
Super User
Devid C. Şvarts «Masştablı düşünmək sənəti» - Adi insanı uğurlu insana çevirən kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Devid C. Şvarts «Masştablı düşünmək sənəti»
Müəllif öz kitabında masştablı düşünmə prinsiplərini, praktik məsləhətlər və metodikalar təqdim edir ki, bunları mənimsəməklə oxucu istənilən fəaliyyət sferasında uğur qazanmağa müvəffəq olur.
Masştablı düşünmək, ilk öncə, məqsədinizin dəqiq ifadə edilməsi üçündür. «Əgər siz can atdığınız hədəfi dəqiq görməyə başladınızsa, onda bütün enerjinizi həmin hədəfi vurmağa yönəldin», - deyir Devid C.Şvarts.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
Ankara teatrı Bakıda və Gəncədə uşaqlara qonaq olacaq
“Kukuli” interaktiv-musiqili tamaşa aprelin 22-23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında və aprelin 24-də Gəncə Dövlət Filarmoniyasında Ankara teatrının təqdimatında nümayiş olunacaq.
Üç gün təqdim olunacaq musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və böyüklərə möhtəşəm əyləncə vəd edir.
Tamaşanın biletlərini şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iTicket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
“Çox tədqiqatçılardan fərqli olaraq Elxan Zal öz axtarışlarında tarixin daha dərin qatlarına enə bilir” – Cavanşir Feyziyev
Fəlsəfə üzrə fələsəfə doktoru Cavanşir Feyziyevin Elxan Zal Qaraxanın “Xəzər məkanı” kitabı barədə qeydlərini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirik.
Cənubi Qafqazdan başlayaraq Xəzər və Qara Dənizləri boyunca, İtil (Volqa) çayı ətrafındakı ərazilərdən başlayaraq Dunay çayına qədər uzanan geniş bir coğrafiyanı bir neçə əsrə yaxın öz hakimiyyəti altında saxlamış türksoylu Xəzər imperiyası özündə türk tarixinin növbəti yüksəliş və inkişaf mərhələlərindən birini təcəssüm etdirir. Böyük Türk kağanlığının Şərq ərazilərində meydana gələn və onun davamı hesab edilən, Göy Türklərin qurucuları Aşina sülaləsindən olan kağanlar tərəfindən yönəldilən Xəzər kağanlığı dünyanın əksər böyük tədqiqatçıları tərəfindən Orta əsrlərin ilk çağlarında mövcud olmuş ən möhtəşəm dövlətlərdən biri hesab edilir. Dünyanın müxtəlif ölkələrində xəzərlər və onların qurduğu möhtəşəm dövlət barədə yüzlərlə araşdırma əsərlərinin yazılmasına baxmayaraq, bu mövzu alimlər və yazıçılar arasında hələ də böyük mübahisələr mövzusudur.
Tarixdə türklərin qurduğu çox böyük dövlətlər olub, onların insanlıq tarixinə özünəməxsus təsirləri və xidmətləri olub, amma biz onların heç birinə dünyanın elmi dairələri tərəfindən Xəzər tarixinə göstərilən marağı müşahidə etmirik. Xəzər tarixinin təqdiqatçısı ünlü ABŞ alimi Norman Qoblun məşhur “Xəzər tədqiqatları” əsərində biz yüzlərlə elmi ədəbiyyatın adına rast gəlirik. Bu mövzuya müraciət edən məşhur alimlər sırasında V. Sen Marten, V.V.Bartold, Z. Validi Togan, P.K.Kokovtsev, Y.V.Qotye, Y. Nemet, A. Krımski, D. Danlop, V. F. Minorski, M. İ. Artamonov, Z. Bünyadov, P. Qolden, S.A.Pletneva, K.A. Bruk, O.Pritsak, L. Qumilyov kimi insanların adlarını çəkə bilərik. Bu siyahını dəfələrlə artırmaq da olar, lakin dünya miqyasında məşhur olan bu adlar içərisində ikisi ilə bağlı ayrıca fikir bildirmək istəyirəm. Fransız alim Sen Martenin və xüsusən Ukraynalı alim Aqafangel Krımskinin xəzərlərlə bağlı ortaya qoyduğu mülahizələr bu mövzuya tamamilə yeni və fərqli bir istiqamət verdi və məhz onların elmi dövriyyəyə gətirdikləri yeni yanaşmalarla xəzərlər mövzusu Orta əsrlərdən Herodot zamanlarına qədər uzandı.
