ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

 

Test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. 

Müəllimlərin işə qəbulu üzrə test imtahanında iştirak etmiş 1026 namizəddən 511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. 

 

5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Müsahibələrdə namizədlər peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən qiymətləndirilir. Mümkün 30 baldan 21 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər. 

 

Müsabiqənin müsahibə mərhələsinə 11 sentyabr tarixində yekun vurulması nəzərdə tutulur. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

MƏDƏNİYYƏT NAZİRİNİN ÇİNƏ RƏSMİ SƏFƏRİ DAVAM EDİR

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri  Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. 
Görüşdən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyanq parkında ucaldılmış abidəsinin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin Kommunist Partiyası Muzeyi ilə də tanış olub. 

Partiyanın tarixi haqqında heyətə məlumat verilib, qonaqlar muzeyin zəngin ekspozisiyası ilə tanış olub, ayrı-ayrı eksponatlarla maraqlanıblar.

Səfər çərçivəsində mədəniyyət naziri Adil Kərimlinin Pekində dünya şöhrətli çinli fotoqraf Luo Honun (Luo Hong) görüşü də keçirilib. 

Görüşdə fotoqrafiya sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlıq barədə söhbət aparılıb.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Luo Honun fotosərgisi ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

AzərTAC xəbər verir ki, səfər çərçivəsində Pekin şəhərində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin bugünkü inkişafının əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb.

Bildirilib ki, hazırda Prezident İlham Əliyev Çin ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Əməkdaşlığın müxtəlif sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yaxşı ənənələri formalaşıb. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Çinin müxtəlif şəhərlərində böyük səhnələrdə nümayiş olunması bunun təzahürüdür. Eyni zamanda teatr, kinematoqrafiya, muzey işi, kitabxana, mədəni irsin qorunması və bərpası, eləcə də dil və ədəbiyyat sahələri üzrə əməkdaşlığın perspektivləri nəzərdə keçirilib. Abidələrin bərpası, kitabxana işi və kinematoqrafiya sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, birgə film istehsalı ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin yaradıcı sənayelər sahəsində əməkdaşlıq da diqqət mərkəzinə çəkilib.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayan Adil Kərimli bu platforma çərçivəsində ölkəmizdə həyata keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna Çin hökuməti tərəfindən həmişə diqqət göstərildiyini bildirib. O, Çin tərəfini 2024-cü ildə Bakıda keçiriləcək növbəti forumda iştiraka dəvət edib. Çinli nazir dəvəti qəbul edərək təşəkkürünü bildirib.

Nazir Hu Hıpin gələn il Azərbaycanda Çin mədəniyyəti həftəsinin keçirilməsi təklifini səsləndirib, bu barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

 

