
Super User
“Yuğ” Teatrı beynəlxalq teatr festivalında mükafat qazanıb
Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan "Teatral İmereti" beynəlxalq teatr festivalında çıxış edib. Sözügedən festival Gürcüstanda Kutaisidə yerləşən Mesxişvili Dövlət Teatrında keçirilib.
Teatrın yaydığı məlumata görə, hər il keçirilən bu festivala 20-dən çox ölkə qatılıb. Festival çərçivəsində “Yuğ” Teatrı V.Şekspirin “III Riçard” əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluşunda "Lənət" tamaşasını nümayiş etdirib. Səhnə əsəri beynəlxalq festivalın ən orijinal tamaşası seçilib və mükafat qazanıb.
Tamaşada rolları Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva və Zümrüd Qasımova ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək beynəlxalq festivala dəvət olunub
Avqustun 24-dən 27-dək Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli bələdiyyəsinin Tserakvi kəndində “One Caucasus” beynəlxalq musiqi festivalı keçiriləcək.
AzərTAC xəbər verir ki, festivala Azərbaycan musiqiçiləri də dəvət olunublar.
2014-cü ildən keçirilən festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gənclər üçün ruhlandırıcı və təhlükəsiz məkan yaratmaqdır.
Festival çərçivəsində müxtəlif maarifləndirici tədbirlər də təşkil olunacaq.
“One Caucasus”un rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir: “Cənubi Qafqaz regionu illərdən bəri bir çox münaqişələrdən əziyyət çəkir. Kvemo Kartli bölgəsi Gürcüstan, Ermənistan və Azərbaycanın sərhəd bölgəsidir və uzun illərdir ki, bir çox etnik və dini qrupların sülh şəraitində yaşadığı bir yer olaraq tanınır. Bu, bir sıra gərginlik və münaqişələrdən əziyyət çəkən Qafqaz üçün olduqca unikaldır. Məqsədimiz yerli bələdiyyənin dəstəyi ilə bütün Qafqaz bölgəsindən olan gənclərin görüşlərini və əməkdaşlığını təşviq etmək üçün ruhlandırıcı və təhlükəsiz bir məkan yaratmaqdır”.
Hər il “One Caucasus” festivalı dünyanın hər yerindən musiqiçiləri, rəssamları, memarları və könüllüləri bir araya gətirir. Müxtəlif qitələrdən çoxlu sayda xarici könüllülər “One Caucasus” festivalının çoxşaxəli proqramını yaradırlar.
Festivala Kvemo Kartli bölgəsində yaşayan gənclərin “One Caucasus” təhsil proqramı çərçivəsində yaratdığı incəsənət layihələri (filmlər, instalyasiyalar və s.) daxildir.
Festivala qatılmaq üçün nəqliyyat, yerləşdirmə və iştirak tamamilə pulsuzdur.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
ICESCO və Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunub
Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun dəvəti ilə Mərakeş Krallığının Rabat şəhərində səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov da iştirak edib.
Faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanla təşkilat arasında əməkdaşlığın uğurlu olmasında böyük və əvəzolunmaz dəstək göstərən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyini məmnunluqla ifadə edib.
Salim bin Məhəmməd əl-Malik bu əməkdaşlığın bir çox ölkələr üçün uğurlu model ola biləcəyini vurğulayıb, təşkilatın gələcək üçün nəzərdə tutulan əsas strateji istiqamətləri, hazırda həyata keçirilən təşəbbüslər, proqramlar və layihələr barədə məlumat verib. O, innovasiya, təhsil sistemlərinin inkişaf etdirilməsinin, həmçinin birgəyaşayış və sivil dialoq dəyərlərini möhkəmləndirməyin prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Mədəniyyət naziri Adil Kərimli ICESCO-nun Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində strateji tərəfdaşı olduğunu, iki tərəf arasında əlaqələrin Prezident İlham Əliyev və birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən böyük dəstək aldığını qeyd edib. O, Mədəniyyətlərarası Dialoq Forumunda ICESCO-nun əsas tərəfdaş olduğunu qeyd edərək, gələn ilin may ayına planlaşdırılan Forum çərçivəsində də əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ölkəmizlə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən Bakıda ICESCO-nun Regional Ofisinin açılması, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, ICESCO-nun tərəfdaş olduğu “Bakı Prosesi” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ölkəmizin mədəniyyət nümunələrinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi və digər məsələlər müzakirə olunub.
