Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

İBRAHİM İLYASLI

 

 

QARŞINIZDA BİR ÖMÜR SAYĞI DURUŞUNDAYIZ

 

                                           Vətən müharibəsinin şəhid və qazilərinə

 

Vətən sizə can dedi, Vətənə can verdiniz,

Damarları təpimiş torpağa qan verdiniz.

Otuz il otuz yerdən yaraları çatlayan,

Millətə qırx dörd gündə şəfayla şan verdiniz!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Bir çağrışı bəs etdi ali baş komandanın,

Yüz illərə tən oldu – hökmünə bax bir anın?!

Vahimədən yağılar pərən-pərən oldular,

Haləsi böyüdükcə çəkdiyiniz hilalın.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Belə cəng, belə savaş yer üzü görməmişdi,

Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...

Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,

On min doqquz yüz əlli gündüzü görməmişdi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Xan Araz Sizi görcək qəhərlənib ağladı,

Köhlən Xudafərinin şahə qalxdı tağları.

O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,

Bu tayda ucalınca sənin zəfər bayrağın!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Azğın düşmənlərinə çoxları çıxdı yiyə,

Avropa diş qıcadı, Asiya getdi küyə...

Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,

“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Nərənizdən Şuşada qaya qopdu, daş yandı,

O gün qaş qaralmadı, qaralacaq qaş yandı.

DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,

Odlu nəfəsinizdən düşmən başa-baş yandı!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Ruhlar səltənətində ucalıqlar sizindi,

Uca başlar sizindi - uca dağlar sizindi.

Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,

Məmləkətdə haqq olan bütün haqlar sizindi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Ürəyim pasrçalansın, üzüm ağ olsun!- dedi

Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.

Bundan böyük ibadət görünməyib cahanda -

Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Azərbaycan adını sinənizdən asdınız,

Yeni tarix yaradıb, yeni dastan yazdınız.

Qazi hüzurlarıdır daha səcdə yerimiz,

Şəhid məzarlarıdır ən müqəddəs andımız.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

 

MƏNİ BU QƏLƏMDƏN QORU, İLAHİ

 

Küfr mənlik deyil... Əstəğfürullah!-

Sənə can atıram, sənə, ilahi!

Şeytan bardaş qurub kürəyimizdə,

Aman vermir gələk dinə, ilahi!

 

Burdan daşlayırsan, o yandan çıxır,

Ordan təpinirsən, burda hazırdı.

Dünən gözlərimlə gördüm, masamda

Əyləşib yerimə şeir yazırdı.

 

İşə yüyürürsən – iş yerindədi,

Dükana girirsən – vitrindən baxır.

Meyxanadan qovub rədd eləyirsən,

Məscidin önündə qarşına çıxır.

 

Gah əziz dost kimi girir qollara,

Gah qarşı səngərdə top dalındadı.

Gah dilənçi misal çıxır yollara,

Gah milyonçu misal qul halındadı.

 

Bir əli göydələn saraylar tikir,

Bir əli ehmalca qazır altını.

Söyürəm, əlimdən özgə nə gəlir,

Hərçi-pətərinin yeddi qatını.

 

Elə qucaqlayıb yer kürəsini,

Bir küncü-bucağı çıxmır yadından.

Şərqdə müharibə alovlandırır,

Qərbdə dil-dil ötür “barış” adından.

 

Yerdə sahibidi küll-ixtiyarın,

Bildiyi məkrdi, duyduğu kindi.

Şahlar ən sevimli oyuncaqları,

Rəiyyət ovcunda plastilindi.

 

Yoxmu bu gedişin dönüşü, yoxmu,

Yoxmu bu gərdişin sonu, ilahi?!

Bu şeirdə şeytan barmağı varsa,

Məni bu qələmdən qoru, ilahi!

 

 

ƏFƏNDİM

 

Düşmən də çəkməsin mən çəkənləri,

Mən çəkən zülümdən olmaz, əfəndim.

Adamlar bir yana, bu məmləkətdə

Quş da salamımı almaz, əfəndim.

 

Həmdəmim odlardı, sirdaşım sular

Könlümü qəriblik bular, ha bular.

Qeybdən nida gəldi:–Boşalan dolar!

“Quyu su tökməklə dolmaz”, əfəndim.

 

Boranlar adlayaq, xəzanlar keçək –

Ömür-gün yalandı, vaxt-vədə gerçək.

