
Super User
Norveçdə Azərbaycan mədəniyyət gecəsi təşkil edilib
Norveçdə keçirilən festival çərçivəsində Azərbaycan mədəniyyət gecəsi reallaşıb.
AzərTAC-ın xüsusi müxbiri xəbər verir ki, "Can" diaspor təşkilatı tərəfindən Azərbaycanın İsveç və eyni zamanda, Norveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir Roseslottet mədəniyyət festivalı çərçivəsində təşkil olunub.
Tədbirdə “Can” təşkilatının sədri Şervin Nəjəfpur Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyi barədə ətraflı məlumat verib.
Azərbaycanın İsveç və eyni zamanda, Norveç üzrə səfiri Zaur Əhmədov dünyamızın hazırda üzləşdiyi çağırışların mədəniyyətlərarası dialoqun müxtəlif xalqları bir-birinə yaxınlaşdırmaq və onların qarşılıqlı anlaşmasını asanlaşdırmaq üçün nə qədər vacib olduğunu açıq şəkildə göstərdiyini bildirib.
Skandinaviya ölkələri ilə Azərbaycan arasında dərin tarixi əlaqələrə inanan məşhur norveçli macəraçı və etnoqraf Tor Heyerdalın irəli sürdüyü nəzəriyyəni xatırladan diplomat deyib: "Norveçli alim Azərbaycanın Skandinaviya xalqlarının tarixindən əvvəlki dövrdə mühüm rol oynadığına inanıb. O əminliklə deyirdi ki, qədim zamanlarda şimal xalqları bizim bölgədən Skandinaviyaya köçüblər".
Zaur Əhmədov diqqətə çatdırıb ki, məhz bu nəzəriyyədən ilhamlanan isveçli kinorejissorlar hazırda bu mövzuda sənədli film üzərində işləyir. Azərbaycan ilə Skandinaviya ölkələri arasında mədəni əlaqələrin bu gün intensiv şəkildə inkişaf etdiyini bildirən səfir, ikili əlaqələrin əhəmiyyətini xüsusi ilə vurğulayıb.
Roseslotet muzeyinin direktoru Birgitte Espeland ölkəmizin festivalda iştirakını yüksək qiymətləndirib. O, festivalın özündə folklor, fərdilik və humanizmi birləşdirdiyini bildirib.
Qeyd edək ki, tədbirin bədii hissəsində Azərbaycanın tanınmış musiqiçisi Nərmin Kərimbəyova milli, eləcə də qazax və ingilis dillərində bir neçə mahnı ifa edib. Mərasim çərçivəsində ölkəmizlə bağlı kitablar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Bəstəkarlar İttifaqında “Ulu Öndər Heydər Əliyev və Qara Qarayev məktəbi” adlı tədbir keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Heydər Əliyev–100” tədbirlər silsiləsi çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Qara Qarayev məktəbi” adlı tədbir keçirilib.
ABİ-dən verilən məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 və Qara Qarayevin 105 illiyinə həsr edilib.
Əvvəlcə Xalq artisti, ABİ-nin sədri Firəngiz Əlizadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinə göstərdiyi qayğı və diqqətdən söhbət açıb. Bildirib ki, Qara Qarayev bəstəkar və müəllim kimi Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr verib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı mövzu ilə bağlı çıxış edərək Qara Qarayev məktəbinin yetirmələrinin Azərbaycan musiqi mədəniyyətində mövqeyini də xüsusi vurğulayıb. O, bu cür tədbirin keçirilməsinin Ümummilli Liderin musiqi mədəniyyətimizə göstərdiyi qayğının yüksək təzahürü kimi şərh edib.
Tədbirdə Səadət Təhmirazqızının baş redaktoru olduğu “Musiqi aləmində” jurnalının Q.Qarayevə həsr olunan nömrəsi də təqdim olunub.
Sonra çıxış edən Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova tədbirin iştirakçılarına və təşkilatçılara öz təşəkkürünü bildirib.
Bədii hissədə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli 11 illik İncəsənət məktəbinin və Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında görkəmli bəstəkarın əsərləri səsləndirilib. Eyni zamanda Q.Qarayevin yetirmələri- Xalq artistləri Firəngiz Əlizadə, Tofik Bakıxanov və Azər Dadaşovun Heydər Əliyevə həsr olunan əsərləri təqdim olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Bəstəkarlar İttifaqı və Qara Qarayevin ev-muzeyi ilə birgə təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Respublika Uşaq Kitabxanasının yeni təqdimatları
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən Xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə daycest, eləcə də Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü, həmçinin 26 İyun –Silahlı Qüvvələr Günü münasibətilə slayd hazırlanaraq virtual oxuculara təqdim edilib.
