə verib. Müsahibədə toxunulan sualların bütün cəmiyyətlər və ölkələr üçün, eləcə də Azərbaycan üçün aktual olduğunu nəzərə alaraq, həmin müsahibənin bəzi hissələrini oxucularımıza təqdim edirik.
Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darhan Kıdıralının müsahibəsini dilimizə mən uyğunlaşdırmışam.
Nazir Darxan Kıdıralı əvvəlcə cəmiyyətdə müzakirə olunan məktəblilərin hicab geyinmək məsələsinə aydınlıq gətirib:
-Bir çox bloqerlər, ictimaiyyət nümayəndələri öz səhifələrində hicab probleminin beynəlxalq aləmdə bütünlüklə həll olunduğunu yazmaqla, əslində cəmiyyətdə və insanlarda çaşqınlıq yaradırlar. Mən bu informasiyaları feyk sayıram. Çünki özünü sivil və demokratik sayan Avropa ölkələri, eləcə də Fransa, Avstriya hicabın müəyyən yaş dövrünə qədər örtülməsinə qadağa qoyub. Əlbəttə elə ölkələr var ki, orada buna qadağa yoxdur. Biz görürük ki, beynəlxalq təcrübə burada birmənalı deyil. Hər ölkə bu problemi öz qanunlarına, qaydalarına görə tənzimləyir. Yəni problemə yanaşma birmənalı deyil. Müxtəlif ölkələrin hicab məsələsində qəti qaydaları və təcrübələri vardır. Bu məsələdə bizim də öz Konstitusiyamız və sekulyarizmdən irəli gələn mövqeyimiz vardır. Qazaxıstanda isə din azadlığı hökm sürür, burada insanların dini seçiminə hörmətlə yanaşırlar. Mədrəsələrimiz, liseylərimiz var, ki, burada qızlar da dini təhsil ala bilirlər. Təhsil verən qurumun əsas işi öyrətməkdir. Əsas odur ki, radikallaşmasınlar. Bizim təhsildə məqsədimiz uşaqlara elm və bilik öyrətməkdir. Hətta Quranın da ilk sözü “Oxu, öyrəndir!”.
Din özü də təhsili dəstəkləyir və təbliğ edir. Əsas odur ki, bu məsələni siyasiləşdirmək olmaz. Biz görürük ki, belə məsələlərin siyasiləşdirilməsi və radikallaşdırılması Yaxın Şərqdə nələrə gətirib çıxardı.
Qazaxıstanlı nazir, eyni zamanda qadınlara, qızlara qarşı olan şiddətdən, gənclərin bəzən intihar yolunu seçməsinə gətirən səbəblərdən danışıb:
- Siz bilirsiniz ki, qazaxlar çox sakit , mərhəmətli və süllhsevər xalqdırlar. Bayramlarda, ağır günlərdə Qohuma, qardaşa və qonşuya, yetimə hər zaman əl tutub, mehriban olublar. İndi isə qlobal dünyada və bütün cəmiyyətlərdə zor və güc, şiddət çoxalıb. Bu çox acı bir həqiqətdir. Bu da insanlara təsirsiz ötüşmür. Məsələn son 6 ayda gənclərin tərəfindən 252 cinayət törədilib. Biz uşaqların ətrafını öyrənməliiyik, onları qorumalıyıq. Əlbəttə bu hallar bizi narahat etməyə bilməz.
Bizim ənənlərimizə, mədəni məişət adətlərimizə görə bəzən baş verən elə cinayətləri ailələr açıb-ağartmaq istəmirlər., fikirləşirlər ki, qonum-qonşu, qohum-əqraba qarşısında biabır olacaqlar. Susmağa üstünlük verirlər. Ailədə uşaq da bundan psixoloji sarsıntı keçirir və onun psixologiyasında pozulmalar başlayır. Buna görə də uşaq əlacsız qalıb intihar yolunu seçir. Yaxın keçmişimizdə olduğu kimi, bu gün də valideyn uşağına çox diqqət göstərməlidir, yanında olmalıdır.
