ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da, günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxuyur. Və bu əsər onu özünə valeh edir. Çox düşünüb daşınandan sonra qərara gəlir ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə çatmır. Anlayır ki, mütaliəsi zəifdir, çox əsər oxumalıdır, dünya yazarlarını dərindən mütaliə etməlidir...

 

Haqqında söhbət açmaq istədiyim yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə isə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. Bir neçə kitabın müəllifidir...

 

Deyir ki,- “Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun...”

 

Çox sadə adamdır. Heç vaxt yekaxanalıq edib özünü təkəbbürlü göstərmir. Ünsiyyətdə mehriban, davranışında mədənidir. Hansı sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən irəli gəlir…

 

“Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da oturuşmuş ölkələr kimi siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən...”- söyləyir.

 

AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub. Ordakı simaları Azərbaycan ədəbiyyatının lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir. Düşünür ki, bu gün dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır. Və nəvaxsa bu sahədə də islahat olacağına inanır...

 

Deyir ki,- “Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki... Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir. Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər. Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır...”

 

Hekayələrinin bəzilərinin qəhrəmanları Rusiyyada yaşayan soydaşlarımızdır. Bir müddət Rusiyada yaşadığı üçün, görünür oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanı olub. Və orada yaşayan azərbaycanlıların taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan, vətənə gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.

Hazırda növbəti roman üzərində işləyir, başa çatdırası bir neçə hekayəsi də var. Düşünür ki, hər gün neçə saat yazmaqla, planlı şəkildə işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi hesab etmir. Onun fikrincə, hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə qazanmış xalq yenə də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə inanıram...”

 

Bəli, çağdaş Azərbaycan nəsrinin sıralarında bu gün çox sıxlıqdır. Yazıçı İlham Əziz bu sıxlıqda özü kimi görünən ən yaxşılardan biridir.

İlham Əzizin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 14:00

Zavallı ovçarka

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Day-day hesabına Gömrükdə işə düzələn bir qaqaşa rəis 30 arı pətəyi aparan tır maşınını göstərib, arıların qanuni, yoxsa qanunsuz aparıldığının öyrənilməsi üçün tapşırıq verir:

-Yoxla, gör arıların sənədi varmı.

Qaqaş “baş üstə” deyib sürücüyə yaxınlaşır və soruşur:

-Neçə korobka arı aparırsan?

-Otuz.

-Hərəsində neçə arı var?

-2 mindən 5 minədək. 

-Nə? Daha deynən, pensiyaya kimi arı sənədi yoxlayaram ki.

2.

Tərəvəz salatının üstünə restoran müdiriyyəti 2024-cü “Yaşıl dünya naminə” ilinin şərəfinə yazıb vurub: “Salat hazırlanarkən heç bir tərəvəzə zərər dəyməyib”.

3.

“Real” televiziyasının müxbiri Şəkidə 96 yaşlı Əbdülsalam kişiyə sual edir:

-Ağsaqqal, siz bu 96 yaşa necə gəlib çıxdınız?

Kişi ötkəm cavab verir:

-Naviqatorla.

4.

Süni intellekt yarandısa, demək o, təbii kütlüyün əleyhinə yaranıb.

5.

Həqiqətən də bir dəfə Key Kələntər bulvarda  gəzirmiş. Görür ki, bir nəfər suda çabalayaraq qışqırır:

-Kömək edin, kömək edin!

Key Kələntər ona səslənir:

-Ay qardaş, niyə qışqırırsan?

-Mən üzə bilmirəm!

Key Kələntər təəccüblənir:

-Nə olsun ki? Heç mən də üzə bilmirəm. Amma heç gör qışqırıram?

6.

-Canım, sən mənim ömrümün günəşi olmaq istəyirsən?

-Hə, həyatım.

-Onda zəhmət çək, məndən 149 milyon kilometr aralan!

7.

Odessa lətifəsi.

Starokon bazarında bir qoca yəhudi tutuquşu və hindtoyuğu satır. Bir erməni gəlib soruşur:

-Ara, tutuquşunu neçəyə verirsən?

-Min qrivenə.

-Ara, niyə belə baha?

-Çünki o, “sən axmaqsan” deyə bilir. 

-Bəs hindtoyuğunu?

-Onu da.

-Onu niyə? O da danışır ki?

-Yox, o danışmır, amma ürəyində deyir ki, sən axmaqsan.

8.

Ovçarka bağ həyətini qazır. Çəpərin o üzündəki barbos ona təəccüblə baxanda ovçarka köks ötürüb deyir:

-Eh, hər şey ondan başladı ki, ev sahibi çəkələyi atırdı, mən axmaq da götürüb gətirirdim. 

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qoyun ətindən parçabozbaşın hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR:

§ Qoyun əti – 117 qr

§ Kartof – 113 qr

§ Pomidor (və ya tomat) – 42 qr

§ Soğan – 25 qr

§ Noxud – 25 qr

§ Quru və ya təzə alça – 10 qr

§ Sarıçiçək – 0,1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ quru reyhan – 10 qr, sumaq – 10 qr, meyvə turşusu (məti) – 30 qr, qırmızı soğan – 50 qr

 

HAZIRLANMASI:

Sümüklü qoyun əti 40-50 qramlıq tikələrə doğranır. Xırda sümüklərdən təmizlənir, yuyulur, saxsı küp, qazan və ya çölməyə yığılır. Üzərinə su və ya işgənə əlavə olunaraq, bişməyə qoyulur. Qaynadıqca kəfi yığılır. Kartof təmizlənir, yuyulur. Noxud əvvəlcədən isladılır və ətin kəfi alındıqdan sonra əlavə edilir. Ət və noxud bişənə yaxın qalan ərzaqlar: xırda doğranmış və ya xırda bütöv soğanlar, alça, dilimlərə doğranmış pomidor əlavə olunur və bişirilir. Sonda duz, istiot, ədviyyatlar vurulur. Süfrəyə verərkən yanında quru reyhan (və ya xırda doğranmış təzə), sumaq, meyvə turşusu (məti), əllə əzilmiş qırmızı baş soğan qoyulur.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 13:30

55 illik dostuma - QULU AĞSƏSƏ İTHAF

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət”

 

Quludan öncə eynəyi salamlayır adamı, sonra baxışları, sonra ütüsü, sonra  ayaqqabıları, sonra əlləri, ən sonda dili. Dili açılanacan artıq çoxdan salamlaşmış  oluruq. Elə təpə-dırnaq salamdı Qulu. Özü də Allahın ən sevimli quludu. Adı üstündə.  Qəribə rahatlığı var. İçindəki təlatümünü kimsə görməz. Göstərməz axı. Qınına çəkilən adamdı. Amma tanıyan tanıyır. Baxışlarından və səsindən tutursan yorğunluğunu, gərginliyini, küskünlüyünü,  sevincini. Bapbalaca uğura uşaq kimi  sevinəndi. Sevinəndə şeir deyir. Harda olur olsun, ancaq adama ehtiyyacı var. Özünün  dediyinə görə, şeiri ayaqlarıyla yazır. Elə yuxusu da ayaq üstədi. Ayaq üstə yeyir, ayaq üstə düşünür, ayaq üstə sevir, ayaq üstə unudur. 

