Super User

Super User

Çərşənbə axşamı, 30 Yanvar 2024 15:00

Türk ruhlu, Azərbaycan sevdalı Xasiyyət Rüstəm poeziyası

“Ədəbiyyat və incəsənət” portalı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türkoloji mərkəzin Türk ədəbiyyat bölməsinin müdiri professor Elman Quliyevin görkəmli özbək yazarı Xasiyyət Rüstəmə həsr etdiyi yazısını təqdim edir. 

 

30 ilə yaxındır ki, çoxəsrlik tarixə malik özbək ədəbiyyatı problemlərinin tədqiqi ilə məşğulam. Araşdırmalarımın nəticəsi olaraq özbək ədəbiyyatının qədimliyini və qədim olduğu qədər də zənginliyini, bu ədəbiyyatın nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqdə böyük ədəbi-mənəvi hadisə tipində təsdiq və qəbulunu müşahidə etmişəm. Xüsusi olaraq 50 min misralıq türkcə 4 divan, 10 min misralıq farsca 1 divan, 25620 beytlik türkcə “Xəmsə”, 20 elmi-fəlsəfi əsər müəllifi kimi tanınan Əlişir Nəvai yaradıcılığını özündən sonrakı 500 illik bir dövrdə müxtəlif ədəbi mərhələlərin formalaşma və inkişafı üçün əhəmiyyətli ədəbiyyat və mənəviyyat hadisəsi hesab etmişəm. Lakin bütün bunların fonunda çoxəsrlik tarixə malik Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin mövcudluğu problemlərinə xüsusi diqqət ayırmış, bu istiqamətdə müəyyən araşdırmalar aparmışam. Ə.Nəvainin “Xəmsə”yə daxil etdiyi poemalarında Nizamiyə, Marağalı Əşrəfə, “Məcalisin-nəfais” təzkirəsində Şah Qasım Ənvara olan münasibətindən tutmuş müasir mərhələdə Zülfiyyənin S.Vurğuna olan dərin ehtiramına qədərki 500 illik zaman aralığında özbək mənəviyyatında Azərbaycan ruhuna olan hörmət və sevgini izləyə bilmişəm. 

Təbii ki, bu cür əlaqə və yaxınlıq digər türk xalqları arasında da mövcuddur. Çünki kökü eyni olan türk xalqları müxtəlif ərazi, region, hətta mühitdə yaşasalar belə, onlar eyni ruhi və mənəvi dəyərlərdən, eyni bədii təfəkkür və düşüncədən heç vaxt uzaq olmamışlar.

1991-ci ildə Azərbaycan və Özbəkistanda milli müstəqilliyin bərpası iki qardaş xalqın bütün sferalarda olduğu kimi, ədəbi mühitdə də əlaqələrinin genişlənməsinə təkan vermişdir. Min illər boyu eyni bədii zövqün, eyni mənəviyyatın yolçuları olan Azərbaycan və özbək yazarları hər iki xalqın ruhi-mənəvi birliyinin möhkəmlənməsi naminə işlər görmüşlər. Xüsusi olaraq, 1988-ci ildən sonra Azərbaycanın üzləşdiyi Qarabağ problemləri zamanı yurd-torpaq itkilərimizə, didərginlik fəryadımıza, bir milyonluq qaçqın-köçkün harayımıza və s. məsələlərə münasibətdə bir çox özbək yazarının içdən gələn duyğularını qardaş təəssübkeşliyinin ən bariz göstəricisi hesab etmək olar. Bu prosesin davamlı olması 30 illik Qarabağ haraylarımızın özbək ədəbiyyatında bu və ya digər dərəcədə yer alması üçün mühüm rol oynamışdır. Türk milli təəssübkeşliyi və qardaşlıq münasibətlərinin nəticəsi olaraq özbək yazarları bədii yanaşmada Azərbaycanın 30 il müddətində üzləşdiyi faicələri kədər, dərd hissi ilə, 44 günlük müharibə uğurlarımızı, qələbə zəfərimizi isə böyük sevinc duyğusu ilə ifadə etmişlər. Çağdaş özbək ədəbiyyatının tanınmış şairi Xasiyyət Rüstəmin yaradıcılığının bu istiqaməti sənətindəki Azərbaycan sevgisi təzahürünün göstəricisidir. Bu mövzu hər şeydən əvvəl Xasiyyət Rüstəmin yaradıcılığı üçün ictimai-siyasi səciyyə daşıyır. Azərbaycanın dərdini dərd, sevincini sevinc kimi yaşayan Xasiyyət Rüstəm özünün poetik mühakimələri ilə üzərinə düşən işin öhdəsindən layiqincə gələ bilmişdir. Maraqlı odur ki, şair heç bir aludəçilik olmadan mövzuya uyaraq yox, onu duyaraq müdaxilə etmişdir:

 

Mənim dostum çoxdur Azərbaycanda

Onlar dosta, yara sədaqətlidir.

Onların hər biri Vətənə sadiq,

Yolundan dönməzdir, əzəmətlidir.

Fəqət bir istəyim yadında qalsın,

Bircə kəlmədədir, ürəyi, canı.

Bil ki, bircə kəlmə “Qarabağ” sözü

Titrədir, çalxadır Azərbaycanı!

