Super User

Super User

 

1) İki cür dostlar olur: borc almağa ümid etdiklərin və səndən borc istəyə biləcəklərindən ehtiyat etdiklərin.

3) İnsanın ən yaxşı bacardığı şey özünə bəraət qazandırmasıdır.

4) Toy sahibinin sənə münasibəti səni eyni masada kimlərlə oturtduğundan bəlli olur.

5) İnsana dost lazımdır ki, təklikdə qalıb özünü yoldan çıxarmasın.

6) Özünü çox məşhur sayan şou ulduzunu bir laqeyd baxışla öldürmək olar.

7)  İradənlə oğlun kimi, vicdanınla atan kimi davran.

8) Qadın dili kişi dilinə tərcümə olunmur, yeganə dilmanc sevgidir.

9) Təmiz yerin qədrini süpürgəçi bilər.

10) Pulla xoşbəxtlik almaq olmur, amma dadına baxmaq olur.

 

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan klassik musiqisinin təbliğinə xidmət edən “Odlar Yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinin finalı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Vyanada fəaliyyət göstərən “CultureMeetingPoint” təşkilatı dəstək göstəriblər.

Təşkilatın sədri Kamal Əkbərov tədbiri giriş sözü ilə açaraq klassik musiqinin beşiyi sayılan Vyana şəhərində belə bir müsabiqənin keçirilməsinin əhəmiyyətinə toxunub. O, tədbirin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara minnətdarlığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan bu müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb və Azərbaycan musiqisini tanıtmağa xidmət edən bu kimi layihələrin dəstəklənəcəyini deyib.

Münsiflər heyətinin fəxri sədri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, müsabiqə, ilk növbədə, klassik musiqi ifaçılığının inkişafına mühüm töhfə verir. O, bütün finalçıların yüksək peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb və Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən musiqiçiləri də təqdir edib.

Müsabiqədə Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən Aleksander Maria Vaqner (Almaniya) və Qriqorios İoannou (Yunanıstan) xüsusi mükafata layiq görülüblər. Münsiflərin qiymətləndirməsinə görə, Heli Kanq (Cənubi Koreya) birinci, Anna Leyerer (Avstriya) ikinci və Qriqorios İoannou isə üçüncü yeri tutublar. 

Mükafatlandırma mərasimindən sonra yer tutan musiqiçilər qala konsertlə çıxış ediblər. Qriqorios İoannounun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz“ romansı və Aleksander Maria Vaqnerin ifasında isə Tofiq Quliyevin “Cəmilənin albomu“ (On iki pyes) əsəri xüsusi maraq doğurub.

Qeyd edək ki, Avstriyada yaşayan musiqiçilər ötən dövr ərzində Abuzər Manafzadə, Aria Torkanbouri, Jalə Rəsulova, musiqişünaslar Kəmalə Əhmədova və Fərəh Tahirova, müsabiqənin münsiflər heyəti Azərbaycan bəstəkarlarının əsərləri, tələb və qaydalarla bağlı bütün müvafiq işləri uğurla tamamlayıblar, eləcə də münsiflər heyətinin işində yaxından iştirak ediblər.

Finalı onlayn və canlı ifadan ibarət olan müsabiqənin münsiflər heyətində Xalq artisti Fərhad Bədəlbəyli ilə yanaşı Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Rəna Rzayeva və İslam Manafov, əslən bakılı professor Oleq Marşev, professor Ştefan Möller kimi nüfuzlu musiqiçilər yer alıb.

Doğurduğu əks-sədanı nəzərə alaraq təşkilati komitə növbəti il keçiriləcək müsabiqədə fortepiano ilə yanaşı vokal və digər musiqi alətlərinə də yer verilməsini nəzərdən keçirəcək.

Sumqayıt şəhər “Günəşim” Kukla Teatrının tərkibində Sumqayıtda yaşayan şəhid və qazi övladlarından ibarət "Əmanət" xor kollektivi fəaliyyət göstərir. Məşqlər hər həftə sonu keçirilir.

Xor kollektivinin repertuarında bir çox mahnılar var: bunlardan biri onlar üçün xüsusi hazırlanmış, musiqisi Aygün Səmədzadəyə, sözləri isə  Baba Vəziroğluna aid  "Zəfər balalarının himni"dir.

"Əmanət xoru" Bakı və Sumqayıt şəhərlərində keçirilən müxtəlif tədbirlərdə çıxış edir. Layihə rəhbəri Sumqayıt şəhər “Günəşim” Kukla Teatrının təsisçisi Ayişə Səfərlidir. Xorun dirijoru  Sumqayıt Musiqi Kollecinin xordirijoru İradə Aslanovadır.

Onu da qeyd edək ki, xorun yaranması və fəaliyyət göstərməsi üçün  təşkilatçılar heç bir maliyyə dəstəyi almayıblar.

Bazar ertəsi, 23 May 2022 10:04

“Psix” tamaşası nümayiş olunub

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası növbəti dəfə nümayiş etdirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mayın 22-də göstərilən tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.

18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur. 

Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edib. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxıblar.

“Ədəbiyyat və incəsənət” portalı “İlk qələm təcrübəsi” rubrikasında bu dəfə sizlərə Banu Sadıqzadənin “Bir, iki, üç, dörd...” hekayəsini təqdim edir. Banu Mədəniyyət və İncəsənət Universitetini bitirib,  rejissordur. Yazı-pozuya meyli hədsizdir. Hekayə və şeirlər yazır. Düşünürük ki, onu dərc etməyin zamanı yetişib. Axı yazılar mütləq oxunmalıdır.

