Super User

Super User

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Ramiz Rövşənin sevgi şeirləri çoxdur, bəzisi dillər əzbəridir. Mənsə elə də məşhur olmayan, amma həqiqiətən də içdən gələn, səmimi bir sevgi şeirini təqdim edəcəyəm - “Sevdim səni”.

 

Yavaş-yavaş sevdim səni…

Hər gün bir az da sevdim.

Ən çox bu qış sevdim səni,

Qarda, ayazda sevdim.

 

Gör bir nə tez isinişdik,

Havalar soyuyanda.

Adamlar qalın geyinib,

Ağaclar soyunanda.

 

Qar altından baş qaldıran

Çiçəktək sevdim səni.

İstisinə qızındığım

Ocaqtək sevdim səni.

 

Hələ bu cür sevməmişdim

Ömrüm boyu heç kimi.

Səni sevdim qar üstündə

Yem axtaran quş kimi…

 

Qorxa-qorxa bu sübh çağı

Nə baxırsan göyə sən?

Deyirsən ki, günəş çıxıb,

Qar əriyir, deyəsən…

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

Şəmil Sadiq - tanınmış yazıçı, naşir, ictimai xadim. Bu amplualarda o tez-tez sizlərin qarşısında dayanır. Bu dəfə isə o, artıq təhsil texnoloqu, dosent kimi təhsilimzdən danışacaq. 

 

 

Yenə sertifikasiya, yenə söz-söhbət, yenə müəllimlərin rəğbətini qazanmaq üçün populist fikirlər...

Yazının başlığına çıxardığım sualı uzun illər təhsil naziri işləmiş hörmətli Misir Mərdanov verib. Açığı, bu gün hamını bu sual düşündürür. Bu müəllimləri işə kim, niyə və necə qəbul edib? 

 

Gəlin kimin necə və niyə qəbul etməsini bir kənara qoyaq, amma bu müəllimlər 10-15 ildir, necə işləyib, nə tədris edib? Niyə üzərlərində işləməyiblər, keçən dəfə sertifikasiya imtahanından kəsiləndən sonra niyə normal şəkildə hazırlaşmayıblar?

“Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7296 müəllimdən 3909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. 

Qeyd olunub ki, onlardan 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub”.

Nəzər alaq ki, bu müəllimlərə bir il güzəşt verilmişdi, çünki keçən il keçid balını keçməmişdilər.

Hörmətli Misir müəllimin sualına cavabla başlayaq. Bəli, yəqin ki, bu nəticə göstərənlərin əksəriyyəti məhz Misir müəllimin nazir olduğu dövrdə universiteti bitirib diplom alan və işə düzələnlərdir. Məhz o adamlardır ki, əri, qayınatası, atası tərəfindən müxtəlif yollarla məktəbə baş qatmaq, evdə qalıb darıxmamaq üçün işə düzəldilib. Düzdür, məhz o dövrdə hərə bir yolla işə düzəlirdi, istedadlılar da, istedadsızlar da. O istedadlılar öz üzərlərində işlədi, inkişaf etdilər, digərləri isə, elə doğrudan da, baş qatdı, vaxt keçirtdilər. Bunların birbaşa günahkarı keçmiş nazirdirmi, əlbəttə ki, yox. Amma və lakin dolayısı ilə və ya birbaşa səbəbkarlardan idi və bu danılmazdır. Məsələn, mən də Misir müəllimin dövründə universitet bitirən, məhz onun dövründə də işə düzələn müəllimlərdən idim. Mənə görə, mən uğurlu müəlliməm. Onda bunun da səbəbkarı Misir müəllimdir? Əlbəttə ki, yenə yox. Onu da nəzərə alaq ki, o dövrlər işə qəbulu nazirlik yox, yerli qurumlar, maarif müdirləri, məktəb direktorları icra edirdi.

Amma bu gün yaşadığımız bu problemin səbəbi, əlbəttə ki, təhsilimizin sistemsiz və hədəfsiz olmasıdır. “Karvan yolda düzələr”, – deyib baş alıb gedən təhsil sistemi. Məktəbi laboratoriyalara çevirən sistem. Bir türk aktyoru demişkən: “Təhsil sisteminin iki problemi var: “təhsil” və “sistem”. İkisi də problemdir”. Dünənki, bugünkü təhsilimiz də, sistemimiz də problemlidir. Müstəqillik qazanandan sonra keçən 33 ildə yığılıb qalan problemləri bir gündə həll etmək mümkün deyil. Və bu acını, ağrını yaşamaq məcburiyyətindəyik. Bu vəziyyətin günahkarı isə sözsüz ki, uzun illər əlində imkan olan təhsil idarə edənlərdir. Niyə universitetlərimiz bu gündədir, niyə o universitetləri o cür savadla bitirə biliblər, niyə o cür vəziyyətdə işə götürülüblər, niyə indiyə qədər də işləyiblər. Cəmiyyətin hər dəfə narazı olduğu təhsilin problemləri təməlindən başlamayıbmı? Əlbəttə ki, bu gün yaranan mənzərədə suallar yaranacaq, kimdir müqəssir? Bir onu bilirəm ki, mən deyiləm.

Düzdür, 3909 nəfərin bu ağır zamanda işsiz qalması insan olaraq adamı ağrıdır. Heç bir halda ürəkaçan mənzərə deyil. Amma 3909 nəfər müəllimi ən az 20 nəfər şagirdə vursaq, 78180 edir ki, bu da gələcəyin 78000 ailəsinin savadsız olması deməkdir. Düşünürəm ki, bir təhsil mütəxəssisi olaraq bu prosesdə nazirliyin bu addımını sadəcə dəstəkləmək və çıxış yolları göstərmək lazımdır. Çünki yaranı daşımaq olmaz, ya sağaldacaqsan, sağalda bilmirsənsə də, kəsib atacaqsan. Bu fikrim də ağırdır, bilirəm, amma məcaz kimi başa düşək.

Suallar necə imiş, imtahan hansı şəraitdə aparılıb, kim edib o imtahanı?

Suallara baxdım, bununla bağlı fikrimi aşağıda qeyd edəcəyəm. Bir neçə dəfə də sertifikasiya imtahanlarına müşahidəçi kimi dəvət olunmuşam. Şəraitdə hər hansı bir problem olduğunu görmürəm. Amma kimin o imtahanı etməsi, sualları hansı prinsiplərə əsasən hazırlaması məni də maraqlandırır. Gələk sualın birinci hissəsinə. Mətnə yerləşdirəcəyim bir sualla, linkdən isə bütün suallarla tanış ola bilərsiniz. Mənə görə, o suallara cavab verməyən müəllimi heç bir halda müəllim kimi məktəbə buraxmaq olmaz. Çünki sualların hamısının cavabı 3 – 4-cü sinif dərsliklərində var; orta və asan səviyyəlidir. Halbuki müəllimə bu cür sual verməzlər. O, universitet bitirmiş mütəxəssisdir, 7-8 yaşlı uşaq yox. Ortabab bir sinfə bu sualları yazdırmaqla durumun nə qədər faciəvi olduğunu görmüş olarıq. Düzdür, tez-tez qınaq obyektinə çevrilən müəllim bu sualların paylaşılmasını, təbliğ edilməsini özünə sığışdırmır, çünki “niyə həmişə biz?” – sualı onu narahat edir. “Məgər cəmiyyətin başqa problemi yoxdur ki, hər dəfə müəllim şişə taxılıb qızardılır?” – deyə etiraz edir, bəlkə də, haqlıdır. Amma Elm və Təhsil Nazirliyi də haqlıdır ki, suallara baxmayan və sadəcə populist çıxışlarla haqsız tənqid edildiyini gördüyü üçün sualları cəmiyyətə açıqlayıb; hətta statistikası ilə birgə. Məncə, bunda da problem yoxdur, bir növ şəffaflıqdır və təşəkkür düşür.