​​​​​​

Azərbaycan tarixində Hacı Zeynalabdin Tağıyev kimi böyük xeyriyyəçi olub. Mədəniyyətə, səhiyyəyə, təhsilə dəstək olub, xarüqələr yaradıb. Düzdür, bu gün belə işıqlı, humanist təşəbbüskar fərdlər yox kimidir, amma gəlin nəzərə alaq ki, günümüzdə bu missiya sıravi insanlardan yox, Heydər Əliyev Fondu, ölkənin birinci ledisi Mehriban xanım Əliyeva kimi rəsmilərdən gəlir. 
Bu gün niyə xeyriyyəçilikdən danışdıq? 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün - sentyabrın 5-i dünyanın çox ölkələrində Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd edilir. Onun bayram etməsi barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında çıxarılıb.
Həmin tarixin 1997-ci il sentyabrın 5-də vəfat edən Tereza Ananın ölümü günü ilə eyni günə düşməsi heç də təsadüfi deyil. Onun Hindistandakı fəaliyyəti böyük xeyriyyəçiliyin və dünyada yoxsulluğun aradan qaldırılmasının inkişafına böyük təkan verib, 45 il ərzində dünyanın müxtəlif ölkələrində göstərdiyi xeyriyyə işlərinə görə 1979-cu ildə Tereza Ana Nobel Sülh Mükafatına layiq görülüb.
Beynəlxalq Xeyriyyəçilik Günü BMT-yə üzv olan ölkələrdə qeyd olunur. Onun qeyd edilməsinə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb.
Çox vaxt xeyriyyəçilik yetim, xəstə və evsiz-eşiksizlərə göstərilən yardım kimi başa düşülür. Lakin xeyriyyə tədbirləri həm də tarixi abidə və məbədlərin bərpasını, təhsil və müalicə müəssisələrinin təchizatına, habelə digər məsələləri də əhatə edir. Göstərilən xeyriyyə tədbirləri nəticəsində insanların həyatında yaxşılığa doğru yaranan dəyişiklik, onlara bəxş olunan sevinc hissi onu ümumdünya bayramına çevirib.
Xeyriyyəçiliklə lap əvvəllərdən məşğul olublar. Məsələn, dahi A.Eynşteyn öz avtoqraflarını simvolik olaraq 1 dollara paylayırdı, pərəstişkarları 5 dollar ödəməklə ondan avtoqraf alırdılar. O, bundan əldə etdiyi vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Qərbdə ən böyük xeyriyyəçilərdən hesab edilən B.Qeyts xeyirxah məqsədlər üçün 30 milyard dollar xərcləyirdi. Amerika milyarderi Rokfeller də xeyriyyə işlərinə xeyli vəsait ayırırdı.
Adını çəkdiyimiz Hacı Zeynalabdin Tağıyev isə bizimçün əsl örnəkdir. Bu gün ən azı onun abidəsini ziyarət etməyimiz gözəl olardı.

 

“Ədəbiyyat və incəsənət”
(05.09.2023)

 

Prezident İlham Əliyev sentyabrın 4-də “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sərəncam yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə qayğı göstərmək məqsədi daşıyır.

Sərəncamda deyilir: “Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri vardır. Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu (bundan sonra – Qoruq) elan edilsin”.

 

Sərəncama əsasən, Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Çərşənbə axşamı, 05 Sentyabr 2023 17:00

Son 10 gün

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un, onun nəzdində yaradılan Türk Dövlətləri Yazarlar Birliyinin, UNESKO-nun  və Avrasiya Yazarlar Birliyinin dəstəyi ilə Azərbaycan da daxil olmaqla türk dünyasının 30-dan çox türk xalqları arasında "VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi" keçirilir. 

 

TÜRKSOY-un Baş Katibi, qırğızıstanlı yazıçı  Sultan Rayev müsabiqənin türk dünyası ədəbiyyatı nümayəndələri arasında daha istedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaq məqsədilə keçirildiyini qeyd edib. 

Bu yerdə Rayevin öncəki günlərdə Report-a açıqlamasını xayırlayaq. Rayev demişdi: 

"Bizim qırğız xalqı Çingiz Aytmatov kimi bəşəri dəyərləri özündə daşıyan, hələ sovetlər dönəmində cəsarətli fikirləri ilə təkcə qırğız cəmiyyətində deyil, dünyada tanınan azad düşüncə adamı yetişdirib. Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaq, onları tanıtmaq, dostlaşdırmaq, aralarında fikir mübadiləsinə zəmin yaratmaqdır".

 

Qeyd edək ki, müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100, TÜRKSOY-un yradılmasının 30 illiyinə həsr olunub. Müsabiqənin mövzusu sərbəstdir. Hekayələr sentyabrın 15-dək qəbul olunacaq. 

İndi isə mükafat fondu barədə: 

Birinci yerin qalibi 35 min, ikinci yer 25 min, ücüncü yer 20 min Türk lirəsi ilə mükafatlandırılacaq. 10 min türk lirəsi isə bir nəfər fərqlənənə həvəsləndirici mükafat kimi veriləcək. 

Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Sentyabrın 5-dən 10-dək Lipetskdə keçiriləcək III Beynəlxalq İnklüziv Yaradıcılıq Oyunlarında Rusiya və 19 ölkədən 3,1 mindən çox insan iştirak edəcək.

 

Bu barədə Rusiya mediası məlumat yayıb.