Nifrəti də ayaq üstədi. Bunu da mən deyirəm. Sirrini kimsəyə açmaz. Guya. Amma hamı duyar. Ağsəs Quludan  danışıram. Soyadına söykənən şairdən. Nə fərqi var axı. Qulu Ağsəs və ya Ağsəs Qulu.  İkisi də bir adamdı onsuz. Bir -birindən tuta -tuta yeriyirlər Allaha sarı. 

Qara rəngi sevmir. İşıqlı rəngləri seçir harda olur olsun. Gözündən sual baxır adama. Qalırsan məətəl. Susa-susa danışanlardandı. Şeirinin dilini bir özü bilir, bir də onu anlayanlar. Palaza bürünüb elnən   sürünməyi sevmir. Təkliyə can atandı. Tənhalığı ilə sözə meydan oxuyur. Yükü çoxdu. "Ulduz" yükü,  söz yükü, adam yükü, ata yükü, sevda yükü, Vətən, yurd yükü... Öz yüküsə çəkilməzdi. Əvvəlcə eynəyiylə baxır adama, sonra gözüylə. Gör neçə qat  işıqdan keçirir adamı. Ağdam həsrəti var qəribliyində. Heç kimə deməz ürəyindəki  ağrıları. Tanrısına açar ürəyini hərdən. Heç ona da qıymaz. Nisgilində od  var, yanğı var. Danışanda elə bilərsən ki, ondan bəxtəvəri  yoxdu. Amma gözləri ələ verər sahibini.  Yalanı da özünə görə deməz. Qarşı tərəfi  ovudar bu yalanla. Qayıdıb özünü incidər  amma. Darıxanda gen qaçar hamıdan.  Yandırmaqdan qorxar. Göz yaşları içinə axar. Saflığında gizlədər uşaqlığını. Vaxtı qova-qova 55 -ə çatsa da hələ böyüməyib  axı. Uşaq qoğala, Qulu sözə allanar. Kimsəyə əyilməz sözündən başqa. Hərdən mənə elə gəlir ki, Qulu havadan, sudan dolanır. Yeməyi də bir qaşıqdı. Hər süfrəyə əl uzatmaz. Yiyəsini tanıya gərək. Gözütoxdu. Bircə sözdən başqa. Ağ -qara musiqiləri sevir. Rəngli xəyallar onluq deyil. Keçmişə bağlıdı. Bu gündən sabaha körpü atmağı sevmir. Anı yaşayır. Pisiylə, yaxşısıyla  yaşadıqlarını sevir. Hərdən küsüb qınına çəkilər. Səbəbini heç özü də bilməz. Güvənər yuxarı başa çəkdiklərinə. Hər dəfə də aldanar və hər dəfə də güvənər. Hər əli  sıxmaz. "Görsən üşüyürsən, yandır özünü "deyən şairin ruhunda kimsəsizlik var.  Ruhuna sahib çıxa bilmir. Bu sarıdan da xoşbəxtdi. Bu gün yazdığını sabah tanımaz. Sözünə göz dikənlər çoxdu. Sözdəki yerinə də. Amma cürət edib yaxın gələ bilməzlər.  Eqolu yox, qürurludu. Ədalətin yüz  formulunu çıxarar. Yüz yol üzünü astarına çevirər. Çoxunda da allanar. Safdı. Nəfəsi  Alsudu, bir də Söz. İkisi də balasıdı. Ona görə də nəfəsini qorxa-qorxa çəkər.  Umduqları çox deyil. Sağ əlinin barmaqlarının sayı qədər bəlkə. 

Özünə kölgə gəzməz. Kölgəsindəsə hər  kəsə yer verər. Vaxtı gecəyə, gündüzə bölməz. Onsuz da dincliyi yoxdu. Sakitliyində təlatüm var. Bu təlatümdə doğular ilahi Şeir. Tərtəmiz, bakirə, mələk kimi Şeir dil açıb danışar adamla. Yuyunarsan bu aydınlıqda, paklanarsan. Düşərsən bu  işığın dalınca. Tanrıyacan aparar səni. 

Hərdən şairlər sözümü qəribliyə salır. Zənnimcə gözəl  şeirlər Tanrının ən xoş , sakit, sevgili zamanında doğulanlardı. O qədər şikəst doğulan şeirlər var ki... Qulu Ağsəsin şeirləri bütövdü, eyibsizdi. Əli, qolu, gözü, qaşı, ağzı, burnu- hər şeyi yerindədi. Nəfəsi üstündədi. Çünki bu şeirlər şairin içinin aydınlığında doğulub, var olub. Aydınlıqda yol getməyin özü  bəxtəvərlikdi. .  İki beşin arasında nə qazandı, nə itirdi, bir özü bilir, bir də çox sevdiyi Tanrısı. Biz seyrçiyik. Boynumuza bir əl çalmaq düşür. O da qalır pərdə arxasında. Haqqını yetərincə verə bilirikmi?  Bəlkə də… Bu balaca yazı da biz müəlliflərçün, eyni zamanda oxucularçun  çəkdiyi əziyyətin balaca bir qarşılığıdı. Ürəyimdən gəldi. 55 illik həyatında cəmi  3 illik dostluğumuz var.  Amma mənə elə gəlir ki, onu elə 55 ildi tanıyıram. 

Qoşa rəqəmlərin özündə qəribə sirr var. Bir  az da mistika. Qarmaqarışıq duyğularla  doğuldu bu yazı da. Özü də vaxtından  əvvəl. Tələsdi dünyaya gəlməkçün. Təsadüfmü, ya zərurət? Bütün təsadüflər zərurətdən doğurmu? 

Onsuz da göydən üç alma gözləyən vaxtımız çoxdan keçib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Əziz oxucularımız, bugünkü müsahibim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinin(2003-2007) və eyni ixtisas üzrə magistratura məzunu(2007-2009), 2007-ci ildən xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərən, hazırda teatrın gənc aparıcı aktrisalarından olan Zülfiyyə Qurbanovadır. Qeyd  edim ki, aktrisamız Azərbaycandan Kann film festivalında  iştirak edən ilk aktrisadır.

