Super User

Super User

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Dünyanın ən böyük kino festivalları yalnız kinosevərlərin sevimli məkanı deyil, həm də rejissor, aktyor və prodüserlər üçün karyeralarını formalaşdıran prestijli platformalardır. Bu festivallar kinonun ən yeni və innovativ işlərinin təqdim olunduğu, sənətçilərin böyük səhnədə özlərini ifadə etdiyi, sənaye mütəxəssislərinin gələcəkdə izləyəcəyi trendlərin qurulduğu tədbirlərdir.

 

Bu gün oxucularımıza dünyanın ən nüfuzlu kino festivallarının siyahısını və onlar haqqında məlumatları təqdim edəcəm

 

1. Kann Film Festivalı (Fransa)

 

1946-cı ildən bəri Fransanın Cote d'Azur (Kəhraba) sahillərində keçirilən Kann festivalı qlamur və prestij ilə sinonimləşmiş bir tədbirdir. Qırmızı xalça mərasimləri, dünyaca məşhur aktyorlar və rejissorların iştirakı ilə keçirilən festival həm sənət dünyasında, həm də mediada diqqət mərkəzində olur. Kann yalnız bədii filmlərlə deyil, həm də sənaye üçün mühüm biznes platforması olan film bazarı ilə də tanınır. Qızıl Palma ("Palme d'Or") mükafatına layiq görülmək hər rejissorun arzusudur.

 

2. Venesiya Film Festivalı (İtaliya)

 

1932-ci ildən bəri İtaliyanın Venesiya şəhərində keçirilən Venesiya Film Festivalı dünyanın ən qədim kino festivalı kimi tarixə keçmişdir. Venesiya bədii cəsarət və yeniliklərə açıq olduğu üçün filmlərin sənətkarlıq dəyərinə xüsusi önəm verir. Qədim şəhər atmosferi festivala əlavə cazibə qatır. Hər il burada nümayiş olunan filmlər kino sənətinə yeni perspektivlər gətirir.

Əsas mükafat: "Qızıl Aslan" (Golden Lion).

 

3. Berlin Film Festivalı (Almaniya)

 

1951-ci ildən keçirilən Berlin Film Festivalı, yəni “Berlinale”, Avropanın ən nüfuzlu festivallarından biri olmaqla yanaşı, cəmiyyətin ocial-siyasi problemlərinə toxunan filmləri ilə tanınır. Berlinale həm müstəqil kino, həm də böyük studiya filmlərinə geniş yer verir. Qızıl Ayı mükafatı festivalın əsas mükafatıdır və tənqidi baxış bucağından diqqəti çəkən filmlərə verilir.

 

 

4. Toronto Beynəlxalq Film Festivalı (Kanada)

 

1976-cı ildən TBFF kino sənayesində ən böyük ictimai festivallardan biridir. Festivalda Oscar mükafatlarına namizəd olan bir çox film nümayiş olunur və TBFF tez-tez "Oscar mövsümünün başlanğıcı" kimi qəbul edilir. Festivalda tamaşaçılar filmlərə səs verərək qalibləri müəyyən edirlər, bu da festivalın daha geniş kütləyə çatmasına kömək edir. Tamaşaçıların seçimlərinə əsaslanan mükafatlar festivalı unikal edir.

Əsas mükafat: Xalqın Seçimi Mükafatı (People's Choice Award).

 

 

5. Sundance Film Festivalı (ABŞ)

 

1978-ci ildən keçirilir. Sundance Film Festivalı müstəqil kino dünyasının ən böyük tədbiri kimi tanınır. Bu festival müstəqil rejissorlar və kinematoqraflar üçün yeni karyera imkanları yaradır. Sundance rejissorları, aktyorları və prodüserləri yeni perspektivlər axtarır və bu festivalda dünya səviyyəsində tanınmaq şansı əldə edirlər. Festivalda bədii filmlərlə yanaşı, sənədli filmlərə də geniş yer verilir.