Darxan Kıdıralı müsahibəsində eyni zamanda gənclərin azart və qumar oyunlarına da meyillənməsinin çox pis nəticələr verdiyini qeyd edib. Və deyib ki, hazırda azart oyunlara cəlb edən klublar və qaydasız döyüş klubları da bağlanacaq. Nazirin fikrincə:
- Bizim nazirlik monitorinq apararaq bu məsələni də araşdırdı. Məsələn, internet saytlarını deyim. 8 ay ərzində 3 min qanunsuz fəaliyyət göstərən azart oyunlar aşkar etmişik. Biz onlara xəbərdarlıq etdikdən sonra, həmin oyunları silmişik. Lakin onların hər gün çoxalması bizi narahat etməyə bilməz. Belə vərdişlərin çoxalmasının qaraşısını almaq üçün yüngül qazanc dalınca qaçanların reklam bazarlarını bağlamaq lazımdır. Buna görə də bukmeker şəbəkələri və azart oyunları təbliğatını birmənalı şəkildə bütün informasiya vasitələrindən yığışdırmaq lazımdır.
Bu epidemiya ilə bütün cəmiyyət olaraq elliklə mübarizə aparmalıyıq. Hazırda bu istiqamətdə kompleks işlər görürük.
Şiddər, zor oyunlarını təbliğ edən idman növlərinə də qadağa qoyacağıq. Çünki sosila şəbəkələrdə və internet saytlarında məktəblilər qaydasız döyüşləri maraqla izləyirlər. Və gördüklərini də adi həyatda tətbiq edirlər. Nəticədə qızlar bir-birini döyür və ya oğlanlar vəhşicəsinə davaya çıxırlar. Nəticədə zorakı münasibətlərdən qəddarlıq doğulur.
Və özümüz də bilmədən belə şiddət oyunlarının Whatsapp, Tiktok vasitəsilə yayılmasında yardımçı oluruq.
Bütün bunlar çox düşündürücü və həyəcanlı problemlərdir. Bu hadisələrin fonunda ən əvvəl ailələr əziyyət çəkir. Bu gün ailələrin çoxu qumar, azart oyunlarına görə dağılır. Gənc bir adam bukmeker şəbəkəsinə qoişulur, sonra da borcunu qaytara bilməyib özünə qəsd edir.
Bu mənfi tendensiya və təsirlərin altına isə ilk növbədə işsizlər, dağılmış ailələrin uşaqları, intihara meyilli zəif xarakterli , işləmək istəməyən, asan yolla pul qazanmaq istəyənlər düşür.
Əlbəttə ilk növbədə belə təsirlərin altına işsizlər, dağılmış ailələrin uşaqları, intihara meyilli adamlar, işləmək istəməyib asan yolla pul qazanmaq istəyənlər düşürlər. Bütün bu meyillər gənclərə pis təsir edir. Biz azart oyunlarına görə yeni qanun tətbiq etmək istəyirik.
Müsahibəsinin sonunda Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri qeyd edib ki, Məclisdə bu məsələni müzakirəyə çıxarmışıq ki, qumar oyunlarına qadağa qoyulsun.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)
“Bilinməzə məktub” - Sevgi məktublarından
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Bu gün sənə bu məktubu taleyüklü bir qəza nəticəsində yazıram. Qəribədir ki, ilk dəfədir danışacaq elə də çox sərgüzəştlərim yoxdur. Bu aralar heç kədərli deyiləm, bəlkə də, səni zamanla unutduğum üçündür. Doğrusu, heç bilmirəm niyə sənə bu məktubu yazıram?
Ya da niyə bu sualı düşünərək özümə dərd edim ki?
Yazmaq istəyirəm, yazıram. Bir müddət sonra yenə yazmaq istəsəm, onda da yazacağam. Məgər, yazmaq da pulladır?