Sentyabrın 5-dən 10-dək Lipetsk ilk dəfə olaraq III Beynəlxalq İnklüziv Yaradıcılıq Oyunlarına ev sahibliyi edəcək. Müsabiqə proqramının finalında Rusiyanın 79 regionundan və 19 ölkədən 3134 nümayəndə iştirak edəcək. Lipetsk vilayətindən oyunlara 120 nəfər qatılacaq - məlumatda bildirilir.

Region hökumətinin müraciətində göstərildiyi kimi, yarışda Rusiyanın regionlarından, həmçinin Azərbaycan, Latviya, İsrail, Özbəkistan, Malayziya, Hindistan, Çin, Tacikistan, Əlcəzair, Seneqal, Keniya, Nepal və s. ölkələrdən olan iştirakçılar final mərhələsində mükafatlar uğrunda mübarizə aparacaq. Oyunlarda səkkiz sənət növü üzrə nominasiyalarda 1200-dən çox, qiyabi olaraq isə 1800-dən artıq insan iştirak edəcək.

Lipetsk vilayəti hökumətinin məlumatına görə, regionun hakimiyyət orqanları iştirakçılara kömək etmək məqsədilə 70-dən çox sosial işçi cəlb edəcək. Hazırda nümayəndə heyətlərinin kuratorları onlarla əlaqə saxlayır, məlumatları dəqiqləşdirir.

Beynəlxalq İnklüziv Yaradıcılıq Oyunları mədəniyyət və incəsənətdə ən yüksək nailiyyətlər üzrə müsabiqələrdən ibarətdir. 2016-cı ildən keçirilən müsabiqələrdə əlilliyi olan şəxslər, inklüziv yaradıcı kollektivlər, regional festival və müsabiqələrin qalibləri iştirak edirlər. Tədbir dünyada bu miqyasda yeganə oyunlardır, eyni zamanda, möhtəşəm mədəni hadisə, Rusiya və digər ölkələrdən gələn qonaqlar üçün sosial əhəmiyyətli hadisədir.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Musiqi dinləməklə daha rahat yata biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Bunu “Ədəbiyyat və incəsənət” portal bütün məsuliyyəti ilə deyir. “Psychological Science” jurnalında dərc olunan yeni araşdırmaya görə, yatarkən dinlədiyiniz mahnılar beyninizi “yaddaşına ilişir” və yuxunun keyfiyyəti kəskin şəkildə aşağı düşür. İnsan beyninin dincəldiyi bir an olmur. Müasir həyatın streslərinə müqavimət göstərmək, yorğun zehnimizi və bədənimizi dincəltmək üçün yatmalıyıq. Çox zaman bunun üçün yalnız bir yoldan istifadə edirik, musiqi dinləyirik.

 

Yatmaq üçün hazırlanmış mahnı siyahısını açıb telefonu yatağınıza qoymaq əslində yalnız stresli fikirlərdən uzaqlaşmağa, qaçmağa imkan verir. igər tərəfdən, beyniniz dinlədiyiniz musiqini emal etməyə və onu beyninizə həkk etməyə başlayır. Bir sözlə, sizi rahatlaşdırdığını düşündüyünüz bu davranış zamanı beyniniz daha çox yorulur və yuxu keyfiyyətiniz azalır.

ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan araşdırmada orta yaş həddi 35,9 olan, yəni Y nəslinin nümayəndəsi olan 199 nəfər iştirak edib. Onlar təcrübələri əsasında anket doldururlar. Yatarkən məşhur mahnıları dinləyən bu iştirakçıların 33 faizi ecə və ya səhər oyanarkən dinlədikləri mahnıların dillərində dolaşmış (qulaq qurdu) olduğunu bildiriblər. Gündəlik həyatda digərlərinə nisbətən daha çox musiqi dinləyən iştirakçıların daha çox “qulaq qurdu” yaşadıqları və yuxu keyfiyyətinin aşağı olduğu da ifadə edilir.

İkinci mərhələdə bu dəfə orta yaş həddi 21,2 olan, yəni Z nəslinin üzvü olan 50 iştirakçı laboratoriya şəraitində müşahidə edilib. 3 məşhur mahnının qeyri-verbal, yəni instrumental variantı səsləndirilib. Bu arada, bütün subyektlərin qan oksigen səviyyələri, beyin dalğaları, tənəffüs formaları, ürək döyüntüləri, gecə boyu göz və bədən hərəkətləri izlənilib. Lakin nəticə daha da pis olub. Onların daha gec yuxuya getdiyi və yuxunun səmərəliliyi və keyfiyyətinin aşağı düşdüyü aşkar edilib.

