Super User

Super User

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Brayan Treysi: «Maksimuma çatmaq»

Bu kitab insanlara bütün gizli istedadlarını üzə çıxarmağa, bütün güclü tərəflərini inkişaf etdirməyə kömək edir, bunlar da uğur qazanmaq üçün vacib şərtlərdəndir.

Müəllifin təqdim etdiyi prinsiplər müsbət nəticə göstərilməsi üçün özünü çox gözlətmir. Oxucu kitabdan həyatın bütün sferalarında – şəxsi həyatda, karyerada, maliyyə və sağlamlıq baxımından uğur qazanmağın yollarını öyrənir.

«Maksimuma çatmaq üçün öz həyatınızı tam nəzarətə atmalısınız», - deyir Brayan Treysi.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

 

Foto Klub “Foto Kadr 2022” müsabiqəsinin qaliblərini mükafatlandırıb

 

Fotoqrafiya incəsənətin ən zərif və zövqlü sahələrindəndir, özünə daim diqqət tələb edir. Bu sahədə uğurla fəaliyyət göstərən subyektlərdən biri də “Gilavar” Foto Klubudur. Foto Klubun yaranmasının 5 illiyi münasibətilə “Foto Kadr 2022” müsabiqəsi keçirilibdir və ötən gün Bakı Gənclər Mərkəzində müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Mükafatlandırılma mərasimində rəsmi şəxslər, fotoqraflar, mətbuat katibləri və KİV nümayəndələri iştirak ediblər. 

Klubun İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev hesabat xarakterli məruzə ilə çıxış edib. O bildirib ki, Foto Klub 5 il ərzində bir çox layihələrə uğurla imza atıb. Bu müddət ərzində klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının, Amerika Fotoqrafiya Cəmiyyətinin, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə 11 beynəlxalq fotomüsabiqə keçirilib. Bundan əlavə 4 yerli fotomüsabiqə də təşkil olunub. Klubun təşkil etdiyi beynəlxalq fotomüsabiqələrə dünyanın 80-ə yaxın ölkəsindən ümumilikdə 4000-dən artıq fotoqraf qatılıb. 

R.Mehdiyev qeyd edib ki, klub tərəfindən ilk dəfə olaraq fotojurnalistik sahəsi üzrə “Azərbaycan Press Foto” - “İlin Press Fotosu” adlı müsabiqəyə start verilib. 

Gilavar Foto Klubunun təsisçisi və İdarə Heyətinin sədr müavini Dilavər Nəcəfov klubun yaradılması və məqsədləri barədə məlumat verib. O, əsas məqsədlərinin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, bu sahəyə marağı daha da artırmaq, fotoqrafların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək olduğunu bildirib.

Qonaqların nəzərinə çatdırılıb ki, “Gilavar” Foto Klubu 2017-ci ildən Beynəlxalq Foto Sənətinin üzvü və 2020-ci ildən isə bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir. Adıçəkilən qurum dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. 

Sonra “Gilavar” Foto Klubu tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların, eləcə də “Azərbaycan Press Foto” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Tədbirdə beynəlxalq fotomüsabiqələrdə mükafat qazanan fotolardan ibarət sərgi də nümayiş olunub və böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

 

(25.01.2023)

Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim etdik. 

Son üç paylaşımda isə ilk 3 yeri tutan fotoları təqdim edirik. 

 

3-cü yer. İstanbul. İranlı qadın İranda Əxlaq polisi tərəfindən ziyan görmüş qadınlara həmrəylik bildirərək saçını kəsir. 

Foto: Yasin AKGUL/AFP

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Azərbaycandakı xarici ölkə səfirlikləri arasında öz tədbirləri ilə ən çox gündəmdə olan səfirlik hansıdır? Mübaliğəsiz olaraq deyə bilərik ki, Türkiyə və Yaponiya səfirlikləri. 

 

Fevralın 3-də Heydər Əliyev Mərkəzində Yaponiyanın “TATE-Hatoryu” qrupunun ifasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı” təqdim ediləcək.

Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi, “ITOCHU, JTI Azərbaycan” və “ISR Auto, Landmark Bakı”nın dəstəyi ilə təşkil olunacaq. 

Tate özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olub, döyüş və hadisə filmləri, habelə təqdimat zamanı göstərilən realistik və dinamik səhnələri canlandırır. Bu dəfə Nyu-Yorkda fəaliyyət göstərən məşhur “TATE Hatoryu” qrupu qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri hazırlayaraq, samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxış edəcəklər. Qədim yapon ənənələrinə dayanan bu unikal incəsənət növünü yaxından tanımaq fürsətini əldən verməyin!

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə yeni actorsagency.az saytı yaradılıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının məlumatına görə, saytın icraçısı, kastinq direktoru və prodüser Səbuhi Məmmədovun 2013-cü ildən rəhbəri olduğu “Actors Agency” aktyor agentliyi Azərbaycan aktyorlarının xarici kino dünyasına çıxışı, peşəkar hüquqlarının müdafiəsi, yeni istedadlı simaların tanıdılması, teatr-kinoda kastinq və istehsal sahəsində fəaliyyət göstərir.