Əsas mükafatlar: Ən Yaxşı Sənədli Film və Ən Yaxşı Bədii Film.

 

 

6. Lokarno Film Festivalı (İsveçrə)

 

1946-cı ildən keçirlir. Lokarno Film Festivalı açıq havada keçirilən nümayişləri və yenilikçi filmləri ilə tanınır. Festival həm beynəlxalq səviyyədə tanınmış, həm də debüt edən rejissorlara platforma yaradır. Lokarno yenilik və eksperimentə açıqdır və festivala qatılan filmlər tez-tez fərqli kinematoqrafik yanaşmalarla diqqət çəkir.

Əsas mükafat: Qızıl Leopard.

 

 

7. San Sebastian Film Festivalı (İspaniya)

 

1953-cü ildən keçirilir. San Sebastian Film Festivalı beynəlxalq miqyasda İspan dilli kinematoqrafiyanın ən mühüm nümayiş platformalarından biridir. Festival həm Avropa, həm də Latın Amerikası filmlərinə xüsusi diqqət yetirir. Bu festivalda dünyanın ən qabaqcıl rejissorları və prodüserləri iştirak edir və kino sənayesində mövqelərini gücləndirirlər.

Əsas mükafat: Qızıl Kərtənkələ.

 

 

8. Karlovı Varı Beynəlxalq Film Festivalı (Çexiya)

 

1946-cı ildə yaradılıb. Karlovı Varı Film Festivalı Mərkəzi və Şərqi Avropanın ən önəmli kino festivallarından biridir. Festival genişmiqyaslı beynəlxalq film nümayişlərinə ev sahibliyi edir və Avropa kinosunun inkişafına böyük təsir göstərir.

Əsas mükafat: Kristal Qlobus.

 

 

9. Rotterdam Beynəlxalq Film Festivalı (Hollandiya)

 

1972-ci ildən təşkil olunur. Rotterdam Film Festivalı eksperiment və yenilik axtaran rejissorlar üçün mühüm platformadır. Burada nümayiş olunan filmlər kinematoqrafiyada sərhədləri genişləndirən yeni yanaşmalarla tanınır.

Əsas mükafat: Tiger Award.

 

 

10. Telluride Film Festivalı (ABŞ)

 

1974-cü ildən keçirilir. Telluride Film Festivalı premyeralarla zəngin olan bir tədbirdir. Oscar mükafatına namizəd olan bir çox film burada ilk dəfə nümayiş olunur. Maraqlı cəhət odur ki, festivalın proqramı əvvəlcədən elan edilmir, bu da tamaşaçılarda həyəcan yaradır.

Əsas mükafat: Tiger Award.

 

Bu festivallar dünya kinosunun inkişafında böyük rol oynayır, ən yaxşı filmlərin, aktyorların və rejissorların karyeralarını yeni səviyyəyə qaldırır. Festival mövsümü isə hər il yeniliklərlə dolu olur, kinematoqrafiyaya yeni nəfəs gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Xəbər verdiyimiz kimi, bu gün – 27 may tarixində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi açılır. Sərgi bu gün və sabah fəaliyyət göstərəcək..

 

IV Sumqayıt Kitab Sərgisində izləyiciləri nə gözləyəcək? Suala cavab almaq üçün sərginin təşkilat komitəsinin məsulu Səbuhi Şahmursoyla əlaqə yaratdıq və aşağıdakı məlumatları aldıq:

 

Sərgi  Sumqayıt Dövlət Universitetinin inzibati binasında baş tutacaq.

Sərgidə təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub.

Sərginin ilk günü – 27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, iukinci günü – 28 may tarixi isə Müstəqillik Gününə həsr ediləcək.

Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları baş tutacaq.

Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqram təşkil olunacaq.

İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.

Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir.

Giriş sərbəstdir.