 

Bu parçada şairin sevgi hissləri misralara hakimdir. Şeirdə misralara hakim kəsilən sevgi hissləri kifayət qədər səmimi və kifayət qədər realdır.  Xasiyyət Rüstəm şeirdə 30 il azad Qarabağ düşüncəsi ilə yaşayan, düşmənə nifrət bəsləyən, Qarabağın azadlığı uğrunda hər an nəinki döyüşə, həm də ölümə hazır olan qəhrəman igidlərimizin timsalında vətənə sədaqət, düşmənə nifrət ruhunun böyüklüyünü ifadə edir. Bu tipli şeirlərdə Xasiyyət Rüstəm özünəməxsusluğu ondadır ki, duyğularının böyüklüyü səbəbindən ürəyində ağırlığını qaldıra bilmədiyi vətən sevgisini yaşadır. Mən bu keyfiyyəti tanınmış özbək şairi Xasiyyət Rüstəm yaradıcılığı üçün tısadüf hesab etmirəm. Şairin  2009-cu ildə “Gündəliy”inə daxil etdiyi “Başqa cür yaşaya bilməzdim” başlıqlı yazısında ruhuna hakim kəsilən sevginin mənbəyini hər kəs üçün açıqlayır: “Əgər şeir yazmaq kimi ibadətim olmasaydı sevginin necə olduğunu bilməz, yaxşılığı fərq etmədən yanından ötərdim”. Elə bilirəm ki, Xasiyyət Rüstəm ruhundakı bu möhtəşəmliyi onun şeir pərisi kimi qadın şairə obrazı ilə əlaqələndirmək daha doğru olardı. Çünki türk poeziya mələklərimizin (Məhsəti xanım, Natəvan, Nigar Rəfibəyli, Leyla xanım, Fatma Aliyə, Xalidə Nüsrət, Zülfiyyə və s.) şeir sənətinə yüz illər boyu verdiyi töhfələrin təsiri və davamı olaraq Xasiyyət Rüstəm yaradıcılığında istənilən poetik müdaxilədə zəiflik və pəriyanəliyi müşahidə etmək mümkündür.  Xasiyyət Rüstəm yaradıcılığında Azərbaycan mövzusu onun şair-vətəndaş mövqeyinin nəticəsi kimi məhz bu kontekstdə təzahürünü tapır. Buradakı  milli-mənəvi duyğular, onun yaratdığı milli psixoloji situasiyalar şairin bu günümüzü dəyərləndirməsi ilə yanaşı, gələcək baxışlarını da formalaşdırmağa imkan verir. Digər baxımdan şairin poeziyasında Azərbaycan obrazının rəngarəng mənzərələri həm özbək ədəbiyyatına, həm özbək-Azərbaycan qardaşlığına, eyni zamanda türk birliyimizə, turançılığa gedən yola xidmət kimi dəyərlidir. Xasiyyət Rüstəmin Azərbaycana sevgi və məhəbbətlə yazılmış “Adı Lalə idi o qızın...” poemasını yaradıcılığı ilə yanaşı, Azərbaycan  sevgisinin də şah əsəri hesab etmək olar. Poema Azərbaycan dilinə tanınmış türkoloq, peşəkar tərcüməçi,  dəyərli dostum Əkbər Qoşalı və  Rəhman Babacan,  Elşən Əzim  tərəfindən tərcümə edilmişdir. Poema erməni vəhşiliyi nəticəsində Lalənin simasında yurd-yuvasından, tarixi vətən torpaqlarından didərgin düşən soydaşlarımızın faciəli həyatını və haraylarını ifadə etmək baxımından səciyyəvidir. Şəxsiyyətinə, milli qürur və ləyaqətinə, qələminə xüsusi hörmətlər bəslədiyim mərhum millət vəkilimiz Qənirə xanım Paşayevanın əsərlə bağlı fikirlərindən bir fraqmenti yada salmağı lazım bilirəm: “Əsərin süjet xətti son dərəcə maraqlıdır. Yurd-yuvasından körpə ikən didərgin düşən bir qızın vətən həsrətinin ən incə detalları poemada xüsusi sənətkarlıqla ifadə olunur. Hər sətirdə bir yanar ürək çırpıntısı, bir qadın həssaslığının incəliyi, şair qələminin möcüzəsi görünür”. Bir qədər yuxarıdan bədiyyat detalı kimi Xasiyyət Rüstəm yaradıcılığı üçün xarakterik olan zəriflik və pəriyanəliyin mövcudluğundan bəhs açmışdım. Hesab edirəm ki, əsərdə  Lalənin hiss və duyğuları ifadə edilərkən  zərif cinsə məxsus duyğular  şair duyğularından öndə dayanmışdır. Ona görə də biz poemada şairi həm də bir növ ana obrazında görə bilərik. Şairin Laləyə və onun timsalında baş vermiş hadisələrə münasibətindəki həssaslığı və səmimiliyi doğuran bu məqam üzərində düşünməyə dəyər. Şair taleyi erməni vəhşiliyi və düşmənçiliyinin qurbanı olmuş Lalənin ona verdiyi xatirələr dəftərinə yazılanlara öz taleyi və dərdi səviyyəsində yanaşır. Bu yanaşma daxilində Lalənin özündən də böyük olan dərdini ruhuna köçürə bilir:

 

Lalə, səni başa düşürəm daha,

Dəftərin əlimi yandırıb yaxır.