Görüşdən sonra Salim əl-Malik mədəniyyət naziri Adil Kərimlininin başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin yolu” muzeyi ilə tanış edib.
Qeyd edək ki, bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Özü boyda bir Azərbaycandır...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Xarici ölkələrdə məskunlaşan elə soydaşlarımız var ki, hərəsi özü boyda bir Azərbaycandır. Vəhşi kapitalizmin tələblərinə baxmayaraq, əksəriyyəti cismən qürbətdə olsalar da, ruhən vətəndədirlər. Bu gün sizə onlardan biri- Rəhim Sadıqbəyli haqqında söhbət açmaq istəyirəm. Rəhim bəy 1965-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 1 saylı məktəbdə alıb. Sonra Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakultəsində ali təhsilə yiyələnib. Əsgəri xidmətini başa vurduqdan sonra beş il “Azərfilm” kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb. 1989-1991-ci illərdə Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub. 1993-1998-ci illərdə AzTV-də rejissor,1998-1999-cu illərdə ANS-də prodüsser və efir rejissoru, 1999-2000-ci illərdə “İnternews”-də prodüsser, 2000-2001-ci illərdə STV-də redaktor, 2001-2003-cü illərdə ATV-də yaradıcılıq işləri üzrə vitse prezident vəzifələrində işləyib. 2002-ci ildə Azərbaycanın "Bəyaz həyat" adlı ilk teleserialını çəkib. Həmin serialın qısaldılmış variantı Krım TV filmlər festivalında ən yaxşı rejissor mükafatına layıq görülüb. 2003-cü ildən İsveçdə yaşayır.
Deyir ki,- “Öncə onu vurğulamaq istəyirəm ki, yaşadığım İsveçin və eləcə də Avropanın bütün dövlətlərində dövlət quruluşu sivil toplumlar üstündə qurulub. Bu, əslində vətəndaş cəmiyyətinin demokratik düzən üzərində inkişafı deməkdir. Bir yandan sivil toplum təşkilatları öz tərəfdarlarını bir araya gətirməklə vətəndaş cəmiyyətinin inkişafına təkan verir, digər yandan isə, dövlət bu istiqamətdə əsl demokratik düzənlə inkişaf metodologiyasının fəlsəfi dəyərlərinə dəstək olur. Hələ iyirmi il bundan əvvəl biz İsveçə gələndə buranın əhalisi 7- 8 milyon idi. İndi bu rəqəm bir qədər artıbdır. O zaman belə bir fikir formalaşmışdı ki, İsveçdə hər adam başına bir dərnək düşür. Əlbəttə burada soydaşlarımızın bir sıra dərnəkləri və hətta bir neçə dərnəyi birləşdirən federasiyaları o vaxt da mövcud idi. Və biz beş il bundan əvvəl yeni- fərqli bir təşkilat qurmaq qərarını qəbul etdik. Nəticədə “İveç-Azərbaycan Mədəniyyət Mərkəzi” yaradıldı.”
Bir müddət müxtəlif işlərlə məşğul olsa da 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində web tv prodüsseri və 2011-ci ildən isə İctimai Bilik kanalı olan UR-də sujetlər prodüsseri kimi fəaliyyət göstərib. İsveçdə və həm də Azərbaycanda sənədli və bədii filmlər çəkib. "Bir ümüddür yaşamaq" adlı kriminal romanın müəllifidir. O, həm də “Stockholm-Azərbaycan Media Mərkəzinin” və “İnternational Media Grupu”nun yaradıcısı və rəhbəridir…
“Diaspor təşkilatının siyasiləşdirilməsi fikrimcə tamamilə yalnışdır. Bu gün bizim uzun müddət apardımığız müşahidələrə əsasən onu deyə bilərəm ki, əsl siyasət yaşadığın ölkənin qanunlarına tabe olmaq, eyni zamanda mənsub olduğun xalqı və dövləti ləyaqətlə təmsil etmək çox vacibdir. İndi elə bir qlobal dönəmi yaşayırıq ki, artıq dünyanın özü cib telefonuna belə sığır. İstənilən anda dünyanın hər nöqtəsindən gərəkən informasiyanı almaq adi bir proses kimi qarşılanır. Xalqlararası multikulturalizm fəlsəfəsinin özümüzə məxsus bir məcrada inkişaf etdirilməsi dəyərləri bizim mərkəzimizin ana hədəflərindən biridir. Tolreant münasibətlərin inkişaf etdirilməsi sayəsində Azərbaycan mədəniyyətini dünyanın mədəni düzəninin bir parçasına çevirmək biz qürbətdəkilərin də əsas görəvlərindən biridir.”- söyləyir...
