
Super User
GÜNÜN FOTOSU: Devid Kemeron məhz Kiyevə getdi
GÜNÜN FOTOSU: Devid Kemeron məhz Kiyevə getdi
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Rubrika üçün məhz AP agentliyinin (by Alexander Kazakevich) bu fotosunu seçməyim heç də əbəs deyil. Çünki bu foto dünya siyasətinin hazırkı prioritetinə bir daha önəm verir.
“Yaxın Şərqdəki müharibəyə baxmayaraq Ukraynanı unutma” – Britaniyanın yeni xarici işlər naziri Kiyevə dəstək vəd etdi.
Gözlənilmədən siyasətə qayıdan David Kemeron - Britaniya diplomatiyasının rəhbəri olaraq xaricə ilk işgüzar səfəri üçün məhz Kiyevi seçdi.
"Əlamətdar bir görüş. Cəbhə üçün silahlar, hava hücumundan müdafiənin gücləndirilməsi, insanlarımızın və kritik infrastrukturun qorunması. Dəstəyə görə Böyük Britaniyaya minnətdaram" deyə Vladimir Zelenski sosial şəbəkələrdə yazıb.
Forin ofisinin yeni rəhbəri İngiltərənin Ukraynaya "mənəvi, diplomatik, iqtisadi, lakin hər şeydən əvvəl hərbi dəstək"verməyə davam edəcəyinə söz də verdi.
Bu arada bir ölkənin dinc əhalisini bombalayan Rusiyanın Sankt-Peterburqda mədəniyyət(???) forumu keçirərək 30 ölkənin mədəniyyət nazirini bir araya gətirməsinin mesajı nədir, bax bu anlaşılmır.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Rəsm qalereyası: Vədud Müəzzin (Cənubi Azərbaycan), “Natural mənzərə”
Bu gün Vədud Müəzzinin Bakıda fərdi sərgisi açılacaq
Könül, “Ədəbiyyat və incəsənət”
Təsviri sənət sevərləri paytaxtımızda düzənlənən hər bir sərgini maraqla izləyirlər. Bu dəfə lap maraqlı olacaq. Çünki Bakıya məşhur rəssam, heykəltəraş, musiqiçi, əslən Güney Azərbaycandan olan Vədud Müəzzin gəlir.
Muzey Mərkəzinin Sərgi Qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçiriləcək fərdi sərgi təsviri sənət bilicilərini, sənətsevərləri və təsviri sənət həvəskarlarını müəllifin yaradıcılığına xas olan bənzərsiz ab-havaya köklənməyə dəvət edir.
Sərgidə Vədud Müəzzinin meşələrin gözəlliyini, atların ruhunu, insan portretlərinin dərinliyini və Azərbaycanın nəfəs kəsən mənzərələrini əks etdirən 50-yə yaxın əsəri nümayiş olunacaq.
Qeyd edim ki, rəssamın çəkdiyi Habil Əliyevin portreti çox məşhurdur, bir çox yerlərdə sərgilənərək bəyənilib.
Sərginin məhz “Heydər Əliyev İli”nə həsr olunması Vədud Müəzzinin əsərlərindən ibarət sərginin ilk dəfə 2002-ci ildə Azərbaycanda keçirilməsinə görə Azərbaycan xalqının Ulu Öndərinə dərin minnətdarlığın bariz nümunəsidir.
Qeyd edək ki, bu, Vədud Müəzzinin Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunan sayca dördüncü sərgisidir.
Qalereya ilk dəfə 2013-cü ilin noyabrında rəssamın öz zənginliyi, parlaqlığı və bənzərsiz realizmi ilə heyran qoyan əsərlərini bakılılara və paytaxtın qonaqlarına təqdim edib. Ustadın əvvəlki sərgiləri isə 2018 və 2019-cu illərdə keçirilib.
Vədud Müəzzin 1960-cı ildə İranın Ərdəbil şəhərində anadan olub. O, öz yaradıcılıq fəaliyyətinə 1980-ci ildə başlayıb. Rəssam indiyədək ABŞ (Kaliforniya), Kanada və Avropada (Münhen və Paris) fərdi və qrup şəklində sərgilərdə iştirak edib. Məşhur rəssam təsviri sənət sahəsində müəllimlik fəaliyyəti ilə də məşğul olub və rəsm əsərləri ilə yanaşı, bir çox heykəltəraşlıq nümunələrinə də imza atıb.
"Mistik dünyalar" sərgisi sənətsevərləri həyatın ən dərin elementlərinin parlaq tərənnümünü əks etdirən ecazkar aləmə dəvət edir. Vədud Müəzzinin fırçası sehrli çubuq kimi insanın gözləri önündə möcüzələr dünyasını canlandırır, insanın ruhunu təbiətin şeriyyətini kəşf etməyə səsləyir. Təsviri sənətin və təbiətin gözəlliyinin mükəmməl vəhdətini, ruhun sehrinin hökm sürdüyü və təbiət möcüzələrinin əks olunduğu aləmi təsvir edən əsərlər öz sehri ilə insanın ruhunu valeh edir.
Sərgiyə noyabrın 17–21-də saat 10:00-dan 18:00-dək giriş sərbəstdir.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 49, Muzey Mərkəzi (4-cü mərtəbə).
Əminəm ki, bu sərgi içi çən qarışıq bütün sənətsevərləri razı salacaq.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Məşhur kamança ifaçısı Mark Eliyahu növbəti dəfə Bakıda çıxış edəcək
Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də Heydər Əliyev Sarayında çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı ticket.az-a istinadən xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.
Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.
Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Qazaxıstandan qaçıb gəl ki, Qarabağ uğrunda şəhid olasan!
