
Super User
Drezdendə Azərbaycana həsr olunmuş fotosərgi açılıb
Almaniyanın Drezden şəhərində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycana həsr olunmuş fotosərgi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, “İpək yolu Azərbaycan” (“Seidenstrasse-Aserbaidschan”) cəmiyyətinin təşkilatçılığı, ölkəmizin Almaniyadakı səfirliyinin, Drezdendəki “House of Resources” təşkilatının və “Ukraina evi”nin birgə dəstəyi ilə keçirilən sərgidə Azərbaycan rəssamlarının təsviri sənət əsərlərini, ölkəmizin əsrarəngiz təbiətini, tarixi, mədəni, dini irsini və adət-ənənələrini əks etdirən fotoşəkillər nümayiş olunub.
Cəmiyyətin sədrləri Alseyin Babayev və Yuliana Şneyderman çıxış edərək, qonaqlara Heydər Əliyevin mədəniyyət və incəsənətə həssas münasibəti, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın dinamik inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər. Azərbaycanın rəssamlıq məktəbinin korifey sənətkarları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, müasir dövrün tanınmış rəssamları Sakit Məmmədov, Altay Sadıqzadə və digərlərinin yaradıcılığına diqqət cəlb edilib.
Tədbirin zamanı Azərbaycana həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ifa olunub.
Sərgi bir ay davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Bu dəfə Güneydən qonağımız Araz Asif olacaq
“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında bu dəgə Güney təmsilçimiz Əli Çağla sizlərə Araz Asifin şeirlərini təqdim edəcək.
Araz Asif özünü oxucularımıza bu cür təqdim edir: Mən 1976-cı ildə Muğanın yaşıl bir yaz havasında dünyaya gəlmişəm. İllər öncə Araz radiosundan dinlədiyim mahnıların yolçusu olub şeirə maraq göstərmişəm. Sonralar suyum, duzum, çörəyim olub şeir. Şeir kitabım "Quşluğuna uçdu adım" adında çap olunubdur.
Hələ də ki var, şeir ağacından yıxıldığım gənc illərin ağrısını şeirə danışıram, yaşayıram bir təhər ölümlə qonşu. Mənə görə şeir yalnız lirikadır. Odur ki, həyatı, yaşamı sevirəm. Ürəyimi ağlımdan daha çox yaşayıram.
Sabah “Ədəbiyyat və incəsənət” portalında!
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Ötən günün kriminogen vəziyyəti
Ölkə ərazisində qeydə alınan 76 cinayətin üstü açılıb
İyunun 6-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 134, o cümlədən borclu şəxs qismində axtarılan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Dünyanın məşhur muzeylərində olan qeyri-leqal artefaktlar sahiblərinə qaytarılır
Dünyanın ən məşhur muzeyləri – Nyu-Yorkdakı Metropoliten muzeyi, Parisdəki Luvr muzeyi və digərlərində qədim Yaxın Şərq əhəngdaşı filindən tutmuş VII əsr Çin heykəllərinə qədər çoxlu sayda qiymətli artefaktlar nümayiş etdirilir. Lakin onların bir hissəsi qeyri-leqal, yəni müxtəlif dövrlərdə məxsus olduğu ölkələrdən qanunsuz şəkildə çıxarılan sənət nümunələridir.
AzərTAC AFP agentliyinə istinadla xəbər verir ki, Nyu-York prokurorları dünyanın hər yerindən talan edilmiş yüzlərlə qiymətli artefaktı ələ keçiriblər. Metropoliten muzeyi Asiya, Avropa və Afrikanın ondan çox ölkəsinə məxsus olan əsərləri təhvil vermək məcburiyyətində qalan əsas qurumlar və kolleksiyaçılar arasında liderdir. Oğurlanmış sənət əsərləri üzrə ixtisaslaşan məhkəmə arxeoloqu və sənət tarixçisi Kristos Tsiroqiannis bildirib ki, bu cür hallarla bağlı həbslərin və repatriasiyaların miqyası da artır. Onun sözlərinə görə, Nyu-York qədim əşyaların qeyri-qanuni dövriyyəsi üzrə dünyanın mərkəzi şəhərlərindən biridir.
2017-ci ildən bəri Nyu-York prokurorları 1970-1990-cı illər arasında təxminən 20 ölkədən talan edilmiş artefaktları məxsus olduğu ölkələrə qaytarıblar. Onların arasında qədim Yunanıstan, Roma və Bizans imperiyaları, İraq, Çin, Hindistan və Cənub-Şərqi Asiyadan olan incəsənət əsərləri var. 2022-ci ilin yanvarında Kamboca, Pakistan, Misir, Türkiyə və İtaliya da daxil olmaqla bir neçə ölkəyə 165 milyon dollar dəyərində 950-dən çox artefakt qaytarılıb. Ötən ay isə Nyu-Yorkdakı Çin konsulluğunda keçirilən mərasimdə VII əsrə aid 3,5 milyon dollar dəyərində iki daş heykəl Pekinə təhvil verilib. Ən son restitusiya Körfəz müharibəsi zamanı oğurlanmış və 1990-cı illərin sonunda Nyu-Yorka qaçaqmalçılıq yolu ilə gətirilmiş Şumer sivilizasiyasına aid əhəngdaşı fili və alebastr öküzünün bu il mayın 19-da İraqa qaytarılması olub.