Zahirən sərt görünsə də, həssas və mühafizəkar bir təbiətə sahibdir. Güclü intuisiyası var. Daxili hisslərini necə ortaya qoyamağı bacarır və hisslərinə həddindən artıq etibar edir. Gələcəyə baxışları isə nikbindir...
Deyir ki,- “Doğrudur buradan Azərbaycan problemli, varlı neft ölkəsi və sivil dünyaya inteqrasiya olmağa can atan, istedadlı, lakin imkansız xalqı olan bir məmləkət kimi görünür. Bir də əhalisinin doxsan faizi müsəlman olsa da, modern həyat tərzini üstün tutan bir ölkə kimi... Bunun da əsas səbəbi ötən əsrin əvvəllərində Azərbaycanda baş verən genişmiqyaslı maarifçilik məktəbidir. Həsən Bəy Zərdabi, Əbdürrəhim Bəy Haqverdiyev, Nəcəf Bəy Vəzirov, Üzeyir Bəy Hacıbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Firudin Bəy Köçərli, Əlimərdan Bəy Topçubaşlı, Fətəli Xan Xoylu, Hüseyn Ərəbslinki, Cəfər Cabbarlı, Abbas Səhət, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digər onlarla aydınlarımızın həyat və yaradıcılığının hər biri ayrıca məktəbdir. Amma etiraf edək ki, keçmiş Sovetlər Birliyi 70 il ərzində onların qoyub getdiyi milli-mədəni mirası poza bilmədi. Bu gün Azərbaycan Respublikasının 32 yaşı var. Unutmaq olmaz ki, 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağılanda yenicə qurulan dövlətimizin milli büdcəsində bir qəpik də yox idi. Yəni xalqımız dövləti demək olar ki, sıfrdan qurub. Təbii olaraq, problemlər də yetərincə olacaqdır. Bir də yeni dünya düzəni adına Azərbaycanda idarəetmə prosesində yalnışlıqlar və probnlemlər də olacaq. Fikrimcə bütün bunlar zamanla öz axarını tapmaqdadır. Lap dəqiq desək, indiki sorunları yeni nəsil çözmək iqtidarındadır. Bu gün Azərbaycan hakimiyyətində baş verən gəncləşdirmə siyasətinin mənası da budur...”
Milli dəyərlərə bağlı adamdır. Qürbətdə yaşasa da həyat tərzində adət və ənənələrimizə sədaqətini gizlətmir. Xaraktercə nəzakətlidir. Fəaliyyətində təsəvvürlərini ifadə edə bilir. Xeyirxah işlərlə məşğul olmaq onun həyat kredosudur. Cəmiyyətin ehtiyaclarını aradan qaldırmaq uğrunda çalışmaqdan ləzzət alır. Səmimi olduğu üçün düşündüklərini, giley-güzarını dilə gətirməkdən çəkinmir...
