
Super User
95 yaşında “Şərəf” ordeni ilə təltif olunmuş yazıçı Vidadi Babanlını "Qazax" Xeyriyyə İctimai Birliyi üzvləri ziyarət edib
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən Yazıçı Vidadi Babanlı 95 illik yubileyində “Şərəf" ordeni ilə təltif olunub.
Sərəncamı diqqətinizə çatdırırıq:
V. Y. Babanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
SƏRƏNCAMI:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 8 yanvar 2022-ci il”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Nizami Cəfərov, Elçin Şıxlı, Osman Ənvəroğlu, Puşkin Əhmədov, Mədəd Səttarov, Yusif Alıyev, Sultanxanım Nəsibova, Dürdanə Vəkilova, Səbinə Yusif, Rafail İncəyurd və Mustafa Babanlı yubileyi günündə Vidadi Babanlını ziyarət ediblər.
Maraqlısı odur ki, onlar yolda xəbər tutublar ki, Prezident Vidadi Babanlını "Şərəf" ordeni ilə təltif edib. Sevinc sevincə qarışıb.
Qocaman yazıçını səmimi qəlbdən təbrik edən qonaqlar ədəbiyyat xəzinəmizə “Vicdan susanda”, “İnsaf nənə”, “Bulanıq dünya” kimi möhtəşəm romanlar bəxş etmiş yazıçıya sağlamlıq arzulayıblar, yubileyi barədə, təltifi barədə, qocaman yazıçının durumu barədə söhbət aparıblar.
Axı 95 il ömür sürmək hər igidin də işi deyil!
Aşıq Şaiq və Aşıq Avdı Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndiriblər. Qonaqlar da onlarla birgə ölməz sətirləri ifa ediblər.
“Var olsun qocaman yazıçımız, nəsrimizin canlı klassiki Vidadi Babanlı” deyək bir ağızdan.
Amma Əməkdar İncəsənət Xadimi adı ilə kifayətlənən ustad yazıçımızın Xalq Yazıçısı titulu hələ də yoxdur, ümid edək ki, mütləq olacaq.
Cahangir Zeynalov iki gün ac qalan Ərəblinski, daşnakların hücumu, bir də fırtınada gəmidə qalmaları barədə
Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə Cahangir Zeynalovun (1865-1918) xatirələrini təqdim edəcəyik. Milli tetarımızın tarixində əvəzsiz rol oynayıb bu böyük mesenat. Görkəmli aktrisamız Nəsibə Zeynalovanın atasıdır. Ruhu şad olsun!
1-ci xatirə
Maddi imkaın yaxşı idi, odur ki, həmişə kasıb aktyorlara, rejissorlara əl tuturdum. O vaxt evim mərkəzdəydi (indiki İstiqlaliyyət küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişdiyi yerdə, indi Şahmat klubunun yerində - red.). Otaqların birini məşq üçün ayırmışdım, hələ səhnə kimi bir yer də düzəltdirmişdim orada. Hüseyn Ərəblinski cavan idi, səhnədə ilk addımlarını atırdı. Mirzəağa Əliyev, Mirmahmud Kazımovovski, Hacıağa Abbasov, Məhəmməd bəy Əlvəndi, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi sənət adamları tez-tez evimə gələr, həmin səhnədə məşq edərdilər. Məşqdən sonra qonaqlarıma süfrə açardım. Bir gün yenə məşq edirdik.
– Kəbleyi, adam sənin evində məşq eləməkdən həzz alır, – Mirmahmud Kazımovski dedi.
– Hə, vallah, düz deyirsən, ay Miri, – gənc Hüseyn Ərəblinski onu sözünə qüvvət verdi, – Adam məşqdən çox, məşqin qurtarmağını gözləyir.
– Yəni belə tez yorulursan? – təəccüblə ondan xəbər aldım.
– Yox, Kəbleyi, mən məşq eləməkdən yorulmamışam, məni mətbəxdən gələn bozbaşın iyi hayıl-mayıl eləyib, – Hüseyn zarafatla söylədi.
Sonra xəbər tutum ki, iki gündür qarın dolusu yemək yemir.
2-ci xatirə
Bir gün Əbdürrəhim bəy Haqverdiyev, Hüseynqulu Sarabski, Əbülfət Vəliyevlə bir yerdə “Qubernat” parkında gəzişirdik. Bir də gördük Ərəblinski başını aşağı salıb, pərt-pərt ora-bura baxır. Bizi görəndə özünə toxtaqlıq verib yaxınlaşdı. Salam-kalamdan sonra xəbər aldım:
– Nə olub ay, Hüseyn? Sözlü adama oxşayırsan.