 

Ömrünün 21 il əvvəlinin uşaqlıq xatirələrini illər sonra xatırlaması cəhdi, sanki, şüşə qırıntılarının ayağa batmasının verdiyi ağrı kimi, saçı yolunmuş fəryad sızıltısıtək onun gicgahını döyəcləyirdi. Qızmar yay fəsli idi. Amma 25 yaşlı Düha həyatında bəlkə də ikinci dəfə idi ki, belə üşüyürdü. Ona elə gəlirdi, ayaqları şaxtada o qədər donub ki, bir az da hərəkət etsə, dizləri təməlindən ayrılıb yerdə qalacaq, qolları ağırlaşıb sıldırım qayalar kimi yerə çırpılacaq, bütün bədənini parça-parça edəcək. Həmin gün gözləri ruhsuzlaşmış, bənizi saralmış, dodaqları çatlamış, saçlarının rəngi belə bozarmışdı. Əslində, həmin ana qədər tamamilə başqa emosiyada idi. Bir əsrlik bitməyən 8 dəqiqə kimi. Nə oldusa, elə onda oldu...

Var gücü ilə özünü toparlayıb pıçıldadı: "Yox! İndi olmaz, özünü ələ al! Axı sənə kənardan baxırlar, burda tək deyilsən! İllər sonra həyatının arzusu gerçəkləşib, qoruduğun qüruru burda sındırmaq səni 25 illik zirvələrdən beş qəpiklik quyulara buraxar. Hə, sən bunu bacaracaqsan, sakitləş, bax belə! Ağlını başına yığ! Sıx dişini! Lənətə gələsən, az fikirləş bu tanış-tunuşu! Axı sən nə vaxt özünü həbs etdiyin qəlibdən kənara çıxacaqsan!? Gözünün qarşısında ikicə nəfər adam var, həyəcandan onları belə görə bilmirsən, onlar sənə baxırlar, özü də qıyğacı... Toparlan! Sən daha dörd yaşındakı o uşaq deyilsən. Artıq sən anasan. Sənin öz övladın həminki yaşdadır, möhkəm ol! Bax belə!".

Bu pıçıltılar uzun görünsə də, cəmi bir dəqiqənin içində baş verdi.

Qoca qəbiristanlığın ucu-bucağı görünmürdü. Əllərini belinə sıxıb mənən qırılıb çökmüş onurğasını bacardıqca dik tutmağa çalışdı. Sanki şah damarı yerindən çıxıb boğazına dolanmışdı. Əvvəlcə məzarlığın yeni sahibləri tərəfi özlüyündə nişanladı. Məzarlıq boyu əks tərəfə qaçdı, sonra ayaqları biixtiyar ağrımağa başladı. Hər məzar sanki onun ayağından tutub durduğu ilk nöqtəyə geri qaytarırdı. Qamətini saxlayıb qarşısında baş daşlarının çərçivəsindən ona boylananlara diqqət etdi. Düha kiminsə ona acıqlı-acıqlı baxdığını, kiminsə ona təəssüfləndiyini, kiminsə "niyə bu qədər gec gəldiyini" soruşmasını, kiminsə narazılıq və ya qınağını aydın şəkildə eşidə və görə bilirdi. Bu, onu daha çox sıxır, onu daha da hərəkətdə sürətləndirirdi. Baş daşlarının hamısını oxumuşdu. Bəlkə də hər qəbirlə bir neçənci dəfə idi üzləşirdi. Nə qədər təngnəfəs olsa da qüruru nəfəsini susdurur, ciyərlərini qabırğa divarlarına sıxırdı.

Onu tapmadığını görüb məyus olduğu an - həmin o xəyal, uşaqlıq təhtəlşüuru qurumuş palıdın gövdəsindən çıxan budaq kimi işığa tərəf boylanırdı. Əslində, 21 il keçmişin xatirəsi belə yaranmışdı: Yanvar ayının nisbətən isti və nəmli, mülayim keçən günəşli günlərindən biri idi. Anası ilə tək yaşayan Düha hələ o zamanlar 4 yaşında idi. Anası dolanışıq ucbatından rayonlararası bazarda qarışıq geyimlər alıb-satırdı. Bu səbəbdən də o, anasının hər gedişində onunla 4-5 gün ayrı qalmalı olurdu, onda ona nənəsi baxırdı. Anası hər gələndə Dühaya o zamanların dəbi olan "Tom&Jerry"nin şort-mayka dəsti, cığalalarda iri şirnilər alıb gətirər, onu sevindirərdi. Düha 4 yaşında olduğundan dolayı, sadəcə 4-ə kimi saymağı öyrənə bilmişdi. Elə həyətdə qonşuların uşaqları ilə gizlənqaç oynayanda da 4-ə kimi sayırdı. Hər gecə dümağ buludlar kimi ağaran bumbuz yatağına uzananda da yatmazdan öncə saymağa başlayırdı. Nənəsinə "Üç gün tamam oldu, bir gün qaldı" deyib 4-cü gecənin tezdənini açmaq üçün yatmağa can atırdı.

Yenə də həmin sayılı gecələrdən biri, lakin 4-cü günün tamamı idi. Düha əvvəlcə narahat idi. Narahatlığını söndürmək üçün dəmir yatağın orta boşluğuna özünü tullayıb yellənməyə başladı. Sıxıntısının xıncını durmadan hoppanmağa xərclədi. Amma yorulub dirsəklərini dizlərinə qoyaraq yatağına oturdu. Qısa bir səssizlik sonrası içindəki uşaqlıq qüruru sındı, dikələ bilmədi. O, hönkürtü ilə ağlamağa başladı. Nənəsinin yorucu suallarından təngə gəlib onun dizlərinə başını qoyub darıxdığını pıçıldadı.

"Anam nə vaxt gələcək? Dörd gün bitdi, amma o gəlmədi. Mən düzgün sayıram", - deyə barmaqlarını cütləyib göstərdi. Sonra davam etdi: "Dörd gəlib getdi, amma anam gəlmir, heç xəbər də yoxdur. Bəs mən darıxıram axı! Nənə, özü də çox darıxıram... O mənə söz verir, həmişə də vaxtında gəlirdi. Amma indi xəbər yoxdur. Mən yata bilmirəm"

Həmişəki kimi ağlamaqla özünü ovunduran Düha yuxulamağa çalışdı. Mürgünün də 4-cü laylasında idi. Gecə saat 12-ni yenicə keçirdi. Anidən çöldən qışqırıq səsləri gəlməyə başladı. Dağların dibindən gələn canavar ulaşması gələn qışqırıqların nə olduğunu ayırd etməyə imkan vermirdi. Amma anasının gəlmə ehtimalı yüksək idi. Düha gözlərini nənəsindən tez açmışdı. Dikəlib oturdu. Divardakı saata baxaraq "Anam gəldi", - deyə gözləri sevincindən bərələ qalaraq gülümsədi.

