Super User

Super User

BU GÜN 5-Cİ İŞ GÜNÜDÜR

 

Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir. 

İyunun 25-i başa çatacaq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmaqdayıq. 

 

18 İYUN

Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.

Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

 

19 İYUN

Festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.

İyunun 19-da habelə Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub. 

Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır. 

Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır. 

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.

Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər. 

 

20 İYUN

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qalıb. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılıb. 

Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim edib. Bu konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.

Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırıblar.

Növbəti ifalar Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinlənilib.

Xüsusi maraq Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalına idi, “Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər. 

Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub. .

İyunun 20-də müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil edilib. 

Qeyd edək ki, müsabiqədə dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçilib. 

 

21 İYUN

Festivalın növbəti günü - iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları baş tutub.

Müsabiqənin ikinci turu dinləmələri də həmin gün - iyunun 21-də keçirilib. 

Bu dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.

 

22 İYUN

Bu gün - iyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunacaq.

Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı iyunun 22-də səhnəyə çıxacaq.

 

24 İYUN

İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

 

25 İYUN

Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.

 

Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

İyunun 21-də Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turunun dinləmələri təşkil edilib.

 

AzərTAC xəbər verir ki, dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.

İyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunacaq.

Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.

Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılmışdı. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.

Müsabiqədə instrumental ifaçılıq kateqoriyası üzrə ikinci tura vəsiqə qazanmış iştirakçı Vaqif Təhməzov AZƏRTAC-a müsahibəsində müsabiqə barədə öz təəssüratlarını bölüşüb: “Uzun zamandır ki, bu müsabiqəyə hazırlaşırdıq. Üzərimdə əziyyəti olan müəllimlərimə öz təşəkkürümü bildirirəm. Əziyyətli günlərimiz çox olub və düşünürəm ki, buna dəyər, inanıram ki, bunun bəhrəsini görəcəyik. Bu gün burada tarda ifa etdiyim kompozisiya müxtəlif bəstəkarların əsərlərindən və ən əsas da muğamlarımızdan ibarət idi".

Milli Muğam Müsabiqəsinin instrumental ifaçılıq kateqoriyası üzrə qalibi olmuş Vaqif Təhməzov deyib: “Azərbaycan Milli Konservatoriyasında magistr pilləsi üzrə birinci kursda oxuyuram. İxtisas müəllimim Ramiz Əzizov, muğam müəllimim isə Xalq artisti Elçin Həşimovdur. Müsabiqəyə qatılmağımda Elçin müəllimin böyük zəhməti olub. Onun çəkdiyi əmək hədər getmədi, mən var qüvvəmlə müəllimimin ümidini doğrultmağa çalışdım və düşünürəm ki, buna da nail oldum. Biz birlikdə bu müsabiqəyə böyük zaman ayırdıq, xüsusi hazırlaşdıq. Müsabiqə çox böyük rəqabətlə keçdi”.

Qeyd edək ki, festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də Qran-Pri üzrə mükafatlar təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:

 

Quran 

 

Göndərdiyin şeirdi,

Ya dərslikdi, ilahi?

Bildim ki, yer üzündə 

Nə əksikdi, ilahi…

 

Sirr dolu aləm də o, 

Söz də o, qələm də o.

Həm günəşdi, həm də o

Kölgəlikdi, ilahi.

 

Hikmətdi hər ilməsi,

Bilən necə bilməsin?

Elə bil hər kəlməsi

Təbərrikdi, ilahi…

 

Dəyməsin, toz dəyməsin,

Bir xəstə söz dəyməsin.

Qoy, sənə göz dəyməsin-

Üzərrikdi, ilahi.

 

Hər bilən TƏKSƏN- bilər,

Ələ ətəksən, bilər.

… Sirrini tək sən bilən

Bir tənlikdi, ilahi…

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən elmi simpozium iyunun 21-də işini sessiyalarla davam etdirib.

 

AzərTAC xəbər verir ki, “Muğamın toplama, qoruma, arxivləşmə və yayılma problemləri” mövzusunda keçirilən sessiyada azərbaycanlı mütəxəssislərlə yanaşı, Türkiyə, Böyük Britaniya, Özbəkistan və Qazaxıstandan olan alimlər də çıxış ediblər. 

