ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 08 Sentyabr 2023 10:15

KİNOBƏLƏDÇİdə “Pianoçu”

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bizi yaralasanız, qanamarıqmı?

Bizi qıdıqlasanız, gülmərikmi?

Bizi zəhərləsəniz ölmərikmi?

...

Və bizə qarşı yanlış davransanız,

intiqam almarıqmı?

                       Vilyam Şekspir

 

Divarın hansı tərəfində olmağının heç bir əhəmiyyəti yoxdur. Önəmli olan odur ki, dayanmalı olduğun tərəf sənin ali və vicdani duyğularını heç zaman dəyişdirməsin. Bu qayda hər zaman öz toxunulmazlığını qorumalıdır. Lakin bir sıra hadisələr vardır ki, onlar insanı bütövlüklə dəyişməyə sövq edir. Ortada nə hisslər, nə də səni sən edən duyğular qalır. Və... sən məhz bu hadisələr nəticəsində bütün varlığını bir məqsədə hədəfləyirsən. Bu məqsəd isə yaşamaqdır. Sadəcə bir gün daha artıq yaşamaq. Fərqi yoxdur necə yaşayırsan, harada yaşayırsan, kiminlə yaşayırsan. İstəyirsən siçovul ömrü sür, istəyirsən tülkü, lap istəyirsən bir zibil qədər dəyərin olmasın. Amma nə olur olsun, yaşa!

Maraqlıdır, bəs,görəsən, harada yaşamaq istəyirsən? Bu çox çətin bir sual deyil. Çox güman ki, hər kəs özünü hara aid hiss edirsə, orada yaşamaq istəyəcək. Zamanında yekəxanalıq edib tüpürdüyü yer olsa belə, əli ilə oranı siləcək və boynunu bükərək taleyinə razı gəlməyi öyrənəcək. Yeknəsəklik həyatının bir parçası olsa da, səni ayaqda tutan sabah günəşini görmək ümidi olacaq.

Bəs o günəşi aydın səmada, aydın gözlərlə görməyi bacarmasan, onda nə olacaq? Dumana bürünən xilaskarın toz qaranlığında boğularkən sənə arzuladığın ümidi bəxş etməyə gücü yetəcəkmi? Müharibə adındakı ifritə öz çirkləndirici süpürgəsi ilə saf, günahsız canlıların başı üzərində uçarkən sabaha sağ çıxmaq üçün sadəcə ümid yetəcəkmi?!

Onu radioda sevə-sevə dinləyirdilər. Hətta söyləyirdilər ki, Şopeni heç kim onun kimi ifa edə bilməz. Müharibə hər şeyi əlimizdən alır deyirlər, lakin Vladislav Şpilman obrazı bizə bu cümlənin ifadə etdiyi mənanın əksini yaşadacaq. Çünki o, öz musiqisini, həyat eşqini qəlbində yaşatdı!

İndi sizə bəhs edəcəyim film “The Pianist “(Pianoçu) filmidir. Filmi iki dəfə izləmişəm və hər dəfə izlədiyim zaman duyğularım həm kədərli, həm də məğrur notlara söykənir. Filmdəki pianoçu obrazı məhşur aktyor Adrian Broudi tərəfindən canlandırılmışdır. 2002-ci ildə çəkilən filmin mövzusu İkinci Dünya Müharibəsi dövründə yaşanmış gerçək bir həyatın təsviridir və çox real çəkilmişdir. Şpilman incəsənətin incə və zərif nümayəndələrindən olmasına rəğmən sarsılmaz bir iradəyə malikdir. O film boyunca işini, evini, dostlarını və ailəsini itirir, lakin ümidini itirmir. Məhz ümidi onu qaranlıq hisslərin qucağından xilas edir.

İkinci Dünya Müharibəsi dövründə alman-yəhudi soyqırımı mövzusunda işiq üzü görən film dini ayrı-seçkilik mövzusuna çox əsaslı bir şəkildə toxunur. Filmin rejissoru Roman Polanski olmuşdur. Yəhudi olan rejissor özü də filmdəki bir çox səhnəni şəxsən yaşamışdı. Filmdə Vladislav Şpilmanın başına gəldiyi şəkildə Polanskinin də ailəsi iki yerə bölünərək iki fərqli toplama düşərgəsinə göndərilmişdi. Vladislav Şpilman obrazına həyat verən Adrian Broudi filmdən əvvəl hər şeyini itirmiş bir insan obrazını yaxşı mənimsəmək üçün maşınını satır, evini tərk edir və uzun müddət TV izləmir. Xüsusi diet proqramı vasitəsilə çəkilişlər müddətində 14 kq arıqlayan aktyor 73 kq çəkidə qalır. Bu obrazı aktyora dünya şöhrəti qazandırır. Adrian Broudi 29 yaşında “Oskar”alan ən gənc aktyor olur. Qeyd edək ki, çox az film günümüzə qədər “Qızıl Palma Budağı” mükafatına layiq görülmüşdür. Bu filmlərdən biri də “The Pianist” filmi olur.