Luvr muzeyinin rəhbəri Laurens des Kars may ayında Nyu-Yorka səfəri zamanı bildirib ki, böyük muzeylər öz kolleksiyalarının tarixini bilməlidir. Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə Avropa və ABŞ-nin muzeylərinə gətirilən artefaktlar tez və ya gec öz sahiblərinə qaytarılacaq. Bu sənət əsərlərinin sayı isə minə yaxındır.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Şair arvadları günü
“Ədəbiyyat və incəsənət” portalı Gülüş klubunda sizlərə ustad şair Ramiz Qusarçaylının “Şairlər və şair arvadları” adlı şeirini təqdim edir.
Şairin qənaəti belədir:
Bizdə şairlərin özündən qabaq,
“Nobel” verilməli arvadlarına.
Niyə? Cavabını şeiri oxuyandan sonra biləcəksiniz.
Deyirlər bu gün şairlər günüdü...Kaş şair arvadları günü də olsaydı...
Şairlər və şair arvadları
Gizlər oğrun-oğrun eşq sirlərini,
Guya arvadına şeir yazarlar.
Evində sevməzlər şeirlərini
Şairə yalandan qulaq asarlar.
Sıralar yan-yana yalan vədləri
Şair arvadını yalandan sevər..
Qanorarsız kitab könlünə yatmaz,
Arvad da şairi pulundan sevər.
Yorar məclisləri sevgi küyləri,
Özgə xanımları bəzər şairlər.
Elə öz evində olan şeyləri
Gedib başqa yerdə gəzər şairlər...
Rəfdə kitab-kitab sözün xəzəli,
Saralan sevgilər gözünü döyər.
Çölün arvadına canım gözəlim,-
Evin xanımına “evdəki” deyər...
Hər sevgi şerinə divan qurular,
Yandan da “mollası”, “seyidi” çıxar.
Qətliam yeridi şairin evi,
Hər gün bir misranın meyidi çıxar...
Gün axşam “feyz”də yatan şairin
Qeybət at oynadar yorğa dilində.
Arvadı “blok”a atan şairin
Yengələr oynayar profilində...
Yüz yol sev yalandan,
yüz yol əzizlə,
Halalca bir eşqin verməz dadını.
Özgəyə dediyi ütülü sözlər
Dəyməz ütüsünə öz arvadının.
Guya əl-əl gəzir yazdığı hər söz,
Nə çox oxucudan yavan şairlər.
Bir ömür çürüdər səssiz,səmirsiz,
Xoşbəxtdi arvadı avam şairlər...
Gördüyü hər gözəl,-
“ilham pərisi”,
Düşər topuğuna
izindən öpər.
Evdəki xanımın gözündən düşən
Çöldəki xanımın gözündən öpər...
Kürsüdə Yer yarar, Göy yığışdırar,
Kürsüdən o yana itən şairlər.
Evdə xanım-xanım öy yığışdırar,
Çöldə kişi-kişi ötən şairlər...
“Eşq”lərə şahiddir boz masalar da,
Qələm haqq lələyi,-
düzünü yazar.
Sağ ikən bir misra yazmasalar da
Arvadı öləndə yüzünü yazar...
Sözündə söz gəzən...
kitabına bax,-
İlahi, yazıqdı, çat dadlarına.
Bizdə şairlərin özündən qabaq,
“Nobel” verilməli arvadlarına.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Filarmoniyada Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq
İyunun 16-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev – 100” adlı Azərbaycan Dövlət Xor Kapellasının konserti keçiriləcək.
Konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək.
Xormeysterlər Əməkdar artist Yulizana Kuxmazova və Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır. Konsertmeysterlər Elxan Niftiyev və Nərmin Rzayeva olacaq.
Proqramda dünya bəstəkarlarının əsərləri səslənəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
“Forsaj” filmi “Golden Trailer Awards”a əsas namizəddir
İlin ən yaxşı film treylerlərinin qısa siyahısı təqdim olunub
Film çəkmək bir yana. Bu, konkret işdir, sən dematurji materialı vizual baxış mənbəyi etmək üçün ən azı bir saat, saat yarım vaxt əldə edirsən. Biri də var, həmin o bir saatlıq, saat yarımlıq filmi dəqiqə yarımlıq, iki dəqiqəlik treylerə çevirəsən. Bax ən çətini budur. Necə etməli ki, qısa vaxt dönəmində həm ideya, həm süjet, həm peşəkarlıq, həm gözəllik, həm aktyor ifası - hamısı nəzərə çatdırılsın?
İyunun 29-da Los-Ancelesdə təqdim olunacaq “İlin ən yaxşı film treylerləri” nominasiyası üzrə XXIII "Golden Trailer Awards” mükafatının namizəd filmləri açıqlanıb.