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Qarşımda bir kitab var. Üz qabığı donmuş qan rəngində. Üzərindəki “Şuşa”, “Tərtər”, “Azərbaycan”, “Qarabağ” sözləri də o qanın donmuş rənginə bulaşıb. Kitabın adı isə “Yerbol- Qarabağ şəhidi”dir.
İlk baxışda və oxuda deyə bilərsiniz ki, Qarabağ sözü onsuz da dünənə qədər daha çox şəhid sözü ilə müşaiyət olunurdu.
“Yerbol- Qarabağ şəhidi” kitabı qazaxıstanlı publisist-jurnalist Nasiha Kumarqızının ikinci kitabıdır. Azərbaycana və Qarabağ həqiqətlərinə həsr etdiyi birinci kitabı isə “Qarabağ- evə gedən uzun yol” kitabı idi. Bu kitabda da adından göründüyü kimi türk dünyası və Qarabağ, Azərbaycan savaşımızın həqiqətlərini yazıb.
Nasiha xanım Azərbaycanı, doğulduğu vətəni Qazaxıstan qədər sevir. Bu gün həyatımızın sosiallaşması hamımıza aiddir. Sosial şəbəkələrdə onun səhifələrini izləyəndə görürsən ki, bu xanım Azərbaycanla nəfəs alır. Burada baş verən hər bir hadisəni izləyir, barəmizdə deyilən yaxşı fikri alqışlayır, bizim haqqımızda bədnam danışanları isə öz iti qələməi və müdrik ağlı ilə cavablandırır. Hətta bizi istəməyənlər tərəfindən təhdid olunub, torpaqlarımızı 30 il işğal altında saxlayan bədnam qonşularımız ona qiyabi “ölüm hökmü” çıxarıblar.
Nasiha isə Azərbaycan həqiqətlərini araşdımaqdan, yazmaqdan yorulmur. Çünki o da bir türk qızı kimi bilir ki, Turanın yolu, Böyük İpək yolu Qarabağın azadlığından, Azərbaycan torpaqlarının bütövlüyündən keçir.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Vətənimizi, millətimizi, türk dünyasının birliyini istəyən çox oğullar canından keçdi. 1992-ci ildən bu günə qədər onlar şirin canlarını Azərbaycan uğrunda qurban verməyə hazır oldular. İstər 1992-ci ildə, istər 2016-cı ildə, istərsə də 2020-ci ildə türk torpaqlarında yaşayan nə qədər oğul-qızlarımız başladığımız haqq savaşında Azərbaycana gəlib haqq yolunda döyüşmək istədilər.
1992-ci ildə də belə idi. Bir əziz qazax dostum deyir ki, 1992-ci ildə Almatının küçələrində qurulan çadırlardan birində Qarabağa könüllü döyüşmək üçün gedənlərin siyahısını tuturdular. Bu o zamanlar idi ki, sabiq sovetlər birliyindən ayrılan türk öılkələrində milli oyanış başlamışdı.
Nasiha Kumarqızının yazdğı yeni kitabı, həmin illərdə Qazaxıstanda hərbi hissəni tərk edərək Azərbaycana döyüşmək üçün gələn Yerbol Turexan oğlu Barımbetov haqqındadır. O, Bakıya yetişəndən sonra hərbi hissələrin birinə müraciət edərək Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün icazə alır. Desant qrupunda yetişən bu oğlan istedadlı kəşfiyyatçı idi. Kitabı oxuyanda onun necə mühüm əməliyyatlarda iştirak etdiyindən xəbərdar olursan.
Yerbol Barımbetovun qəhrəmanlığı haqqında mən də dəfələrlə məqalələr yazmışam. Hər dəfə yolum II Şəhidlər Xiyabanına düşəndə gedib onun da məzarı ilə salamlaşıram. Onu görməyən ata-anası adından Yerbolla söhbət edirəm. Axı, Yerbol burada həm də qərib şəhiddir. Oxucularımıza xatırladım ki, Yerbol 776-cı alayda xidmət edirdi. Onun rəhbəri olduğu kəşfiyyat qrupu ilə 9 nəfərlə 1994-cü ilin aprelin 20-də Ağdərədə son döyüşə girdiyi yerdən bircə nəfər döyüşçü - aldığı ciddi yaralara baxmayaraq Mehman Məmmədov sağ qalmışdı. Qalan 8 nəfər sonuncu döyüşdən geri qayıtmamışdı. Düz 28 ildən sonra Yerbolun sağ qalan digər döyüş dostları onun ailəsini Almatının Korağatı kəndində tapdılar. Artıq Yerbolun ata-ansı dünyadan nakam köçmüşdü.
Ötən il 20 apreldə Yerbolun ortancıl qardaşı Nurbol Barımbetov gəlib qardaşının məzarını ziyarət etdi. O çox dəhşətli mənzərə idi. II Şəhidlər Xiyabanında uyuyan qardaşının məzarına ata-anasının məzarından götürdüyü torpaq gətirmişdi. Buradan qayıdanda da onların məzarına səpmək üçün torpaq apardı.
Həmin vaxt qazaxıstanlı jurnalist həmkarımız Nasiha Kumarqızı da gəlmişdi. Dedi ki, Yerbol haqqında kitab yazacaq. Həmin gündən etibarən Azərbaycanı kənd-kənd, şəhər-şəhər gəzib Yerbolu tanıyan bütün dostlarının evinə getdi. Onun haqqında olan sənədləri, materialları topladı.
İndi o kitabı Azərbaycanda təqdim etdi. Nəfis və gözəl bir albom-kitab yaratdı. Özünün dediyi kimi “sadə bir qazax balasının qəhrəmanlıq dolu həyatını” yazdı. Heç bir təmənna güdmədən, öz halal zəhməti ilə bu kitabı çap etdirdi.
