Super User

Super User

Azərbaycanlı bəstəkar və pianoçu Riad Məmmədov SOUND UP aktual musiqi festivalında iştirak edib. 

 

Festival martın 24-də Moskvada keçirilib. Bu tədbir musiqidə yeni səslər və ideyalarla maraqlananlar üçün unikal konsertlər silsiləsidir. Riad Məmmədov öz pyeslərini və Vaqif Mustafazadənin əsərlərini ifa edib. 

AzərTAC xəbər verir ki, musiqiçi, həmçinin aprelin 4-də Moskvadakı İqor Butman caz klubunda öz triosu ilə birlikdə caz proqramı ilə çıxış edəcək. Proqrama Azərbaycan caz-muğamı və bəstəkar-pianoçunun müəllif musiqisi daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Bazar ertəsi, 27 Mart 2023 16:00

Günün fotosu: canavar basqısı qorxu yaradıb

Günün fotosu: canavar basqısı qorxu yaradıb

 

 

 

Canavarlar Avstriya və Sloveniyanın sərhədyanı bölgələrinin əhalisini qorxu və vahimə içində saxlamaqdadır. 

 

Ötən il Karintiya regionunda əvvəlki ildəkindən 4 dəfə çox mal-qara tələf olmuşdur. Sloveniyalı fermer Matiya Yuvan göz yaşları içində canavarlar tərəfindən parçalanan onlarca heyvanın birkalarını nümayiş etdirərək deyir: Dövlət bizə kompensasiyanı birka hesabı verir. Amma çox heyvanın heç birkasını da tapa bilmirik. 

 

Fotonun hüququ: Matija Juvan /AP

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: İnkişaf Perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində  “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçiriləcək. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumda  iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayev dünyanın elmi reytinqini təyin edən  başlıca şirkət – Scimago institution ranking-in 2022-ci ilin reytinqini elan etməsinə həsr etdiyi qeydlərini dərc edir.

 

Biz AMEA-nı dirildə bilmirik, gözümüz önündə daha da ağırlaşır, heç bir təcili yardım, süni nəfəs təsir etmir... Deyəsən həyətdə su qaynadırlar, haradasa yer qazırlar...

 

AMEA 6408- ci yerdə "şaqat" edir,  8084 elmi tədqiqat təşkilatı sırasında...

Bu sadəcə fəlakətdir, bəlkə də uçurumun qırağında gözüyumulu yallı getməkdir.

Bir neçə gün əvvəl dünyanın elmi reytinqi təyin edən  başlıca şirkət – Scimago institution ranking 2022-ci ilin reytinqini elan etmişdir. Şirkət dünyadan  cəmi 8084  elmi tədqiqat təşkilatı təhlil etmişdir. Nəticələr bütün müsəlman ölkələri üçün, xüsusilə Türk dövlətləri üçün daha acınacaqlıdır, müşahidə olunan mənzərə böyük təhlükədən xəbər verir. 

Azərbaycan elm ocaqlarının - 8 təşkilatın dünya üzrə 8084 təşkilat arasında reytinqi

 

1 (3932) UNEC

2 (4538) Azərbaycan Universiteti

3 (5747) Milli Nüvə tədqiqatları İnst

4 (6092) Riyaziyyat və mexanika  institutu

5 (6408) AMEA

6 (7377) Fizika institutu

7 (7399) BDU

8 (7434) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Bazar ertəsi, 27 Mart 2023 13:15

Dədə Ələsgərin 202 yaşına

Sevilən şair Ramiz Qusarçaylı Dədə Ələsgərin 202 illiyinə həsr etdiyi şeirini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir

 

Haqq aşığı, Sözün, Sazın övliyası, yaşı min illərə sığmayan Dədə Ələsgərin 202 yaşı tamam oldu. 203 yaşında Ağkilsədə görüşək, ustad!  

 

Nə sazdı, nə sözdü, nə də aşıqdı,

Nə mağar, nə düyün, nə yaraşıqdı,

Allahın taxtından gələn işıqdı,

İşığın taxtında şahdı Ələsgər.

 

Hər beyti ayədi, hər sözü kəlam,

Açması önündə dilsizəm, lalam,

Sənətdə peyğəmbər Əleyhissəlam,

Dəryada tufandı, Nuhdu Ələsgər.