“Açığını deyim ki, Avropada, ABŞ və Rusiyada həmvətənlərimiz yaşasalar da diasporanın vəziyyəti heç də qənaətbəxş deyil. Bunun əlbəttə obyektiv və subyektiv səbəbləri var. Məncə, bu prinsip əsas götürülməlidir. Vətən mənə nə verib deyil, mən vətənə nə vermişəm? Öncə bu suala cavab tapmaq lazımdır. Biz qürbətdə yaşayanlar müasir dünyanın standartlarını öyrənməklə, bütün bunların xalqımız tərəfindən dəyərləndirilməsini hamıdan daha çox istəyirik. Bütün həyatını Amerikada yaşamış və dünya şöhrətli alim Lütfi Zadə kimisinin ölkəmizdə təhqir və aşağılayıcı formada, qondarma ayamalarla dəyərləndirilməsi acınacaqlı bir olaya çevrildi. Sonunda hakimiyyət bəzi boşboğazları yerində oturzdurmaqla Lütfi Zadənin dəyərini qiymətləndirərək böyük bir iradə göstərdi. Hər bir qərib soydaışımıza biz beləcə dəyər verməliyik. Bu gün dünyanın elə bir dövləti yoxdur ki, orada bizim alimlərimiz, sənət adamlarımız və digər şanlı şəxsiyyətlərimiz yaşamasınlar və ya fəaliyyət göstərməsinlər. “İveç-Azərbaycan Mədəniyyət Mərkəzi”i bax bu istedadlı insanları öz öz ətrafında birləşdirməyə çalışır. Biz qürbətdə xalq diplomatiyası vasitəsilə Azərbaycan həqiqətlərini əyani şəkildə tanıtmaq üçün fəaliyyət göstəririk. Ölkəmizə turizmin axınlarının artması üşün bir sıra tədbirlər həyata keçiririk. Vətənmiz haqqında sənədli filmlər çəkərək Azərbaycan təbiətinin nə qədər füsunkar olduğunu dünyaya təbliğ etməyə çalışırıq. Qürbət ölkələrdə anadan olmuş övladlarımızda Vətən sevgisini aşılamaq üçün çoxsaylı tədbirlərimizlə onlara dəstək olmağa səy göstəririk. Və digər planlarımız da var.”- söyləyir.
Düşüncələri xeyli romantikdir. Sevdiklərinə önəm verir, onlarla bağlı təhlükə hiss edəndə, eləcə də emosional vəziyyətlərdə son dərəcə aqressivləşə bilir və şiddətli müqavimət göstərir. Bütün bunlarla yanaşı o, Azərbaycanı ləyaqətlə təmsil edir. Yolunuz İsveçə düşsə özünüz də bunun şahidi ola bilərsiniz. Bəli, haqqında söhbət açdığım Rəhim Sadıqbəyli özü boyda bir Azərbaycandır və heç vaxt soruşmur ki, “Vətən mənə nə verib?..”
Yeri gəlmişkən, iyunun 25-də Rəhim bəyin 58 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, bir vaxtlar el arasında deyildiyi kimi- qəriblərin ağası İmam Rzaya tapşırıram. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Bu dəfə fərqli kotlet - quş südü kotleti
“Ədəbiyyat və incəsənət” portalının mətbəx bələdçisi Aysel Qarayeva bu dəfə qurmanlar üçün quş südü kotletinin reseptini təqdim edir.
Öncə onu deyək ki, adi kotletdən bu kotletin fərqi heç də tərkibində süd olması ilə deyil. Fərq yalnız ondadır ki, bu kotletdə mannı yarmasından istifadə edilir.
Lazım olan ərzaq:
500 qr toyuq filesi
1ədəd baş soğan
1ədəd yumurta
1xörək qaşığı mannı yarması
Duz, istiot
Suxari
İçlik üçün:
5ədəd qaynadılmış yumurta
50 qr kərə yağı
50 qr holland pendiri
1-2 şüyüd qolu
Duz, istiot
Hazırlanması:
Öncə ət və soğan maşından keçirilir, içərisinə mannı, yumurta, duz və istiot vurularaq qarışdırılır.
Yumurta əzilir, digər ərzaqlar içərisinə əlavə olunaraq qarışdırılır. Kotletlərə uzunsov forma verilir, soyuducuda saxlanılır.
Ətin içinə içlik qoyularaq bükülür, suxariyə batırılıb qızardılır.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Günün fotosu: Parisdəki partlayış acı nəticələr verib
Günün fotosu: Parisdəki partlayış acı nəticələr verib
Parisin 5-ci dairəsində, Lüksemburq bağının yaxınlığındakı Paris Amerika Akademiyasınln binasındakı dəhşətli partlayış nəticəsində arxitektura şedevri sayılan bina ciddi dağıntıya məruz qalıb, 29 nəfər xəsarət alıb. 4 nəfərin durumu kritikdir.
Amma terakt barədə deyilənlər doğru deyil, partlayış qaz sızmasından baş verib.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Teatrda inqilab
Bəli, bunu başqa cür adlandırmaq olmaz. Lənkəran Dövlət Dram Teatrı “Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illik yubileyi münasibətilə “Uçan səhnə” adlı layihənin icrasına başlayıb.
Layihə çərçivəsində ilk tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin və “ZZ Art Center”in dəstəyi ilə rayonun dağlıq Bəliton kəndində reallaşıb. Teatrın truppası kənddə açıq havada uşaqlar qarşısında tamaşa və əyləncəli proqramla çıxış edib. Uşaqlara hədiyyələr verilib. Teatrın rəssamları da uşaqları “face-art”la sevindiriblər.
