
Super User
Sevdim onu cəsədim boyda qazılacaq qəbrim kimi... - FƏRİDƏ LƏMANIN 70 YAŞINA
Tahirə Ağamirzə, “Ədəbiyyat və incəsənət” üçün
Filologiya üzrə fəlsəfə doktoru, dilçi alim, Prezident mükafatçısı, AYB-nin və AJB-nin üzvü, şairə, publisist, 60-dan çox kitabın müəllifi, “Tərəqqi” medalı mükafatçısı Fəridə Ləman şərəflə yaşadığı ömrünü büsbütün Vətəni sevməyə həsr edib və onun ağrısını öz ağrısı, sevincini öz sevinc bilib və bilir.
Fəridə xanım Vətəni sevməkdən yorulmur. Hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxtlarda vətənpərvərliyi ilə tanınan və sevilən şairə sonrakı illərdə də Azərbaycan poeziyasına əsrarəngiz şeir nümunələri bəxş edərək düşmənlə qələmi ilə döyüşüb, Vətən ətirli şeirləri ilə sevdirib gənclərimizə Vətəni. Canını Vətən yolunda qurban edərək şəhidlik məqamına ucalan oğullarımızı bir ana kimi bayatıları ilə oxşayıb, əzizləyib və onlarla qürur duyub.
Fəridə Ləmanın şeirinə onlarla musiqilər bəstələnib, kompozisiyalar həsr edilib. Onun yaradıcılığını dərindən izləyən və sevən ədəbiyyatımızın görkəmli nümayəndələri şairənin haqqında onlarla şeir yazıb. Fəridə Ləman həm jurnalis kimi, həm şairə kimi, həm də əsl Azərbaycan xanımı, ziyalısı kimi sevilir. Dosta sədaqəti, vəfası, mərdliyi ilə hər birimizin sevimlisinə çevrilib. Şairənin yaradıcılığı təkcə Azərbaycan poeziyası ilə bitmir. O, eyni zamanda ölkəmizdən kənarda da istedadlı şairə kimi tanınır və şeirləri oxucular tərəfindən dərin rəğbətlə qarşılanlr. Fəridə xanımı sevdirən həm də onun öz mövqeyidir, möhkəm əqidəsidir, dövlətə, dövlətçiliyə, torpağa sədaqətidir. Mənim üçün özəl və dəyərli olan, qapısını ürəklə açdığım Fəridə Ləmana 70 illik yubileyi ərəfəsində möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram.
Və “Ədəbiyyat və incəsənət” oxucularına onun bir neçə şeirini ərməğan edirəm.
SEVDİYİM VƏTƏN
Mən səni Ana bətnində
Sevmişdim,
Sonra Anamın qucağında,
Böyütdüyü ocağında.
Sonra da Əlifbamda,
Ana dilimdə adını
Dilimə gətirəndə,
Səni ürəyimdə
Ümid kimi bitirəndə.
Böyüdükcə hər yerdə
Səni gördüm-
Atamın şah duruşunda,
Mərd sözündə,
Qartal gözündə.
Nənəmin noğullu əlində,
Babamın qurşaqlı belində.
Anamın şükranlı dilində.
Təbiətin dağlardan əsən
Çiçək qoxulu yelində,
Çayların çoşqun selində
Sevdim Vətəni !
Böyüdüm ev-ev,
Məhlə-məhlə.
Sonra bir məktəb boyda,
Kənd boyda.
Sevdiyim Azərbaycan boyda.
Sevgim də böyüdü
Sevgilim oldu Vətən,
Hər yerdə əlimdən tutan.
Yellənən bayrağımı gördüm,
O yelləndikcə
Obamın, oymağımın varlığını gördüm,
Dünyanın düşmənin başına
Dar olduğunu gördüm.
Vuruldum rənglərin ahənginə-
Mavisinə, yaşılına, alına
Arıların pətəkdə balına,
Lalənin qara xalına.
Üzü haqqa yola alan
Sufi yoluna...
...Gördüm, Vətən deyib
Nəğməylə axan
Güzgülü bulaqları,
Gördüm, bin-bərəkətli yaylaqları.
Göylərdən yağış, qar ələyən
Buludlu piyalələri.
Şəlalar gördüm –mirvari gülüşlü,
Qulac hörüklərini dağlardan atan,
Bu gözəlliklər içində
Sabahımızı gördüm sevincə batan
Bax belə sevdim Vətəni !
Qayalarda ağac tək, gül tək bitəni
Anadil quşutək öz sevdasıyla
Gecə-gündüz ötəni.
Belə sevdim Vətəni –
Ömür sürdüyüm ocaq boyda,
Böyüdüyüm qucaq boyda
İçimdə sevgisi ilə nur saçan,
Çıraq boyda.
Milyonların baxışından
İçimə axan işıq boyda,
Üzlərdəki təbəssüm, yaraşıq boyda.
Gördüm onu qalaq-qalaq
Sevda ilə yazılmış kitablarda,
Nəğməli dodaqlarda,
Barlı budaqlarda.