Diqqətimi çəkən bir digər obraz isə Tomas Kreçmanın həyat verdiyi Vilm Hossenfild idi. Vicdanlı bir alman əsgərini canlandıran Tomas Kreçman Vilm obrazını necə gözəl, yaşayaraq oynamışdı. Mülayim siması, tutqun gözləri ilə və gücünü ədalətə həsr edən dik duruşu ilə Vilm Hossenfild kiçik epizodların öhtəsindən necə də məharətlə gəlmişdi. Film bir çox kədərli səhnələrlə dolu olmasına baxmayaraq məni ən çox Vilmin Şpilmanı pianonun qarşına gətirərək,-“Çal!”- dediyi səhnə təsirləndirmişdi. Bu səhnə Şpilmanın illərlə qəlbində yaşatdığı ümidin notlara süzülüb, barmaqlarında cana gələn melodiyası idi. 

Hər şey bu qədər idi... HƏR ŞEY... Bütün çırpınışlar ədalətin öz hökmünü yenidən verdiyi günü görmək üçün idi!

Şpilman bir səhnədə ailəsinə hiddətli bir şəkildə demişdi ki, mən heç yerə qaçmayacağam. Ölsəm də, öz torpağımda, evimdə ölmək istəyirəm. Bu səhnə filmdən doğan əsas nəticə idi. Necə deyirdi bizimkilər? Ah, dur xatırladım...

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qərib ölkə,

Ölməyə Vətən yaxşı.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Bakı Bələdiyyə Teatrı 31-ci teatr mövsümünə başlayıb. Bu barədə teatrın mediaya yaydığı açıqlamada bildirilir. 

Deyilir ki, ötən mövsümdə teatrda müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti ölkədə keçirilən tədbirlərin əksəriyyətində iştirak edib.

Otuz illik hesabat xarakterli yubiley mərasimi, bir çox yeni tamaşaların nümayişi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi münasibətilə Türkiyənin Bursa şəhərində keçirilən Şuşa günləri çərçivəsində olan səfər, Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq ənənələrini yaşadırıq!” devizi ilə mədəni-kütləvi tədbirlərdə olan iştirak, həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan tədbirlər planına öz töhfəsini verərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq və s. məqamlar ötən mövsümün uğurlarına daxildir.

Otuz birinci mövsüm üçün görüləcək işlər, tutulan repertuar planı haqqında geniş məlumat yaxın günlərdə təqdim olunacaq.

Qeyd edək ki, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılan, yarandığı gündən saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda, dünya ölkələrində təbliğ edən, fəaliyyəti ilə “Döyüşən teatr” adını qazanan, həmçinin bu illər ərzində saysız tamaşalar hazırlayan Bakı Bələdiyyə Teatrı daima uğurlu işləri ilə böyük tamaşaçı auditoriyasının qəlbini fəth etməyi bacarıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Bu dəfə Şamaxıda Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət sərgi açılıb

 

 

Bəli, Şamaxı ölkənin mədəniyyət paytaxtı olmağa tam iddialıdır. Rayonun icra hakimiyyəti başçısı Tahir Məmmədov bir zamanlar ölkənin mədəniyyət beşiyi sayılan Şirvan elinin keçmiş ənənələrini bərpa etmək  niyyətini gizlətmir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu yenicə başa çatmış, ədəbiyyat və elm xadimləri yenicə qonaqpərvər Şamaxıdan geri dönmüşdülər  ki, indi də qədim diyara rəssamlar yığışıblar. Təfsilatı “Ədəbiyyat və incəsənət” portalının növbəti xəbərində. 

 

Şamaxı Yaradıcılıq Mərkəzində Xalq rəssamı Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyyətinin 55 illiyinə həsr olunmuş sərgi açılıb. Bol eksponatlı sərgidə Azərbaycanın klassik nağılları, klassik şairlərin əsərləri və Azərbaycanın aşıq yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunur. 

