Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında Sumqayıtda yaşayıb-yaradan şair Lilpar Cəmşidqızının daha 4 qəzəlini təqdim edəcəyik.

 

 

 

Bivəfayə yalvardım, yol gələndə hicranım.

Bir vərəqdə səhv olmuş, yar əlində ünvanım.

 

Dərd əlində can verdim, gözlərimdə bir həsrət,

Gülməyibdi rüxsarım, qəm çəkəndə cananım,

 

Yar vurubdu köksümdən, hər atanda müjganın,

Oxlayanda sinəmdən, yarələndi bir canım.

 

Xanə tikdim, Allahım, pəncərəmdə gül bitsin,

Nalə etsə bülbüllər, qürrələnməz eyvanım.

 

Ömrü aldım illərdən, dən səpəndə tellərdən,

Mənzilimdə yatmışdım, yol gedəndə karvanım.

 

Yar dolandı bəxtimdən, gəldi keçdi qəlbimdən,

Gözlərimdə nur olmuş, mən görəndə Sultanım,

 

Bir qələmdi bir dəftər, əllərində Lilparın,

Bir gəzəlxan ömründən pay veribdi Rəhmanım.

 

 

***

 

Sevinməz bu könlüm, o hicran gələrsə,

Günüm qarə olmaz, bu bəxtim gülərsə.

 

Yanan könlümün görmədin yox əlacı?

Susar dərdi qəlbimdə, bir gün ölərsə.

 

Deyirlər ki, insaf da olmaz gözəldə,

Verərsənmi bir canı, canan dilərsə?

 

Bəşərdir əziyyət çəkən tək cahanda,

Xudadən gələr sehri bir gün bilərsə.

 

Mənim xəstə könlüm, bir axşam da gözlə,\

Çoxalmaz bu həsrət, o yarım bölərsə.

 

Çağırsam, səsim tez çatarmış o yarə,

Tökülməz gözümdən axan yaş, silərsə.

 

Bu Lilpar nə görmüşdü, ondan da yazdı,

Yazar çox qəzəllər, bir az dincələrsə.

 

 

***

 

Həsrətin yaman öldürür məni,

Vermisən nədən böylə qüssəni?

 

Köynəyin solub, köhnəlib, gözəl,

Yar gəlib görər, açma düyməni.

 

Oynayan bulud Göydə çarpışar,

Örpəyin salar zirvənin çəni.

 

Qartalın gözün bağlamaz duman,

Qıy çəkər gələr, görsə zirvəni.

 

Bülbülün qəmin xar bilərsə gər,

Tez gəlib sarar nazlı qönçəni.

 

Gün doğan zaman parlayar Günəş,

Çöldə rəqs edər sünbülün dəni.

 

Gül- çiçək təkin ömrü tez solar,

Lilparın əgər varsa düşməni.

 

 

***

 

Neyçün, ey dil, bu həsrətdən ölürsən?

Yol çəkəndən səmər yoxdur bilirsən.

 

İstəmişdin gözümdən yaş tökülsün,

Ölməmişdən məzarımdan gəlirsən.

 

Çıxmayırsan yuvandan sən haçandır,

Gözləməkdən yoruldun, dincəlirsən?

 

Vurnuxursan, yerimdən tərpənəndə,

Sol tərəfdən yanır köksüm, dəlirsən.

 

Ayrılıqdan haçan çəksəm kədər-qəm,

Ağladırsan, fələk, gendən gülürsən.

 

Mən nə etdim, sənin dərdin nədir de?

Mənli mənsiz nə vermişdin bölürsən.

 

Sözlərindən xeyir görmür bu Lilpar,

Gözlərindən daşır qəmlər, silirsən?

 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

 

Şəkildə gördüyünüz bu rəsm əsərinin əsas özəllikləri nədir? Bu suala cavab vermək üçün ümumən Pikasso yaradıcılığına bələd olmaq lazımdır.  Həm rəssam, həm qrafik, həm heykəltaraş və həm də dizayner Pablo Pikasso özünün qeyri-adi əsərləri ilə əvvəlcə tamaşaçıları heyrətləndirib, daha sonra XX əsrin bütün rəssamlıq dünyasına öz böyük təsirini göstərib. O, insanı bir araya yerləşdirilmiş müstəvidən təsvir edərək, kubizmin banisinə çevrilib. Elə bu başıdəfnə yarpaqlı kişi də bu müstəvidən təsvir edilməyibmi? 