Bizim çoxumuzun əvəzinə işlədi. Bəlkə də heç 776-cı alayın Yerbol Barımbetovun rəhbətlik etdiyi kəşfiyyat qrupunun şəhid olan üzvləri haqqında Azərbaycanda heç kim yazmayıb. Nasiha xanım o şəhid ailələrini arayıb tapdı. 20 aprel 1994-cü ildə Ağdərədə şəhid olan Səfərov Vüqar Eldar oğlu, Məmmədov Nail Aslan oğlı, Nəsirov Fuad Məhərrəm oğlu, Yunusov Seyfəddin Ağasəf oğlu, Nağıyev Zaur Misir oğlu, Əliyev Xeyrəddin Ələddin oğlu, Qasımov Rüstəm Qənimət oğlu haqqında az və çox məlumatlar toplayıb, bu kitabda onların adını bir də əbədiləşdirdi.
Kitabda həm də Yerbol Barımbetovun döyüş dostlarının xatirələri yer alıb.
Bizim tanımadığımız Yerbolun doğulduğu Almatı vilayətinin Karağatı kəndinə də gedib müəllif, sadə kəndçi ailəsində Yerbolun bütün qohumları, sinif yoldaşları ilə görüşüb. Möhtəşəm bir iş, möhtəşəm bir əmək!!!
Bu Azərbaycanın döyüş salnaməsini özündə əks etdirən Müqəddəs kitabda Həm də Yerbol Barımbetova həsr olunan şerlər vardır.
“Yerbol –Qarabağ şəhidi” kitabının ilk təqdimatını Almatı şəhərində Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Azərbaycan səfilriyimiz yüksək təmtəraqla qeyd edib. Daha sonra bu kitab Astanada “Xəzər” Azərbaycan Diasporunun nümayəndələrinə təqdim olunub.
İndi Azərbaycanın Zəfər bayramlarında Yerbolu tanıyan azərbaycanlılarımız onun doğulduğu evi ziyarət edirlər.
AMEA-nın elmi kitabxanasında “Yerbol –Qarabağ şəhidi” kitabının təqdimatı keçirildi. Kitabın təqdimatına Yerbol Barımbetovun qardaşı Nurbol Barımbetov və 14 yaşlı oğlu Erbolat Barımbetov da gəlmişdilər. Diqqətimi bir məqam çəkdi. Balaca Erbolat Azərbaycanda şəhid olan əmisinə çox bənzəyirdi. Və mən ona baxanda fikirləşdim ki, şəhidlər həqiqətən də ölmürlər. Məqam gözləyirlər ki, yenidən dünyaya gəlsinlər. Yerbol isə hələ ata-anasının sağlığında Erbolatın cismində dünyaya gəlib. Elə buna görə də ana öz nəvəsinə Yerbolun (qazaxlar onun adını Erbol yazırlar. Red.) adına uyğun ad seçib. Adını Erbolat qoyub. Yəni ƏR POLAD! Bu balaca Ər Polad dedi ki, Azərbaycanda zabitlər məktəbində oxumaq arzusu vardır.
Azərbaycanla nəfəs alan Nasiha xanım bizim qəhrəmanlıq tariximizə bir gözəl MÜQƏDDƏS KİTAB hədiyyə etdi. Bu kitabı əlinə alan hər kəs öpüb gözü üstünə qaldırmalı, oxumalı və evinin ən gözəl yerində yadigar saxlamalıdır. Bir türk qızının yazdığı Azərbaycan ZƏFƏRİ səlnaməsidir! Alnından və gözlərindən öpüləsi xanım Nasiha Kumarqızı çıxışını belə bitirdi:
“Mən türk qızı kimi çox bəxtliyəm ki, bir ana kimi, jurnalist kimi, Qazaxıstan vətəndaşı kimi türk dünyasının qəhrəman oğlu Yerbol Barımbetovun həyatını qələmə aldım. Hər sətirində göz yaşım var o kitabın. Nə gözəl ki, bu kitab da Azərbaycanın Zəfər günlərində işıq üzü gördü”.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Və nəticə əldə etməli!!!
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:
Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.
Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.
Öncə ARZULAMAQ barədə danışdıq:
1. Arzulamaq
«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.
Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.
Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.
Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.
Sonra qarşıya məqsəd qoymaq barədə danışdıq.
2.Qarşıya məqsəd qoymaq
İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Arzu palitrası çox rəngarəng olan insanlar var ki, onlar bu arzuların heç birinin ardınca getmirlər, öz arzularını məqsədə çevirmirlər. Ucqar dağ kəndində yamacda qoyun-quzu otaran savadsız bir çobanın prezident olmaq arzusu ola bilər, amma bu, heç bir reallıqla uzlaşmayan bir xülyadır, onu məqsədə çevirmək belə mümkünsüzdür. Məqsədə yalnız insanın potensialı ilə uzlaşan, kənar mühitlə ziddiyyət təşkil etməyən arzular çevrilə bilir.
Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt.
Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.
Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.
Bütün məqsədlərinizi əhəmiyyət dərəcəsinə uyğun sıralayıb özünüz üçün ən əsas məqsədi seçin.
Məqsədlərinizi zamanla uzlaşdırıb «qısa zamanda həll olunacaq» və «uzun zamanda həll olunacaq»lara bölün. Əsas məqsədiniz isə daha çox zaman tələb edən strateji məqsəd olacaq.
Sonra Planlaşdırma barədə danışdıq.
3.Planlaşdırma
Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Bu sahəni ayrıca təhqiq elədiyim üçün onun üzərində geniş dayanmalı olacağam. Amma indi yox, növbəti hissələrdən birində.