Bu sevdayla yol aldım
Çığırlara, izlərə,
Milyonlara, yüzlərə...
Qalxdım təpələrə,
Oradan qayalara
Qoca dağlara, almaz qaşlı zirvələrə.
Baxdım üzünə qan çəkmiş buludlara,
Uçurumlara, dərələrə,
Nələrə, ah, nələrə
Keçdi gözümdən qanlı tarix,
Şanlı tarix.
Sevdim onu,
Qanını torpağına halal edən
Şəhidim kimi,
Azadlığım, əhdim kimi...
Yazılan taleyim, bəxtim kimi.
Bir də cəsədim boyda
Qazılacaq qəbrim kimi......
Sevdim səni, VƏTƏN !
VAR OL, MİLLİ ORDUM, BAŞ KOMANDANIM
Hər gün qələbəmdən yazacağam mən,
Günəş tək göylərdən doğacağam mən,
Zülməti beşikdə boğacağam mən,
Var ol, Milli ordum, Baş Komandanım!
Daha dik tutacam başımı hər an,
Yaşımı siləcəm ,ey qarı düşmən.
Bax, necə peşmansan, it təki peşman,
Var ol, Milli ordum, Baş Komandanım!
Azadlıq xoşbəxtlik, həm də qürurdur,
Xoşbəxtlər xoşbəxti bu Ana yurddur.
Çünki övladların igiddir, mərddir ,
Var ol, Milli ordum, Baş Komandanım!
Torpağın köksündən çatlar silinir,
Xoş xəbər alınca Torpaq dirilir.
Hər yanda ehtişam, sevgi görünür,
Var ol, Milli ordum, Baş Komandanım!
Öpür bayrağımı mehlər, küləklər,
Zirvələr tac edib, gülür ürəklər.
Çin olub arzular, ümid, diləklər,
Var ol, Milli ordum, Baş Komandanım!
Fəridə duaçın gündə beş dəfə,
Vur nadan düşməni, götür hədəfə.
Güldən şərbət süzək min-min qədəhə,
Var ol, Milli ordum, Baş Komandanım!
SALAM, GÖZƏL ŞUŞAM
Allaha şükürlər olsun, artıq bayrağımız Şuşada dalğalanır
Salam, gözəl Şuşam, bayrağım gəldi,
Dalğası düşmənin bağrını dəldi.
Milli ordum birə min qisas aldı,
Salam, gözəl Şuşam, salamlar olsun!
İsa bulağından payla şərbəti,
Topla nəmərini, topla xələti.
Odlar ölkəmizin tinət, zinəti,
Salam, gözəl Şuşam, salamlar olsun!
Kəs Cıdır düzündə qoç qurbanını,
Gör indən sonra da xoş növrağını-
Taleyin üzünə gün doğmağını,
Salam, gözəl Şuşam, salamlar olsun!
Fəridənin gözü sevincdən çeşmə,
Köksünə, qəlbinə ah, kədər çəkmə.
Qalx ayaq üstünə, bir daha çökmə,
Salam, gözəl Şuşam, salamlar olsun!
ZƏFƏR BAYRAĞI
Bir zəfər bayrağı sancdı zirvəyə,
Mənim igidlərim, mənim ərlərim.
Çökdü qarşısında əli uzunlar,
Hələ qarşıdadır al zəfərlərim!
Qurbandı canımız Torpağımıza,
Hər qarış tutyadır, Ana Vətəndir.
Soylu atalardan igid doğular,
Aprel döyüşləri bir imtahandır!
Titrədi torpağın, göyün ürəyi,
Dağların qoynuna səs-səda düşdü.
Vüqarla baxırdı dərələr, düzlər,
Buludlar yalvarıb ayağa düşdü.
Nə şirin dadın var, TORPAĞIM, sənin,
Ana qucağısan,yad məskən salmaz.
Yuz illər nifrətim vardı nankora,
Ölüncə bu nifrət bir an azalmaz!
Atalar öyünüb qürurlanırdı,
Şərəf imzasını atdı ordumuz.
Qisas yanğısı ilə elə yanırdı,
Arzu, muradına çatdı ordumuz.
Sınaqdan ağ üzlə çıxdı bu Vətən,
Analar sevincdən yaşlar tökürdü.
Ordumuz Rəbbimdən bir güc almışdı,
Yağının başına daşlar tökürdü.
Vətən övladları - şəhid balalar,
Halal Torpağında rahat uyuyun.
Qəhrəman oğullar qisas alarlar,
Bitər nəhayət ki, bu haqsız oyun!
Nə qədər Vətən var, qoyduğun yol var,
Köçəcək dünyadan minlər, milyonlar.
Aprel bahar fəsli, bahar arzulu,
Sizinlə anılacaq o günlər, anlar!..
Min şeir, min dastan yazsam da yenə,
Qələmim gücsüzdür bu hünər üçün.
Nə deyim, nə yazım, özüm bilmirəm?!
Fəridə qurbandı igidlər üçün!.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
Bu gün Naxçıvan Teatrı Bakıda çıxış edəcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrı bu gün Bakıda “Edama məhkumun son günü” tamaşasını təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.