İbtidai sinif Azərbaycan dili fənnindən bir sualı sizinlə bölüşürəm:

 

1. Hansı sözdə incə sait uzun tələffüz olunur?

Yanlış cavablandırma və ya boş qoyma: 51 % – 1868 nəfər

A) məktəbli

B) gündəlik

C) maraqlı

D) xüsusi

E) ecazkar

 

Bu sualdan da görünür ki, imtahan verənlərin 51 faizi suala düzgün cavab verməyib. Mən cavabı yazmıram, yazını oxuyanlar tapsın, özünü yoxlasın, bu suala cavab verə bilməyən şəxsin müəllim işləməsini isə özü dəyərləndirsin. Sualları bir-bir izah etmək fikrində deyiləm, amma suallar yetərincə sadədir ki, bunu da neçə illər müəllim işləmiş şəxsin yaza bilməsi mümkün idi. Azərbaycan dilində vəziyyət belədirsə, siz riyaziyyatın halına düşünün...

Suallarla tanış olmaq istəyənlər üçün linki də paylaşıram: 

 

Ibtidai-sinif-08.06.2024_Azərbaycan_dili.pdf

 

Amma mən burda sualları hazırlayan qurumun və ya şəxslərin işini heç bir halda yüksək qiymətləndirə bilmərəm. Ona görə yox ki suallar asandır, ona görə ki suallar heç bir halda günün şərtlərinə cavab vermir və müasir standartlara uyğun deyil. Sualların, demək olar ki, 99 %-i dil bilgisi, nəzəriyyə üzərində qurulub. Elm və Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qoyduğu tələblər gözlənilməyib. Belə ki, həmin sənəddə qeyd edilir ki, sual bölgüsü aşağıdakı kimi olmalıdır: oxu 8, yazı 2, dil qaydaları 10. Hanı bizim on ildən çox danışdığımız təfəkkür məktəbi, hanı bizim çevik zəkalı uşaqlar yetişdirmək arzumuz, hanı bizim vətəndaş yetişdirmək sevdamız? Sait və samiti, isim və sifəti əzbərləməklə insan yetişdirmək olarmı? Qətiyyən yox. Hanı müəllimlərə verilən təlimlərə yönəlik suallar? Bilirəm, kimsə deyəcək ki, tapşırıqlar mətnlər üzərində və ya məntiqi verilsə idi, nəticə daha da bərbad olardı. O işin bu işə heç bir dəxli yoxdur. Axı Azərbaycan dilinin 4 məzmun xətti var: oxuyub-anlama, dinləyib-anlama, yazı qaydaları və dil qaydaları. Bu vacib məzmun xətlərindən ilk ikisi harda qaldı? Niyə onları ölçən suallar tərtib edilməyib?

Bu sualların tərtib edilməsi onu göstərir ki, bu işi həyata keçirən qurum heç elm və təhsil nazirinin mətbuata etdiyi çıxışları belə dinləmir, fikirləri ilə belə tanış deyil. Axı əlimizdə olan dərsliklər və onların metodik vəsaitləri bunu tələb etmir. Biz müəllimə deyirik, sinifdə başqa şey keç, mən sənə başqa suallar verəcəm. O zaman müəllim niyə özü hazırlaşdığı istiqamətdə dərs keçməsin ki? Bu suallar sanki onu ifadə edir ki, biz dilçi yetişdirmək istəyirik, adam yox. Bütün suallar dilçilik üzərində qurulub və ən yaxşı halda müəllimin dil qaydalarını yoxlaya bilər. PISA-da uzun illərdir, sonuncu yerdə olmağımızın səbəbi bu deyilmi? Çox təəssüf edirəm ki, dərslik siyasətinə cavab verməyən dil qaydalarına aid suallar üzərində aparılıb sertifikasiya. 25 sualdan cəmi iki sual Elm və Təhsil Nazirliyinin apardığı siyasətə uyğundur. Çıxışlarından birində Emin müəllim demişdi ki, əksəriyyət oxuyub-anlamağı bacarmır. Əmin olun ki, bu suallara cavab verən müəllimlər də oxuyub-anlama bilməyən əzbərçi nəsil yetişdirəcək.

Kurikulum layihəsi on beş ildir ki, həyata keçirilir və təfəkküryönümlü məktəbə keçirik deyə-deyə dilimizdə tük bitdi. Təfəkküryönümlü məktəbə keçiddə isə müəllimin də təfəkküryönümlü olması və dərslərə də praktik yanaşması vacib amillərdən biridir.

Çox təəssüf edirəm ki, məhz nazirin kütləyə qarşı cəsarətli duruş göstərib nələrisə dəyişmək istəyinə yenə yerlərdəki kadrlar “oxuyub-anlama” bacarığı nümayiş etdirmir.

Belə ki, mənə görə, sertifikasiya təhsilin vazkeçilməzlərindən biridir, hətta olmazsa olmazıdır. Niyə? Çünki sertifikasiya həm təhsilin keyfiyyətini ölçür, həm müəllimlərin öz üzərində işləməsini təşviq edir, həm də ki müəllimlərin haqqı olan maaşlara təsir edən məsələlərdən biridir. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin neçə illərdir, həyata keçirdiyi sertifikasiya prosesini alqışlayıram. Ona da ümid edirəm ki, yaxın illərdə biz sertifikasiyada yeni mərhələyə keçid edəcəyik, müəllimin yalnız bilik yox, pedaqoji, metodoloji və yaradıcı bacarıqlarını, psixoloji durumunu, məktəbdəki performansını da qiymətləndirmənin tərkib hissəsinə daxil edib daha obyektiv dəyərləndirmə aparacağıq.