 

“Ədəbiyyat və incəsənət” “Forbes” dərgisinə istinadla xəbər verir ki, “Christie’s” hərrac evində bu yaz keçiriləcək satışlarda ən yaxşı lot Pablo Pikassonun həmin bu  “Başında dəfnə çələngi olan kişi” əsəri olacaq. 1969-cu ildə yaradılmış bu əsərin hərracda ilkin dəyəri 9-12 milyon dollar həddində müəyyən edilib və azı 10 milyona satılacağı da şübhə doğurmur. 

Dahi Pikasso metal, daş, gips, kömür, qələm və ya yağlı boya kimi qeyri-adi materialları kətan üzərində bacarıqla uyğunlaşdırırdı. Haqqında bəhs etdiyimiz rəsmdə olduğu kimi. 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 11:45

Onu “Cangüdən”dən sonra əsla unutmadıq

Dünyaşöhrətli müğənni Uitni Hyustonun musiqi albomu işıq üzü görüb

 

Məşhur amerikalı müğənni, “The Bodyguard" (Cangüdən) filmi ilə milyonların qəlbini fəth etmiş Uitni Hyustonun ölümündən sonra "I go to the rock" adlı musiqi albomu çıxarılıb. Və bu hadisə Uitnisevərlərə misilsiz xoşbəxtlik gətirib. 

Düzdür, indiki nəsil bəlkə də Uitnini tanımaz, ancaq elə bizim portalda orta yaşlılar onu yaxşı xatırlayırlar. 

 

Week-end dərgisinə istinadla “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən alboma dini motivli - kilsə musiqisindən ibarət 14 kompozisiya daxil edilib. Onların arasında “Testimony”, “I found a wonderful way”, “He can use me” və digər kompozisiyalar da var. Bu mahnılardan bəziləri ifaçı tərəfindən 1981-ci ildə 17 yaşında olarkən yazılıb və heç vaxt üzə çıxarılmayıb. 

Albomda təqdim olunan studiya və konsert yazıları 1990-cı ildə hazırlanıb. Bəstələrin çoxu U.Hyustonla bərabər Corciya ştatının Makon şəhərinin Georgia Mass Choir xorunun iştirakı ilə lentə alınıb.

Qeyd edək ki, Uitni Hyustonun ilk musiqi albomu 1985-ci ildə işıq üzü görərək, müğənniyə xeyli məşhurluq gətirib. Elə həmin ildə "Saving all my love for you" mahnısı U.Hyustona “Grammy” musiqi mükafatını qazandırıb. 2 il sonra ifaçı ikinci solo albomu olan "Whitney"i çıxarır. Həmin dövrdə bu albom say hesabı ilə 19 milyon ədəd satılaraq, gəlir baxımından rekorda imza atır. "I wanna dance with somebody", "So emotional", "Didn't we almost have it all" və "Where do broken hearts go" mahnılarının yer aldığı bu albomla U.Hyuston ikinci “Grammy” mükafatını qazanır. Müğənni 1992-ci ildə aktyor Kevin Kostnerlə haqqında bəhs etdiyimiz “Cangüdən" filmində baş rolda çəkilib. Həmin filmdə onun ifa etdiyi "I will always love you" mahnısı müğənnini daha da şöhrətləndirib. Dünyaşöhrətli ifaçı Uitni Hyuston 2012-ci il fevralın 11-də Los-Anceles şəhərinin "Beverly Hilton" mehmanxanasında qaldığı otağında vəfat edib. Düzdür, çox şayiələr gəzib, onun narkotikin artıq dozası qəbul etməsi səbəbindən ölməsini də iddia ediblər, ancaq gəlin ölmüşlərin ruhunu incitməyək.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

REAL TV “La Vira – məxfi menyu” adlı sənədli film çəkib. Bu gün REAL TV-də nümayiş olunacaq bu filmdə Azərbaycan xüsusi xidmət orqanlarının məxfi əməliyyatından bəhs edilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, həmin əməliyyat 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə özünəməxsus rol oynayıb. 