Qeyd edək ki dahi fransız yazıçısı Viktor Hüqonun əsəri əsasında səhnələşdirilmiş tamaşa Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə hazırlanıb.
Səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı isə Səyyad Bayramovdur.
Naxçıvanlılar sizi tamaşaya baxmağa dəvət edirlər, əziz bakılılar.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
Ən asan mənimsənilən uğur formulları –MARTA BEKİN FORMULU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür.
Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər varidatı, nümunəvi ailəsi olmasın? Bütün bunların kökündə də öz uğur hədəfini düzgün vura bilmək dayanır.
Bu gün dünyanın lider dövləti olan ABŞ-da böyük bir şirkətə işə düzəlmək üçün öz CV-ni təqdim edən kefi kök bir gənclə səfalət və fəlakət girdabında boğulan Somalidə bir tikə çörək üçün istənilən ağır zəhmətə qatlaşmağa razı olan ac-yalavac bir gənc arasında yerlə-göy qədər fərq vardır, düzdür. Bu fərqi ayrı dövlət quruluşları, ayrı iqtisadi vəziyyətlər, geosiyasi ənənə və digər faktorlar zəruri edir. Amma bu gənclərin hər biri uğura can atır, bax uğur hədəfini bacarıqla vurmaq istəyi bu gəncləri haradasa birləşdirir.
Uğurun formulu nədir? Bayaq verdiyimiz sualı bir qədər də araşdıraq.
İlk öncə düzgün olan hədəfi seçmək lazımdır. Sənin biliyinə, qabiliyyətinə, sosial vəziyyətinə, mövcud şəraitə, perspektivlərinə hesablanmış ən düzgün olan uğur hədəfini seçə bilmək başlıca şərtdir. Düzgün seçim, ona uyğun düzgün planlaşdırma, qətiyyətlə, inadla irəliləmə.
Mən indiyədək müxtəlif elmi mənbələrə müraciət edərkən bir neçə maraqlı uğur formulası ilə tanış olmuşam. Onlardan biri məşhur amerikalı psixoloq və kouç Marta Bekin formulasıdır. Bu formula rast gəldiyim ən bəsit, ən rahat, ən yaddaqalan formula olduğu üçün ilk olaraq oxucularıma onun barəsində danışmaq istəyirəm.
Marta Bek tövsiyə edir ki, uğur qazanmaq üçün özünüzü elə aparmalısınız ki, sanki sizə heç bir uğursuzluq təhlükəsi yoxdur. Bundan sonra isə sizi qarşıda üç addım gözləyir:
1. Birinci addım susmaqdır.
Nə? Susmaq? Bəli, bəli, məhz susmaq!
Şəxsi problemləriniz, gələcək plan və perspektivləriniz barədə heç vaxt dostlarınızla, digər yaxınlarınızla danışmayın. Bununla siz özünüzü həm başqalarının ziyanlı məsləhətlərindən sığortalayacaqsınız, həm də uğursuz insanların həyatlarının acı əhvalatlarını eşidib yolunuzdan sapınmayacaqsınız.
2. İkinci addım əzmlə çalışmaqdır.
Tənbəllik, qətiyyətsizlik sizə yad olmalıdır, arzularınız üçün gücünüzü tam səfərbər edib çalışmalısınız, dözümlü, qətiyyətli, əzmli olmalısınız. Hər gün məqsədə doğru kiçik olsa belə bir addım atmalısınız.
3. Üçüncü addım oynamaqdır.
Oynamaq? Uğur formulasından danışarkən hansı oynamaqdan söhbət gedə bilər?
Monoton, ağır iş istənilən insanı əvvəl-axır yorur. Yorğun halda işləmək isə həm kəmiyyətə, həm də keyfiyyətə mənfi təsil göstərir. Elə ki yorulduğunuzu hiss etdiniz, dərhal işdən ayrılıb fasilə edin və oynayın. Amma söhbət ənənəvi stolüstü oyunlardan, yaxud indi stixiya şəklini almış kompüter, mobil telefon oyunlarından getmir. Söhbət təxəyyül və düşüncə oyunundan gedir. Arzuladıqlarınızın hamısının xəyalınızda rəsmini çəkin. Özünüzə arzular kollajı düzəldin. Xəyalən arzularınıza qovuşun. Bu, sizə o qədər stimul verəcək, sizə o qədər enerji bəxş edəcək ki. Bax bu enerjini hiss edəndə isə yenidən öz uğurunuza doğru addımlamağa davam edin!
Marta Bekin uğur formulası cəmi bu üç addımdan ibarətdir və qeyd edim ki, məşhur psixoloq bu uğur formulasını öz şəxsi yaşantıları, keçdiyi uzun və təlatümlərlə dolu yola istinadən yazıb.