Mənim gözlərimlə sulanan çiçək,

Ömrü billahında solmaz, əfəndim.

 

Yeddinci qatında haqqım var deyə,

Sidqinən eşqimi bağladım Göyə.

Tutlar saza dönə, qarğılar neyə

Qoşub qəmlərimi çalmaz, əfəndim.

 

Tapdım çəmini də, tutdum dilə də,

Necə hökm elədi, getdim elə də.

DÜNYA söylədiyin qaldı belə də,

Bə deyirdin «belə qalmaz, əfəndim»?

 

 

SİZİN DƏ MƏHLƏYƏ YAĞIŞ YAĞIRMI?

 

Sizin də məhləyə yağış yağırmı,-

Sular oynaşırmı navalçalarda?

Ala gözlərinə qonan buludun

Neçə yaşı olur bu sonbaharda?

 

Evinə torpağın ətri dolurmu,-

Açıb pəncərəni çölə baxanda?

Yenəmi ürkəksən həminki kimi,-

Yenəmi qorxursan şimşək çaxanda?

 

Kəndə dönürsənmi xəyallarında,-

Yadına düşürmü o payız günü?..

Birlikdə məktəbdən evə dönürdük,

Yeni haqlamışdıq “Sarı körpü”nü.

 

...Və qəfil başladı leysan tökməyə,

Sel ağzına aldı bərəni-bəndi.

Bir anın içində çay aşıb-daşdı,

İki yerə böldü “İncəsu” kəndi.

 

Başqa yermi vardı daldalanmağa?-

Qaçıb akasyanın altında durduq.

Birdən çəpərində Osman dayının

İşıq dirəyini ildırım vurdu...

 

Titrəyib əsirdin həyəcanından,

Tutub əllərindən,- qorxma, - söylədim.

Qorxulu nağıllar düşdü yadıma,-

Sənin qəhrəmanın olmaq istədim.

 

Xəyalən özümü çaya vururdum,

Ağaclar axırdı pərli-budaqlı...

Guya traktor da keçə bilməyən

Seli yaracaqdım... Eh, uşaq ağlı...

 

Yadındamı o nur, o ipək qarı?-

Sənəm nənə... Qaşdan bizə baxırdı.

-Ay bala, sətəlcəm olarsınız ki!-

Deyib, əl elədi, evə çağırdı...

 

Sonrası... Nə deyim, sonrası heç nə,

Buludlar dağıldı, yağış da kəsdi...

Ancaq, ürəyimdə şırım açmağa

Mənə bu xatirə bir ömür bəsdi.

 

Sizin də məhləyə yağış yağırmı?-

Sular sevişirmi navlçalarda?

Qırx ildi həmincə ağacın altda

Səni gözləyirəm, hardasan, harda?

 

 

DEYNƏN

 

Bu günü ömürlük saxla yadında,-

Adına günlərin gözəli deynən.

O gün bir ürəyi atdım odlara,

Alovu dünyamı bəzədi,- deynən.

 

O hər gün fələyin qalxar yanına,

Öz ruhu özünü bələr qanına...

Qəsəmi yollara, qəsdi canına,

Sevdası sən adda sözədi,- deynən.

 

Əzabı yenidi, ağrısı köhnə,

Ötdükləri tərdi, qarğısı köhnə.

Dəvası, dərmanı, sarğısı köhnə,

Yarası bir ömür təzədi,- deynən.

 

Havalı başında çən var, çisək var,

Onda eşq adına nə istəsək var...

Dəstində bir qoma qannı çiçək var,

Billahi, güzarı bizədi,- deynən.

 

Könlümün gizli bir şahzadəsidi,

AYın sirri, GÜNün ağ haləsidi...

Bu qoşma bir ahın şəlaləsidi,-

İbrahim eləcə mirzədi,- deynən,

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

25.

OXUCU KVALİFİKASİYASI

 

Oxucu məfhumu barədə sizləri öncəki mətnlərdə məlumatlandırdıq. İndi də gəlin, bu məfhumun  məzmununu açmağa cəhd edək.Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda bu, insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. Demək, oxucu daha çox fərdi xarakter daşıyır və hər kəsə yönəli mütaliə məhsulu ortaya çıxmalıdır ki, əksər maraqları əhatə edə bilsin.

