ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 20 Noyabr 2023 11:15

Daha mütəşəkkil qaydada! - NÖVBƏTİ ADDIM

“Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış sayt fəaliyyətə başlayıb - günün daha bir vacib xəbəri. 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış western-azerbaijan.az saytı fəaliyyətə başlayıb.

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının yaydığı məlumata görə, saytda Qərbi Azərbaycanın tarixinə, tarixi mahallarına, soydaşlarımızın bu torpaqlarda yaratdığı maddi və mədəni irsə, ərazinin etnodemoqrafik vəziyyətinə, eləcə də “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində çəkilmiş “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminə həsr olunmuş bölmələr yaradılıb. Saytın mənbələr bölməsində Qərbi Azərbaycanın tarixinə həsr olunmuş elmi ədəbiyyatın, müxtəlif dövrləri əks etdirən xəritələrin və sənədlərin rəqəmsal surətləri yerləşdirilib.

 

Azərbaycan, ingilis və erməni dillərində yayımlanan məqalələrdə Qərbi Azərbaycan ərazilərinin inzibati və mədəni mərkəzi olan İrəvan şəhəri də daxil olmaqla bütün mahallarda əcdadlarımız tərəfindən yaradılmış maddi mədəniyyət abidələri (qalalar, məscidlər, saraylar və s.), incəsənət nümunələri (xalçalar, tətbiqi sənət nümunələri), mədəni mühit (ədəbiyyat, teatr, təhsil, mətbuat) haqqında beynəlxalq ictimaiyyətə, eləcə də xalqımıza, xüsusən də gənc nəsilə tarixi mənbələr, rəsmi sənədlər, xəritələr, nadir fotolar vasitəsilə dolğun informasiya çatdırılır.

 

Qərbi Azərbaycanın maddi və mədəni irsinin təbliğinə həsr olunan və 3 dildə (Azərbaycan, ingilis və erməni) fəaliyyət göstərəcək saytın bundan sonra da Qərbi Azərbaycan İcması və AMEA Tarix institutunun Qərbi Azərbaycan Tarixi şöbəsi ilə əməkdaşlıq çərçivəsində genişləndirilməsi və daha da zənginləşdirilməsi nəzərdə tutulur.

 

Saytda təqdim olunan materiallar, eyni zamanda, Qərbi Azərbaycanın tarixi, maddi və mədəni irsi ilə maraqlanan yerli və xarici alimlər, tədqiqatçılar, tələbələr və yuxarı sinif şagirdləri, dünya azərbaycanşünasları üçün istiqamətverici mənbə rolunu oynayacaq.

 

 “Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Bazar ertəsi, 20 Noyabr 2023 10:15

Xalq rəssamı Akif Əsgərov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov 83 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin ünvanladığı başsağlığında deyilir. 

Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Qeyd edək ki, Akif Əsgərov 1940-cı ildə Naxçıvan şəhərində anadan olub. 1958-63-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1963-69-cu illərdə İ. Repin adına Sankt-Peterburq adına Boyakarlıq, Heykəltaraşlıq, Memarlıq Akademiyasında M. K. Anikuşinin emalatxanasında təhsil alıb. Dəzgah və monumental heykəltaraşlıqla məşğul olub. 

1970-72-ci illərdə SSR Rəssamlar İttifaqının üzvü olub. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülüb.

Heykəltaraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərləri Fransa, Almaniya, ABŞ, Türkiyə və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan “Mənim qızım” və Moskvada Tretyakov qalereyasında saxlanılan “Hüseyn Cavid” heykəllərinin adını çəkmək olar.

Bundan əlavə Akif Əsgərov “İblis”, “Topal Teymur”, “Şeyx Sənan” heykəllərinin müəllifidir. O, 2018-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Azərbaycan Respublikasının Kino Agentliyinin 18 iyul 2023-cü il tarixində elan etdiyi film layihələri müsabiqəsinin tələbə alt istiqaməti üzrə məqbul hesab edilmiş layihələrlə bağlı tələbələrlə görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müsabiqənin bu istiqaməti üzrə layihələrin həyata keçirilməsi prosesinin təşkili Agentlik tərəfindən Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərova həvalə edilib. 

