Super User

Super User

SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Zeynallı Həsən Hakim oğlu (Həsən Kür)

1996-cı il 17 mart tarixində Salyan rayon, Sarvan kəndində dünyaya gəlib.

Şeir yazmağa 15-16 yaşlarında başlayıb. 

Şeirləri mütəmadi olaraq antologiyalarda, qəzet, jurnal və saytlarda dərc olunur. Türkiyə, İran, Türkmənistan və Qazaxıstanda bəzi şeirləri çap olunub. 

"Xalqın şairi" telelayihəsinin, "Nəsimi ili" və "Nizami ili" şeir müsabiqələrinin qaliblərindəndir.

2019-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

2020-ci ildə 30 illik qisasımızın alındığı Böyük Vətən müharibəsinə könüllü olaraq yollanıb.

"Boyat dərdin üstündə" , "Tikanlı məftillər" və "Döyüş və Dönüş" kitablarının müəllifidir.

Vətən müharibəsi iştirakçıları - qazi şairlər. Poeziyamızda yeni status. Onların şeirləri qan-qada görüb deyə sərtdir, mübarizdir. Onların şeirləri ağlatmır, sısqamır, nifrətə kökləyir, mətinləşdirir.

Həsən Kürün istedadının parlamasında əsas rol isə şübhəsiz, Nigar Həsənzadənin “Söz” layihəsinə məxsusdur. Məhz bu layihə gənc şairi publika qarşısına çıxararaq yaradıcılıq məziyyətlərini üzə çıxarmasını təmin edib.

 

 

 

Son döyüş

 

İsmayılov Raqil Rafiq oğlu və Əzizov Sübhan Elşad oğlu Salyan rayon, Dayıkənd kənd orta məktəbinin məzunlarıdır. Hər ikisi könüllü olaraq yollandıqları 2-ci Qarabağ müharibəsində birlikdə şəhid olublar. Şeir onlara həsr olunur.

 

 

-Raqil eşidirsən? Mənə cavab ver!

-Sübhan, mən deyəsən yaralanmışam.

Tərpədə bilmirəm heç bir yerimi,

Elə bil ölmüşəm, cansız bir daşam.

 

-Yox , ölməyəcəksən, yaşayacaqsan

İndi harda olsa gələr uşaqlar.

Qardaş, ürəyini buz kimi saxla

Onlar gəlib bizi aparacaqlar.

 

-Sübhan, sən necəsən? Yaran dərindi?

-Bilmirəm, amma bərk ağrıyır başım.

-Özünü qorxutma, bir az möhkəm ol

Sən sağ qalacaqsan, əziz qardaşım.

 

-Komandir! Komandir! Yoldaş leytenant!

-Dayan Sübhan, dayan yorma özünü.

Deyəsən komandir şəhid olubdur

Həyata əbədi yumub gözünü.

 

-Yazıq... yetim qoydu uşaqlarını

Canını tapşırdı Ana Vətənə.

Dünən gecə yarı bir az dərdləşdik

Qızının şəklini göstərdi mənə.

 

-Danışma qardaşım, taqətdən düşmə

Mənim indi səndən bir istəyim var.

Götür bu məktubu, mən şəhid olsam,

Verərsən anama açıb, oxuyar.

 

Bilsin ki, içimdən nə hisslər keçib,

Bilsin ki, Vətəni necə sevirdim.

Təsəlli tapsın ki, mən şəhid oldum,

Sevinə-sevinə məzara girdim.

 

-Sən ölməyəcəksən, belə danışma!

Anan qalmayacaq gözləri ağlar.

Bütün qohumların, bütün dostların,

Gələn il toyuna yığılacaqlar.

 

Birlikdə gəlmişik cəbhəyə, Raqil

Kəndə də, birlikdə qayıdaydıq kaş.

Əgər yolumuzu ölüm kəsdisə

Sən ölmə, yerinə mən ölüm, qardaş.

 

-Ay Sübhan, bədənim oldu buz kimi, 

Gözüm heç bir yeri görmür elə bil...

-Dayan... bir az dayan, ölmə qardaşım

Raqil... ölmə Raqil... cavab ver Raqil...