 

Yerin pərdəsidi, göyün simləri,

Əritdi canında çox tilsimləri,

Dolaşır İlahi mərasimləri

Kükrəyən, çağlayan ruhdu Ələsgər.

 

Sehri çox mələklər ötən eşqinin,

Arazda, Samurda itən eşqinin,

O taylı, bu taylı Vətən eşqinin

Göyçə dodağında ahdı Ələsgər.

 

Kitablar bağlanıb Hürr savaşından,

Zirvələr dizinnən, bulud qaşından,

Adına pir tikin məhək daşından

SafAğdı, OdƏrdi, Bağdı Ələsgər.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Bazar ertəsi, 27 Mart 2023 15:00

Sevilir…

“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun “Ad gününüz mübarək, İlhamiyyə xanım” yazısını təqdim edir

 

Sevilir. Buna əsas səbəb, peşəkarlığı ilə yanaşı, Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsidir. Onun bircə dəfə də olsun, birlikdə apardıqları televiziya verilişində həyat yoldaşının sözünü kəsdiyinin şahidi olmamışam, hətta veriliş boyu ömür-gün yoldaşı onun söylədiklərini yarımçıq qoyanda belə heç bir irad bildirmir. Burada adamın yadına köhnə zamanların əsl azərbaycanlı ailəsinə xas olan milli dəyərlər düşür. Bilirəm, məni qınayanlar da tapılacaq, amma bu dəyər doğmadır, əzizdir. Necə deyərlər, baba və nənələrimizdən miras qalıb. Bax, məhz milli ənənələrimizi yüksəkdə tutduğu üçün insanların ürəyinə yol tapa bilib. Əlbəttə ki, söhbət İlhamiyyə Rzadan gedir...

 

Deyir ki- “Uzun zamandır ki, birlikdə veriliş aparırıq. Bir də görürsən ki, verilişdə ancaq özü danışır. İmkan vermir ki, mən də mövzu haqqında nəsə söyləyim. Əvvəllər susub-susub birdən partlamağım olurdu, amma indi buna adi hall kimi baxıram. Bir dəfə yadıma gəlir ki, Həmid mənə danışmağa imkan vermədi. Əslində, bu, normaldır. Amma həmin vaxt doğrudan da dəhşətli dərəcədə ağ elədi. Nə vaxt ağzımı açdımsa, sözüm ağzımda qaldı, Həmid danışmağa başladı. Bir neçə dəfə belə edəndən sonra elə efirdə dedim, Həmid, daha mən danışmayacam, sən danış, mən qulaq asım. Onda Həmid ayıldı ki, çox ağardıb. Sözünü deyib bitirəndən, o mövzuda deyiləcək bütün sözləri deyəndən, fikrini tamamlayandan sonra mənə dedi ki, buyurun, İlhamiyyə xanım, deyəsən axı siz də nə isə deyəcəkdiniz...”

 

Möhkəm iradəli, səbirli, səmimi, eyni zamanda təmkinli xanımdır. Özünü isbat edərək adamların rəğbətini qazanmağı bacarır. Etik normalara ciddi riayət edir. Onun üçün abır-həya insana xas olan ən müsbət xüsusiyyətlərdən biridir...

 

 Deyir ki- “Bizim vaxtımızda söyləyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə adama səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Lakin vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. İndi isə misal üçün müsahibəyə gedəndə, yaxın adamlar mənə deyirlər ki, çalış, çox səmimi olma. O vaxt müğənnilərin, sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. İndi isə əksinədir, adamın məişəti, ailəsi, həyat tərzilə də maraqlanırlar...”

 

 Bəli, haqqında söhbət açdığım İlhamiyyə Rza insanlar arasında səmimiyyətin, sevginin get-gedə azaldığından gileylənsə də, içindəki insan sevgisi hələ də onu tərk etməyib. “Sağlam həyat uzmanları hər şeyi deyir, bircə bundan başqa: çox yaşamaq, özü də ağrı acısız yaşamaq istəyirsinizsə, xeyrə, ədalətə, sevgiyə, dostluğa olan inamınızı itirməyin.”- söyləyir...

