
Super User
“Bumeranq" - HEKAYƏ
Fatimə Sadıqova, “Ədəbiyyat və incəsənət” üçün
- Cəmilə, ay Cəmilə, hanı Əfsanə?
- Mənə dedi tıxaca düşüb, gec gələcək.
- Hardan bilirsən tıxacdadı? Qızın bütün günü haralarasa gedir, axşam evə gec gəlir, sən necə anasan?
- Bu nə sözdü Ramil, balaca uşaq deyil ki düşüm dalınca, işdən gəlir, yol tıxacdı, yeri gələndə onun atası da, anası da mən olmuşam.
- Elə buna görə belədi də hara istəyir gedir , haçan istəyir gəlir, özübaşına olub.
- Ramil, sən canın, bəsdi, mən qızıma da bələdəm, verdiyim tərbiyəyə də
- Sonra gəlib mənə demə ki, ay Ramil, qızımın başına iş gəlib, sənin qızının maşın vuran yerdə meyidini mən gətirəcəm e, başqası yox, bibisinin əri, mən Ramil!
Cəmilə Ramillə söz güləşdirməyin mənasız olduğunu görüb başını aşağı salıb getdi . Cəmilənin yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişmışdi, təkbaşına yeganə qız övladı Əfsanəni böyütmüşdü. Əfsanə anasının əziyyətini yerdə qoymamaq üçün məktəbi bitirib tanışlıqla parfümeriya şirkətinə işə düzəlmişdi, şəhərin mərkəzində çörəkpulu qazanırdı. Atasını itirdiyi vaxtdan bəri bibisi və bibisinin yoldaşı Ramil Cəmilə və Əfsanənin başına qara bulud kimi çökmüşdülər, sevinclərini kədərə çevirib ana-balanın gününü qara edirdilər. Əfsanə bibisinin övladları Xanım və Xalid ilə bir yerdə böyümüşdü, aralarında 2-3 yaş fərqi var idi .
Axşam yolun uzunluğundan yorğun gələn Əfsanə anasının ona məzlum baxışlarla baxmasını görüb ayaqqabı ilə evə keçdi, özünü anasının qucağına atdı. Bəlkə də ən yaxşı və sakitləşdirici gəlmişdi Əfsanəyə anasının heç nəylə əvəz olunmayan isti qucağı.
Anasının gözlərinin dolmasından başa düşdü ki, yenə Ramil anasına nəsə deyib, yenə də anası heç nə deyə bilməyib evə qayıdıb.
Anasının hazırladığı yeməyi yedikdən sonra Əfsanə yerinə girib yorğun gözlərini yuman kimi yuxuya getdi.
* * *
Səhər açılan kimi qızı Xanımı məktəbə aparmalı olan Ramil qızının boğazında qalan axırıncı tikəsini udmasına imkan verməyərək onu evdən tez çıxması üçün tələsdirirdi, Xanım da tez-bazar ayaqqabılarını geyinib, çantasını götürüb evdən ildırım sürəti ilə çıxdı.
Məktəbin qapısına çatanda qızcığaz atasının maşınından düşüb "sağol, ata” deyib maşının qapısını ehmalca örtdü, məktəbin həyətinə daxil oldu.
Dərslərində olduqca nailiyyət qazanan Xanım ailəsinin baş tacı olmağa müvəffəq olmuşdu, hətta Ramil oğlu Xalid ilə qızı arasında yerlə göy qədər məsafə yaratmış, qızını nəinki öz gözündə, ümumiyyətlə, hamının yanında dağ başına ucaltmışdı. Lakin məsələ öz mənafeyinə gəlincə, heç nəyi gözü görməyən Ramil yemək yeyərkən belə qızının rahatlığına mane olacaq qədər "vaxt incələyən" birisi idi…
…Xanım məktəbdə dərsləri bitincə çıxıb yolun kənarı ilə evə sarı səmt almışdı. Ağlında evə gedib yeməyini yemək, dərslərini hazırlamaq, YouTube-da yarımçıq izlədiyi "Solğun çiçəklər" televiziya tamaşasına baxmaq idi. Evin yoluna keçmək üçün magistral yolu adlamaq istərkən Xanımın qulağında yalnız "maşın siqnalı" qaldı. Yolu keçərkən sağ tərəfdən çıxan maşını görmədi, dəhşətli əyləc səsləri, dəmirə çırpılaraq başının yerə dəyib partlaması, bədəninin cansız cəsədə çevrilməsi an çəkdi.
