
Super User
Mədəniyyət naziri Adil Kərimli bu gün Gəncədə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən bu gün - 2023-cü il 9 iyun tarixində saat 10:00-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535) əsasən Gəncə, Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 05 iyun 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazılıblar.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Nassim Taleb darıxmaq və ölüm riski barədə
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk
Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.
DARIXMAQ ÖLÜM RİSKİNDƏN DAHA BETƏRMİŞ
Əslən livandan olan müəllif Livanda gedən vətəndaş müharibəsi ilə bağlı da bir fakt gətirir. Paytaxt Beyrutda işıqları söndürərmişlər. Şəhərin müharibə zonasından xeyli uzaqda olan bir hissəsində səma o qədər işıqlı, aydın imiş ki, orada o qədər ulduz toplaşıbmış ki, zülmət gecədə onu seyr etmək adama fərəh gətirirmiş. Televizorlardan, digər asudə vaxt təminatçılarından məhrum olan insanlar risk edərək şəhərin həmin hissəsinə yollanırlarmış ki, səmanı seyr etsinlər. Demək insanları raket zərbələrinin altına düşmək darıxdırıcı gecə keçirməkdən daha az qorxudur.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
“Kremerata Baltica” kamera orkestri bu gün Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bu gün Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri solistlərinin konserti keçiriləcək.
1997-ci ildə dünyaca məşhur skripka ifaçısı Qidon Kremer tərəfindən yaradılmış “Kremerata Baltika” kamera orkestrinin tərkibinə Latviya, Litva və Estoniyadan olan 23 gənc istedadlı musiqiçi daxildir. Orkestr 1997-ci ildə Avstriyada keçirilən “Lockenhause” festivalında ilk çıxışı ilə dərhal tamaşaçıların rəğbətini qazanıb. “Kremerata Baltika” musiqi kollektivi bu gün Avropanın ən tanınmış orkestrlərindən biri olaraq, 50-dən çox ölkədə mindən çox konsert verib. Musiqiçilər 20-dən çox CD-disk buraxıblar, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.
Bakı konsertinin solistləri litvalı “Kremerata”nın yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Qiyedre Dirvanauskayte olacaq.
Konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri çıxış edəcək. Azərbaycan dirijorunu “Kremerata Baltika” ilə yaradıcılıq dostluğu bağlayır. O, məşhur orkestrlə müxtəlif festivallarda mütəmadi olaraq çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Əcnəbilər Azərbaycan ərazilərində törədilən vandallıqlarla tanış olublar
30 illik işğal ərzində ermənilər elə bir vandalizm həyata keçiriblər ki, bunu bütün dünyaya göstərmək, bədniyyət qonşularımızın xislətini nümayiş etdirmək hər birimizin borcudur.
”Ədəbiyyat və incəsənət” portalı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinasən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda Bakıda keçirilən VII Beynəlxalq konfransın iştirakçıları iyunun 8-də Şuşaya səfər ediblər.
Səfər çərçivəsində qonaqlara Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Həmçinin xarici qonaqlar ermənilərin otuz il müddətində Azərbaycan ərazilərində törətdikləri vandallıq aktları ilə əyani şəkildə tanış olublar.
Qonaqlar Şuşa şəhərindəki bir çox tarixi mədəniyyət abidələri haqqında məlumatlandırılıb, həmçinin “Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış olublar, Cıdır düzünü, Bülbülün ev muzeyini və Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.
Şübhəsiz, qonaqlar gördüklərini uzun müddət unuda bilməyəcəklər.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
“Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçiriləcək
9 iyun 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında AMEA, Azərbaycan Ədəbiyyat Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi və Türk Ağsaqqalları Birliyi-TAİB-in birgə təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir II Türk dünyası- Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində keçirilir. AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Hər gün bir türk ölkəsinin adı ilə keçirilən festivalda eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Təl-Əvivdə “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi açılıb
Gözəllikləri nümayiş etdirən rəsm və foto sənəti olduğundan, bu sənətlərə daim ehtiyac duyulur.
Azərbaycan Turizm Bürosunun (ATB) İsrailin Təl-Əviv şəhərindəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı olub.
ATB məlumat yayıb ki, sərgidə İsrailin tanınmış fotoqraflarından olan Viktor Zislinin bələdçiliyi ilə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub.