Qədim dünya salnaməçilərindən tutmuş müasir dövrümüzün tarixçilərinə qədər çoxsaylı tədqiqatçılar xəzərlərin tarix səhnəsinə haradan gəldiyini və bu səhnədən nə zaman və hara getdiyini aydınlaşdırmağa çalışıblar. Bu gün də xəzərlərin tarixi ilə bağlı elmi cameənin yekdil fikrə gələ bilmədiyi bir çox məsələlər var və onlar hələ də alimlərin diqqət mərkəzində qalmaqda davam edir. Xəzərlərin etnik kökəni, dili, imperiyaya daxil olan digər xalqlarla olan qarşılıqlı münasibətləri, yahudi dinini qəbul etmə səbəbləri barədə mülahizələr bir çox tədqiqatlarda bəzən çox dərin ziddiyyətlər təşkil edir.
Müasir Azərbaycanın da şimal-şərq hissəsini əhatə etməklə Şimali Qafqaz ərazisində mövcud olmuş Xəzərlər İmperiyası və onun qurucuları olan qədim xəzərlər təbii olaraq Azərbaycanlı tədqiqatçıların da maraq çərçivəsindən heç vaxt kənarda qalmayıb. Bu da təbiidir, çünki xəzərlərin və onların dövlətinə daxil olan sabir, barsil, bulqar tayfalarının Azərbaycan türklərinin etnogenezinin formalaşmasındayer alması artıqtədqiqatçılarda heç bir şübhə doğurmur. Sonsuz ehtimallar, fərqli elmimülahizələrvə iddialar mövzusu olan xəzərlər haqqında Azərbaycan yazıçısı Elxan Zal Qaraxanın rus dilində yazdığı “Хазарский простор” (“Xəzər məkanı”) adlı tədqiqat əsəri də bu problemin dərk edilməsinə böyük töhfə verəcək çox dəyərli bir elmi araşdırma işidir.
Elxan Zal xəzərlərlə bağlı tədqqiqatlarına başlayandan bəri biz onunla bu mövzuda dəfələrlə geniş polemikalar aparmışıq, əsərin dili və araşdırma istiqamətləri ilə bağlı fikir mübadiləsi etmişik. Bu təmaslar zamanı Elxan müəllim mənə bildirmişdi ki, o əslində xəzərlərlə bağlı bədii əsər yazmaq istəyirdi, lakin bu mövzuya dair materiallar yığarkən, xüsusən “Etrusklarla” bağlı araşdırmalar apararkən əldə etdiyi sənədlərdən belə qənaətə gəlmişdi ki, xəzərlər Azərbaycan və ümumən türk xalqları tarixində müstəsna rol oynayıblar və onların bu rolu barədə dünya türkologiyasında, eləcə də xəzərşünaslıqda son söz hələ deyilməyib.Elxan müəllimin bu fikri xəzərlərin tarixinə maraq göstərən bir şəxs kimi mənim üçün də olduqca dəyərlidir və mən bu fikri tamamilə dəstəkləyirəm. Xüsusilə Elxan müəllimin əldə etdiyi materiallarla tanış olduqdan sonra mən də belə qənaətə gəldim ki, bu mövzuda bədii əsər yazmaqdansa sanballı bir araşdırma əsərinin ortaya qoyulması istər Azərbaycan tarixində, istərsə də dünya xəzərşünaslığında yeni bir səhifənin, yeni bir cığırın açılmasına səbəb ola bilər. Mən ona bu mövzuda əlimdən gələn hər cür dəstəyi göstərəciyimi bildirdim və çox şadam ki, Elxan müəllim elmi baxımdan çox kiçik bir zaman kəsiyində belə sanballı bir araşdırma əsərini ərsəyə gətirdi.