 

-Salam. Zülfiyyə xanım. Öncə  sizə təşəkkür edirəm ki, heç bir zaman şöhrətin donunu əyninizə geyinməmisiniz, sadəliyinizi qorumağı bacarmısınız. Və bu gün uşaqlıqda izlədiyim bir filmin məndə maraq oyatdığı qəhrəmanından müsahibə  götürürəmsə, nə xoş mənə.

Zülfiyyə xanım, mən sizi çox gözəl tanıyıram. Əminəm ki, müsahibəmizi oxuyanların bir  çox qismi məlumatlıdır. Amma məlumatı az olanlar da vardır təbii ki. Onlara Zülfiyyə xanımı, digər adla mənim "Ağcamı" necə tanıdarsınız?

 

-Salam, Nigar xanım. Çox təşəkkür edirəm xoş sözlərə görə. Sualınıza gələndə isə

Zülfiyyə xanım sənətini sevən, sənəti üçün yanan, ona enerji, sevgi sərf edən bir aktrisadır. Ən əsası peşəmi sevirəm və peşəmdə var olmağı sevirəm. Mən özümü belə tanıdardım. Düşünürəm ki, başqa xüsusi tanıtıma ehtiyac yoxdur. İşimə verdiyim enerji və sevgini düşünürəm ki, işim də mənə vəfasız çıxmayıb zamanla geri qaytarır.

 

-Sizin peşənizə olan sevginizi bir mənfi obrazı belə müsbət qədər izləyicilərinizə sevginizlə bəlli etmisiniz. Adətən mən özünüzü tanıdın deyəndə çoxu rəsmi cəhətdən yanaşır, bədii cəhətdən yanaşdığınız üçün şad oldum. 

“Mənim Ağcam dedim". O zaman elə mənə maraqlı suallardan birini verim. "

Ağca obrazının yeri sizin üçün fərqlidirmi? Sizin özünüz bu obrazı, bu rolu sevirdinizmi?

 

-Ağca obrazının yeri mənim üçün əlbəttə fərqlidir. "Həyat sən nə qəribəsən" serialı çəkildiyi dövrə görə ən gözəl seriallardan biri idi. Və mənim Ağca obrazım da serialın əsas qəhrəmanlarından biri idi. Mənfi rol olmağına baxmayaraq mən onu sevərək oynayırdım. Rolun mənfi, yaxud müsbət olmağının aktyor üçün önəmi yoxdur. Əsas odur ki, aktyor rolunu sevsin. Sevərək ifa etdiyimiz, peşəkarlıqla yanaşdığmız hər bir rol ekrana, tamaşaçıya yansıyır. Və onu da  qeyd edim ki, bu önəmli deyil ki, bu rol mənfidir, yaxud müsbətdir. Əsas odur ki, sən onu bir aktyor, aktrisa kimi haqlı çıxarasan. Çünki inanmadığın bir rolu ifa edəndə ekran önündən tamaşaçı o inamsızlığı hiss edir. Məni geniş tamaşaçı auditoriyasına tanıdan ilk rollarımdan biri məhz Ağca olub. Ona görə də rolumu həmişə sevərək xatırlayıram. Yaradıcılığımda önəmli yeri var bu rolun. Ümumiyyətlə, mən oynadığım bütün rollarımı çox sevmişəm. Tam səmimiyəm. 

 

-Ağca obrazı bir izləyici gözü ilə desəm, məncə də sizi bir aktrisa olaraq geniş kütləyə tanıdan rollardandır. Mən də sizi ordan sevmişəm. Amma indi bu zamandakı işinizlə bağlı sualım gələcək. “Bu şəhərdə kimsə yoxdur" bitəcək dediniz, 25-ci bölümdə. Mən sizi bu serialda da bir başqa kəşf etdim. Bəs siz, Zülfiyyə xanım? Bu serial sizin çəkildiyiniz özəl işlər içərisinə qatıla bildimi?

 

-“Bu şəhərdə kimsə yoxdur" serialı əslində 25 deyil 40 bölüm davam edəcək. Bu serial bu mövsümlük 25 bölüm çəkilib. Və bu 25 bölümdə mən varam, yəni "Hicran" var. Amma qalan o 15 bölümdə mən olacam, ya olmayacam bu sual altındadır. Çünki zaman dəyişəcək və s... əslində çox spoiler vermək istəmirəm... Yerdə qalan  15 bölümdə olub olmayacağımı zaman göstərəcək. Sualın davamı olaraq qeyd edim ki, bu rol mənim yaradıcılığımdakı özəl işlər arasına qatıla bildi. Həm "Hicran" obrazını bir aktrisa olaraq qeyd edim ki, xarakterinin çətinliyi baxımından sevdim. Mən Hicranı bir xanım olaraq analiz eləmirəm, bir aktrisa olaraq analiz edirəm. Onu deyə bilərəm ki, çox yüklüaktyor işi tələb edən bir rol idi. Xarakterik xüsusiyyətlərinə görə çoxşaxəli, çox maraqlı bir qadın obrazı idi. Buna görə bu iş də mənim xüsusi və sevdiyim işlərim içinə qatıldı. Əslində bayaq qeyd etdiyim kimi bütün işlərimi sevirəm. Bu iş də ən gözəl, sevdiyim işlərim içinə qatıldı. Bəli, düz qeyd elədiniz, "Hicran" deyingən, çox danışan, dinləməyi bacarmayan, eyni zamanda əlində olan xoşbəxtliklərin qədrini bilməyən, xoşbəxtliklərin, həyatın dadını çıxara bilməyən bir qadın xarakterdir. Və müsbət xarakter deyil. Aktyor üçün bu çox önəmlidir. Standart rollardan olmadığı üçün mənim üçün çox maraqlıdır. Onu Zülfiyyə Qurbanova olaraq oynayanda ona haqq vermirəm, amma aktrisa Zülfiyyə Qurbanova olaraq onu ifa edəndə mütləq haqq verirəm. Çünki tərəddüdlu oynadığın hər bir rol ekrana yansıyır. Əgər mənfi rolu oynayırsansa, bir aktrisa olaraq onu utana- utana, tamaşaçı mənə nə deyər, tamaşaçı məni qınayar və s. fikirləri ilə düşünərək oynayırsansa, bu rolu tamaşaçı bəyənmir və bu rol cəmiyyətdə səs küyə səbəb olmur. Ona görə mən bütün rollarıma haqlı, haqsız onlara bir aktrisa olaraq haqq verərək oynayıram. Hicran da mənim sevərək və haqq verərək ifa etdiyim roldur.

 

-Bəli, bayaq qeyd etdiyim kimi, biz izləyicilər mənfi rollara nə qədər çox nifrət etsək, aktrisa işini o qədər mükəmməl bacarmışdır deməkdir. Siz də mənfi obrazlarında haqqını verməklə obraza öz möhürünüzü vurursunuz. Bəs bu serialdakı rolunuzda sizi daha çox deyinən, dinləməyi bacarmayan, çox danışan obraz kimi təqdim ediblər.