Tədqiqatın aparıcı müəllifi, psixoloq Maykl K. Skullin bildirib ki, vəziyyət populyar musiqi sənayesində “təkrarlanan melodiyalar və cazibədar mahnılar” istehsal etmək meyli ilə bağlıdır. Çünki bu tip melodiyalar zehnində asanlıqla yer tapır. Daha çox belə mahnılara qulaq asan insanların yuxu keyfiyyəti daha çox düşə bilir.

Qısası, yatmamışdan əvvəl hər yerdə eşidilən məşhur və tanış mahnıları dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətimizin azalmasına səbəb olur.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

 

 

 

 

 

“Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Min illər boyu həmin ərazilərdə soydaşlarımız yaşayıblar. Heç şübhəsiz ki, min illər ərzində orada Azərbaycan xalqına məxsus çox zəngin tarixi-mədəni irs yaradılıb. Amma 200 il bundan əvvəl başlayaraq mərhələlərlə oraya köçürülən ermənilər həmin mədəni irs nümunələrinin bir hissəsini məhv edib, bir hissəsini isə erməniləşdirərək özününküləşdirməyə çalışıblar, dünya ictimaiyyətinə erməni tarixi-mədəni irsinin nümunələri kimi təqdim ediblər. Buraya xalça, mətbəx, musiqi və sair mədəniyyət nümunələri daxildir.

Qərbi Azərbaycan icması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. "Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Qərbi Azərbaycan icması olaraq belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək”.

 

“Ədəbiyyat və incəsənət” sitatı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlidən gətirib.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

12-Cİ DƏRC

 

 

3-cü kişi diktor davam etdirdi mövzunu:

-15 iyul, 1983-cü il. Paris, Fransa. "Orli" hava limanında türk hava yollarının kassasının qarşısında baş vermiş dəhşətli partlayış nəticəsində 8 nəfər həlak olub, 60 nəfər yaralanıb. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları yer alıb. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs edib, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirilib və 6 nəfərə terror aktının təşkili ilə əlagədar ittiham irəli sürülüb. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alırdı. Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirib ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb.

15 iyul, 1983-cü il. London, Böyük Britaniya. "Orli"də partlamış bombanın analoqu olan partlayıcı qurğu aşkar olunaraq zərərsizləşdirilib.

22 iyul, 1983-cü il. Tehran, İran. Fransanın Tehrandakı səfirliyində və "Eyr Frans"ın ofisində partlayışlar baş verib. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.

29 iyul, 1983-cü il. Tehran, İran. Erməni terrorçuları Fransa səfirliyini raketlər ilə atəşə tutacaqları ilə təhdid ediblər, onların tələbi Fransada həbsdə olan 21 nəfər erməni terrorçusunun azadlığa buraxılması olub. 10 avqustda içərisində partlayıcı maddə qoyulmuş maşın Fransa səfirliyinin qarşısında partladılıb. 17 avqustda  "Eyr Fransın" Tehrandakı nümayəndəsi öz maşınında avtomatik silahla atəşə tutulub.

25 avqust, 1983-cü il. Bonn, Almaniya. Fransa səfirliyində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 23 nəfər isə yaralanıb.

9 sentyabr, 1983-cü il. Tehran, İran. Fransa səfirliyinə məxsus iki avtomobil partladılıb. Partlayışlar nəticəsinddə səfirliyin iki əməkdaşı yaralanıb.

1 oktyabr, 1983-cü il. Marsel, Fransa. Beynəlxalq ticarət yarmarkasında baş vermiş partlayış nəticəsində, SSRİ, ABŞ və Əlcazairə məxsus pavilyonlara ziyan dəyib, bir nəfər həlak olub, 26 nəfər yaralanıb. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.

4-cü kişi diktor:

-6 oktyabr, 1983-cü il. Tehran, İran. Fransa səfirliyinin avtomobili partladılıb, iki nəfər fransız diplomatı yaralanıb. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.

