
Super User
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsi keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə Nazirliyin 2022-ci il 20 aprel tarixli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, test imtahanı 7 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir. Test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak etmiş, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışdır. Onlardan da 383 nəfər Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçərək namizədliklərini təsdiq etmişlər.
5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılmışdır. Artıq bu gün müsahibənin üçüncü günüdür və ötən iki gün ərzində 151 nəfər müsahibələrdə iştirak etmişdir.
Müsahibələrdə namizədlər uzun müddət müvafiq sahədə peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən, qaydalarda qeyd edilən meyarlar üzrə qiymətləndirilir, mümkün 15 baldan 10 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər. Gün ərzində 6 müxtəlif ixtisas üzrə komissiyalar fəaliyyət göstərir.
Müsabiqənin müsahibə mərhələsinə 9 sentyabr tarixində yekun vurulması nəzərdə tutulub. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcəkdir.
Mədəniyyət naziri ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov sentyabrın 7-də ölkəmizdə səfərdə olan ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələrindən ibarət heyəti qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana gələn Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri, cəmiyyətin üzvləri Nigar Pənahova və Seva Əzimova, məşhur rəqs şirkətinin icraçı direktoru Andryu Çanq, türkəsilli amerikalı jurnalist Cemil Fatih Özyurt və digərləri iştirak ediblər.
Nazir qonaqları səmimi salamlayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor nümayəndələrinin mühüm rolu olduğunu vurğulayıb.
Anar Kərimov bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş qərargahında, eləcə də bu ölkənin bir sıra mədəniyyət müəssisələrində keçirilən görüşlər barədə məlumat verib. Deyib ki, ABŞ-da yaşayan diasporumuz Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynayır. Nazir mədəniyyət sahəsində əməkdaşlıqda, eləcə də mədəni irsimizin təbliğində diaspor təşkilatlarının dəstəyinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi” qlobal təşəbbüsü və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı barədə də nümayəndə heyətinə məlumat verən Anar Kərimov deyib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir. Qeyd olunub ki, bu qlobal kampaniya eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətimizə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən diaspor nümayəndələri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdə iştiraklarından məmnunluqlarını ifadə ediblər. Bundan sonra da mədəniyyətimizin təbliğinə yönələr layihələrə dəstək olacaqlarını vurğulayıblar.
Beynəlxalq “Kitab sənəti” adlı müsabiqənin təltifolunma mərasimi keçirilmişdir
Xəbər verdiyimiz kimi, cari ilin 2-5 sentyabr tarixində Rusiya Federasiyasının Moskva şəhərində 35-ci Moskva Beynəlxalq Kitab Sərgisi keçirilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgi çərçivəsində təşkil olunmuş 19-cu Beynəlxalq “Kitab sənəti” adlı müsabiqənin təltifolunma mərasimində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov da iştirak etmişdir.
Müsabiqəsin təltifolunma mərasimində “Elm və Təhsil”, “İllustrasiya incəsənəti” və “Mənim ölkəm” adlı nominasiyalarda 3 ədəd birinci dərəcəli diplom, habelə digər nominasiyalarda 4 ədəd ikinci dərəcəli diplom, 3 ədəd isə üçüncü dərəcəli diplomlara Azərbaycan tərəfi layiq görülmüşdür. Sözügedən nominasiyalar üzrə diplomlar İ.Hüseynova təqdim olunmuşdur.
Tədbirdə İ.Huseynov çıxış edərək Mədəniyyət Nazirliyi adından tədbir təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Sezon finalından qayıdan Türkiyə seriallarının yayım tarixini təqdim edirik
Bu yaxınlarda həm ekrana gələcək, həm də davam edəcək türk serialların yayım tarixi məlum olub.
Bu ilin sentyabr ayında hansı seriallara baxa biləcəksiniz?
“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, sayt mövsümə yeni başlayacaq və təzə bölümləri ilə ekranlara qayıdan serialların siyahısını sizə təqdim edir:
"Kusursuz kiracı" - Dilan Çiçek Deniz, Bennu Yıldırımlar, Melisa Döngel kimi məşhur simaların yer aldığı yeni serialda qorxunc cinayət törədən Mona adlı qızın başına gələnləri, həyəcanlı ssenarini Fox.tv-nin ekranlarına gətirilir.
"O kız" - Kanal D-də yayımlanacaq və Erkan Petekkaya, Sezin Akbaşoğulları kimi oyunçuların iştirak etdiyi yeni serialda Sitare adlı bacarıqlı, sərt iş qadınından və 45 yaşı olmasına baxmayaraq özünü 5 yaşındaymış kimi hiss edən Kadirin həyatını ekranlaşdırılıb.
"Ben bu cihana sığmazam" - Tezliklə ATV kanalında yayımlanacaq serialın baş rollarını Oktay Kaynarca və Pelin Akil paylaşacaq. Serial Cezayir və həkim Firuzenin sevgi hekayəsini mafiya mövzusu ilə birləşdirəcək.
"Çöp Adam" - Bu ilin oktyabr ayında Star TV-də yayımlanacaq serialın baş rol ifaçısı məşhur aktyor Uraz Kaygılaroğludur. Qəribə bir sevgi hekayəsi yaşayan bir kişinin yaşadıqları ekrana gətiriləcək.
"Kızılcık Şerbeti" - Show Tv-nin ekranlarına gətiriləcək yeni serialın mövzusu həmişə olduğu kimi iki ailənin bir-birini sevən gənclərin evlənməsinə mane olmalarından söhbət gedir. Serialda baş rol ifaçıları Barış Kılıç, Evrim Alasya və Sıla Türkoğlu kimi məşhur simalardır.