Zülfiyyə xanım, siz öz ailənizdə də belə  olardınızmı? Sizin üçün ailə anlayışı nə deməkdir? 

 

-Mən ailəmdə belə olardımmı? Xeyr, mən ümumiyyətlə belə xarakterli insan deyiləm. Mən heçnəyə həyatda o qədər məna yükləmirəm ki,  mən nəyəsə deyinmək məcburiyyətində qalım. Mən bumeranq kimi insanam biraz. Mənə nə atdınızsa, onu qaytaracam.  Mənə göstərilən hər münasibəti geri göstərdiyimə görə mənə heç deyinməyə ehtiyac belə yoxdur. Çünki mən insanlara o qədər məna yükləmirəm. Mənim üçün ailə tamamilə başqa anlayışdır. Ailə sevgidir, qayğıdır, hörmətdir, bağdır. “Qol qırılar, içində qalar deməkdir". Mən öz ailəmdə bunu görmüşəm. Mən öz anam tərəfindən belə sevgi ilə böyüdülmüşəm. Gələcək ailəmdə də qismət olarsa,  ailəmdən gördüklərimi, anamdan gördüklərimi tətbiq edəcəm.

 

-Sizcə, bu gün gücsüz görünən, davamı olaraq səhv addımlar atan uşaqların arxasında bir ailə amilinin təsiri nə qədərdir? Bu uşaqların ailəsində əsasən bir ana tərəfdən sınıqlıq varmı?

 

-Bu gün gücsüz görünən, səhv edən uşaqların arxasında bəli, valideyn amili var. Valideyn sevgisizliyi, valideyn diqqətsizliyi var. Mən niyə bu gün cəmiyyətdə özümü, ancaq işimlə  var etməyə çalışmışam və eləmişəm də? Bu gün bu qədər özgüvənli, özünə inanan olmamın səbəbi məni və bacımı valideynimin- anamın belə yetişdirməsidir. Mən və bacım anamdan ancaq diqqət, dəstək görmüşük.

Söhbət maddi dəstəkdən getmir. Biz onsuz da ödənişsiz təhsil almışıq. Söhbət mənəvi dəstəkdən gedir. Uğurumda da, uğursuzluğumda da onun dəstəyini daima hiss etmişəm deyə mən bu gün cəmiyyətdə belə qətiyyətliyəm. Hər şey ailədən başlayır.

 

-Tamamilə sizinlə razıyam. Mənə görə də hər şeyin təməli ailədir.

Zülfiyyə xanım, bir az filmlərdən kənar sual vermək istəyirəm. Aktrisalıqdan əlavə incəsənətin hər hansı başqa növünə aid hobbiniz, bacarığınız varmı?

 

-Aktrisalıqdan başqa, bilənlər bilir, 16-yaşıma kimi rəssamlıqla məşğul olmuşam. Hobbi kimi yox, sənət kimi yanaşırdım. Düşünürdüm rəssam olacam. Amma aktrisa oldum. 17yaşından sonra məşğul olmadığım üçün o bacarığın nə qədər qalmasını indi bilmirəm. 

 

-Zülfiyyə xanım, teatr yoxsa kino? 

 

-Mən gözəl, dəyərli, xalq artistimiz, aktrisamız, rəhmətlik Amaliya xanım Pənahovanın yaratdığı  Bakı Bələdiyyə teatrında 2007-ci ildən çalışıram. Teatrı da, filmləri də, serialları da eyni sevgi ilə sevirəm.

Amma reallıq budur ki, tamaşaya 300-500 adam gələrsə, ekran qarşısından bizi milyonlarla izləyici izləyir. Geniş tamaşaçı kütləsi tərəfindən tanınmağımda ekranın ən çox rolu var. Amma mənim peşəkarlığımda, bu sənətdə bu səviyyəyə çatmağımda teatrın və təbii ki, həmçinin filmlərin əvəzsiz rolu var.

 

-Allahdan mən də dəyərli aktrisamıza rəhmət diləyirəm. Sizin kimi işini layiqincə yetirən aktrisalarımız nə qədər varsa, onların ruhu şad olacaqdır. Növbəti sualımı vermək istəyirəm. Gələcəkdə böyük partlayış olacaq dediyiniz bir iş anonsu varmı? Gələcək işlər barədə öncədən az da  olsa praqnoz verə bilirsənizmi? Razıyam ki, sizin işlərinizin hər birində yaratdığınız obrazlar özünəməxsusluğu ilə maraq doğurur. Amma yenə də bu suala olan cavabınız maraqlıdır deyə sualı ünvanladım. 

 

-Böyük partlayış bir işin olacağını zaman göstərəcək. Mən özümə çox inanan insanam, hər mənada. İnşallah ki, irəlidə hansı iş olarsa olsun, mən o işlərin haqqını verərək işləyəcəyəm və roluma, işimə xəyanət etmədən çalışacağam. Mənim bu sevgim, bu enerji sərf etməyim mütləq ki hansı iş olursa olsun, özünü "partlayışla" göstərəcək. Necə ki, başqa işlərimdə də bu belə olub.

Çalışacağam ki, heç zaman işimə sevgimi, dəyərimi itirməyim. Bu sahə bumeranq kimidir, yaradıcılığına sevgi ilə yanaşsan, mütləq ki, sənə o sevgini qaytaracaq.

 

-Zülfiyyə xanım sizə həyatın ən ağır yollarında güc verən nədir?

 

- Həyatım ən ağır yollarında  anam mənə  mənəvi güc verib, arxamda durub, hər bir şeydə var oluşunu hiss elətdirib. Həyatda hər bir hadisə ola bilir. Çox təəssüf ki, bu gün anam həyatda yoxdur. Amma buna  baxmayaraq bu gün fiziki olaraq yanımda olmasa da mən yenə də onun varlığını öz üstümdə hiss edirəm. Və mən özümdə çox güclü adamam. Özüm özümü motivasiya edib hər şeyin öhtəsindən gəlməyi bacarıram. 

 

-Allahdan ananıza rəhmət diləyirəm. Bəli, həyat öz ağır notları ilə qəlbimizə ağrı salır. Amma "həyatdır" deyib təskinlik tapırıq. Son sualımı vermək istəyirəm, əziz Zülfiyyə xanım,

“Kaş ki”... olmasa idi “bəlkə”... olardı. “Kaş ki” və “bəlkə”ni əvəz edəcəyiniz iki ifadə nə olardı?

 

-Kaşkilərin içində xırda kaşkilərimiz, bəlkələrimiz çoxdur. Amma mənim üçün ən böyük məna ifa edən bir kaş ki var. Kaş ki, mənim anam sağ olaydı. 