Azərbaycan Dövlət Film Fondunda keçirilən görüşdə Elxan Cəfərov tələbələrlə istehsalat prosesi ilə bağlı təcrübələrini bölüşüb. Növbəti görüşlərdə layihələrin təkmilləşdirilməsi və istehsalata hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, film layihələri müsabiqəsinin ikinci mərhələsinin yekununda tələbə alt istiqaməti üzrə 16 layihə məqbul hesab edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Sankt-Peterburqda keçirilən IX Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində noyabrın 17-də “Mədəni suverenlik dövlətin əsasları kimi” mövzusunda plenar iclasda çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Azərbaycan mədəniyyətinin tarixinə nəzər salaraq ölkəmizdə əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı, tolerantlıq şəraitində yaşadığını vurğulayıb. 
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu ənənələri əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir mədəniyyət siyasətinin konseptual əsasları yaradılır, mədəni irsin qorunması sahəsində dövlət proqramları, investisiya layihələri və dəstək tədbirləri həyata keçirilir.
Bildirilib ki, Azərbaycanın mədəni zənginliklərinin qorunması və təbliği üzrə milli və beynəlxalq layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna rol oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Cümə, 17 Noyabr 2023 17:02

Aygün Attar təltif olunub

Könül, “Ədəbiyyat və incəsənət”

 

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı Aygün Attar Azərbaycan Yazıçılar Birliyinin Səməd Behrəngi adına Beynəlxalq Mükafatına layiq görülüb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Komissiyasının təsis etdiyi Səməd Behrəngi adına Beynəlxalq Mükafat Aygün Attara  noyabrın 17-də Qərbi Azərbaycan İcmasının qərargahında təqdim edilib. 

Mükafatı Aygün Attara Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Komissiyasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz təqdim edib. 

Təqdimetmə mərasimində Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərov, Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru Varis və digərləri iştirak ediblər. 

Qeyd edək ki, Səməd Behrəngi adına Beynəlxalq Mükafat Beynəlxalq müstəvidə Azərbaycan ədəbiyyatının təbliği sahəsində xidmətlərə görə verilir. Aygün Attar uzun illərdir ki, Türkiyədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı olaraq ədəbiyyatımızın, o cümlədən Cənubi Azərbaycan ədəbiyyatının təvliğində böyük əmək sərf edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)

 

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, seçim komissiyasının üzvlərinin qiymətləndirməsinə əsasən ikinci mərhələdən dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30 layihə məqbul hesab edilərək növbəti mərhələdə iştirak hüququ qazanıb.

Tələbə alt istiqaməti üzrə isə 16 tələbə layihəsi məqbul hesab olunub.

Müsabiqənin növbəti – layihələrin müdafiəsi (pitçinq) mərhələsi noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunacaq.

Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq müdafiə edəcəklər. Bu mərhələdə Seçim Komissiyası və Ekspert Şurasının rəyi əsasında müəyyən ediləcək qalib layihələr noyabrın 27-də ARKA-nın rəsmi internet səhifəsində (arka.culture.az) elan olunacaq.

İştirakçıların müsabiqənin yekun nəticələri ilə bağlı şikayətlərinə Apellyasiya Komissiyası baxıb müvafiq qərar qəbul edəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(17.11.2023)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr-3 dekabrda “Yaradıcı Həftə” təşkil ediləcək.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçiriləcək.

Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklərin iştirakı ilə təşkil olunan bu həftə çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək, ölkəmizdə ilk dəfə “Musiqi Sənayesi Platforması”nın yaradılması istiqamətində addımlar atılacaq.

Eyni zamanda “Yaradıcı Həftə”də kreativ məhsulların sərgisi, hakatonlar, yaradıcı diskusiyalar, müsabiqələr, festivallar, təqdimatlar və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)

 

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Dəyərli oxucular. Bu soyuq payız günündə sizlərə Toyuqla yaşıl mərci şorbası yemək tövsiyyə edirəm. Sonunda mənə çox sağ ol deyəcəyinizə əmiməm! 