Onun özü yarımçıq qoyduğu "solğun çiçəyə” döndü.
Maşın sahibi şok vəziyyətində maşından enib məktəbli qızın soyuq cəsədini görüncə donub qaldı. Səsə gələnlər tez təcili yardıma zəng edib qızı xəstəxanaya apardılar . Hadisəyə şahid olan Xanımın sinif yoldaşı Asim tez qızın anasına xəbər vermək üçün onların evlərinə doğru qaçdı, qızının vəziyyətini anasına çatdırmağa getdi . Asimdən eşitdiyi xəbərin təsirindən qızın anasının huşu getdi, özünü itirən Asim qonşuya qaçıb təcili yardım çağırılmasını xahiş elədi.
Ana üçün təcili yardım gələn kimi qonşu Ramilə zəng edib evə gəlməsini istədi, telefonda məsələnin nə yerdə olduğunu açıqlamadı.
Xanımın anası evdə deyil, xəstəxanada havalanmış vəziyyətdə, əllərini başının arasına keçirərək oturmuşdu. Beyni donmuş, gözləri bir yerə tikilmiş, eşitdiyi xəbərin şokundan bərələ qalmışdı. Tərpənmirdi.
Ramil xəstəxanaya gəlib məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq üçün yoldaşından bir şeylər soruşsa da cavab gəlmirdi.
Amma onun sevimli qızının artıq cansız bədənə sahib olması xəbərini hər halda ona çatdırdılar. Hamının yanında özünü "göylə tutan" Ramil heç nəyə baxmayıb balaca uşaq kimi hönkürtüylə ağlamağa başladı. Bu yerdə Cəmilə və Əfsanə təlaş içində xəstəxanaya gəlib Xanımın ölüm xəbərini eşidəndə dəhşətə gəldilər.
Ramil əvvəlcə Cəmilənin onun həyat yoldaşına təsəlli vermək üçün qucaqlamasına əhəmiyyət verməsə də , sanki ağlına gələn cümlə onu ayıltdı .
- "Sonra gəlib mənə demə ki, ay Ramil, qızımın başına iş gəlib, sənin qızının maşın vuran yerdə meyidini mən gətirəcəm e, başqası yox, bibisinin əri, mən Ramil".
İndi isə onun övladı maşının qurbanı olub meyidə çevrilmişdi. Bəlkə dilinin səhvinə qızı qurban olmuşdu.
Ramil o cümləni sadəcə özünə möhtac duyulması üçün işlətmişdi, Əfsanəyə bir şey olmasını istəməzdi. Lakin Cəmilənin qəlbinə həmən cümlə çox toxunmuş, ərsiz böyütdüyü təkcə balasının haqqında söylənən o ifadə canını yandırıb yaxmışdı…
- Bağışla, Cəmilə ....
- Nə olub, Ramil..
- Bağışla, Cəmilə, bağışla (ağlayaraq), qızım mənə görə öldü...
- Nə? ...
- Sənə dediyim o sözüm mənim özümə qayıtdı, bağışla, nolar, bağışla!
Dediyi sözlər Ramilə qayıtsa da, qızını geri qaytarmaq mümkün olan deyildi…
…Qızının tabutunu evdən çıxararaq ağlaya - ağlaya çiynində daşıyıb son mənzilə yola saldı Ramil. Yoldaşı özündə olmadığından Cəmilə əl-ayağa düşüb yasa başsağlığı verib gələnləri yola salırdı. Çox çətin olsa da yası birtəhər verib qurtardılar. Evə gələn Ramil Əfsanəni görüb "qızım" deyə sarılaraq möhkəm-möhkəm bağrına basdı...