Hamı nəzərlərini ona dikmişdi. Hüseyn qoltuğundakı qəzetlərin arasından bir kağız çıxarıb bizə uzatdı.
– Kəbleyi, bu, Əbdürrəhim bəyin “Ağa Məhəmməd şah Qacar” əsərindəki rollardı. Xeyli də rol var. Tamaşanı qoymaq üçün çoxlu pul-para lazım olacaq. Gəlsənə, tamaşanın xəzinədarlığı boynuna götürəsən. Səni bir balaca xərcə salmağımıza nə deyirsən?
Fikirləşmədən cavab verdim:
– Mənim bütün var-dövlətim, bu millətin maarif-tərəqqisi üçün peşkəşdir. Mənim bu gözlərim üstə. Mən oldum sizin xəzindarınız. Hə, de görüm kefin açıldı, ya yox?
O, gün elə bil Hüseynə dünyanı bağışladım. Yerə-göyə sığmırdı.
3-cü xatirə
Səhnəmizdə qadın aktyorlar yox idi, qızım Nəsibənin aktyor olmağını arzulayırdm. Ancaq 1918-ci ilin 17 martında Bakıda erməni daşnaklarının törətdiyi məlum hadisələr başladı. Məcbur olub həyat yoldaşım Hüsniyyə xanımla, körpə Nəsibə qızımı götürüb İranın Ənzəli şəhərinə, qayınatamın yanına getdim. Oktyabrın əvvəlində ara sakitləşdi, “Ardahan” gəmisi ilə Bakıya qayıdanda fırtına qopdu, 8 gün dənizdə qaldıq, natəmizlik baş alıb getdi, ağır xəstələndim. Nəfəs ala bilmir, qızdırmadan od tutub yanırdım.
Qonşularım üstünə həkim çağırdı. Həkim məni müayinə edib köks ötürdü:
– Yatalaq xəstəliyə tutulmusan, Kərbəlayi, – dedi, – Sənə ciddi müalicə lazımdır.
Nəfəsim kəsilə-kəsilə həkimə baxdım. Onun gözlərindəki ümidsizliyi görəndə hər şeyi başa düşdüm.
– Yəqin, ömür bura qədərmiş, həkim, – dedim, köks ötürdüm.
Sonra da bunları dedim:
-Ürəyim arzularla doludur, Azərbaycan teatrının xoş günlərini görmək istəyirdim, ancaq nə etmək olar. İnanıram ki, gələcək nəsillər mədəniyyətimizin inkişafında bizim də xidmətlərimizi unutmazlar.
Qazaxıstanlı rejissorun filmi Rotterdam kinofestivalının əsas proqramına daxil edilib
Qazaxıstanlı rejissor Adilxan Yerjanovun rusiyalı prodüserlər Boris Xlebnikov və Aleksandr Plotnikovun iştirakı ilə ərsəyə gətirdiyi “Həmlə” filmi Rotterdam kinofestivalının əsas proqramına daxil edilib.
TASS agentliyi xəbər verir ki, bu barədə “Lookfilm” studiyası məlumat yayıb.
“Sevinirəm ki, film mənim ən çox sevdiyim Rotterdam festivalının proqramına daxil edilib. Film avanqard və eksperimental xüsusiyyətlərilə zəngindir. “Həmlə”nin müsabiqə proqramına salınması məni çox həvəsləndirir, çünki film mahiyyət etibarı ilə introspektivdir və qəhrəmanların vəziyyətinin açılmasına yönəlib. Filmin müəllif kinosu qismində premyerası isə “Həmlə”ni bir növ irəli atır. Bütün komandanı təbrik edirəm və hamıya minnətdaram”, - deyə Adilxan Yerjanov bildirib.
Ötən ilin ən yaxşı ekran əsəri “Where are you going, Aida?” filmi olub
Kinotənqidçilərin resenziyalarının yer aldığı “Metacritic” saytı 2021-ci ilin ən yaxşı 50 filmini açıqlayıb.
Siyahı kinotənqidçilərin ekran işlərinə verdiyi qiymət əsasında müəyyənləşdirilib.
Birinci yerdə 97 xalla “Where are you going, Aida?” filmi qərarlaşıb.