Bu səs nənəsini də oyatmışdı. Hə, doğrudan da anası gəlirdi. Amma...

***

Düha ilk dəfə idi belə yanvar gecəsi görürdü. Həyətdə saçını yolan qohumlar, onların ah-naləsi, dizləri qatlanmış nənəsinin göz yaşları.. İlk dəfə idi nənəsini belə çökmüş, ümidsiz görürdü. Nə baş verdiyini anlamırdı. Qorxmamağa çalışırdı. Evdəki qarışıqlıq onun ağlını başından çıxarırdı. Nənəsinə suallar verir, cavab almadıqca daha da qorxurdu. Bu qarışıqlıq onun üçün tanımadığı cəhənnəm əzabı kimi idi.

Az sonra anası da gəldi. Daha doğrusu, gətirdilər. Yaşıl donda, qara plaşda, bumbuz, saralmış əlləri yanında döşəməyə uzatdılar. Düha anasını geyimindən tanıdı. Vahimədən ayılıb gözləri hədəqəsindən çıxacaq şəkildə nənəsinə dilləndi: "Nənə, mən düz bilmişəm. Bax, anam gəlib, anam gəlib..."

Nənəsindən səs gəlmədi. Düha nələr olduğunu anlamağa çalışırdı. Bir anda beynində qərarlaşdırıb, özünü isbatlamaq üçün anasına yetişmək istədi. Anası üzü üstə yatmışdı. İnsanların bəzisi sağa-sola qaçışır, bəzisi hönkürtüylə ağlayırdı. Düha bu an çox qorxdu. Evin bu başından o başına - anasına doğru qaçdı. Dühanın ən ali xoşbəxtliyə uzanan qolları evdə saralan işığın altındaca rüzgarın dayandığını hiss etdi. Evin işığı gözlərinə düşmüş, ayaqları yerdən üzülmüşdü. Anasını qucaqlayacağı anda kimsə onu belindən tutub qucağına almışdı. Axı anasına qovuşmaq istəyinin qarşısını kim ala bilərdi?!

Nələrin baş verdiyini anlamayan Dühanın səbri kəsildi. Ona anası üçün bu cür darıxmaq öldürücü idi. Anidən, gördüyü "Ögey ana" filmində İsmayılın atası üçün ağladığı kimi əlini anasına uzadıb ağlamağa başladı: "Ana, oyan. Ana, məni aparırlar, qoyma.."

Anasından səs çıxmadıqca Düha dəliyə dönmüşdü. Bəlkə də neçə nəfərin onu saxlamağa gücü yetmədi. İnsaflı ağbirçəklərdən kimsə "Uşağı anasından gözü arxada apara bilməzsiz, a bala. Qoyun anasına toxunsun. Axırıncı dəfə qoxlasın anasını. Körpədir, dərdin alım, doysun anasından, buraxın", -deyə dilləndi.

Araya sakitlik çökdü. Dühanı kimsə qucağından yerə qoydu. O, sakitləşib ətrafındakılara baxa-baxa anasına doğru addımladı. Beynində ağbirçəyin dediyi cümlələr dolaşdıqca onun üzündə minlərlə sual izi yaratmışdı. Nə baş verir axı?! Sonunda rahat şəkildə anasının sol kürəyinə toxundu.

-Ana, ay ana... Bəsdir yatdın, mən burdayam, oyan. Ana, eşitmirsən bu qışqırıqları? Mən qorxuram. Sənin üzünə niyə bu örtüyü atıblar axı?! Bəsdir özünü ölülüyə vurdun. Ana, oyan", - deyə həyəcanla söylədi.

Düha özünü ölülüyə vurmaqla ölməyin fərqini bilmirdi heç. Anası səs verməyincə onu iki əlli kürəyindən tutub silkələdi. Qolları taqətdən düşüb, gücü qurtardı sanki. Başını anasının kürəyinə qoyub dedi: "Ana, yuxum gəlir, gəl gedək yataq. Səni gözləyirdim dörd gündür".

Birdən anasının necə soyuq olduğunu hiss etdi, "Ana, üşümüsən? Oyan! Oyan!", - deyib var gücü ilə iki əllə anasının sol çiynini özünə doğru çəkdi. Və bu an anasının cəsədi arxası üstə çevrildi. Bu, Dühanın gördüyü ilk kabus idi. Anasının parçalanmış sifəti onun gözlərinin qarşısında açılmışdı, sifətinin bir tərəfi yanaq sümüyünün qəlpələrindəcə itmişdi. Düha ilk dəfə idi ki, anasından belə qorxurdu. Onun qışqırığı anidən sükutu pozuldu.

Sonra hər şey bir göz qırpımında baş verdi sanki. Gözlərini kimsə ovucları ilə sıxıb onu qonşuya apardı. Amma orda qalmadı, bir çığır-bağırtı saldı ki, onu anasının yanına qaytardılar. Tezdən dəfn olacaqdı. Anası müsəlman adətləri ilə dəfnə hazır sübhü gözləyirdi. Bir neçə saat Düha anasının yanında yerdə uzandı. Qadınlar deyirdi: "Səs salma, sadəcə bax. Anan yatıb". Bu pıçıltılar ona rahatlıq verirdi.

***

Səhərin səkkizində o, tezdən oyanmışdı. Ev adamla dolu idi. Uşaqlar da çox idi. Özündən böyük qonşu uşaqları ona acıq verirdilər: "Daha sənin anan yoxdur, bilirsən? İndi sən həm atasız, həm də anasız qalacaqsan".