Ölkənin mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq qonaqları salamlayıb. 

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Bölgələrdə yaşayan yaradıcı gənclərin Azərbaycanın tanınmış yaradıcı simaları ilə tanış olması və işlərindən bəhrələnməsi, onların estetik tərbiyəsinə müsbət təsirin artması məqsədilə reallaşan bu tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Sərgiyə təşrif buyuranlar həm tanınmış rəssamın kataloqunu əldə ediblər, həm heyranlıqla çəkdiyi rəsmlərə tamaşa ediblər. 

Sərgiyə məktəb yaşlı uşaqların da gəlməsi xüsusən diqqətçəkəndir. Axı Arif Hüseynov klassik nağılları ustalıqla kətana köcürməklə məşhurdur. 

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Sentyabrın 7-də dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan milli animasiya sənayesi üçün kommersiyalaşdırılma və ixrac imkanları perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbir 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində keçirilib.

 

Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək, dəyirmi masanın məqsədinin yerli animasiya sənayesinin inkişafı ilə bağlı məsələlərin müzakirəsi olduğunu bildirib. Qeyd edilib ki, animasiya sənayesi beynəlxalq müstəvidə mədəniyyət və yaradıcı sənayelərin aktual istiqamətlərindən olmaqla yanaşı, hazırkı mərhələdə nazirlik tərəfindən ölkə üzrə prioritet alt klasterlərdən biri kimi müəyyənləşdirilib. Son illər bu sahədə qəbul edilən mühüm siyasi qərarlar, müxtəlif qanunvericilik aktları, xüsusən ötən il dövlətimizin başçısının müvafiq Fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsinin yaradılması və 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yerli mədəniyyət və yaradıcı sənayelərin, o cümlədən animasiya sənayesinin inkişafı üçün geniş imkanlar yaradır.

Nazir müavini diqqətə çatdırıb ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri Azərbaycanın animasiya ənənələrini inkişaf etdirməklə, animasiya sənayesinin gəlirliliyini və rəqabət qabiliyyətini artırmaq, xarici bazarlara çıxışını dəstəkləməkdir. Bu nöqteyi-nəzərdən animasiya sahəsində təhsil, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, əqli mülkiyyət hüquqlarının qorunması və ondan istifadənin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Həmin məsələlər sırasında müxtəlif güzəşt və təşviq alətlərinin, yeni innovativ və rəqəmsal həllərin tətbiqini, zəruri infrastrukturun formalaşdırılmasını da vurğulamaq olar. Nəticədə yerli və xarici auditoriya üçün yüksəkkeyfiyyətli animasiya məhsulu və xidmətləri təklif edə, bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin sayının və məşğulluq göstəricilərinin artmasına nail ola bilərik. Yerli animasiyanın inkişafının digər bir əhəmiyyətli nəticəsi də ondan ibarət ola bilər ki, bu sahənin gündəlik istifadəçisi olan kütlə - gənc və azyaşlı nəsil milli ruhda yetişəcək, bir sıra mənfi təsirlərə daha az məruz qalacaq.

Tədbirdə çıxış edən ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev Azərbaycanda animasiya filmlərinin sayının artırılmasının, uşaqların öz dillərində cizgi filmlərə baxmasının vacibliyini vurğulayıb. O bildirib ki, mövcud sahənin inkişafı üçün özəl və dövlət sektorunun bu işdə birgə iştirakı olduqca əhəmiyyətlidir.

Dəyirmi masada mövzu ətrafında müzakirələr aparılıb. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 13 yerli animasiya studiyası fəaliyyət göstərir. Onlardan yalnız 2-si 2023-cü ildə peşəkar qısametrajlı animasiya filmi istehsal edib. Müxtəlif animasiya sahələrində 150-dən çox peşəkar çalışır. Hər il orta hesabla bir və ya iki peşəkar animasiya filmi istehsal olunur.

Tədbirdə mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu da iştirak edib. 

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə geniş nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. Nümayəndə heyətində ölkəmizin incəsənət ustaları da təmsil olunur.

 

AzərTAC xəbər verir ki, səfər gedişində sənətçilərimiz Çinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində keçirilən “İpək Yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulması” mövzusunda forumun bədii hissəsində maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Əməkdar artist İlkin Əhmədov, xanəndə Günay İmamverdiyeva Azərbaycan mahnılarını səsləndiriblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri İnarə Zeynalova və Aydəmir Aydəmirov Azərbaycan xalq rəqsini ifa ediblər.