Kitabxanadan verilən məlumata görə, “Xalq yazıçısı Elçin- 80” adlı daycestdə yazıçının həyat və yaradıcılığı haqqında, görkəmli şəxsiyyətlərin yazıçı haqqında fikirləri və Respublika Uşaq Kitabxanasının fondunda mövcud olan çap materialları - 23 kitab və 210 məqalənin tam mətnli təsvirləri yer alır.
“26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” adlı slaydda narkomaniya ilə bağlı maarifləndirici fikirlər, kitablar, bədii əsərlər və dövrü mətbuat materialları öz əksini tapır.
Silahlı Qüvvələr Günü slaydda Azərbaycan Ordusunun yaranma tarixi, ordunun hansı bölmələrdən ibarət olması, həmçinin onların yaranma tarixi haqqında qısa məlumat, eləcə də kitabxana fondunda mövzu ilə bağlı mövcud olan kitab və dövrü mətbuat materialları nümayiş olunur.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Adil Kərimli ilə Qabriela Ramosun görüşündə nələr müzakirə olunub?
Xəbər verdiyimiz kimi, ötən gün Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Baş direktorunun müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, xeyli məhsuldar olan görüşdə əvvəlcə nazir Adil Kərimli səfərin UNESCO ilə Azərbaycan arasında münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.
Mədəniyyət sahəsində mövcud əməkdaşlıq istiqamətlərindən danışan nazir, bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının önəmini xüsusi qeyd edib. Qlobal pandemiya ilə əlaqədar yaranmış fasiləyə baxmayaraq, növbəti – VI Forumun 2024-cü ilin may ayında Bakıda keçirilməsi üçün hazırlıq işlərinə artıq başlanıldığı qeyd edilib. Forumun ənənəvi olaraq əsas tərəfdaşlar, o cümlədən UNESCO ilə birgə təşkil edildiyini nəzərə alaraq, növbəti foruma hazırlıq prosesində də təşkilatın müvafiq töhfə verəcəyinə ümid ifadə olunub.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən xanım Ramos, mədəniyyətlərarası dialoq sahəsində Bakıda keçirilən forumların önəmini təsdiq edib və növbəti forumda UNESCO-nun fəal iştirak edəcəyinə və dəyişən dünyamıza daha praktik həllər göstərən, müsbət fərqlər yarada bilən müzakirələrlə zəngin olacağına inandığını bildirib. Baş direktorun müavini ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr olunmuş e-platformasının yaradılmasında, eləcə də, İpək yolları proqramı çərçivəsində də təşkilatla fəal əməkdaşlığına və proqramın 35 illiyi münasibətilə bu il keçirilən tədbirlərdə iştirakına görə xüsusi təşəkkür ifadə edilib. Azərbaycanın UNESCO çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramlarda fəallığı ilə seçildiyi təqdir olundu.
Görüşdə digər istiqamətlər üzrə də ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin süni intellekt və müxtəlif müasir texnologiyaların qlobal mədəniyyətə təsirləri, həmçinin bu təsirlərin etik və hüquqi tənzimlənməsi istiqamətində qlobal institusional təşəbbüslər müzakirə edilib.
Baş direktorun müavini Azərbaycanın mədəniyyət nazirini 13 iyul tarixində keçiriləcək və sözügedən mövzuların ətraflı müzakirə ediləcəyi Neyrotexnologiyanın Etikasına dair Beynəlxalq Konfransa, həmçinin noyabrın 29-da San Paolada keçiriləcək İrqçilik və Diskriminasiyaya qarşı Qlobal Foruma da dəvət edib.
Və ümidvarıq ki, bundan sonra qarşılıqlı münasibətlərin dinamik xətlə inkişaf edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Günün lətifəsinin balaca qəhrəmanları
“Ədəbiyyat və incəsənət” portalının Günün lətifəsində bu günün qəhrəmanları yenə də balaca dostlarımızdır.
Beşincilər İncəsənət muzeyinə gedirlər. Qayıdanda Direktor soruşur: — Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu? — Oldu, oldu, — uşaqlar xorla cavab verdilər. — Nə oldu? — Təranə müəllimənin pilləkənlərdən yumbalanması.
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)
Mədəniyyət naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
İyunun 24-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Baş direktorunun müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə nazir Adil Kərimli səfərin UNESCO ilə ölkəmiz arasında münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.