Sertifikasiya imtahanının ilkin mərhələsində aparılan müşahidələrdən çıxan nəticə belədir ki, imtahanqabağı və sonrası aparılan qaralama kompaniyası iflasa məhkumdur. İmtahandan yüksək bal toplayanların özünəinamı, digərlərinin də hazırlaşma mərhələsində əldə etdikləri bilik və bacarıqlardan yaranan öyrənmə həvəsi əsassız giley-güzarı kölgədə qoyacaq. Digər tərəfdən öz bacarığına inanan müəllim daim öz üzərində işləməklə inkişafını, əməyinin daha yüksək əməkhaqqı ilə dəyərləndirilməsini təmin edəcək. Bu isə müəllimin əməyini stimullaşdırmaqla yanaşı digər təhsilverənlər üçün nümunə olmaqla təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək. Düşünürəm ki, imtahan nəticəsində yaranan müəllim özünəgüvəni gələcəyin azad və müstəqil müəllimini formalaşdırır. Azad düşüncəli müəllimin yetişdirdiyi vətəndaş da azad olacaq. Bu baxımdan sertifikasiya imtahanı haqqında qərar hədəfə köklənmiş, uzun proses tələb edən bir qərardır. Lakin fikirləşirəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.

 Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli, eyni zamanda vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm. Biz bu sistemin adını PKPD – Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq. Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.

Pedaqoji heyətin dəyərləndirilməsi aşağıdakı meyarlar üzrə ümumi 100 ballıq şkala ilə qiymətləndirilir. Bura aiddir:

Pedaqoji işçinin

- balabilgə dəyərləndirilməsi – 30 bal;

- özünüqiymətləndirmə – 10 bal;

- rəhbərlik qiymətləndirməsi – 10 bal;

- müəllimin peşəkar inkişaf portfoliosu – 50 bal.

 

Bununla bağlı təklifimlə ətraflı tanış olmaq istəyənlər “Azərbaycan müəllimi” qəzetindəki

 

 (https://muallim.edu.az/news.php?id=25898) 

 

yazımı oxuya bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

“Ədəbiyyat və incəsənət” portalı ADU-nun baş müəllimi Nigar Haqverdiyevanın sevilən şair Qulu Ağsəs yaradıcılığından bəhs edən “Adı yurdu ilə eyni rəngə çalan Şair…” məqaləsini təqdim edir.

 

 

Adı yurdu ilə eyni rəngdə olan Şair, bəli, bu belədir, adının rəngi də yurdunun rəngindədir, özü də bilmədən, ya da bilərəkdən bilmirəm, amma rəssamlıq sevdasından da ola bilər, şairlik dünyasından da… nə fərqi ki, hər ikisini birləşdirən bir ruh, duyum, anlamdan gəlir bəlkə də… necə oxşayırlar, necə tamamlayırlar bir-birilərini- Ağdam və Ağsəs… nədənsə, ilk dəfədir ki, yurduna çevrilmiş İnsan gördüm onu oxuyarkən, müsahibələrini dinlərkən…

Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...
Ağam şəhərim!

Əgər bir müəllifi oxuyarkən istər-istəməz onun haqqında oz-özünlə danışmağa başlaylırsansa, özün də hiss etmədən əlin qələmə doğru gedirsə, demək ki, əsl ƏDƏBİ adama rast gəlmisən…indi yazan çoxdu, kitab da çoxdu, amma lazım olan, əsl söz, fikir, ruh aləmi, mənəvi dünya, bəşəri hisslər, pak duyum, təmiz ağrı, vicdan siziltisi, gizli, qapalı daxili mənin zahiri mənlə aşkar, heyrətamiz vəhdəti, sözün ucuz məqama çevirildiyi bir bəsit aləmdən sözün ədiblər dəyərinə, əksinə, Tanrının ilkinə, imzasına belə hörmətsiz yanaşıldığı bir dönəmdə öz kamil məqamına qaldırıldığı bir ağ səsə, ağ sözə rast gəlirsən…

Uzun zaman rastıma çıxan “yazı”lardan çox bayağı qeydlər olan söz yiğınağından sonra təsadüfən onun haqqında yazıya, paylaşıma rast gəldim və bu rastlaşma gözəl bir təsadüfə bağlandı və bu gözəl tədadüf aydın bir yola çıxartdı və bu aydın yol özü demiş “ən böyük yüksəklik olan Ruh yüksəkliyinə” qaldırdı və bu Ruh yüksəkliyi sözün əsl mənasında Ağ Səsə apardı, apardı və apardı... Ağ Səs varsa demək ki, hələ dünyadan əlimiz üzülməyəcək ümid var, işıq var, ağ səs var....

Hansı şerlərinizi deyim ki, Qulu Müəllim, bir deyil, iki deyil, hamısında o ağ səs duyulur: “Müharibə əlili”, “İşdi-qəzadı səndən əvvəl ölsəm...”, “Hərdən anamdan xəlvət...”, “Dağa bax, sən allah...”, “Sağ-salamat ölsəydim...”, “Nə olar, bir səhər durub görəsən...”, “Rum rəqəmiylə onuncu...”, “Ağaclar hamısı kürəkən, qayın”, “Bəlkə də bu qanundu...”, “Görsən ki, qaranlıq çökür aləmə...”, “Nöqtələr”, “Ömrümdən neçə gün qalıb, neçə saat, İlahi?”, “Görsən üşüyürsən...”, “Tövbə, görünməyib fəlakət belə...” və s.,və s...

Bu sözləri hər yerdə daim məhşur Albinoni haqda deyərdim, “Adagio” əsərinə görə, ilk dəfə Ağsəs haqda da deyə bilərəm ki, bir insanda nə qədər böyük ürək, nə qədər böyük işıq olar, bir şair nə qədər dərinduyumlu olar, bir insan nə qədər özü olar- insan olar ...

Onun yazılarından, fikirlərindən keçmiş Kişilərin avazı gəlir, Azərbaycan kişisinin məni görünür... ancaq günümüzlə səsləşən avazdır bu... Qulu Ağsəsin Ağdam şeri, Şuşa şeri və ya digər şerləri ilə tanış olarkən bu aydın sezilir. Şairin dərdi, ağrı-acısı, yaşadıqları, gördükləri, sarsıntıları onu nə qədər incitsə də, rahatlığına qənim kəsilsə də, o, bunu mərdanə qarşılayir, qürurunda gizlədir, necə deyərlər ağayana yanaşır, onun şerlərinə ağ səs salan fikirləri artıq fərdiliyi aşaraq bəşəri xarakter alır.

Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
"Olmadı,
bu ki olmadı!".
...Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı...

Qulu Ağsəs şerlərində məkan və zaman vəhdəti, keçmiş və indi anlamı, ruh və yaddaş birliyi ilə qəribə, qeyri-adi sintez təşkil edir. Buna misal olaraq onun işğal vaxtı və işğaldan azad olunandan sonra Şuşaya həsr etdiyi ikili yanaşmada yazdığı hər iki şerində aydın görmək olar. Özü fərqində olsa da, olmasa da, o, dünənin adamıdır amma bü gündə yaşayan, əksini də demək olar, bu günün adamıdır, keçmişi özüylə daşıyan...əslində bilirik ki, insan bütövlükdə keçmişlə indinin vəhdətindən ibarətdir...bax elə, bu vəhdət Ağsəs dünyasından qırmızı xətlə keçir...

Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına...
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
...Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..

O bir söz sahibi olsa da inanclı bir şairdir həm də, ancaq, sözə inanclı biri... “Mən sözə inanıram. Əgər bu dünya və o biri dünya deyilirsə, o biri dünya da var.” Q.A.

Qulu Müəllim şerlərindəki ağ səsi ilə dünyadan böyük olan az ədiblərdəndir. Şerlərində insanı oxuyur, yurdunu arayır, əslində o yurdda özünü arayır, tapmağa çalışır... sanki yol gedən, özünü axtaran Qoca Müdrikdir...Həm şerlərində, həm də müsahibələrində dediyi hər fikri bir kəlamdır, hər kəlməsi bir yanğıdir, bir səsdir.

Görsən üşüyürsən yandır özünü!

Yazın Qulu müəllim, yazın ki, üşüyəndə yana bilək!

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində 85 illiyini qeyd etdiyimiz mərhum Xalq şairimiz Vaqif Səmədoğlu barədə növbəti yazı təqdim edilir.  Bu dəfə onun barəsində həyat yoldaşı Nüşabə Vəkilova danışır. Bu dəfə Kənan Hacıya müsahibəsində. 

 

Böyük şairimiz Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Vəkilova ilə görüşüb ondan müsahibə almalıydım. Neçə illik jurnalistlik təcrübəmə baxmayaraq, nədənsə içimi həyəcan bürümüşdü. Vaqif Səmədoğlu kimi bənzərsiz şairlə bir ömür yolunu paylaşmaq hər qadının hünəri deyil.

 

Qoy tarixdə adım qalsın

Nüşabənin qulu kimi.

 

Nüşabə xanımın sevgisi şairə bu misraları yazdırmışdı. Ona verəcəyim sualları yolboyu içimdə götür-qoy edirdim. Nədənsə mənə elə gəlirdi ki, bu müsahibəni Vaqif Səmədoğlu mütləq oxuyacaq... Çox güman ki, həyəcanım da bu səbəbdən idi.

Nüşabə xanımla Vaqif Səmədoğlu Mərkəzində görüşdük. Divardakı çərçivədən bizə Vaqif Səmədoğlu baxırdı və məmnunluqla gülümsəyirdi...

 

- Nüşabə xanım, xoş gördük.

 

- Xoş gördük.

 

- Vaqif Səmədoğlu ilə tanış olmazdan əvvəl onun şeirlərini oxumuşdunuzmu?

 

- Yox, qətiyyən. Sadəcə, onu televiziya ekranlarında görmüşdüm. Bilirsiniz ki, o, xeyli müddət Azərbaycan televiziyasında caz haqqında verilişlər aparmışdı. Bundan başqa, qardaşımdan onun haqqında eşitmişdim. Amma poeziyası ilə tanış deyildim. Biz tanış olandan sonra mən onun şeirlərini oxudum. Özü kimi yaradıcılığının da təkrarsız, unikal olduğunu gördüm.

 

- Vaqif müəllim sizin həyatınızda nələri dəyişdi? Ümumiyyətlə, o, necə həyat yoldaşı idi? İki fərqli xarakterə malik insanın bir-birinə uyğunlaşması necə baş verdi?

 

- Bilirsiniz, biz tanış olanda ikimiz də yetkin, təcrübəli insanlar idik. Münasibətlərimiz ciddiləşdikcə mənim tərəddüdlərim də artırdı. Bir dəfə telefon danışığımızda mənə dedi ki, "mənim çoxdankı arzum idi sənin kimi qadına rast gəlmək, bilmək ki, harada olmağımdan asılı olmayaraq, məni gözləyəcək, yükümü daşımaqdan çəkinməyəcək". Bu sözlərin ağırlığı məni qorxutdu. Sərbəstliyimi, azadlığımı itirməkdən qorxdum. Mən ümumiyyətlə çərçivələri sevməyən adamam. Ona belə cavab verdim: "Biz səninlə heç vaxt birləşə bilməyəcək çayın iki sahiliyik". Bilirdim ki, bu sözümlə incitmişəm. Beş illik ünsiyyət beləcə sona yetdi. Araya il yarımlıq ayrılıq düşdü. Bu ayrılığın mənim üçün belə çətin başa gələcəyini təsəvvür edə bilməzdim. Əlbəttə, beş illik münasibətlər izsiz keçə bilməzdi. Hardasa oxuduğum bir fikir yadıma düşür. Deyir: "əgər kiməsə inamın yox, şübhən varsa, ondan uzaqlaş, onu azad burax. Əgər o, sənindirsə, mütləq qayıdacaq və heç vaxt səni tərk etməyəcək, qayıtmayacaqsa, deməli, heç vaxt sənin olmayıb". O il yarımlıq ayrılıq, bəlkə də bizim sevgimizi sınağa çəkirdi. Bilirsiniz, bizim zamanımızda sevgi daha müqəddəs idi, sevənlər bir-birinin yolunda canından belə keçməyə hazır idi. Sevgi insanların həyatının ayrılmaz bir parçası idi. Valideynlərimiz bizi belə böyütmüşdü, biz sağlam mühitdə yetişmişdik. Yeri gəlmişkən, biz ailə qurduqdan sonra bir dəfə Xavər xanım məndən soruşdu ki, qızım, yaşlıların hörmətini saxlamaq hardandı səndə? Dedim ki, gözümü açandan yanımda nənəmi görmüşəm. Bizim üçün mənəvi mühit daha önəmli idi. Bu gün dünəndən başlayır, sənin bugünkü həyatında sürətlə nələrsə dəyişir, sən anlayırsan ki, indiyə kimi baş verənlər bu gün əldə etdiklərinin müqəddiməsi imiş. Mən xoşbəxt qadınam ki, belə bir ailədə böyümüşəm və Vaqiflə münasibətlərimizə də bu kontekstdən baxırdım. Onunla bir dam altında yaşamağın ağırlığından qorxurdum. Amma hiss edirdim ki, onun mənə ehtiyacı var. Bunu hiss etməsəydim, bəlkə mən də başqa cür davranardım. Bilirsiniz ki, onun özü də azad ruhlu bir insan idi, azadlığını heç nəyə qurban verməzdi. Yaradıcılığında olduğu kimi, davranışlarında da tam sərbəst idi. Mən onunla quracağımız ailənin məsuliyyətini dərindən dərk edirdim. Bütün bunları "Mən sənin yuxunam" kitabında yazmışam.

Biz ailə qurandan sonra, sanki bir-birimizi yenidən kəşf etdik. Bu yaşda gələn sevgi bəzən gənclik hisslərindən də güclü olur. Gəncliyə xas olan şövq, çılğınlıq yaş ötdükcə yerini bağlılığa, qayğıya verir. Yaş ötdükcə qadın məhəbbəti daha mehriban, daha müdrik olur. Mən Vaqiflə ailə qurandan sonra tamamilə dəyişdim, özüm də buna məəttəl qalmışdım. Gəncliyimdə olduqca tərs, ərköyün qız olmuşam, öz bildiyimi heç kəsə güzəştə getməmişəm. Amma Vaqifin sayəsində öz "eqo"mla vidalaşdım, tamamilə başqa bir insan oldum, bu olmasaydı, biz birlikdə yaşaya bilməzdik. Həyatımı büsbütün ona həsr etdim. Mən Vaqif Səmədoğluda öz taleyimi tapdım.