 

Sənədli filmdə 2019-cu ilin mart ayından Ermənistan xüsusi xidmət orqanlarının başına bəla kimi gətirilən hadisədən söz açılır: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanlarını necə ələ salmasından bəhs edilir. “La Vira” italyan mətbəxinə aid təamdır. Tamaşaçı filmdə Azərbaycan DTX-nin Ermənistan məxfi xidmət əməkdaşlarına bu təamı necə “həzm etdirməsi” ilə tanış olacaq. Filmdə bu nadir əməliyyat barədə tamaşaçılara unikal arxiv materialları əsasında ətraflı məlumat verilir. 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 11:15

Onun ruhlara sığal çəkən bəstələri maraqlıdır…

“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun tanınmış bəstəkarımız Vaqif Gərayzadənin doğum gününə ithaf etdiyi yazısını təqdim edir. 

 

Musiqi ilahi möcüzədir. Bu möcüzə, ruhu göyərçin kimi qanadlandırıb səmaya qaldıra bilir, xəyalən keçmişə, yaddaşında iz buraxan xatirələrə uçurdur...

Deyilənlərə görə, Qafqazın böyük KİŞİərindən biri Şeyx Şamil İslam qaydalarına əsaslanıb musiqini şeytan əməli kimi qadağan etmişdi. Cəza tədbiri olaraq kimsənin musiqi səsləndirdiyi məlum olarsa, ona yetmiş dəfə çubuq vurulmasını da tapşırmışdı. Bir gün evə dönərkən anasının mahnı oxuduğunu görür. Ayaqları əsir, dili topuq vurur. Əmr edir ki, anasının əvəzinə ona mərhəmət göstərilmədən yetmiş dəfə çubuq vurulsun. Bəli, amansızcasına vururlar da. Amma MUSİQİ o qədər ölməzdir ki, qüdrətindən asılı olmayaraq, kimsə ona qadağa qoya bilmədi. Musiqi yaşayıb, bu gün də yaşayır…

Haradan yadıma düşdü bu olay, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu dünyada Vaqif Gərayzadə adında bir bəstəkar var. Onun nə danışdığı, nə düşündüyü mənim üçün maraqlı deyil, onun ruhlara sığal çəkən bəstələri maraqlıdır. Ola bilsin ki, dediklərini özündən öncə bir başqa cür deyənlər də olub. Axı əlahəzrət SÖZün yaşı Vaqif Gərayzadədən çox böyükdür. Lakin bəstələdiyi musiqidə keçmişin izi, gələcəyin sorağı var. Yəni ki, bir başqa ahəngdir, yeni səsdir...

Biz Üzeyir Hacıbəylini görməmişik, amma ona ehtiramımız sonsuzdur. Onu bizə sevdirən şəxsiyyətindən çox yaratdıqları olub. Vaqif Gərayzadə də yaradıb, mənəviyyat nümunəsi, musiqi əsərləri təqdim edib. Dinləmişik, ruhumuzu oxşayıb. Ruhları oxşadıqca da sevilib...

27 mart baharın yeddinci günüdür. Təbiətin qış yuxusundan oyanıb, tumurcuqladığı dövr. Bu tarixdə çox böyük insanlar dünyaya gəlib. Xəlifə Harun ər-Rəşid də bu günün dünyaya bəxş etdiyi hədiyyəsi idi. Onun dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni və elmi baxımdan sürətli inkişaf etmişdi. Yüz illərdir ki, əlahəzrət Zaman onu unutdura bilmir. Bəli, Vaqif Gərayzadə də martın 27-də anadan olub. Tumurcuqların budaqlardan ürkək-ürkək boylandığı vaxtlarda…

 Deyirlər ki, dünya dağılanda İsrafil surunu çalacaq. Kim bilir, bəlkə də İsrafilin ifa edəcəyi musiqi Vaqif Gərayzadədən olacaq…

62 yaşın mübarək!

Çox yaşa!