Elxan Zalın “Xəzər məkanı” əsərini dünya çapında yazılan və nəşr edilən əksər əsərlərdən fərqləndirən əsas cəhəti odur ki, o öz araşdırmalarında V. de Sen Marten, B.Nibur, K.Neman, N.Veselovski, K. Patkanov, A.Krımski kimi ünlü elm adamlarının xəzərlərlə bağlı düşüncələrinə və araşdırmalarına dayanaraq, xəzərlərin tarix səhnəsinə çıxışını və Azərbaycanla bağlılığını b.e-nın ilk əsrlərində deyil, Herodot zamanlarında və daha öncəki dövrlərdə arayır. Yuxarıda adlarını sadaladığım alimlərin, xüsusən Azərbaycanla bağlı bir çox elmi əsərlərin müəllifi, böyük Ukrayna şərqişünası Aqafangel Krımskininxəzər mövzusuna baxışının əsas özəlliyi odur ki, onlar Herodotun “Tarix” kitabında adları keçən İskit tayfaları katiarları (kaziarları) və barsilləri (basilləri) xəzərlərin və barsillərin əcdadları hesab edirlər. A.Krımski “Xəzərlərin tarixi” monoqrafiyasında Herodotun təsvir etdiyi katiarların və basillərin Xəzər İmperiyasını yaradan xəzər və barsillərin əcdadları olmaqla yanaşı, dövrün elmi trendinin əksinə olaraq, onların iran əsilli deyil, türk əsilli olduqlarını göstərmişdir. Təəssüflər olsun ki, bu böyük alim1941-ci ildə Stalin rejimi tərəfindən qətlə yetirildi və onun xəzərlərlə bağlı əsərinin uzun zaman elmi ədəbiyyatda (D.Danlop, O.Pritsak) adı çəkilsə də özünü tapmaq mümkün deyildi. Yalnız 2008-ci ildə A.Krımskinin əsəri “Xazarı” dərgisində ukrayna dilində nəşr edildi və beləliklə müasir tədqiqatçılar üçün çox dəyərli bir elmi mənbəyə çevrildi. Zənnimcə, Elxan Zalın “Xəzər məkanı” əsərini A.Krımskinin “Xəzər tarixi”nin bir növ davamı da hesab etmək olar.
Türk tarixinə bir çox fərqli aspektlərdən - tarix, coğrafiya, mədəniyyət, poeziya və linqvistik aspektlərdən özünəməxsus original yanaşmaları ilə tanınan Elxan Zal bu əsərində də bir sıra cəsarətli elmi mülahizələri və dərin məntiqi təhlilləri ilə diqqəti cəlb edir. Elxan Zal xəzərlərlə bağlı öz mülahizələrini bəzi tarixçilər kimi fərziyyələr əsasında təqdim etmir. O Homer, Ktesiy, Herodot, Strabon, Ptolomey, Plutarx, Diodor, Pliniy, Dionisiy kimi qədim dünya salnaməçilərinin yazılarında qədim xəzərlərlə bağlılığı ehtimal edilən bütün ilkin mənbələri araşdırır, ayrı-ayrı mənbələrdə göstərilən faktları qarşılaşdırmaqla müqayisələr aparır və özü ilə bərabər oxucunu da məntiqi qənaətə gəlməyə sövq edir. İskit tayfalarına aid olunan Xəzərlərlə bərabər hunların, sakların, sabirlərin-savromat-sarmatların da tarixi dislokasiyaları, Qara Dəniz və Xəzər dənizi hövzəsində, Şərqi Avropa - Mərkəzi Asiya arealında tarixi yerdəyişmələri geniş və hərtərəfli təhlilə cəlb olunur.
Əsərdəki maraqlı epizodlardan biri də Ktesiy və Herodotun Midiya ilə bağlı nəql etdikləri bir-biri ilə uzlaşmayan tarixi hadisələrin müqayisəsidir. Müəllif sadəcə mətnləri müqayisə etmir, mətnlərdə istifadə olunmuş müxtəlif terminlərin, etnonimlərin, toponimlərin, hidronimlərin linqvistik – fonetik müqayisəsini aparır, fiziki-coğrafi koordinatları dəqiqləşdirir,həmin tarixi dövrlər üçün xarakterik olan siyasi təsisatların iyerarxiyasını araşdırır, oxşar və fərqli, bəzən də eynilik təşkil edən elementləri ayırd edir. İskitlərlə göytürklərin və xəzərlərin qarşılaşdırılması nəticəsində digər qövmlərlə bərabər xəzərlərin də Azərbaycan etnogenezinin formalaşmasında mühüm rol oynadığını ortaya qoyur və Azərbaycan toponiminin “Atropatkan”, “Atropatetena” kimi təhrif olunmuş adlardan deyil, qədim Avesta dilindəki “Xazarvayja” (Xəzər məkanı) terminindən yaranması mülahizəsini irəli sürür.
V. Radlov, M.Artamonov, İ. Dyakonov, Belyavskiy, L.Qumilyov və s. kimi görkəmli yeni dövr tədqiqatçılarının qədim xəzərlər haqında gəldikləri nəticələri saf-çürük edən müəllif yanaşmalardakı ziddiyətləri aşkar edir və konkret tarixi hadisələrin şərhi ilə bağlı öz mülahizələrini irəli sürür.