 

-Mən son olaraq bir daha müsahibəmizdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Və portalımızın oxucularına bildirmək istəyirəm ki, həqiqətən də Zülfiyyə xanım çox yaxşı müsahib kimi yaddaşımda qalacaq. Söhbət onunla nə qədər xoş gəldisə, bu müsahibədən kənar da biz onunla xeyli söhbət etdik. Hətta müsahibə üçün olan məlumatlardan belə azaltmalar etməli oldum ki, sizi çox yormayaq. Söhbətimiz çox şirin və mənalı oldu. Və mən öz "Ağcamı" çox sevdim.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Aprelin 27-də Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Səhnə əsəri yazıçı gənc istedad Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ikihissəli tale dramında Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı və digər aktyorlar çıxış edirlər.

Səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin həyat yoldaşı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası 15-20 aprel tarixlərində

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir.

Dördüncü dəfə keçirilən layihə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti          Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, layihənin ilk günü Heydər Əliyev Mərkəzində Süleyman Ələsgərovun yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Konfransda "Süleyman Ələsgərovun operettaları", "Süleyman Ələsgərovun mahnı və romansları", "Opera yaradıcılığı", "Üzeyir ruhlu bəstəkar Süleyman Ələsgərovun yaradıcılığının üslub xüsusiyyətləri", "Simfonizm ənənələri" mövzuları müzakirə edilib.

Daha sonra Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1nömrəli UMM, Gəncə şəhər  2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Xanqərvənd UMM, Düzqışlaq UMM, Dəliməmmədli UMM, Borsunlu UMM, Qızılhacılı UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Göygöl Aşıq Şəmşir UMM-nin şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı keçirilib. Günün sonu Gəncə Dövlət Dram Teatrında    Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1nömrəli UMM, Gəncə şəhər  2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Düzqışlaq UMM, Qızılhacılı UMM, Səfikürd UMM, Samux şəhər UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Göygöl Aşıq Şəmşir UMM-nin müəllimlərinin konserti baş tutub.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə, 27-29 mart tarixlərində xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğluna həsr olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi “Yaradıcı müzakirələr” layihəsinə başlamışdı və hazırda layihə  davam edir. Qeyd edək ki, layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən layihə çərçivəsində 10 regionda 100 maarifləndirici tədbir təşkil edilib. Tədbirlərə 3000-ə yaxın iştirakçı qatılaraq yaradıcı sənayelər haqqında ətraflı məlumat alıb.

 

Cari ilin may ayında yenidən həyata keçiriləcək “Yaradıcı müzakirələr” layihəsi ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini əhatə edəcək, daha sonra sentyabr-oktyabr aylarında Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərində davam edəcək.

 

Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlər təşkil olunacaq.

 

Ümumilikdə təşkil olunan sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edəcək.

 

Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda baş tutacaq sessiyalara qeydiyyat artıq başlayıb və qeyd olunan link vasitəsi ilə aprel ayı ərzində qeydiyyatdan keçmək mümkündür: https://talks.creative.az

 

Ətraflı məlumat üçün:

İnstagram: https://www.instagram.com/yaradici.talks

Facebook: https://www.facebook.com/yaradici.talks

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı şair, publisist və siyasi şərhçi Əkbər Qoşalının növbəti məqaləsini təqdim edir. Günümüzün siyasi mənzərəsinə gəlin diqqət yetirək. 

 

“İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”. – Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri aprelin 16-da Hacıqabulda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma törənində çıxış edərkən deyib.

Bəs Şirvan suvarma kanalının, yaxud heyvandarlığın, bitkiçiliyin geniş vüsət almasının bu yazının başlığı ilə yaxud ümumən müharibə ilə nə bağlılığı vardır? – Deyim. –

Birincisi, belə bir məntiqi sual ortaya çıxır: müharibə etmək istəyən dövlət işğaldan azad edilmiş bölgələrdə, o cümlədən şərti dövlət sınırına yaxın ərazilərdə genişmiqyaslı və davamlı abadlıq-quruculuq, məskunlaşma siyasəti apararmı?

İkincisi, “qızğın müharibə hazırlıqları içində olan”, “ha bu gün - ha sabah” müharibə edəcəkmiş kimi təqdim edilən ölkə tamamilə dinc məqsədlərçün, necə deyərlər, qeyri-hərbi təsərrüfat işləri üçün bunca qayğılanar, belə mövzulara bunca üstünlük verərmi?

Üçüncüsü, bizim Müdafiə Nazirliyimiz video, foto materiallar yayaraq, Ermənistan silahlı qüvvələrinin şərti sınır boyunca hərəkətlənmə, tioplanma əyləmi içində olduğunu təkzibedilməz şəkildə ortya qoymuşkən, müharibəyə hazırlaşan Ermənistan deyil, bizmi oluruq? Bəlkə deyələr ki, şərti sınırın o tayında hərəkət edən Azərbaycan Silahlı Qüvvələrinin kolonudur? Yaxud o kolon gəlinciklər, işıldaquşlar daşıyır bəlkə? Yoxsa, xəbərimiz olmayıb, Ermənistan silahlı qüvvələri xeyriyyə aksiyası keçirir, nə bilim, işğal ziyanlarına görə bizdən üzrxahlıq etmək, minatəmizləmək üçünmü cəm olur belə?..

Bir də, müharibə hazırlıqları mövzusunun (ittihamının) içində Rusiya faktorunun qabarıq keçməsi də çox qəribdir. Necə deyərlər, “Adımı sənə qoyum”... Guya ərazisində adı bəlli, sayı təxmini Rusiya hərbi bazası olan, sınırlarını Rusiya qoruyan (arxa planında da Avropa Birliyi nəzarət edən) Ermənistan deyilmi? Rusiya ilə birgə hərbi ittifaqda olan Azərbaycandır yoxsa, Ermənistan?

Əgər Ermənistan bir qucaqdan tam qalxa bilməmiş, başqa qucaq(lar)da oturmaq istəyirsə, biz də, bu qucaqdəyişmə əyləmini görürüksə, heç olmazsa, başını aşağı salmalı, səsini də qısmalı deyilmi?..

 

Azərbaycan müharibə tərəfdarı olsaydı, yaxud məhz hərb yolunu daha üstün tutsaydı, daha 30 il niyə gözləyir, sülh danışıqlarında nə üçün iştirak edirdi?  

Azərbaycan müharibə istəyirdisə, üç onillik boyunca atəşkəsi niyə məhz qarşı tərəfin – Ermənistanın silahlı qüvvələri pozurdu?