Mən həyatda çətinliklərdən heç vaxt qorxmamışam. Məhəbbət qarşılıqlı inamdan yaranır. O inam olanda artıq çətinliklər səni qorxutmur. Biz təzə evlənən vaxtı müəyyən çətinliklər oldu. İşdən çıxıb anamgilə baş çəkirdim, sonra gəlirdim öz evimizə. Anamgil Maksim Qorki küçəsində, indiki Mirzə İbrahimov küçəsində qalırdı. Bu, get-gəllər, qaç-qovlar məni bir az yorurdu. İkicə gün idi ki, evlənmişdik, mənə dedi ki, dur, gedirik anangilə. Mən bu təklifi ondan gözləyirdim, özüm ona deyə bilməzdim, dedi: "ay qız, sənin orda anan var, qızın var, - dedi nə lazımdırsa, alaq, aparaq". Dedim: Vaqif, heç bir şey lazım deyil". Heç vaxt ona deməmişdim ki, anamgilin nəyəsə ehtiyacı var. Heç vaxt. Mən onun anama, qızıma böyük hörmətlə yanaşdığını, diqqət göstərdiyini gördüm.

Belə oldu ki, biz evlənəndən üç həftə sonra anam vəfat etdi. Anamın qırxını verdikdən sonra biz mənim ata evimə köçdük. Sanki anam ona görə həyatımızdan çəkilib getdi ki, biz birləşək, bir olaq. Biz bu evə köçəndən sonra həyatımızın başqa bir dövrü başlandı. Onun qətiyyəti, nizam-intizamı məni ruhlandırırdı, o, qısa zamanda səfərbər oldu və bu da bizim tezliklə həmin evə yığışmağımıza kömək etdi. İlk gündən çalışdım ki, o, özünü bu evdə qonaq kimi hiss eləməsin. İstəyirdim ki, bu ev ona da doğmalaşsın. Həqiqətən də, belə oldu. Mənim qızımı da öz doğma övladı kimi sevdi. Bu ev ona düşərli oldu, bu evdə yeni teletamaşalar, teatr üçün pyeslər, şeirlər yazdı.

 

- Məlumdur ki, bir çox dahi şəxsiyyətlər dünyalarını dəyişdikdən sonra xanımları onlarla bağlı xatirələr kitabı yazıblar. Lev Tolstoyun, Nazim Hikmətin, Pablo Nerudanın, Milorad Paviçin və digərlərinin xanımlarının yazdıqları memuarlar hər zaman böyük maraqla oxunur. Sizdə bu duyğu nə zaman yarandı? Nə zaman qərara gəldiniz ki, "Mən sənin yuxunam" kitabını yazmalısınız və bu kitab necə yazıldı?   

 

- Mən ara-sıra yazılar yazırdım. Vaqif də bunu bilirdi, arada zarafatla deyirdi ki, mən yazıb neylədim ki, sən də neyləyəsən? İlk yazım rəhmətlik Xavər xanım haqqında oldu. Ona dedim ki, istəyirəm, Xavər xanım haqqında bir yazı yazım. Dedi, "yaz". Yazını yazıb bitirdim və Vaqifə dedim ki, istəyirəm, sənə oxuyum, olar? Dedi, "əlbəttə". Bilirsiniz, Vaqif olduqca hövsələsiz adam idi, heç vaxt "bunu belə yox, elə yaz" deməzdi. Sakitcə dinlədi və sonra gəlib başımdan öpdü və dedi ki, yaxşıdır. Bir dəfə söhbət əsnasında ona dedim ki, Vaqif, sənin haqqında kitab yazıram. Artıq bu kitabı yazmağa başlamışdım. Dedi, hə? Dedim "hə, səndən yazıram". Qayıtdı ki, nolar, yaz, amma sən Allah, məni tərifləmə. Dedim, "necə yazım, ikinci şəxsin təkində (sən) yoxsa, üçüncü şəxsin (o)?" Dedi, "üçüncü şəxsin". Beləcə, yazmağa başladım. Sonra Vaqifin xəstəliyi düşdü araya. Günümüz xəstəxanalarda keçirdi. Lap birinci dəfə Türkiyəyə dövlət xəstəxanasına müayinə üçün gedəndə məlum oldu ki, ürəyində ciddi problem var, ürək əməliyyatı olmalıdır. Vaqif əməliyyata heç cür razılıq vermirdi. Ümumiyyətlə, xəstəxanada qalmaq istəmirdi. Nə qədər təkid etdiksə, qalmadı. Dedi, "sən başa düşürsənmi, mən burda niyə qalmaq istəmirəm?" Soruşdum ki, niyə? Dedi ki, əməliyyatdır də, bəlkə mən əməliyyatdan sağ çıxmadım, aparacaqlar məni "morq"a, sən də "morq"un qapısı ağzında durub ağlayacaqsan. Dedim, "ay Vaqif, nə danışırsan?" Dedi, "həyatdır də, olmadı elə, oldu belə". Orda da özünəməxsus zarafatlarından qalmırdı. Vəziyyət nə qədər ciddi olsa belə, o, yumor hissini itirmirdi. Arada mənə sataşmağı xoşlayırdı, güclü yumor hissi vardı. Kitaba gəldikdə isə, mən düşündüm ki, çox şeylər var ki, mən mütləq onları yazmalıyam, çünki bunları yalnız mən bilirəm. Onu da fikirləşdim ki, bəzi məsələləri başqa cür danışacaqlar, müəyyən faktları təhrif olunmuş şəkildə təqdim edəcəklər, deyəcəklər. Bu yanlışların qarşısını almaq üçün bunlar mütləq yazılmalıydı. Onu da deyim ki, xəstəliyi ilə bağlı məqamları ən axıra saxlamışdım və o məqamları yazanda çox çətinlik çəkdim. O hissləri yenidən yaşamaq mənim üçün olduqca ağır idi. Ömrünün son saatlarını, son dəqiqələrini... Yazdıqca mən, sanki Vaqifi yenidən kəşf edirdim, yenidən tanıyırdım. Amma kitabı tamamlamalıydım. Bu dəfə isə kitabda ona "sən" deyə müraciət edirdim.

 

- Nüşabə xanım, Vaqif müəllimsiz həyatda ən böyük təsəllini nədə tapırsınız?

 

- Vaqiflə keçirdiyim ömür, onunla bağlı xatirələr mənim üçün ən böyük təsəllidir. Onunla bağlı etdiklərimin adı həm də təskinlikdir. Mən bu təskinliklərlə yaşayıram.