 

Bu gün saat 14-də sumqayıtlılar yazıçı Varislə görüşəcəklər. Yazıçının XAN nəşriyyatı tərəfindən təqdim edilən müxtəlif illərin 5 bestsellerinin yeni tərtibatda nəşri oxuculara təqdim olunacaq.

Görüşdə yazıçı öz ədəbi karyerasından, ədəbiyyatın bugünkü durumundan, dünya ədəbiyyatındakı hakim yeni dalğadan danıçacaq, oxucuların suallarını cavablandıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Çərşənbə axşamı, 27 May 2025 13:32

GAP Antologiyasında Ramin Yaşarın “Gözlərin” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Ramin Yaşardır.

 

 

Ramin Yaşar

Təbriz

 

GÖZLƏRİN

 

Qonaq gəldim, qonağını bir anlıq,

Bəbəyində de saxlasın gözlərin.

Göz-göz olmuş göy qurşaqlı yaramı,

Bağlamayır, de bağlasın gözlərin.

 

Sevgi adlı boyağına boyandım,

Savaşında şəhər-şəhər talandım.

Dağlatmağa dağlarımı dolandım,

Dağlayan yox, de dağlasın gözlərin.

 

Sara deyil, Xan Çobanam seldə mən,

Şeirdə mən, mahnıda mən, dildə mən,

Sınıqmışam vətəndə mən, eldə mən,

İnanmırsan de yoxlasın gözlərin.

 

Olmamağın məni məndə oturdub,

Dərd ordusu bayrağımı yatırdıb,

İnadlığım əzrayılı qudurdub,

Da ölürəm, de ağlasın gözlərin;

Gözlərimi de bağlasın gözlərin.

  

 “Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Çərşənbə axşamı, 27 May 2025 13:03

BİRİ İKİSİNDƏ Sahibə Yusifin şeirləri ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində şeir vaxtıdır, sizlərə Sahibə Yusifin şeirləri təqdim edilir.

 

ŞEİR VAXTI

Sahibə YUSIF

 

***

Heç incinmiş ruh gördünmü?
Kirpiyində dərdin dəni…
Qismətinin dənizində
Ləngər vuran tənha gəmi?

Susqun baxıb fikrə dalan,
Dindirəndə gözü dolan,
Ümidləri alt-üst olan,
Saçları tapdanmış zəmi?

Gördünmü heç təbəssümü,
Dodağında qışa dönən
?
Gözlərinin qarşısında
Xoşbəxtliyi daşa dönən?..

Ağ yalana bürünərək
Həqiqətə gülüb keçən,
Leysan kimi göz yaşını
Gizli-gizli silib keçən?..

Görmədinsə, dön bir də bax
Parça-parça qırdığına.
Bu illərin sınağından
Qova-qova yorduğuna.

QANADI QIRIQ MƏLƏK

Bahar ümidlərində
Açdı neçə gül, çiçək.
Arzuları qəlbindən
Boylandı ləçək-ləçək.
İlk eşqin alovları
Gözlərində alışdı.
Rəngli xəyallarını
Axar suya danışdı.
Sonra yol ayrıcında
Uçdu yaşıl dünyaya.
Düşub ulduz axnına
İstədi çatsın aya.
Sevincindən az qala
Buludlarla öpüşdü.
Daha da yüksəklərə
Uçmaq eşqinə düşdü.
Göyün yeddi qatında
Birdən-birə yoruldu.
Çırpdı qanadlarını,
Qanadları qırıldı.
Çox çalışdı, tapmadı
Müsibətə təsəlli.
Gəldi üzüaşağı
Yapışsa da üçəlli.
Gərəksiz ümidləri
Ürəyini dağladı.
Qırıq qanadlarına
Hönkür
-hönkür ağladı.

MƏNƏ YÜKSƏKDƏN BAXMA!