Və hopar ruhuma hər cümlə, hər söz.

Qarabağ deyəndə oyanar yollar

Və iki dünyamız gələr üzbəüz.

Titrədər qəlbimi indi hər sözün.

Qəm-qəhər bürüyüb şux gəncliyimi

Sənin dəftərini açanda sanki,

Tapıb qaytarıram gəlinciyini.

 

“Adı Lalə idi o qızın” poemasında qəlbə hakim kəsilən şair duyğularının özünəməxsus ifadəsində ümumi qayə dərinləşir, rəngarəng motivlər bir-birini əvəzləyir. Şair sərt motivlər daxilində ümid və inamın simfoniyasını səsləndirə bilir:

 

Ağaclar qəmgin Azərbaycanda,

Küləklər hay salır əsib hər yana.

Ey həyat, mərhəmət yağdır bu yurda,

Ürəyini qaytar Azərbaycana!

Yadına düşərmi gülmək? -Yox əsla,

Qara torpağında ağrılar çin-çin...

Açılan qönçə də, göyərən ot da,

Bir savaş hayqırır Qarabağ üçün.

Adını yaşadır, məğrur böyüdür,

Yığılır qoluna tarixin gücü!

O yurdda doğulan, böyüyən oğlan.

Namus döyüşünə hazır döyüşçü.

 

Xasiyyət Rüstəm uzaq Özbəkistanda yaşasa da, yaratmış olduğu söz və nur körpüsü vasitəsilə Azərbaycana gəlir və bu diyarı qarış-qarış gəzmək imkanı əldə edir.

Lakin bu torpağa ruhən bağlı olduğundan könlünün gözü ilə böyük şairimiz Məmməd Araz demişkən, “Azərbaycan dünyasında baxır dünyaya”. Xasiyyət Rüstəm Azərbaycana yanaşmasında böyük bir ülviyyət, uşaq sadəlövhlüyü çərçivəsində ana sevgisi sərgiləyərək haqqa çağırış haraylarını poetik şəkildə ifadə edir:

 

Uzaqda olsam da, barışmıram heç

Qapılıb qalmıram öz həyatıma

Harda müharibə oldu desələr,

Ancaq Azərbaycan düşür yadıma.

Məzarlar cürbəcür, məzarlar fərqli,

Ölkələr bənzəmir biri-birinə.

Hərəsi bir tarix saxlar özündə;

Öz ana bildiyim Azərbaycanın,

Şəhid məzarları getməz gözümdən.

 

Poemanın ana xəttini Lalə ilə bağlı səslənən fikirlər təşkil edir. Lakin Xasiyyət Rüstəm bu poemanı 2020-ci ilin iyul ayında Tovuzda gedən döyüşlər zamanı yazdığı üçün oxucu bədii informasiya tipində Tovuz döyüşlərindən də xəbərdar olur. Qarabağdan çox uzaqda yerləşən bu bölgədəki erməni təxribatlarının yada salınması onların Azərbaycan xalqına və dövlətimizə olan düşmənçiliyini,  əsassiz torpaq iddialarını, eyni zamanda mənfur erməni xislətini göstərmək məqsədi daşıyır. Əslində bu döyüşün Lalənin keçmişi və ümumilikdə taleyi ilə heç bir əlaqəsi olmasa da, şair haqlı olaraq, insan taleyinin məhvi və faciəsində müharibə səbəblərini önə çəkmiş olur.

Lakin şair bütün əsər boyu toxunduğu məsələləri Lalənin taleyi fonunda dəyərləndirməyə çalışır. Müəllif Lalə adlı qızcığazla Azərbaycanda görüşür, amma onun taleyi ilə bağlı düşüncələrini Daşkənddə tamamlayır. O, Lalənin dəftərindən bir tale kitabı kimi istifadə etsə də, Lalə ilə görüşlərini xəyalında hər zaman canlandırır və xəyalən onunla tez-tez görüşür. Poemada rast gəldiyimiz “Lalə, hardasan?”, “Lalə, səni başa düşürəm daha”, “Adı Lalə idi o qızın” və s. müraciət və informasiya xarakterli poetik nümunələrdəki fikir həm Laləni, həm də Azərbaycanı özündə ehtiva edir. Müəllif məqsəddən asılı olaraq bunları gah obraz, gah da simvol kimi canlandırmış, bədiilik daxilində şair-vətəndaş mövqeyini nümayiş etdirmişdir:

 

Unudub aləmi, cümlə cahanı,

Bütün dərdi ilə, yanğısı ilə.

Mən qucub ağladım Azərbaycanı!

Adı Lalə idi o qızın!

 

Və yaxud,

 

Nədənmiş bu qızın pərişan halı,

Laləyə baxıram kirpiyində nəm.

Sanki şəklinin də canı varıydı.

Mən o gün bir dərya göz yaşı ilə

Sanki qucaqladım Azərbaycanı.

Adı Lalə idi o qızın!

 

Sözlə əbədi yolçuluğa davam edən şair “Adı Lalə idi o qızın” poemasında Laləni bütün iztirabları ilə yanaşı, bir Azərbaycan gözəli kimi təqdim etməkdən də yan keçmir. Lakin Laləyə məxsus bu gözəllik görkəmi sırasında onun daxilindəki pərişanlığın doğurduğu kədərin də verilməsi canlı bir həyat tablosunu xatırladır:

 

Əsl Azərlərtək qəşəngdən qəşəng,

Gözləri xumardı vücudu incə,

Əynində ipəkdən qırmızı köynək,

Saçları pərişan, dodağı qönçə

İndi yenə onu görmək istədim,

Sızladım, yarama duz səpildi, duz...