Xəzərlərin tarixinə təkcə Xəzər İmperiyasınının dövrünə istinadən yox, daha dərindən etno-genetik müstəvidə baxan müəllif özündən sonra zəngin irs saxlamış etrusk, iskit, türk, monqol tayfalarının tarixinə müraciət edir. Çünki xəzərlərin bilavasitə bu mədəniyyətlərlə qarşılıqlı əlaqələrdə olması onda heç bir şübhə doğurmur. Köçəri sivilizasiyaların yaşam tərzi, təşkilatlanma prosesləri, ilkin dövlətçilik elementlərini ayırd etmək, idarəçilik iyerarxiyalarının oxşar və fərqli cəhətlərini üzə çıxarmaqla Elxan Zal bir-birinin davamı olan qədim köçəri sivilizasiyaların rəngarəng mozaikasında xəzərlərin yerini və rolunu dəqiqləşdirməyə çalışır.
Qədim köçəri tayfaların 3 pilləli idarəçilik sisteminin daha sonra 4 pilləli dövlət idarəçiliyi sisteminə təkamülünü və bu proseslərdə müxtəlif soylu tayfaların qarşılıqlı təsir mexanizmlərini araşdırır. Müəllif qədim türklərin 12 tayfa ittifaqından ibarət idarəçilik sistemini təhlil edir və etrusklarda, iskitlərdə, göytürklərdə və xəzərlərdə də cəmiyyətin eyni prinsiplər əsasında strukturlaşmasını və eyni prinsiplər əsasında təşəkkül tapmış tayfa ittifaqlarına malik olduğunu diqqət mərkəzinə gətirir.
Müəllif belə hesab edir ki, bu qarşılıqlı təsir təkcə idarəetmə quruluşlarındakı oxşarlıqla məhdudlaşmır, eyni zamanda tayfaların dini inanclara meyllərində də öz əksini tapir. Tarixdən bizə məlumdur ki, xəzərlər dini inanclarının müxtəlifliyi ilə seçilirdilər. Xristianlıq, islam, iudaizm, şamançılıq və tanrıçılıq xəzərlərin və onların qurduqları dövlətdə məskunlaşan digər xalqların sitayiş etdikləri müxtəlif dinlər olub. Xəzərlərin uzun müddət Ərəb xilafəti və Vizantiya ilə gərgin münasibətlərdə olması isəbu mövzuda yazan bir çox müəlliflər tərəfindən IX əsrə doğru onların daha çox iudaizmə meyllənməsinin səbəbi kimi göstərilir. Bizim eradan əvvəl Midiyada uzun zaman kəsiyində hakimiyyət qurmuş İskitlərin, yəni Xəzərlərlə Barrsillərin başçılıq etdiyi tayfa birliklərinin,həmin ərazidə yaşayan qədim yəhudilərlə qarşılıqlı əlaqələrini təhlil edən müəllif, türksoylu xəzər tayfasının elitasının “yəhudiləşməsini” qədim türklərin imperiya dini olan tanrıçılıqla qədim yahudi tayfaları və onların həzrəti Musadan gələn dini inanclarının arasında dərin keçmişə dirənən bağların olması ilə izah edir.Bildiyimiz kimi, yahudilər xristianlıqda və İslamda olduğu kimi öz dinlərini başqa xalqlar arasında yaymırlar, iudaizmin ehkamlarına görə yalnız etnik yahudilər bu dinə sitayiş edə bilər. Bu baxımdan tarixdə yalnız bircə presendent var ki, türksoylu xəzərlər yahudi dinini qəbul ediblər və bu prosesdə yahudi din xadimləri-xaxam və ravvinlər də fəal iştirakçı olublar. Bununla bağlı Orta əsrlərdən bəri onlarla, bəlkə də yüzlərlə tədqiqat əsərləri yazılıb, amma hələ də iudaizmin xəzərlər arasında yayılması ilə bağlı yekdil fikir yoxdur. Əlbəttə, Xəzər dövləti tarixinin dünya alimlərində belə böyük maraq doğurmasının səbəbləri çoxdur. Zənnimcə, əsas səbəblərdən biri də onların şanlı keçmişi ilə yanaşı, həm də bu dövlətin elitasının bir əsrə yaxın müddət ərzində yəhudi dininə etiqad etməsi olub. Müasir İsrail tarixçiləri arasında da bu fikri dəstəkləyənlər var.Özündən əvvəl bir çox ünlü elm adamlarının bu mövzu ilə bağlı düşüncələrindən sitatlar gətirən Elxan Zal, özü də bu istiqamətdə ortaya yeni mülahizələr qoyur və bu mülahizələri tarixi sənədlərlə əsaslandırmağa çalışır.