29 oktyabr, 1983-cü il. Beyrut, Livan. Fransa səfirliyinin qarşısında dayanmış avtomobildən çıxan bir nəfər səfirliyin pilləkanlarına əl qumbarası atıb, terrorçu hadisə yerindəcə yaxalanıb.

28 mart, 1984-cü il. Tehran, İran. Tehranda çalışan bir sıra türk diplomatlarına hucumlar təşkil olunub. Həsən Servet Ötgemə - Türkiyə səfirinin katibinə evindən çıxarkən terrorçular hücum ediblər, diplomatı yaralayıblar. İki erməni terrorçusu baş çavuş İsmayıl Pamukçuya atəş açaraq onu ağır yaralayıb. Səfirliyin inzibati məsələlər üzrə ataşesi polisə onun evinin qarşısında duran iki nəfər şübhəli şəxs barədə məlumat verib. Polis erməni terrorçularını həbs edib. Sonradan polis daha üç erməni terrorçusunu Türkiyə səfirliyinin qarşısında həbs edib. Suren Qriqoryan adlı erməni terrorçusu türk diplomatının maşınına quraşdırmaq istədiyi partlayıcı qurğunun vaxtından əvvəl işə düşməsi nəticəsində həlak olub.

28 aprel, 1984-cü il. Tehran, İran. Türkiyə səfirliyinin əməkdaşı Sədiyyə Önder həyat yoldaşı İşık Öndər tərəfindən idarə olunan avtomobillə işə gedərkən avtomobil motosiklla hərəkət edən iki erməni terrorçu tərəfindən atəşə tutulub. Bu zaman İşık Öndər həlak olub.

13 avqust, 1984-cü il. Lion, Fransa. Lion dəmir yolu vağzalında partlayış baş verib.

10 sentyabr, 1984-cü il. Tehran, İran. İranda çalışan bir neçə türk şirkəti ASALA-dan hədələyici məktublar alıb, türk tikinti şirkətlərindən birinin ofisinə qumbara atılıb, bir nəfər türk vətəndaşı yaralanıb.

1-ci qadın diktor:

-25 dekabr, 1984-cü il. Beyrut, Livan. Fransaya məxsus iki bina partladılıb.

3 yanvar, 1985-ci il. Beyrut, Livan. "Frans Press" informasiya agentliyinin ofisində partlayış baş verib, partlayış nəticəsində binaya ciddi maddi ziyan dəyib.

3 yanvar, 1985-ci il. Beyrut, Livan. Hərbi minaaxtaranlar dəstəsi "Fransız-Livan" bankının girişində 6 funt partlayıcı maddə ilə təchiz olunmuş partladıcı qurğu aşkarlayaraq zərərsizləşdirib.

17 mart,1986-cı il. Lion, Fransa. Liondan Parisə gedən qatarda partlayış baş verib.

20 oktyabr, 1987-ci il. Beyrut, Livan. Fransanın Livandakı səfirliyinə hücum təşkil olunub.

11 dekabr, 1991-ci il. Budapeşt, Macarıstan. Türkiyənin Macarıstandakı səfirinə hücum edilib.

1-ci qadın diktor kağızın arxa üzünə baxıb gülümsəyərək söylədi:

-Bitdi, ürəyi çox yuxa olan xanım həmkarım növbəti dəfə əziyyətə qatlaşmaqdan xilas oldu.

Onun zarafatı tamaşaçılar arasında bir canlanma yaratdı. Amma digər diktor qadın əlindəki kağızı göstərib söylədi:

-Əgər biz erməni terrorundan danışırıqsa, çətin bitər o. Mənə 1991-2001-ci illər dönəminə aid terrorlardan bir neçəsinin qeyd edildiyi əlavə kağız verdilər indicə, dedilər, bunların oxunuşu çox vacibdir, mən də onu səhhətimə pis təsir etsə belə oxuyacağam.

Qadın diktor oxumağa başladı:

-26 fevral 1992-ci il –Xocalı, Dağlıq Qarabağ, Azərbaycan. Baş verən bu terror miqyasına görə adi terror səddini aşıb soyqırımı səddinə adladığı üçün Divan bu terrora və onun rəhbərlərindən birinə ayrıca bir proses həsr edib, odur ki, onun barəsində indi heç nə söyləmirik.