Sonra bir başqası dedi: "Ay axmaq, nə mal kimi baxırsan? Ölmək bilirsən nədir? Ölmək ölüb qurtarmaqdır. Qaranlıqdır, torpağın altıdır. Ananı aparıb torpağın altına qoyacaqlar. Qaçmasın deyə üstünə beton da vuracaqlar. Və bir də qayıtmayacaq".

Üçüncü uşaq da bu minvalla "Mən eşitdim ki, bir azdan meyiti aparıb basdıracaqlar. Gedib baxarıq?" deyə sual verdi.

Düha: "Doğrudan? Elə lap indi? Bu gün? Sabah aparsalar olmaz?” kəlmələri ilə rabitəsiz nitq qoydu ortaya.

Dördüncü uşaq: "Axmaq, meyiti saxlayıb iylətsinlər ki? Özü də, biz dəfnə qısa yolla qaçıb gizlin baxacağıq. Amma sənə olmaz. Sən balacasan. Bədbəxtin heç anasının dəfnini görməyə də yaşı çatmır" dedi.

Uşaqlar gülüşdülər.

Düha: "Yox, mən də gedəcəyəm. Anam hara mən də ora" - deyib bitirmişdi ki, araya çaxnaşma düşdü. İnsan səsləri yenə qarışdı bir-birinə. Elə bu an Düha anasını elə saya bildiyi qədər - dörd kişinin çiynində tabutda gördü.

Axı nə baş verirdi?! Birdən, göndərilmiş bir qadın arxadan dilləndi: "Bəxtsiz balam, qara qızım, gəl gedək, sənə halva verim, sən axı halvanı çox sevirsən, gəl".

Dühanın başı geri dönüncə qadın onu ordan uzaqlaşdırdı.

Xeyli vaxt keçəcəkdi. Düha halvanı yeyib bitirdiyində anası çoxdan qara torpağa basdırılmış olacaqdı. Düha bunu sonradan biləndə saatlarla ağlayacaqdı. Bu, onun üçün uşaqların onu ələ salmasından da ağır idi.

***

Dəfnin səhəri günü anası ilə sonsuzluğun ilk görüşünə getmişdi. Qohumları və qohunlarının ondan  bir qədər böyük üç qızı ilə. Dühanın fikri uşaqların dediyi kəsə, gizli yolda idi. Amma nə idisə, hoppana-hoppana gedirdi. 1-2-3-4... 1-2-3-4.  Beləcə, gəlib iki yeni tikilmiş təkotaqlı yaşıl evin qarşısında dayandılar. Evin gözəlliyi Dühanın hədsiz marağına səbəb olmuşdu. Yaşıl rəngi sonsuz çəmənlərə bənzətmişdi Düha evi.

Uşaqlar səsləndi: "Bax, bu ev mollanın evidi. Arxası qəbiristanlıqdı. Amma bəxtəvərin anası təzə qəbiristanlıqda basdırılıb".

Düha əvvəlcə dayandı, heç nə anlamadı. Sonra uşaqların üzündəki təbəssümdən yaxşı bir şey olduğunu düşünüb ayaqlarına baxa-baxa saymağa davam etdi: 1-2-3-4... 1-2-3-4...1-2-3-4... "Çatdıq!" kəlməsində dayandı. Ürəyi yerindən çıxacaq kimi idi. Başını qaldıranda qarşısında anasını gördü: "Necə?Anam şəkilə dönüb? Bəs məni qucaqlamayacaq. Ölmək belə olur?" "Qucaqlamayacaq! Belə olur da. İndi torpağın altındadı. Gözünə, ağzına torpaq dolub.Torpaq udub onu, udub", - deyə yenə də bir uşaq dilləndi.

“Udub” sözü Dühanı udqundurdu. Qəribə idi ki, yeni məzarlıqda 4 qəbir var idi. 4-cü qəbir də anasınınkıydı, çəmənlər içində gülümsəyən anasının. Düha bir qədər fəxr etdi. Düşündü ki, anası qarlı-qaralı qışın buzlu uçurumundan aşağıya yuvarlanacaq mikroavtobusdakı digər 6-7 nəfərin həyatını öz ölümü ilə xilas edə bilib. Bütün qəzetlər yazmış, avtobus sürücüsü belə bir müsahibə vermişdi: "Bura Azərbaycanın ən ucqar nöqtələrindəndir. Əyləci basdım, yol buzlu və ensiz idi deyə xeyri olmadı. Gördük ki, avtobus geriyə gedir. Bunu görəndə xanımlar səs-küy etməyə başladı. Məni də həyəcanlandırmasınlar deyə onları sakitləşdirməyə başladım. Avtobus uçuruma doğru getdiyində qadınlardan biri qapını açıb özünü yola atdı. Allahdan ona heç nə olmadı. Az sonra başqa qadın da eynisi etmək istədi. Əynində uzun plaşı var idi, özünü atan anda mikroavtobusun qapısı üzünə bağlandı və plaşı qapının arasında qaldı. Qadın qollarını çıxara bilmədən yıxıldı, başı təkərin altına tərəf yıxıldı özü də və təkər sifətini bir neçə dəfə sürtüb hərəkətdən dayandı. Qadın özü dünyasını dəyişdi, amma bizlərin həyatını qurtarmış oldu. Allah rəhmət eləsin. Nə deyim, qismət..."

Dühanın ilk və son görüşü idi bu.. Bir də illər sonra anasıyla görüşəcəyindən xəbərsiz idi. Onu qarşıda yeni bir şəhər həyatı və unuda bilməyəcəyi əzablı keçmiş gözləyirdi. İndi həmin o vaxt gəlib çatmışdı. Bu an o an idi. Düha anası ilə yana-qıvrıla 21 ildən sonra görüşə gəlmişdi...

***

Məzarlıqda anasının yerini soruşduqda molla belə tanımamışdı. Məyusluğun cəhənnəminə qərq olan Dühanın birdən zehni aydınlaşdı, o, bura gəldiyi anda anasıyla ilk görüşünü xatırladı, 1-2-3-4...