Əsərdə diqqət çəkən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, çox tədqiqatçılardan fərqli olaraq Elxan Zal öz axtarışlarında tarixin daha dərin qatlarına enə bilir və qədim xəzərlərin identikliyini müəyyən etməyə çalışarkən hətta Avesta və Bibliya mətnlərinə də müraciət etməkdən çəkinmir. Qədim sivilizasiyalar tarixinin bu günkü elmə məlum olan çoxsaylı mənbələrindən əldə olunmuş məlumatları bir araya gətirməklə müqayisələr aparır və xəzərlərin mənşəyi və sonrakı diferensiasiya və inteqrasiya prosesləri haqqında özünün yeni elmi mülahizələrini irəli sürür. Beləliklə, müəllif çox ölçülü analitik təhlilin və tarixi dərkin komparativ məntiqi ilə xəzərlərin tarix səhnəsindəki yeri və rolu ilə bağlı tarix elmi üçün yeni hesab oluna biləcək nəticələrə nail olur.
Əsərdə yaşadığımız coğrafiyanın və etnogenezimizin formalaşması tarixi ilə bağlı maraq doğuran təhlillər çoxdur və bütün bunlar kifayət qədər cəlbedicidir. Burada təqdim edilən Xəzər-Səlcuq, Xəzər-Macar əlaqələri ilə bağlı fəsillər də böyük maraq doğurur. Onların hamısını qısa həcmli bir yazıda şərh etmək mümkün deyil və belə bir məqsədim də yoxdur. Sadəcə oxuculara bildirmək istəyirəm ki, bütün yüksək elmi məziyyətlərinə baxmayaraq kitab təkcə elmi tədqiqatçılar tərəfindən yox, daha geniş oxucu kütləsi tərəfindən rahatlıqla “birnəfəsə” oxuna biləcək bir dildə yazılıb. Əsərin ilkin nəşrinin rusca yazılmasının əsas səbəblərindən biri isə onun digər dillərə tərcüməsi zamanı lazımsız çətinlinliklərlə qarşılaşmamaq zərurətindən irəli gəlib. Əminəm ki, hər bir oxucu bu kitabı mütaliə etməkdən böyük zövq alacaq və müəllifin fədakar əməyini yüksək qiymətləndirəcək.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
Bu gün “Filumena Marturano” nümayiş olunacaq
Bu gün Azərbaycan Akademik Milli Dram Teatrında yeni tamaşalardan sayılan “Filumena Marturano” tamaşası nümayiş olunacaq ki, tamaşa da italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
Xətai Sənət Mərkəzinin “Çiçəklər”i
Fevralın 1-də Xətai Sənət Mərkəzində “Çiçəklər” adlı etüd keçiriləcək. Bu tədbirdə 15-29 yaşarası rəssamlar iştirak edə bilərlər.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun mediaya açıqlamasına görə, bu etüd Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunacaq.
“İştirak etmək istəyənlər qeydiyyat üçün yanvarın 30-dək Xətai Sənət Mərkəzinin vatsap ünvanına (051 310 74 0) ad, soyad və təvəllüd qeyd etməklə müraciət edə bilərlər. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Texnika və ölçü sərbəstdir”, - deyə Z. Əvəzov söyləyib.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
“Məsləhətim odur ki, tezliklə ərə get...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Səyavuş Aslandır.
SƏYAVUŞ ASLAN
(1935-2013)
***
Musiqili Komediya Teatrının direktoru olduğum vaxtlar idi. Bir tələbə, gözəl qız teatra gəlib aktrisa olmaq istədiyini söylədi. Truppa müdirini də çağırdım, birlikdə qızın oxuduğu parçaya qulaq asdıq. Qətiyyən səsi yox idi, aktrisa kimi də istedadını təqdim edə bilmədi. Başa düşdüm ki, bu da instituta təsadüfən qəbul olunanlardandır.
Qız maraqla soruşdu:
– Hə, nə deyirsiz, Səyavuş müəllim. Nə məsləhət görürsüz?
Dedim:
– Məsləhətim odur ki, tezliklə ərə get, ailə qur…
“Ədəbiyyat və incəsənət”
(25.01.2023)
Azərbaycan hansı turizm sərgilərində təmsil olunacaq?
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən yerli tərəfdaşlarla birgə 2023-cü ilin fevralında Hindistanda “OTM Mumbai” və "SATTE", Türkiyədə "EMITT", İsraildə "IMTM" kimi beynəlxalq sərgilərdə Azərbaycanın turizm potensialının təqdimatı planlaşdırılır.
Dövlət Turizm Agentliyinin məlumatına görə,
ölkəmizin turizm imkanları cari ilin martında Almaniyada "ITB Berlin", Rusiyada "MITT", apreldə Qazaxıstanda "KITF", may ayı ərzində isə BƏƏ-də "ATM Dubai”, Səudiyyə Ərəbistanında "Riyadh Travel Fair" və Almaniyada "IMEX Frankfurt" kimi beynəlxalq turizm sərgilərində tanıdılacaq.