“Uçan səhnə” layihəsinin rayonun digər kəndlərində də icra olunması nəzərdə tutulub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirıiyinə istinadən məlumat verir.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Cəfər Cabbarlının nəvəsi vəfat edib
Azərbaycan şairi, yazıçı və dramaturqu Cəfər Cabbarlının nəvəsi Altay Abbasov 66 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, onun ölümünə səbəb ürəktutması olub.
Qeyd edək ki, yazıçı Seyfəddin Dağlının və Gülarə Cəfər qızı Cabbarlının oğlu Altay Abbasov uzun müddət ədliyyə-hüquq sahəsində işləyib.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Tehran rejimi Urmiyada “Şəhriyar” tamaşasının başa çatmasına icazə verməyib
Tehran rejimi Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində “Şəhriyar” tamaşasının sonadək oynanılmasına icazə verməyib.
Bu barədə Oxu.az “Azad İran” “Telegram” kanalına istinadən məlumat verib.
Bildirilib ki, teatr kollektivi aktyorlardan birinin xəsarət aldığını bildirib. Halbuki, mühafizəkar simalardan bəziləri tamaşada qadınların Azərbaycan rəqsini ifa etməsinə etiraz edərək teatra qarşı mübarizə aparılmasını tələb ediblər.
Tamaşanın ləğvindən sonra media və fəallar bildiriblər ki, Urmu şəhər Mədəniyyət və İrşad İdarəsinin rəisi Əlirza Novruzi həmin mühafizəkarların bu əməlinə dəstək verib.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
9-cu dərc
«Azadlıq prospekti» metrosunun yaxınlığındakı villaya «BMW» markalı maşın yaxınlaşdı. Sürücünün maşında basdığı hansısa düymə ilə villanın darvazası avtomatik olaraq açıldı. İri jalüz-darvazanın açılması təxminən iyirmi beş saniyə çəkdi. Maşın həyətə girdikdən sonra darvaza açıldığı kimi də bağlandı.
Böyük həyətin lap yuxarı başında maşını saxlayan, təxminən otuz yaşlı, üzünü saqqal basmış kişi düşüb yük yerini açdı, oradan ərzaq dolu zənbilləri götürüb mətbəxə apardı. Sonra geri qayıdıb həyətin sol tərəfindəki üstü və yanları bağlı hovuza yaxınlaşıb dayandı. Hovuzun uzunluğu iyirmi, eni on metr olardı. Onun şüşəli qapının arxasında dayanıb icazə gözlədiyini görən hovuzdakı kişi siqar tutmuş əli ilə içəri keçməsinə işarə verdi.
Saqqallı içəri girib qapının ağzında dayandı.
Siqar çəkən kişi hovuzun kənarında oturmuş, ayaqlarını hovuza sallamışdı. Ağarmağa başlayan gur, qıvrım saçlarından, sifətindən su damcıları süzülməsindən onun hovuzdan yenicə çıxması bəlli olurdu.
Hovuzda, hava ilə doldurulmuş rezin döşəyin üstündə təxminən iyirmi üç-iyirmi dörd yaşlarında çılpaq bir qız uzanıb gözlərini yummuşdu. Əks tərəfdə qoyulmuş kreslolardan birində oturan, çılpaq çiynlərinə dəsmal atmış, təxminən həmin yaşda olan ikinci qız isə, ayağını ayağının üstünə aşırıb əlindəki bokaldakı içkidən qurtum-qurtum içir, içəri girən saqqallıya heç fikir də vermirdi.
-Danış, -kişi amiranə səslə dilləndi.
Saqqallı qızlara tərəf baxmadan danışmağa başladı:
-«Nexia»nı Aydəmirə verdim. Bir az nasaz idi. Ancaq içində oturub müşahidə aparmaq üçün yarayar. Ustaya getməyə vaxt olmadı. Eyvaza da uzaqdan göz qoydum, yerindədi, ofislə üzbəüzdə dayanıb. Sonra qayıdıb «BMW»-ni götürdüm, indicə bazarlıq eləyib gəlmişəm. Xala soruşurdu, nahara nə hazırlasın?