Amma yaşla dolu gözləri ilə

İki dünyaya da baxırdı məyus...

Adı Lalə idi o qızın!

 

Lirik duyğuların özünəməxsus tərənnümü Xasiyyət Rüstəm yaradıcılığında önəmli yer tutur. O, ictimai-siyasi, məhəbbət, təbiət təsvirli və s. şeirlərində həyat və mənəviyyat faktorlarını lirik duyğular şəklində mənalandıra bilir. Bu şeirlərdə yeni bir səpki, yeni bir orijinallıq görünməsə də, misralarda bədii cəhətdən mükəmməl poetik cazibədarlığı müşahidə etmək mümkündür:

 

Həyatda heç kimdən almaram rüsxət,

Dünyanı şar kimi aldım əlimə.

Allahım, fəqət sən,

Cürət ver, cürət.

Özümü göstərim, gülüm ölümə...

 

Lakin Xasiyyət Rüstəm şeiriyyətində elə nümunələr vardır ki, bu nümunələr obrazlı  düşüncə baxışı ilə yanaşı, poetik baxışın orijinal mənalandırılması keyfiyyəti ilə də seçilir:

 

Ağaclar danışsa –

Düz danışardı.

Ağaclar ağlasa

Gerçək ağlardı.

Sirr versən

Sirrini o gizlədərdi

Güvənsən

Yaxşı dost çıxardı ondan...

 

Belə hesab edirəm ki, özbək şeirinin zəngin ənənələrindən bəhrələnən vətəndaş yanğısı, türk bədii təfəkkürünə məxsus düşündürücü və ibrətamiz keyfiyyətləri ilə seçilən Xasiyyət Rüstəm yaradıcılığı bundan sonra da öz uğurları ilə oxucularını sevindirəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

İstəkli oxucularım. Bu dəfə sizlərə gənc qəzəlxan Murad Vəlixanovu təqdim etmək istəyirəm. Onun qəzəlləri kifayət qədər ad edib və bəyənəcəyinizə əminəm. 

 

1.

İSTƏMİRƏM

Get, gülüm, get, mənə sən can olasan, istəmirəm,

İşvəli, sevgili canan olasan, istəmirəm.

 

Bir də göz yaşı töküb kuyivə gəlməm, gözəlim,

Görüb əhvalımı xəndan olasan, istəmirəm.

 

Bivəfalıqda bütün aləmə məşhur oldun,

Sən əgər huriyü qılman olasan, istəmirəm.

 

Vurmusan sinəmə min yarə, kifayətdi mənə,

Bu sınıq könlümə dərman olasan, istəmirəm.

 

Bivəfasan, deyiləm razı, öləndən sonra,

Qəbrim üstündə nigəhban olasan, istəmirəm.

 

Pis günümdə məni saldın nəzərindən, getdin,

Yaxşı gündə mənə mehman olasan, istəmirəm.

 

Muradın qiymətini bilmədin, incitdin onu,

Elə ki, öldü, peşiman olasan, istəmirəm.

 

 

2.

YA RƏBB

Hifs eylə günahdan bu bəladan məni YA RƏBB

Heç etmə cüda zikri-duadan məni YA RƏBB

 

Şah sənsən əgər mövqeyimin söhbəti olmaz

Bilsən də ucuz xoşdu gədadan məni YA RƏBB

 

Mən harda öyünsəm sənə biganəliyimdən

Təcrid elə ol mülki-fənadan məni YA RƏBB

 

Gözlərdəki nur vəslinə yetmək əlacımdı

Var etmisən ən ali ziyadan məni YA RƏBB

 

Yoxdur dözümüm ədlinə, Sən Sahibi-Qüdrət

Tərk etmə tükənsəm də cəfadan məni YA RƏBB

 

Rəhmani-Rəhimsən ki əta mərhəmətindi

Qıl məhrum əta içri-xətadan məni YA RƏBB

 

Murad sənə səssiz dua eylər ki duyursan

Vay halıma kəssən bu sədadan məni YA RƏBB

 

 

3.

MEYL ET KUYİNƏ

Dedim ibrət götürüm birdəfə zahidlərdən

Mənə yox fayda kor olmuş, qoca şahidlərdən

 

Ona hey eşqimi etsəm də uca əlçatmaz

Xaliqim çox daha yüksəklərdədi xalidlərdən

 

Bu könül bezdi daha tab gətirə, əzm eliyə

Niyə siz bezmədiz ancaq acı tənqidlərdən?

 

Sən də ey Həccə gedən mötəbər ağsaqqalımız

Uca tikdin bu imarətgahı məscidlərdən

 

Meyl et kuyinə ey badi-həva, eylə xəbər

Sənə çoxdur inamım bivəfa qasidlərdən

 

Yenə Murad O'na aid nəsə yazsın dilədi

Nəsə tapmır daha yazıq O'na aidlərdən

 

 

4.