Sonra da Hazırlaşmaq barədə danışdıq.
4.Hazırlaşmaq
Arzuladınız, qarşınıza məqsəd qoydunuz, planlaşdırdınız. Növbəti, dördüncü addım hazırlaşmaqdır. Bura həm məqsədinizə çatmaq üçün seçdiyiniz hədəfə aid biliklərinizi artırmaq, bol informasiya toplamaq aiddir, həm lazım olacaq maddi resursları əldə etmək, özünü lazım olan sosial-inzibati şərtlərə uyğunlaşdırmaq, bu yolda sənə yardım edə biləcək tərəfdaşları müəyyənləşdirmək lazımdır, həm də öz obrazını məqsədə doğru gedən insan obrazı ilə uyğunlaşdırmaq lazımdır.
Öncə öz vəziyyətiniz, hiss və emosiyalarınızı idarə etməyi öyrənməlisiniz. Məqsədin vizuallaşdırılması, xəyali obrazının yaradılması emosional vəziyyətlə bilavasitə bağlı olur. Məşhur deyim var, deyirlər – əgər varlı olmaq istəyirsənsə, özünü varlı hesab et, sağlam olmaq istəyirsənsə xəstəliyi və həkimləri unudaraq hər gün sağlam adam halı yarat, xoşbəxt olmaq istəyirsənsə, ol!
Heç vaxt naşükür olmayın, əlinizdə olan hər şey üçün şükür edin. Hər gün özünüzdə yaxşı əhval-ruhiyyə, optimizm, hər şeyə pozitiv münasibət yaradın. Unutmayın, yaxşı fikirlər sizə yaxşılıqlar gətirəcək, pis fikirlərsə pisliklər.
Hazırlıq mərhələsində mütləq özünəgüvən, özünəinam hisslərinizi möhkəmləndirin. Heç vaxt özünüzün qüvvənizə şübhəniz olmasın. Özünə inanmayan, öz uğuruna şübhələnən kəs bu uğuru heç zaman qazana bilməyəcək.
Məqsədə çatmaq üçün qərar qəbulunda müstəqillik şərti mütləqdir, eləcə də qətiyyət çox vacib keyfiyyətdir.
Bütün lazımi təmrinlərə əməl edib öz yetkin obrazınızı yarada bilməyiniz üçün dağıdıcı emosiyalardan (qorxu, qəzəb, nifrət, inciklik, paxıllıq və s.) qopmaq, sevməyi öyrənmək də çox vacibdir. Sevmək hissi, sevgi enerjisi insana güc və qüvvət gətirir, onu tam həyat energisi ilə təmin edir.
Özünəinam, sevgi, sevinc, ekstaz, optimizm, inam və özünü dəyərləndirə bilmək – bunlar birlikdə dərin daxili enerji yaradırlar. Amma şübhə, kədər, qorxu, narahatçılıq isə əksinə, bizi enerjidən məhrum edirlər.
Karlos Kastenada yazır: «Biz gah özümüzü güclü, gah aciz edirik və bu halın hər ikisinə də eyni qüvvə sərf edirik».
Belə isə, niyə biz öz qüvvəmizi özümüzü aciz etməyə sərf edək?
İnsanın fiziki vəziyyəti də onun hissləri və emosiyaları ilə bağlıdır. Buna görə də dik oturmaq, dik gəzmək, gülümsər çöhrəyə malik olmaq çox vacibdir.
Sağlamlıq da uğura, məqsədə çatmaq yolunda vacib faktordur. Sağlam həyat tərzi, bədən tərbiyəsi və idman, faydalı qidalar, daimi həkim müayinələri, profilaktika – bunlar zəruri təmrinlər olmalıdır.
Motivasiyaedən kitablar oxumaq, yüngül, şən musiqi dinləmək, karaoke oxumaq, rəqs etmək, deyib-gülmək, bütün bunlar sizə əlavə stimul verəcək.
Və uğurlu insan olmaq üçün, unutmayın ki, mütləq özünüzdə intuisiya formalaşdırmağı bacarmalısınız. Düşünmə qabiliyyətinizə əl gəzdirməli, tez qərar qəbul etmə xüsusiyyətinizi formalaşdırmalısınız.
İntuisiya formalaşdırmaq üçün sakitliyi dinləmək effektiv rol oynayır. Gün ərzində heç olmasa yarım saat insan özü ilə qalmalı, bu zaman daxili dialoqu dayandırmalıdır.
İntuisiya nədir? Psixoloqlar buna bəzən daxili səs, bəzən altıncı hiss deyirlər. Amma heç bir halda intuisiyanı mifik bir şey hesab etmək olmaz. Amerikalı neyropsixoloq Robert Sperri 1981-ci ildə Nobel mükafatını məhz intuisiyanın fövqəladi bir hiss olmadığını, beyinin sağ yarımkürəsinin normal funksiyası olduğunu sübut etdiyi üçün almışdır. Belə ki, o, bəyan etmişdir ki, beyinin sol yarımkürəsi məntiqə və abstrakt təfəkkürə cavab verdiyi halda beyinin sağ yarımkürəsi informasiyanı obrazlar şəklində qəbul edib araşdırma xüsusiyyətinə malikdir. Bir sözlə, intuisiya şüuraltı alternativ ağıldır, əslində o, hamıda var, ancaq kimlərdəsə inkişaf edib, kimlərdəsə yox. Demək, treninqlər vasitəsi ilə onu hər kəs gücləndirə bilər. Bəs nə cür?