Gün ərzində “Mətn və musiqi”, “Muğam, dəstgah və xanəndə avazı”, “Muğamın toplama, qorunma, arxivləşmə və yayılma problemləri”, “Məqam musiqisinin ruhani və cismani təzahürləri” və “Məqam musiqisi elmi mənbələr işığında” mövzularında sessiyalar keçirilib. 

Qərbi Kaspi Universitetinin dosenti, sənətşünaslıq üzrə elmlər doktoru Alla Bayramova “1920-ci illərdə Cənubi Qafqaz ekspedisiyalarının materiallarında muğam” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, 1920-ci illərdə yeni sovet ideologiyasının təsiri altında muğam ifaçılığı sənətinə müəyyən qədər mənfi münasibət özünü göstərsə də, mütərəqqi muğam ifaçılarının səyləri nəticəsində muğam sənəti həm musiqi mədəniyyətində, həm də xalqın həyatında öz əhəmiyyətini qoruyub saxlaya bilib.

"Muğam dünya kolleksiyalarında: mədəni irsin qorunması və müdafiəsi” mövzusunda çıxış edən Qazax Milli İncəsənət Universitetinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fatima Nurlıbayeva bildirib ki, muğam Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Qeyd edib ki, Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır. Muğam ifaçılığı mədəniyyəti parlaq musiqiçilərin, bütün Qafqazda və İranda məşhur olan xanəndələrin və sazəndələrin bir çox nəsillərinin yaradıcılıq nailiyyətlərindən formalaşıb.

Çıxışlarda qeyd olunub ki, xalqımızın milli sərvəti olan Azərbaycan muğamları, aşıq sənəti, ümumilikdə xalq musiqisi və ifaçılıq ənənələri müasir dövrdə mədəniyyətimizi dünya səviyyəsində tanıdaraq, bu möhtəşəm sənət incilərinin inteqrasiya edilməsində olduqca zəruri rol oynayan faktordur. Məlum olduğu kimi, muğam və xalq musiqisini, eləcə də Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli nümunələrini ifa edən və beynəlxalq arenada tanıdan məşhur və istedadlı ifaçılar nəsli yetişdirən müasir dövrümüzün ustad sənətkarları xəzinəmiz olan muğamları gələcək nəslə ötürərək qoruyub saxlanılmasında böyük rol oynayır. Muğam ifaçılığı dedikdə, əlbəttə ki, burada həm instrumental, həm də vokal-instrumental ifa nəzərdə tutulur. Qədim dövrlərdən başlayaraq bizim dövrə qədər inkişaf edib, müxtəlif dəyişiklik, əlavə və ixtisarlara məruz qalan muğam ifaçılığı müasir dövrümüzdə, artıq bir sıra yeniliklərə addım atan, müxtəlif janrlarla sintezdə ifa və improvizasiya olunan janr kimi məşhurlaşır. Lakin Azərbaycanın ənənəvi professional musiqisi olan muğam sənəti tədris prosesində əsrlərdən gələn ənənə əsasında, yəni dildən-dilə, ifadan-ifaya şifahi şəkildə şagird və tələbələrə ustad-şagird ənənəsinə uyğun şəkildə ötürülür. 

Diqqətə çatdırılıb ki, muğam Azərbaycan türklərinin şifahi ənənəsində kökləri ən qədim çağlara gedib çıxan peşəkar musiqinin əsas janrlarından biridir. Həm respublikamızda, həm də onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmış muğam ifaçılıq sənətinin Azərbaycanda populyarlaşdırılmasına və inkişafına böyük önəm verilməsinə baxmayaraq, qədim və orta əsr dönəmlərinin muğam janrının elmi tədqiqi problemləri hələ də musiqişünasların lazımi diqqətindən kənarda qalır.

Tədbirdə AZƏRTAC-a müsahibə verən Los-Anceles Kaliforniya Universitetinin professoru, musiqişünas Mohsen Muhammadi bu tədbiri çox vacib hesab etdiyini söyləyib. Onun sözlərinə görə, muğam müxtəlif mənşəli musiqisevərləri Bakıda bir araya gətirən möhtəşəm konsepsiyadır. 

“Burada olmağımın səbəbi də məhz muğamdır. Mən İran musiqisini tədqiq edirəm və bu irsin Azərbaycan musiqisinə çox yaxın olduğunu düşünürəm. Həmçinin bir çox muğam janrını bəyənirəm. Dünən axşam Bakıda bir neçə muğam ifaçısını dinlədim və bir daha muğamın bənzərsizliyinin şahidi oldum”, - deyə o diqqətə çatdırıb.