Oxucu kimdir? O bir istehlakçıdır, onun öz tələbi var, istehsalçı bu tələbləri nəzərə almaqla, təbii ki, həm də öz maraqlarını – daha geniş anlamda desək, dövlətin, cəmiyyətin, xalqın mənafeyini nəzərə alan və bunlara xidmət edən, eyni zamanda da mədəni səviyyəni yüksəldən və mənəvi təlabatı ödəyən estetik dəyərlərə malik bir əmtəə ortaya çıxarmalıdır.

Çox təəssüf ki, bu gün öz mövqeyindən sui-istifadə edən istehsalçılar da az deyil. Təsirə tez düşən yeniyetmə zümrəsinin diqqətini zorakılığı, pornoqrafiyanı, narkomaniyanı təbliğ edən əsərlərlə çəkmək, yaxud bayağı, boz ədəbiyyata alüdə etmək yolverilməzdir, hətta cinayətdir.

Odur ki, presedent hər iki tərəfin təlabatını tam ödəyən mütaliə məhsullarının ortaya qoyulmasıdır. Və bizim də söhbətimizin məğzi həmin bu mütaliə məhsullarına hədəf qrupumuz sayılan yeniyetmə və gənclərdə maraq oyatmaqla onları mütaliəyə həvəsləndirməkdir. Əlbəttə ki, yenə də təkrar edirik, 3-cü minillikdə internetin, mobil telefonun məişətə basqısı şəraitində bunu etmək nə qədər çətin olsa da, bir o qədər lazımlı, məsuliyyətli və şərəflidir.

 

Növbəti:

26. Vərdişlər kompleksi

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

 

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

Hazırda təqdimatda Bakı şəhəri 261 nömrəli məktəb-liseydir.

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

Direktor:

Məmmədli Könül Yusif qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə 241 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə universiteti "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil almış, magistraturanı "Ədəbi tənqidin nəzəriyyəsi və tarixi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.15 sentyabr 2005-ci il tarixindən Xəzər rayonundakı 185 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayında Xəzər Universitetində təşkil olunmuş "Potensial Məktəb Direktorları" təlim kursunu uğurla bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2018-ci il tarixli əmri ilə Bakı şəhəri E.Əliyev adına 234 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində “Mənim peşəm” layihəsi ilə ümumi təhsil kateqoriyası üzrə qalib olmuşdur. Müxtəlif təlimlərdə iştirak etmiş, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli əmri ilə Bakı şəhəri İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin direktoru vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 oktyabr 2023-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

 

Şagird:

Mən, Pirverdizadə Sadiq Feyyaz oğlu 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə Xətai rayonu 261 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olmuşam. Hazırda 11-ci sinif şagirdiyəm. Kiçik  yaşlarımdan riyaziyyatla məşğulam. Hələ 3-cü sinifdə oxuyarkən məktəbdə keçirilən riyaziyyat fənni üzrə yarışda birinci yerə layiq görülməyim mənim riyaziyyata olan sevgimin daha da artmasına səbəb olub. Sonrakı illərdə müxtəlif yerli və beynəlxalq riyaziyyat müsabiqələrində iştirak etmişəm. Kenken olimpiadasında həvəsləndirici yerə, Hədəf kurslarının təşkilatçılığı ilə  Şəhid müəllim Qoşqar Ömərovun adına keçirilən yarışda 10-cu yerə,  Kenquru olimpiadasında bürünc medala, TİMO olimpiadasında gümüş medala, SASMO Beynəlxalq Riyaziyyat  olimpiadasında qızıl medala layiq görülmüşəm. 8-ci sinifdə respublika fənn olimpiadasında yarımfinal, 10-cu sinifdə final mərhələsinə qədər yüksəlmişəm. Ümid edirəm ki, gələcəkdə də uğurlarımla  ailəmi və müəllimlərimi sevindirməyə davam edərəm.

 

Esse:

Özümü tanıyandan bəri cəmiyyətdə hər kəsin uğurdan, uğurlu olmaqdan, uğur qazanmaqdan danışdığını eşidirəm. Hər kəs uğur qazanmağa can atır, uğur əldə etmək üçün əlləşir, uğurdolu həyat arzulayır özünə. Bəs, uğurlu olmaq, uğur əldə etmək, uğur qazanmaq nədir? Ümumiyyətlə, uğurdolu həyat necə bir həyatdır?