 

Martın 26-sı, baharın bir xoş günündə dünyaya gəlib və yaradıcılığı ilə qoca dünyamıza yaz təravəti gətirib. Doğum günü münasibəti ilə İlhamiyyə xanımı təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Bazar ertəsi, 27 Mart 2023 13:00

Qarşıda bir uzun yol var

“Ədəbiyyat və incəsənət” portalı Rəsmiyyə Sabirin növbəti yaradıcılıq hesabatı –“Zindan sevinci” adlı son kitabı barədə Arif Fərzəlinin resenziyasını təqdim edir

 

 

Yaxşı tanıdığın, yaxşı kimi tanıdığın şairdən gözləntin həmişə böyük olur. Bəlkə, elə buna görə poeziyamızda özünə məxsus cığırla illərdir enişsiz irəliləyən Rəsmiyyə Sabirin növbəti yaradıcılıq hesabatını – “Zindan sevinci” adlı son kitabını açarkən daxilimdə xəfif bir nigaranlıq var idi. Xoşbəxtlikdən çox tez, elə ilk misraların işığındaca əriyib getdi bu nigaranlıq, rahatlıqla, məmnunluqla əvəzləndi.

Səhifədən səhifəyə keçdikçə eynən əvvəlki qıvraq, azadə üslubla qarşılaşdım. Yenə həmin səliqə-sahmanın, mövzuya doğru yöndən yanaşmanın, sözlə yumşaq rəftarın, məzmunu formaya tam oturtmaq, yersiz məcazlardan, əndazəsiz mübaliğələrdən yayınmaq bacarığının şahidi oldum. İrili-xırdalı hər şeirində bir az da püxtələşmiş, daha yetkin Rəsmiyyə Sabir gördüm...

Kitab klassik divan tərzində, amma bir yox, altı minacatla başlayır. Və hamısında oxucu zövqünə sarı çətin səfər niyyətində uğur ricasından daha qabarıq, fərdi ağrıları doğuran ümumi əskikliklərdən qurtuluş diləyi var:

 

“...Soyuyur insanların,

Yaxılıram, İlahi!”


“...Qoyma bu dərdi-kədəri,

Qoyma məni yeyə, Allah!”


“... Ürəyim ağrıyır, Tanrım,

Dünya boyda

dərd daşıyan ürəyim.”


“...İçi cah-cəlallı cahan vermisən,

Durub seyr edirəm gendən, İlahi!”

 

Allahın insana ən böyük bəxşişi Vətən sevgisidir. Sənət əhlinin xoşnaxışlığı ondadır ki, bu hissi yalnız öz varlığında yaşamır, təkcə quruca dillə yaxın ətrafa bildirib dayanmır, rəssam çəkdiyində, memar tikdiyində, bəstəkar nota köçürdüyündə duyğularını geniş kütləyə, ictimaiyyətə yetirir. Şair də şeirləri ilə oba-oba, el-el bəyan edir doğma yurda məhəbbətini:

 

“...Hər qarış torpağın müqəddəs, əziz,

Ölsək belə, səni yaşadırıq biz...”


“...Bir ölüb, min dirilərik,

Səni yaşadarıq biz,

Vətən!..”

“... Anamın sinəsi torpaq,

Köksün üstə baş qoyuram...”

 

Xalqımızın çoxillik Qarabağ həsrətini, yenidən ona qovuşmaq istəyini dolğun şəkildə ifadə edən “Bağışlama bizi, Vətən” adlı şeirinin Rəsmiyyə Sabirin yaradıcılığında xüsusi yeri, onun şair kimi qəbul olunmasında xüsusi rolu var:

“...Səni əsir ikən qoymuşuq darda,

Cəngavər ruhumuz hardadır, harda?

Qoynuna gəlmədik, of, bu bahar da,

Bağışlama bizi, Vətən!..”

 

Gəldik, cəngavər ruhumuzla gəldik. Hər bahar qoynuna gül dəstəsi ilə gələk deyə, bir payız qılıncla gəldik. Düşməndən qisasımızı alıb torpaqlarımızı, qürurumuzu geri qaytardıq...