Musiqişünas alim Nissim Lugasi AZƏRTAC-a müsahibəsində yəhudilərin öz milli Makam musiqisini necə ifa etdikləri barəsində danışıb. 

Festivalın işini yüksək qiymətləndirən musiqişünas alim burada səslənən fikirlərin milli musiqi irsinin yaşadılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. Deyib ki, Bakıda təşkil olunan belə möhtəşəm tədbir bəşəri məna kəsb edən muğam fəlsəfəsinin gələcək nəsillərə çatdırılması baxımından olduqca təqdirəlayiqdir.

Xatırladaq ki, simpoziumda Azərbaycan mütəxəssisləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlər iştirak edirlər. Simpoziumun məqsədi yeni tədqiqat istiqamətləri, maqam əsaslı musiqinin müasirləşdirilməsi, populyarlaşdırılması və qorunması üzrə məhsuldar müzakirələr üçün əlverişli mühit yaratmaqdır.

Qeyd edək ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpozium iyunun 22-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Cümə axşamı, 22 İyun 2023 10:00

Transplantasiya - Nuray Bəbirlinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı gənc imzaların tanıtımını davam etdirir. Bu dəfə sizlərə Nuray Bəbirlinin bir hekayəsini təqdim edirik.

 

 

Dünya həmişə olduğu kimi yenə öz ahəngində davam edirdi. Fəsillər dəyişir, bitkilər solur və yenidən təbiət canlanırdı. 

 

Bəşəriyyət yenilənir. Hər bir varliq inkişaf edir...

Elm və təhsil inkişaf etdikcə nədənsə mənəviyyat böhrana sürüklənir, insan öz çirkin xislətini daha aydın göstərir. 

Bəşəriyyətin qurbanlarından biri də bizim dünyanın ətalətindən xəbəri olmayan, hələ doğulmamış artıq həyatın qanunlarına tabe olan insanlıqdır...

 

Dəniz kənarında gənc bir qız dayanmışdı. Saçları günəş qürub edərkən mavi səmanın boyandığı rəngə oxşayırdı. Qız xısıldaya-xısıldaya ağlayırdı. Sanki onun ağlamasını heç kimin bilməsini istəmirdi. Çünki ağlamağına da görə insanlar onu mühakimə edə bilərdilər. 

Onun yanindan keçənlər əsla ona fikir vermirdilər.  Gecənin qaranlığında dənizin kənarında dayanan qızın qırmızı donu güclə gözə görünürdü. 

Artıq gecə yarı olmaqdaydı. Qız sanki bütün dərdini dənizlə bölüşürdü. İnsanlardan gözlədiyi mərhəməti o, dilsiz sulardan gözləyirdi. 

Yorulmuşdu. Ləngərlədi, bir anlıq özünü itirdi və dənizə düşdü. Dalğaların qoynu onu oxşayaraq ağuşuna aldı. Və o, müqavimət göstərmədi. Bütün dərdləri ilə özünü dənizə təslim etdi. Onu anlamayan insanlarla bir mühütdə yaşamaqdansa ölümü seçdi gənc qız...

 

Dalğaların biri-birinin üzərinə atdığı qızı dəniz kənarında dərdləri ilə danışan gənc  bir oğlan gördü. Hələ də içində vicdan gəzdirən sonuncu insanlardan olan bu oğlan özünü dərhal dənizə ataraq qızı xilas etməyə çalışdı. Oğlan qızı kükrəmiş dalğaların əlindən aldı. Sanki dalğalar övladını işgəncə verməyə aparıldığını görən analar kimi fəryad edirdi. Dəniz də insanlığın faciəsinə ağlayırdı. 

 

Oğlanın köməkliyi ilə qız ayıldı. Bir müddətdən sonra yaxasından tutaraq “məni niyə xilas etdin” deyib də oğlanı danladı. Az sonra toxtadı. Belədə oğlan onun adını və niyə özünü dənizə atmasının səbəbin soruşdu.