- Öz intuisiyanızla dostlaşın. İlk öncə öyrənin ki, şüuraltınız sizə hansı siqnalları göndərir;
- İntuisiyanızın necə yarandığını öyrəndikdən sonra onu lazımi anlarda işə salmağı öyrənin;
- İntuisiyanıza azadlıq verin, gün ərzində bir çox ağlasığmaz ehtimallar irəli sürün, get-gedə düzgün ehtimallarınız sayca xeyli artacaq;
- Məntiq çərçivəsindən qopun, daha çox yaradıcı təxəyyülə meyl edin.
Düşünmək, analiz etmək, tez qərar qəbul edə bilmək qabiliyyətinizə isə ən müsbət təsir edə biləcək bir şey şahmat oyunu ola bilər. Xüsusən seytnot vəziyyətindəki adi şahmat, yaxud, blits-şahmat oyunu.
Şəxsən mən özüm hazırkı düşünüb dərindən analiz edə bilmək, eləcə də ani qərar verə bilmək qabiliyyətim üçün şahmat oyununa çox borcluyam.
Sonra Fəaliyyətə başlamaq barədə danışdıq.
4.Fəaliyyətə başlamaq
Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Azərbaycanlı yazıçı Varis Yolçuyevin belə bir aforizmi var, «Özünün ən güclü zərbələrini yaşadığın zəmanənin ən zəif vaxtına saxla».
Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla.
Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir.
Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.
Və ən sonda Nəticə əldə etmək gəlir.
1. Nəticə əldə etmək
Yalnız bütün şərtlərə doğru-dürüst əməl etdikdən sonra siz bir müddət öncə arzu şəklində olan, sonradan məqsədinizə çevrilən bir istəyinizi tam reallaşdıra biləcək, öz uğur formulunuz ilə uğurlu insana çevriləcəksiniz.
Beləliklə, mən uğur formulasının ən çox rast gəlinən formasını sizlərə təqdim etdim. Əlbəttə, kitab boyunca həm bu uğura gedən 6 addım, həm də digər addımlar barədə ən müxtəlif fikirlərlə, mövqelərlə də tanış olacaqsınız.
Hələlik isə bir şey deyim:
Bütün işlərin önündə başlamaq dayanır, tərəddüd etməyin, sadəcə başlayın!
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
POETİK QİRAƏTdə Musa Ələkbərlidən “Qoyma məni qocalmağa”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Musa Ələkbərli görüşür.
QOYMA MƏNİ QOCALMAĞA
Ay tanrımın söz sovqatı,
Göy uzaqdı, yer də qatı.
Kökdə saxla bu ovqatı,
Qoyma məni qocalmağa.
Kürsülərdə gur səsim ol,
Birincilik həvəsim ol.
Təngiyəndə nəfəsim ol,
Qoyma məni qocalmağa.
Üzüyümün qaşındasan,
Ürəyimin başındasan.
Sən gözəllik yaşındasan,
Qoyma məni qocalmağa.
Od sozalır ocağımda,
Dərd boy verir qucağımda.
Çox kövrəyəm, bu çağımda
Qoyma məni qocalmağa.
Kamanında telə döndər,
Köksünə tax, gülə döndər,
Ya da yandır külə döndər,
Qoyma məni qocalmağa.
Yoxuşlarda inadım ol,
Səmalarda qanadım ol.
Sevgi dolu həyatım ol,
Qoyma məni qocalmağa.
Ömür şirin bir röyadı,
Məhəbbətdi duzu-dadı.
Dünya sevgili dünyadı,
Qoyma məni qocalmağa.
Qoyma məni qocalmağa!
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
“Bu da bir sevdaydı, yaşadıq, bitdi…” - Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” ötən gün sizə heyrətləndirən və təəccübləndirən şeirlər silsiləsindən Təranə Dəmirin 3 şeirini təqdim etmişdi. Bu gün onun daha bir şeirini ixtiyarınıza buraxırıq.
BU DA BİR SEVDAYDI…
Bu da bir sevdaydı, yaşadıq, bitdi,
Keçdik ayrılığın Qıl körpüsündən.
Keçdik adamların söz bazarından,
Qeybət körpüsündən, qal körpüsündən.
Zülməti dolaşdıq, işıqdan keçdik,
Aldatdı həm gündüz, həm gecə bizi.
Adlaya bilmədik bu ayrılığı,
Azdırdı bu şəhər, bu küçə bizi.
Dünəndə yoruldu bu günümüz də,
Bir yol tapmadıq ki, sabaha gedək.
Elə addım-addım geri çəkildik,
Gücümüz olmadı qabağa gedək.
Nə tapdıq içindən ayrılıq çıxdı,
Təzədən sınadıq baxtı, uduzduq.
Gördük payız həsrət, qış ayrılıqdı,
Uduzduq zamanı, vaxtı uduzduq.
Bu da bir sevdaydı, yaşadıq, bitdi,
Əvvəli də qınaq, sonu da qınaq.
Keçmədik bu divar, hasar həsrəti,
Babalın payızın boynuna yıxaq.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
Seyid Nigarini tanıyaq - MÜRACİƏT ETDİYİ MÖVZULAR
Pərvanə Bayram yazır
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan sufizminin, teologiyasının, eləcə də 19-cu əsr ədəbiyyatımızın görkəmli nümayındəsi Seyid Mir Həmzə Nigarini “Tanıdaq” rubrikasında Pərvanə Bayramın imzası ilə oxuculara təqdim edir.
Bu gün dahi şəxsin müraciət etdiyi əsas mövzular barədə danışılacaq.