Və dərhal da bir insanın həyat təcrübəsindən yaranan fərdi uğur formulası nümunəsindən sonra sizə minlərlə insanın həyat təcrübəsindən yaranan kollektiv uğur formulu nümunəsi təqdim etmək istəyirəm. Çünki, əziz oxucu, biləsiniz ki, uğurlu insan olmaq, lider olmaq təlimlərinin hamısı, ümumən bütün motivasiya ədəbiyyatı ya bir nəfərin öz şəxsi həyat təcrübəsinə əsaslanan avtobioqrafik səciyyə daşıyır, ya da bir neçə nəfər barədə olan araşdırmalardan qaynaqlanır.
Sabah növbəti uğur formulunu təqdim edəcəm.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
“Bizim işığımız bir də görüşməz” - Sahibə Yusifin şeirləri
GÖZLƏDİM
Çox erkən saçıma yağdı bəyaz qar,
Ömrüm zülmətlərin içindən keçdi.
Qəlbim payız oldu, üzümsə bahar,
Göz yaşım gözümdən ovcuma düşdü.
GİZLƏDİM.....
Hər acı dəqiqəm, hər acı anım,
Ruhumu canımdan qoparıb getdi.
Xoş gündə yanımda olan dostlarım,
Ən çətin anımda məni tərk etdi.
İZLƏDİM....
Mən ruhdan düsmədim, heç vədə, heç vaxt,
Ümid, qaranlıqda işıq axtardı.
Əlimi göylərə açdımsa nə vaxt,
Ovcuma Allahın rəhməti yağdı.
İSTƏDİM ...
O səbir yiyəsi, mən səbir adam,
Şükrüm mükafatım olacaq bir gün.
Məni hər dəqiqə yadına salan,
Qoymaz ki, pərişan, kədərli, üzgün.
HİSSLƏRİM....
Hardasa bilirəm dəqiq lap dəqiq,
Sən öz nəfəsinlə yoğurdun məni.
Ruhumun sahibi, vədinə sadiq,
Ən çətin anlarda çağırdım səni.
SƏSLƏDİM....
Susaraq anladım, çarəsiz dindim.
Bildim ömür qısa, ömur qaçaraq.
Döndüm çox nadanın başına döndüm,
Səbrimə bir az da səbir qataraq.
GÖZLƏDİM.....
BİR DƏ GÖRÜŞMƏZ
Sənin pəncərəndən süzülən işıq,
Mənim otağımın içinə düşməz.
Elə bağlamışıq pəncərələri,
Bizim ışığımız bir də görüşməz.
Mənim pəncərəmdə doğan qaranlıq,
Sənin pəncərəndə görünməz axı..
Qaranlıq işığa can atsa belə,
İşıq qaranlığa sürünməz axı.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
KİTAB BƏLƏDÇİSİndə “Allahsızlar şəhəri”
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Uzun müddət idi ki, mütaliəyə vaxt ayıra bilmirdim.
Bu günlərdə Uraqan Abdullayevin “Kəpənək” və “Allahsızlar şəhəri” kitablarını oxudum.
“Kəpənək” barədə ötən gün danışmışdım, bu günsə ikinci kitabdan danışacam.
Gələk “Allahsızlar şəhəri”nə.
Kitabın adını eşidəndə insan düşünür ki, yəqin ki, yolunu azmış insanların yaşantısı və ya törətdiyi cinayətlərdən bəhs olunacaq kitabda.
Doğrudur, əslində kitabın məzmunu bu düşüncə ilə bir qədər eynidir. Lakin kitabdakı obrazlar insanlar deyil.
Yaxşı, bəs onlar nələrdir?
Bir söz var deyir: "Təəssüf ki, sağlamlıq deyil, xəstəlik yoluxur. Kamillik deyil cahillik, yaxşılıq deyil pislik yoluxur”.
Allahzılar şəhəri kitabı bir az da xeyirlə şərin mübarizəsi kimidir.
Həqiqətlə yalanın əfsanəsində olduğu kimi , günümüzdə real həyatda da çox zaman yalan həqiqətə, şər qüvvələr xeyirə qalib gəlir.
Necə deyərlər, onlar yalana inandırdı, biz həqiqətə inandıra bilmədik.
Bəs görəsən Allahsızlar şəhərində necə oldu, həqiqət qalib gəldi, ya yalan?
Kitabda bir yerdə belə deyilir: "İnsanlar hər zaman həqiqəti axtarırlar. Lakin onu tapdıqlarında qəbul edə bilmirlər. İnsanlar həqiqəti tapmağı deyil, onu axtarmağı sevirlər"
Rəylərdə bu kitabın axıcı olduğunu oxumuşdum, həqiqətən də elədir. “Kəpənək” kitabı daha qısa olsa da onu uzun fasilələrlə, bir neçə günə oxumuşdum, Lakin “Allahsızlar şəhəri” kitabını bir neçə saat içərisində oxuyub bitirdim.
Və son olaraq kitab haqqında onu da deyim ki, Vicdanın "Mən bəzi insanlarda yoxam"-, deməsi acı olsa da gözəl və yerində olan bir həqiqət idi.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
Şənbə günü Beynəlxalq İslam İncəsənəti Günü qeyd edildi
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Şənbə günü mədəniyyət təqvimində çox əlamətdar bir gün var idi, Beynəlxalq İslam İncəsənəti Günü. Qərara aldım ki, portalımızın oxucularına bu gün barədə ətraflı məlumat verim.