Azərbaycana səfərlər zamanı çəkilmiş fotolar arasından seçilən 20 ən uğurlu foto Bakı və Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi və müasir memarlıq abidələrini əks etdirir.
Tədbir çərçivəsində Viktor Zislin və digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi iyunun 29-dək Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərində, “Herbert Samuel 10” ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açıq olacaq.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq
İyunun 30-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq.
Konsertdə dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə solistlər beynəlxalq müsabiqələr laureatı Theodosia Ntokou (piano, Yunanıstan) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano, Azərbaycan) öz çıxışlarını dinləyicilərə təqdim edəcəklər.
Proqramda L.V.Beethovenin “Piano və orkestr üçün c-moll” konserti (op. 37, №3), G.Faurenin “Pelleas et Melisande” süitası (op. 80, Bakıda ilk ifa), M.Ravelin “Şəhrizad” vokal silsiləsi (mezzo-soprano və orkestr üçün 3 poema) və “Vals” xoreoqrafik poeması səsləndiriləcək.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Molla rejimi daha bir aktrisanı həbs etdi
İranda rejimə qarşı çıxan daha bir aktrisa həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, bu dəfə tanınmış kino və televiziya aktrisası Şəqaiq Dehqan saxlanılıb. O, məcburi hicabdan imtina edərək küçəyə baş örtüyü olmadan çıxıb.
Vəkilinin sözlərinə görə, 10 sutkalıq həbs cəzası alan aktrisa, həmçinin cərimələnib.
Xatırladaq ki, bir müddət öncə dünyaca tanınmış məşhur iranlı aktrisa Təranə Əlidusti də rejimə qarşı çıxdığı üçün həbs edilib.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
“Çətin səndən sonra bu şəhər qala…”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:
Çətin səndən sonra bu şəhər qala…
Tüstünün içində boğulan damam,
Dünən oğlum idim, sabah atamam,
Mən paxıl adamam, paxıl adamam-
Qoymaram kiməsə bu kədər qala.
Dünyanı böldük ki, belə kəm düşə?
Sənə sevinc düşə, mənə qəm düşə.
…Əlinə sehirli o qələm düşə,
Hamını pozasan… bir nəfər qala.
Ya tanrı gizlədib, ya cahan səni,
Bu könül saraydı- gəzir xan səni…
Axtara, tapmaya bu oğlan səni,
Dərdinin əlində dərbədər qala…
Əllərim uzanan ətəkdi adın,
Adımın yanında nə çəkdi adın…
Ömür güldanında çiçəkdi adın-
Güldan köhnəlsə də, adın tər qala.
Düşür GÜL- ÖMÜRDƏN hər gün bir ləçək,
Gətir əllərini - üşüyür əlcək.
… Bir gün uzaqlara köçüb gedəcək-
Çətin səndən sonra bu şəhər qala…
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Bu gün “Bel Suono” üç royal şousu: məşhur fortepiano triosu ilk dəfə olaraq Bakıda çıxış edəcək
Bu axşam Heydər Əliyev sarayının səhnəsində "Bel Suono” üç royal şousu - məşhur fortepiano triosu çıxış edəcək.
İnanılmaz bir şou! Və milyonlarla insanın şüurunda klassika ilə bağlı təsəvvürləri dəyişən virtuozlar unikal müəllif oranjimanında klassik və müasir musiqinin ən yaxşı nümunələrini, eləcə də kollektivin solistləri tərəfindən xüsusi olaraq layihə üçün yazılan yeni kompozisiyaları ifa edəcəklər. Konsertdə Vivaldi, Bax, Motsart, Pyatsolla, Dük Ellinqton, “Queen” qrupu və bir çox başqalarının musiqi əsərləri səsləndiriləcək.
“Bel Suono” – Rusiya kollektivi, mütərəqqi klassik krossover janrında çıxış edən dünyada yeganə fortepiano triosudur. “Bel Suono”nun repertuarı klassik və müasir musiqinin ən yaxşı nümunələrindən ibarətdir. Kollektivin tərkibinə müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri, eləcə də bəstəkar və parlaq improvizatorlar olan üç inanılmaz dərəcədə artistik və həqiqətən də xarizmatik virtuozlar Kirill Quşşin, Anton Mosenkov və Nikita Xabin daxildir.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)