 

- Vaqif müəllimin arxivində hələ də çap olunmayan yazıları varmı?

 

- Bəzi çap olunmamış yazıları qalır. Amma yazdıqlarının böyük bir hissəsi, demək olar ki, çap olunub.

 

- "Gürzəçöl yazıları" vəfatından sonra çap olundu. O yazılar stilistikası, üslubu etibarilə tamamilə yeni mətnlər idi. Bu pritçaları niyə sağlığında özü çap etdirməmişdi?

 

- Bilirsiniz, necədi, Vaqifin istedadı çoxşaxəli idi. O, hələ ötən əsrin 60-cı illərinin sonunda müharibədən bəhs edən "Köhnə yəhudi mahnısı" adlı kinopovest yazmışdı. O əsərdə elə bənzərsiz detallar var ki...

 

- Bəli, xatırlayıram. İkimininci illərin ortalarında o kinopovest "Azərbaycan" jurnalında dərc olunmuşdu.

 

- Bəli, tamamilə doğrudur. Bu barədə danışarkən, rus şairi Aleksandr Blokun Puşkin haqda məşhur fikrini xatırladım. Blok deyirdi ki, Puşkin Dantesin gülləsindən ölmədi, o, havasızlıqdan öldü. Söhbət mənəvi atmosferdən gedir, bilirsiniz ki, sovet senzurası uzun illər Vaqifin çap olunmasına mane oldu. O, içində yaşayan bir insan idi, içinin azadlığını heç nəyə qurban verə bilməzdi, belə olsaydı, o, şeir yaza bilməzdi və sistemin yaratdığı qadağalar onu boğurdu. Siz "Gürzəçöl yazıları"nı deyirsiniz. Onlar unikal mətnlərdir, çox təəssüf ki, Vaqif yaradıcılığının yeni cəhətini özü istədiyi kimi tanıda bilmədi. Öz niyyətini, düşüncələrini istədiyi səviyyədə deyə bilmədi. O dəftər əlimə keçəndə təəccüblənmişdim. Mürəkkəbli qələmlə yazılmış pritçalar idi. Üstündə əl gəzdirilmiş, nəsə pozulmuş, nəsə yazılmışdı. Bu, qaralama idi. "Gəl, bunu makinada yığım, çap edək", - dedim. O, çox ciddi tərzdə dəftəri əlimdən alıb: "üzərində işləməliyəm", - dedi. Düzü, bir az ondan incidim. Ondan inciyəndə də özüm öz könlümü alırdım. O, dəftəri uzaq bir yerə qoydu. Sonralar o yazıların taleyilə bağlı bir-iki dəfə söz salsam da, hər dəfə susurdu. Mən də daha bu mövzuya qayıtmadım. Aradan on beş il keçəndən sonra "Gürzəçöl yazıları"nı tapdım. Bu dəfə tapıntıma sevinmədim. Vəfatından sonra bu yazılar kitab halında işıq üzü gördü. Xəyalında olanları, yazmaq istədiklərini bu mətnə əlavə etsəydi, necə bütöv, qeyri-adi bir əsər yaranardı. "Gürzəçöl yazıları" da, "Köhnə yəhudi mahnısı" da onun yaralı yeri idi.  Bütün keçirdiyi daxili iztirablar, sarsıntılar onun səhhətinə təsirsiz ötüşmədi. Ömrünün çox hissəsini sovet dönəmində yaşamışdı və o dövrün senzurası da onun daxili azadlığını təhdid edirdi, o,  havasızlıqdan, anlaşılmamaqdan boğulurdu. Bütün o xəstəliklər mənəvi sıxıntıların nəticəsi idi, illər sonra üzə çıxdı. Vaqifin həyatı o qədər də rahat olmayıb. "Köhnə yəhudi mahnısı"nı xatırlatdınız. Vaqif o ssenarini 60-cı illərin sonunda yazmışdı. 70-ci illərin əvvəllərində bu ssenari çəkilməli idi, amma Moskva icazə vermədi. Onda Vaqif sınmışdı. Bu barədə ondan nəsə soruşanda da əsəbiləşirdi. O barədə danışmaq istəmirdi.

Düzdür, çap olunmamaq ona müəyyən sərbəstlik verdi, ideya sərbəstliyi, fikir sərbəstliyi. İstədiyini yazdı. Şair kimi öz azadlığını qoruyub saxlaya bildi. Gündəliyində belə fikirlər var: "Şair yalnız öz taleyini yazmalıdır, öz iç aləmini ortaya qoymalıdır. Şair kiminsə ideyasını müdafiə edən, kimlərisə ifadə edən adam olmamalıdır... Nəyi bilirsənsə, ondan, necə bacarırsansa, elə yazmalısan. Ancaq öz ağlına, öz dəliliyinə, öz həqiqətinə və yalanına bel bağlamalısan. Nə Tolstoya, nə Füzuliyə, nə Folknerə... Özündən yaxşı heç kəsi tanımırsan bu dünyada. Səndən yaxın adam yoxdu özünə yer üzündə".

Gündəlikləri qalır, bundan əlavə, aforizmlərindən ibarət kitabını tərtib etmişəm. Bundan əvvəl hələ özünün sağlığında (hələ xəstəliyini bilmirdik) təklif etdim ki, Vaqif, gəl, sənin fotolarından ibarət bir albom hazırlayaq, şeirlərinlə birlikdə. Dedi, "maraqlı olar, hazırlamaq istəyirsənsə, mənim deyimlərimi, aforizmləri ver". Beləcə, "Müdriklərlə üz-üzə" kitabı ərsəyə gəldi. İndi isə daha geniş həcmdə aforizmlərini toplamışam, kitab halında çap ediləcək. Arxivində yenə də başqa nələrsə var.  

 

- Vaqif müəllim yuxunuza gəlirmi?

 

- Çox gəlir. Axırıncı dəfə bir neçə ay bundan qabaq yuxuma gəlmişdi. Hara olduğunu bilmədim, çoxlu adam vardı, Vaqif də ordaydı, məni gördü, dedi ki, getmə, qal. Belə qəribə bir yuxu idi. Elə Vaqiflə keçən günləri də yuxu kimi xatırlayıram.

 

Nüşabə xanımın gözləri yol çəkir. Bu məqamda, mən Vaqif Səmədoğlunun bir şeirini xatırlayıram:

 

Bəlkə yuxu görək bir yerdə?

Bəlkə bir yerdə

gözlərimizi yumub

başa düşək ki,

bir yerdə yuxu görə bilməyəcəyik

                        bu dünyada?

Bəlkə mən bərkdən hönkürüm,

sən ucadan güləsən?

Və bir yerdə səslənsin

həyatın səsi?

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

Cümə, 14 İyun 2024 11:35

BİR SUAL, BİR CAVAB Kamran Yunis ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar. (Fridrix Nitsşe)

Dəyərli sənətkarımız, bu ifadə ilə bağlı nə söyləmək istərdiniz?