Mollaya söylədi: "İllər əvvəl bu məzarlıq ilk salındığında burda cəmi iki ev var idi..."

Molla: "A qızım, məndən əvvəl dörd-beş molla udub bu qəbiristan, mən nə bilim axı dediyin adamı. İndi bura rayonun ən köhnə məzarlığıdır" deyəndə Düha "Elə deməyin, ay baba, məzarlıqlar köhnələr, ölənlər isə öz yaşlarında qalar. Mən tapmalıyam anamın qəbrini. Gizlin, qaçaraq gəlmişəm, vaxt daralır mənimçün", -dedi.

"Ay qızım, necə tapaq bəs indi?".

Mollanın az əvvəlki cümləsi yenidən təkrarlandı. Düha: "İndi bura rayonun ən köhnə məzarlığıdırsa, deməli, o vaxtın ən yeni iki evi indinin ən köhnə iki evidi. Ən qədim olan o iki evi mənə göstərə bilərsiz?!”- deyə ümidləndi.

"Hə, odur e, bala, bax o", - molla barmağı ilə uzaqları işarə etdi. Düha qaça-qaça o ev tərəfə getdi və az sonra düz evin qarşısında dayandı. Bilmədi nə etsin. O, evlərin həminki olduğuna da əmin deyildi. Məzarları necə gəldi, qazmışdılar.

Düha əllərini belinə qoyub biləklərində cütləyərək addımlarını saymağa başladı: 1-2-3-4... 1-2-3-4...1-2-3-4 və başını ayaqlarından qarşıya doğru qaldırdı. Budur, anası saralmış bənizlə, nigaran baxışla, illərdi gözləyirmiş kimi ona baxırdı. Düha yerindəcə donub qalmışdı. Dili-dodağı qurumuşdu. Bəlkə də illərdi hər gün ağladığından idi, burada ağlaya bilmədi. Qulaqları quşların səsini, küləyin vıyıltısını eşitmirdi, yanındakıların təəccübünü və ətrafdakı yüzlərlə qəbri görmürdü. Ürəyinə su səpilmiş, buludların üstündən boşluğa dümüşdü sanki. Dinmirdi, qüruru qulağına "ağla" deyə pıçıldayırdı. Amma vüsala çatmaq hissi göz yaşlarını qurutmuş, Dühanı daşa döndərmişdi. Vəziyyətin normal olmadığını görən tanışları onu ordan uzaqlaşdırmağa cəhd etdilər. Özünü soyuqqanlı kimi aparan Düha 5 dəqiqə məzara baxdıqdan sonra sakitcə "Gedək daha" dedi.

Nitqi qurumuşdu. Düha maşına əyləşərkən gözləri məzarlığa baxar qalmışdı. Maşının qapısının çırpılması səsi onu görüşün təsirindən ayıltdı. O, nəhayət, ağlamağa başladı. Getmək istəmirdi. Göz yaşları boğazına, sinəsinə axır, saçlarının ucunacan gəlir, yerə düşürdü.

Kim bilir, növbəti görüş daha neçə ildən sonra baş tutacaqdı?! Göy guruldayır, güclü yağış yağırdı. Düha hardasa oxumuşdu ki, Şaman inanclarına görə, insanlar öldükdən sonra təbiət hadisələri ilə dirilərə agah ola bilirlər. Bəlkə də anası da ağlayırdı. Torpağın altından deyə bilmədiklərini səma səsləri ilə bəlli edirdi. Bəlkə də qızının arxasınca su səpirdi.

Anasının saralmış cəsədindən sevmişdi sarı rəngi. Payıza vurulmuşdu. Anasının plaşındakı qara rəngə də, üzünə örtülən ipəyin ağ rənginə də vurulmuşdu. 4 rəqəmini sevirdi. Özü də 4-cü ayda doğulmuşdu. Kimsə 4,14, 44 rəqəmlərini pisləyəndə inciyirdi. Qadınlarda qısa saçları sevirdi, anasınınkı kimi. Dühanın da əlləri yaz-qış soyuq olurdu. Harda bir qəza görsə, susurdu. Harda yaralanmış birinin yarasını görsə soyuq-soyuq baxırdı. Məzarlıqdan qorxmurdu. Gülab iyini sevirdi. Ən sevimli şirniyyatı hələ də halva idi. Daha çox ona görə ki, o, halvanı yeyib bitirənə kimi 4 yaşındakı hadisələri təkrar-təkrar xatırlayırdı. Özünü o qədər öyrətmişdi ki, qüruruna anasının özləmindən, yastığının altından başqa hər şey, hər kəs xəbərsiz idi. Düha belə qız idi. Kiminsə üzünü öpəndə anasının dağılmış sifətini xatırlayırdı. Ən sadiqliyi onu məzara aparan yaddaşı idi. Bir də “ana” kəlməsi. Həmin kəlməni kimsəyə demədi. Uşağına saymağı öyrədəndə isə 4 rəqəmində ilişib qaldı.

Bir də "klas-klas” oynayan uşaqların səsi onu keçmişinə aparardı. Radiodan, televizordan eşitdiyi  "Gəl yuxuma" mahnısı onu anası ilə yuxuda görüşə aparacaq kimi gəlirdi. Amma 21 ildə bircə dəfə də yuxuda görüş baş tutmadı. Bir ağrılı yeri var idi. Anasının son gedişində Düha onu çox öpmüşdü. Anasının göz qapaqlarını öpmək xoşuna gəlirdi onun. Elə axırıncı dəfə də qapının astanasında anasının əyilməsini istəyib onun gözlərindən öpmüşdü. Həm də dəfələrlə. Anasının son sözü isə bu olmuşdu: "Balam, gözdən öpmək ayrılıqdır. Öpərsən, ölərəm, gedib qayıtmaram".

Dühanın beyninə işləyən göz-gözə sonuncu baxış idi. "Bircə dənə də öpüm, daha öpməyəcəm", - deyən balaca qız elə bircə dəfə öpdü. Daha öpə bilmədi.