Ətrafa baxsanız, insanları dinləsəniz, cəmiyyətin dediklərini meyar kimi düşünsəniz, uğur keyfiyyətli orta təhsil almaqdır, qabaqcıl ixtisaslar üzrə universitet bitirməkdir, iş, ev və maşın sahibi olmaqdır. Bununla yanaşı, uğur həm də yüksək statusa, şöhrətə və hörmətə, medallara, ordenlərə, müxtəlif mükafatlara sahib olmaqdır cəmiyyətin nəzərində. Diqqət etsəniz, bütün sadalanan şeylərdə adətən insanın özünün əldə edə biləcəyi maddi və mənəvi mənfəətlər nəzərə çarpır. İstisnalar hər zaman mövcuddur, əlbəttə, amma çoxu bunların dalınca qaçır ömür boyunca. Və nə olursa, elə bunların dalınca qaçarkən olur.

Bir gənc kimi mənimçün də təhsil almaq ən ümdə arzularımdan və planlarımdan biridir.   Amma mənimçün uğur yuxarıda sadalanan maddi-mənəvi mənfəətlər, parlaq nailiyyətlər, cəzbedici mükafatlar deyil. Mənimçün uğur bunları əldə etməyə çalışarkən dünyanın qaranlığında boğulmamaq, çirkabında kirlənməməkdir. Mənimçün uğur nələrəsə nail olmağa çalışarkən kiminsə ayağına basmamaq, kiminsə göz yaşına səbəb olmamaq, kiminsə haqqına girməməkdir. Mənimçün uğur dünyanın mənim ətrafımda dönmədiyini anlayıb məsuliyyətli yaşamaqdır. Mənimçün uğur bu dünyaya gəldiyim andakı qədər saf və təmiz şəkildə həyata davam etməkdir. Əks halda, cəmiyyətin bizə təlqin etdiyi uğurların hamısı sadəcə öz maraqlarımıza xidmət etməkdən, eqoist yanaşmadan ibarətdir.

Bəli, uğur sadəcə bir nailiyyətdən ibarət olmamalıdır. Əldə etdiyin uğura layiq ola bilməkdir uğur!

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Şirin qocası, cavanı olmaz! 50, 60, lap olsun 100. Nə fərqi var ki, Şir elə Şirdir. Pəncəsindən heç kim canını qurtara bilməz...

Bu gün- sentyabrın 24-ü filologiya elmləri doktoru, tənqidçi ədəbiyyatşünas Cavanşir Yusiflinin 66 yaşı tamam olur. Ürəyi istəsə istənilən yazıçının əsərini darmadağın edər. Sübut edər ki, "Nobel"lik deyil, hələ çox işləmək lazımdır. Bilirsiniz ürəyi niyə istəmir? Çünki indiki ədəbi mühitdə heç kimin tənqiddən xoşu gəlmir, yalan da olsa tərifi xoşlayırlar...

Cavanşir Yusifli ilə həyatda cəmi bir dəfə yolüstü görüşmüşəm. Harasa tələsirdi. İki-üç dəqiqəlik bu görüşdə özündən çox gözləriylə danışdım, bəs elədi. Qarşımda canlara dəyən bir insan dayanmışdı. Uşaqlıqda nadinc olsa da dərslərini yaxşı oxuyub. Elmə-ədəbiyyata marağı onu kitablardan ayrılmağa qoymayıb. Zəhməti, fədakarlığı sahəsində ədəbi aləmdə addım-addım irəliləyib, böyük alimlərimizdən biri olub. Heç kimin yanında üzü kölgəli deyil, nə qazanıbsa halal qazanıb. Başqa cür ola da bilməzdi, zəhmətkeş, yalnız Allaha baş əyən ailənin övladıdır...

Nə isə, çox danışıb vaxtınızı almaq istəmirəm, hərənin öz iş-gücü var. Sözümün canı odur ki, bu canlara dəyən insanı ad günü münasibətilə təbrik edib, Allahdan ona möhkəm can sağlığı, yaradıcılıq uğurları diləyək.

66 yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Çərşənbə axşamı, 24 Sentyabr 2024 14:52

“ABAD"ın 8 yaşı qeyd edilib

 

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının səkkizinci ildönümü ilə əlaqədar tədbir təşkil olunub.