Beynəlxalq İslam İncəsənəti Günü 2019-cu ildə UNESCO-nun Baş Konfransının 40-cı sessiyasında elan edilib və hər il noyabrın 18-də keçirilir. Bu əlamətdar günün keçirilməsi İslam aləmi tarixi və müasir mədəniyyətinin incəsənət vasitəsilə sivilizasiyaya verdiyi töhfələr haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.
UNESCO-nun müraciətində deyilir: “Beynəlxalq İslam İncəsənəti Gününün ümumdünya miqyasında qeyd olunması təkcə digər bədii cərəyanlara ilham verən İslam incəsənətinin qiymətləndirilməsini təşviq etmir, həm də mədəni müxtəlifliyə, ifadə azadlığına, mədəni irsin qorunmasına və mədəniyyətlərarası dialoqa töhfə verir. Bu əlamətdar günün qeyd olunması həm də xalqlar arasında tolerantlığı inkişaf etdirmək və mədəni yaxınlaşmanı dəstəkləmək üçün bir yoldur və onların hər ikisi incəsənətin gücü ilə mümkündür”.
İslam incəsənətinin müxtəlifliyi zaman və coğrafiya meyarlarında onun müxtəlifliyini əks etdirir. Bu, həm də keçmişdə baş vermiş və indi də davam edən müxtəlif mədəniyyətlər, fərqli adət-ənənələr və fərqli texnikalarla səmərəli görüşlərdən qaynaqlanır. İslam incəsənəti daima yenidən nəzərdən keçirilir və yenidən kəşf edilir; o, xəttatlıqdan rəqsə və keramikadan musiqiyə, metal işləməyə qədər saysız-hesabsız sənət növlərini əhatə edir.
Bu əlamətdar gündə qədim və müasir Azərbaycan incəsənətinin də dünya mədəniyyətinə verdiyi böyük töhfələrdən bəhs etmək yerinə düşər. Müstəqillik illərində Azərbaycanın tarixi maddi-mədəni irs nümunələri olan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına, 11 qeyri-mədəni irs nümunəsi — Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, Qarabağ atüstü oyun ənənəsi — Çövkən, Azərbaycan kəlağayı sənəti, Lahıc misgərlik sənəti, Lavaş, Azərbaycan dolması və Kamança Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına, eyni zamanda, 2017-ci ildə Azərbaycanın Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
Azərbaycan — UNESCO əlaqələrinin inkişafında yaddaqalan və vacib məqamlardan biri 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500, 2000-ci ildə isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin Parisdə — təşkilatın qərargahında təntənə ilə qeyd edilməsidir.
UNESCO-nun Yubileylər Proqramı çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilib. Onların sırasında böyük alim Nəsirəddin Tusinin anadan olmasının 800 (2001-ci il), şərqşünas alim Mirzə Kazımbəyin 200 (2002-ci il), görkəmli alim, məşhur rəssam, xalça ustası Lətif Kərimovun 100 (2006-cı il), dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 (2008-ci il), görkəmli yazıçı Mir Cəlal Paşayevin 100 (2008-ci il), böyük rəssam Səttar Bəhlulzadənin 100 (2009-cu il), tanınmış alim, akademik Musa Əliyevin 100 (2009-cu il), orta əsrlərin məşhur şairəsi və alimi Məhsəti Gəncəvinin yaradıcılığının 900 (2013-cü il), dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 (2013-cü il), filosof alim Seyid Yəhya Bakuvinin vəfatının 550 illik (2013-cü il), dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi və s. yubiley tədbirlərini göstərmək olar. Mədəniyyətlərin qovuşduğu körpü rolunu oynayan Azərbaycan Respublikası UNESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlərə də ev sahibliyi edib.
Bir sözlə, Azərbaycan islam incəsənətinin ən parlaq səhifələrinə imza atan bir ölkədir!
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
Bu gün Bəstəkarlar İttifaqının Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müsabiqəsi başlayır
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün açılışı olacaq müsabiqə noyabr ayının 22-ə kimi davam edəcək, 2 mərhələdən ibarət olacaq.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur.
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdikləri silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
“Milyon illər sonra görüşdük” - GEC OLAR, GÜC OLAR
Könül, “Ədəbiyyat və incəsənət”
İtaliya musiqisi və poeziyası bəşəriyyətin ən qədim irsidir. Bu ölkəyə marağın kökündə də bu dayanır.
İtaliyanın Azərbaycandakı səfirliyində “Milyon illər sonra görüşdük” antologiyasının təqdimatı mərasimi oldu.
Və bu antologiyanın nəşri gözəl şairəmiz Nigar Həsənzadəyə məxsus “Söz” ədəbi-bədii layihəsi və İtaliyanın ölkəmizdəki diplomatik nümayəndəliyinin birgə təşəbbüsü sayəsində həyata keçirildi. Iayihə özlüyündə iki kitabın dərcini ehtiva edir: gənc italiyalı şairlərin Azərbaycanda tanıdılması və Azərbaycanın müasir poeziya nümunələrinin də İtaliyada təşviqi.
