Super User

Super User

Cümə, 17 Fevral 2023 17:33

Davud Nəsib işığına yığılanlar

 

Azərbaycan Yazıçılar Birliyinin, “Qazax" Xeyriyyə İctimai Birliyinin və ailəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə AYB- in sədri, Xalq yazıçısı Anar, AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə, professor Qəzənfər Paşayev, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, millət vəkilləri, İctimai Birliyin üzvləri, ictimaiyyət nümayəndələri, media nümayəndələri, Davud Nəsibin ailə üzvləri iştirak ediblər. 

Gecəni giriş sözü ilə Nəriman Həsənzadə açıb. Qardaş ölkə Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Nəriman Həsənzadə Davud Nəsiblə 14 il bir yerdə işlədiklərini, unudulmaz xatirələrini qonaqların diqqətinə çatdırıb. 

Xatirə gecəsində Davud Nəsibin "Cavanşir" tarixi romanından səhnələr nümayiş olunub, şeirləri səsləndirilib.

Təbrizli müğənni-bəstəkar Arif Mehmandost və Aşıq Şahin Süleymanov şairin şeirlərinə

bəslənmiş musiqiləri ifa ediblər. 

Davud Nəsibin "Cavanşir" tarixi romanı və iki cildlik "Ata laylası" kitabı qonaqlara hədiyyə edilib. 

Sonda Davud Nəsibin ailəsi adından oğlu Xəyyam Nəsibov çıxış edərək qonaqlara, tədbirdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. 

Davud Nəsib 1942-ci il avqustun 25-də Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır.

Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.

1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir.

Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan komsomolu Fəxri fərmanlarına layiq görülmüşdür.

2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

 

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad ediləcək. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunub. Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Cümə, 17 Fevral 2023 18:00

Sabah hava yağmursuz olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti  Azərbaycanda fevralın 18-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

 

Bu gün Əlağa Vahidin anadan olmasının  128-ci ildönümüdür

 

Hər dəfə Masazırdan keçəndə bur abidə önündə onu yad edən insanlar və tər çiçəklər görmək olur. Bu, Əliağa Vahidin abidəsidir. Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası çox maraqlıdır. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Və bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasının 128-ci ildönümüdür.

Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.

Ustad qəzəlxan 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.

Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.

Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,

Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əlağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.

Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyi ölkə başçısının Sərəncam ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Cümə, 17 Fevral 2023 14:18

Kitabxanada Varislə görüş keçirilib

 

2023-cü il  fevral  ayının  16-da  Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Mərkəzi  Kitabxanasında  Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Azərbaycan Respublikasının "Əməkdar  Jurnalisti"  Varislə “Zamanın  yolçusu” adlı görüş keçirilib.

 

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş  İdarəsinin nümayəndələri, Bakı Dövlət  Universitetinin, Azərbaycan Dövlət Pedoqoji  Universitetinin müəllim və tələbə  heyəti, 189-190 nömrəli tam orta məktəbin müəllim  və şagird heyəti, kitabxananın əməkdaşları iştirak ediblər.

“Bir ovuc torpaq", "Sonuncu ölən ümidlərdir", "Son nəktub", “Metamorfoz", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar", "Üçbucq", “Yetmiş yeddinci gün", “Uzaqdan gələn yağış”, “Qırmızı ləçəklər”, “Qızıl cib saatı” kitablarının müəllifi olan yazıçı son yazdığı kitabları haqqında ətraflı məlumat verib, bədii ədəbiyyatın insan həyatında rolu, uğura aparan yolun, arzuların reallaşması mövzusunda çıxışlar edib, şagird  və tələbələrə dəyərli  məsləhətlər verib, ona ünvanlanan sualları cavablandırıb.

Yazıçı kitabxanaya və  oxuculara  kitablar  hədiyyə  edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mart ayı üçün repertuarını təqdim edirik. 

 

3 mart – “O olmasın, bu olsun”

4 mart – “Bremen musiqiçiləri və Pen”, “Beşmanatlıq gəlin”

5 mart – “Qırmızı papaq”, “Məchul pilləkən”

8 mart – “Nəğməmə inan”

9 mart – “Kimyagər”

10 mart – “Anamın kitabı”

11 mart – “Sehrli nəğmə”, “Mən dəyərəm min cavana”

17 mart – “Qafqazlı qardaşqızı”

18 mart – “Qoğalın macərası”, “Utancaq qız”, “Qızıl toy”

19 mart – “Yatmış gözəl və cırtdanlar”, “O olmasın, bu olsun”

24 mart – “Bəxtiyar”

25 mart – “Buratino”, “Baladadaşın toy hamamı”

26 mart – “Qızıl cücə”, “Paris Notr-Dama ithaf”

31 mart – “Bir nəfəs qədər”.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Rəsm qalereyası: Arif Hüseynov, “Azərbaycan nağılları” silsiləsindən

Günün fotosu: “Titanik”in sensasion fotosu yayımlanıb

 

 

Faciəli “Titanik” kruiz gəmisinin indiyədək üzə çıxmayan sensasion fotoları dərc edilib. Kadrları sualtı ekspedisiya 1986-cı ildə çəkib. Ekspedisiya 1912-ci ilin aprelində ilk və yeganə reysini edərkən batmış gəminin qalıqlarını öyrənirmiş. “Titanik”in marşrutu isə İngiltərənin Sauthempton şəhərindən ABŞ-a idi.

Foto: Euronews

 

“Ədəbiyyat və insəsənət”

(17.02.2023)

Cümə, 17 Fevral 2023 08:30

Hər gün bir Şuşa xəbəri

Şuşada beynəlxalq gənclər düşərgəsi təşkil ediləcək

 

Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Şuşa yaradıcılıq emalatxanası” beynəlxalq gənclər düşərgəsi təşkil olunacaq. 

 

Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb. 

İl ərzində keçiriləcək festivalla bağlı işlərin icrası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Bu gün görkəmli opera müğənnisi Fyodor Şalyapinin 150 illik yubileyi ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə Bakıdakı Rus evində konsert keçiriləcək. 

 

Xatırladaq ki, daha əvvəl konsertin bir həftə öncə keçiriləcəyi elan edilmişdi, amma Türkiyədə baş vermiş zəlzələ və elan edilmiş matəmlə bağlı konsert bir həftə sonraya ertələnib. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, konsert proqramında Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymir Kazımov, eləcə də BMA-nın tələbələri iştirak edəcəklər. 

Konsert proqramının aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinadır. 

Rus opera müğənnisi Fyodor Şalyapin XX yüzilliyin əvvəllərində tanınmış simalardan olub. Dünyanın ən nüfuzlu teatrlarında çıxış edən müğənni rəsm və heykəltaraşlıqla məşğul olub, bir neçə bədii filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları arasında olublar. Maksim Qorki Şalyapini “rus sənətinin ayrıca dövrü” adlandırırdı.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.