Həyatımımız boyunca elədiklərimiz , hərəkətlərimiz, qırdığımız qəlblər, qazandığımız savablar, yaşadıqlarımız və yaşatdıqlarımız bilavasitə olaraq qarşımıza çıxır, həyat bizi elədiklərimizə görə sorğuya çəkir. Ya elədiklərimizdən nəticə çıxarar, ya da nəticə çıxarmayıb öz bildiyimizlə hərəkət edib gələcəkdə daha böyük sorğu ilə qarşılamaq məcburiyyətində qalmalı olarıq. Həyatımız bumeranqdı, qarşımızdakı insana ağzımızdan çıxan sözlər, qəlbimizdə bərq vuran niyyətlər, ağlımızdan keçən fikirlər nə zamansa fırlanıb özümüzə qarşı devrilər, bu bumeranq bizi ya xilas edər, ya da məhv edər…
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu başa çatıb
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Gülüstan” Sarayında keçirilən Musiqi Forumu oktyabrın 31-də “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” mövzusunda VI panel iclası ilə başa çatıb.
AzərTAC xəbər verir ki, xoreoqraf Akif Kərimlinin moderator olduğu forumun sonuncu panelində “Milli rəqs ənənələrinin qorunması və təhrif olunma təhlükələrinə müqavimət”, “Rəqs təbliğatı infrastrukturunun təkmilləşdirilməsi”, “Azərbaycanda müasir rəqs sistemlərinin tətbiq olunması: imkanlar və problemlər”, “Rəqqas peşəsinə yönləndirmə – təhsil, karyera imkanları, sosial təminat mexanizmləri”, Uşaq rəqs studiyaları, rəqs təlimi” kimi aktual mövzular müzakirəyə çıxarılmışdı.
İlk çıxış edən xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi Əməkdar artist Nailə Məmmədzadə rəhbərlik etdiyi tədris ocağının problemlərindən, rəqqas və balet artistlərinin sosial təminatı məsələlərindən söz açıb.
Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xoreoqraf, Xalq artisti Rüfət Xəlilzadə Azərbaycan milli rəqs sənətinin formalaşmasında əməyi keçmiş korifey sənətkarları yada saldıqdan sonra müasir dövrdə milli rəqs sənətinə gətirilən "yamaq" elementlər, geyimlərdəki təhriflərə diqqət çəkib. R.Xəlilzadə, həmçinin xoreoqrafiya sahəsində çalışanların 40 yaşından sonra pensiyaya çıxmalı olduğunu deyib. Bildirib ki, vaxtında göstərilməyən maddi təminat gəncləri, valideynləri rəqs sənətindən uzaqlaşdırır.
Baletmeyster, Xalq artisti Mədinə Əliyeva sovet dövründə balet artistləri üçün yaradılmış şəraitin bu gün bərpasına ehtiyac olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin 90-cı illərdə Azərbaycan balet sənətini tənəzzüldən qurtardığını da yada salıb.
Musiqişünas, dosent Rauf Bəhmənli unudulmuş rəqs melodiyalarının toplanılması, rəqslərimizin plagiat və saxtakarlıqdan qorunması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu prosesə uşaq incəsənət məktəblərindən başlanılması məqsədəuyğun olar.
Balet artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Əməkdar artist Fərid İbrahimov deyib ki, Azərbaycan bəstəkarlarının baletləri dünya teatrlarında tamaşaya qoyulur, amma bizim balet artistləri problem yaşayırlar. Oğlan kadrların orduda xidmətdən sonra səhnə formasına qayıda bilməməyi ciddi problemdir. F.İbrahimov bunun üçün onların hərbi ansamblda çalışması, həmçinin Xoreoqrafiya Akademiyasında hərbi kafedranın bərpa olunması təklifini səsləndirib.
Xoreoqraf Nigar İbrahimbəyli orta məktəblərdə 7-ci sinfədək rəqs fənninin tədris olunması təklifi ilə çıxış edib. Deyib ki, müasir rəqs sənətinin geniş imkanları var və bu janrı milli rəqs sənəti ilə yanaşı inkişaf etdirmək perspektivli olar.
Sonra çıxışlar ətrafında müzakirələr aparılıb. Xoreoqrafiya Akademiyasının müəllimi Sevda Axundova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, qocaman rəqs ustası, Xalq artisti Roza Cəlilova, bəstəkar, Əməkdar incəsənət xadimi Vüqar Camalzadə, BMA-nın tələbəsi Aytac Vəliyeva və başqaları sahə üzrə suallarını səsləndirdilər, təkliflərlə çıxış etdilər.
Bununla da ölkəmizdə ilk dəfə keçirilən və üç gün davam edən Musiqi Forumu başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Şuşa TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin toplantısına ev sahibliyi edib
Oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.