Mədəniyyət sahəsində mövcud əməkdaşlıq istiqamətlərindən danışan nazir, bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının önəmini xüsusi qeyd edib. Qlobal pandemiya ilə əlaqədar yaranmış fasiləyə baxmayaraq, növbəti – VI Forumun 2024-cü ilin may ayında Bakıda keçirilməsi üçün hazırlıq işlərinə artıq başlanıldığı qeyd edilib. Forumun ənənəvi olaraq əsas tərəfdaşlar, o cümlədən UNESCO ilə birgə təşkil edildiyini nəzərə alaraq, növbəti foruma hazırlıq prosesində də təşkilatın müvafiq töhfə verəcəyinə ümid ifadə olunub.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən xanım Ramos, mədəniyyətlərarası dialoq sahəsində Bakıda keçirilən forumların önəmini təsdiq edib və növbəti forumda UNESCO-nun fəal iştirak edəcəyinə və dəyişən dünyamıza daha praktik həllər göstərən, müsbət fərqlər yarada bilən müzakirələrlə zəngin olacağına inandığını bildirib. Baş direktorun müavini ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr olunmuş e-platformasının yaradılmasında, eləcə də, İpək yolları proqramı çərçivəsində də təşkilatla fəal əməkdaşlığına və proqramın 35 illiyi münasibətilə bu il keçirilən tədbirlərdə iştirakına görə xüsusi təşəkkür ifadə edilib. Azərbaycanın UNESCO çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramlarda fəallığı ilə seçildiyi təqdir olundu.
Görüşdə digər istiqamətlər üzrə də ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin süni intellekt və müxtəlif müasir texnologiyaların qlobal mədəniyyətə təsirləri, həmçinin bu təsirlərin etik və hüquqi tənzimlənməsi istiqamətində qlobal institusional təşəbbüslər müzakirə edilib.
Baş direktorun müavini Azərbaycanın mədəniyyət nazirini 13 iyul tarixində keçiriləcək və sözügedən mövzuların ətraflı müzakirə ediləcəyi Neyrotexnologiyanın Etikasına dair Beynəlxalq Konfransa, həmçinin noyabrın 29-da San Paolada keçiriləcək İrqçilik və Diskriminasiyaya qarşı Qlobal Foruma da dəvət edib.
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)
Prezident Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.
Sərəncamda, həmçinin deyilir: 2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Azərbaycan Milli Kitabxanası yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi mühüm rol oynamış, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir.
Özünəməxsus memarlıq üslubuna malik əzəmətli binada yerləşən Milli Kitabxana bu gün fəaliyyət dairəsini daha da genişləndirərək milli‐mənəvi sərvətlərin etibarlı şəkildə qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində daim təkmilləşdirən Milli Kitabxana hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirməkdədir”.
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)
Sabaha Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir
Sabaha - iyunun 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir.
Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 27-32° isti atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)
“Mən, qu quşları və…üşüyən yağış” - Əlizadə Nuri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sevilən şairimiz Əlizadə Nuri sizlərin görüşünə gəlib. Poeziyada ən çətini poetik lövhə yaratmaq, poetik mənzərəni detal-detal oxucunun gözündə canlandırmaqdır və əlbəttə ki, hissləri oyatmaq, insanın iç dünyasını təlatümə gətirməkdir.
Əlizadə Nuri görün bunu necə bacarıb.
Qəmgin ayın kölgəsi düşüb bu yer üzünə,
Yenə ulduzlar solur çiçək-çiçək, ilahi.
Göy üzündə qurusa o alma ağacları,
Nağılların ovcuna nə düşəcək, ilahi?!
Bir ovuc torpağıyla dibçək gülə vətəndi,
Gül var ki, dərər səni, gül də var ki, dərilər.
Dibçəkdəki güllərin yerini dəyişsələr
Elə bil ki, o gülü qürbətə göndərirlər…
…Sən də sanki saçını qaranlığa sərmisən,
Qoy, ay dinsin üzündə-at yerə bu niqabı.
Şüşə qırıntıları indi batır canına
Toy günü ayağınla sındırdığın o qabın…
…Bir şüşə şərab kimi içirəm bu gecəni,
Bir siqaret yandırıb… söndürürəm özümü.
İlahi, bu tabutun hər tərəfi açıqdı-
İndi harda gizlədim bu günahkar üzümü?
Hər quşun nəğməsinin öz sehri , öz rəngi var,
Bülbüllər neynəyir ki, qarğaların dilini?
Bəlkə dəniz sözünü dalğalara söyləyib-
Bəlkə gedib öyrənim dalğaların dilini?
…Payız yağışı altda sevişir qu quşları,
Əlin qırılsın ovçu, əlin gəlsə, vurmağa.
Köynəyimi açmışam, bu üşüyən havanı,
Bu üşüyən yağışı yaxama doldurmağa….
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)
“Sevənlərindir dünya" tamaşası Musiqili Teatrın səhnəsində nümayiş olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki gün ard-arda nümayiş olunan "Sevənlərindir dünya" (Əmir Pəhləvan) tamaşasının premyerası anşlaqla keçib.
Quruluşçu rejissoru Elməddin Dadaşov olan bu tamaşada azərbaycanlı (Şərif) və özbək (Müyəssər) iki gəncin sevgi hekayəsindən bəhs olunur.
Qeyd edək ki, səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
İki gün ardıcıl təqdim olunan premyerada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili və digərləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)