“Ədəbiyyat və incəsənət” portalına Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

 "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun fəaliyyətinə dair video təqdimatla çıxış edib. Təqdimatda qeyd edilib ki, ötən müddət ərzində “ABAD”  fəaliyyətini Masallı, Balakən, Quba, Şəki və Tovuz olmaqla 5 regional mərkəz, 9 etno-butik, 2 keramika və tətbiqi sənət mərkəzi, müxtəlif hipermarketlərdə 3 “ABAD” bakaleyası olmaqla, ümumilikdə 25 satış stendi və Quba rayonunda fəaliyyət göstərən istehsalat kompleksləri vasitəsilə həyata keçirib.

"ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 632 ailəyə dəstək tədbirləri həyata keçirilib. Onlardan 481-i sənətkar, 129-u qida, 22-i isə digər xidmət sahələri üzrə fəaliyyət göstərib. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.

Tədbir xidməti fəaliyyətində fərqlənən əməkdaşların təltif edilməsi ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Çərşənbə axşamı, 24 Sentyabr 2024 14:44

“Baku Jazz Festival-2024”ə hazırlıq işləri gedir

 

Oktyabrın 17-dən 27-dək Azərbaycan paytaxtında payızın ən parlaq hadisələrindən biri olan “Baku Jazz Festival” keçiriləcək. 2024-cü ildə festivalın 19 yaşı tamam olur. “Baku Jazz Festival”ının direktoru Leyla Əfəndiyeva AzərTAC -a müsahibəsində hazırlıqlar və bu il cazsevərləri gözləyən sürprizlər barədə danışıb.

 

-Leyla xanım, festivala hazırlıq necə gedir?

 

-Hazırda festivala hazırlıq tam sürətlə gedir. Demək olar ki, əsas işlər görülüb; həm musiqiçilərin gəlişi, həm onların konsert proqramına uyğunlaşması, həm də bir çox texniki məsələlər həll edilib. Bildiyiniz kimi, “Baku Jazz Festival” regionun ən böyük mədəniyyət tədbirlərindən biridir. Hər il proqramımızda onun sərhədlərini genişləndirən bir sıra tədbirlər nəzərdə tutulur. Yəni, konsertlərlə yanaşı, festival çərçivəsində caz mövzusunda foto və rəsm sərgiləri, uşaqlar və tələbələr üçün tədbirlər, caz ulduzları ilə görüşlər, yerli musiqiçilər üçün seminarlar və ustad dərsləri keçirilir. Bütün bunları təşkil etmək üçün vaxt və təbii ki, əmək tələb olunur. Bu il festivalımızın on doqquz yaşı tamam olur. Biz buna hazırlaşırıq və onun başlanmasını səbirsizliklə gözləyirik.

 

-Bu il bizi hansı proqram gözləyir?

 

-Birincisi, bu, konsertlərdir. Bu il festivalımızı üç “Grammy” mükafatı laureatı ziyarət edəcək. On ikidən çox ölkədən klassik ənənəvi üslubdan dinamik caz-roka qədər tamamilə fərqli üslublarda caz ifa edəcək maraqlı musiqiçilər gələcəklər. Proqram çox genişdir. Konsertlərdən əlavə, “Moving Sketch” adlı rəsm sərgisi, “Best World Jazz Foto” fotosərgisi, Bəhram Bağırzadənin uşaqlar üçün “Caz” kitabının təqdimatı, dünya caz ulduzları ilə görüşlər, eləcə də maraqlı “İpək üzərində caz” qurama ekspozisiyası keçiriləcək. Əlbəttə ki, gecə yem-seyşenləri (jem-sessiya - verilmiş mövzu üzrə fərdi və ya ümumi improvizasiya - müəllif) də olacaq.

 

-Cari ildə keçirilən festival nə ilə fərqlənəcək, hər hansı yeniliklər olacaqmı?