AzərTAC xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.
Oktyabrın 31-də festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilib. Toplantıda TÜRKSOY-a üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin və Qaqauz Yeri (Moldova) Dövlət teatr rəhbərləri iştirak edib.
Qonaqlar toplantıdan əvvəl Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
Şuşa qala divarlarını ziyarət edən qonaqlara şəhərin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin bələdçisi qonaqlara şəhər barədə məlumat verib. Şuşanın məhəllələri, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsi haqqında danışıb. Qonaqlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib, ortaq ədəbi dəyərlərimizlə bağlı düşüncələrini bölüşüblər.
Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.
Sonda Cıdır düzünə gələn qonaqlar əsrarəngiz təbiət və mənzərəni seyr ediblər.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Azərbaycan sənətçilərinin Özbəkistanda qala-konserti təşkil olunub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” çərçivəsində Ürgənc şəhərində Azərbaycandan gəlmiş sənətçilərin iştirakı ilə qala-konsert təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, Agahi adına Xarəzm Dövlət Musiqili Dram Teatrında keçirilən konsertdə iştirakçılar əvvəlcə foyedə Azərbaycan tarixi, mədəniyyətinə dair sərgi ilə tanış olublar.
Konsertdən əvvəl çıxış edən Xarəzm vilayət hakiminin müavini Batır Saidov artıq ikinci dəfədir ki, Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi”nin təşkil olunduğunu bildirib və bunun iki qardaş xalq arasında mədəni-ədəbi əlaqələrin daha da inkişaf etdiyinin bir göstəricisi olduğunu qeyd edib. O, bu layihəni gerçəkləşdirən Azərbaycan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Batır Saidov bu tədbirlər və layihələr sayəsində xalqlarımızın daha da yaxınlaşdığını, bir-birlərinin mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə daha yaxından bələd olduğunu, öyrəndiyini vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” və bu layihə çərçivəsində keçirilən tədbirlər haqqında danışıb. Özbəkistanda Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd edib. Samir Abbasov, Daşkənddə başlayan, Xarəzm vilayətində gözəl təəssüratlarla və unudulmaz xatirələrlə başa çatan “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi”nin uğurla yekunlaşdığını diqqətə çatdırıb. O, bu işə dəstək verən Özbəkistan dövlətinə, Xarəzm vilayət rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” layihəsində iştiraklarına görə bir qrup azərbaycanlı sənətçi Özbəkistandakı Azərbaycan səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Fəxri diplomla təltif edilib.
Sonra konsert proqramı təqdim olunub.
Proqramda Azərbaycandan dəvət edilmiş “Simurq” muğam ansamblının üzvləri – tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva, kamança ifaçısı Elnur Mikayılov, tar ifaçısı Zəki Vəliyev və Əməkdar artist, nağara ifaçısı Kamran Kərimovun ifasında milli muğamlarımız, tanınmış azərbaycanlı saz ustası İlham Abdullayevın ifasında oyun havalarımız tamaşaçılara təqdim edilib.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
“Ədibin Evi” yazarları qələmlərini sınamağa dəvət edir
“Ədibin Evi” noyabrın 1-dən etibarən Mir Cəlal adına IV Hekayə Müsabiqəsini elan edir.
AzərTAC xəbər verir ki, 2024-cü il martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.
2017-ci ildə təsis edilən Mir Cəlal adına Hekayə Müsabiqəsinə bu günə qədər 1100-dən çox hekayə təqdim olunub. Ədəbiyyatda qısa hekayəçilik janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə bu ildən başlayaraq illik keçiriləcək.
Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin şərtləri dəyişməz qalır. Müsabiqəyə təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1500 sözdən çox olmamalı, yeni olmalı-əvvəllər çap və ya elektron şəkildə yayılmamalı, müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək elektron şəkildə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir.
Hekayə mövzusu sərbəstdir. Müsabiqəyə 2024-cü il aprelin sonunda yekun vurulacaq. Mükafat fondu I yer üçün 3000 manat, II yer üçün (2 nəfər) 2000 manat, III yer üçün 1000 manat nəzərdə tutulub.