Bu sərgilərdə Azərbaycan milli stendində ziyarətçilərə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə ölkəmizə aid müxtəlif turizm məhsulları, işğaldan azad olunmuş ərazilərin turizm imkanları, qastroturizm, sağlamlıq turizmi, şərabçılıq, mədəni, işgüzar turizm, təbiət, haykinq, eləcə də qış turizmi imkanları və dağ-xizək mərkəzləri haqqında ətraflı məlumat veriləcək.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
Euronews-un versiyasında 2022-ci Ilin Ən yaxşı 3 fotosu - 9 yaşlı fəhlə əfqan qızı
Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim etdik.
Son üç paylaşımda isə ilk 3 yeri tutan fotoları təqdim edirik.
2-ci yer.
Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı kərpic zavodunda ağır işdə çalışan 9 yaşlı qız.
Foto: Ebrahim Noroozi/AP Photo
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
Kitabxanalarımızdan Hüseyn Cavidin və Hacı Zeynalabdin Tağıyevin yubileylərinə töhfələr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair, böyük dramaturq Hüseyn Cavid, bir də Azərbaycan milyonçusu, xeyriyyəçi, ictimai xadim, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev. Hər ikisinin yubileyi gündəm təşkil edir.
Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçib və özündən sonra ölməz əsərlər qoyub gedən söz ustasıdır. Bütün yaradıcılığı boyu xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri xeyrin qələbəsinə öz sənətkar töhfəsini verən ədibin anadan olmasının ötən il 140 ili tamam olub.
Bu məqsədlə Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Hüseyn Cavid” adlı biblioqrafiya hazırlayıb.
1904-2022-ci illəri əhatə edən vəsaitdə ədibin kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunan əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapıb. Həmçinin xarici dillərdə və dünyanın aparıcı kitabxanalarında mühafizə olunan əsərləri və haqqında ədəbiyyatın biblioqrafik təsvirləri də vəsaitə daxil edilib.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/H.Cavid.bib.pdf linkindən istifadə edə bilərlər.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası isə Hacı Zeynalabdin Tağıyevin 200 illiyi münasibətilə virtual sərgi hazırlayıb. Bu virtual sərgidə Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyəti, inşa etdirdiyi mədəniyyət, elm, təhsil, səhiyyə müəssisələri, Azərbaycanda mətbuat işi sahəsində gördüyü işlər haqqında geniş məlumat verilib. Materialda Hacı Zeynalabdinin elm, mədəniyyət, təhsilin zəruriliyi haqqında söylədiyi dəyərli fikirlər, layiq görüldüyü təltif və mükafatlar da yer alıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Hacı Zeynalabdinin xatirəsinin əbədiləşdirilməsi – Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Bakıda heykəlinin ucaldılması, adına ev muzeyinin olması haqqında məlumatlar da əks olunub. Virtual sərgidə milyonçunun həyat və ictimai fəaliyyətindən bəhs edən “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”, “Azərbaycan milyonçuları”, “Allahın eşqi ilə”, “Savadlı millətin təməli-savadlı qadın (H.Z.Tağıyevin Bakıdakı qızlar məktəbi)” adlı Azərbaycan, rus və ingilis dillərində olan kitabların biblioqrafik təsviri verilib.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)
Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir
Yazıçı və cəmiyyət. Təbii ki, cəmiyyətdə baş verənlərə yazıçı reaksiyası həmişə obyektiv olur və maraqla qarşılanır. Tarixi romanlar müəllifi Yunus Oğuzla bugünkü müsahibə də ədəbiyyat barədə yox, siyasi gündəm barədədir.
-Yunus bəy, İsveçdə Qurani-Kərimin yandırılmasının kökündə hansı amillər durur?