Gənc Azərbaycan şairlərinin antologiyası İtaliyanın “Capire Edizioni” nəşriyyatında, Azərbaycan dilində italyan şeirləri antologiyası isə Azərbaycanın “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.
Təqdimat mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dedi ki, Azərbaycan onun ölkəsi üçün çox mühüm dövlətdir. Onun sözlərinə görə, xalqlarımız arasında əlaqələrin çox qədim tarixi var. Səfir vurğuladı: “İki müxtəlif dillərdə danışsaq da, hisslərimiz çox yaxındır. Bu antologiyanın əhəmiyyəti ondan ibarətdir ki, layihə İtaliya ilə Azərbaycan arasında təkcə siyasi, iqtisadi əlaqələrin deyil, həm də ədəbi-mədəni sahələrdə əməkdaşlığın olduğunu göstərir. Mən bu təşəbbüs ilə çıxış etdiyinə görə Nigar Həsənzadəyə təşəkkürümü bildirirəm”.
Sonra şairə, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq PEN-klubun üzvü, “Söz” ədəbi-bədii layihəsinin rəhbəri Nigar Həsənzadə çıxış edərək təqdimat mərasiminə və nəşrin ərsəyə gəlməsində dəstəyinə görə səfirliyə minnətdarlıq etdi.
O dedi:
-Bu qiymətli antologiyanın təqdimatı üçün səfirliyin seçdiyi məkan da kitabın özünün ruhuna və fəlsəfəsinə tam uyğundur. Bu iki antologiyada bir-birindən təkcə poetik üslubu ilə deyil, həm də daxili emosional vəziyyəti ilə fərqlənən gənc və istedadlı şairlərin əsərləri toplanılıb. İnanırıq ki, bu kitablar diqqətdən kənarda qalmayacaq və İtaliya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında, xüsusən iki ölkənin gənc şairlərinin ünsiyyəti və əməkdaşlığının yaranmasında yeni imkanlar açacaq.
Nigar xanım Həsənzadədən layihə barədə bu bilgiləri aldıq. Layihənin ideyası 2019-cu ilin sentyabrında italyan şairi Davide Rondoninin, eləcə də Nigar Həsənzadənin təşəbbüsü ilə Bakıda keçirilən “Nəsimi - poeziya, incəsənət, mənəviyyat” festivalında yaranıb və ilk kitabın nəşri 2021-ci ildə baş tutub. İkincisi isə budur, tam iki ildən sonra ərsəyə gətirilib.
Əsərlərin tərcüməçisi Züleyxa Muradova, redaktoru Seyfəddin Hüseynov, layihənin əlaqələndiriciləri Aydan Əliyeva və İzabella Serradır.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
“6 saatlıq sükut” təqdim olundu
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Hüseyn Arif" Ədəbi Birliyinin sədri, AYB-nin üzvü, şair Saqif Qaratorpağın "6 saatlıq sükut" adlı şeirlər kitabının təqdimatı oldu.
Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli qonaqları salamladı, Saqif Qaratorpağın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verərək, tədbirə uğurlar arzuladı.
Çıxış edənlər Saqif Qaratorpaq yaradıcılığında əsas xəttin sevgi, ayrılıq, həsrət olduğunu vurğuladılar. Nə qədər həsrət, ayrılıq, darıxmaq olsa da, qovuşmağa ümidini itirməyən şairin yaradıcılığının özünəməxsusluğundan, təkrarsızlığından söz açdılar.
“Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, professor Rüstəm Kamal "ən ülvi hisslərini qələmə alan, qarşı tərəfə sonsuz sevgi ərmağan edən, lakin hər bir halda sevdiyini sirr saxlayan Saqifi şeirlərini hamıya sevdirib, özü sirr qalan məharətli şair" adlandırdı.
Şairə Güləmail Murad Saqif Qaratorpaq yaradıcılığından danışaraq şairin öz şeirini söyləməklə Saqif Qaratorpağı təbrik etdi. Şairlər, qiraətçilər, şairin könül dostları Saqif Qaratorpaq yaradıcılığını "Sevgidən doğulan poeziya" adlandırdılar.
"Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat katibi mən bəndəniz Saqif Qaratorpağı və tədbir iştirakçılarını "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin adından salamlayaraq tədbirə uğurlar arzuladım. Saqif Qaratorpağı 60 illik yubileyi münasibətilə təbrik edərək söylədim: "Hörmətli Saqif müəllim, sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə İctimai Birliyin 2023-cü il üçün nəzərdə tutulmuş illik hesabatında sizin Azərbaycan ədəbiyyatına göstərdiyiniz xidmət və Azərbaycan poeziyasına verdiyiniz töhfələr nəzərə alınaraq "Fəxri Diplom"la təltif edilməyiniz qərara alınıb. Tədbir öncəsi sizə məlumat veriləcək. Sizi də İctimai Birliyin İllik Hesabat tədbirində görməkdən məmnun olarıq".
