Super User

Super User

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcəkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı təşkilatçıya istinadən xəbər verir ki, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaqdır.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

Eyni zamanda sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcəkdir. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcəkdir.

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcəkdir. Eyni zamanda Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Ziyarətçilər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər:

https://bakubookfair.az/az-register/

Sərgiyə giriş ödənişsizdir.

 

Mədəniyyət naziri Anar Kərimovun Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla görüşü ötən gün baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfiri salamlayan Anar Kərimov Azərbaycan və Litva arasında dərin tarixi münasibətlərin olduğunu bildirib. İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcəkdə də bu əlaqələrin daha da dərinləşməsinə səy göstəriləcəyi vurğulayıb.

Səfir Egidius Navikas mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib, muzey və kitabxana sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Litva müəlliflərinin əsərlərinin qarşılıqlı olaraq iki ölkənin teatrlarında nümayişi ilə bağlı razılıq əldə olunub.

Cümə axşamı, 22 Sentyabr 2022 15:30

Günün fotosu: Navalnıy Putini cinayətkar adlandırdı

Günün fotosu: Navalnıy Putini cinayətkar adlandırdı

 

Aleksey Navalnıy - rus müxalifətinin lideri müharibə səfərbərliyi elan edən Rusiya prezidentini müdhiş cinayətkar adlandırdı.

 

Foto: Euronews

 

Bu gün Avstriyanın paytaxtı Vyanada “Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçiriləcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, Avstriya Azərbaycanlıları Cəmiyyətinin və həmin ölkədə yaşayan azərbaycanlı musiqiçi Fərəh Tahirovanın təşkilatçılığı ilə gerçəkləşəcək konsert Müqəddəs Pyotr kilsəsində baş tutacaq. 

Tədbirdə Vyanada fəaliyyət göstərən diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələrinin iştirakı gözlənilir.

Konsertdə ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edəcək. Tanınmış musiqiçi orqanda Azərbaycan və alman bəstəkarlarının əsərlərini səsləndirəcək.

 

23 ildir təşkil olunan şeir günləri 23-25 sentyabr tarixlərində Türkiyənin Balıkesir şəhərində baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, Azərbaycandan Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşarın dəvət aldığı beynəlxalq tədbirə dünyanın bir neçə ölkəsindən şairlər dəvət olunub. Belə ki, tədbirdə Azərbaycan təmsilçisindən başqa Güney Afrikadan Şabbir Banoibhai, Moldovadan Todur Zanet, Bolqarıstandan Aziz Şakir, Makedonyadan  Esra Matyan, İraqdan Mehmet Ömər Qazançı və Türkiyənin müxtəlif nöqtələrindən şairlər iştirak edəcəklər. 

Uzun illərə söykənən ənənəvi şeir günlərinin  təşkilatçıları Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Balıkəsir bölməsi, Balıkesir Valiliyi, Təhsil Nazirliyinin Balıkəsir bölməsi, Balıkesir Üniversiteti, Balıkesir Mərkəzi Kitabxanası və s. qurumlardır. 

Şeir günləri rəngarəng proqramlarla 3 gün davam edəcək.

“Ədəbiyyat və incəsənət” portalı populyar “Unudulmaz sevgi şeirləri” rubrikasında bu dəfə oxucularına Musa Yaqubun “Yoxluğumdur sənə nifrət etməyim” şeirini  təqdim edir. 

 

 

Dedin, bu qanadla necə uçarsan,

Özünü ələ al, könlünü uyut.

Deyirsən, nifrət et mənə bacarsan,

Nifrət et, bu vaxtsız sevdanı unut.

 

Sarmaşıqdan çəpər çəkmişəm ki mən

Nə baxım, nə görüm, nə yetim sənə.

Şuluq uşağını tənbeh eyləyən

Ana qəzəbidir nifrətim sənə.

 

Bulud yağışını əsirgəyəndə,

Torpaq cadarlanıb "yandım" deyəndə,

Baxma o torpağın qarğışlarına;

O yenə üzünü

Bir vüsal günü

Sürtər o buludun yağışlarına.

 

Mənim də nifrətim, qarğışım belə,

Mənim də qəzəbli baxışım belə.

Bülbül yuvasına toxunsa biri

Daha o budağa dönməz quşcuğaz.

Sızıldar canında bir yuva yeri

Amma yuvasına nifrəti olmaz.

 

Mənim də küsməyim, dönməyim belə.

Könlüm yana-yana sönməyim belə.

Çəmən ayrısının, çöl ayrısının

Mənim o çəməndən gülümü göndər.

Nifrəti ölümdür bal arısının

Sancdımı, özü də məhv olub gedər.