İnsanın etmək istəyib edə bilmədiyi hadisə baş verdikdə, bu, ona bir fürsət kimi görünər. Qızın müvazinətini saxlaya bilməyib  dənizə düşməsi onun qorxub edə bilmədiyi hadisənin gerçəkləşməsiydi. Axı o, sahilə intihar üçün gəlmişdi? 

Qız birinci bayaq oğlana əsəbləşmişdisə də, onun bu qayğıkeşliyindən məmnun olub  ağlaya-ağlaya bütün həyatını danışdı.

Əhvalat isə bu idi:

 

Mənim valideyinlərim yoxdur, bacım da. Mənim evim də yoxdur. Mənim həyatım boşluqdan ibarətdir. Uşaqlığımı xüsusi müalicə mərkəzində keçirmişəm. Məni Jasmin deyə çağırırdılar. Bu xəstəxanada müxtəlif irqlərdən insanlar vardı. Onlar xüsusi olaraq yetişdirilərək vaxtı  gəldiyində başqalarına daxili orqanlarını bağışlayırdılar. Mən də həmin insanlardan biriyəm. Həkimlər və xidməti personal bizə əşya kimi baxırdılar.  

Burada xüsusi yetişdirilən uşaqlardan başqa valideyinləri tərəfindən tərk edilən və qaçırılan uşaqlar da xüsusi yaşayış mərkəzində həkimlərin nəzarəti altında  yaşayırdılar. 

Xüsusi yaşayış mərkəzinin kənarına tikanlı məftillər çəkilmişdi. Buranın bir həbsxanadan fərqi yox idi. Mən yaşayış mərkəzinin ən yuxarı mərtəbəsindəki pəncərədən sanotoriyadan kənardakı həyatı izləyirdim. Uşaqlar valideyinləri ilə birgə gəzişir və oynayırdılar. Mən ilk dəfə bu mənzərəni görəndə valideyinlərim haqqında fikirləşdim. Mənim də valideyinlərimlə bərabər olmaq haqqım var. Mənim həmin uşaqlardan nə qədər fərqliyəm axı? 

Bu sual həmişə məni maraqlandırırdı...

Bir gün məntəqənin sahibinin yanına getmək istədim. Lakin məni içəri buraxmadılar. Onun çox qorxulu insan olduğunu eşitmişdim. Bu cür bizneslə məşğul olan başqa nə cür olmalı idi ki? 

Ona sual edəcəkdim ki, niyə aciz və köməksiz uşaqları bu hala salırsınız? 

Təbii ki, burdan çıxan orqanların necə əldə edildiyini alıcılar bilirdi. Lakin bu, onlara maraqlı deyildi. 

Mən bir sabah belə bir əhvalatın şahidi oldum: Məni yuxudan bir uşağın fəryad səsi oyatdı. Həkimlər cəllad kimi cılız bir uşağı öldürməyə aparırdılar.

Həmin uşaq bir gün bundan əvvəl zorla qaçırılaraq bu xəstəxanaya gətirilmişdi. Mən həkimlər öz aralarında danışarkən onun haqqında eşitdim. Ailəsi öldürülmüş, özü küçələrdə səfil qalmış, bir nəfər tərəfindən  bu xəstəxanaya satılmışdı. Həmin sabah alıcı sanki bazardan nəsə alırmış kimi qapının arxasında durub balaca qızcığazın orqanın çıxarılmasını gözləyirdi. Qızcığazın bütün orqanları çıxarıldı. Onun cəsədi isə təcrübə üçün saxlanılan morqa göndərildi.

Mən burda gördüm insanın insana nələr edəcəyini...

Mənim də eynən bu qızcığazın aqibəti kimi bir aqibətim olasıydı. On iki yaşım olduqda bir qadın orqan üçün xəstəxanaya müraciət etmişdi. Baş həkim mənim orqanımın çıxardılması üçün əmr verdi. Lakin xəstəxanadakı bir həkim qadının mənə yazığı gəldiyindən, mənim yerimə daha yaşlı bir insanın orqanını çıxardıb həmin qadına satdılar. Mən həmin həkim qadının gözünün qabağında böyümüşəm.  Qadının övladı olmurdu. Qadın məni öz övladı kimi görürdü. Həmin hadisədən sonra məni gizli olaraq gecəyarısı paltarlarımı dəyişdirərək xəstəxanadan qaçırtdı. Mən xəstəxanadan qaçmazdan əvvəl həmin qadın yanıma gələrək “səni buradan xilas edəcəm” söylədi. 