Konsert proqramı Günay İmamverdiyeva-İlkin Əhmədov duetinin ifası ilə başa çatıb. Bütün ifalar böyük maraq və alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

 

Azərbaycanın Almaniyadakı səfirliyi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

ASC-nin yaydığı məlumata görə, sözügedən sərginin açılışı ilə bağlı təşkil olunmuş tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəslə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov tədbirdə çıxış edərək, təmsil etdiyi təşkilatın tarixindən söz açıb. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanılması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib.

Tədbirdə, həmçinin Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman çıxış edib. Almaniya səfiri fəaliyyəti dövründə Azərbaycanda xalçaçılıq sənəti ilə bağlı əldə etdiyi təəssüratları tədbir iştirakçıları ilə bölüşüb.

Sərgi zamanı qonaqlar üçün əsl Qarabağ xalçasının toxunma prosesi də nümayiş olunub. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Qarabağ xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub. Tədbir çərçivəsində iştirakçılara, həmçinin Heydər Əliyev Fondu tərəfindən nəfis tərtibatda və alman dilində hazırlanmış Azərbaycanda xalçaçılıq sənətindən bəhs edən kitablar və broşürlər paylanılıb, Azərbaycan xalçaçılıq sənətindən, eləcə də ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları sentyabr ayının sonunadək avropalı xalça sevərlər üçün açıq olacaq, sərgi ziyarətçilərinə, həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

 

 “Ədəbiyyat və incəsənət”

(07.09.2023)

 

 

“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.

“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Cümə axşamı, 07 Sentyabr 2023 15:20

Konsertlər təxirə salındı

Məşhur rok qrupu, ABŞ-a aid olan “E Street Band” sentyabr ayında keçiriləcək 8 konsert proqramını təxirə salıb.

 

Bu barədə xarici media məlumat yayıb. Bəs konsertlərin təxirə salınmasına səbəb nədir? 

Məlumat verilir ki, qrupun əsas  üzvü Bruce Springsteen mədə xorası xəstəliyindən əziyyət çəkir, mövsümlə əlaqədar (bildiyiniz kimi, payızın və yazın gəlişi ilə bu xəstəlik daha da ağırlaşır) onun vəziyyəti heç də arzulanan deyil. 

Hətta onu da nəzərə alaq ki, qrupun avqustun 17-nə olan Kaliforniya konserti də ləğv olunmuşdu, bunu texniki problemlərlə izah etmişdilər. 

 

Qeyd edək ki, “E Street Band” qrupu qastrol səfərinə cari ilin fevral ayında Florida ştatının Tampa şəhərində başlayıb.

Qrupun sokisti Bittan Maks mediaya belə açıqlama verib: “Xahiş edirik bizi anlayışla qarşılayasınız, bizim geri dönüşümüz daha möhtəşəm olacaq!”

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Cümə axşamı, 07 Sentyabr 2023 17:00

ABŞ-da ümumtəhsil müəssisələri

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

  

Məlum olduğu kimi, ölkəmizdə tezliklə yeni tədris ili başlayacaq. Oxuculara maraqlı olar deyə, dünyada ən demokratik sayılan ABŞ-ın təhsil sistemi haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə onu qeyd edim ki, ABŞ-da vahid təhsil sistemi olmadığından burada vahid qaydalar da yoxdur. Daha doğrusu, hər bir ştatın öz təhsil sistemi vardır və təhsilə aid bütün qaydalar ştat rəhbərliyi səviyyəsində təyin olunur. Ona görə də ABŞ-da təhsil ilinin başlanğıcı və sonu müxtəlif ştatlarda ayrı-ayrı tarixlərə təsadüf edir. Məsələn, Koliforniya ştatında ilk təhsil günü avqustun 15-nə təyin edilibsə, Miçiqan ştatında bu tarix sentyabr ayının ilk həftəsinin birinci gününə düşür. Ümumilikdə ABŞ-da təhsil sistemi dörd pillədən ibarətdir- məktəbəqədər, ibtidai, orta və ali təhsil. Bunu da qeyd edim ki, ABŞ-da ali təhsil sisteminin də ştatlar üzrə müxtəlif özəllikləri vardır.