 

 CAVAB:

-Mən axır vaxtlar tez- tez bir söz söyləyirəm. "Nə yaxşı ki aktyor olmadım." 

Təbii ki, burada bildiyimiz Azərbaycan aktyorundan söhbət gedir, çünki başqa yerlərin aktyorlarını az- az görmüşəm. Mən bizim məmləkətin aktyorlarına oxşamaqdan qorxuram. Hamısını söyləməyəcəyəm, çox cüzi sayda istisinalar var ki, onları çıxmaq şərtilə..

“Mən aktyor ola bilmədim." Mən səhnədə yaxşı oynadım, amma həyatda aktyor ola bilmədim. Amma bir sənətçi kimi heç vaxt tərif ummadım, lakin dəyər umdum, dəyərləndirilmək istədim. Haqq elədiyim dəyəri almaq istədim, duymaq istədim. Ustadlarımdan bu dəyəri aldım. Bundan sonra elə bir insan yoxdur ki, bəlkə də, mənə dəyər verəcək və bundan xoşbəxt olacağam. Lakin tərif ummamışam. Əsl insan olmaq arzusundayam. Əsl insan bir ömür yaşayıb son nəfəsində də əsl insan kimi bu dünyadan köçən insana deyilir. Hər dünyaya gəlib bu gün bir yaxşılıq elədi, sabah bir yaxşılıq etdi, bu əsl insan demək deyil. Əsl insan sözün əsl mənasında insandır. Hər anı gözəlliklərlə dolu hər saniyəsi yaxşılıqla, sevgi, sevinclə dolu, təkcə öz sevdiyinə yox, bütün  dəyərli insanlara dəyər verməklə bəzənmiş insan əsl insandır. 

İnsan sevgisizlikdən məhv olar. Dünyamız bu gün sevgisizlikdən məhv olur, başqa şeydən yox, mümkün deyil.

 

Ədəbiyyat və incəsənət”

(14.06.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyunun növbəti uik-end-ində bizləri yenə də maraqlı səhnə əsərləri ilə sevindirəcək. Sadəcə, mobil telefondan, internetdən qopub sirli-sehirli teatr aləminə transfer olunmalıyıq. 

 

BU GÜN, CÜMƏ

 

19.00. 

“Sevənlərindi dünya”

 

“Sevənlərindir dünya!" tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın eyniadlı əsəri əsasında hazırlanan iki hissəli məzhəkədir.

Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur. 

Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır. 

Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak edirlər.

 

 

SABAH, ŞƏNBƏ

 

19.00.

“Sən elə bir zirvəsən”

 

Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası nümayiş olunacaq.
  Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, bu tamaşa ilə Musiqili Teatrın yaradıcı heyəti Gəncə, Şəki şəhərlərində qastrol səfərlərində olub, bu ilin sonuna qədər də Mingəçevir, Lənkəran və Naxçıvanda çıxış edəcəklər.

 

 

BİRİGÜN, BAZAR

 

19.00

“Leyli və Məcnun”

 

Leyli və Məcnun" tamaşası yəqin ki, baxdıqca baxılan və doymadığın tamaşadır. 

Davametmə müddəti: 74 dəqiqə 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşaya.

Dərin fəlsəfi məna kəsb edən klassik əsər yeni rejissor yozumuna əsasən orijinallığını saxlasa da, fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilkdir.
Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edirlər.
Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadır. 
Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda teatrın xor və balet heyətinin üzvləri iştirak edirlər.

 

İnanıram ki, reklam alındı və bir xeyli adam uik-end planlarında dəyişiklik edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsi başa çatdı, qaliblər mükafatlandırıldılar. 

 

“Ədəbiyyat və incəsənət” portalının da xəbər verdiyi kimi, müsabiqənin mükafat yerləri aşağıdakı kimi bölüşdürüldü:

I yer: 

Cavid Qasımov;

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

Beləliklə, 10 finalçıdan 6-sı mükafatlandırıldı. Amma digər 4 finalçının da şeirləri diqqətçəkən idi və ən azından portalımızda dərc edilərək geniş oxucu kütləsinə təqdim edilməyə dəyər. Bu gün Kərəm Aydının şeirlərini təqdim edəcəyik.

 

Kərəm Aydın

 

Kədərli ağac

 

Yenə payız gəlsə soyunacaqsan,

Baharda əynini geyinən ağac.

Başın buludlara toxunur sənin,

Ürəyi torpaqda döyünən ağac.

 

Nə yaxşı qol-budaq açmısan belə,

Yoxsa,buludlarla qucaqlaşırsan?

Sən də etibarsiz insanlar kimi,

Qalxdıqca kökündən uzaqlaşırsan?!

 

Kəsdi əzrailin soyuq nəfəsi,

Bir qoca bağbanın qayğılı səsin.

Özünü torpağa tapşırdıq bu gün,

Səni bu torpağa tapşıran kəsin.

 

Sən neçə sevgiyə şahidlik etdin,

Gövdənə hərflər cızıldı sənin,

Sən neçə baş daşı kölgəsi oldun,

Yanında məzarlar qazıldi sənin.

 

Bir qiz budağına "umid" bağladı

Kölgəndə ağartdı saçının dənin,

Bir qız budağından özünü asdı,

Bir qiz budagından "yelləncək" sənin..

 

Daşların səsi

 

Artıq tanış idim sənin sayəndə,

Sizin evinizin mənzərəsinə.

Günəş düşməsə də gözüm düşərdi,

Sən yatan otağın pəncərəsinə.

Gündüzlər yatardım axşama qədər,

Axşamlar düşərdim eşq həvəsinə

Gəlib pəncərənə daşlar atardım,

Yuxun dağılardi daşın səsinə.

 

Sənə "gəl" deyərdi hər daşın səsi,

Qalxıb yatağından mənə gələrdin.

Bu gizlin görüşlər yormazdı səni,

Hər gün daş atardım,yenə gələrdin.

 

Mənim daş atmağım,sənin pəncərən.

Ən şirin yeri idi xəyalımızın,

Elçiləri idi həmin o daşlar,

Bizim bir gecəlik vüsalımızın.

 

Sonralar bu eşqin daşını atdın,

Saldın ürəyinə özgə bir kəsi,

Gecələr gəlmədin görüşlərimə,

Səni oyatmadı daşların səsi.

 

İndi sənə qarşi hisslərim ölüb,

Ürəyim bir parça daş olub yenə.

Daş tapa bilmədim həyətinizdə,

Gözlə,ürəyimi atiram sənə,

Gözlə,ürəyimi atiram sənə...

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

Poetik Qiraətdə bu gün yenə də Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Niridir. 

“Hər yan saxta parıltı” deyən şair bu saxtalıqlardan artıq bezardır. 

Oxuduqca insan sanki saflaşmaq, durulmaq istəyir. 

Xoş mütaliələr!

 

 

NƏFƏSDƏRMƏ

 

Günəşi gizlədiblər, 

Buludun arxasında.

Adam var bir toydadı

Adam var öz yasında...

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə qəmgin...