Mənə yüksəkdən baxma!
En, yanıma gəl hərdən.
Təkliyin rəsmin çəkən
İkicəcik rəssam var,
Biri sənsən, biri mən.

Mənə yüksəkdən baxma!
Səni görə bilməkçün
Mən də azıram orda,
Bədənim yerdə qalır,
Ruhumsa buludlarda.

Mənə yüksəkdən baxma!
Səni yaxşı görmürəm.
Gözlərim bulanıqdı,
Düş otur ürəyimdə,
Qəlbim sənə qayıqdı.

Mənə yüksəkdən baxma!
Gəl toxun saçlarıma.
Titrət könül varımı,
Sənə etiqad edim,
Silim yazdıqlarımı.

Mənə yüksəkdən baxma!
Görüm ki, yanımdasan.
Gəlib çatıb gümanım,
Bu günə xoşbəxt olub
Keçən dünəni danım.

Mənə yüksəkdən baxma!
Axı kimlər biləcək,
Guya ki, məndə olsan?
Dünyamı dağılacaq,
Bircə gün bəndə olsan?

MƏNİM ÜRƏYİMDƏ BİR ÇİÇƏK FƏSLİ

Mənim ürəyimdə bir çiçək fəsli,
Sənin ürəyində boranlı qışdı.
Mənim saçlarımda baharın ətri,
Sənin ürəyində daş asılmışdı.

Nədir bu sitəmlər, edirsən mənə,
Bu vida nəğməsi nəyimə gərək?
Ya mənə izn ver gəlim ömrünə,
Ya da bu inaddan biryolluq əl çək.

Gözümdən yox etmə baxışlarını,
Həsrəti qəlbimin layiqi bilmə.
Tanrı da eşidir bu çağırışımı,
Sən mənim bu haray səsimə gülmə.

Hər gün misra-misra oxuyub səni,
Hər gün varaq-varaq kəşf eləyirəm.
Hər gecə sübhədək düşünüb səni,
Hər səhər qəlbimdə dəfn eləyirəm.

Səni itirməksə ölümtək ağır,
Əcəl xalçasını önümə sərmə.
Nə olar, bir dəfə məni də çağır,
Gəlim mənim olan o mənsiz ömrə.

MÜQƏDDƏSİM


Sən mənim göylərdən enən ayəmsən,
Göylərə borcumu qaytarım necə?
Hər gün mələk donu geyinib gəlsən,
İbadət eylərəm sənə gizlicə.

Sevginə sığınsam al ağuşuna,
Qucaqla ruhumun əzalarını.
Toxunsun baxışım baxışlarına,
Unudum çəkdiyim əzablarımı.

Taleyin hökmünə buraxma məni,
Arzum ürəyimdə xəzan olmasın.
Qov həsrət nəğməsi oxuyan qəmi,
Eşqim uzaqlarda havalanmasın.

Geyinim əynimə xöşbəxtlik donun,
Nəmli gözlərimdə ulduzlar yansın.
Tapım səadətin ən qısa yolun,
Vüsal küləkləri min hava çalsın.

Görüm gözlərində əksimi, görüm,
Yaşayım eşqimin həqiqətini.
Xəzəl dodağına baharı sərim,
Duyum köksündəki hərarətini.

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)



 

 

Çərşənbə axşamı, 27 May 2025 12:29

Xalq artisti Tünzalə Ağayeva “Grammy” muzeyində

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Xalq artisti Tünzalə Ağayevanın ABŞ Səfirliyinin təșkil etdiyi mədəniyyət üzrə işgüzar səfəri davam edir.

 

Pop ulduz bu dəfə Los-Angelesdə qonaq olub. Sevilən müğənni orada ştatın musiqiçiləri ilə görüşüb. Daha sonra bir neçə dünyaca məşhur musiqili məktəb və kollecleri ziyarət edib. 

Estrada ulduzu səfəri çərçivəsində dünya musiqisinin tarixi və incisi olan “Grammy” muzeyində qonağı olub. Oradaki tarixi nümunələrlə yaxından tanış olub. 