“Ədəbiyyat və incəsənət” poryalı Variety saytına istinadla xəbər verir ki, mərasimdə təqdim olunan mükafatlar “iki saatlıq filmləri iki dəqiqəlik treylerlərə çevirmək” (təbii ki, iki saat və iki dəqiqə şərti anlamlardır) tələbi qoyulan yaradıcı qruplara veriləcək.
Bu siyahı üzrə əsas nominant filmlərin adlarını təqdim edirik:
“Forsaj 10”,
“Qara pantera 2: Əbədi Vakanda”,
“Zindan və əjdahalar: Oğrular arasında vicdan”,
“Bıçaqları çıxarmaq 2”,
“Yox”,
“Oppenheimer”.
Yeri gəlmişkən, “Forsaj” filminin treyleri mükafata əsas namizəd hesab edilir.
Televiziya serialları arasında isə liderlər bu treylerlərdir:
"Ted Lasso",
“Çox qəribə işlər",
“Eyni binada qətl".
Oxucularımıza onu da deyək ki, ölkəmizin kino industriyası da son zamanlar film treylerlərinə mütəmadi müraciətlər edir, arada çox layiqli işlər gözə dəyir. Azərbaycanın ilk tarixi teleserialı olan “Azərbaycan Atabəyləri: Şəmsəddin Eldəniz” filminin yaradıcı heyətinin hazırladığı treyler bu baxımdan nümunəvi hesab oluna bilər.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Filarmoniyada “Yeni adlar” adlı konsert keçiriləcək
İyunun 12-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Yeni adlar” layihəsi çərçivəsində konsert keçiriləcək.
Konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər Zərrin Əliyeva (violin), Nərminə İsmayılova çıxış edəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu davam edir
Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Festivalın təşkilat komitəsinin açıqlamasına görə, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilir. Müraciətlər üçün ən son tarix iyulun 1-dir.
Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.
Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:
• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.
• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.
• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
• Tamaşaçı rəğbəti mükafatı.
• Tərəfdaşların xüsusi mükafatları.
Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin
50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.
“Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini bu gün yekunlaşdırır. Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayıb. Və oxunma sayından görünür ki,siz bu romanı çox bəyənmisiniz.
29-cu dərc
EPİLOQ
Tumsatanla görüşümdən yeddi gün keçmişdi. Son bir ildə müəllimimdən mənə miras qalan bu müəmmalı agentin kuryeri ilə indiyə qədər heç bir görüşü buraxmamış, onun gəlib-gəlməməsindən asılı olmayaraq təyin olunan vaxtlarda görüş yerində olmuşdum. Bu gün də onunla görüşmüş, indi aldığım tum paketindən çıxan kiçik vərəq parçasını masanın üzərinə qoyub baxır, cırıb tullamağa tələsmirdim. Bu dəfəki vərəq parçasında hər-hansı məlumat yox, görüş yeri yazılmışdı. Görüş yeri mənim öz agentlərimlə görüşdüyüm, təkcə özümə məlum olan çayxananın ünvanı idi. Saat 20:00-da məni orada gözləyəcəkdilər. Bu çox maraqlı idi…
Bu görüşə getməyə bilməzdim. Axşama hələ çox var idi.
Kompyuterimdə vərəq parçasında olan ünvanı yazıb printerə verdim. Sonra tum paketindən çıxan vərəq parçasını cırıb əvvəlkilər kimi unitaza atıb suyu buraxdım. Görüşə bir saat qalmış ünvan yazdığım vərəq parçasını Layiqənin masasının üstünə qoyub ofisdən çıxdım. Bu, hər ehtimala qarşı atılan addım idi. Əgər bir şey olarsa, son olduğum yer barədə məlumat vermiş olar, heç nə baş verməzsə, səhər Layiqədən tez gəlib kağızı götürəcəkdim.
Adətim üzrə ətrafı nəzərdən keçirmək üçün görüş yerinə bir qədər tez gəlmişdim. Tanış parkda xeyli var-gəl etsəm də, şübhəli bir şey müşahidə etmədim. Nə qədər fikirləşsəm də, tək özümə məlum olan bir ünvanda mənə görüş təyin edən birinin kim ola biləcəyinə qərar verə bilmirdim.
Saata baxdım, 19:59 idi. Mən çayxanaya girib beş nömrəli otağa keçməliydim.
Otağın qapısını döymədən açdım. İçəri keçməyə tələsmirdim. Çayxananın dəhlizindən, açdığım qapıdan görünən alaqaranlıq otaqdakı masanın üstündə buğlanan qəhfədan, yanında iki armudu stəkan və qəndqabı qoyulmuşdu. Stəkanlardan birinə çay süzülmüş, o birisi isə boş idi.
İki stəkan… Bu yaxşı əlamət idi… Demək boş stəkan mənim üçün nəzərdə tutulmuşdu.
Bir addım atıb içəri keçdim. Uzunsov otaqda, girdiyim qapıdan sol tərəfdə masanın yuxarı başında oturmuş adama tərəf baxanda isə təəccübümdən gözlərim dörd oldu...
-Sizsiniz?!
O, təmkinlə dedi:
-Otur Bəxtiyar, səninlə söhbətimiz uzun olacaq…
1-ci kitabın sonu
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)