Seyid Nigarinin müraciət etdiyi əsas mövzular
Seyid Nigari, yuxarıda da qeyd etdiyimiz kimi XIX əsrdə iki dildə iki Divan tərtib edən məşhur şairlərdəndir. O, eyni zamanda bu əsrdə Qafqaz, Azərbaycan və Şərqi Anadoluda Ruslara qarşı mübarizə aparan Nəqşibəndiyyə təriqətinin nüfuzlu şeyxlərindən biri kimi də tanınır. Şair Çar Rusyasının mənfur siyasətlərindən biri olan Azərbaycan Türklərini, eyni zamanda Qarabağ əhlini bir- birinə düşmən edərək aralarına sünni-şiə ədavəti salmasının qarşısını almaq üçün mistik duyğuları gücləndirməyə səy edərək bu mövzuda coşqun ruhlu əsərlər yazmışdır.
Nigari, zikr məclislərində müridləriylə dairəvi şəkildə oturaraq xəfif ritmlə söylədiyi qəzəlləri ilə dinləyicilərdə mistik duyğular oyandıran bir şeyx kimi də şöhrət qazanmışdır. Haqqında söylənən mənqibələr bu gün də Azərbaycanın bir çox bölgəsində və Şərqi Anadoluda dildən-dilə dolaşmaqdadır.
Mənbələrin verdiyi məlumata görə Nigari, təriqətə girənə qədər şeir yazmamışdır. Nəqşibəndiyyə təriqətinə girəndən sonra o, həm klassik tərzdə əruz vəzniylə, həm də heca vəzniylə şeirlər yazmağa başlamışdır. Nigarinin şeirlərindəki coşqunluq və lirizm onu qısa vaxtda məşhurlaşdırmış, qəzəlləri, heca vəzniylə yazdığı şeirlər təkcə müridləri arasında deyil, geniş xalq kütlələri arasında da çox bəyənilib əzbərlənmişdir.
Şair, Azərbaycanda qaldığı vaxt minlərcə mürid yetişdirmişdir. Bu müridlərin bir çoxu onun özü kimi şair olmuşdur. Ağa Rəhim Ağa Dilbazi, Şahnigar Xanım Rəncur, Sədi Sani Qarabaği, Hacı Məcid Əfəndi, Hacı Mahmud Əfəndi Aslanbəyli, oğlu Siraci və Amasyada yaşamış bəzi qohumları da bu şairlər arasında yer alırlar.
Şeirlərində daha çox Füzuli və Nəbatinin təsiri hiss edilir. Şair, dərin bir lirizmlə ilahi eşqi özünə xas bir ustalıqla ifadə edir. Şeirlərinin bir çoxu musiqiyə uyğun ritmlə yazılmışdır.
Nigari, XIX əsr həm Azərbaycan həm də Anadolu sahəsi Türk ədəbiyyatının mütəsəvvüf şairlərdəndir. Nigarinin heca vəzniylə yazdığı şeirlərinin bəziləri xalq dilinə yaxın olmaqla bərabər əruz vəzniylə yazdığı şeirlri daha çox təsəvvüfi termin və məzmunlarla zəngindir. Özündən gerçək bir Haqq aşiqi olaraq bəhs edən şair, şeirlərində XVI əsrin məşhur şairi Füzulinin üslubundan istifadə etmişdir. O, şeirlərində “pir-i muğan”, “bəzmi-ələst”, “aşiq”, “məşuq”, “Kəbə”, “Həllac Mənsur”, “duxtəri-rəz” və başqa təsəvvüfi ifadələrdən çox istifadə edir. Nigari, Divanını tərtib edərkən özünə qədərki klassik ədəbiyyatda mövcud Divan tərtib ənənəsinə müəyyən yeniliklər gətirmişdir.
Nigari Divanında rübai, qəzəl, qəsidə, qitə, tərkibbənd, tərcibənd, məktub, məsnəvi kimi klasik şəkillərdə yazılmış şeirlərlə bərabər heca vəzni ilə yazılmış şeirlər də çoxdur. Divanda 642 qəzəl vardır. Təsəvvüfi məzmun şairin qəsidələri, tərkibbənd və tərcibəndlərində, məsnəvisində daha qabarıq şəkildə özünü göstərir. Şairin şeirlərinin mözusuna baxanda eşq, xüsusən də ilahi eşq, dini-təsəvvüfi mövzular, insan və cəmiyyət haqqındakı düşüncələrin əsas yer tutduğunu görürük.
Nigarinin şeirlərində ümumiyyətlə ilahi eşqdən bəhs edilir. Amma şairin, bəşəri eşqdən, bəşəri sevgilidən bəhs edən şeirləri də diqqəti cəlb edir. Aşağıdakı şeir şairin bu səpkili şeirlərinə gözəl bir nümunədir:
Bağ-ı melahatin gül-ızarısın
Emir-i Hamzenin şeh-nigarısın
Gün gibi hüveyda vü aşkar eder Seyyid-i şeydanın şirinkarısın Meydan-ı hüsünde sürmesin semend Arsa-i zibanın şehsüvarısın
Yusuf-ı ziba tek kulların çokdur
Mülk-i melahatın şehriyarısın
Mülk-i melahata virmişsin revac
İklim-i zibanın hükümdarısın
Şair şeirlərində bəzən özünü məlamilər kimi xor görür, tez tez qınayır, bəzən də arsız, bi-ar vs. adlandırır.
Şair Nəqşibəndiyyə təriqətinin təmsilçisi olduğu üçün şeirlərində bu təriqətin ədəb ərkanından, qurucularından da tez-tez söz açır, bunlara münasibətini bildirir.
Gənc yaşında vətənindən ayrılmağa, doğma yurdunu tərk etməyə məcbur olan şair, şeirlərində vətən mövzusu, ana yurda sevgi duyguları qabarıq nəzərə çarpır. Şair, qürbət ağrısından, rusların zülmündən də bəhs edərək vətənini, onun gözəlliklərini, doğma kəndini, gözəl Qarabağını, buradaki çayları, dağları, xülasə hər şeyi məhəbbətlə yad edir.