 

-Şübhəsiz ki, hər bir festivalımız əvvəlkilərdən təzə ideyaları ilə fərqlənir. Biz caz musiqisinə daha çox gəncləri cəlb etməyə çalışırıq. Ölkəmizin əsas hissəsinin estrada musiqisinə üstünlük verdiyini nəzərə alsaq, bu, asan məsələ deyil. Bütün dünyada vəziyyət belədir. Amma təbii ki, inkişaf etmiş ölkələrdə caz auditoriyası var. Məqsədimiz tamaşaçı auditoriyamızı ildən-ilə genişləndirməkdir. Ona görə də bu il festivalın görkəmli basçı Munir Hosnun konserti ilə açılacağı məkanlardan biri kimi yenilənmiş Jolly Jokeri seçdik. Oradaca festivalın digər günlərində Rain Sultanovun beynəlxalq “Syndicate” qrupu və Fransa cazının yüksələn ulduzu Elianın konsertləri olacaq. Biz müxtəlif caz janrlarına uyğun olan ən əlverişli konsert salonlarını cəlb etdik.

 

-Bu hadisənin şəhərimiz üçün nə kimi əhəmiyyəti var?

 

-Düşünürəm ki, “Baku Jazz Festival”ı əhalimizin musiqi zövqünün formalaşmasında mühüm rol oynayır. Konsertlərimizə beş-yeddi min adam gəlsə belə, bu, kifayətdir. Əgər onlardan biri uşaqları da gətirsə və onlar da öz növbəsində intellektual musiqi ilə tanış olmağa, alətlərin səslərini ayırd etməyi öyrənməyə, improvizasiyaları başa düşməyə başlasalar, bu, bizim qələbəmiz və ölkəmizin mədəniyyətinə əsas töhfəmiz olacaq.

 

-Ölkəmizdə caz mədəniyyətinin səviyyəsini necə qiymətləndirə bilərsiniz?

 

-Bizim gənc istedadlı caz musiqiçilərimiz var, onlar tezliklə öz sözünü deyəcəklər. Onların bir çoxu festivalımız çərçivəsində hər il keçirdiyimiz “I Am Jazzman!” gənc caz ifaçılarının müsabiqəsi sayəsində tanınıb. Onlardan bəziləri bu il hətta festivalda çox məşhur ifaçılarla birlikdə çıxış edəcəklər. Bəzilərinin adlarını çəkəcəyəm, çünki əminəm ki, onlar tezliklə dünyanın caz məkanlarını fəth etməyə başlayacaqlar. Bunlar Nurlan Hüseynzadə, Cavanşir Əbdüləli, Nicat Quliyev, Məhəmməd Allahverdiyevdir. Mən tamaşaçılarımızı oktyabrın 17-dən 27-dək “Baku Jazz Festival”ına gələrək festivalımızın xarici qonaqları ilə yanaşı onların da ifalarını dinləməyə, konsertlərdən əlavə, bir sıra parlaq, maraqlı tədbirlərdə iştirak etməyə dəvət edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Çərşənbə axşamı, 24 Sentyabr 2024 12:16

REDAKSİYANIN POÇTUNDAN – “Bizim doğma yurdumuzun...”

Azərbaycan Yazıçılar Birliyinin üzvü  Coşqun Xəliloğlunun redaksiyamıza ünvanlanan növbəti şeirində doğma yurdumuz vəsf olunur. Şeiri oxucularımıza təqdim edirik.

 

DOĞMA YURDUMUZUN

Hər eldə xoş sorağı var,                             

Bərəkətli torpağı var,

Şiş ucları göyə çatan

Savalanı, Şahdağı var,

Bizim doğma yurdumuzun.

 

Bir bax hər yanı gözəldir,

Mili, Muğanı gözəldir.

Quba, Şəki laləzardır,

Dağı, Aranı gözəldir

Bizim doğma yurdumuzun.

 

Tükənməzdir nefti, qazı,

Bəxtiyardır oğlu, qızı,

Qazanıbdır müstəqillik,

Əbədi gəlibdir yazı

Bizim doğma yurdumuzun.

 

Bir cənnətdir başdan-başa,

Buz bulaqlar gəlir xoşa,

Göllərinin öz yeri var,

Bağ-meşəsi bir tamaşa

Bizim doğma yurdumuzun.

 

Tarixə bir yetir nəzər,

Hünəri dillərdə gəzər,

Xoşbəxtlik yolundadır,

Üzünə güləcək səhər

Bizim doğma yurdumuzun.

 

Könül dostu sazdır, tardır,

Muğamatı ecazkardır,                                

Ədalət yolunu tutub,

Övladları düz ilqardır

Bizim doğma yurdumuzun.