 

 

 Lazım olan ərzaq:

 

 1 kq toyuq

300 qr yaşıl mərci

3-4 ədəd pomidor

 2 ədəd kök

 2 ədəd soğan

1 dəstə cəfəri

kəklikotu, reyhan (quru)

duz, istiot

2 diş sarımsaq

ərinmiş kərə yağı

 

Hazırlanması:

 

1. Toyuğu tikələrə doğrayın.

2. Soğanı xırda doğrayırıq, kökü sürtgəcdən keçirdin.

3. Pomidorları soyun, sürtgəcdən keçirin.

4.Divarları qalın olan qazanda kərə yağında soğanı və kökü 3-5 dəqiqə ərzində qızardın.

5. Üzərinə toyuq tikələrini, üzərinə mərci qoyun.

6. 700 qr qaynar su, pomidor kütləsini əlavə edirik.

7. Hərəsindən 1 çimdik kəklikotu və reyhan əlavə edin, sarımsağı sarımsağəzənlə əzin və kütləyə əlavə edin, duz, istiot vurun.

8. Qazanın qapağını bağlayın, orta odda qaynara düşənə qədər çatdırın, sonra vam odda 40-60 dəqiqə ərzində bişirin.

9. Masaya verdikdə üzərinə xırda doğranmış cəfəri səpin.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Çox-çox adi dolanan,

Dünyaya, cahana, insana.

Gələcəyə inanan,

Tələbə, tələbə, tələbə. 

 

Hay eşitsə, hay verən,

Qəmini saxlayan, gizləyən.

Sevincindən pay verən,

Tələbə, tələbə, tələbə. 

 

Sızlar yada düşəndə,

Ürəyimin telləri.

O mehriban, o əziz,

Tələbəlik illəri. 

 

Hələ şagird ikən bir arzu tumurcuqlanar qəlbində. Orta məktəbi bitirib, ali məktəbə daxil olmaq və uşaqlıqdan bəri sevdiyin və arzuladığın  o peşəyə yiyələnmək. 

Həkim, müəllim, jurnalist və ya mühəndis...

Bu arzuya çatmaq üçün zəhmət çəkər, var gücünlə çalışarsan. Qəbul imtahanlarına hazırlaşar və yavaş-yavaş əməyinlə cücərdərsən o arzunu.

İmtahan yaxınlaşdıqca həyəcanın daha da artar. Bir yanda orta məktəbi bitirməyin hüznlü sevinci, bir yanda isə gələcək və karyera ümidləri və təlaşları ağuşuna alar səni. Elə ki, imtahan günü gəlib çatar, test kitabçasını əlinə verdiklərində əllərin titrəyərək açarsan onu. Və həyatını dəyişdirəcək o imtahan dəqiqələri başlayar. Çox güman ki, hər kəs imtahandan  çıxandan sora dönüb bir imtahan binasına nəzə salar və düşünər: “Görəsən neylədim?", "Görəsən bacardim?"

İmtahan bitər  bu dəfə də balların çıxmasını gözləyərsən. Dualar edərsən ki, istədiyin ixtisasa qəbul olacaq qədər bal toplamış olasan. Balların çıxmasını gözləmək də elə imtahan zalında sualların cavabını tapmaq qədər çətin gəlir insana.  Bu müddətdə nəbzində, hətta gözlərində bir təlaş olar, həyatının ən önəmli xəbərlərindən birini gözləyərsən.  

Sonra ballar çıxar və balını öyrəndiyində  içindəki ağırlıq, nigarançılıq qismən yox olar. Sevinclə ixtisas seçərsən. İçindəki ümidlər daha da artar. Və bir qədər də intizar çəkəndən sonra hansı təhsil müəssisəsinə və hansı ixtisasa qəbul olduğunu öyrəndiyin  an kəpənəklər uçuşar sanki qəlbində. Ayaqların yerdən kəsilər, sevincindən uçarsan sanki. Bir həyəcan sarar bədənini.

"Mən indi tələbəyəm???"