TOP-10-u təqdim edirik:
1.”Where are you going, Aida?”,
2. “Summer of Soul”,
3.”Rocks”,
4.”Petite maman”,
5.”Memoria”,
6.”This Is Not a Burial, It's a Resurrection”,
7.”Flee”,
8.”Drive My Car”,
9.”Procession”,
10. “I Was a Simple Man”.
Məşhur rejissor Piter Boqdanoviç vəfat edib
Amerika rejissoru, aktyoru və prodüsseri Piter Boqdanoviç 83 yaşında vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir.
Onun işləri arasında “Nə olub, dok?”, “Kağız Ay” və digərləri çox məşhur idi.
1971-ci ildə çəkilmiş “Sonuncu seans” filmi səkkiz Oskar nominasiyası qazanmışdı.
Boqdanoviç həm də “Soprano” və “Mən necə anamı qarşıladım” filmlərindəki rollarına görə yaddaşlarda qalmışdı.
Qənirə Paşayeva təltif olunub
"Dədə Ələsgər Ocağı" İctimai Birliyi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanı "Aşıq Ələsgər-200" yubiley medalı ilə təltif edib.
Bu medal Qənirə Paşayevaya qüdrətli söz sənətkarının 200 illik yubileyi ilə bağlı keçirilən bir sıra yerli və beynəlxalq konfransın təşəbbüsçüsü, təşkilatçısı olduğuna, habelə sənətkarın irsinin təbliğindəki roluna görə verilib.
Esra Ezmeçi Azərbaycana gəlir
Psixologiya sahəsində qələmə aldığı kitablarla böyük bəyənmə toplayan Uzman Klinik Psixoloq Esra Ezmeci, "İlişkilerde Mesafe Koyma ve Özgüven" mövzulu seminarı ilə 16 yanvar 2022-ci il tarixində, saat 15-də Azərbaycan oxucuları ilə Nizami Kino Mərkəzində görüşəcək.
Uzman baxış nöqtəsi və səmimi dili ilə oxucularına həm professional bir dəstəkçi, həm də yardım əli uzadan bir dost olaraq yaxınlaşan Esra Ezmeci, bu sahədə biliklərini gündən-günə daha böyük bir kütləyə çatdırır.
Eyni zamanda qatıldığı fərqli çeşiddə televiziya proqramları ilə də tanınan yazar Esra Ezmeci xoşbəxt münasibətlərin sirrlərini, münasibətlərə necə yanaşmalı olduğumuzu, necə davranmalı olduğumuzu, özümüzə inamımızı necə yeniləyəcəyimizi sadə və sadə bir dillə izah edir.
Biletlər 40-70 manat civarında olacaq.
Əməkdar artist Novruz Qartal vəfat edib
Azərbaycanın Əməkdar artisti Novruz Qartal (Əliyev) vəfat edib.
Novruz Qartal onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə Novruz Qartal özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb. Onun “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların rəğbətini qazanıb.
Novruz Qartal 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Bu gündən incəsənət əsərlərinin onlayn auksionuna başlanılır
“Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə yanvarın 10-da Azərbaycanda incəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabətqabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçiriləcək.
Xatırladaq ki, tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk onlayn auksion olacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyası auksionun təşkilinə metodiki dəstək göstərir.
Çıraqqala abidəsinin və Qazax Müəllimlər Seminariyası binasının bərpasına başlanılıb
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli ötən gün keçirdiyi mətbuat konfransında təmsil etdiyi qurumun ötənilki fəaliyyəti barədə danışıb, bu il görüləcək işlər barədə məlumat verib.
Xidmət rəisinin verdiyi məlumatlar arasında Şabran rayonunda yerləşən dünya əhəmiyyətli “Çıraqqala” abidəsi və Qazax rayonunda yerləşən, ötən əsrin əvvəllərində xalqımızın bir çox tanınmış ziyalısına təhsil verən Qazax müəllimlər seminariyasının təmir və bərpa işlərinin vəziyyəti xüsusi maraq doğurub.
Məlum olub ki, V-VI əsrlərə aid “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır, ölkəmizin ən qədim tarixi abidələrindəndir, orada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilməkdədir. Ötən müddət ərzində bərpa-konservasiya işlərinə start verilib və bərpa üzrə zəruri tədbirlər görülüb. Dəniz səviyyəsindən 1234 metr hündürlükdə yerləşən bu abidənin bərpası həm daxili, həm də xarici ziyarətçilər üçün böyük maraq kəsb edəcəkdir.
Qazax rayonunda yerləşən Müəllimlər Seminariyasının qədim binasının bərpa olunması işinə də artıq başlanılıb və prosesin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.