Məktubun əvvəlində qeyd etdiyim kimi bu məktubu taleyüklü bir qəza nəticəsində yazıram. Narahatlığa heç bir əsas yoxdur. Sadəcə uzun müddət sonra ani olaraq səni xatırladım. Böyüklərimiz, ölmüş birini yuxuda gördüyü zaman oyanıb "Həmd surəsi " oxuduğu kimi, mən də səni xatırladıqdan sonra istədim ki, bu sətirlərlə səni yad edim. İstəklər bəzən çox qəribə olur, bunu özüm də qəbul edirəm. Bəlkə də, bu istək deyil, kiçik bir bəhanədir. Amma bunu bilməyini istəyirəm ki, əvvəlki kimi sıxlıqla bəhanələr uydurmuram. İndi bəhanələr yerini daha dolğun və inandırıcı fikirlərə verib. Ötüb keçən zaman mənə bir məsələni çox yaxşı öyrədib ki, unutmaq unutmağa çalışmaqdan daha asan imiş. Bu aralar asana doğru qaçıb, çətindən uzaqlaşmağa çalışıram. Halbuki, bu mənim xüsusiyyətimin tamamilə əksinədir. Məhz indi qəbul edirəm ki, insan yaş artdıqca etmərəm dediyi hər şeyi edərək özünə belə yad olan birinə çevrilir. Xatırlayırsansa, dedim ki, unutmağı seçmişəm. Buna istəsən nümunə də göstərə bilərəm. Məsələn, artıq bilmirəm ki, səni bu lazımsız canımın hansı hissəsinə gömmüşəm. Bir onu bilirəm ki, hələ də mənimləsən. Elə ən kədərlisi də budur ki, sənin olanı, səninlə olanı nə qədər axtarsan da, həndəvərində tapa bilmirsən. Bəzən düşünürəm ki, bəlkə də bütövlüklə ruhuma hopmusan?
Hər necə olursa olsun, bir mövzu dəqiqdir ki, səni axtarmaqdan yorulmuşam. Bütün bu sətirlər ağuşunda elə bil özümlə mübarizə aparıram. İndi yeni bir sual yarandı, -"Bu unutmaqdır, yoxsa yorulmaq? " Ola bilərmi ki, heç biri olmasın? Tamamilə fərqli bir nəticəyə gəlsək, bu, təslim olmaqdan başqa bir şey deyil. Bəli, mən deyəsən əqidəmin gücünə təslim olaraq sənsizliyə alışmağı seçmişəm. Sənsizliyə alışmağın mənə nəyi qazandıracağını deyə bilmərəm, amma uduzdurmayacağını da bariz görür və bilirəm. Həm də artıq uduzsam da, vecimə belə deyil.
İlahi, bunlar necə də boş sətirlərdir!
O qədər qarışıq duyğular içərisindəyəm ki, yazdığım sətirlər də qarmaqarışıqdır. Deyəsən, aclıq başıma vurub. Desəm, bəlkə də, heç inanmayacaqsan, amma sən çox yaxşı bilirsən ki, mən fikirlərimi ifadə etmək məsələsində aciz biri deyiləm. Artıq əvvəlki kimi çox yemək yeyə bilmirəm. İlk oxuyanda çox güləcəyini təsəvvür edə bilirəm. Lakin unutma ki, mən sənə heç vaxt yalan danışmamışam. Bir də artıq əvvəlki kimi çox danışan biri deyiləm. Zaman sanki bütün alışılmış hisləri, duyğuları, qaydaları öz ağuşuna alaraq bizdən qoparır. Doğmalar zamanla yada çevrilir. İndi dərin bir sükut dənizinin içində üzməkdəyəm. Həyat mənə mənfur şillələrini bir-biri ardına vurur!
Məncə, artıq dayanmaq vaxtıdır. Çünki, nə yazacaq, nə də illərin mənə verdiklərini danışacaq qədər taqətə sahib deyiləm. Qələmi əlimə almağa sövq edən bu kiçik taleyüklü qəza yenə səninlə mənim arama uzun bir körpü inşa etdi...
İndi unutmaq alışmaq qədər asandır.
İndi uzaqlıq təslim olmaq qədər acizdir.
İndi əqidəm iradəmə məğlub olmağı seçir.
Sən isə cismimə hopmuş ruhun ilə hər zaman mənimləsən!
(©️Jalə İslam)
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)