Sevincdən nə edəcəyini bilməzsən. Təxəyyülündə özünü tələbə kimi təsəvvür etməyə başlayarsan artıq. Diləyirəm ki, tələbə olmaq istəyən hər bir kəsə bu anı yaşamq qismət olar inşAllah. Tələbə olmaq, o həyatı yaşamaq həqiqətən də möhtəşəm bir hissdir. Ömrün ən gözəl çağı gənclik, gəncliyin ən gözəl  illəri isə tələbəlik illəridir.  

Çətinlikləri olsa da, bəzən hətta bezdiyiniz anlar belə olsa da, buna rəğmən yenə də yaşamağa dəyər, çünki tələbəliyin ən maraqlı tərəfi də elə bunlardır. Savadlı bir kadr, geniş dünyagörüşlü bir şəxsiyyət və hərtərəfli inkişaf etmiş bir insan kimi formalaşmaqda tələbə həyatının hər bir mərhələsi, acılı-şirinli hər bir anı, hər bir xatirəsi öz rolunu oynayır.

Bəli, acısıyla-şiriniylə yenə də tələbəlik illəri tamam ayrı və sanki sehirli bir aləmdir. 

Səhərlər tezdən durub deyinə-deyinə dərsə getmək. Gecikdiyin vaxtlarda qb yazılıb deyə məyus olmaq. Hətta bəzən  2/45 dərsdə oturub dərsin sonlarına yaxın dinc oturmadığın üçün dərsin bitməyinə 5 dəqiqə qalmış qb alıb dərsdən qovulmaq, dərs  öyrənmədiyin üçün min bir bəhanə gətirib dərsi fırlatmaq, müəllim yeni dərs keçməsin və ya dərsi sorusmasın deyə müxtəlif suallar verib müəllimi danışdırıb, başını qatıb dərsi qaynatmaq, bəzən dərslərdən, tədbirlərdən qaçıb evə və ya gəzməyə getmək, bəzən 2 qiymət alanda "Tələbənin ikisi də olar " və ya imtahandan kəsiləndə  "Tələbənin kəsri də olar" deyib özünə təsəlli vermək. Bəzən əziyyət çəkib çalışıb amma yenə də müəllimi qane edə bilməmək, müəllimlə dil tapa bilməmək və buna görə zəif qiymət almaq  və ya kəsilmək. Evdən, ailədən uzaqda öz qayğını çəkmək, özünə yemək bişirmək, bəzən yandırıb, qaçıb dönər almaq, bəzən ac qalmaq. Xəstələnəndə ana nəvazişinə ehtiyac olanda məcbur qalıb öz başının çarəsinə baxmaq. Etibarlı və ya vəfasız dostlar qazanmaq. Semestr imtahanının cavabını gözləyərkən kəsr stresi yaşamaq da elə tələbəliyin ləzzəti və özüdür. 

Bu gün 17 noyabr beynəlxalq tələbə günüdür. Əziz tələbələr bayramınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)

Noyabrın 18-dən Müasir İncəsənət Muzeyində rəssam Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” sərgisi sənətsevərlərin ixtiyarına veriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı rəssama istinadən xəbər verir ki, sərgidə son illərdə yaradılan 56 rəngkarlıq, 26 qrafik əsər nümayiş olunacaq. 

Bəs niyə “Anlam”?

Soltan Soltanlı nə çəkirsə-çəksin, hökmən hər bir əsərdə anlam ifadə edir. Rəssam mövzularını həyatın içindən çıxarır, hadisələrə dərin anlam verir və onları tamaşaçıya qeyri-adi şəkildə təqdim edir.

Sərgidəki əsərlər “Qadın”, “At”, “Xəyali mənzərələr” və “Qarışıq” mövzuları üzrə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, Soltan Soltanlı 1997-ci ildən bugünədək dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışma, festival və sərgilərdə ölkəmizi təmsil edir.

Bu müddətdə o, çoxlu beynəlxalq mükafatlara layiq görülüb, yüzlərlə sərgidə iştirak edib, eləcə də, əsərləri yüzlərlə kataloqda nəşr olunub. Əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.

O, təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələrilə məşğul olur.

“Anlam” sərgisi dekabrın 2-dək davam edəcək.

Buyurun gəlin, hörmətli sənətsevərlər!

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.