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Hər il martın 27-də dünya ictimaiyyəti incəsənətin “atası” hesab edilən, zəngin ilham mənbələrini və konstruktiv mədəniyyətlərarası və sivilizasiyalararası münasibətləri təşviq edən teatrların problemlərinə diqqəti cəlb etmək məqsədi daşıyan Beynəlxalq Teatr Gününü qeyd edir. 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) teatrların inkişafına yönəlmiş təşəbbüslər vasitəsilə incəsənətin bu vacib növünü dəstəkləmək öhdəliyini bir daha bəyan etmək məqsədilə üzv dövlətlərə müraciət edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı təşkilatın baş ofisindən məlumat alan AzərTAC-a istinadən xəbər verir ki, bəyanatda teatrın milli mənsubiyyət və vətəndaşlıq, inklüzivlik və komanda ruhu, dialoq və digər mədəniyyətlərə açıqlıq dəyərlərini əks etdirən qeyri-maddi və sivilizasiya irsinin bir hissəsi olduğu vurğulanıb. Təşkilat bu kontekstdə dövlətləri və vətəndaş cəmiyyətlərini müasir texnologiyanın yaratdığı çoxsaylı platformalardan faydalanmaq yolu ilə hazırda böyük rəqabətlə və bir çox problemlərlə üzləşən teatr sənətinin davamlılığını təmin etmək istiqamətində birgə səylər göstərməyə çağırıb. 

Bəyanatda qeyd olunub: “Ümumilikdə, incəsənətə və xüsusən də teatra olan böyük marağın bir hissəsi olaraq, ICESCO bir neçə akademik əsər nəşr etdirib və bu sənətin üzv dövlətlərdə mövcudluğunu gücləndirməyə kömək etmək üçün silsilə simpozium və təlim sessiyaları təşkil edib. Teatrları dəstəkləmək məqsədilə bu ilin fevralında Komor adalarında ərəb ölkələrinin teatr festivalı təşkil edilib. 

ICESCO Beynəlxalq Teatr Günü münasibətlə üzv dövlətləri teatrı təbliğ etmək üçün gənc nəslin istedad və bacarığından istifadə etməyə, bu sənət ocaqlarına davamlı dəstək göstərməyə çağırır. Biz, həmçinin teatr və sənətçilərə maddi-texniki və maliyyə dəstəyi göstərməyi, onların hüquqlarını, xüsusən əqli mülkiyyət hüquqlarını qorumağı, teatr sənəti ilə təhsil mədəniyyəti arasında bir-birini tamamlayan əlaqələri təşviq etməyi tövsiyə edirik. Eyni zamanda, təşkilat xüsusi qayğıya ehtiyacı olan insanların teatr səhnəsinə inteqrasiyasına, ictimaiyyətin birliyini gücləndirmək üçün teatrdan istifadəyə və ən son texnologiyalar əsasında arxivləşdirmə yolu ilə teatr əsərlərinin qorunmasına çağırır”.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Esse vaxtıdır, Qulu Ağsəsin essesi ilə tanışlıqdır.

 

 

 

 

ESSE

 

Qulu AĞSƏS

 

 

CƏBRAYILOĞLU ETİBAR

 

 

Apostrofun ahıl, Cəbrayıloğlunun sütül vaxtlarıydı.

Biz o illərdə tanış olduq. Gündüz çörəkpulu qazanıb, gecə mağazadakı basabasda çörək ala bilmədiyimiz illər... 

Eynəkli adamlara tez qanım qaynayır, asan dil tapdıq haqq üçünə o üzdən, amma ad-familiyasının – özü kimi – uzunluğu ürəyimi üzdü. Xoşbəxtlikdən yazanda mətləbi çürütmür, bir az da tez götürür ocağın üstündən yazını...

Ariflər dərdini təbəssümüylə örtər –  Şəms Təbrizi belə anladır. Onun örtüyü çəkildiyi köşədi.

Yazdığı yox ha, çəkildiyi köşə!

O "nə" sualına cavab verən hər şeyə qıraqdan baxır:

paltarlara,

maşınlara,

evlərə,

adlara...

Amma canlılara yox. İt onun üçün "nə" sualına deyil, "kim" sualına cavab verir.

         – Kim?

         – ...

Qoy zəng edib itinin adını özündən soruşum. Açmır. Hardasa yas yerindədi yəqin. Adam bircə səhər evdə tikə dadır. Günorta Təzəpirdə, axşam toy – ad günü – təqdimat – nəgəldidə...

Pandemiya vaxtı ancaq itsaxlayanları çölə buraxırdılar. Onun da dedim axı –  bir iti var, biz evdən çıxmayanda o küçüyü də böyrünə salıb...

Zəng elədi:

         – Salam, xeyir ola, indi gördüm zəngini.

         – İtinin adını soruşacaqdım.

         – Müsahibə istəyirlər ondan? Ceysi! De, adın düz yazsınlar: Cey-si!