Ayın da ay dərdi var.

 

Tanrı insan yaradıb,

Hər yan haydı, haraydı.

Yoxsa tək darıxdı O?-

Gərək darıxmayayadı...

 

Yağış da yuya bilmir,

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Özünə bir ev tikib

Günü günbəz eləmir...

 

Hər yan saxta parıltı-

Yox, ora girmirəm mən.

Qaranlığdan qorxmuram,

İşıqda görmürəm mən...

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox,

Alma ağacı düşsün...

 

Nəfəs alıb verincə,

Öz nəfsinə qul oldu.

Hamını uddu... ancaq 

Dünyaya məğlub oldu...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür-qatar kimidi

Sonda depoya gedir...

 

Ədəbiyyat və incəsənət”

(14.06.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

 

Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.

Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.

 Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).

Gəlin bunlara diqqət yetirək:

 

7.

İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.

 

Bu isə öncəki gün paylaşdığımdır:

1.

Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.

2.

Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.

3.

Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.

4.

Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.

Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.

5.

Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.

6.

İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli,  klassik ədəbiyyatı oxumalısınız.

 

Sabah davamı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün Abel Məhərrəmovun “Qərbi Azərbaycanın Ağbaba mahalı”  məqaləsi təqdim edilir.

 

Abel MƏHƏRRƏMOV

Kimya elmləri doktoru, akademik

 

QƏRBİ AZƏRBAYCANIN AĞBABA MAHALI

 

Qərbi Azərbaycanın şimal-qərbində yerləşən Amasiya rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. 1930-cu ilədək Ağbaba rayonu adlanan Amasiya Arpa çayının sağ sahilində yerləşir. Sahəsi 614 km2, mərkəzi Amasiya şəhər tipli qəsəbədir. Ərazisi alp çəmənlərlə və bulaqlarla zəngin olan rayonda Qərbi Arpaçay ən böyük çaydır.

Amasiyada eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri, orta əsrlərdə salınmış məbədlərin qalıqları son vaxtlaradək dururdu.

Dəfələrlə qanlı müharibələr meydanına çevrilmiş Amasiya ayrı-ayrı dövrlərdə monqolların, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tabeliyində olmuş, XVI əsrdən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil edilmişdir.

Çar Rusiyasının işğalından sonra Amasiya-Şörəyel bölgəsi 40 il müddətində Qars vilayətinin Aleksandropol qəzasına qatılmışdır. Sovet hökuməti qurulanda bu qəza Leninakan qəzası adlandırılmış və Qızılqoç (Qakasyan) rayonu ilə birlikdə Ağbaba nahiyəsinə daxil olunmuşdur.

1918-1920-ci illərdə Amasiyanın azərbaycanlı əhalisi də ermənilər tərəfindən soyqırıma və deportasiyaya məruz qalmış, repressiyaya uğramış, əsasən Türkiyəyə və İrana qaçmış əhalinin bir hissəsi sonralar yenidən geri qayıtmışdır.

1920-1930-cu və 1950-1960-cı illərdə Amasiya və Qukasyan (Qızılqoç) rayonları birləşdirilsə də, iqtisadi səmərə vermədiyi üçün ayrı-ayrı rayonlar kimi fəaliyyət göstərmişlər.

1930-cu illərdə Amasiyanın kəndlərində kolxozlaşma aparılmış, bir çox Azərbaycan kəndləri (Mumuxan, Baxçalı, Ördəkli, Sınıq Söyüdlü, Seldağılan, Xancallı, Mustuğlu və s.) sovet hakimiyyətinin siyasətinə etiraz edərək Türkiyə ərazisinə köç etmişdir.

1937-ci ilin yanvarında Amasiya rayonunun kəndlərindən 40 ailə Qazaxıstanın Almaata şəhərinə sürgün edilmişdir.

Əhalisinin 90 faizini azərbaycanlılar təşkil edən Amasiyanın kəndlərində Sovet hakimiyyəti illərində mədəni-maarif sahəsində xeyli iş görülmüş, kitabxana, məktəb, xəstəxana, klublar və s. fəaliyyət göstərmişdir.

Azərbaycanlı kəndlərin 12-də orta, 7-də səkkizillik məktəb, 5 kənd bağçası, 3 xəstəxana, 25 həkim məntəqəsi, bir neçə fabrik və zavodun filialı, 2 süd zavodu fəaliyyət göstərirdi. 

Böyük Vətən müharibəsində rayonun azərbaycanlı əhalisindən 2000 nəfərdən çoxu cəbhələrdə vuruşmuş, onlardan 888 nəfəri həlak olmuşdur.

Mövcud olduğu illər ərzində rayon partiya komitəsinin birinci katibləri azərbaycanlılar olmuşdur. Rayonda 1933-cü ildən Azərbaycan dilində çıxan "Maldarlıq cəbhəsi" sonrakı illərdə 3000 tirajla çıxan "Əmək" qəzeti adı ilə nəşr olunurdu.

1988-ci ilin sonlarına olan məlumata görə, Amasiyada 27 yaşayış məntəqəsinin 21-də azərbaycanlılar, 5-də ermənilər, 1-də isə azərbaycanlılar və ermənilər qarışıq olmaqla ümumilikdə 18 min nəfər azərbaycanlı, 3 min nəfər erməni yaşayırdı. Erməni mənbələrində son yüz əlli ildə rayonun əhalisinin sayı aşağıdakı kimi əks olunmuşdur:

 

İl

əhalinin sayı

1831

5800

1897

12288

1926

9808

1939

14931

1959

12794

1974

19724

1988

23688

 

Rayonun ən böyük kəndi Güllübulaqda (əhalisi 3611 nəfər) 1200 şagird kontingenti olan orta məktəbdə 3 nəfər Ermənistan SSR Əməkdar müəllimi çalışmışdır. Ümumilikdə rayonda 7 nəfər respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Rayonun yetirmələrindən 3 nəfər akademik (Məmmədtağı Cəfərov, Abel Məhərrəmov və Qərib Məmmədov), onlarla elmlər və fəlsəfə doktorları yetişmişdir. Müxtəlif sahələrdə göstərdikləri xidmətlərə görə bir çox amasiyalı azərbaycanlı keçmiş SSRİ-nin yüksək orden və medalları ilə təltif edilmişdilər. İlyas Alıyev (Göllü) SSRİ Ali Sovetinin, Faiq Əliyev (Yeniyol), Cahangir Əliyev (Düzkənd), Nərgiz Mürsəlova (Güllübulaq), Salatın Musayeva (Daşkörpü) Ermənistan SSRİ Ali Sovetinin deputatları olmuşlar.

Sonuncu deportasiyadan sonra əsasən Azərbaycanda məskunlaşan amasiyalılar respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirlər. I və II Qarabağ müharibəsində 100 nəfərdən çox amasiyalı şəhid olmuşdur. Onların iki nəfəri (Mehdi Abbasov və Səxavət Məhərrəmov) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 20 nəfəri orden və medallarla təltif edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.