ALLAHIN ADINDAN

İstədim lütf eləyim mən kəlam ALLAHIN adından

Sonra çaşdımki nə yazsın adam ALLAHIN adından

 

Ona hər canlılar aşiq ona hər bir aləm aşiq,.

Eliyər eşqi təvafın İmam ALLAHIN adından

 

Fərqi yoxdur ateyisdir ya müsəlman həmin insan,

Verilir cümlə bəşərçün salam ALLAHIN adından.

 

Sığınır şeytana insan yaranır yalançı xislət,

Eliyirlər istifadə tamam ALLAHIN adından.

 

Hələlik bəsdi bu Murad çatar ömrün sona bitməz,

Bu gedişnən çox edərsən davam ALLAHIN adından.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gəl ən başından başlayaq...

Hələ Hərcayi kimi verilən vədlərə xilaf çıxılmamış, 

Qardələninki kimi saf və sadiq sevgilər vəfasızlığın xəyanət xəncəri ilə yaralanmamış olsun.

Gəl ən başından başlayaq...

Hələ Adəm əlini o məşum meyvəyə uzatmamış, Qabil qardaşı Habilə qıymamış, Məryəm günahlandırılmamış,  İsa qeybə çəkilməmiş olsun.

Gəl ən başından başlayaq...

Hələ sadiqlik xəyanətə, güvən vəfasızlığa uduzmamış, nəfs insana hökmran olmamış, yalan həqiqətin paltarlarını oğurlamamış olsun.

Gəl ən başından başlayaq...

Hələ Enil dünyanın ilk sevgi məktubunu yazmamış, inək yer kürəsini buynuzundan yerə qoymamış, Janna Darkı yandıran tonqal qalanmamış olsun.

Gəl ən başından başlayaq...

Leyliylə Məcnun hələ bir-birini görməmiş, İnnokendi cənnəti pulla insanlara satmamış, sevgiylə nifrətin arasındakı məsafə bir addım qədər qısalmamış olsun. 

Gəl ən başından başlayaq...

Nəsiminin dərisi hələ soyulmamış, Çaldıranda qardaş qırğını qopmamış, Araz həsrətə körpü atmamış, Rəsulzadənin səadəti yarım qalmamış, Şəhriyar ulduzları saymamış, qırmızı mühit turan ziyasını boğub söndürməmiş, Şükriyyənin önünə o məşum kağız hələ qoyulmamış olsun.

Gəl ən başından başlayaq...

Ana hələ buzdan heykələ çevrilməmiş,

Qərənfillərin taleyi  dəyişməmiş, Fərizə günahı başına çəkməmiş, torpaq hələ Çingizi bağrına basmamış olsun.

Gəl ən başından başlayaq...

Ərtoğrullar, Ülvilər, Müşfiqlər dünyadan nakam köçməmiş, əlyazmalar yarım qalmamış, hələ intizar ədəbiyyatı yaranmamış olsun.

Gəl ən olmazlara toxunaq. 

Məsələn, talenin bizim üçün yazdıqlarına qarşı gələk. 

Zamanın belə silə bilmədiyini silməyə çalışaq, məsələn hələ xəyallara xülya adı verməmiş olaq, ya da boş ver çalışmayaq. 

Tünd rəngli bir qələm götür, yazılanın üzərindən təkrar keçək.

Gəl yenidən doğulaq səninlə, əl-ələ böyüyək, əsalara deyil, bir-birimizə yaslanıb qocalaq.

Ya da gəl bu səfər itirdiklərimizi unutmaq üçün çalışaq.

 

Gəl ən başından yenidən başlayaq...

Gəl mən bütün ulduzları sayıb bitirməmiş gəl,  

Gəl səninlə Turan bağında Müşfiqin şeirində görüşək, gəl...

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Çərşənbə axşamı, 30 Yanvar 2024 10:15

Azərbaycn COP29-a ən yüksək səviyyədə hazırlaşır

“Əsas hədəfimiz hər zaman olduğu kimi, bu il də hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsidir. Cari ildə bu, xüsusi əhəmiyyət daşıyır. Çünki COP29 tədbiri çərçivəsində ölkəmiz çox mötəbər qonaqları qarşılayacaq və biz də buna ən yüksək səviyyədə hazır olmalıyıq”.

 

Bu sözləri AzərTAC-a açıqlamasında  Azərbaycan Hotellər Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.

Baş icraçı direktor bildirib ki, COP29 tədbirinin hotellər üçün tələbləri minimal standartları əhatə edir. Təmizlik, hotelin ümumi vəziyyətinin yaxşı olması, peşəkar işçilər, “Wi-Fi”, 24 saat qəbul servisi, otaq servisi, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün əlçatanlıq və ən vacibi dayanıqlıq prinsipinə uyğun standartlar, onların arasında su və enerjinin qənaətli istifadəsi, plastikdən olduqca az istifadə olunması nəzərdə tutulur.

“Bakı şəhəri, Abşeron və Sumqayıtda yaxın zamanda hotellərin və bütün yerləşmələrin tam monitorinqi həyata keçirilib. Bəzi hotellərdə müəyyən boşluqlar var və sahibləri tərəfindən təkmilləşdirmə işləri görülməlidir. Bizim tövsiyəmiz təkmilləşdirmə işlərinin tez bir zamanda aparılmasıdır.