 

S.Məmmədov bu barədə məlumat verərək bildirib ki, teatrda çalışan aktyorlardan başqa, digər müstəqil fəaliyyət göstərən aktyorların, gənclərin və eləcə də ADMİU tələbələrinin hər hansı bir kataloqu yoxdur və onlar hər hansı bir internet resurslarında kino sənayesində standartlara uyğun olaraq təqdim olunmurlar: “Bu baxımdan da Azərbaycan aktyorlarının vahid internet resursunda kastinq bazasında təqdimatı üçün yaradılan actorsagency.az saytı, aktyorlar üçün vahid bir məkan olaraq nəzərdə tutulub.

Bu, aktyorların portfoliosu adlanan bir instrumentdir ki, burada şəkillər, videotəqdimat, aktyorlar haqqında olan məlumatlar yer alacaq. Bu resurslara baxaraq həmin məlumatlar əsasında aktyorların seçimi baş tutacaq. Hazırda saytda 50 aktyor haqqında məlumat yerləşdirilib. Gələcəkdə bütün aktyorlar üçün bu imkanlar yaradılacaq”.

Səbuhi Məmmədov onu da qeyd edib ki, saytın yaradılmasının təşəbbüsü, Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyova məxsusdur. Səbuhi Məmmədov bildirib ki, “İlk olaraq saytda müstəqil çalışan gənc aktyorların, tələbələrin portfoliosu yaradılacaq və müəyyən internet resursunda – actorsagency.az saytında təmsil olunacaqlar. Digər bir mərhələdə isə, yaşlı nəsil aktyorlara keçid nəzərdə tutulub. Bütün bunlar Azərbaycan aktyorlarının vahid bir internet saytında standartlara uyğun olaraq təmsil və təqdim olunması məqsədi daşıyır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, internet zamanında milli kinomuzun bütün seqmentlərinin virtual təmsilçiliyini vacib sayır və bundan sonra da aktyor fəaliyyəti ilə bağlı yeni saytın yaradılmasının aktyor seçimi və peşəkar təqdimedilmə sahəsinə dəstək olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Nəriman Qasımoğlu yazır

 

İsveçdə bir nadanın Quran kitabını  yandırması xəbəri Hüseyn Cavidin “Şeyx Sənan” dramındakı məlum epizodu xatırlatdı. Həmin epizod “Quran”ın  yandırılmasına edilən cəhdlə bağlıdır. 

 

Bədii ədəbiyyatda “Quran” yandırılması əhvalatı tarixdə bunun ənənəvi nümunələrinin olduğunu da ortaya qoyur. 

Əsərdə keşiş şeyxdən tələb edir ki, sevgilisi Xumarın naminə islamdan üz döndərməsinin nümayişi olaraq boynundan xaç assın. Din adına şəkillənmiş şərtiliklərin fövqündə dayanan Sənan xaçı boynundan asır, amma, baxın, bu zaman iztirab keçirən dostlarına, eləcə də bunu ondan tələb edənə necə bir dərs verir:

 

İbn Məryəm asıldı darə, fəqət

Onu təkrarə varmıdır hacət?

Bumu İsanın ərşə me’racı?

Bən nəyim şimdi? Canlı dar ağacı...

 

…İştə bir parçacıq gümüşdür bu, 

Bunu asmaqla bir yüzük taxmaq 

Bəncə birdir, bir... anladınmı bunağ!

 

Keşiş ona istehza etməsinə dözməyəcəyini bildirəndə Şeyx Sənan Məsihi, əksinə, uca tutduğunu car çəkir:

 

Xayır, onsuz da həzrəti-Isa

Bizcə ən möhtərəm, böyük sima... 

 

Pərtlik keçirən keşiş bu dəfə təkid edir ki, Şeyx Sənan “Quran”ı yandırsın. Sənan bunun nə mənası olduğunu soruşur. Keşiş deyir bəhanəni bir kənara qoysun, dediyini etsin. Sənan “Quran”ı keşişə verir ki, müqəddəs kitabın yandırılmasını istəyirsə, özü yandırsın. 

Dostları pəjmürdədirlər: “Şeyx, Qur’an yaqılmaz!” 

Sənan isə yenə hikmət saçır:

 

“Hökmi-Qur’an ilələbəd ucalır, 

Yaqılan həp kağız, mürəkkəbdir”.

 

Ardınca da havanı bulud alır, göy guruldayır… H.Cavid təbiətin də etirazına beləcə yer verir. 

Keşiş isə inadından əl çəkmir:

 

Onu atəşdə yaqmayınca, inan, 

Sana əsla olunmaz itminan.

 

“Quran”ı uca tutan Sənan öz məntiqi ilə, əslində isə “Quran” məntiqi ilə həm ənənəvi müsəlmanların, həm də əsərdəki keşişin timsalında xristian özülçüsünün başına ağıl qoymaq istəyir:

 

Hökmi-Qur’anı tutmuyan məğrur, 

Onu atəşdə yaqmış ədd olunur. 