-Tapşır, mal ciyərini sacın içində qızartsın, yanında da külləmə kartof olsun. Gedə bilərsən.
Saqqallı yenə də qızlara tərəf baxmadan sakitcə bayıra çıxıb aşbaza sifarişi çatdırmaq üçün mətbəxə tərəf getdi.
O bayıra çıxan kimi, qıvrımsaçlı əlini uzadıb hovuzun kənarında qoyduğu mobil telefonu götürüb kiməsə zəng etdi. Ancaq telefonu qulağına qoymaq əvəzinə ekranına baxmağa başladı. Siqar yenə də telefonu tutduğu əlində tüstülənirdi. Belə təəssürat yaranırdı ki, bu adam heç vaxt siqardan ayrılmır.
Telefonun ekranında cavab verildiyini görən kimi danışmağa başladı:
-Hər şey qaydasındadır, adamlar yerlərindədirlər, həm ofisi, həm də qoca çəkməçini nəzarətə götürmüşəm. Polkovniklə isə vəziyyət bir qədər başqadır. Evinin yaxınlığına adam qoysam da, iki gündür ki, gözə dəymir. Bir şey bilinən kimi məlumat verəcəyəm.
Telefonun o biri başındakı adam dəstəyi götürərkən heç nə demədiyi kimi, yenə də heç nə demədən dəstəyi asdı.
Qıvrımsaçlı nə qədər amiranə görünsə də, onun da kiməsə, özündən qat-qat yüksəkdə duran birisinə hesabat verdiyi məlum olurdu. Bu, danışarkən seçdiyi sözlərdən və səsinin tonundan da aşkar hiss olunurdu.
Telefonda qırıq-qırıq siqnal səslərini eşidən qıvrımsaçlı aparatı bayaq götürdüyü yerə, hovuzun kənarına qoyub siqardan dərin bir qullab aldı. Sinəsinə aldığı qatı tüstünü buraxdıqdan sonra hovuzun o biri başında oturmuş qıza baxıb gülümsədi:
-Bəsdir içdin, gəl bura görüm.
Qız əlindəki bokalı qarşısındakı masanın üstünə qoyub şıltaq-şıltaq ayağa qalxdı, çiynindəki dəsmalı kreslonun üstünə atıb çılpaq əndamını yellədə-yellədə, asta addımlarla ona tərəf gəldi.
* * *
Layiqə oturduğu kafedə sifariş verdiyi acı, şəkərsiz kofeni içib ofisianta bir şüşə mineral su gətirməyi tapşırdı. İki tərəfi iri vitrin şüşələrlə əhatələnmiş bu kafe uzaqdan müşahidə aparmaq üçün çox əlverişli idi. Nə qədər istəyirsən otur, diqqəti cəlb etmədən işini gör. Saat 12:30 idi. Artıq izlədiyi adam bayaqkı kimi var-gəl etmirdi, bir qədər əvvəl onun üçün gətirilmiş «Nexia» markalı maşında oturmuşdu.
Maşının dövlət nömrə nişanlarını əzbərləsə də, hələ yoxlatdırmaq imkanı olmamışdı. Maşını təhvil verdikdən sonra yenə də geriyə, indi olduğu istiqamətə piyada qayıdan saqqallı kişinin də şəklini çəkməyə imkan tapmışdı Layiqə. Bütün topladığı məlumatları axşam saat 8-də görüşərək şefinə verəcəkdi. Bu məlumatlar yoxlanıldıqdan sonra müsbət nəticə olarsa, nəhayət qarşı tərəfin kim və ya kimlər olduğuna aydınlıq gətirmək mümkün olacaqdı.
Layiqə şefindən istənilən vəziyyətə uyğun təhlilləri aparmağın, hər vəziyyətə hazır olmağın vacibliyini öyrənmişdi. İndiki halda, əgər maşında yemək qoyulmuşdusa, adam nahar etmək üçün uzaqlaşmayacaqdı. Elə maşında oturaraq gətirilən yeməklərdən yeyib müşahidəni davam etdirəcəkdi. Yox, əgər maşını gətirən saqqallı yemək gətirməyibsə, onda gec-tez adam qısa müddətə də olsa, postunu tərk edəcəkdi. Bu halda onu gözdən qoymamalıydı. Söhbət tək onun yemək alıb qayıtmasından getmirdi. Adam nahar fasiləsinə çıxar və qayıtmaz, açıq qoyduğu maşına isə başqası əyləşib izləməni davam etdirə bilərdi. Kim bilir ona nə tapşırıq verilib və izləməyə neçə nəfər cəlb olunub? Ayrıca, istənilən vaxt telefonla ona izləməni dayandırmasını da tapşıra bilərdilər. Əsas məqsəd bu adamı izləyib kim olmasını, haraya getməsini, kimlərə işləməsini müəyyənləşdirmək idi. Bu mümkün olarsa, qoy onu lap beş dəfə əvəz etsinlər. Bu halda qalan izləyicilər nə onunçün, nə də şefi Bəxtiyar Nəzərli üçün daha maraq kəsb etməyəcəkdilər.