Sevilən müğənni bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşaraq “Beynəlxalq “Grammy” mükafatını hər bir peşəkar musiqiçi dostlarıma diləyirəm” şərhini qeyd edib.

Estrada ulduzunun paylaşımını izləyicilər böyük maraqla qarşılayıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il mayın 21-dən 27-dək bütün dünyada “Türk mətbəxi həftəsi” keçirilir.

 

AzərTAC xəbər verir ki, “Türk mətbəxi həftəsi” çərçivəsində mayın 26-da Türkiyənin Bakıdakı səfirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə tədbir təşkil olunub.

 

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer, diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları və media nümayəndələri iştirak ediblər.

 

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında "Türk mətbəxi həftəsi" çərçivəsində təşkil olunan tədbirlərdə qonaqlara zəngin və dadlı türk mətbəxindən nümunələr təqdim edildiyini bildirib.

 

“Bugünkü tədbirimizdə bir sıra ölkələrin diplomatik nümayəndələri iştirak edirlər. Əminəm ki, qonaqlar təqdim olunan ləziz təamlardan dadaraq məmnun qalacaqlar. Hər birinizi bu tədbirin ab-havasından və mətbəximizin dadından zövq almağa dəvət edirəm”, - deyə B.Akgün qeyd edib.

 

Tədbirin sonunda Türk mətbəxinin milli təamları təqdim olunub.

 

“Türk mətbəxi həftəsi”nin məqsədi zəngin tarixi, coğrafi müxtəlifliyi və dərin köklərə sahib olan Türk mətbəxini dünyaya tanıtmaq, unudulmaqda olan ənənəvi reseptləri yenidən gündəmə gətirmək və bu mədəni irsi gələcək nəsillərə ötürməkdir. Bu həftə ərzində təkcə yeməklər deyil, eyni zamanda, bölgələrin həyat tərzi, süfrə mədəniyyəti və birgə paylaşım dəyərləri də qonaqlara təqdim olunur. Məqsəd yeməklərin dadından daha çox onların daşıdığı tarix, hekayə və mədəni zənginliklərlə insanları bir araya gətirməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

Çərşənbə axşamı, 27 May 2025 12:00

Hamımızın sevimlisi- Ofeliya xanım...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Deyir ki: - "Mən Fəxri xiyabanı istəmirəm, məni Novxanıda- Validin yanında dəfn edərlər. Kim məni ziyarət etmək istəsə, oraya gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda?! Elə şey olar?! Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər."

 

O, 1941-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1959-cu ildə hələ 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 1959-1975-ci illərdə bir sıra radio tamaşalarında baş rolları səsləndirib. 1975-ci ildə televiziyada diktor kimi fəaliyyətə başlayıb və 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb. Daha sonra indiki BDU-nun Filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb. 1991-ci ildən xalq artistidir. 2002-ci ildən prezidentin fərdi təqaüdünü alır. O, tanınmış aktyor Möhsün Sənaninin oğlu televiziya redaktoru, ssenarist, mərhum Valid Sənaninin həyat yoldaşı olub...

 

"Mən televiziyaya gələndə Valid artıq öz sözünü demiş bir redaktor idi. İnanın, biz ikimiz də bir-bimizin tayı idik. Mənim 18 yaşım vardı. Gözəl, yaraşıqlı qız idim. Məhəlləmizdən, qohum-qonşudan anama xəbər göndərənlər çox idi. O da deyirdi, qızım hələ uşaqdı. Daha demirdi ki, bu “uşaq qız” artıq könlünü verib. Bir qonşumuz vardı, zərgər idi. Anası gəldi bizə, əlindəki boxçanı açanda məəttəl qaldıq. Biz o qədər brilyantı, qır-qızılı heç yuxuda da görməmişdik. Elə bil Əlibabanın xəzinəsi idi. Masnın üstünə töküb dedi ki, bunlar Ofanındı, təki bir kəlmə “hə” desin. Mən isə Validi sevirdim. Valid mənim üçün bir dünya xəzinə idi...” 