 

Məktəbəqədər təhsil - Preschool

 

Məktəbəqədər təhsil bir sıra ölkələrdə olduğu kimi ABŞ-da da icbari deyil. Amma 4-6 yaşlı uşaqlar iki il müddətində uşaq bağçalarında, məktəbəqədər təhsil mərkəzlərində bu təhsilə yiyələnə bilərlər və bir çox ştatlarda məktəbəqədər təhsil alan uşaqlara sertifikatlar verilir ki, orada uşağın davamiyyəti, davranışı, bacarıqları xüsusi qeyd olunur.

 

İbtidai təhsil - Elementary school

 

İbtidai təhsil ABŞ-da məcburidir. Bu proqram beş il davam edir. Uşaqlar 6 yaşından 11 yaşınadək ibtidai təhsil almalıdırlar. İbtidai təhsil müəssisələri dövlətə, hansısa sahibkara və kilsələrə məxsusdur. İbtidai təhsil məktəblərində siniflər uşaqların qabiliyyətinə uyğun yaradılır ki, buraya uşaqların baza göstəriciləri, oxumaq, yazmaq, hesablama qabiliyyətləri daxildir. Və beş il ərzində bütün fənlər bir müəllim tərəfindən tədris olunur. ABŞ üzrə yalnız bir neçə ştatda 4-cü sinifdən sonra bu fənləri müxtəlif müəllimlər tədris edir. Bir daha xatırladırıq ki, tədris proqramı dövlət səviyyəsində deyil, hər ştatın öz rəhbərliyi tərəfindən təyin edilir. İbtidai təhsilə yiyələndikdən sonra şagirdlər orta məktəbə qəbul olunurlar.

 

Orta təhsil - Middle school, High school

 

ABŞ-da orta təhsil iki mərhələdən ibarətdir- kiçik orta məktəb (Middle School) və böyük orta məktəb (High school). 

Kiçik orta məktəbdə (Middle School) təhsil üç il nəzərdə tutulub. Burada şagirdlər 11 yaşından 13 yaşınadək 6,7,8-ci siniflərdə təhsil alırlar ki, bu mərhələdə onlara əsasən ingilis dili və digər humanitar fənlər tədris olunur. Bundan sonra yeni mərhələ başlayır.

 

Böyük orta məktəb (High school) dörd il davam edir və burada şagirdlər 14 yaşından 18 yaşadək 9-12-ci siniflərdə təhsil alırlar. Belə məktəblər şagirdlərə gələcəkdə yiyələnəcəkləri ixtisasa uyğun fənləri daha dərindən mənimsəmələri üçün seçim imkanı verir və şagirdlərin seçiminə uyğun siniflər təşkil olunur. 

Böyük orta məktəbi bitirən şagirdlər buraxılış imtahanları verirlər ki, bu da 1-ci səviyyəli SAT və ya 2-ci səviyyəli SAT adlanır. 1-ci və 2-ci səviyyələr bir-birindən istiqamətinə, mürəkkəbliyinə görə fərqlənirlər. 1-ci səviyyə SAT gələcəkdə kollecə və ya orta səviyyəli universitetlərə qəbul olmaq istəyənlər üçündürsə, 2-ci səviyyə SAT ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmağı qarşısına məqsəd qoyanlar üçündür və buraxılış imtahanlarını uğurla verən məzunlara tam orta təhsil haqqında diplom verilir…

 

Yeri gəlmişkən qarşıdan gələn yeni tədris ili münasibətilə şagirdləri təbrik edir, təhsildə müvəffəqiyyətlər arzulayıram.

 

Elman EldaroğluABŞ-da ümumtəhsil müəssisələri

  

Məlum olduğu kimi, ölkəmizdə tezliklə yeni tədris ili başlayacaq. Oxuculara maraqlı olar deyə, dünyada ən demokratik sayılan ABŞ-ın təhsil sistemi haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə onu qeyd edim ki, ABŞ-da vahid təhsil sistemi olmadığından burada vahid qaydalar da yoxdur. Daha doğrusu, hər bir ştatın öz təhsil sistemi vardır və təhsilə aid bütün qaydalar ştat rəhbərliyi səviyyəsində təyin olunur. Ona görə də ABŞ-da təhsil ilinin başlanğıcı və sonu müxtəlif ştatlarda ayrı-ayrı tarixlərə təsadüf edir. Məsələn, Koliforniya ştatında ilk təhsil günü avqustun 15-nə təyin edilibsə, Miçiqan ştatında bu tarix sentyabr ayının ilk həftəsinin birinci gününə düşür. Ümumilikdə ABŞ-da təhsil sistemi dörd pillədən ibarətdir- məktəbəqədər, ibtidai, orta və ali təhsil. Bunu da qeyd edim ki, ABŞ-da ali təhsil sisteminin də ştatlar üzrə müxtəlif özəllikləri vardır.