 

 

Xəzan səsi

 

Gözümün işığı, burda payızdı

Hər kəs yığışıb öz gödəkcəsinə

Bircə sevincini görəydin onun

Günəş gülə-gülə sovuşub getdi

Bahar tətilinə gedərcəsinə

 

Gözümün işığı, burda payızdı 

Burdakı yarpaqlar payıza kölə

Zavallı ağaclar payıza əsir 

Baxçanın sonuncu bənövşələri

Bir saxsı dibçəkçün evə tələsir

 

Mən indi payızın çiyinlərində

Yazın gəlişini gözləyən bağam

Mən indi səngərdən boylanan əsgər

Ayaq səslərindən qorxan torpağam

 

Dişimi dişimə sıxıb dözürəm

Olur belə şeylər, olur, qadası

Tək qalan adamlar özündən küsür 

Getməyə bir qucaq yer tapmayanda

Yıxılır bir küncdə qalır, qadası

 

Bəs ora necədi? Havası, suyu? 

Quşlar çöldə ölür, yoxsa qəfəsdə? 

Adamlar necədi? Hər darıxanda 

Neçəsi söz qoyur sözünün üstə? 

Sən necə, nə qədər dəyişilmisən? 

Yenə yerə düşən çörək qırığın

Öpüb qoyursanmı gözünün üstə?

 

Yox, sən dəyişilmə, özünü qoru

Aldanma küçənin xəzan səsinə.

Kaş ki, illər sonra bir yaz səhəri

Birgə oyanaydıq azan səsinə.

 

 

Xəmirli əllər

 

Bir səhərin sübh çağı

Hamı əl-ələ verib 

yuxuna haram qatar-

Katibə zəng vurar ki,

İşdən çıxarılmısan.

Nişanlın, mesaj-mesaj

Başının ətin yeyər:

-Səninləyəm, cavab ver!

Axşam harda olmusan?

 

Anan girər otağa,

Pəncərəni açar ki,

boğulmasın tüstüdən..

Araq şüşəsi tapar

Döşəyinin üstündən.

 

Cırıldayan yatağı

Əsəblə silkələyər-

"Ay alkaş oğlu, alkaş

yenə içmisən?" deyər..

 

Qışqırar əsəbindən,

Xəmirli əlləriylə

Sinəni yumruqlayar.

İçini çəkə-çəkə,

Uşaq kimi ağlayar.

 

Qaçasan otağından,

Hirs soyutmaqdan ötrü

Qapını bərk vurasan,

Küçənizdə can verən

itə təpik vurasan.

 

Qaçasan, sən qaçdıqca

Uzaqlaşa yol hələ.

Aclıq vurar təpənə

Dönərçiyə deyəsən-

"Zəhərini bol elə".

 

Bədbəxtlikdən içindən

İynə çıxmaz çörəyin.

Kredit şöbəsindən

Bahar xanım zəng edər:

"Müəllim, sağsınızsa,

Borcunuzu ödəyin!"

 

İri-iri addımlar

Ata səni sahilə.

Yerdən bir daş götürüb

Keçirəsən boynuna,

Qulağına səs gələ...

 

Bu yaşlı kişi kimdir?

Kövrək səslə qışqırır:

"Etmə, qurbanın olum

Əgər pulun yoxdursa,

Gəl, mən sənə verim, var.

Əgər evin yoxdursa,

Bir nəfərlik yerim var.

İş də taparam sənə

Köhnə bir tanışım var,

hamıya iş düzəldir.

Ölmə, qurbanın olum,

Axı həyat gözəldir!"

 

O yaşında adamın

Yaşamaq məhəbbəti

Sanki güc verər sənə.

Çıxarıb boynundakı

yarım kiloluq daşı

Qayıdasan evinə.

 

Anan qaça qapıya

Daş izi qalan yerdən

Boynunu qucaqlayıb

Deyər: "yaxşı ki, varsan.

mən səni bağışladım, 

sən də bağışlayarsan..."

 

 

Qadın

 

Haçansa hardasa görmüşəm səni,

Amma ki, üzündə ləkən yox idi.

Sən ki, çiçək kimi təravətliydin,

Üstündə bir dənə tikan yox idi .

 

Sən həmin qadınsan, sən o qadınsan

Yuxudan hamıdan əvvəl oyanıb,

Hamıdan axırda yuxuya gedən.

Namərd sərvətinə boyun əyməyib,

Bir tikə çörəkçün qonşuya gedən.

 

Hər gün döyülmüsən, tapdalanmısan,

Nişan üzüyünə əsir düşmüsən.