Bir sufi, bir təriqət şeyxi olaraq tanıdığımız Nigarinin yaradıcılığında bəzi təzadlarla da qarşılaşırıq. Şair, şeirlərində özünü rind, sufi, masivadan, əhli vəradan keçmiş, Haqqı bulmuş bir insan olaraq göstərsə də; demək olar ki bütün qəzəllərində şairliyini ön plana çəkir, hər qəzəlin axırıncı beytində özünün şeir-sənət aləmindəki qüdrətini tərifləyir. Aşağıdakı beytdə şair, özünü zariflər məclisndə gönül əyləndirən xoş, gözəl kəlamlı rində oxşadır.
Gördim zurafa içre Nigari-yi nedimi
Bir rindi-i dil-baz sözi pakize edadır
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
61-Cİ DƏRC
Söz yenidən birinci xanıma adladı:
-1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. Xocavənd rayonunun işğalı zamanı Melkonyan və dəstəsi misligörünməz vəhşətlər həyata keçirmişlər. Təkzibedilməz faktlar var: Melkonyan şəxsən özü insanların qətlə yetirilməsində, onlara işgəncə verilməsində iştirak edib. Ardınca isə Melkonyan Xocalı qətliamının əsas fiqurlarından biri olub.
Divan Hakimi mikrofonunu işə salıb söylədi:
-Bu yerdə mütləq Azərbaycanın işğal edilmiş Xocavənd rayonu barədə ekspertlərin rəyini dinləməyimiz yerinə düşər. Buyursunlar ekspertlər.
Yaşlı ekspert eynəyini düzəldib mətni oxumağa başladı:
-1992-ci il oktyabr ayının 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin 1458 km² sahəsi, 10 min nəfərdən çox azərbaycanlı əhalisi, 1 şəhər, 2 qəsəbə və 81 kənddən ibarət olan qədim Xocavənd rayonunu işğal etdilər. Hazırda Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonunun yalnız Nərgiztəpə adlanan hissəsi (114 min m²) Azərbaycanın nəzarətindədir və rayonunun 13 minə yaxın əhalisi Azərbaycanın əsasən Beyləqan rayonu, eləcə də müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar. 1988-ci ilin fevralından başlayan Ermənistanın Azərbaycana təcavüzü zamanı Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib. 43 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olmub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib. İşğaldan əvvəl Xocavənd rayonunun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi Mento Melkonyanın başçılığı altında yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb. Bu vandallar tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə, eləcə də rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilib və yararsız hala salınıb.
Divan Hakimi yenidən söz sahibi oldu:
-Mən cənab ekspertlərdən xahiş edərdim ki, Monte Melkonyanın və dəstəsinin fərman verdikləri və icra etdikləri vəhşiliklərlə, insan qətlləri ilə yanaşı onların tarixin izlərinə vurduqları ziyan, tarixi abidələrin məhvi ilə bağlı dağıdıcı fəaliyyətlərinə də toxunulsun. Bizim Divan ədalət divanıdır, insanlarla yanaşı, tarixin, mədəniyyətin də məhvinə fərman verənlərə hökm kəsir. Hörmətli Divan tamaşaçıları, bu yerdə mən ürək ağrısı ilə bildirmək istəyirəm ki, Monte Melkonyanın ən böyük cinayətlərindən biri də dünya mədəniyyəti irsi siyahısına salınan, bir milyon yaşı olan Azıx mağarasına vurduğu ziyandır. Buyursunlar, ekspertlər bu xüsusda danışsınlar.
Yaşlı ekspert estafeti gənc ekspertə ötürdü. O, təmkinlə mətni oxumağa başladı:
-Xocavənd ərazisində 72 adda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin nümunəsi olan abidələrdir. Daha önəmlisi isə, onların arasında bəşər tarixinə şahidlik edən çox qiymətli xəzinələr də var. Bunların sırasında Salakətin kəndinin yaxınlığında, Quruçay vadisində 1,5 milyon il yaşı olan Azıx mağarasını birinci olaraq göstərməliyik, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid “Ritiş” qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən “Ərgünəş” qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid “Rzaqulu Bəy” türbəsi, Xocavənd kəndi yaxınlığında “Aşıqlı Qoşa” günbəzi, Böyük Tağlar kəndində 1241-ci ilə aid Alban məbədi, Tuğ kəndindəki “Qırmızı” məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələrini göstərmək olar. Bu abidələr müəyyən zərər çəkərək işğalçıların əlinə keçmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun tam olaraq dağıntıya məruz qalmış mədəni və dini abidələri də vardır, bunlardan Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsini, I-V əsrlərə aid Alban qəbiristanlıqlarını, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqlarını, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağını, Qaradağlı kəndinin ərazisində qeydə alınan, III-VI əsrlərə aid olan Alban qəbiristanlıqlarını, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli pirini, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzini, Qaradağlı kəndi ərazisindəki Yel pirini və digər qiymətli tarixi abidələri göstərmək olar.
Baş Hakim çıxışçılara minnətdarlığını bildirib söylədi ki, bugünkü proses əvvəlkilərdən bir qədər fərqlidir, biz burda musiqi və filmə də yer verməyi planlaşdırmışıq.