3 fevral 1993-cü il - Riqa, Latviya. Erməni terrorçuları "Latviyas Layks" qəzetinin redaktoru, tanınmış jurnalist Tatyana Çaladzeyə sui-qəsd ediblər. T.Çaladze 90-cı illərin əvvəllərində Rusiyada Latviya Xalq Cəbhəsi qəzetinin və “Azad Avropa” radiosunun xüsusi müxbiri işləmiş və erməni terror təşkilatlarının cinayətlərini ilk olaraq işıqlandıran jurnalistlərdən biri olmuşdur.

28 fevral 1993-cü il - Qudermes, Rusiya. Erməni terrorçuları Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partladıblar, nəticədə 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.

11 dekabr 1993-cü il - Bağdad, İraq. Terrorçu erməni silahlıları Türkiyə səfirliyinin attaşesi Çağdar Yücelini qətlə yetiriblər.

4 iyun 1994-cü il - Afina, Yunanıstan. Erməni terrorçuları tərəfindən Türkiyə səfirliyinin diplomatı Xaliq  Sipahoğlu  qətlə yetirilib.

11 may 2001-ci il - İsrail, Təl-Əvivdən onlarca kilometr şimalda İsrail hava hücumundan müdafiə qüvvələri Livanın “Sessna” təyyarəsini vurub salmışdır. Təyyarəni milliyyətcə  erməni olan Stefan Ohanes Nikolyan adlı bir nəfər idarə edirdi. Terrorçu kamikadze Nikolyan İsrailin yaşayış məntəqələrindən birini məhv etməyə cəhd göstərsə də, məqsədi baş tutmamışdır.

Uzun, qapqara faktlarla zəngin bir siyahının oxunuşu hamını yormuşdu, camaata azacıq dincəlmək imkanı vermək lazım idi, amma diktor oxuyub qurtaran kimi bunun fərqində olmadan yaşlı hakim publikaya bir məlumat  çatdırdı:

- 2001-ci ilin dekabrında Amerikanın  Los-Anceles şəhərində erməni cinayətkar mafiyanın üzvləri Aşot Manukyan, Poqos Ketçejiyan, Ovanes İqarayan, Xovsep Keşişyan uzun müddətə azadlıqdan məhrum edilmə cəzasına məruz qalıblar. Bir müddətdən sonra həmin cinayətkar dəstənin başqa bir üzvü Suzanna Onosyan da yaxalanıb və 45 il azadlıqdan məhrum edilib. 45 il iş alan terrorçu qadın olub. Hətta zərif cinsin nümayəndəsinin də bu yola düşməsi çox təəssüfedicidir.

Baş Hakim də bir məlumat çatdırmağı özünə borc bildiyini söylədi:

-Biz erməni terrorunun uzun bir siyahısı ilə tanış olduq. Təkcə son 30 ildə müxtəlif erməni terror qrupları 200 terror aktı törətmiş, 70 siyasi qətlə rəvac vermişlər. Onlar 1500 günahsız insana müxtəlif bədən xəsarəti yetirmişlər. Üstəlik, Xocalı qətliamı. İnsanlığa yönəli, insanların fiziki məhvinə yönəli bu çirkin əməllər günü bu gün elə bilirsiniz davam etmir? Edir, ən müxtəlif formalarda. Nə deyərsiniz, 2020-ci ilin iyulunda Azərbaycana göstərdiyi isti münasibətlərə görə İsrail dövlətindən qisas almaq məqsədi ilə erməni millətçiləri Yerevanın mərkəzindəki Xolokost qurbanı olan yəhudilərə ucaldılan abidəni murdarlasınlar, üzərinə qara boya ilə faşist xaçı çəkərək “yəhudilərə ölüm” yazsınlar?. Bu ölkədə qarışıq kəbindən 213 yəhudi yaşayır, kim zəmanət verər ki, erməni façistləri həmin insanlardan şəxsi qisas almayacaqlar? Hara aparır bu yol bu xalqı?