Qadın məni qaçırdıb bir müddət əvəllki evində, sonra isə öz yaşadığı evə gətirdi. O, mənə yaxşı baxırdı. Mən həyatımın ən gözəl günlərini həmin qadının yanında keçirdim. Həmin qadının sayəsində mənim həyatım birdən-birə dəyişdi. Mən ona ana deyirdim. O mənə şəxsiyyət vəsiqəsi aldı. Artıq mən də rəsmi olaraq özümü azad insan kimi hiss edirdim.

Müharibədən əvvəl ailəmlə kəndin qurtaracağında, balaca bir mənzildə yaşayırdıq. Anam, atam və böyük bacım və mən. Əsgərlər kəndə girəndə atam evdə yox idi. Həmin gün anamla atamın evlilik ildönümü idi. Nə biləydilər zalım fələk onları birləşdikləri gün ayıracaq... Bacım həyətdə qonşunun qızları ilə söhbət edirdi. Anam evlilik ildönümü üçün axşama yeməklər hazırlayırdı. Birdən güllə və tank səsləri eşidildi. Anamın əlindəki biçaq yerə düşdü. Atam tez darvazadan içəri daxil olaraq bizi zirzəmiyə saldı.

Əsgərlər qapını qıraraq içəri daxil oldular. Hər yeri axtardılar. Ancaq bizi tapa bilmədilər. Əsgərlərdən biri digərinə evə od vurmağı məsləhət gördü.

Biz zirzəmidə pərdənin arxasında gizlənmişdik. Onlar bizim həm torpağımızı,  həm də mənəviyyatımızı ələ keçirmək istəyirdilər. Anam və bacım çox qorxmuşdu. Sanki onlar əvvəlcədən başlarına nələr gələcəyin bilirdilər. Artıq tüstü bizi boğurdu. Biz dayana bilmədik. Əgər bir az da artıq orda qalsaydıq yanacaqdıq. Ancaq kaş yanaydıq... Atam birinci çıxdı. Sonra anam və bacım çıxdılar. Bir göz qırpmında atamın başı gözümüzün qabağında kəsildi. Anam isə atamın cəsədi üstündə özündən getdi. Bacım şoka düşmüşdü. Dünyanın gedişatını  başa düşə bilmirdi. Bir saat bundan əvvəl nəfəs alan insan necə olur ki, daha yoxdur və xoşbəxtlik də bitmişdir. Anamı əsgər sürüyərək gəldikləri maşına tulladı. Komandir bacımı zorla öz maşınına mindirərək “bu mənim qənimətimdir” dedi, gözdən itdi. 

Mən həmin gündən bacımı heç görmədim. Bacımın kədərli və solğun üzü heç yadımnan çıxmırdı. Onun göz yaşları sanki üzündə donmuşdu. Sonradan o, məni yuxularımda tez-tez öz yanına çağıracaqdı. Bir daha görüşməyəcəydik. 

Həmin gün məni isə qulağımdan darta –darta uşaqlarla dolu bir yük maşınına mindirdilər. Mənim yanımda olan uşaqlar qorxularından tir-tir əsirdilər. Ancaq mən qorxurmurdum, ölmək istəyirdim. Mənim üçün artıq həyat bitmişdi. 

Bir gündə uşaqlığım getdi və mən yaşlandım. 

Zaman nə tez keçir?  

Mən başa düşdüm ki, həyatın dəyəri zamanda deyil, başına gələnlərdədi. Həyatları xoşbəxt keçən insanlar üçün zaman anlayışı yoxdur. Onlar üçün ölüm dəhşətlidir. Bəzilərinin çox qorxduğu ölüm, kimlər üçünsə ən böyük diləkdir...

Bizi qaranlıq zirzəmiyə saldılar. Növbəti gün heyvan kimi bizi seçdilər. Çox gözəl qızları xüsusi olaraq seçdilər. Mənim kimi arıq uşaqları canlı donor kimi istifadə etmək istəyirdilər. Seçilən uşaqlarla xəstəxanaya yerləşdirildim. 