Uşaq qucağında evdən qovulub,

Hərənin dilinə bir cür düşmüsən.

 

Sən həmin qadınsan, ağlın kəsəndən,

Belini bükmüsən qar, qış demədən.

Bütün küçələri təmizləmisən,

Bir sarı yarpağa qarğış demədən.

 

Sənin zərifliyin, qadın olmağın

Doğmanın, ogeyin yadından çıxıb.

Süpürgə çəkmisən bütün yollara,

Bircə öz taleyin yadından çıxıb.

 

Gizlətmə üzünü, utanma məndən

Qoy dünya utansın, bəşər utansın!

Sənə qalxan yerdə əllər qırılsın,

Sənə qalxdığına əllər utansın!

 

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

 

 

 

Cümə, 27 Yanvar 2023 10:30

Bu yuxunu kim yozar?

Yazıçı Xeyrəddin Qocanın satirik “Yuxu” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılacaq. 

 

 

 

Yeni il qabağı qəribə bir yuxu görmüşəm, ərz eləyim qulluğunuza, görüm bu yuxunu necə yozursunuz.

Yuxuda görürəm ki, yüz il əvvəl dünyaya göz açmışam. Görürəm "Molla Nəsrəddin" adında bir jurnal çıxır, səs-sorağı aləmə yayılıb. Fikirləşirəm, ayə, bu jurnal niyə belə məşhuri-cahan olub? Götürüb vərəqləyirəm, görürəm paho, burada nələr yazılmayıb?! Daha millətin əyər-əskiyi qalmayıb, hamısı aləmə faş olub. Molla, tacir, it boğuşduran, xoruz döyüşdürən, quşbaz, fala baxan, rəml atan, yalançı, yaltaq, fırıldaqçı, əliəyri, rüşvətxor, ağılsız, axmaq, bir sözlə, "şəngülüm", "şüngülüm" hamısı ələ salınıb. Camaat da oxuyub gülür. Camaata nə var ey, onlara gülmək olsun...

Sonra yuxuda görürəm ki, yaşaya-yaşaya gəlib çatmışam indiki zamanlara. Qəzet-jurnal o qədər çoxdur ki, oxuyub qurtarmaq olmur. Qələm əhli "Molla Nəsrəddin" kimi yaza bilməsə də, millətin çatışmazlıqlarından ağına-bozuna baxmadan, o ki var, yazır. Keçmişdə pis əməllərlə məşğul olanların çoxu indi molla olub, it boğuşduranlar yenə it boğuşdururlar, xoruz döyüşdürənlər yenə xoruz döyüşdürürlər, quşbazlar quşbazlıqlarıynan məşğul olurlar, fala baxanlar kompüterdə fala baxırlar, rəml atanlar ekstrasenslik edirlər, yalançılar yalanlarının doğru olduğunu sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar, fırıldaqçılar təzə üsullar tapıblar, əliəyrilər, rüşvətxorlar böyük-böyük vəzifələr tutublar, "şəngülüm", "şüngülüm"lər əməlli-başlı adam olublar.

O bunu söyür, bu da onu. Qalmışam mat-məəttəl. Yüz ildə nə dəyişildi ki?

Görəsən, bu yuxunu yozan tapılacaqmı?

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Dünən ölkə mediasının diqqətini çəkən əsas mədəniyyət xəbəri bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina etməsi oldu. İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi bildirildi. Onların arasında çox məşhurlar - Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artisti Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar incəsənət xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var. 

APA sözügedən şəxslərlə əlaqə saxlayaraq, üzvlükdən imtina səbəblərini öyrənərkən 

Xalq yazıçısı Natiq Rəsulzadə üzvlükdən imtina etmək məsələsinin çoxdan olduğunu bildirdi: “Mən o üzvlükdən çoxdan imtina etmişəm. Çünki bir Xalq yazıçısı olaraq, məni nə katibliyə, nə də rəhbərliyə saldılar. Bu, hesab edirəm ki, doğru deyil, haqsız yanaşmadır. Bilirsiniz, mən hansısa qurumdan çıxanda qapını çırpmıram. Səs-küyü sevmirəm. Bu qədər adam üzvlükdən imtina edibsə, demək, burada nəsə var. Mən, ümumiyyətlə, 5-6 ildir, ora ilə əlaqəni kəsmişəm”.

Xalq artisti Ənvər Həsənov ittifaqın heç bir funksionallığının olmadığını əsas gətirdi. 