Adam hələ ki, sakitcə maşında oturmuşdu.
Layiqə ofisiantın süzdüyü sərin mineral sudan bir qurtum içib qarşısındakı menyunu açdı.
* * *
Yatmağa uzanarkən döşəyin altına, baş tərəfimə qoyduğum tapançanı götürüb qoltuğumun altındakı qobura qoydum. Dəhlizə çıxanda Gülünün axşamdan silib təmizlədiyi ayaqqabılarımı cütləyib qoyduğunu, pencəyimi əlində tutub dayandığını gördüm.
Getməyimi istəməməsi gözlərindən açıq-aşkar hiss olunsa da, heç nə deməyib sakitcə mənə baxırdı.
Əvvəlcə ayaqqabılarımı, sonra pencəyimi geyindim. Gülü məni qucaqlayıb başını sinəmə söykədi. Sonra gözləmədiyim halda birdən gözlərimin içinə baxıb dedi:
-Qurban olum, ehtiyatlı ol.
Bu sözlərdə elə bir nigarançılıq, elə bir təlaş hiss olundu ki, bir müddət Gülüyə baxıb susdum. Sonra əlimlə saçlarını tumarlayıb gülümsədim:
-Narahat olma.
Əlbəttə, silahlı olmağımdan, gec yatsaq da, səhər tezdən durub harasa tələsməyimdən Gülü növbəti araşdırmaya başladığımı anlamışdı. Bu təlaş da bundan irəli gəlirdi.
Adətən, sifariş alarkən bunu Gülüdən gizlətməzdim. Ancaq indiki araşdırma digərlərinə bənzəmirdi. Nə qədər çəkəcəyi də məlum deyildi. Heç, nə ilə bitəcəyi də. Cəmi bircə gün əvvəl başladığım bu araşdırmada qətiyyən xoşuma gəlməyən bəzi şeylər baş verirdi ki, normalda bunlar baş verməli deyildi. Qarşı tərəf nəsə oyun qururdu və bu oyunda özünü məndən çox ağıllı hesab edirdi. Yaxşı, cənablar. Görək sonda kim daha ağıllı çıxacaq…
Hələ də gözlərimin içinə baxan Gülü, belə hallarda olduğu kimi yenə də, -«Gözləyəcəyəm»,-dedi.
-Gələcəyəm, -deyib gülümsədim.
* * *
Əvvəlcə Salamın işi ilə maraqlanacaqdım. Ölüm işi olduğu üçün materialın polis bölməsindən rayon polis idarəsinə ötürüləcəyini bilirdim. Bununçün ərazinin polis idarəsinə dəyməli, işi aparan müstənitiqlə görüşməli idim. Bunu nə Qələndərin, nə də başqa qonşuların bilməsini istəmirdim. Salamı yaxşı tanıdığımdan, onun adam vurub qaçmasına inamım az idi. İşin içində başqa nə isə var idi. Bəlkə Salama nəsə köməyim dəyə bilərdi. İşi aparan müstəntiqin köhnə tanışlarımdan olması çox yerinə düşərdi.
Arif müəllimin göndərdiyi sənədlərlə tanış olandan sonra axşamdan mənə lazım olacaq məlumatların siyahısını hazırlamışdım. Polis idarəsindən çıxdıqdan sonra məlum valyutadəyişmə məntəqəsinə dəyib, verilmiş təlimata uyğun olaraq, siyahını mənə verilmiş konvertdə ora verməli, cavabı gözləməliydim. Konvertin küncündə xüsusi işarə olduğunu görəndə niyə sorğularımı o konvertdə verməli olduğumu başa düşmüşdüm. Evə qayıtmayacağımı bildiyimdən, konvertə qoyulmuş siyahı axşamdan cibimdə idi. Cavablar hazır olanadək Stepanla görüşüb nahar edəcək, onu yola saldıqdan sonra ofisin qarşısındakı ağacda işarə olub-olmamasını öyrənib, axşam saat 8-də «Moskva» univermağının qarşısında Layiqə ilə görüşəcəkdim.
