
Super User
Sabah “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" kitabı təqdim olunacaq
Türk ölkələrindən Azərbaycana dəvət olunmuş gənc yazarların iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" kitabının təqdimatı mərasimi “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutacaq və mərasimə qatılan hər bir şəxsə kitab hədiyyə olunacaq.
“Ədəbiyyat və incəsənət” bildirir ki, tədbir yanvarın 28-də, saat 15:00-də baş tutacaq. “Azərkitab” kitab təbliğatı mərkəzinin ünvanını xatırladırıq: Bakı, Atatürk prospekti , A. Salamzadə küçəsi, 65 B (Gənclik metrosundan Ayna Sultanova istiqamətində gedən yolda yerləşən"Zivella" mebel evinin arxası).
Tədbirin Proqramı:
1. Kitabın təqdimatı;
2.Müzakirələr;
3.Təltiflər.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Filarmoniyada abonement konsertlər yekunlaşır
Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertlər cari ilin yanvarında da davam etdirilir. Sözügedən konsertlər hər həftənin şənbə günləri saat 15:00-da Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında keçirilir.
Belə ki, yanvarın 14-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konserti ilə dinləyicilərin qarşısına çıxmışdı. Yanvarın 21-də Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçirildi. Sabah - yanvarın 28-də isə son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram təqdim edəcək.
Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Pantomim Teatrının fevral repertuarı
Azərbaycan Dövlət Pantomim Teatrının fevral repertuarını təqdim edirik:
Ayın 4-də “Son ştrix”, 5-də “Mən və Mən”, 11-də “Manqurt”, 12-də “Kişilər və qadınlar” tamaşaları göstəriləcək.
Bundan başqa, fevralın18-də “Dejavü”, 19-da “Yük”, 25-də “Adsız”, 26-da isə “Manqurt” tamaşaları nümayiş etdiriləcək.
Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Opera və Balet Teatrının fevral repertuarı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fevral repertuarını təqdim edirik:
1 fevral – “Eşq və Ölüm” baleti
4 fevral – “Riqqletto” operası, “Leyli və Məcnun” baleti
5 fevral – “Don Kixot” baleti
8 fevral – “Əsli və Kərəm” operası
11 fevral – “Din Kixot” baleti
12 fevral – “Zoluşka” operası
15 fevral – “Arşın mal alan” musiqili komediyası
18 fevral – “Min bir gecə” baleti
19 fevral – “Aleko” operası
22 fevral – “Nəsimi” baleti
25 fevral “Aida” operası
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Bu gün “Bəxtiyar” komediyası nümayiş olunacaq
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” musiqili komediyası yenidən tamaşaçıların ixtiyarına veriləcək. Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tamaşa SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Bu gün “Yuğ” Teatrında premyeradır
Azərbaycan Dövlət “Yuğ” Teatrında bu gün "Toy dəstgahı” tamaşasının premyerasıdır.
Tamaşa C.Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Milli adət-ənənələrin, ritualların vurğulandığı “Toy dəstgahı”nın janrı ambivalent artefaz kimi təyin edilib.
Tamaşada aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elşən Əsgərov, Günəş Tegin, Elgün Həmidov və Nigar Mürsəlova çıxış edir.
Qeyd edək ki, səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
“Ən yaxşı ağzını açmayan danışdı...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Eldəniz Zeynalovdur.
ELDƏNİZ ZEYNALOV
(1937-2002)
***
Bir dəfə teatra gəldim, gördüm aləm qarışıb bir-birinə, hamı sənətdən, böyük ideyallardan danışır, amma aralarında bircə nəfər də olsa bu sənətə, böyük ideallara sadiq olanı yoxdur. Sadəcə, boşboğazlıq edirdilər.
Onların söhbətinə müdaixlə etməsəm də, qulaq asmaq məcburiyyətində qaldım. Birdən ən çox danışan və istedadsızların önündə gedən aktyor üzünü mənə tutub xəbər aldı:
– Bax, Eldəniz də eşitdi, kim düz deyir, kimin danışdığı xoşuna gəldi?
Mənsə ümumiyyətlə ağzını açmayan aktyoru göstərib:
– Ən çox Tahirin dedikləri xoşuma gəldi, – dedim.
– Əşşi, nə danışırsan, Tahir bayaqdan bəri heç ağzını açmayıb.