Buludum, yağışım, yuvam, pətəyim,

Yoxluğumdur sənə nifrət etməyim.

Cümə axşamı, 22 Sentyabr 2022 10:30

Ən çox oxunan: Nursena Say Miss Türkiyə seçildi

Dünya yenə də öz gözəllərini müəyyənləşdirməyə davam edir. O cümlədən, qardaş Türkiyə. 

Ötən gün “Miss Turkey" gözəllik müsabiqəsinin qalibi bəlli olub.

 

“Ədəbiyyat və incəsənət” Türkiyənin Sondakika xəbər ajansına istinadən xəbər verir ki, baş tutan final gecəsində birinci yerin sahibi 19 nömrəli iştirakçı - Nursena Say olub.

20 finalçının yarışdığı müsabiqədə 2-ci yeri Aleyna Şirin, 3-cü yeri isə Sülin Erbek Gurdijan tutub. 

3-cü yerin sahibi bilirsiniz kimdir? 1984-cü il Avropa gözəli seçilən Neşe Erbekin qızı. 

Gözəlliyin irsən keçməsi, razılaşın ki, təəccüblüdür.

Cümə axşamı, 22 Sentyabr 2022 09:30

Xalq artisti Əminə Yusifqızının səhhəti pisləşib

 

Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir.

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu barədə "report"a aktrisanın özü məlumat verib.

85 yaşlı Xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib.

O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, tanınmış aktrisa, "Şöhrət" ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.

 

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə üçüncü iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi iclasda Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri, daimi nümayəndələri iştirak ediblər.

İclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev QH ölkələrinin UNESCO-ya yeni təyin olunmuş səfirlərini salamlayaraq, onlara işlərində uğurlar arzulayıb.

Daha sonra cari ilin iyun ayında keçirilmiş iclasdan sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi işlərdən danışılıb.

QH ölkələrinin səsinin UNESCO platformasında daha yaxşı eşidilməsi üçün, İcraiyyə Şurasında QH ölkələrinin səfirlərinin Koordinasiya Qrupunun yaradılması xatırladılaraq bildirilib ki, 2022-ci ilin oktyabr ayında keçiriləcək İŞ-nin 215-ci sessiyası zamanı Hərəkat üzvlərinin maraqlarına uyğun olaraq, sədr tərəfindən müəyyən mövzular üzrə çıxışlar ediləcək. Bir sıra səfirlər qeyd olunan təşəbbüsü təqdir edərək dəstəklərini ifadə edib. 

İclasda, həmçinin ötən iclasın hesabatı dinlənilib və qəbul olunub.

İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) türk dünyası opera sənətçilərini bir araya gətirən ənənəvi tədbiri olan “23-cü TÜRKSOY Opera Günləri” keçirilir.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, TÜRKSOY-un Daimi Şurası tərəfindən 2022-ci il görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə bağlı onun anım ili elan edilib. Bu münasibətlə TÜRKSOY-un 23-cü Opera Günləri Fikrət Əmirova həsr olunur. Tədbirlərdə dahi bəstəkarın bədii əsərlərindən və şəxsi arxivindən ibarət fotosərgilər də sənətsevərlərin diqqətinə təqdim olunur. 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbir Türkiyənin Bursa və İzmir vilayətləri, eləcə də Şimali Kipr Türk Respublikasında (ŞKTC) keçirilir. Tədbir nazirliyin Gözəl Sənətlər Baş İdarəsinin Bursa Dövlət Simfonik Orkestri, Dövlət Opera və Balet Ümumi Müdirliyi, İzmir Dövlət Opera və Balet Orkestri, İzmir Böyükşəhər Bələdiyyəsi iştirakı, eləcə də ŞKTC-nin Baş nazirinin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin himayəsi altında keçirilir. 

İlk belə tədbir sentyabrın 15-də Bursa vilayətində, 18-də isə İzmirdə baş tutub. 

Sentyabrın 20-də isə növbəti konsert proqramı uzun fasilədən sonra ŞKTC-nin Mağusa şəhərinin Famagusta Otello qalasında keçirilib. Kiprdə daha bir tədbir sentyabrın 21-də Girne Bellapais Manastırında keçiriləcək.

“23-cü TÜRKSOY Opera Günləri” çərçivəsində keçiriləcək konsertlərdə türk dünyasının müxtəlif ölkələri-Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ŞKTC və Şimali Makedoniyadan ifaçılar və icmalar çıxış edirlər. Türk Dünyası opera müğənnilərini Qırğızıstanlı pianoçu İuliya Babiç müşayiət edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.