 

Qurban mamırlı daşına,                                                                               

Dolanım yüz yol başına,

Laləzardır yazı, yayı,                           

Heyran qalmışam qışına

Bizim doğma yurdumuzun.

 

Qazandıq biz şanlı zəfər,

Üzümüzə doğdu səhər,

Şuşamıza qovuşmuşuq,

Kədəri, qüssəsi bitər

Bizim doğma yurdumuzun.

 

Amma qəlbdə var nisgili,

Ayrı düşüb neçə eli,

Təbriz hələ qan ağlayır,

Yağıdadır Göyçə gölü

Bizim doğma yurdumuzun.

 

İanırıq gün gələcək,

Tale üzünə güləcək,

Həqiqətə söykəndiyi

Amalı açacaq çiçək

Bizim doğma yurdumuzun.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)                                                                                      

 

Budur, yeni dərs ili başlandı. Yeniyetməlik dövründə yaşanan fiziki və psixoloji yeniliklər şagirdlərdə böyük dəyişikliklərə səbəb olur. Bu prosesdə şagirdin üzərinə qoyulan həddən artıq məsuliyyət məktəb uğurlarının azalmasına səbəb ola bilər. Bu prosesdə şagirdlərin, valideynlərin və pedaqoqların üzərinə böyük vəzifələr düşür. Yetkinlik yaşına çatmış uşaqlar sevgi dolu baxışlar tapa bilməsələr, müəllimlərindən və ailələrindən uzaqlaşacaqlar. Bəs nə etməli?

 

“Ədəbiyyat və incəsənət” portalının qoyduğu sualı yeniyetmə psixoloqu Nəzrin Həşimzadə cavablandırır.

 

Müəllimlər hansı mövzularda diqqətli davranmalıdırlar?

* Müəllimlər yeniyetməlik dövrünün psixologiyası və inkişafı haqqında məlumatlara malik olmalıdırlar.

* Bu çətin prosesdə şagirdlərə qarşı anlayışlı və səbrli olmalıdırlar.

* Şagirdlər arasında müqayisə etməməlidirlər. Bilmək lazımdır ki, hər bir insanın

anlamaq,düşünmək qabiliyyəti fərqlidir, hər bir şagirdə mütləq şəkildə individual yanaşılmalıdır.

* Gənclərlə çox mübahisə etmədən problemləri aradan qaldırmağa çalışmalıdırlar.

Bəs yeniyətmələrlə ünsiyyət necə olmalıdır?

* QƏBUL EDİN: Tələbələrinizi olduğu kimi qəbul edin. Qəbul etmək onların hisslərini anlamaq və onlara hörmət etmək deməkdir. Şagirdlərinizin hisslərinə hörmət edin. Şagirdlər hörmətlə dinlənilmək və başa düşülmək istəyirlər. Onlarla göz təması ilə danışın.

* İCAZƏ VERİN: Özlərini ifadə etmələrinə icazə verin. Qəbul etmək çətin olsa da, onlarınsizdən çox fərqli düşüncələri və hissləri ola biləcəyini unutmayın. Çevik və anlayışlı olun.

Zülmkar olmayın.

* DİQQƏT EDİN: Ünsiyyət bacarıqlarınıza fikir verin. Tənqid, mühakimə etməyin, günahlandırmayın, digər tələbələrlə müqayisə etməyin.

* DİNLƏYİN: Yaxşı dinləyici olun. Onları hər dəfə nəsihətlərlə sıxışdırmayın. Yeniyetmələr, böyüklər kimi, bəzən sadəcə etibar etdikləri birinin onları dinləməsini istəyirlər.

* SEVGİYİNİZİ GÖSTƏRİN: Tələbələrinizə sevgi və qayğı göstərin. Deməyin ki, “bu uşaq böyük dərddir, öhdəsindən gələ bilmirəm”. Belə bir düşüncəylə uşaqda irəliləyiş əldə edə bilməzsiniz. Tərif edilməli olduqları zaman onları tərifləyin. Çətin vəziyyətdə alternativ yollar axtarın.

Müəllimlər bu qaydalara riayət etsələr, bir-birlərinə qarşı daha anlayışlı, sevgi dolu olarlar.

Çünki bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərən varlıq müəllimdir.