“O ittifaq, ümumiyyətlə, niyə var? Nəyə yarayır? Azərbaycan kinosu üçün nə edib, mən bilmirəm. Mən neçə vaxtdır, xəstəyəm, dedilər, guya ittifaq mənə yardım üçün pul ayırıb, amma belə bir şey yox idi. Heç bir manat da ayrılmamışdı. Hamısı yalandır”.

Xalq artisti Tariyel Qasımov da üzvlükdən imtina edənlər arasındadır:

“Mən Özbəkistanda 17 filmə çəkilmişəm. Bu yaxınlarda Şöhrət Abbasovun yubileyinə dəvətim üçün Bakıya, İttifaqa teleqram vurublar. Amma bu, mənə deyilməyib. Təsəvvür edirsiniz? Şəfiqə Məmmədova bunu məndən gizlədib. Düzdür, bir gün qalmış xəbər tutdum, bir təhər getdim, amma edilən hərəkətə heç bir ad verə bilmədim. Bundan sonra artıq üzvlükdən imtina etdim. Mən seçki prosesində də olmamışam. Şəfiqə Məmmədova yenidən necə, harada sədr seçilib, bilmirəm, mən onu seçməmişəm, seçmək fikrim də olmayıb”.

Qeyd edək ki, bir müddət öncə ittifaqın mətbuat katibi Əli Vəliyev də ittifaqdan və ittifaqın mətbuat katibi vəzifəsindən ayrıldığını bildirmişdi.

Oxu.az saytı isə Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı istefalarla bağlı açıqlamasını dərc etdi. Nazirlikdən sayta bildirilmişdi ki, ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən kino ittifaqları qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçirirlər:

“Sözügedən qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil”.

Hər halda, nə baş verir? Kütləvi istefalar nə səbəbədir?

Çox güman ki, quruma yeni təyin edilən sədrə - Xalq artisti Şəfiqə Məmmədovaya bir etiraz demarşıdır bu istefalar. 

Əməkdar artist Gülşad Baxşıyeva isə  Kinematoqrafçılar İttifaqından ayrılması ilə bağlı olay-a deyib ki, ittifaqdan ayrılma səbəbi Xalq artisti Şəfiqə Məmmədova deyil:

"Mən Şəfiqə Məmmədovaya görə ittifaqa gəlməmişəm, ona görə də çıxmaq niyyətim yoxdur. Şəfiqə Məmmədova bu gün var, sabaha orada yoxdur. Hər dəfə kimsə xoşuma gəlməyəndə ittifaqdan çıxacam, xoşuma gələndə qayıdacam? Sadəcə demişəm ki, mən oranın üzvü sayılmıram. Orada yoxam, yalnız adım gedir. Heç bir tədbirlərə, iclaslara məni çağırmayıblar. Özləri seçiblər, özləri doğublar, özləri də göbəyini kəsiblər. Mən bilməmişəm ki, seçki olub, ya qurultay. Bir stəkan çay içib, deyib ki, məni seçirsiz, beş-altı adam çay içə-içə seçiblər. Bundan nə millətin, nə də kino sahəsində çalışanların xəbəri olub. Mən özümü oranın üzvü saymıram. Çıxmış kimi bir şeyəm. Şəfiqənin atasının ittifaqı deyil. O, yaratmayıb, Prezident yaradıb. Sabah onu çıxarıb, yerinə başqasını gətirəcəklər".

Mövzunu gündəmdə saxlayacağıq.

 

Şəkildə: Şəfiqə Məmmədova “Ad günü” filmində. 

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Milli Məclisdə Hacıqabul gölünün mövcud vəziyyəti və görüləcək işlərlə bağlı görüş təşkil ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Sadiq Qurbanov məlumat verib.

Komitə sədri bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə müzakirələr aparılacaq. Hacıqabul gölü quruyub, artıq onun torpaqlarından başqa məqsədlər üçün istifadə edilir. Bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə danışıqlar aparılıb, işçi qrup yaradılacaq, arayış hazırlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Azərbaycan əsilli, tanınmış fotojurnalist, dünyaca məşhur fotoqraf Reza Deqati Abşeron Milli Parkını ziyarət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə dünyaya öz kamerasının “gözü” ilə baxan məşhur fotoqraf bu dəfə fokusu Şah Diliyə, ecazkar dəniz mənzərəsinə, “təbiət gözəli” flaminqolara yönəldib.