O dedi:
-Mən səhnəyə fransız bəstəkarı Pyer Tilloyu dəvət edirəm. O, “Xocalı 613” musiqi pyesinin müəllifidir. Əsər Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımı qurbanlarının xatırəsinə həsr olunmuşdur. Pyesin premyerası 21 fevral 2013-cü ildə Parisin Müqəddıs Roş kilsəsində keçirilmişdir. Konsertdə 350 senator, Fransa Milli Assambleyası üzvləri və musiqi həvəskarları iştirak etmişlər. Konsert proqramı dirijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrinin iştirakı ilə baş tutmuşdur. Əsərdə balaban partiyasını musiqiçi Şirzad Fətəliyev, skripka partiyasını isə Nyu-Yorkun Culyard məktəbinin ilk azərbaycanlı məzunu, AAC-nin mədəniyyət məsələləri üzrə məsləhətçisi Səbinə Rakçeyeva ifa etmişdir. Pyer Tilloyon “Xocalı 613” musiqi pyesinin Böyük Britaniya premyerası isə 26 fevral 2013-cü ildə Londonda, Parlament binası yanında yerləşən Müqəddəs Con Smit meydanında, Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunmuş konsert çərçivəsində keçirilmişdir. 500-dən çox lord, parlament üzvləri, diplomatlar və musiqi həvəskarlarının iştirak etdiyi konsertdə əsər drijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrinin iştirakı ilə ifa edilmişdir.
Bəstəkar Pyer Tilloy alqış sədaları altında səhnəyə çıxdı, skripka, balaban, zərb alətləri və simli alətlər orkestri də səhnədə yer aldı.
Pyer Tilloy söylədi:
-Xocalı qırğını Azərbaycan xalqının yaddaşında ən həssas və kədərli hadisələrdən biri kimi qalmışdır, bu hadisə bütöv bir xalqın hələ də əziyyət çəkdiyi uzun sürən Qarabağ münaqişəsi ilə əlaqəlidir. Adətən "yaddaş" adlandırılan bir mexanizm mövcuddur ki, o, vulqar pafosdan uzaq formada insanlığı unutmadan qorunur və onun ləyaqətinin keşiyində durur. "Yaddaş" həmişə, siyasi və inqlabi kontekst çərçivəsindən çıxaraq insanlara onların qəlbinin dərinliklərinə toxunacaq əsas dövrlər, çətin anlar və dramları xatırladan musiqiçilər və digər sənətkarlar üçün yaradıcılıq bayrağı olmuşdur. Marş və konflikt ritmləri fonunda "Laçın" və "Sarı gəlin" xalq mahnılarının musiqisindən istifadə olunaraq ərsəyə gəlmiş bu musiqini dinləyin, sülh arzulayaraq, qan tökən cəlladlara nifrət edərək dinləyin!
Tamaşaşılar alovlu nitqi alqışlaya-alqışlaya ecazkar musiqinin təsirinə düşdülər. Bu müsiqi o dəhşətli qarlı günü, əli avtomatlı acımasız saqqallı qatılləri və güllələrə qurban gedən qadınları, qocaları uşaqları göz önünə düzdü.
Ardınca daha bir neçə saat ərzində “26.02.92” və “Düşmən laylası” qısametrajlı filmləri nümayiş olundu. Sonra səhnəyə litvalı rejissor Andreas Brokas dəvət edildi. Xocalı faciəsindən bəhs edən, 2015-ci ildə çəkilmiş “Sonsuz dəhliz” filmini bu litvalı rejissor çəkmişdir. Xocalı qırğınından söz açan bu sənədli film Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır. Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. Ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayətlərini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və icraçıları – erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. Onların bir çoxları erməni terrorçuları və başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar. Filmin primyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. “Sonsuz dəhliz” sənədli filminin prodüserləri Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşundur (ABŞ). Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. İngilis dilində çəkilmiş filmin subtitrləri Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub.
“Sonsuz dəhliz” filmindən sonra Xocalı soyqırımından bəhs edən, ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəri olan “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş olundu. ABŞ Los-Anceles istehsalı olan və burada fəaliyyət göstərən yəhudi kinematoqrafçıları tərəfindən çəkilmiş bu sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və onların tükürpədici ifadələri vasitəsilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdırdı. Filmdə həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımı pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilməsi Divan tamaşaçılarında böyük maraq oyatdı..
Elan edilmiş fasilədən sonra Xocalı soyqırımı hadisələrindən bəhs edən daha iki sənədli film --“Müharibə uşaqları” və “Biz qayıdacağıq” nümayiş olundu. “Müharibə uşaqları” filmində faciə zamanı valideynlərini itirmiş yeddi uşağın taleyindən ağrılı notlarla bəhs edilirdi. “Biz qayıdacağıq” adlı ikinci filmdə isə Milli Qəhrəman Hikmət Nəzərlinin keçdiyi döyüş yolu barədə söhbət açılırdı.
Ardınca tammetrajlı film – “Haray” filmi nümayiş olundu. Azərbaycanfilmin istehsalı olan bu filmdə Xocalıda insanlığa qarşı törədilmiş tükürpədici qətliam öz əksini tapmışdır. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə şahid olan iki yeniyetmənin baş qəhrəman kimi təqdim edildiyi filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin finalını çox təsirli etmişdir. Xüsusən aktyor Ceyhun Mirzəyevin ifası tamaşaçıları məftun etdi.
Ardınca göstərilən digər filmi - “Qırmızı qar”ı da həyəcansız seyr etmək mümkün deyildı.
Diktorlar elan etdilər ki, Xocalı mövzusunda kifayət qədər film çəkilmişdir. Onlardan bu faciə haqqında dünya xalqlarına real məlumatlar vermək üçün istifadə olunur. Bu filmlər Xocalı dəhşətlərini dünyaya çatdıran ən əhəmiyyətli təbliğat vasitəsidir. Və prosesin mədəniyyət tədbirləri hissəsinin sonunda azərbaycanlı yazıçı Varis Yolçiyevin Xocalıda erməni işğalçıları ilə mübarizədə qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdən bəhs edən“Qırmızı Ləçəklər” romanından fraqmentlər oxundu...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)