Super User

Super User

 

Cari ilin 19-20 may tarixlərində Tbilisi şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Şəki, Lənkəran və Xırdalan şəhərlərinin nümayəndələrinin, o cümlədən yerli ekspertlərin iştirakı ilə “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi çərçivəsində I Regional Şəbəkə Konfransı baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Tədbirdə Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişləndirmə Danışıqları üzrə Baş Direktorluğu, Avropa İttifaqının və Almaniyanın Höte İnstitutunun Gürcüstandakı Nümayəndəlikəri, yerli ekspertlər, layihə komandası və tərəfdaşları (Höte İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri və Gürcüstan Fransız İnstitutu), o cümlədən media nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində açılış nitqləri, qalib şəhərlərin təqdimatları, “EU4Culture” Regional Şəbəkə konsepsiyası, mümkün fəaliyyət istiqamətləri və maliyyələşmə imkanlarının müzakirəsi, Gürcüstanın mədəniyyət və yaradıcı sənayelər üzrə dövlət-özəl tərəfdaşlıq modelləri ilə bağlı çıxışlar baş tutub. Tərbirdə həmçinin Şərq Tərəfdaşlığı regionu üzrə fəal donor təşkilatların mədəniyyət sahəsi üzrə mümkün maliyyələşmə proqramlarının təqdimatı və hər ölkə üçün siyasət quruculuğu və tənzimləyici mexanizmlərə dair ayrıca təlim proqramı təşkil olunub.

Qeyd edək ki, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində “Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı” artıq bir neçə ildir icra olunur. Sözügedən mədəni əməkdaşlığın növbəti mərhələsi kimi 2021-ci ilin iyun ayında Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhərləri üçün “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi elan olunmuşdur.

Müsabiqədə Azərbaycandan bir sıra şəhərlər iştirak etmiş, nəticədə Lənkəran, Xırdalan və Şəki şəhərləri bir neçə mərhələni keçərək qalib şəhər seçilmişlər.

Çərşənbə axşamı, 24 May 2022 10:30

Şuşa İli” Strasburqda muğam konserti ilə qeyd olunub

 

Ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyinin və UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Şuşa İli” və Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi çərçivəsində Strasburqda “Qarabağ” muğam qrupunun konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Strasburqun mərkəzində yerləşən Sen Pyer-lö-Jön kilsəsində keçirilmiş konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli” elan edildiyini və bu münasibətlə ölkəmizdə və dünyanın bir çox ölkələrində, eləcə də Avropanın paytaxtı Strasburqda təşkil edilən bu konsert də daxil olmaqla silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Daimi nümayəndə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsinin xalqımızın qürur və şərəf dolu zəfər tarixi olduğunu, hazırda bu qədim şəhərin sürətlə yeni intibah dövrünə qədəm qoyduğunu vurğulayıb. F.İsmayılov təqdim ediləcək musiqi proqramındakı əsrarəngiz mahnıların Qarabağın və Şuşanın xalqımızın zəngin mədəniyyətində çox vacib yer tutduğunu qeyd edib. Eyni zamanda, o, bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 30-cu ilinin tamam olmasından söz açıb.

Konsertdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova Xalq artisti Elçin Haşımov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflər və muğam nümunələrini ifa ediblər.

Həmçinin konsertdə “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş gənc musiqiçi Sona Əzizova tamaşaçılara “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını təqdim edib.

Musiqi proqramı Sen Pyer-lö-Jön kilsəsində toplaşan geniş auditoriya tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.

 

Mədəniyyət Mazirliyinin xətti ilə həyata keçən layihə çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında Xalq artisti Azər Paşa Nemətovun quruluşunda hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Bakı Dövlət Universitetinin tələbələri dahi Mirzə Cəlilin qələmindən çıxan ölməz əsərin müasir səhnə interpretasiyası ilə tanış olub, tamaşadan sonra təəssüratlarını bölüşüblər.   

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin "Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.

"Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətovdur.

Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva canlandırırlar.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək, XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Türkiyədə səfərdədir.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Fazil Mustafa Azərbaycanın Əskişəhər Osmanqazi Universitetində keçiriləcək Azərbaycan mədəniyyət və incəsənət günlərində iştirak edəcək. 

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Azərbaycan İqtisad Universitetinin incəsənət dərnəkləri təmsil olunacaq. 

Fazil Mustafa ölkəmizin mədəniyyətinin Türkiyə vilayətlərində, xüsusilə də gənclərin üstünlük təşkil etdiyi universitetlərdə yaxından tanınması, Azərbaycanla bağlı məlumatlılığın artırılması üçün keçirilək mərasimlərə qatılacaq. 

Səfər mayın 26-da başa çatacaq.

 

Mədəniyyət naziri Anar Kərimov mayın 23-də Özbəkistan Respublikasının Baş Nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimov ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə ustinadən məlumat verir. 

 

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Nazir Anar Kərimov 2022-ci ildə hər iki ölkənin musiqi kollektivlərinin qarşılıqlı olaraq Azərbaycan və Özbəkistanda təşkil olunan festivallarda iştirakını xüsusi olaraq vurğulayıb. 12-14 may tarixlərində Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında Özbəkistanın “Baxor” Dövlət Rəqs Ansamblının çıxışlarını yüksək qiymətləndirən Anar Kərimov yaradıcı kollektivin bu sənət bayramında fəal iştirakına görə təşəkkürünü bildirib

 Səmimi qəbula və xoş sözlərə görə nazirə minnətdarlıq edən Aziz Abduxakimov bildirib ki, iki ölkə arasında həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli əlaqələrin mövcudluğu birgə əməkdaşlığın daha da genişləndirilməsinə imkan verir. Aziz Abduxakimov Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlərdə Özbəkistanın birgə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüş mədəniyyət və incəsənətin müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günləri və təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də mədəni irsə dair bir sıra layihələrin təşkili məsələləri müzakirəsi ilə davam edib.

20 may 2022-ci il tarixində AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə tanınmış yazıçı, dramaturq, şair və tərcüməçi Əyyub Qiyasla görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AYB Lənkəran bölməsinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri yazıçı Qafar Cəfərli açaraq Ə.Qiyasın ömür yolu haqqında məlumat verdikdən sonra, onun hekayə yaradıcılığı barədə ətraflı danışb.

Daha sonra yazıçının "Qara işıq" romanı haqqında Səyavuş Süleymanlı, "Havay tətilləri" romanı barədə isə bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad məruzə edərək, Əyyub Qiyas yaradıcılığının müxtəlif məqamlarına toxunub, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. 

Sonra söz digər iştikçılara verilib. Lənkəran Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova, yazıçılardan Hafiz Mirzə və Eldar Tahirov, şairlərdən Xudaverdi Cavadov, Salman Məmmədoğlu və Mirmusa Hasanov, rayonun tanınmış mədəniyyət işçisi Ağadadaş Əliyev, şahmat üzrə Əməkdar məşqçi İdrak Dadaşov, qonaqlardan şair Etiram İlham, Mədəniyyət İşçiləri Həmkarlar təşkilatı Sumqayıt komitəsinin sədri Şahin Veysəlli çıxış edərək Əyyub Qiyasın şeir, hekayə, esse və roman, eləcə də tərcüməçilik fəaliyyətindən söz açıb, yaradıcılığının müxtəlif məziyyətlərindən danışıblar. 

Sonda söz Əyyub Qiyasa verilib. O, qələm sahiblərini maraqlandıran müxtəlif məzmunlu sualları cavablandırıb, tədbirin təşkilatçılarına və iştirak edənlərə təşəkkürünü bildirib. Tədbiri bölmənin sədri Q.Cəfərli yekunlaşdırıb. Sonda xatirə şəkilləri çəkilib.

 

ABŞ prezidenti Co Bayden Asiya turnesinin ikinci bəndi olaraq Yaponiyaya səfərə gəlib. Ağ Evin rəhbərini gətirən hökumət təyyarəsi bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında - Yokosukidə yerə enib. 