Səyahətləri ilə gördüklərini fotoyaddaşlara köçürən məşhur fotoqraf Abşeron yarımadasının cənub-şərq qurtaracağındakı foto təəssüratlarını da dünya ilə bölüşmək fikrindədir.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

 

Bu gün tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin anadan olmasının 90-cı ildönümü tamam olur.

 

Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri olan Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi mədəniyyəti xəzinəmizi daha da zənginləşdirib.

Musa Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Bakı musiqi texnikumunda oxuyub, 1952–1958-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək burada çalışıb, 1978–1979-cu illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər vəzifəsini tutub. Sonrakı dövrdə yalnız yaradıcılıqla məşğul olaraq bəstəkarlıq əsərləri meydana gətirən Musa Mirzəyev 1992–1993-cü illərdə “Şur” musiqi nəşriyyatında müxtəlif vəzifələrdə işləyib. Yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək o, 1993-cü ildən ömrünün sonunadək çalışdığı Bakı Musiqi Akademiyasında yeni peşəkar musiqiçilər nəslinin formalaşdırılması işinə töhfələr verib.

Azərbaycan musiqisinin bugünkü simasının formalaşmasında öz dəst-xətti ilə tanınan bəstəkarın təqdirəlayiq xidmətləri vardır. Ayrı-ayrı janrlarda çoxsaylı əsərlər bəstələmiş Musa Mirzəyevin yaradıcılığında xüsusən simfonik və kamera musiqisi janrında yazdığı əsərlər mühüm yer tuturdu. Dərin milli kolorit, nikbinlik ruhu və zəngin dramatizm hər bir əsərinə hədsiz məsuliyyətlə yanaşmış bəstəkarın yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdəndir.

Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bəstəkarın kamera musiqisindən ibarət müəllif konsertləri sənətsevərlərin rəğbətini qazanıb. Musa Mirzəyev bir çox əsərləri simfonik orkestrlə ifa olunmaq üçün yenidən işləmiş və partiturasının hazırlanmasına böyük əmək sərf etmişdir. Onun Azərbaycan və dünya musiqisinə dair məqalələri yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə öz təsirini göstərib.

Onun monumental “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşıb. 

Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilib. Ölkəmizdə musiqi sənətinin inkişafı sahəsində qazandığı nailiyyətlərə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Musa Mirzəyev 2016-cı il yanvarın 29-da vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)


Türk ölkələrindən Azərbaycana dəvət olunmuş gənc yazarların iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına"  kitabının təqdimatı mərasimi “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutacaq və mərasimə qatılan hər bir şəxsə kitab hədiyyə olunacaq. 

“Ədəbiyyat və incəsənət” bildirir ki, tədbir yanvarın 28-də, saat 15:00-də baş tutacaq. “Azərkitab” kitab təbliğatı mərkəzinin ünvanını xatırladırıq: Bakı, Atatürk prospekti , A. Salamzadə küçəsi, 65 B (Gənclik metrosundan Ayna Sultanova istiqamətində gedən yolda yerləşən"Zivella" mebel evinin arxası).
Tədbirin Proqramı:
1. Kitabın təqdimatı;
2.Müzakirələr;
3.Təltiflər.

“Ədəbiyyat və incəsənət”
(26.01.2023)

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı yenidən film nümayişlərini bərpa edir. Bu barədə İttifaqdan mediaya açıqlanma verilib. 

 

Açıqlamada bildirilir ki, ilk nümayiş yanvarın 31-də “Azərbaycan” kinoteatrında olacaq. Bu dəfə üç rejissorun - Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu”, Elvin Aşirovun “Eviniz haradadır” sənədli filmləri nümayiş olunacaq. Baxışdan sonra tamaşaçılar ilə yaradıcı heyət arasında müzakirələr olacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının kino nümayişləri üzrə məsul əməkdaşı, rejissor Ülviyyə Əhmədova bildirib ki, bu il Azərbaycan kinosunun 125 illiyi, Azərbaycanfilm” kinostudiyasının 100 illiyidir və bu səbəbdən klassik milli filmlərimizin nümayiş proqramı da planlanır: “Keçən il reallaşdırdığımız “Dünya şedevrləri Azərbaycan dilində” proqramı bu il də reallaşacaq. Proqramda Aleksey German, Nikita Mixalkov, Tengiz Abuladze kimi dünyaşöhrətli rejissorların filmləri var. Ənənəyə sadiq qalaraq 2023-cü ildə də “Visla” Polşa Film Festivalı ilə əməkdaşlıq nəzərdə tutulub”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, mütəmadi nümayişlər milli filmlərin təbliği və zövqlü tamaşaçı ordusunun formalaşması İttifaqın prioritet məqsədlərindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

 

Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır. Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 160-cı ildönümü tamam olur.