***

 Düha artıq evə dönmüşdü, hava çoxdan qaralmış, gecə düşmüşdü.

Yenə gecə saat 12-ni keçirdi.

Yenə sakitlik hökm sürürdü.

Yenə heç özü də bilmədiyi nəyisə gözləyirdi.

Yenə divarda saat vurur, əqrəblər addımlayırdı.

O isə ürəyində sayırdı: Bir, iki, üç, dörd... Bir, iki üç, dörd.

 

Azərbaycan Film Akademiyası və “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Səssizlik” inklüziv pantomim tamaşa təqdim olunub. Tamaşada iştirak edənlərin əksəriyyəti eşitmə və nitq məhdudiyyətli gənclər olublar. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Film Akademiyasının rəhbəri Zaur Tahirsoy eşitmə məhdudiyyətli gənclərin iştirakı ilə pantomim tamaşa ərsəyə gətirilməsinin onun çoxdankı arzusu olduğunu bildirib: "Mənə bununla bağlı müraciət ediləndə çox sevindim. Uzun müddətdir arzu etdiyim bir iş ərsəyə gəldi. Azərbaycan Film Akademiyası olaraq aktyorluq qabiliyyəti olan eşitmə və nitq məhdudiyyətli gənclərimizin karyerası üçün dəstəyimizi əsirgəməyəcəyik, onların bu sahədə irəliləməsinə kömək edəcəyik". 

İctimai birliyin koordinatoru, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva Azərbaycanda ilk dəfə təqdim olunan inklüziv pantomim tamaşanın əsas məqsədinin eşitmə məhdudiyyətli şəxsləri cəmiyyətə adaptasiya etmək olduğunu deyib. 

Təşkilatın rəhbəri Şamil Sabirzadə tamaşanın ərsəyə gəlməsi üçün eşitmə məhdudiyyətli gənclərin üç ay ərzində məşqlərdə iştirak etdiklərini və bu işin öhdəsindən uğurla gəldiklərini diqqətə çatdırıb. 

Sonra pantomim tamaşa nümayiş etdirilib. Müxtəlif mövzuları əhatə edən tamaşada Milli Qəhrəman Mübariz İbrahimovun obrazı da canlandırılıb. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, aktyor və rejissor Zaur Əliyevdir. Tamaşada ictimai birliyin rəhbəri Şamil Sabirzadə və koordinatoru Könül Quliyeva da rol alıblar.

 

Paytaxtın Port Rivoli otelində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə “Kulturologiya və insan kapitalı” mövzusunda növbəti kulturoloji seminar keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşının da qatıldığı seminar kulturoloq alim, professor Fuad Məmmədovun rəhbərliyi ilə təşkil edilib. 

 

Seminar Azərbaycan mənəvi mədəniyyətinin inkişafının aktual məsələlərinə həsr olunub. Seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov açaraq “Yüksək mədəniyyətli insan dayanıqlı inkişafın strateji resursu kimi” mövzusunda çıxış edib. O, çıxışında dövrün daimi dəyişiklikləri və çağırışları qarşısında fərdin özünü təkmilləşdirməsi, eləcə də davamlı rəqabətqabiliyyətli və davamlı inkişaf üçün əsas hərəkətverici qüvvə olan yüksək mədəniyyətli vətəndaşların hazırlanması yolunda mədəniyyət elminin - mədəniyyətşünaslığın strateji dəyəri, eyni zamanda transformasiya imkanlarından danışıb. 

Seminarın davamında Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Şahlar Əsgərov “Təhsil Azərbaycanın rəqabətqabiliyyətli inkişafının əsası kimi” mövzusunda məruzəsində qloballaşma şəraitində milli təhsil sisteminin inkişafına və onun rəqabət qabiliyyətinin artırılması üzrə innovativ yanaşmalara toxunub.

Sonra məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.

Seminar barədə daha geniş yazını təqdim edəcəyik.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yaranan “Kür” ədəbi məclisi beş rayonda yaşayan (Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd) istedadlı yaradıcı gəncləri əhatə edir. “Kür” ədəbi məclisinin üzvləri ilə mütəmadi olaraq tanınmış yazıçıların, şairlərin görüşləri keçirilir. Növbəti görüş Mayın 20-də Beyləqan rayon Tarix Diyarşünaslıq Muzeyində yazıçı Şərif Ağayar və Mübariz Örənlə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı regional idarəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi Faiq Xudanlı qonaqları salamlayıb, hər iki qələm adamının ədəbiyyatımızdakı mövqeyi, yaradıcılığı barəsində söhbət açıb.

Daha sonra Ramil Əhmədin moderatorluğunda Şərif Ağayar və Mübariz Örən ədəbiyyat haqqında düşüncələrini paylaşıb, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Görüşdə maraqlı anlardan biri Mübariz Örənin orta məktəb müəlliminin tədbirdə iştirak etməsi və onun haqqında fikirlərini bölüşməsi olub. Rayon ictimaiyyəti, ədəbi məclisin üzvləri, bölgədə yaşayan qələm adamlarının, müəllim və şagirdlərin yazarların yaradıcılıqları, əsərlərinin obrazları, süjetləri haqqında suallar ünvanlaması maraqla qarşılanıb.

Ən çox oxunan: Qubanın Xınalıq kəndinə qar yağıb

 

Bəli, ilin-ayın bu günündə Qubanın Xınalıq kəndinə qar yağıb. Özü də 10 sm qalınlığında. Bu barədə Vesti.az məlumat verir. 

Bu arada Gədəbəy, Göyöl və Daşkəsən rayonlarında da qar yağıb.

Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi.

Bu gün yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqına, incəsənətimizə dəyərli töhfələr verən böyük sənətkar, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahovun vəfatından bir il ötür.

Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkar Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində dünyaya göz açıb. Atası 1937-ci il repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.

T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda, dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.