 Xəstəxanada ölmək istəyirdim, yaşamaq istəmirdim və mənim bu dünyada hər günüm işgəncə idi. Bəzən orqanları çıxarılan insanları qısqanırdım. Mənim sıramın tez gəlməsini çox istəyirdim. Hər gün bu arzumun reallaşması üçün dua edirdim. Lakin tale yenə də üzümə gülmədi. Necə də qəribədir, mən yaşamaq istəmirdim, ancaq ölə bilmədim. Bəzən məni “insan qəssabxanasından” xilas edən qadına ürəyimdə nifrət yağdırırdım. Həqiqətən, bu dünya insanlar üçün həbsxanadır. Mən xoşbəxtlik duyğusunu itirmişəm. Mənə hər şey eyni gəlir. Hətta rənglər də mənə fərqli gəlmir. Niyə də gəlsin? Insanlar fərqlidir, ancaq hamısı ölümə məhkumdur.

Məni böyüdən qadın ana kimi mənə qayğı göstərirdi. Onun bu halı mənə insanlığın tam ölmədiyini, az da olsa nəfəs aldığını xatırladırdı. Mən kədərimi içimdə boğub həmin qadına olan borcumu qaytarmaq məqsədi ilə elmlə məşğul olmağa başladım. Böyüdüm...

Digər insanlardan hər zaman seçilirdim. Onlar üçün çətin olan iş mənim üçün önəm kəsb etmirdi. Bəlkə də, xoşbəxtliyimin əlimdən gedəcəyi üçün sevinə bilmirdim. Bu həyatda kədər və sevinc hər insana bərabər şəkildə verilmir. Bəzilərinə çox, bəzilərinə az...

Mənə kədər çox verilmişdi. 

Kitabları çox oxuyurdum. Özümü onlarda tapmaq istəyirdim. Lakin tapa bilmədim. Mən müəllim oldum. Şagirdlərimə mərhəmətlə yanaşdım, məni həyatda saxlayan onların sevgisidi. İndi keçmişə rəğmən az da olsa xoşbəxtəm. Sanki uşaqlığımda yaşaya bilmədiyim sevinci indi yaşayıram. Tez-tez dəniz kənarına gəlirəm. Müharibədə itirdiyim ailəmi sulardan istəyirəm. Axı su safdır. Bəlkə, ailəm geri qayıdar...

Mən xoşbəxtliyi tək yaşamaq istəmirəm. Ailəmlə paylaşmaq istəyirəm. Onun üçün həyatıma qəsd etmək istədim. Ancaq cəsarətim çatmadı. Lakin sular mənim bu istəyimi reallaşdırmaq istədilər, onda da sən qoymadın.

 

Danışdı və qurtardı. 

Oğlan qızı diqqətlə dinləyirdi. O, qızı xilas etdiyi üçün peşman olmuşdu. Qızın xoşbəxtliyini əlindən almış kimi idi. 

Oğlan qıza inanılmaz təklif verdi, dənizə bir yerdə atlanmaqlarını və sonsuzluğa qovuşmalarını istədi. Qız elə bu cavabı gözləyirmiş kimi oğlanın əlindən tutaraq cismani bədənlərini hər şeyi təmizləyən suyun ağuşuna buraxdılar...

Övladlarına qovuşan ana kimi dənizin suları sevincdən sanki ağlamağa başladı. İnsanlardan qaçan cütlüyə təbiət sahib çıxdı, onları bağrına basdı...

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Ziyalı nəsihəti” layihəsi çərçivəsində növbəti tədbir Qax və Zaqatala rayonlarında təşkil olunub. 

 

Fondun yaydığı məlumata görə, gəncləri ilə ziyalıları bir araya gətirmək, onları düşündürən bir sıra suallara cavab tapmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi fürsəti yaratmaq məqsədi daşıyan bu görüşlərin növbəti qonağı Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə olub. 

Şair tədbirdə yeni şeirlərini oxuyub, gənclərin çoxsaylı suallarını cavablandırıb, onlara yeni kitablarını bağışlayıb. Bölgədəki istedadlı gənclərin şeirlərini dinləyib, onlara məsləhətlər verib.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) gənc kinorejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” film layihəsinə maliyyə dəstəyi edib. 

 

Bu barədə AKİ-nin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, 20 Yanvar mövzusunun orijinal ekran həlli kinomuz üçün vacibdir, bu səbəbdən layihəyə dəstək verilib. Film format etibarilə animasiya sənədli filmidir, vizual həlli ilə seçilir.