Qeyd edək ki, Saqif Qaratorpağın "6 saatlıq sükut" kitabı "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam Nəsibovun dəstəyi ilə nəşr olunub.
Sonda söz Saqif Qaratorpağa verildi. Şair tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Müəllifi olduğu bir neçə şeirini söylədi. Qonaqların alqışı ilə tədbir tamamlandı.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
9-cu Bakı Beynəlxalq Kitab Sərgisi – müsbət və mənfi tərəfləri
Şəmil Sadiq yazır
“Ədəbiyyat və incəsənət” portalı başa çatmış 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi barədə rəyləri dərc etməkdədir. Bu dəfə sizə ANAİB-in sədri, tanınmış pedaqoq və yazar Şəmil Sadiqin fikirlərini təqdim edirik.
Beş günlük 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi yekunlaşdı! Düzü, bu il şəxsən bəzi səbəblərdən tam aktiv iştirak edə bilmədim. Amma istənilən halda, lap başlanan gündən həm rəsmi, həm də qeyri-rəsmi prosesin içində idim. Mənə görə, uğurlu alındı. Əvvəlki illərə nisbətən irəliyə doğru xeyli fərq var idi. Bir neçəsini sadalamağa çalışacağam.
1. Sərgi elan olunan ərəfələrdə Mədəniyyət naziri cənab Adil Kərimov Nazirlik binasında şəxsən naşirlərlə görüşdü, kitabı, kitabçılığı saatlarla müzakirə etdi. Bu formatda yanaşma bir ilk idi!
2. Elan olunandan sonra sərginin təşkili və gedişatı ilə bağlı yenə naşirlərlə geniş formatda görüş oldu. Bu dəfə görüşü Mədəniyyət nazirinin müavini Fərid Cəfərov apardı, qarşıda duran məsələləri şəxsən izah etdi, təklif və iradları dinlədi, hətta bəzilərinin elə yerindəcə həll olunmasına kömək göstərdi. Görüşdən sonra bütün naşirlərin səmimi münasibətə görə böyük stimul aldığını gördük. Bu da rast gəldiyimiz yaxşı münasibət idi.
3. Sərgiyə az vaxt qalanda isə yenə Fərid Cəfərov daha kiçik formatda – 8 – 10 nəfərlik yazıçı və naşir heyəti ilə yemək süfrəsi arxasında görüşərək əlavə təklif və ideyaları dinlədi, müzakirələr apardı. Bu da çox yaxşı!
4. Bakı Ekspo Mərkəzində icarəhaqqı bahadır. Kitab üçün isə bu qiymətlər fantastik qiymət kimi görünür. Etirazlarımız qəbul edildi, Mədəniyyət Nazirliyi öz imkanları hesabına ödənişlərdə əlavə güzəşt etdi. Nəzərə çatdırım ki, hər nəşriyyata 6 kv metr ödənişsiz yer verilirdi.
5. Naşirlərə müraciət edildi ki, xaricdən tanınmış yazıçıların gətirilməsini istəyirsinizsə, müraciət edin, bütün xərclərini Nazirlik çəkərək dəvət edəcək. Edildi, komissiyanın uyğun bildiyi yazıçıların sərgiyə gəlməsi təmin edildi. Bu isə mənə görə ən böyük yeniliklərdən idi və həyata keçirildi. Düzdür, naşirlər daha çox türkiyəli yazarlara üz tutdu, burada zaman məsələsi də rol oynayırdı. Amma ümid edirəm ki, ənənə qırılmasa, gələn il daha fərqli mənzərə ilə rastlaşacağıq.
6. Uzun illər öncə bir-iki dəfə olsa da, sonradan ənənəsi qırılmış bəzi yeniliklər oldu: sərginin ən yaxşı stendi, ən aktiv naşiri, ən çox oxunan yazıçısı və b. elan olundu, mükafatlandırıldı. Bu da özlüyündə sərgilərdə olmalı vacib məqamlardan idi.
7. Müzakirə, görüş, imza panellərinin sayı daha çox idi. Bu da imkan verirdi ki, maarifləndirici və intellektual söhbətlərə geniş yer verilsin, yerli yazarlar oxucuları ilə xüsusi görüş keçirsin.
8. Bütün şikayətlərə Nazirliyin operativ və həssaslıqla cavab verməsi daha çox diqqət çəkirdi. Bəzən bu müraciət, şikayət haqsız olsa da, yanaşma çox isti idi. Məsələn,“Qanun” nəşriyyatının sərginin həyətində təkərli avtobusla satış etməsi, girişdə bəzi yazıçılara ayrıca masanın ayrılması və s. nazirliyin kitaba münasibətini bir daha ortaya qoydu: “Kitabla bağlı yaxşı hər şeyə açığıq, heç kim narahat olmasın”.
9. Naşirlər sərgiyə xüsusi hazırlaşdı; aralarında şirin bir rəqabəti də hiss etmək olurdu. İstər stendin qurulmasında, istər yeni kitabların nəşr edilib sərgiyə çatdırılmasında, istər endirim kampaniyalarında, istər müəlliflərini sərgiyə dəvət edib imza mərasimlərinin təşkilində, istərsə də sərginin piar işlərinin aparılmasında xüsusi aktivlik müşahidə olundu.