 

Bəli, bu dəfə sizə Ofeliya Sənanidən danışıram. O, Ofeliya xanımdan ki, onu hamımız sevirdik. O vaxt biz onun səsinə, simasına, abır-həyasına, mədəniyyətinə vurulmuşduq. Budur, Ofeliya xanımın nə az, nə çox 84 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Məhəmmədəli İbrahimliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

MƏHƏMMƏDƏLİ MÜTƏLLİM OĞLU İBRAHİMLİ

(22.11.1996.-13.10.2020.)

 

Əslən Füzuli rayonunun Cuvarlı kəndindən olan, Beyləqanda doğulmuş, Bakı şəhəri Sabunçu rayonundakı 215 nömrəli orta məktəbin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (bakalavr) və Azərbaycan Texniki Universitetinin (magistr) məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Tərtər rayonu Göyarx kəndi.

Dəfn yeri:  Sabunçu, Şəhidlər Xiyabanı.

 

 

MƏHƏMMƏDƏLİNİN CƏNNƏTDƏN MƏKTUBU

 

Əslim Cuvarlıdandır, doğuldum Beyləqanda,

Xoşbəxtəmmiş göz açdım, doğma Azərbaycanda.

Bakıda təhsil aldım, gündüz-gecə çalışdım,

Geri qalmamaq üçün zaman ilə çarpışdım.

 

İdmanla məşğul oldum, vardır neçə medalım,

Uzağa aparırdı daim  məni xəyalım.

Məni çox yandırırdı kəndimizin işğalı,

Niyə əsirlikdədir, can kəndim, can mahalım.

 

“Qarabağ” klubuna azarkeşlik edirdim,

Yarışlara baxmağa  həvəs ilə gedirdim.

Həyatda hər bir zaman düz yaşadım, düz oldum,

İki ali məktəbdə məzun, mühəndis oldum.

 

Gözlədiyim gün gəldi,

Yazıldım ordumuza, kəşfiyyat əsgəriydim,

Ölüm nədir ki, qorxam, mən azadlıq şiriydim.

Sarsılmadım həmin gün... ağır yaralanmışdım,

“Mənə heç nə olmayıb”, ağrıları danmışdım.

 

Yenə irəlidəyəm, sorğu-hesab vaxtıdır,

Bəli, bu son imtahan, dəqiq cavab vaxtıdır.

Avtomatla düşməni bir-bir yerə sərirdim,

Yağını cəhənnəmə əlimlə göndərirdim.

 

Düşmən səngərindəyəm, əlimdədir qumbara,

Kafirlər çaş-baş qalıb, axı qaçsınlar hara?

Aldım şəhidlərin mən, həmin gün qisasını,

Görməsəm də kəndimin, evimin xilasını.

 

Ruhum şaddı, rahatdı, atam, yaşa vüqarlı,

Qarabağım azaddır, xilas olub Cuvarlı.

Əziz anam, ağlama, sənin oğlun qalibdir,

Azərbaycan müqəddəs torpaqlara sahibdir.

 

Sağ olsunlar, adımı hörmət ilə çəkənlər,

Xatirəmə çinarlar, qızılgüllər əkənlər.