Qarşıdurma istəyən Azərbaycandırsa, 44 günlük müharibənin həmən ardından Sülh Anlaşması üçün 5 bəndlik baza prinsipi ilə çıxış edən kim idi bəs? Bəs beynəlxalq hüquq normalarına tam uyğun şəkildə hazırlanmış həmin 5 prinsipə vaxtında cavab verməyən yaxud baza prinsipləri ilə “həm razılaşan həm  razılşamayan”, hoqqa çıxaran  Ermənistan deyildimi? – “Nə hərb, nə sülh” formulunu (formulsuzluğunu!) uzun illər tətbiq edən, “dondurulmuş münaqişə”, “təmas xətti” qondaran, “müharibə nəticəsində yaranmış reallıq”lar arxasında daldalanmaq istəyən Ermənistan, indi də öz revanşizm cəhdlərini “Sülh Anlaşması olmadan işbirliyi” deyimi ilə, “güzgü prinsipi ilə geriçəkilmə” təşəbbüsü ilə pərdələmkmi istəyir? Biz uzun illər “Torpaqlarımızı istənilən yolla azad etmək hüququnu özümüzdə saxlayırıq” deyirdiksə, indi (necə deyərlər) erməni diplomatik aldatmacalarına, siyasi hiylələrinə, söz oyunlarına aldanmamaq hüququmuzdan yararlanırıq...

Yuxarıda “5 prinsipə vaxtında cavab verməyən” yarımcümləsini qurmağımız da təsadüfi deyil, əlbəttə; əlbəttə, sülhə, anlaşmaya, dialoqa ayrılan vaxt vaxtların ən gözəlidir; süründürməçiliklər, məqsədyönlü yayınmalar və s. vaxt öldürməkdir, vaxt itirməkdir. Qarşı tərəf “o gün bu gündür!” deyib, verdiyi sözləri tutmalı, ədalətli Sülhə hazırlıq iradəsini nümayiş etdirməlidir. Səmimi olmalıdır Paşinyan hökuməti; ikiüzlülükdən qəti imtina etməlidir. Ermənistanın havadarlarısa ikili standartlardan qəti şəkildə uzaqlaşmalıdır. Doğrusu, Ermənistanın, havadarlarının belə qəti imtina, uzaqlaşma poetnisalına malik olub-olmadığını qəti deyə bilmirəm. Ancaq onu qəti, dəqiq vurğulaya bilərik ki, Ermənistan ədalətli, əsl Sülh Anlaşmasına nə qədər tez gəlsə bu, ilk növbədə onun özü üçün bir o qədər yaxşıdır; bəli, bizimçün də yaxşıdır. Hər uzatma, yayınma bizə elə ziyan vurmaz ancaq Ermənistanı daha da dalana döndərər. Neynək, can onlarındır, cəhənnəm də onların olmalıdırsa, olsun...  

 

*

Bilirsiniz, indilərdə söhbət daha çox Qazaxın 4 kəndi (Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri), ondan sonra Zəngəzur koridoru ilə bağlı gedir. – Yəni (öz ağıllarınca), Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edənlər məhz bu istiqamətləri nişan verir. Adama deyərlər, əgər biz müharibəyə hazırlaşırıqsa, onu da hər yoldan ötən-ötməyən yönünə-yörəsinədək bilirsə, daha bu nə hazırlıq oldu? Bundan daha əfzəli, əgər Paşinyan başda olmaqla Ermənistan hökuməti bilirsə və etiraf edirsə ki, o dörd kənd Azərbaycana məxsusdur, bəs onda həmin kəndləri niyə kirimişcə boşaltmırlar? Daha nə qədər, nəyi və niyə gözləməliyik? “Sülh tərəfdarları” müharibəmi istəyir, bizi müharibəyəmi sövq edirlər?

Bir də, axı niyə 4 kənd? Bəs digər 4 kənd? – Onları Ermənistanamı verəcəyik? – Bax, Ermənistan başbilənləri belə əlləm-qəlləm danışır. Guya sülhpərvərdirlər ancaq işğal altındakı kəndlərimizin tən yarısından söz açmır, digər 4 kəndisə “həm qaytarır həm qaytarmır”... Sonra da deyirlər, “Azərbaycan müharibəyə hazırlaşır”...  

Hələ öz içimizdən də müharibə ittihamçılarına züy tutanlar tapılır:  bəs deməzsənmi, 4 kənd üçün müharibə etməyə dəyməz-filan... İndi neynəməli - sınırın o tayında cəmlənən hərbi kolonları izləməli, önləməli, yoxsa, öz içimizdəki “beşinci kolon”larımı?.. Dəmir Yumruq möcüzələr yaratdıqca, opponentlərin “arqumentlər”i sıfırlanınca, illər sonra mitinq etməkmi düşdü yadlarına? Nə düşünür, nə hədəfləyir? Dövlətin, xalqın uğuruna sevinib böyütmək lazımkən, yaxın-uzaq coğrafiyada qeyri-müəyyən ortamlar hasilkən, öz siyasi hikkəsini qabardanlara “beşinci kolon” deyilməz, bəs nə deyilər?

  

Azərbaycan müharibə istəməyib, istəmir, istəməyəcək də. Azərbaycan bıçaq kəmiyə dirənəndə cavabını verir, məhz hərb meydanında öz qızıl ləyaqətini göstərir, öz haqqını comərdcəsinə savunur, işğalçını iti qovan kimi qovur. – Bax, bu cümlələr belə bir daha onu ifadə edir ki, bizi müharibəyə vadar etmək lazım deyil... Müharibədə suçlamaqsa heç lazım deyil!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 11:30

Dilimiz – milli kimliyimiz!

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

 

 

Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir.

 

Dilimizin varlığı xalqımızın milli varlığının göstəricisidir. Vaxtı ilə M.Ə.Rəsulzadə “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə  rüxnünü (simasını-I.V.) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Çünki dil həmən millət deməkdir”.

 

Milli kimliyimiz olan Azərbaycan dili nənə və babalarımızın bayatıları, nağıl və dastanları, Oğuz elinin müşküllərini həll edən Dədə Qorqudun, dediyindən dönməyən Nəsiminin, dərdli Füzulinin, məğrur Xətainin, gözəllik aşiqi Vaqifin, Aşıq Ələsgərin, filosof-dramaturq M.F.Axundzadənin, böyük demokrat M.Cəlilin, “ağlar-güləyən” M.Ə.Sabirin, Ə.Cavadın, M.Müşviqin, S.Vurğunun, M.Arazın, M.H.Şəhriyarın və  onlarla başqalarının ölməz söz-sənət əsərləri ilə şərbət kimi şirinləşmiş, göz yaşı kimi durulmuş, yad təsirlərdən qorunmuş və kamil bir dilə çevrilmişdir. Ulu öndərimiz H.Əliyev  ana dili haqqında danışarkən, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin köklərə malikdir. Şəxsən mən ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm!” – deyirdi.