 

Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli bu gün mənsub olduğu xalqının yaddaşında ölümsüzləşən ziyalılardandır. O, tarixdə nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib fədai kimi anılır.

1863-cü il yanvarın 26-da Şuşa şəhərində dünyaya göz açan Firidun bəy Köçərli ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə böyük marağı və həvəsi oğlunun dövrünün ən yaxşı məktəblərində oxutmasına təkan verib. Atasının arzularına rəğmən Firidun bəy doğma şəhərdə fəaliyyət göstərən rus məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. O, 1879-1885-ci illər ərzində burada təhsil alıb. Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu olan Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestini də ilk dəfə rus dilinə məhz Firidun bəy Köçərli çevirib. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydlər Firidun bəyə məxsusdur.

İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.

O, klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.

Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir. Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı. Firidun bəyin nəcibliyi millətinin taleyinə xidmət etsə də, düşmənləri də rahat buraxmırdı. O, millətimizin uzaqgörən ziyalılarının olmasını heç vaxt gözügötürməyən ermənilərin məkrli əməllərinin qurbanına çevrildi. Düşmən 57 yaşlı aydının ömür çırağını söndürsə də, onun arzuları və əməllərinin nurunu söndürə bilmədi. Bəli, o nurun işığından Firidun bəyin mənsub olduğu millətinin övladları bu gün də faydalanır.

Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967-ci, 1972-ci və 2013-cü illərdə çap olunub.

Firudin bəyin irsi ilk dəfə 1957-ci ildə ədəbiyyatşünas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

 

Bakı Kitab Mərkəzində Azərbaycan əsilli alman yazıçısı Aleksandra Azima Reynhardtın “Cəhənnəm mələkləri” və “Müqavilə ilə xəyal” kitablarının təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, kitablar yazıçının ötən il işıq üzü görən “Qəhvə və süd” romanının davamıdır. Toplanan bütün vəsait xeyriyyəçilik məqsədlərinə yönəldiləcək.

Təqdimatda çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı istedadlı yazıçının yaradıcılığı ilə tanış olduğunu qeyd edib, bu dəyərli ədəbiyyatı hər kəsə oxumağı məsləhət görüb. 

Xalq yazıçısı, Azərbaycanın Yazıçılar İttifaqının birinci katibi Çingiz Abdullayev müəllif üçün kitablarının işıq üzü gördüyü vaxtın çox həyəcanlı olduğunu deyib, Aleksandra Azimaya yaradıcılığında uğurlar arzu edib. 

Kitabının təqdimatı münasibətilə müəllifi təbrik edən Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə deyib: “İlk kitabı yazarkən müəlliflər bütün həyati təcrübələrini və biliklərini ehtiva etməyə çalışırlar. Sonra onların yaradıcılıq fəaliyyətində pauza yaranır. Lakin Azimada biz bunu müşahidə etmirik, çünki o, çox gözəl və tükənməz fantaziyaya malikdir. Bunun sayəsində onun kitabları bir nəfəsə oxunur”. 

Öz növbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov əlavə edib ki, Azima Reynhardtın kitabları müəllifin həyata, həqiqətə məhəbbəti, müxtəlif həyati vəziyyətlərin realist təsviri ilə çox təsirlidir. 

Bakı Slavyan Universitetinin professoru Flora Naci deyib ki, müəllif hər bir kitabında gözəl, cəsarətli, məğrur, güclü qadın qəhrəman obrazını yaradır, bununla da onun anlayışında qadının necə olmalı olduğunu bizə nümayiş etdirir.

Daha sonra kitabların təqdimatı mərasimi müəllif və auditoriya arasında dialoq formasında davam edib.

Aleksandra Azima Reynhardt Şimali Amerika Yazıçılar İttifaqı və Avrasiya Yaradıcılıq Gildiyasının üzvü, “Parlaq Gələcək” xeyriyyə fondunun təsisçisi və yaradıcısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.