Dostlar, şəhid olmuşam, amma mən ölməmişəm,

Qismətim imiş cənnət, cənnətə də gəlmişəm.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

 

Kübra Quliyeva,“Ədəbiyyat və incəsənət”

 

Fərqli bir gözəlliyi vardı onun. Digər çiçəklərdən kənarda, bir az kölgədə, bir az da günəşin tam ortasında təzəcə böyüməyə başlamışdı. Ətrafındakı su kranından damcılayan su ona toxunduqca, sanki şükür edirmiş kimi başını yavaşca yelləyirdi. Yanında 30 illik güllər vardı – tikanları qalın, kökləri dərinə gedən, sanki torpağın içində nəsə gizlədən çiçəklər. Amma o, onların arasında nədənsə daha gözəl idi. Təbiət kimi qoxurdu. Ləçəkləri vilur kimi parlayırdı, sanki günəşlə arasında gizli bir sirr var idi – günəş ona toxunmadan onu isidirdi.

 

Onun da tikanları vardı – bəli. Amma qəribəsi buydu ki, heç kimə zərər vermirdi. O tikanlar qorunmaq üçün idi, incitmək üçün yox. Əlini uzadan biri varsa, əvvəlcə düşünmək məcburiyyətində qalırdı: "Mən bu gözəlliyə layiqəmmi?" Çünki o, qoparılmaq üçün yox, yaşamaq üçün yaranmışdı – baxılmaq, hiss edilmək, amma əsla incidilməmək üçün.

 

O gül heç vaxt öz yerini başqası ilə dəyişmək istəmədi. Digər güllərin çərçivəyə salınmış gözəlliyi ona aid deyildi. O, azad idi. Küləklə baş-başa qalan, yağışla dost olan, torpaqla sirr bölüşən bir varlıq idi. Yanından keçənlər baxır, heyran qalır, amma içlərində bir qorxu yaranırdı – "Toxunsam, birdən soldursa?"

Əslində isə o solmurdu. Sadəcə hər kəs onu görə bilmirdi. Çünki o gül gözlə yox, qəlblə görənlər üçündü. Əgər bir gün onu anlayan biri gəlsəydi, bəlkə o zaman tikanları bir damla da incitməzdi. Çünki hər tikan bir qorxunun, bir keçmişin, bir yaddaşın parçası idi. Onu sevmək sadəcə bir güllə maraqlanmaq deyildi – o güldə gizlənmiş bütün hekayələri oxumaq idi.

 

Bax, belə dayanırdı o gül. Nə alqış istəyirdi, nə də diqqət. Sadəcə anlayış... Sadəcə onu görən bir cüt göz, onu duyan bir ürək...

Sonda yalnız bir sual qalırdı:

"O gül kim idi?"

O gül – mənim içimdəki bir versiya idi. Hələ hamının tanımadığı, özü də özünü tam tanımamış bir halım. Qorxularımın içindən boy atan, heç kimin toxunmadığı, amma hər baxışdan təsirlənən halım. Səssizliyimdə kök salan, göz yaşlarımda yuyulan, amma inadla solmayan o hiss… Mən idim. Və bir az da o, o idi – yəni məni görən, məni anlayan bir nəfər.

 

O gül, içində həm sevgi, həm ehtiyat, həm də ehtiyac daşıyan bir ürək idi. Hər toxunuşda inciməsin deyə özünü tikanlarla qoruyan bir ürək. Amma o tikanlar qırmaq üçün deyil, qorumaq üçündü – bu fərqi isə çox az adam anlaya bilərdi.

 

Mən o gül idim – amma tam da mən deyildim. O gül, məni görən bir insanın gözündəki mən idi. Mənə qürurla, səbir və sevgi ilə baxan birinin içindəki "mən". O güldəki gözəllik – mənim onun varlığında hiss etdiyim dəyər idi. Onun varlığı ilə özümə qarşı daha mərhəmətli olduğum, özümə gülümsədiyim anlar idi o gül.

 

Bəzən susurduq birlikdə – o baxırdı, mən baxırdım. Və biz danışmadan başa düşürdük: o gül bizim aramızdakı dil idi. Nə zaman itirdiyimi düşündümsə, o gül yenidən boy atdı. Çünki o, heç vaxt solmurdu. Sadəcə gizlənirdi – bir baxışın, bir sözün, bir xatirənin altında.

