Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Mirmehdi Seyidzadə. Bir vaxtlar uşaqların ən sevimli yazıçılarından biri.
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil alıb. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olub. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik edib. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil alan yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləyib.
1938–1939-cu illərdə yenidən təşkil olunan "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik edib. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir isləyib. Xəstəliyinə görə ordudan tərxis olunub, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunub.
Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeiri ilə başlayıb. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri, "Zirək Səməd" mənzum nağılını, "Şanlı gün" poemasını yazıb, "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və şairə mənzum pyesləri tamaşaya qoyulub, bir neçə şeirlərinə isə mahnılar bəstələnib. 1932-ci ildə mükafata layiq görülən "Şanlı gün" poeması ayrıca kitab şəklində nəşr edilib.
Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxıb. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A. S. Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr edib.
1. Keçəl Səməd
2. Şanlı gün
3. Kiçik təyyarəçilər
4. Neftə doğru
5. Pinti Həsən
6. Uşaq şeirləri
7. Qızıl quş
8. Nərgiz
9. Pilotlar
10. Kiçik pyeslər
11. Şeirlər və poemalar
Mirmehdi Seyidzadə 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə "Lenin" ordeni ilə təltif edilib.
Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat edib.
2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Mirmehdi Seyidzadənin 110 illik yubileyi qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(30.08.2025)