 

Məktəbəqədər təhsil - Preschool

 

Məktəbəqədər təhsil bir sıra ölkələrdə olduğu kimi ABŞ-da da icbari deyil. Amma 4-6 yaşlı uşaqlar iki il müddətində uşaq bağçalarında, məktəbəqədər təhsil mərkəzlərində bu təhsilə yiyələnə bilərlər və bir çox ştatlarda məktəbəqədər təhsil alan uşaqlara sertifikatlar verilir ki, orada uşağın davamiyyəti, davranışı, bacarıqları xüsusi qeyd olunur.

 

İbtidai təhsil - Elementary school

 

İbtidai təhsil ABŞ-da məcburidir. Bu proqram beş il davam edir. Uşaqlar 6 yaşından 11 yaşınadək ibtidai təhsil almalıdırlar. İbtidai təhsil müəssisələri dövlətə, hansısa sahibkara və kilsələrə məxsusdur. İbtidai təhsil məktəblərində siniflər uşaqların qabiliyyətinə uyğun yaradılır ki, buraya uşaqların baza göstəriciləri, oxumaq, yazmaq, hesablama qabiliyyətləri daxildir. Və beş il ərzində bütün fənlər bir müəllim tərəfindən tədris olunur. ABŞ üzrə yalnız bir neçə ştatda 4-cü sinifdən sonra bu fənləri müxtəlif müəllimlər tədris edir. Bir daha xatırladırıq ki, tədris proqramı dövlət səviyyəsində deyil, hər ştatın öz rəhbərliyi tərəfindən təyin edilir. İbtidai təhsilə yiyələndikdən sonra şagirdlər orta məktəbə qəbul olunurlar.

 

Orta təhsil - Middle school, High school

 

ABŞ-da orta təhsil iki mərhələdən ibarətdir- kiçik orta məktəb (Middle School) və böyük orta məktəb (High school). 

Kiçik orta məktəbdə (Middle School) təhsil üç il nəzərdə tutulub. Burada şagirdlər 11 yaşından 13 yaşınadək 6,7,8-ci siniflərdə təhsil alırlar ki, bu mərhələdə onlara əsasən ingilis dili və digər humanitar fənlər tədris olunur. Bundan sonra yeni mərhələ başlayır.

 

Böyük orta məktəb (High school) dörd il davam edir və burada şagirdlər 14 yaşından 18 yaşadək 9-12-ci siniflərdə təhsil alırlar. Belə məktəblər şagirdlərə gələcəkdə yiyələnəcəkləri ixtisasa uyğun fənləri daha dərindən mənimsəmələri üçün seçim imkanı verir və şagirdlərin seçiminə uyğun siniflər təşkil olunur. 

Böyük orta məktəbi bitirən şagirdlər buraxılış imtahanları verirlər ki, bu da 1-ci səviyyəli SAT və ya 2-ci səviyyəli SAT adlanır. 1-ci və 2-ci səviyyələr bir-birindən istiqamətinə, mürəkkəbliyinə görə fərqlənirlər. 1-ci səviyyə SAT gələcəkdə kollecə və ya orta səviyyəli universitetlərə qəbul olmaq istəyənlər üçündürsə, 2-ci səviyyə SAT ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmağı qarşısına məqsəd qoyanlar üçündür və buraxılış imtahanlarını uğurla verən məzunlara tam orta təhsil haqqında diplom verilir…

 

Yeri gəlmişkən qarşıdan gələn yeni tədris ili münasibətilə şagirdləri təbrik edir, təhsildə müvəffəqiyyətlər arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Günün fotosu: Ruslar dinc sakinləri gülləbaran etdilər

 

 

Rus qoşunları Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhırindəki  bazara raket hücumu həyata keçirib. Uşaqlar da daxil olmaqla ən azı 18 mülki şəxs öldürülüb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə 32 nəfər yaralanıb.

Bu hücum müharibənin son dönəmlərindəki ən təlafatlı hücum hesab edilir. 

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.