Həmçinin hotel sənayesinə dəstək planlarını hazırlayırıq. Təlim planı hazırlanır və yaxın zamanda vacib amilləri cəmləşdirən, peşəkar ekspertlər tərəfindən hotellərə özəlliklə xidmət, qonaq məmnuniyyəti, təmizlik xidməti, minimum standartlar və dayanıqlılıq əsasları mövzularında təlimlər keçiriləcək”, - deyə o vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qırxbuğum küküsünün  hazırlanması qaydasını şərh edəcəyik. 

 

Qırxbuğum küküsü

 

ƏRZAQLAR:

Qırxbuğum – 100 qr

Sarımsaq (və ya göy sarımsaq) – 5 qr

Yumurta – 40 qr

Kərə yağı – 30 qr

Un – 10 qr

Qatıq – 15 qr

Sarıkök – 0,1 qr

Zəncəfil – 1 qr

Duz – 4 qr

İstiot – 0,05 qr

Xörək əlavəsi:

sarımsaq – 2 qr, qatıq – 50 qr

 

HAZIRLANMASI:

Göyərti doğranır və dərin qaba yığılır. Üzərinə yumurta, xırda doğranmış sarımsaq, qatıq, un, duz, istiot, ədvalar əlavə olunur və yaxşıca qarışdırılır. 

Tavada yağ qızdırılır. Qarışıq tavaya əlavə olunur və bərabər yayılır. Bir az saxlanır və sobaya qoyulur. Bişmə müddəti 200°C-də 20-25 dəqiqə təşkil edir. 

Hazır olduqda təxminən 3 dəqiqə saxlanır və soyudulur. Taxtanın üzərinə yığılır, pay və ya bütöv doğranmış şəkildə süfrəyə verilir. Yanında qatıq və ya sarımsaqlı qatıq verilir.

 

QEYD: 

Qırxbuğum dağ tərəsidir. Həmçinin acı pencər, çobanyastığı, quşəppəyi, pərpətöyün, qızılbaldır, ciriş, gəlinbarmağı, qızılot, salmanca, yemlik dağ-meşə tərələri sayılır. Bu bitkilərdən müxtəlif növ kükülər, yeməklər, salatlar, kətələr və s. yeməklər hazırlamaq olar

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Çərşənbə axşamı, 30 Yanvar 2024 14:30

Səni itirmək qorxusu - HEKAYƏ

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Mən unudulmaq üçün yaradıldım. Bəlkə də əbədiyyət üçün unuduldum bu fani dünyada. Bütün fədakarlar əbədiyyətdə unudulmazdır.

1.

...Sevinc yıxılmışdı. Ancaq bunu heç kim görmürdü. İnsanlar onu həmişə şən, gülərüz görmüşdü. Sevinc yıxıldığını heç kimə hiss etdirməmək üçün yenə də həyata gülümsəyir, insanları sevindirməyə çalışırdı. Sevincin də diqqətə, qayğıya, sevgiyə ehtiyacı var idi. O, yaralarının sağalacağına ümid edirdi. 

2.

Bir gün təsadüfən Ümidlə qarşılaşdı. Ümid Sevincə ayağa qalxmasında kömək edəcəyinə söz verdi. 

Ümidə rast gələndən  Sevincin həyatında yeni dönüş nöqtəsi başladı. Yaraları yavaş-yavaş sağalmaqdaydı…

3.

Bir gün Ümidlə Sevinc parkda görüşmək üçün vaxt təyin etdilər. Sevinc parka necə gedəcəyini düşünürdü. Axı yıxılandan sonra Sevincin ayaqları sözünə baxmırdı, o, yaxşı yeriyə bilmirdi. 

Ümid Sevinci inandırdı ki, o öz ayaqları ilə parka gələ biləcək. 

Sevinc o qədər inamlı, ümidli idi ki. Özü də bilmədi parka necə gəldiyini. Hətta görüş vaxtından yarım saat əvvəl çatmışdı parka. Sanki dünyaya yenidən gəlmişdi. Ümid "dünya Sevinclə daha gözəldir", deyib, Sevincin bu dünyaya nə qədər lazım olduğuna onu inandırmışdı. Sevinc görüş yerində Ümidi gözləyirdi. Ümid də söz verdiyi kimi Sevincin görüşünə tələsirdi. Yolda Hiylə ilə rastlaşdı. Hiylə Ümidə yalan söylədi: "Kimsəsiz, ahıl bir qadının ayağı sınıb, onu təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Lap yaxındadır". 

Ümid həyəcandan Sevincə xəbər etməyi unutdu. Yaşlı qadına kömək etmək üçün Hiylənin ona göstərdiyi yollarla irəlilədi. Hiylə yalandan “yaxındır” dediyi yerə onlar günəş batanda gəlib çatdılar. Onları gözləyən kimsə yox idi. Hiylə bununla da kifayətlənməyib Ümidə növbəti yalan danışdı:  

-Ona söz vermişəm. Qadını mütləq tapmaq lazımdır. Biz onu tək qoya bilmərik. Bəlkə xəstəxanaları axtarıb tapaq. 