T.Salahov dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri, “Danın portreti”, “Rəşid Behbudovun portreti” - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.

 

“Növbədən qayıdanlar” və ya rəssama şöhrət gətirən tablo

 

Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam”. T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.

T.Salahov Surikov adına Rəssamlıq İnstitutunda oxuyarkən Moskvada hind filmlərinə maraq artmışdı. Bəlkə də Hindistana qarşı yaranan ümumi maraq diplom praktikası üçün institut tələbələrinin bu ecazkar ölkəyə ezam edilməsinə səbəb olmuşdur. T.Salahov da digər tələbə yoldaşları kimi Hindistana getməli idi. Lakin ən son anda atasının “xalq düşməni” olması onun səfərinə mane olur. Bu zaman T.Salahov diplom işinin mövzusu üçün doğma Bakıya, Neft Daşlarına gəlir. Beləliklə, rəssam iki ay müddətində Neft Daşlarında neftçilərlə birgə yaşayır. Onlarla birgə yeyib-içir, Abşeronun rəngsiz boz torpağında gəzir, narahat Xəzərə tamaşa edir və artıq təsvir edəcəyi tablonu gözü önündə canlandırır. Rəssam gördüklərini – Xəzərin duzlu, köpüklü ləpələrini, üzərində uçan ağ qağayıları, ləpələri coşduran güclü küləyini və ən əsası enerjili cavan insan təəssüratını öz tablosunda əks etdirməyə can atır. İki aydan sonra əsərini yaratmaq üçün Moskvaya qayıdır. Lakin diplom işini çəkmək üçün institutda boş emalatxana olmadığından tələbələr özlərinə ayrı məkan tapırdılar. Salahov da belə məktəblərdən birində emalatxana tapır. Lakin məktəbdə yaradıcılıq üçün şərait yox dərəcəsində idi. Müdafiəyə bir ay qalmış institutda emalatxanalardan biri boşalır. T.Salahov həmin emalatxanaya köçür və burada diplom müdafiəsinə bir həftə qalmış tablosunu yaratmağa başlayır. Bu zamana qədər isə Salahovun kətanı boş idi. İmtahan komissiyası onun işinə baxanda tablonu boş görür və onun işindən narazı qalır. Lakin 2-ci dəfə komissiya üzvləri emalatxanaya gələndə gözlərinə inana bilmirlər. Onların qarşısında möhtəşəm tablo canlanırdı.

Salahovun diplom işi gözləniləndən daha çox uğur qazanır və keçmiş sosialist ölkələrində keçirilən sərgilərdə ən göz önündə olan əsərə çevrilir.

Ötən əsrin 50–60-cı illərində rəssamlıqda yeni incəsənət uğrunda gərgin mübarizə başlanmışdı. Tənqidçilər gənc rəssamları sxematiklikdə, əsərlərin həddən artıq qrafik olmasında ittiham edirdilər. Hansı ki, bu tendensiya akademik ənənələrə zidd idi. Salahovdan da həmin ittihamlar yan keçmədi. Rəssamın “Rezervuar parkı” və “Neftçi” əsərləri Moskvadakı bəzi partiya üzvlərinin xoşuna gəlməmişdi. Onlar hesab edirdilər ki, əsərlər həddən artıq pessimist ruhlu, qaranlıq və qarışıqdır. O zaman Salahovu yalnız SSRİ Rəssamlar İttifaqının sədri Sergey Gerasimov müdafiə edir. “Sizi nə üçün tənqid edirlər? Mən burada tənqidə layiq heç nə görmürəm”. Bu sözlər gənc rəssam üçün böyük dəstək idi.

T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar.

 

İki böyük uçuşun simvolu

 

Gənc rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən “Sənə, Bəşəriyyət” əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi bu monumental əsərə görə Salahov ilk fəxri ada - Əməkdar incəsənət xadimi adına layiq görülür.

Əsərin mövzusu insanın kosmosa ilk uçuşu ilə eyni məzmun kəsb edərək rəssamın uzaqgörənliyindən xəbər verir. Həmin əsər böyük uçuşun simvoluna çevrilir. T.Salahov əsəri dünya tarixində insanın kosmosa uçuşundan bir neçə ay əvvəl artıq tamamlamışdı. Hansı ki, bu hadisənin olacağından xəbəri yox idi. Maraqlı təsadüfdür ki, əsər 1961-ci il aprelin 12-də ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Bu əsər rəssamın qəlbindəki optimist düşüncələri əks etdirir. O vaxtın bir çox tənqidçiləri əsərin birinci uçuşla bağlı olaraq sifarişlə çəkildiyini, müəllifin isə bu hadisədən əvvəlcədən xəbərdar olduğunu düşünürdülər.

Valentina Tereşkovanın kosmosa uçuşundan sonra bu fikirlər daha da gücləndi. Çünki əsərdəki ikinci obraz qadın idi və sanki Tereşkovanın kosmosa uçuşunu simvolizə edirdi. Beləliklə, rəssamın dahiyanə uzaqgörənliyi nəticəsində “Sənə, Bəşəriyyət” əsəri iki böyük uçuşun simvoluna çevrilib.

 

Rəssama medal qazandıran portret

 

Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür. T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçmişdir. Rəssam həmin məqamı belə xatırlayır: “Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki, “Uzunboğaz köynəyiniz varmı?”. Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə olması mənim obrazım üçün münasib idi. Bir sözlə, gələcək portretimin rəng çalarlarını tapmışdım”. Sonralar bu əsərə baxanlar həqiqətən də sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayırdılar.