Əsl şeir həyatdan qopmur, hədəflərini dəyişə-dəyişə, döyüşə-döyüşə zamandan zamana addayır... Hələ İrəvanın, Təbrizin “Quşlardan alırıq səs-sorağını”. Onları quzğunlar caynağından saldırmasaq, “Bağışlama bizi, Vətən!..” Bu gün arxa cəbhədə monopolizmlə, rüşvətlə, süründürməçiliklə savaşa qalxmışıq. Köklərini dibdən kəsməsək, “Bağışlama bizi, Vətən!..”

Şeiriyyətin təməl daşı axtarış, yaraşığı orijinallıqdır. Təzə fikirlər tapıb təzə naxışlar vurmalısan. Bundan ötrü isə istifadə edəcəyin sözləri yoğurub, şəkildən-şəklə salıb poetik kəşfə çevirməlisən:

 

“...Ürəyim kabab olunca

Qəm yığışır iyə, Allah!..”


“...Atamın əlləri saxlayır

təməli uçuq Yer kürəsini...

 

“Kəsilmiş qollardakı zəncirlərin cingiltisi,.. şikəst ayaqların addım səsi,.. içində yıxılan adam...” Belə gözlənilməz ifadələrin zənginliyi ilə Rəsmiyyə Sabir öz lirikasına bədii güc qazandırır.

Eyni zamanda qarşılaşmalar aparıb təzadlar qurunca şeirlərində dinamikliyi artırır:

...İçim, çölüm od içində,

Üşüyürəm niyə, Allah?!


“... Bundan sonra

bir qızın

arzusu yox,

yuxusu çin çıxacaq,

 

Şəhidim!..”
“...Qara günlərin xanımı

ağsaçlı anam...

Ağ geyinib

qara torpağa qarışdı...”

 

Rəsmiyyə Sabir dili mükəmməl bildiyindən, yeri gəldikcə, qrammatik imkanlardan da yararlanır və bu onun şeirlərinə çeviklik gətirir:


“...Dərdim üst-üstə gəlir,

Çıxılıram, İlahi!..”

 

Burada riyaziyyatdakı toplama, çıxma əməlindən söhbət getmir, yüklər – qayğılar, ağrılar, itkilər çoxaldıqca ömrün qısalmasına işarə vurulur. Yaxud  “Yer kürəsinin üstündə deyil, Sözümün üstündə durmuşam...” – deyəndə müəllif dayanmağı, qərarlaşmağı yox, dönməzliyi, mətinliyi nəzərdə tutur...
Rəsmiyyə Sabir bütün yaranmışları öz yaxını, simsarı bilir, doğması, əzizi hesab edir. Onlarla dərdləşir, onların dünyadan vaxtsız gedişinə qəlbən acıyır:

“...Mənim dərd bacım oduncaq,

sən ağac kimi yandın,

mən adam kimi,

tüstü ruhlarımız qarışdı...”


“...Zərli kəpənəklərin

Ölümünə ağladım...”

 

Beləcə, səriştəsini, peşəkarlığını, fitri istedadının üstünə gəlib şeirlərinin daha oxunaqlı alınmasına çalışır. Usandım  demədən üzü bitkinliyə irəliləyir:

“Hələ ki qarşıda bir uzun yol var,

Ömür də dumana, sisə düşəcək.

Tale bazarında bəxt paylananda

Mənim də payıma nəsə düşəcək..

.

“Nəsə” niyə, Rəsmiyyə xanım?! İnanırıq ki, alın yazın və yazdıqların birləşib yaradıcılıq fəaliyyətinə layiqli qiymət, şəxsiyyətinə sayğı gətirəcək...

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.

 

Beləliklə 13-cü qayda.

 

Uğurun sizinçün nə olduğunu anlayın!

 

«Şəxsən mənim üçün uğur qazandığım pulun miqdarı deyil, məşğul olduğum işi necə sevməyimdir! Öz işindən tüklərin biz-biz durana qədər misilsiz həzz ala bilirsənsə, bax bu, əsil uğurdur».

 

Əvvəlki qaydalar bunlar idi:

Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci yarımqayda: heç vaxt pulunuzu itirməyin. İkinci yarımqayda: heç vaxt birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

Qətiyyətli olun!