Ümid Hiylə ilə razılaşdı. Bir-bir xəstəxanalara gedir, yaşlı qadının orada olub-olmadığını öyrənməyə çalışırdılar. Görüş yerində Ümidi gözləyən Sevinc gah saata, gah da havaya baxırdı. Saat irəliləyir, hava qaralırdı. Birdən güclü külək əsməyə başladı. Əsən küləklə bərabər qar yağmağa başladı. Ay işığında Göydən Yerə düşən soyuq qar dənələri ulduz kimi parıldayırdı. Sevinc gah titrəyir, gah əllərini bir-birinə sürtüb isinməyə çalışır, gah da soyuq kəsən əlləri ilə Ümidə zəng edib harada olduğunu öyrənməyə çalışırdı. "Ümid vəfasız ola bilməz. Ümid etibarsız, yalançı ola bilməz. Yəqin başında  bir bəla var. Yoxsa nədən telefona da cavab vermir?" 

Sevinc həyacandan boğulur, soyuqdan titrəyir, artıq Yerlə əlaqəsinin kəsildiyini hiss edirdi. Donan barmaqları ilə Ümidə mesaj göndərdi: "Səni tanıyanda dünyanın necə gözəl olduğuna vuruldum. Yeriməyən ayaqlarım yeriməyə başladı. Bu gözəl dünyada hamıdan fərqli sən idin, Ümid. Sən olan yerdə həyat da, arzu da, sevinc də var idi. Sən olmayan yerdə dünya özü bir dar qəfəsmiş. Səni soyuq qar altında gözləmək də gözəlmiş. Mənim azadlığım, qürurum, fərəhim, yaşama səbəbim də sən oldun". Mesajı Ümidə göndərib Allaha dua edirdi: "Sonuncu dəfə Ümidi görə bilsəm".

4.

Ümid telefonuna mesaj gəldiyini hiss etdi. Sevincdən idi. Mesajı oxudu. Üzünü çevirdi ki, Hiyləyə vacib getməli olduğunu söyləsin. Hiylə yox idi. Ümid hiylənin onu aldatdığını anladı. Özünü Sevincə çatdırmaq üçün qaçır, yol boyu Sevincin sağ-salamat qalması üçün dua edirdi. Görüş yerinə çatanda Sevinc tamamən donmaq üzrə idi, ömrünün son dəqiqələrini yaşayırdı. Ümidin gəlişini hiss etdi: "Niyə gec gəldin, Ümid? Harada idin? Niyə zənglərimə cavab vermirdin? Şükür sağ-salamatsan. Sən zənglərimə cavab vermədikcə elə qorxurdum ki. Məni insanların yalanı, ikiüzlülüyü, hiyləsi öldürə bilmədi. Məni Səni itirmək qorxusu öldürdü, Ümid!”

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

ELTƏN TÖRƏÇİDƏN DƏYƏRLİ FİKİRLƏR

 

“Ədəbiyyat və incəsənət” portalı “Çölçü” hərəkatının yaradıcısı Eltən Törəçinin dəyərli fikirlərini təqdim edir. 

 

Yaşamımızda düzən dilimizdən gələcək. Toplumu yönləndirən anlayış, qavram və düşüncə biçimlərinin adı özümüzünküləşmədən oğey düşüncələrin basqısından qurtula bilməyəcəyik, ilk addım bu gərçəyi aydınların mənimsəməsidir.

 

Törəli adamlar bir-birinə gərəkli dəyəri versələr, ortada dibsizlərə, yolaverənlərə yer qalmaz! Birlik olmadığı üçün meydan gədə-güdəyə qalıb...

 

Öz işindəki bütün xırdalıqları doğma dilində adlandırmadan, üst  biliklərə tam yiyələnə bilməzsən...

 

Adətən izlədiyimiz, dinlədiyimiz və bəyəndiyimiz paylaşımlar bizim düşüncələrimizi, seçimlərimizi, davranışlarımızı, istəklərimizi dəyişdirir və yönləndirir. 

Özümüzdən kimliyimizdən uzaqlaşaraq dəyişirik. 

Mənliyimizdən uzaqlaşdıqca başqalarını    yamsılamağa alışırıq. Sonunda özəlliyimizi,  öz baxışımızı itiririk, yaradıcı bacarıqlarımız korşalır və başqalarından aslı qalmağa başlayırıq. Başqalarının yeniliklərini izləyərək, onların yaradıcılığından bəslənərək, yaydıqları yaşam biçiminə uyğunlaşaraq yaşayırıq. Yaşamdakı yerimizi  itirir, bəlli bir dönəm sonra gücsüzlüyümüzü anlayaraq, özgüvənsizcəsinə gərəksizliyimizi alqılayır, içsəl sıxıntıların içində boğularaq yox olmağa başlayırıq.

Bunların olmaması üçün Törəmizi öyrənməli, ona uyğun yaşamaqla öz köklərimizə bağlı qalaraq irəliləməliyik.

Seçilmək, öz ad-sanımızla ucaltmaq, yaşam gücümüzü artırmaq üçün özümüzə dönməliyik.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab işıq üzü görüb. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Qulu Ağsəs məlumat verib. 

 

“Təhsil" nəşriyyatında çıxan kitabın müəllifi Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovadır. Kitabın məqsədi müasir Azərbaycan poeziyasının görkəmli imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək və əsərlərini oxucuya yaxınlaşdırmaqdır.

Kitab geniş oxucu kütləsinə - filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanıb.

Kitabın redaktoru Sevinc Nuruqızı, dizayneri Firuzə İbrahimova, korrektoru Günel Məmmədovadır. Üz qabığında isə rəssam Ədalət Həsənin "Qulu Ağsəsin portreti" əsərindən istifadə edilib.

“Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Çərşənbə axşamı, 30 Yanvar 2024 12:30

Palitramızın yeni rəng yaradan qarışığı - ESSE

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hər rəng bir məna ifadə edir və daşıyır. 

Palitranızda olan bəyaz və qırmızı rənglərin  bir araya gəlməsindən "çəhrayı", narıncı və mavi rənginin birləşməsindən isə "qara" rəngi əldə etmək mümkündür. 

Bəzi rənglərin qarışığından açıq, bəzilərindənsə tünd tonlar əldə edilir. Bəyaz və qırmızı rənglərin birləşməsindən "qara", narıncı və mavi rənginin qarışımından isə, "çəhrayı" rəngi əldə etmək mənasız və mümkünsüzdür. Biz nə qədər istəsək də, tünd rəngin açıq, açıq rəngin tünd tonlarda olmasını istəyə və gözləyə bilmərik. 

Rənglər palitrada yer aldığı kimi, dünyada da var olan iki tərəf var - sən və qarşı tərəf. Birləşəndə uyğun, bəzən uyğunsuz...

Uyğun olarsa, hər şey yolundadır. Bəs uyğunsuz olanda? 

İki insan bir-biri ilə uyğun deyilsə, mütləqdirmi ki, onların hər hansısa biri günahkar adı daşısın? Bəzən ayrı-ayrılıqda bir rəngi təmsil edən insanlar, bir araya gəlməyə çalışanda, ortaya onların istəmədiyi və gözləmədiyi ton çıxır. Rənglərin birləşməsinin yaratdığı ahəngi dəyişə bilmədiyimiz kimi, bəzən də uyğun düşündüyümüz insanla aldığımız nəticəni dəyişə bilmərik. Palitradaki hər rəngin, hər rənglə uyğun olmadığı şəksizdir və istədiyimiz rəngi əldə etmək üçün iki rəngi nə qədər birləşdirib, bir-birinə qarışdırmağa çalışsaq, yenə istədiyimiz nəticə əldə edə bilməyəcəyik, rəng eyni qalacaq və dəyişməyəcək. 

İstisna olaraq, bəzən rəng tonunu dəyişə bilərik. Lakin həmin tonun daşıdığı "adı" istədiyimiz nəticə ilə əvəzləyə bilmərik. Əksinə bu, palitraya zərər, rənglərə ziyan verməkdən başqa bir şey olmaz. 

Həmçinin iki insanın kimyası uyğun gəlmirsə, ya onu, ya da özünüzü dəyişməyə çalışmaq, sadəcə onun və özünüzün sahib olduğunuz xarakterinizə verdiyiniz ziyan və yarada biləcəyiniz travmalardan ibarət olacaq, başqa qazanacağınız bir şey olmayacaq. Nəticəyə təsir etməyəcəksə, səbəbi və ya səbəbləri dəyişmək, dəyişməyə çalışmaq, bir rəngin əslini qəbul etməmək kimidir. 

Bəzən düşünər və qəzəblənərək özünüzə "mən belə olacağını necə təxmin etmədim?" deyə bilərsiniz. Lakin hekayəyə başlamadan sonunu bilə bilməzsiniz axı, sonunu biləndə isə niyə bunu oxudum deyə özünüzə qəzəblənə bilməzsiniz əlbət ki.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Çərşənbə axşamı, 30 Yanvar 2024 11:15

“İsveç nəsr antologiyası” işıq üzü görüb

Dövlət Tərcümə Mərkəzi yeni nəşrini – zəngin ədəbi ənənəli İsveç ədəbiyyatının seçmə nümunələrinin toplandığı “İsveç nəsr antologiyası” kitabını ərsəyə gətirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tərcümə Mərkəzinin məlumatına görə  antologiyada İsveç nəsrinin Avqust Strindberq, Ernst Alqren, Selma Lagerlöf, Verner Fon Heydenstam, Per Hallström, Yalmar Syöderberq, Albert Enqström, Yalmar Berqman, Dan Anderson, Per Lagerkvist, Vilhelm Muberq, Eyvind Yonson, Harri Martinson, Lüdviq Nordström, Artur Lundkvist, Astrid Lindqren, İnqmar Berqman, Stiq Dagerman, Tumas Tranströmer, Ulf Stark, Marqareta Ekström, Eva Qabrielsson, Niklas Rodström, Stiq Larsson, Oke Edvardson, İnger Edelfeldt, Tove Alsterdal, Sesilya Davidson, Melker İnqe Qaray kimi dünyaşöhrətli yazıçılarının və müasir müəlliflərinin əsərləri

 daxil edilib. 

Nəfis tərtibatlı kitabın layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, “Ön söz”ünün müəllifi, yazıçı Etimad Başkeçid, əsərlərin tərcümə müəllifləri – tanınmış yazıçı və bədii tərcümə ustaları – Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Bəhlul Abbasov, İlqar Əlfi, Mahir Qarayev, Səməd Qaraçöp, Rəbiqə Nazimqızı, Şəfiqə Şəfa, Selcan Məmmədli, redaktoru Mahir Qarayevdir.

Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya”, “Baku Book Center”, “Çıraq”, Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi və digər kitab evi mağazalarından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.