10. Sərginin dördüncü günündə nazir müavinin də iştirakı ilə qala gecəsinin keçirilməsi və bütün şirkətlərin o yeməyə dəvət edilməsi də təqdirəlayiq hal idi. Əvvəlki illərdə bu cür tədbirlər ya olmurdu, ya da keçirilməsindən naşirlərin xəbəri olmurdu.
Ümumilikdə ab-hava çox yaxşı oldu, hər kəsin razı qaldığı açıq aydın görünürdü. Düşünürəm ki, iştirakçı sayı da ürək açan idi. Düzdür, alıcılıq qüvvəsi qənaətbəxş olmasa da, aktivlik onun yerini doldura bildi. Fikir verdinizsə, razılıq bildirdiyim əksər bənd olmalı olanlardır, məmurlarımızın səmimi münasibətindən razılıqdır. Halbuki burda qeyri-adi bir şey yoxdur. Sadəcə, biz bunu o qədər görməmişik ki, bu cür hallar bizi məmnun edir. Məhz buna görə də Nazirə və yeni komandasına atəşli təşəkkür düşür! Sabaha ümidi artırır.
Amma... Belə işlərdə real təriflərdən sonra narazılıq olan hissələr də olur, olacaq. Bizə isə bunları qeyd etmək düşür ki, zaman-zaman aradan qaldırıla bilsin.
1. Sərginin tarixi bir neçə dəfə dəyişdirildi, sərgi gününə 30-40 gün qalmış elan olundu və piar işlərinə 10 – 15 gün qalmış başlanıldı. Məhz bu məsələ peşəkarlıqdan uzaqdır və düşünürəm ki, hökmən aradan qaldırılmalıdır. Beynəlxalq sərgilər ən az 6 ay qalmış elan edilir, proqramlar tutulur. Hətta hər ilin ilk aylarında elan edilir. Əks halda xarici qonaqların dəvətində sıxıntı yaşanır, təbliğat işləri istədiyimiz kimi getmir, az insan məlumatlı olur.
2. Piar işləri heç bir halda ürəkaçan deyildi. Çünki yalnız son 10 – 15 gün ərzində– zəif aparıldı. Sərgi ərəfəsində metrolarda broşür paylanılsa da, kifayət deyil. Belə mötəbər tədbir üçün ən az iki ay əvvəl şəhərin bütün küçələri kitab reklamları ilə bəzədilməli, elanlar verilməli idi.
3. Sərgiyə giriş-çıxışı saymaq üçün avadanlıqlar quraşdılmalı və statistika aparılmalı idi ki olmadı. Xırda məsələdir, amma nəzərə alınsa, yaxşı olardı.
4. Sərgi yekunlaşan kimi naşirlərə yaxşı bir sorğu göndərilməli, sərgi ilə bağlı məmnunluq dərəcəsi öyrənilməli və statistik işlər görülməli idi. Hətta bunu iştirakçılarla da etmək yaxşı olardı ki, onların da istək və arzuları gələn il nəzərə alınsın.
5. Yaxşı olardı ki, sərginin vaxtı uzadılsın – təqribən, 9 – 10 gün. Sərgi çərçivəsində xarici naşirlərin B2B görüşləri də təşkil edilsin. Bunun üçünsə ilk olaraq Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması məqsədilə dəstək fondu yaradılmalı və xarici naşirlər bu prosesə cəlb edilməlidir.
6. Sərgidə müxtəlif mükafatlandırmalar oldu. Bu mükafatlandırmaların meyarları açıqlanmalı, proses obyektiv aparılmalıdır. Məncə, bu proses obyektivlikdən çox, subyektivlik üzərində qurulmuşdu. Naşirlər, yazıçılar belə şeylərdən o qədər uzaq düşüblər ki, bizə buna da şükür etmək qalır: nəsə deyib bu gözəl addıma kölgə salmaq istəməzdim. Amma növbəti sərgilərdə bunların standartı olarsa, öncədən elan olunarsa, daha şəffaf keçirilər və ya şəffaflığı hər kəs aydın görə bilər.
Ümumilikdə isə sərginin bütün təşkilatçılarına xüsusi təşəkkür düşür. Kitabla bağlı baş verən hər iş sevindiricidir. Adamın könlünü oxşayır. Ölkəmizin ən böyük mədəniyyət hadisələrindən olan bu tədbirin hər il daha möhtəşəm keçməsini istəməyən olmaz. Ona görə də hər kəs əlini daşın altına qoyub bu işə cani könüldən dəstək versə, çox yaxşı olar. Xarici qonaqlarımızdan biri mənə yaxınlaşaraq təbrik etdi. Dedi: “Azərbaycan sərgisi hər il inkişaf edir, yaxşı gedirsiniz. Məncə, çalışıb regionun sərgisini təşkil etməlisiniz”. Doğrudan da, bunu edəcək gücdə və potensialdayıq! Məsələn, Qafqaz Bookfair!
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)