Qeyd edək ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
“Yeddi gözəl” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasında
Dövlət Tərcümə Mərkəzinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə Madriddə nəşr olunan “Yeddi gözəl” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasının saytında yaradılan “Azərbaycan ədəbiyyatı” bölümündə yerləşdirilib.
Dövlət Tərcümə Mərkəzinin yaydığı məlumata görə, 2021-ci ildə “Mandala Ediciones” nəşriyyatında işıq üzü görən kitabın ispan dilinə tərcümə müəllifi tanınmış ispan tərcüməçisi Karmen Linaresdir. Kitabın “Ön söz”ünün müəllifi görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.
Qeyd edək ki, “Yeddi gözəl” kitabı İspaniyanın Milli Kitabxanası ilə yanaşı 20-dən çox mərkəzi kitabxanasında saxlanılır.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Daha 55 yeni şəhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulub
Oktyabrın 31-də - Ümumdünya Şəhərlər Günündə daha 55 şəhər UNESCO-nun Baş direktoru Odri Azulay tərəfindən təsdiq olunduqdan sonra bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə (UCCN) qoşulub.
AzərTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, yeni şəhərlər inkişaf strategiyalarının bir hissəsi kimi mədəniyyət və yaradıcılıqdan istifadə etmək və insan mərkəzli şəhərsalmada innovativ təcrübələr nümayiş etdirmək üçün güclü öhdəliklərinə görə qəbul edilib. Ən son əlavələrlə Şəbəkə hazırda yeddi yaradıcı sahəni - sənətkarlıq və xalq sənəti, dizayn, film, qastronomiya, ədəbiyyat, media və musiqini təmsil edən yüzdən çox ölkədən 350 şəhəri əhatə edir. Türkiyənin Şanlu Urfa və Gürcüstanın Kutaisi şəhərləri də siyahıya daxil edilib.
2008-ci ildən bəri media incəsənətinin Yaradıcı Şəhəri olan Lion şəhərinə yaradıcılıq sahəsini dəyişdirmək tələbindən sonra Yaradıcı Ədəbiyyat Şəhəri statusu verilib.
UNESCO bildirib ki, iqlim dəyişikliyi, artan bərabərsizlik, eləcə də 2050-ci ilə qədər dünya əhalisinin 68 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılan sürətli urbanizasiya kimi inkişaf edən təhlükələrə qarşı dayanıqlığını gücləndirmək üçün Şəbəkə üzvləri ilə sıx əməkdaşlıq edəcək. Təşkilatın Baş direktoru Odri Azulay deyir: “Bizim Yaradıcı Şəhərlər Şəbəkəmizdəki şəhərlər mədəniyyətə çıxışı artırmaq, həmçinin şəhərin davamlılığı və inkişafı üçün yaradıcılığın gücünü artırmaq məsələsində öncüllük edir”.
Yeni təyin olunmuş yaradıcı şəhərlər 2024-cü ilin iyulunda Portuqaliyanın Braqa şəhərində "Növbəti onillikdə gəncləri masaya gətirmək" mövzusunda keçiriləcək UCCN-in illik konfransında iştirak etməyə dəvət olunublar.
Qeyd edək ki, Azərbaycandan 3 şəhər - Lənkəran (2021, “qastronomiya” tematikası üzrə), Şəki (2017, “sənət və sənətkarlıq” tematikası üzrə) və Bakı (2019, “dizayn” tematikası üzrə) Yaradıcı Şəhərlər Şəbəkəsinə daxildir.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Mədəniyyət naziri Sumqayıtda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri təşkil olunur, sakinlərin problem və təklifləri dinlənilir. Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 31-də Sumqayıt şəhərində gerçəkləşib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Qəbuldan əvvəl nazir və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Liderin Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların müraciətləri işlə təmin olunma, Ümummilli Lider Heydər Əliyev haqqında kitabın çap edilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
“Bir direktor, bir şagird” Qusarın 4 nömrəli məktəbində
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Portalımızın “Bir direktor, bir şagird” rubrikası növbəti bir ayda Qusarın 4 nömrəli məktəbində qonaq olacaq. Məktəbin direktoru Elmira Bayramovanın ilk təqdim etdiyi şagird Leyla Rəsulovadır.