-Məlum olduğu kimi Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyini irəli sürüb. Söhbət ondan gedir ki, Ərdoğanın bu mükafata namizədliyi Türkiyədə prezident seçkisi öncəsi irəli sürülüb. Bu o deməkdir ki, Ərdoğan Nobel Sülh mükafatı almaqla birbaşa prezident seçilir. Bax, Quranı ona görə yandırıblar. Nəzərə almaq lazımdər ki, Nobel Sülh mükafatını İsveç verir. İsveçdə fikirləşirlər ki, Quranı yandırmaqla seçkilərə təsir göstərirlər. Guya, Quranın yandırılmasından Ərdoğan hirslənəcək, İslamafob aurası yaradacaqlar və bütün Avropanı Ərdoğanın üstünə yönəldə biləcəklər. Bu məsələdə oyun Ərdoğanın üzərində qurulub ki, o, prezident seçilməsin. Çünki Avropa bunu istəmir, xüsusən, İcveç və Finlandiya. Ona görə ki, Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qadağa qoyub. Ola bilsin ki, Finlandiya NATO-ya daxil olsun, amma İsveç kənarda qalacaq. Düşünürlər ki, belə bir şəraitdə sülh carçısı olan Ərdoğana seçkiöncəsi Nobel mükafatı vermək olmaz. Avropaya Ərdoğan kimi inadkar, istədiyini edən yox, onlara qulaq asan, Avropa və Amerikanın istəklərini həyata keçirən prezident lazımdır. Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan dedi ki, biz hakimiyyətə gəlsək, Bayraqdara da əl gəzdirəcəyik. Əslində bu açıqlama ilə Ərdoğanın reytinqini artırdı və bu reytinq artmaqda davam edir. Ona görə çalışırlar ki, Ərdoğana Nobel mükafatı verilməsin. Ərdoğan bundan əsəbləşsin və Türkiyədə antiAvropa hərəkatı başlasın. Onlar da dünyaya göstərsinlər ki, Türkiyədə Avropanı sevmirlər.
Bir məsələ də maraqlıdır ki, niyə İran Quranın yandırılmasına reaksiya vermir. Niyə Ərəb ölkələri mövqelərini ortaya qoymurlar? Quran təkcə Türkiyənin deyil ki? Belə məlum olur ki, bu dövlətlərə deyiblər ki, sizlik bir şey yoxdur, bütün oyunlar Ərdoğanın başındadır. Ərdoğana mesaj verilir ki, sən İsveçə gəlib Nobel mükafatı ala bilməzsən. Guya, Ərdoğana Nobel mükafatı verilməsə dünya dağılacaq? Ərdoğan onsuz da liderlik, sülh, barışıq missiyasını həyata keçirir. Artıq Ərdoğan faktiki olaraq dünya liderinə çevrilib. Hazırda dünyada lider yoxdur, nə Bayden, nə Makron, nə də Şolts liderlik edə bilmirlər. İngiltərədə özlərində lider tapa bilmədilər, hindistanlını baş nazir qoydular. Ərdoğan isə Nobel mükafatı alsa, dünya liderliyi təsdiq olunacaq.
-Vardanyanın özünüifşa müsahibəsi bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi. Sizcə, jurnalistin sualları qarşısında çətin duruma düşən Vardanyanın açıqlamaları əslində nəyə hesablanmışdı?
-Əslində jurnalist Vardanyana maraqlı sual verdi ki, sən Qarabağda nə gəzirsən, sənin missiyan nədən ibarətdir? Regionda proses sülhə doğru gedirdi, amma sən gəldin aranı qatdın. Nəzərə almaq lazımdır ki, Vardanyan təkcə Rusiyaya işləmir, o, beynəlxalq mafiyanın üzvü olduğuna görə, razılığını alıb. Beynəlxalq mafiyanın isə dövlətlərə çıxışı asandır. Bu baxımdan Vardanyan fikirləşir ki, Qarabağ məsələsində Rusiyanın sülhməramlılarını bölgədə saxlamaq lazımdır. Paşinyana isə bu lazım deyil, o artıq Rusiyadan tamam üz döndərib, Avropa İttifaqının əli ilə iki yüz müşahidəçi gətirir. Məsələ orasındadır ki, bu müşahidəçiləri hara yerləşdirəcək? Axı hələlik sərhədlər müəyyən edilməyib, delimitasiya işləri aparılmayıb. Belə halda Azərbaycan tərəfi beynəlxalq aləmə xəritə təqdim edə bilər ki, müşahidəçilər bizim ərazimizdə yerləşdirilib. Əgər verilən vaxtda ərazimizi tərk etməsələr ordu yeridiləcək. Əslində bu, Azərbaycanın xeyrinə işləyir. Digər tərəfdən, Rusiya bunu Paşinyana bağışlamayacaq. Ermənistanın bütün təhlükəsizlik, sərhəd məsələlərinə Rusiya nəzarət edir, bütün strateji məhsullar rus iş adamlarının əlindədir, üstəlik 102-ci bazası orada yerləşir. Görün, Rusiya nə qədər zəifləyib ki, Ermənistan onun başı üzərindən iki illik müşahidəçi missiya gətirir. Əslində Vardanyanın niyyəti Ermənistanın baş naziri olmaq idi, lakin bizim ekofəalların aksiya məsələsini hesablaya bilmədi. Erməni əhalisi onun araqarışdırmaq fəaliyyətini yaxşı başa düşür, ona görə də onu istəmir. İndi Vardanyan haça-paça olub, qalıb ortalıqda. Paşinyan iki yüz nəfərlik müşahidəçini Vardanyan, həm də 102-ci bazanın çevrilişinə görə gətirdi. Bütün sadalananlara baxmayaraq, bölgədə hansı proses gedirsə hamısı bizim xeyrimizədir. Biz sadəcə səbirli olmalı, lazım gələndə ordumuzu hədəfə yönəltməliyik. Hazırda Rusiya ilə Qərb arasında gedən dava da bizim xeyrimizədir.
-Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərar nəyə hesablanıb?
-Avropa Rusiyaya qarşı on paket sanksiya qəbil edib, on birinciyə hazırlaşır. Bəs, bu sanksiyalardan Ermənistana qarşı niyə tərbiq etmir? Ermənistanın adı gələndə bütün məsələlərdə birləşirlər. Axı, Rusiyanın xarici banklarla əməliyyatları ən çox Ermənistan üzərindən aparılır. Məlum olur ki, Ermənistana qarşı münasibətdə xristian həmrəyliyi yox, dövlət maraqları nəzərə alınır. Məsələ orasındadır ki, Qafqazda geopolitika dəyişməlidir. Bu məsələdə Azərbaycan öz yerində durur, Ermənistanın isə yeni geopolitik düzəndə yeri yoxdur. Ona görə bütün prosesləri Ermənistan üzərindən etməyə çalışırlar ki, guya bu ölkə vacib bir əhəmiyyət daşıyır. Əslində isə Cənubi Qafqazda mühüm rolu Azərbaycan və Gürcüstan oynayır. Proseslərdən kənarda qalan Ermənistandan bir açar-kilid kimi istifadə etməyə çalışırlar ki, o da alınmayacaq. Avropa Parlamenti də məhz bunun hesabatını etmək istəyir. Ermənilərin işığı kəsilib, qazı yoxdur, bunun Azərbaycana nə dəxli var? Onların kommunal təminatı Yerevan tərəfindən həyata keçirilir. Bu baxımdan deyilən humanitar fəlakətin Azərbaycana aidiyyatı yoxdur. Qarabağda ermənilərin sayı deyildiyi kimi 120 min yox, ermənilərin özlərinin etiraf etdiyi kimi 40 mindən artıq deyil. Onların da böyük əksəriyyəti başa düşür ki, başqa çıxış yolu yoxdur və müxtəlif yollarla Qarabağı tərk edirlər. Bu Azərbaycan diplomatiyasının müharibəsiz qələbəsidir. Fransada da bir milyon nəfər aksiya keçirdi, Azərbaycanda da demokratiyadır, ekofəallar aksiya keçirirlər. Vardanyan da çaş-baş qalıb. Əslində ekofəalların Xankəndi-Laçın yolunda aksiya keçirmələri Vardanyanın, hətta bəzi ölkələrin bütün planlarını pozdu. Avropa Parlamenti də planlar pozlduğuna görə, belə məsələləri gündəmə gətirir.
-Anna Akopyanın İrana səfəri İrəvan -Tehran münasibətlərinin daha da yaxınlaşmasına dəlalət edirmi?
-Anna Akopyan 2020-ci ilin may ayında Mehriban xanıma mesaj göndərmişdi ki, Azərbaycan bayrağı Şuşada o vaxt ucala bilər ki, Qarabağın da bayrağı yanaşı dursun. Azərbaycan bayrağı Şuşada qalxdı, amma Xankəndinin bayrağı orada yox idi və yəqin ki, bundan sonra da olmayacaq. Məsələ orasındadır ki, Tehran artıq Ermənistanın qırmızı xəttini özünün qırmızı xətti hesab edir. Çox gözəl, yəqin ki, dövlət maraqları var. Ancaq Quranı yandırılar sən dinmirsən, deməli xristian təəssübkeşlyin var. Bu təəssübkeşlik atəşpərəstliyə gedib çıxır. İranın belə fəaliyyəti İslamı gözdən salır. İranda yalnız dövlətin adında İslam sözü var, qalan heç bir fəaliyyətində İslam yoxdur. Bizdə isə İslamı dərindən sevirlər, bu isə genetik yaddaşla gəlir. İran Ermənistana silah, bizə isə patı göndərir. Anna Akopyanın İrana səfəri deməyə əsas verir ki, Tehranla Yerevan təzə bacı olublar. Düşünürəm ki, gələcəkdə regionda geosiyasi vəziyyət çox dəyişəcək. Artıq bu proses gedir və gələn ilin sonunda bitməlidir. O vaxta qədər, İran qalacaq, Emənistan qalacaq, yoxsa Rusiya, bunu bilmək olmur. Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)