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

Həmişə hər şeyin perspektivinə diqqət edin

«Həmişə öz növbəti gedişinizi və ondan sonrakını qiymətləndirin. Ətrafınızda baş verən şeylərə adekvat baxmağa çalışın. Belədə çox şey əldə edəcəksiniz».

 

 

 “Ədəbiyyat və incəsənət”

(27.03.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Debütdür, Ilahə Abbasovanın şeirləri ilə tanışlıqdır.

 

 

 

DEBÜT

 

 

İlahə ABBASOVA

 

 

YASƏMƏN ƏTRİ

 

Bir hekayə yazmalıyam mən –

Yasəmən ətri verən...

Oxumalısan sən,

Sevməlisən,

Gizlədə bilməyib duyğularını,

Unudaraq soluna qalib gələn sağını,

Üzdə bir az hüznlə,

Təmiz bir təbəssümlə

                     gülməlisən...

 

Düşünməlisən...

Qara qaşlarını çatıb,

Gözəl gözlərini qısıb,

Bəlkə də, sonuncu dəfə

               məni düşünməlisən...

 

Bir hekayə yazmışam mən –

Yasəmən ətri verən...

Oxumamısan sən,

Sevməmisən...

 

 

MƏNİ SƏNSİZ DÜŞÜNMƏ

 

Bir meşə düşün,

      Ağacsız... Quşları nəğməni unutmuş.

Bir dağ düşün,

      Dumansız... Çayları axmağı unutmuş.

Bir dəniz düşün,

      Dalğasız... Balığı üzməyi unutmuş.

Bir sahil düşün,

      Qumsuz... Küləyi əsməyi unutmuş.

Bir səma düşün,

      Buludsuz... Yağışı yağmağı unutmuş.

Bir körpə düşün,

      Gülüşsüz... Ya da ağlamağı unutmuş.

Bir dünya düşün,

      İnsansız... Günəşi doğmağı unutmuş.

Bir də məni düşün,

      Sevgisiz... Nəfəs almağı unutmuş.

Yox...

Məni sevgisiz düşünmə,

Səssiz, nəfəssiz düşünmə,

Ruhu bədənsiz düşünmə.

Sənsizlik öldürər məni,

Öldürürsənsə, tam öldür,

Ölünü kəfənsiz düşünmə,

Gəl məni sənsiz düşünmə...

 

 

YANIMDA OL

 

Xəstəlik kimisən, əzizim,

Yoluxmaq istəyirəm sənə...

Qanım çəkilsin, üzüm solsun,

                amma yanımda ol...

 

Sən torpaq kimisən, əzizim,

Səndən gəlmişəm sanki.

Qayıtmaq istəyirəm sənə...

Nəfəsim kəsilsin, sonum olsun,

                amma yanımda ol...

 

 

DÖZÜR QADIN

 

Baxır qadın...

Gözlərində bir hüzn var,

      keçmişinə baxır qadın...

 

Qarışıb duyğu selinə,

      acı bir göz yaşı olub,

      yad gözlərdən axır qadın...

 

Alışıb bu qaranlığa,

       məna tapıb,

       boş rənglərdən qaçır qadın...

 

İnsanların xaosunda

       tək qalır qadın...

İzdihamdan sıxılaraq

       özünü axtarır qadın...

Xatirələr tonqal olur,

       yanır qadın...

Dərd küləyi dərman olur,

       sönür qadın...

Yaşamağa səbəb tapmır,

Hamı deyir: “ölür qadın”.

Amma ölmür, dözür qadın.

 

 

HEYKƏLLƏRİN RƏQSİ

 

Bir xəyal qur,

Gizlət hamıdan,

Lap qırxlı körpəni bədnəzərdən qoruyan kimi...

Bir xəyal...

Yıxmağa əlin gəlməsin.

 

Bir dilək tut,

Bildirmə özünə,

Lap təmiz... məsum... dərin.

Bir dilək...

Diləməyə dilin gəlməsin.

 

Bir dua yerləşdir köksünə,

Bir varlığın xəbər tutsun,

Bir də səni var edən,

Bir dua...

Lap içdən... məhrəm... gizlin.

 

Bir mahnı dola dilinə,

Sözləri zildən söylənməsin,

Bir az bəmdən... həzin.

Bir mahnı...

Bütün heykəllər rəqs edə bilsin.

 


“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.