 

İndi bilirsənmi o gül kim idi?

O gül – mənim içimdə böyüməyini gözləyən sevgiydi. Mənə inanan, məni anlamadan belə sevməyə davam edən birinin baxışlarında dirçələn, nəfəs alan hissdi.

Və bəlkə də…

O gül – səni sevən adamın qəlbində yaşayan mən idim.

 

O, o gülə baxarkən nə düşünürdü?

O, ona baxdıqca qəribə bir sakitlik duyurdu. Gözlərinin içində susqun bir sual vardı – sanki "Məni başa düşürsənmi?" deyirdi o baxışlar. Hər dəfə gözləri onun üzərində gəzəndə, içində bir şey titrəyirdi – qorumaq istəyi, başa düşülmək arzusu, dərin bir yaxınlıq.

O qızda bir şey vardı – bəlkə də çoxlarının görə bilmədiyi bir şey. Onun tikanları vardı, bəli. Amma bu tikanlar müdafiə idi, hücum yox. O, özünü incitməkdən qorumaq üçün divarlar hörmüşdü. O adam isə bu divarların arxasında gizlənmiş, susaraq kömək istəyən bir səs eşidirdi. Və o səsi unutmaq mümkün deyildi.

 

O qıza baxdıqca, onunla bağlı düşüncələri daha da çoxalırdı. Deyirdi:

"İnsan bir gülü dərmək istəməzsə, sadəcə yanında oturub onu seyr edərsə, bu sevgidirmi?" Onun sevgisi də elə bu cür idi – təmtəraqsız, iddiasız, səssiz. Amma bir o qədər dərin.

O, onun tikanlarından qorxmurdu. Əksinə, o tikanlara baxdıqca qızın nə qədər mübarizə apardığını anlayırdı. Və bu ona daha da doğma gəlirdi. Çünki o, güllərin ancaq xoş qoxulu tərəfini deyil, torpağın altında gizlənən zəhmətini də sevirdi.

 

Bəzən gecələr öz-özünə düşünürdü:

"Əgər mən onun yanında olmağa davam etsəm, bir gün mənə güvənərmi? Əgər sükutumu qoruyaraq, gözlərimlə onun canına toxunsam, hiss edərmi? Mən onun tikanlarını sevdim, çünki bilirdim — içində saf bir bağ var. Və o bağ bir gün mənim üçün açılarsa… bu, dünyanın ən gözəl çiçəyi olacaq."

 

O, onu dəyişdirmək istəmirdi. Sadəcə onun yanında dəyişməyə razı idi.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

 

 

 

 

Çərşənbə axşamı, 27 May 2025 11:16

Özbəkistan nümayəndə heyəti Qarabağa səfər edib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti Qarabağda olub.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, qonaqlar əvvəlcə Füzuli şəhərinə gediblər. Orada Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət ediblər. Bu məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa etdirilib. Nümayəndə heyətinə məktəbin fəaliyyəti haqqında məlumat verilib. Qonaqlar məktəbə kitablar təqdim ediblər.

Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşən nümayəndə heyəti Cıdır Düzünü, Gəncə Qapısını və digər tarixi, görməli yerləri ziyarət ediblər.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş olub. Görüşdə Şuşa şəhərinin tarixindən və görülən işlərdən danışılıb. Azərbaycan ilə Özbəkistan arasında hər bir sahədə əməkdaşlığın sürətlə inkişaf etdiyi vurğulanıb. Xivə ilə Şuşa şəhərləri arasında “qardaşlaşmış şəhər” əlaqələrinin praktiki səviyyədə genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, yeni inşaat işləri və infrastrukturla yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına da xüsusi fikir verilir. Nümayəndə heyəti aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər və məmnunluqlarını dilə gətiriblər.

Şuşadan Xankəndiyə yollanan qonaqlar şəhər ilə tanış olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərindən bəhs edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.