– Elə ağzını açmağına görə də onun danışğını bəyəndim, – deyib, uzaqaşdım.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
Orqan musiqisi axşamı təşkil ediləcək
Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Orqan musiqisi axşamı” adlı konsert proqramı təşkil ediləcək.
Proqramda Üzeyir Məmmədovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin (solistlər Natəvan Quliyeva və Şəfəq Abdullayeva) ifasında dünya klassik musiqi nümunələri təqdim olunacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Avropa Şurasının mənzil-qərargahında Azərbaycan xalçaları sərgilənir
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən Avropa Şurasının (AŞ) mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi təşkil edilib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı təşkil olunmuş sərgi fevralın 3-dək avropalı xalça sevərlər üçün açıq olacaq. Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini ehtiva edən xalça nümunələri nümayiş olunur. Həmçinin böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də Azərbaycanın tanınmış xalçaçılarından bəhs edən film nümayiş olunur.
Heydər Əliyev Fondu tərəfindən çap edilmiş, Azərbaycan xalça tarixi və məktəblərini təşviq edən nəfis kitablar təqdim olunur. Nümayiş olunan nəfis ornamentli rəngbərəng xalçalara əlavə edilmiş fotolar xalçaçılıq haqqında daha geniş məlumat verir.
Sərgini giriş sözü ilə açan Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov 2001-ci il yanvarın 25-də Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağının Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə təşkilatın mənzil qərargahı qarşısında qaldırıldığını xatırladıb. Üzvlüyümüzün ötən dövrdəki 22 ilinə nəzər salan F.İsmayılov bu müddətdə çoxsaylı uğurların əldə edildiyini vurğulamaqla bərabər, müxtəlif illərdə Avropa Şurası ilə münasibətlərdə enişli-yoxuşlu dövrlərin olduğunu qeyd edib. O, bu gün Azərbaycan Respublikasının Avropanın demokratik millətlər ailəsinə mənsub olduğunu və Avropanın multikultural kimliyinə öz dəyərli töhfələrini verdiyini vurğulayıb.
Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç çıxış edərək, sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu bildirib. O, AŞ-nin “müxtəliflikdə birlik” anlayışı ilə mədəniyyət sahəsinə böyük önəm verdiyini söyləyib. AŞ-nin Baş katibi Azərbaycanın artıq 22 ildir Avropa Şurasına üzv olduğunu və qurumun çoxsaylı konvensiyalarını imzaladığını və ratifikasiya etdiyini bildirib. Azərbaycan həmişə mədəniyyətlər və dinlərarası dialoqa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, bu sahədə ölkəmizin xüsusi rolunu qeyd edib.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək, rəhbərlik etdiyi “Azərxalça”nın tarixindən söz açıb. Bildirib ki, XX əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. O, xalqımızın zəngin və nadir mədəni irsi olan xalçaçılıq sənəti haqqında danışaraq, nəsildən-nəslə ötürülməsinin əhəmiyyətindən söz açıb. Sonra natiq xalçaçılıq üzrə Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən bəhs edərək, “Azərxalça”nın əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanılması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu qeyd edib. Nadir xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. O, “Azərxalça”da dünyada nadir sənət əsərləri olan xalçalar toxunduğunu xüsusi qeyd edib.
Açılış mərasimində Bakı xalçaçılıq məktəbinə məxsus xalça Avropa Şurasına hədiyyə edilib.
Qeyd edək ki, sərginin açılışına Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, AŞ katibliyinin əməkdaşları, AŞPA qış sessiyasına gəlmiş müxtəlif Avropa ölkələrinin parlamentariləri, AŞPA-da və Avropa İnsan Hüquqları Məhkəməsində çalışan həmvətənlərimiz, eləcə də yerli ictimaiyyətin üzvləri qatılıblar. Sərgi qurumun mənzil-qərargahına səfər edən turistlər tərəfindən də ziyarət edilir və onlara xalçaçılıq sənəti və məktəblərimiz haqqında məlumat verilir.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Euronews-un versiyasında 2022-ci Ilin Ən yaxşı 3 fotosu - 4 yaşlı ukraynalı qızın dəfni
Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim etdik.
Son üç paylaşımda isə ilk 3 yeri tutan fotoları təqdim edirik.
1-ci yer
Vinnitsıda rus aviahücumu zamanı öldürülmüş 4 yaşlı Lizanın dəfni mərasiminin hüznü. 17 iyul, 2022-ci il.
Foto: Efrem Lukatsky/AP
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)