Baş Hakim əsəbini cilovlayıb su içdi, saatına baxdı. Yalnız bu zaman ön sırada əyləşənlərin yorğun baxışlarına diqqət edib anladı ki, insanlara qısa su fasiləsi vermək yerinə düşər. Dərhal qısa fasilə elan etdi. Özü isə bu müddətdə gənc hakimin “Bəs proses zamanı əsas nədir, cinayətkarın şəxsiyyəti, yoxsa cinayətin predmeti” sualını cavablandırası oldu, söylədi ki, “Hər şey məhz kimin və məhz hansı cinayəti törətməsindən gedir. Eyni cinayətin cəzası müxtəlif insanlar üçün eyni olmur”.

Gənc hakimin məqam düşən kimi özündən yaşca böyük, təcrübəli hakimləri sual atəşinə tutmasına artıq hakimlər alışıblar.

 Bu zaman zəng sədaları eşidildi. Səsgücləndiricilərdən gələn amiranə səs elan etdi ki, qısa fasilə bitib, Müttəhim kürsüsündə əyləşən terrorçu Stepan Zatikyanın tərcümeyi halı səsləndiriləcək.

Fondan diktor səsi eşidildi:

-Zatikyan Stepan Seqbosoviç. 1946-cı ildə Ermənistanda anadan olub. Orta məktəbi qızıl medalla bitirib. Ali təhsillidir. Yerevan Politexnik İnstitutunu bitirib. İnstitutda təhsil alarkən 1966-cı ildə rəssam Aykazun Xaçatryan və tələbə Şaqen Aretyunyanla birgə gizli milli təşkilat yaradıb. Təşkilat Ermənistanın Milli Birləşmiş Partiyası adlanıb. Təşkilatın əsas məramı SSRİ-dən kənarda müstəqil Ermənistan yaratmaq, Türkiyə Ermənistanına aid torpaqları geri almaq olub. Qrup hətta gizli mətbəəyə, “Paros” adlı qəzetə də malik imiş. 1968-ci ildə “antisovet təbliğata görə” o və digər iki təşkilatçı həbs ediliblər.

Ekspertlərin müəyyən dəqiqləşməsindən sonra mətn oxunuşu davam etdirildi:

-4 illik məhkumluq həyatı yaşayan Zatikyan həbs illərini Rusiyanın Vladimir vilayətindəki Dubravlaq həbsxanasında keçirmişdir. Həbsdən sonra Yerevan elektromexanika zavodunda transformator yığıcısı vəzifəsində çalışmış, bununla belə, öz millətçilik fəaliyyətindən də qalmamışdır. Zatikyan hər yerdə müstəqillikdən, sovet despotundan, türklərlə düşmənçilikdən dəm vurur, insanların beyinlərini zəhərləyirdi. O, Daşnaksütun partiyasının yerində yaradılmış Erməni Gizli Azadlıq Ordusu (ASALA)-nın sıra üzvlüyünü qəbul etmişdi. Zatikyan hətta həmin dövrdə SSRİ-də əsla rast gəlinməyən bir addım da atmışdı, o, 1975-ci ildə pasportunu DİN orqanlarına təhvil verərək SSRİ vətəndaşlığından imtina etdiyini bildirmişdi. Zatikyan 1977-ci il yanvarın 8-də Moskva şəhərində həyata keçirilmiş qanlı terror aktının bir ASALA-çı kimi təşkilatçısıdır. Bu cinayətə görə ona SSRİ Ali Məhkəməsi güllələnmə hokmü vermişdir. Hökm icra olunanda Zatikyanın cəmi 33 yaşı vardı. Çox təəssüf ki, həmin dövrlərdə SSRİ-də  mövcud olan dissident hərəkatının ermənipərəst lideri akademik Saxarov himayə etdiyi millətin nümayəndəsinə söz gəlməsin deyə Zatikyanın terror aktında iştirak etmədiyini canu-dildən sübut etmək üçün hərəkətə keçmişdi. Sonrakı illərdə erməni tarixçiləri isə bütün mənbələrdən bu terror xəbərini yığışdırmaq cəhdinə bulunaraq tarixi saxtalaşdırmağa cəhd etmişdilər.

Baş Hakim söz götürdü...

 

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.