 

Əmək mövzusundan daha üstün bir mövzu tanımayan sənətkar

 

Rəssam yaradıcılığında tez-tez sadə insanlara müraciət edir. O, müsahibələrinin birində deyib: “Mənim üçün əmək mövzusundan daha üstün bir mövzu yoxdur və öz yaradıcılığımda insanı əmək fəaliyyəti prosesində təsvir etməyə can atıram. Əsərlərimdə insan obrazını vurğulamaq üçün onun xarakterini, əməksevərliyini kətan üzərində həkk etməyə çalışıram. Bir insan üçün yaradıcılıq prosesində ən əsas vəzifə bu detalları vurğulamaq və artıq detallardan qaçmaqdır. Xəzər neftçilərinə həsr olunmuş əsərlər üzərində işləyərkən bu zəhmətkeş insanların evlərində onların həyat tərzi ilə tanış oldum”. Həqiqətən də Salahovun neft mövzusuna həsr etdiyi insan portretləri öz daxili zənginliyi və xarakteri ilə seçilir. Həmin tablolarda neftçilərin daxili aləmi, yorğunluqları, keçirdikləri narahatçılıq hissləri öz əksini tapır. Sadalanan xüsusiyyətləri “Təmirçilər”, “Neftçinin portreti”, “Neftçi fəhlə”, “Neftçi” kimi əsərlərində görmək olar. Neft mövzusuna Salahov bu gün də müraciət etməkdədir. Onun 2007-ci ildə tamamladığı monumental “Odlar yurdu” triptixi xüsusilə diqqətəlayiqdir. Mərkəzi hissəsi “Xəzər bu gün”, sol hissəsi “Atəşpərəstlərin məbədi”, sağ hissəsi isə “Qız qalası” adlanan bu əsərdə müəllif öz Vətəninin keçmişini və bu gününü, zəhmətkeş insanın mənəvi yüksəlişini, nəsillərin talelərini təcəssüm etdirib.

T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental tablolarda əks etdirirdi. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Meksika, Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb. Gənc rəssam banal mövzuya çevrilən gözəl xanımları və ya varlı qocanı təsvir etməyə can atmırdı. O, vağzallara, Praqa tunellərinə, qaranlıq, gözdən uzaq qalmış küçə döngələrinə gedir və Bakıdakı üslubuna sadiq qalaraq bu gözoxşamayan, cansıxıcı məkanların gözəlliyini kəşf edərək təsvir edir. İtaliyaya səfərində Salahov bu ecazkar ölkə ilə bağlı çoxlu sayda yağlı boya, stank akvarel əsərləri yaradır. Onun Roma ilə bağlı ilk akvareli “Romada küçə” adlanır. 1962-ci ildə Parisdə keçirilən Gənc Rəssamların Yaz Biennalesində iştirak edən rəssam bu şəhərin bəzəyi olan və sevgi rəmzinə çevrilən Eyfel qülləsini dəfələrlə təsvir edir.

 

Portretlərinin hamısı onun üçün əzizdir

 

Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır. “Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, – deyə etirafı ilə ürəklərə yol tapan T.Salahovun portretləri çox maraqlıdır. Fikrət Əmirov, Mirzə Ələkbər Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır. Rəssam “F.Əmirovun portreti” əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə qapılmış vəziyyətdə canlandırılıb. “Şair Sabirin portreti”ndə insan şəxsiyyəti daha aydın görünür, “Rəsul Rzanın portreti”ndə isə daxili gərginlik vurğulanır.

Çoxşaxəli yaradıcılıq yoluna malik T.Salahovun teatr fəaliyyəti onun sənətini sevənlərə yaxşı məlumdur. Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, C.Cabbarlının “Aydın” dramına, A.Əlizadənin “Babək” baletinə, C.Əlibəyovun “Gülüstanda ölüm”, Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Min bir gecə” baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.

O, təkcə yaradıcılığı ilə deyil, həm də ictimai fəaliyyəti ilə xalqına, mədəniyyətinə xidmət etməkdədir. Onun ictimai fəaliyyəti nəticəsində incəsənət xadimləri və incəsənətə maraq göstərən sadə insanlar müasir dünya rəngkarlığı ilə yaxından tanış olublar. 1980-ci illərin sonlarında Moskva və Sankt-Peterburqda məşhur dünya rəssamları meksikalı Tamayo, italyan Morandi, alman Günter Yukker, ingilis Frensiz Bekon, isveçli Tenqli və amerikalı R.Rauşenberqin sərgilərinin təşkil olunmasında yaxından iştirak edib.

Şöhrəti dünyanı dolaşan görkəmli rəssam harada yaşamasından, çalışmasından asılı olmayaraq, Vətəninə çox bağlıdır. “Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir”, - söyləyən Tahir Salahov doğma Vətəninin təbiətinə vurğundur və hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırır. Rəssam xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edir. O, əsl bakılı kimi Abşeron mənzərəsinə böyük dəyər verir. Təsvir etdiyi Abşeron mənzərələrinin həzin və mülayim dalğınlığında rəssamın doğma yerlərlə bağlı xatirələri, uşaqlıqdan alışdığı aləm öz əksini tapır. Neft hopmuş torpaq, mavi səma fonunda fırlanan əlvan yel dəyirmanları, köhnə tikililər, tərk edilmiş bağ evləri rəssamın fırçasında yeni həyat qazanır. Bakı kəndlərini, xüsusilə Xəzərin sahilində yerləşən qəsəbələri böyük məhəbbətlə təsvir edən rəssam, hətta dinin qadağa qoyduğu illərdə belə bu kəndlərdə yerləşən məscid və məbədləri sevərək kətan üzərinə köçürüb.

Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər “Heydər Əliyevin portreti”ni, “Mstislav Rostropoviçin portreti”ni, “Odlar yurdu” triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.

 

Həyatı doğma Azərbaycana təmənnasız xidmətdə keçən bənzərsiz fırça ustası

 

Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.

Sevindiricidir ki, 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər açılıb.

Rəssamın əl işləri hazırda yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Bu da sözsüz ki, hər bir azərbaycanlı üçün qürurvericidir.

Xalq rəssamı 2021-ci il mayın 21-də vəfat edib.

T.Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə təmənnasız xidmətindən ibarət olub. O, böyük istedadı ilə Azərbaycan xalqının milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Öz dəst-xəti ilə seçilən rəssamın xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

 

Materialı AzərTAC-ın əməkdaşları hazırlayıblar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.