Direktor:
Qusar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Bayramovadır. O, 16.07.1962-ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. İlk pedaqoji fəaliyyətinə 1981-ci ildə Sabirabad rayonu Balakən kənd məktəbində rus dilini tədris etməklə başlayıb. Pedaqoji fəaliyyətini 1986-ci ildən Qusar şəhər 2 saylı tam orta məktəbində, 1992-ci ildən isə Qusar şəhər 6 saylı tam orta məktəbində davam etdirib. 1998-ci ildən birinci sinfə ilk dəfə qədəm qoyduğu Qusar şəhər 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışmağa başlayıb. 2010-cu ildən etibarən isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub.
Müəllim və şagirdlərin böyük hörmətlə yanaşdığı Elmira Bayramova direktor işlədiyi bu müddət ərzində bir sıra dövlət orqanları və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.
Şagird:
Mən, Rəsulova Leyla Nazir qızı 5 iyun 2008-ci ildə Qusar şəhərində anadan olmuşam. Hal-hazırda Qusar şəhər 4 nömrəli tam məktəbin 10-cu sinfində oxuyuram.
Arzum ali təhsil almaq, insan hüquqlarını qoruyan hüquqşünas olmaqdır.
Ədəbiyyatla məşğul olmağı- şeirlər, hekayələr yazmağı çox sevirəm. Yazdığım şeir və məqalələrin əsas mövzusunu vətənpərvərlik və zəfər mövzusu təşkil edir. Sizə isə bir Şəhid yazımı təqdim edirəm.
Vətən sağ olsun!
Şəhid Orxan İsmayılova ithaf
8 Noyabr 2020-ci il Zəfər tarixini yazdığımız həmin o gün. Bayırda izdiham, səs-küy var idi. Vətənpərvər mahnılar oxuyaraq gəzən gənclər, qələbə sevinci ilə yollara axışan insanların səsi biri-birinə qarışmışdı. Hamı gülür, qürurlanır, Zəfərin sevincini bölüşürdü, Qədim kişi isə sanki bütün bunları duymur, eşitmirdi. Elə bil qəlbindəki sükut bütün otağa yansımışdı. Əlində isə 32 gün əvvəl torpağa tapşırdığı şəhid oğlu Orxanın şəkli vardı. Bəlkə də, saatlar idi ki, gözləri bu şəklə dalmışdı. Şəklə baxanda qürur duyurdu əslində. Axı onun oğlu Qarabağın, doğma diyarımız Füzulinin azadlığı uğrunda canını vermişdi. Axı onun oğlu bayırdakı qələbənin səbəbkarlarından biri idi. Amma bu qürurla yanaşı, dərin bir boşluq da vardı içində. Oğlunun gözlərinə baxanda orada sanki, oğlundan yadigar qalan 2 nəvəsini görürdü. Daha dünyanı belə dərk etməyən bu balacalar ata sevgisinə həsrət qalaraq böyüyəcəkdilər. Əlbəttə, onların atası bir qəhrəmandır, onlar qürur duyacaqlar öz ataları ilə. Lakin həmişə, hər zaman ehtiyac duyacaqlar ona.
Bu düşüncələr içərisində dalıb gedən Qədim kişi isə sadəcə bir söz deyə bilirdi: "Vətən sağ olsun".
Vətənin uğrunda canını verən,
"Vətənim sağ olsun "deyərək ölən,
Ən uca zirvəyə layiq görülən,
Şəhidlər əbədi cənnətə gedər!
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Bəlkə də bu dünyada üzündən öpüləsi yeganə varlıq elə odur - ESSE
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Bu dünya, o dünya hamı üçündür. Sənin dünyan isə təkcə mənimdir!!!
İnsan hərdən darıxır. Sanki bir boşluğa düşür. O zaman təsəlli üçün söz bizə qonaq gəlir. Söz qonaqlığı (mənəviyyat qonaqlığı) hər dəm ələ düşmür. Söz qonaqlığı elə bir anlayışdır ki, onun nəşəsi ilə insan bir ömür yaşaya bilir.
Söz bizi duruldur, dirildir. Yer üzündə Allahın rüsxəti ilə Söz daim diridir!
Söz bizə sığal çəkir, əzizləyir, oxşayır. Düşünürəm ki, biz də gərək sözün üzündən öpək. Bəlkə də bu dünyada üzündən öpüləsi yeganə varlıq elə odur - SÖZDÜR!
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)