 

Respublikamızda dil siyasətinin formalaşdırılması, dilimizin hərtərəfli tərəqqisi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndərin misilsiz xidmətləri olub. H.Əliyev ölkəyə rəhbərlik etdiyi bütün illər ərzində əzəmətli dövlət işləri ilə yanaşı, Azərbaycan dilinin inkişafı, tətbiqi sahələrinin genişləndirilməsi uğrunda mübarizə aparmışdır. Dilimizin həqiqi mənada, praktiki olaraq dövlət dili statusu qazanması da ulu öndərin səyləri nəticəsində mümkün olmuşdur. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə böyük tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Heydər Əliyev dühası ilə ana dilimiz  həm ölkəmizdə, həm də xaricdə diplomatik dil səviyyəsində ən yüksək zirvəyə çatmışdır.

 

Əsası ulu öndər tərəfindən qoyulmuş dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, indi ana dilimiz dinyanın inkişaf etmiş, qədim yazı ənənələri və sabitləşmiş ədəbi normaları olan dövlət dili statusuna malik nüfuzlu dillərdəndir.

 

Azərbaycan dili müxtəlif dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdurƏsrlər boyu dilimiz nəinki azərbaycanlılar, bütün Qafqazda yaşayan xalqlar arasında əsas ünsiyyət vasitəsi olmuşdur. Təsadüfi deyil ki, böyük rus şairi M.Y. Lermontov XIX əsrdə Qafqazda olarkən dostu  S.A. Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək bir o qədər vacibdir.

 

İndi dünyanın 90-a yaxın ölkəsində əlli milyondan çox insan Azərbaycan dilində danışır. Bu dil həm də ölkəmizdə yaşayan azsaylı xalqların ikinci ana dili kimi işlənir. Bu isə o deməkdir ki, Azərbaycan dili dünya azərbaycanlılarının həmrəyliyi və milli birliyinin sarsılmaz təməlinə və simvoluna çevrilmişdir.

 

Bu gün Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi olaraq qalmır. Fəxr etməliyik ki, doğma dilimiz indi beynəlxalq statusu almış dünya dilləri ilə bir sırada yüksək diplomatik məclislərdə səslənir, komputer sistemində istifadə edilir, internet səhifələrində oxunur. Dünya ədəbiyyatının inciləri dilimizə uğurla tərcümə edilir, xarici vətəndaşlar Azərbaycan dilini öyrənirlər. Bu arada qeyd etmək istərdik ki, xaricilərin dilimizi öyrənmələrinə kömək məqsədi ilə “Azərbaycan dilinin qloballaşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da qeyd olunduğu kimi, Azərbaycan dilində daha çox internet resurslarının  və onlardan daha geniş istifadənin təmin edilməsi üçün yeni internet texnologiyalarının yaradılmasına diqqət daha da artırılmalıdır. Maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişafı müntəzəm xarakter daşımalıdır.

 

Tədqiqatlar göstərir ki, beynəlxalq səviyyəli dillərin nüfuzunun güclənməsi, coğrafiyasının genişlənməsi, funksiyalarının çoxalması; elm, texnologiya, sürətli iqtisadi inkişaf, siyasi üstünlük və qloballaşma yerli dillərin tənəzzülünə, inkişafdan qalmasına səbəb olur, onlar tədricən öz statuslarını  itirirlər. Universal kommunikasiya vasitələrinə və bütün insanlıq üçün ümumi dilə tələbatın artması da bu prosesləri gücləndirir. Bu baxımdan qloballaşmanın dünyanın dil mənzərəsinə təsiri aydın surətdə müşahidə edilməkdədir. UNESCO-nun verdiyi məlumata görə, yuxarıda qeyd etdiyimiz səbəblərdən artıq dünyada mövcud olan dillərin 40 %-i yox olmaq təhlükəsi altındadır.

 

Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan ana dilimizin  bu gün qorunmağa və möhkəmlənməyə daha çox ehtiyacı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1918-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.

 

         Bəli, indi əsas məsələ milliliyi saxlamaqla, ana dilinin varlığını qorumaqla dünyaya inteqrasiya etməkdir. Düzdür, dilimiz dövlət səviyyəsində prioritet siyasətin tərkib hissəsi olan dil siyasəti çərçivəsində əhəmiyyətli dərəcədə qorunur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı və dil siyasəti sahəsində qəbul olunmuş digər normativ hüquqi aktları xatırlamaq kifayətdir. Amma Azərbaycan dilinə dövlət səviyyəsində diqqət və qayğı göstərilməsi dilin qorunmasının bir tərəfidir. Digər tərəfi isə, dil daşıyıcılarının özlərinin dil siyasətinin həyata keçirilməsinə təkan verməsidir. Dilin qorunması dövlətin dil siyasəti ilə başlayır və dil daşıyıcılarının ona riayət etməsi ilə tamamlanır. Dilin qorunması, zənginləşdirilməsi və inkişaf etdirilməsi bu gün mövqeyindən, peşə və ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin işidir. M.Ə. Rəsulzadə yazırdı: “Bu qədər bir əhəmiyyətə malik olan dilin mühafizəsi bittəb (təbii olaraq-İ.V.) dil sahiblərinə ən çox lazım olan şeylərdən biri, bəlkə də, birincisidir”.

 

Görkəmli şairimiz B.Vahabzadə dil daşıyıcılarının qarşısında duran həmin vəzifəni poetik şəkildə belə ifadə edirdi:

 

 

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!

 

 

 

Ü. Hacıbəyov yazırdı ki, "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millətin özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir".

 

Əgər biz dilimizin həmişə var olmasını istəyiriksə, M.Ə.Rəsulzadənin  dediyi kimi, “...onu cameiyyəti - milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi amili ədd etməliyik (hesab etməliyik-İ.V.)”.

 

Təəssüf ki, bu gün öz ana dilini bəyənməyən, yersiz olaraq əcnəbi sözlərlə dilimizi zibilləyənlərin sayı artmaqdadır. (Professor Qulu Məhərrəmli son 15-20 ildə təkcə mediada işlənən, çoxu “gözləmə rejimi”ndə olan alınma sözlərlə bağlı yazdığı izahlı lüğətdə ümumilikdə 2200-dən çox xarici leksik vahid qeydə almışdı.) Son illər hətta məişət səviyyəsində yerli-yersiz əcnəbi dillərdən alınmalara yol verilir. Televiziya və radio kanallarında, mətbu nəşrlərdə, reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması adi hala çevrilib, əcnəbi sözlər və ifadələr göz çıxarır. İngilis dili bilməyən sahibkarlar belə öz dükanlarının, ofislərinin və istehsal etdikləri bəzi məhsulların adlarını ingilis dilində yazırlar. Acınacaqlısı odur ki, bunların içərisində çoxlu “ziyalı”lar da var.