...həyətdə var-gəl eləyirdi. Biz də balkondan baxıb ona, ondan da çox Ceysiyə (görən düz yazdım itin adını?) həsəd aparırdıq. O çox hündürdü, it çox alçaq. Ya özü gödəlməlidi, ya da Ceysi (deyəsən, düz yazdım itin adını!) uzanmalıdı. Bu düşüncəylə ondan heyfimizi alırdıq. Harda? Əlbəttə ki, balkonda...

Cəbrayıloğlu qələmi iti olanlardandı. Onun satirasına qılıncının dalı-qabağı kəsənlər tuş gəlir. Elə ki qılıncları pas tutdu, Etibar onlara dəyib-dolaşmır. O hələ bir yol vəzifədən çıxanın dalınca qələm çalmayıb!

Yazıya elə burdaca nöqtə qoymaq olardı.

Olmur.

Çünki bir də var qələmi itin olanlar... Onlara indi söydükləri eks-məmurdan bir vaxt zəng gələndə yeddi gün döşəklərini gün qurutmurdu...

İlqar Musayeviçin cari zarafatı vardı 2003-cü ildə. Deyirdi, apostrof ləğv olunandan bir çox yoldaşların adları yüngülləşib sanki. Etibar elə deyil. O vaxt da, indi də oxuduğum ağır imzalardandı. Bunu 55 yaşında da deməyib, nə vaxt deyəsiyəm?..

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)        

Aprelin 13-də Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılacaq. 

 

Devrim Erbilin əsərləri Türkiyənin və dünyanın bir çox muzey və kolleksiyalarında yer alıb, bu günədək yüzlərlə sərgisi açılıb. 

Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 10:15

Uinston Çörçillin aforizmləri

 “Ədəbiyyat və incəsənət” “Qısa fikirlər xəzinəsi” rubrikasında bu dəfə sizlərə dahi İngiltərə siyasətçisi Uinston Çörçillin aforizmlərini təqdim edir:

 

 

“Dünən” ilə “bu gün” arasında dava düşən zaman itirən “sabah” olur.

 

***

Həqiqət əyin-başını geyinənəcən yalan düzü-dünyanı dolanar.

 

***

Bütün möhtəşəm şeylər sadədir və bəzən bircə sözlə ifadə oluna bilir: azadlıq, şərəf, borc, mərhəmət, ümid...

 

***

Cəhənnəmin ortasından keçirsinizsə, dayanmayıb yolunuza davam edin.

 

***

Yolunuz üzərində hürən hər itə daş atmaqla təyinat nöqtənizə heç vaxt çata bilməzsiniz.

 

Toplayanı, tərcümə və tərtib edəni: C.M.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

 

 

Mayın 26-da Heydər Əliyev Mərkəzinin səhnəsində “Qremmi” mükafatı laureatı, pianoçu Mixail Pletnyov çıxış edəcək. 

 

İki hissədən ibarət konsertdə həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylı adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında olacaq.

Gecədə bu il dünyada 150 illik yubileyi qeyd olunan Sergey Raxmaninovun əsərləri səslənəcək.

Qeyd edək ki, dünyaca məşhur rusiyalı pianoçu, bəstəkar və dirijor Mixail Pletnyov dövrünün nüfuzlu musiqiçilərindən biridir. O, 16 yaşındaykən Parisdə gənclərin beynəlxalq fortepiano müsabiqəsinin laureatı olsa da, geniş musiqi auditoriyasına 1978-ci ildən – Çaykovski adına beynəlxalq müsabiqənin qalibi olduqdan sonra tanınmağa başlayıb. Musiqiçi Avropanın və Amerikanın məşhur orkestrləri ilə müxtəlif ölkələrdə solo konsertlərlə çıxış edib. Mixail Pletnyov həm də Pyotr Çaykovskinin əsərlərinin dünyada ən yaxşı interpretasiyalarını təqdim edən musiqiçilərdəndir.

1980-ci ildə isə Pletnyovun dirijor kimi debütü olub. 1990-cı ildə pianoçu Rusiya tarixində ilk müstəqil orkestri – Rusiya Milli Orkestrini yaradıb və həmin orkestr Pletnyovun rəhbərliyi ilə dünyanın nüfuzlu musiqi kollektivləri siyahısında yer alıb.

Biletlər gələn ay satışa çıxarılacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.