Bir də bihudə etdiyin israr,

Bunda İsa və Məryəmin adı var.

 

Yəni “Quran” hökmünü zehnində, əməlində rəhbər tutmayan təkəbbürlü insan onu elə yandırmış sayılır. Bu ifadə, bir yandan, mahiyyətcə keşişi islama dəvət təsiri bağışlayır, digər yandan, beyni dini təhriflərlə dolu müsəlmanların ünvanına qınaq kimi də səslənir. Və Sənan keşişə xatırladır ki, Quran yandırılacaqsa, şanı uca Məsih İsa ilə Məryəmin adları keçən “Quran” səhifələri də yanacaq. Yəni sən özün öz inancını oda atmış olursan…

Bu ilahi məntiq qarşı tərəfi tərksilah edir.

İndi İsveçdə baş verən o xoşagəlməz hərəkətin fonunda H.Cavidin verdiyi bu dərs hər mənada, hamı üçün ibrətamizdir.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Euronews-un təcili xəbəri

 

Fotonun müəllif hüququ: Jae C. Hong/AP

 

ABŞ istehsalı olan “Hər şey, hər yerdə və dərhal” komediyası “Oskar” uğrunda 11 nominasiya üzrə liderlik edir.

Filmdə baş rolu Hollivud ulduzu, malayziyalı aktrisa Mişel Yeo ifa edir. 

Film ABŞ-da prokata ötən ilin aprel ayından çıxıb. Filmin rejissor dueti Deniel Kvan və Daniel Şaynert bu janrda - qara yumor janrında çəkilən “İnsan- İsveçrə bıçağı” filmi ilə artıq məşhur idilər. Bu yeni film isə onlara daha böyük uğur gətirməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Olduqca məşhur səyahət saytı “TripAdvisor” istifadəçilərinin rəyinə əsasən ölkəmizin 220 cəlbedici məkanı sırasında ən yaxşısını müəyyənləşdirib. Nəticə sizin gözlədiyiniz kimi deyil. Olsun ki, bu məkanı siz heç tanımırsınız da. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi ölkəmizin ən cəlbedici məkanları sırasında birinci yerdə qərarlaşıb.

Bu barədə ASCO-dan mediaya məlumat verilib.

Qeyd edək ki, “TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu saytı özlərinə “səyahət məsləhətçisi” bilirlər. 

Dənizkənarı Milli Park ərazisində yerləşən “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Gəmi-muzeyin ekspozisiyasında nümayiş olunan istər audio-video, istərsə çap materialları Azərbaycan, ingilis və rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.

Gəmi-muzeyində turun qiyməti isə cəmi 12 manatdır.

 

İndi də sizi “Suraxanı” gəmi-muzeyinə digital səyahətə dəvət edirik. 

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Çərşənbə axşamı, 24 Yanvar 2023 16:28

Firidun bəy Köçərlinin 160 illiyi qeyd olunub

 

“Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyi” tərəfindən Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir keçirilib. 

 

AzərTAC  xəbər verir ki, kitabxana əməkdaşları görkəmli ədəbiyyatşünas alim, publisist-yazıçı və tərcüməçi F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər. 

Həmçinin tədbir iştirakçılarına Firidun bəy Köçərlinin ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə bağlı müxtəlif məlumatlar çatdırılıb. Bildirilib ki, o, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərmişdir. 

Qeyd edək ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən ədəbi-elmi fikrinin inkişafı tarixində böyük rol oynamış Firidun bəy Köçərliyə həsr olunmuş tədbir ənənəvi kitab sərgisi və sənədli filmin nümayişi ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Çərşənbə axşamı, 24 Yanvar 2023 15:00

Sevda Ələkbərzadə Türkiyədə konsert verəcək

 

Əməkdar artist Sevda Ələkbərzadə uzun fasilədən sonra ölkə xaricində geniş kütlə qarşısına çıxacaq.

 

“Ədəbiyyat və incəsənət” Oxu.Az-a istinadən xəbər verir ki, Sevda xanım Türkiyənin caz musiqiçisi, saksofon ifaçısı Anıl Şallıelin dəvəti ilə 23 fevral tarixində İstanbulun məşhur konsert salonu “Grand Pera”da həmkarı ilə konsert verəcək.

Məlumata görə, iki qardaş ölkənin məşhur musiqiçiləri bir müddət öncə birlikdə “Excited” adlı albom hazırlayıblar. Elə sözügedən konsertdə də bu albomdakı bütün musiqilər canlı şəkildə ifa olunacaq.

“Düşünürəm ki, bu albom Türkiyənin nəinki ən maraqlı musiqi toplusudur. Hətta onların da dediyi kimi indiyə qədər bu cür Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli, klassik musiqi dalğasını özündə əks etdirən bir albom olmayıb”, - deyə Sevda Ələkbərzadə əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.