 

Vaxtı ilə “Molla Nəsrəddin”in səhifələrində amansız tənqid olunan bu “obrazovonlulara” ulu öndərin bir öyüdünü xatırlatmaq istərdik: ”Öz dilinizi unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin”. Bizim  “obrazovonlular” anlamalıdırlar ki, dil hər bir kəsin özünə məxsus əşya deyil. Ana dili millətimizin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. Bu dil bizi dünyaya gətirən anamızın dilidir. Atalar demişdir: ”Dilini bilməyən anasını tanımaz”. Böyük Üzeyir bəy ana dilini bilməyənləri “zavallı”, ulu öndərimiz isə “şikəst adamlar” adlandırırdı. Nə qədər haqlı və sərrast deyilmişdir!

 

Şair T. Bayram öz ana dilini sevməyən və bilməyənlərə “nankor və naqis deyir". Biz isə onları milli kimliklərindən imtina edib, xarici ölkə vətəndaşlığını qəbul edən, “yad dildən pay umub dilənənlərə” bənzədirik. Rus yazıçısı Paustovski  haqlı olaraq qeyd edirdi ki, öz Vətəninə həqiqi məhəbbət öz doğma dilini sevmədən mümkün deyil.

 

Bu da bir həqiqətdir ki, bu gün bəzi vəzifə sahibləri, imkanlı adamlar ana dilində danışmağı özlərinə və övladlarına rəva bilmir, balalarının təlim-tərbiyəsini hətta xaricdən dəvət olunan əcnəbilərə etibar edirlər. Uşaqlarının ana dilində yox, ancaq xarici dillərdə (əsasən ingilis dilində) təhsil almasını istəyirlər.

 

Zənn edirəm ki, belələrinə böyük rus pedaqoqu K.D. Uşinskinin aşağıdakı sözlərini xatırlatmaqda yarar var: “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!”

 

M.Ə. Rəsulzadəyə görə də, yad dildə təlim-tərbiyə verilən  məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə gənc nəsil vətəninə, xalqına fayda verə bilməyən  yad əxlaqlıya çevrilir. Belələri hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq yad havalara oynayacaq, yad meyillərə uyacaq, öz nicatlarını yad ölkələrdə axtaracaqlar.

 

Dilimizin təəssübkeşlərindən şair B. Vahabzadə isə belələrini nəzərdə tutaraq yazırdı:

 

 

 

Bir vaxt rusca idi bütün reklamlar.

 

İndi ingiliscə dürtülür gözə.

 

İtin də dilinə hörmətimiz var,

 

Təkcə öz dilimiz yaramır bizə.

 

 

 

         Əlbəttə, xarici dilləri öyrənmək lazımdır. Artıq qloballaşan dünyada  ikidillilik  (çoxdillilik)  zərurətə çevrilmişdir. Yer üzündə hakim dilə ehtiyac gündən-günə artmaqdadır. Belə bir dil isə ingilis dilidir. İngilis dilində, yaxud başqa dillərdə danışmaq yüksək bacarıqdır, aqillikdir. Bir neçə dildə danışan insanlar həm şəxsi, həm də professional həyatda daha geniş ünsiyyət dairəsinə malik olurlar.  

 

         Tədqiqatlar göstərir ki, çoxdilliliyin bir sıra üstün cəhətləri vardır. Filologiya üzrə fəlsəfə doktoru, dosent E. Əliyeva  özünün “Ana dili və çoxdillilik problemləri” məqaləsində bu barədə yazır: “Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur.

 

Çoxdillilik beynin inkişafına təkan verir, düşünmənin çevikliyini artırır. İnsanda özünəinam hissi artır. Təcrübə göstərir ki, insan hansısa xarici vətəndaşla onun öz dilində ünsiyyətə girirsə, bu zaman müsbət enerji alır, inamlı olur.

 

Çoxdilli insan tanış olduğu mədəniyyətlərin təsiri altında daha kreativ düşünür. Ünsiyyət dairəsinin genişlənməsi ilə insan öz həyatını rəngarəng edir. Stressi azalır, onun məhsuldarlığı artır.

 

Psixoloqlar da hesab edirlər ki, uşaq ana bətnində eşitdiyi, duyduğu dili daha tez və asan öyrənmiş olur. Bu səbəbdən də ana dilini öyrəndikdən sonra, yəni dil inkişafının ikinci mərhələsində xarici dilə keçid etmək tövsiyə olunur”.

 

Çoxdilli cəmiyyətdə fikri asan ifadə etmək ünsiyyətdə başlıca şərtdir. Bu zaman əsaskomponent ana dili, ikinci komponentisədigər dil hesab olunur.

 

Hər bir azərbaycanlının orta təhsilini ana dilində almasını məsləhət görən şair B.Vahabzadənin də dediyi kimi, xarici dilləri yaxşı öyrənməyin yolu ana dilini yaxşı bilməkdən keçir.Onun fikrincə, ana dilinə əsaslanan ikidilli təhsil  yerli dillərdə danışan əhali qruplarının dil öyrənməyə çıxışını asanlaşdırır. Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. Çünki doğma dilini yaxşı bilən kəs öyrənmək istədiyi xarici dili ana dili ilə müqayisəli və qarşılqlı şəkildə öyrənir vəfaktiki olaraq daha yaxşı dərk edir.

 

Bir daha təkrar edirik ki, çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir. Ancaq ana dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır. Xarici dillər ana dilinin nüfuzuna xələlgətirmədən, onun coğrafiyasınıməhdudlaşdırmadanöyrənilməli, ölkədaxilindəheç bir sahədəpraktikiolaraq ana dilindən  üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini, milli əxlaqını və soykökünü təyin edir. 

 

Görkəmli dövlət xadimi və şair Ş.İ.Xətai demişdir: ”Ərənlərimiz bizə üç əmanət qoyub getmişlər: dilimiz, torpağımız və qeyrətimiz.”  Dilimizi yaşatmaq, inkişaf etdirmək və onun saflığını qorumaq hər bir vətən övladının qeyrət və namus borcudur. Torpağımız kimi ana dilimizi də işğaldan qorumalı və gələcək nəsillərə ərməğan etməliyik. Qloballaşma şəraitində ana dilimizdən zamanın tələblərinə uyğun istifadə etməli, ədəbi dilin normalarını ciddi surətdə gözləməli, gənc nəslə milli dil sevgisini təlqin etməliyik. Çunki dilimizin yaşaması xalqımızın, tariximizin, milli varlığımızın və milli kimliyimizin yaşaması deməkdir.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(17.04.2024)

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.