Unutmamaq lazımdır ki, gənclər üçün bu çətin, lakin müvəqqəti bir dövrdür.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

 

Çərşənbə axşamı, 24 Sentyabr 2024 16:42

“ MƏN PAYIZ QADINIYAM ” - Cəvahir Tanrıverdinin şeirləri

“Ədəbiyyat və incəsənət” portalına təqdim edilən növbəti şeir çələngi gənc şair Cəvahir Tanrıverdidəndir. Buyurun! 

 

Mən payız qadınıyam,

Məhəbbətim saralmış yarpaqların

Gizlətdiyi rənglərində qorunur.

Mən payız qadınıyam,

Göz yaşımı gölməçələr qoruyur.

Xəzəlin xışıltısıdır

Ürək döyüntülərim.

Nəfəsimə nəfəs verən

Mehin hənirtiləri.

Mən payız qadınıyam,

Həsrətimdə payız kimi

            leysanlar yağdıraram.

 Bir tufan qopararam,

Qorxudaram ayrılığın gözünü.

Mən payız qadınıyam,

Yarpaq-yarpaq tökülüb

Söykəyərəm buz torpağa üzümü.

Yox... axı bizim yerlərdə

Payızda torpaq isti,

Canından can,

Qanından qan veribdir

            Bu torpağa igidlər

                        Nəfəsi isti-isti.

Payızın soyuğunda

Torpağı isidiblər,

Ümidli ürəklərdə

Arzular bitiriblər.

Qismətin -

Ağacların yarpaqsız bar qisməti,

Bitirmisən neçə illik həsrəti.

Ah, payız, sən

Ruhuma vətənmisən?!

Yoxsa yarpaqlı fəsillər

            bəxtinə küsənmisən?

 Yox, küsənmə,

Hər fəslə qismət olmur

Bir bu qədər naz-nemət,

Hər fəslə qismət olmur

Səndəki bu qətiyyət.

 Üşütmürsən məni sən,

Üşüdürsən

            Ürək döyüntüsünü

                        heç vaxt duymayanları,

Sərt kəlməsi

            Vicdanını

                        didib ovmayanları.

 Üşütmürsən məni sən,

Axı mən,

Mən elə sənəm.

Sızlayanda vicdanım

Göz yaşımla

            çayları daşdıraram.

Elə daşdıraram ki,

Buludu çaşdıraram.

Özü də anlaya bilməz

            gur yağış səbəbini.

Axı mən,

Mən payız qadınıyam -

Öpərəm bu payızın

            sulu, selli gözündən.

Dolanaram ürəyinin başına,

Hisslərini

            anlayaram üzündən.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

 

Kənan Mənmədli, “Ədəbiyyat və incəsənət”

 

 

İntihar zəiflərin işidir, yoxsa güclülərin? İllərdir bu suala cavab axtarılır. İntihar halları isə davam edir. Amma statistika, sən demə, bu hallarda azalma tendensiyası müşahidə etməkdədir. Xüsusən, Avropada. 

 

Eurostat-a görə 2021-ci ildə Avropa Birliyində təxminən 47.000 intihar hadisəsi baş verib. 

Bu o deməkdir ki, AB-də intihar ölümlərinin sayı azalır. 2021-ci ildə blokun 27 ölkəsində 47.000-ə yaxın intihar ölümü qeydə alınıb ki, bu da 2011-ci ildəkindən 13,3 faiz azdır.

Bu, hər 10,2 nəfərə orta hesabla 100.000 ölümə bərabərdir.

"Hətta cəmi bir intihar da çoxdur. Buna görə AB-də intihar nisbətlərinin 13% azalması və dünyanın qalan hissəsində əlbəttə ki, daha az faizlə azalması bir şey və yalnız bir şey deməkdir: sevinməliyik, amma dərs də çıxarmalıyıq" deyir sosial məsələlər üzrə qurumun regional məsləhətçisi Dr. Ledia Lazeri.

Maraqlıdır, azalma tendensiyasına səbəb nədir? Tanınmış sosioloq Əhməd Qəşəmoğlu portalımıza açıqlamasında deyir:

-Hazırda dünyada iki tendensiya var: psixoloji gərginlik və stresslərin pik həddində olan insanlar: - 1. psixoloqlara daha çox müraciət edirlər; 2. kouçların xidmətlərindən yararlanırlar. Bu da onlara əlavə dividend verir və ümidsiz insanlar hər şeyin düzələcəyinə ümidlənirlər.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.