"Benim adım Farah" - Fox Tv-də yayımlanacaq yeni serialda oğlunun əməliyyat pulunu yığmaq üçün mafiyanın təmizlikçisi olan həkim qadının həyatını məşhur aktrisa Aslı Enver canlandıracaq. O, həm də yeni ekranlara gələcək "Arayış" serialında da Mehmet Günsür ilə birlikdə yer alacaq.
"Selma" - TRT1 kanalında bu ay yayımlanacaq yeni serialda baş rolları Zeynep Çamcı və Olgun Toker oynayacaq. Serialın romantik komediya janrında olacaq.
"Tuzak" - TV8 kanalının yüksək büdcəli serialının oyunçuları Talat Bulut, Akın Akınözü ilə birlikdə Sıla Türkoğlu və Hazal Filiz Küçükkösedir. Serial bu ay ekranlara gələcək.
"Benim Mutlu Ailem" - tezliklə ATV kanalının ekranlarına gələcək yeni serialın baş rol ifaçıları Vahide Perçin ve Mustafa Uğurlu olacaq. Serial töcrübəli və tərs hakimin həyatından bəhs edəcək. Valide Perçin həmçinin, A tv kanalında yayımlanacaq "Aldatmak" serialında da baş rolu üstlənəcək.
"Kral kaybederse" - Beren Saat və Kıvanç Tatlıtuğun rol aldığı yeni serial tezliklə Star Tv-də yayımlanacaq. Burada da mövzu sevgi və maraqlı həyat hekayələridir.
Bundan başqa, "Teşkilat" - Türkiyəli aktyor Murad Yıldırımın da qatıldığı serial yaxın günlərdə tamaşaçıları ekrana bağlayacaq.
Fox TV kanalında yeni sezona başlayacaq seriallar arasında "Yasak elma", "Mahkum", "Tozluyaka", "İyilik" ekran işləri də var.
Kanal D-də "Sen seversin", "Camdaki kız", "Yargı" və "Arka sokaklar" seriallarının yeni bölümləri ekrana gətiriləcək.
Yazıçı Varis Xəzər rayonu gəncləri ilə görüşmüşdür
Sentyabrın 6-da Gənclər və İdman Nazirliyinin, Şüvəlandakı Xəzər Gənclər Evinin təşkilatçılığı ilə yazıçı Varisin Xəzər rayonunun gəncləri ilə görüşü keçirilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şüvəlan, Mərdəkan və Buzovna qəsəbələrindən tədbirə qatılan gənclər 2 saat ərzində yazıçıdan ayrı-ayrı fərdlərin uğur yolunun, karyera yüksəlişinin sirlərini öyrənmiş, mütaliənin faydası, çağdaş dövrün ədəbiyyatı barədə maraqlı məlumatlar almışlar. Eyni zamanda onlar yazıçıya yaradıcılığı ilə bağlı suallar ünvanlamışlar.
Maraqlı tədbir gənclərin özləri ilə gətirdikləri kitabları imzalatmaqla və Ailə fotosu çəkdirməklə sonuclanmışdır.
Bu gün Beynəlxalq Muğam Mərkəzində caz konserti təşkil olunacaq
Bu gün Beynəlxalq Muğam Mərkəzində Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş caz konserti təqdim olunacaq.
Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Həmçinin sentyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində məşhur yapon ifaçısı Yamamoto Kyoko “Dostluq ili” adlı konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, məşhur caz ifaçısı olan Yamamoto Kyoko Yaponiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafına töhfələr verib.
Günün fotosu: Britaniyanın yeni Marqaret Tetçeri
Günün fotosu: Britaniyanın yeni Marqaret Tetçeri
Liz Trass Britaniya hökumətinə başçılıq etməyə hazırlaşır. Onu Britaniyanın yeni Marqaret Tetçeri adlandırırlar.
Foto: Euronews
Burak Özçivitin serialında 2 yeni sima
Türkiyəli aktyor Gökhan Mumcunun yeni layihəsi bəlli olub. “Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, Gökhan Burak Özçivitin baş rolunu ifa etdiyi "Kuruluş Osman"da rol alacaq.
Onunla birgə layihəyə qatılan digər bir sima isə Miray Akaydır.
Qeyd edək ki, Gökhan sonuncu dəfə "Eşkıya dünyaya hükümdar olmaz" serialında rol almışdı.
Türkiyəli aktyor Murad Yıldırımın "Teşkilat" serialından alacağı qonorar bəlli olub
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, aktyor serialın hər bölümü üçün 200 min, aylıq isə 800 min lirə (təxminən 74 min 840 manat) məvacib alacaq.
Yıldırım ekran işində "Ömər" obrazına həyat verəcək.
Ən çox oxunan: Süni intellekt bədii film yaradacaq
Ölmədik, bu günü də gördük. Alman eksperimentator Fabian Ştelzer süni intellektdən (Sİ) istifadə edərək film yaradacaq. Müəllif gələcək "Duz" adlı filmindən bir səhnə təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalı qazeta.ru-ya istinadən xəbər verir ki, müəllifin sözlərinə görə, film tamamilə neyron şəbəkələr dəsti ilə yaradılacaq. Bu şəbəkələr sayəsində görüntü və personajların səsləri, eləcə də xüsusi effektlər yaradılacaq.
F.Ştelzer kino sahəsində yenilikçi olmaq niyyətindədir və süni intellektin onun ssenarisi üzrə tammetrajlı film yarada biləcəyinə inanır.
Eksperimentatorun yaradacağı “Duz” layihəsi kosmonavtların qəribəliklərlə zəngin olan planetdəki sərgüzəştlərinə həsr olunacaq. Filmin davamı isə izləyicilərin özlərindən asılıdır. Müəllifin tapıntısına görə, tamaşaçılar ideyadan ilhamlanaraq neyron şəbəkələr üçün mətn təlimatlarını özləri tərtib edəcəklər.