 

“Ədəbiyyat və incəsınət” portalı Euronews-a istinadən xəbər verie ki, ABŞ Prezidentinin Yaponiyanın Baş naziri ilə görüşü bu gün üçün nəzərdə tutulub. Danışıqların əsas mövzusu Ukrayna ətrafındakı vəziyyəti nəzərə alaraq, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və Çinin regionda mövcudluğunu gücləndirmək məsələləridir.

Bayden Tokioya Seuldan gəlib, unutmayaq ki, orada o Pxenyanın Seula olan təhdidindən danışmışdı:

“Şimali Koreyanın edə biləcəyi hər şeyə hazırıq. Biz onların etdikləri hər şeyə necə reaksiya verəcəyimizi düşünmüşük. Odur ki, bu, məni narahat etmir".

Cənubi Koreyada Bayden Hyundai zavoduna baş çəkib və bildirib ki, bu şirkətin ABŞ-ın iri avtomobil müəssisəsinə investisiya qoyması hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Səfər proqramında ABŞ və Cənubi Koreya hərbi qulluqçuları ilə Ozan aviabazasında görüş də olub. ABŞ prezidenti və onun Cənubi  koreyalı həmkarı Yun Suk Yeltsin Şimali Koreyadan gələn nüvə təhlükəsinin qarşısının alınması üçün birgə hərbi təlimlərin genişləndirilməsinin mümkünlüyünü bəyan ediblər.

Günün fotosu: İrpen - Rusiyanın tarix qarşısında cinayətidir

 

Rusiyanın Ukraynaya üç aylıq müdaxiləsi İrpen şəhərini xarabalığa çevirib. Şəhərə 1,2 milyard avro ziyan dəyib. İrpenlilər indi öz doğma şəhərlərinə qayıdır, birtəhər məskunlaşmağa çalışırlar.

 

Foto: Euronews

 

Qədim Buxara şəhərində beynəlxalq “Qızıl tikmə və zərgərlik sənəti” festivalı keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, festivalda dünyanın 22 ölkəsindən tədqiqatçılar, bu sahənin mütəxəssisləri iştirak edirlər.

Ölkəmizdən festivala Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Milli Məclisin Aparatının Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi Aydan Fərəcova və Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzinin direktoru Zərifə Məlikova qatılıblar. 

Ü.Həmzəyeva festival çərçivəsində təşkil olunacaq “Ənənəvi qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda “Tikmə sənətinin tarixi: dizayn və innovativ yanaşma” mövzusunda çıxış edəcək. O, həmçinin “Ənənəvi qızıl tikmə və zərgərlik sənətinin sosial-mədəni təcrübə kimi qorunması və inkişafı sahəsində dünya təcrübəsi”, “Ənənəvi qızıl tikmə və zərgərlik sənəti: tarixi-nəzəri problemlər və təhsil texnologiyaları” mövzularında keçiriləcək sessiyalara qatılacaq. 

Festival mayın 26-da başa çatacaq.

 

1) İki cür dostlar olur: borc almağa ümid etdiklərin və səndən borc istəyə biləcəklərindən ehtiyat etdiklərin.

3) İnsanın ən yaxşı bacardığı şey özünə bəraət qazandırmasıdır.

4) Toy sahibinin sənə münasibəti səni eyni masada kimlərlə oturtduğundan bəlli olur.

5) İnsana dost lazımdır ki, təklikdə qalıb özünü yoldan çıxarmasın.

6) Özünü çox məşhur sayan şou ulduzunu bir laqeyd baxışla öldürmək olar.

7)  İradənlə oğlun kimi, vicdanınla atan kimi davran.

8) Qadın dili kişi dilinə tərcümə olunmur, yeganə dilmanc sevgidir.

9) Təmiz yerin qədrini süpürgəçi bilər.

10) Pulla xoşbəxtlik almaq olmur, amma dadına baxmaq olur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.