Hazırladığım suallar əsasən bəzi ünvanların dəqiqləşdirilməsindən ibarət olduğu üçün bunun çox vaxt aparmayacağını bilirdim. Ona görə də, mütləq işarə verilibsə, cavabları bu gün, valyutadəyişmə məntəqəsi bağlananadək çatdırıb götürməliydim. Müəllimim tələsməyimi məsləhət görmüşdü. Bir də, cinayətin üstündən xeyli vaxt ötdüyündən, mənə lazım olan adamların hələ də sağ olmaları və Bakıda, yaxud da, respublika hüdudlarında yaşamaları əsas şərt idi.
Maşınsız olduğum üçün bütün bu dediyim işləri çatdırmağım maksimum operativ olmağımı tələb edirdi. Polis idarəsində nə qədər vaxt itirəcəyimi bilmirdim. Həm Salamın tutulması, həm də Stepanın gəlişi günümün qrafikini tam sıxlaşdırmağı tələb edirdi.
Yaxınlıqda yerləşdiyi üçün rayon polis idarəsinə piyada getməyi qərara aldım. İşi aparan müstəntiqin tanış kolleqalarımdan biri olduğunu öyrənəndə xeyli sevindim. Təcrübəli polis mayoru Elbrus Cavadov gəlişimin səbəbini və bəzi fikirlərimi dinləyəndən sonra eynilə mənim kimi düşündüyünü, bütün dəlillər ona qarşı olsa da, Salamın bu cinayəti törətdiyinə inanmadığını bildirdi. Ancaq nə mənim, nə də təcrübəli müstəntiqin bu fikirlərini istintaq materialına tikmək olmazdı. Salama qarşı olan sübutları təkzib edən ciddi arqumentlər tələb olunurdu ki, onlar əldə edilənədək onun nəzarət altında saxlanması vacib idi. Hələ ki, Salam bu ölüm işində yeganə şübhəli idi…
Elbrusa təşəkkürümü bildirib əlaqə saxlayacağımı dedim və onunla sağollaşdım. İstintaqa məlum olan bir çox detalları öyrənməyim mənim üçün vacib idi. Elbrusun da, işin xeyrinə ola biləcək deyə, peşəkarlığına bələd olduğu keçmiş kolleqası və detektiv kimi məndən heç nəyi gizlətmədiyi üçün söhbətimiz xeyli vaxt aparmışdı. Saat 11 idi. İndi Nizami küçəsinə getməli, konverti verdikdən sonra Buzovnaya yollanmalıydım. Bununçün metro ilə «Koroğlu» stansiyasına qədər gedəcək, orada Buzovnaya işləyən avtobuslardan birinə minəcəkdim.
Belə də etdim. Yarım saat sonra getdiyim ünvanın qarşısında idim. Əvvəlcə bir qədər məntəqənin qarşısında durub içəri boylandım. İçəridə müştəri yox idi. Buraya ilk gəlişimdən tanıdığım kişinin yerində təxminən iyirmi beş yaşlarında olan bir gənc oturmuşdu. İçəri girib onunla salamlaşdım. Gülümsəyib salamımı aldı. Konverti cibimdən çıxarıb ona uzatdım.
-Zəhmət olmasa, bu məbləği mənim bank hesabıma otuzdurun.
Gözucu konvertin kənarındakı işarəyə baxan gənc:
-Baş üstə, hazır olanda sizə məlumat veriləcəkdir, -dedi.
-Təşəkkür edirəm.
-Siz sağ olun.
İndi yaxınlıqdakı «Sahil» metrosuna getmək olardı. Buzovnanın yolu xeyli vaxt aparacaqdı. Ona görə elə indi ora yollanmağı qərara aldım. Həm də axı bir qədər tez çatıb onsuz da vaxtı az olan qonağımı gözlətməməkçün sifariş də verməliydim. Heç vaxt dediyi yerə gecikməyən Stepanın düz saat 1-də orada olacağını bilirdim.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)