Ekran əsəri 1990-cı il 20 yanvar hadisələrində gəmi kapitanlarının göstərdiyi şücaətdən bəhs edir. “Kapitan və Xəzər dənizi” film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq Film Festivalı çərçivəsində “CEDOC co-production” marketdə iştirak edib. Film xarici prodüserlərə əməkdaşlıq məqsədilə təqdim edilib, müzakirələr aparılıb.

Qeyd edək ki, Türkan Hüseyn Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin yetirməsidir, onun “Papanin” sənədli və “Sonuncu foto” qısametrajlı bədii filmi Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalının qalibi olub.

 

 “Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Çərşənbə, 21 İyun 2023 12:04

Bu gün Beynəlxalq Yoqa Günüdür

Bu gün Azərbaycan xalqı üçün iştirakçısı olduğu Böyük Vətən Müharibəsinin başlanğıcı günüdür. Yəni, SSRİ tərkibində olaraq 2-ci Dünya Müharibəsində 1941-ci ilin 21 iyununda Almaniyanın SSRİ-yə hücumu zamanı biz də müdafiə müharibəsinə qoşulmuşuq. Amma zaman dəyişib, dəyərlər, düşüncələr dəyişib. Odur ki, indi ölkəmizdə veteranlardan başqa, həmin günü çətin kimsə xatırlasın. 

Amma çoxunuz bilirsiniz ki, bu gün Beynəlxalq Yoqa Günüdür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Hindistan tərəfindən təqdim olunan və BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib. Hər il Beynəlxalq Yoqa Günündə bir çox ölkədə müxtəlif mərasimlər keçirilir. Təbii olaraq bu mərasimlərin episentri Hindistandır. Son 3 ildə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən kütləvi yoqa mərasimləri keçirilmir. Bununla belə, Hindistanda “Sağlam həyat üçün yoqa” devizi ilə builki bayramın qeyd olunması üçün yüzlərlə yer ayrılıb. Onların hər birində ən çoxu 50 nəfər olmaqla yoqa məşğələləri keçirilir. Bundan başqa, Hindistanda yerli vaxtla səhər saat 6:30-dan televiziya ilə xüsusi proqramın yayımı başlayıb. Baş nazir Narendra Modi televiziya vasitəsilə xalqa müraciət edib. 

Qeyd edək ki, yoqa ortodoksal induizm məktəblərindən biridir. Bütün dünyada bu anlayış daha geniş mənada şərh edilir: o, induizmin və buddizmin müxtəlif istiqamətlərinin təklif etdiyi mənəvi, psixi və fiziki təcrübələrin məcmusunu birləşdirir. Yoqa ilə məşğul olmaq dedikdə xüsusi hərəkətlərin köməyi ilə öz bədənini, psixikanı və fizioloji funksiyalarını idarə etmək səyi başa düşülür.

Ən nəhayət, Azərbaycanda da yoqa həvəskarları çoxdur. Azərbaycanda Yoqa Federasiyası fəaliyyət göstərir ki, federasiyanın prezidenti də Leyla Əliyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

 

Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür

 

Xalqımızın bəşər tarixinə bəxş etdiyi aydınlardan biri də “Gülüstani-irəm”in müəllifi Abbasqulu ağa Bakıxanovdur. O, tarixin elə bir dönəmində yaşayıb ki, içi özü qarışıq bir ovuc insan xalqı qaranlıqdan işığa, savadsızlıqdan savada çəkib aparıb. 

Onun elmi-ədəbi irsi dövrünün qabaqcıl ziyalılarına - tarixçilərə, mütəfəkkirlərə, ədiblə fayda vermiş, onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. 

Abbasqulu ağa Bakıxanov öz dövründə hərbi xadim, tədqiqatçı-alim kimi tanınmaqla yanaşı, bədii yaradıcılığına görə də sevilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Abbasqulu ağa Bakıxanovun  anadan olmasından 229 il ötür.

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.

Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. 

Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.

Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda, Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.

Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakilərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edib. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Amma gəlin onu düşmənlərə vasitəçilik etməkdə qınamayaq.

O, Qüdsi təxəllüsü ilə şeirlər yazıb.

Görkəmli ədib 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

 

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 20-də M.Maqomayev adına Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında təşkil olunub. 

 

AzərTAC xəbər verir ki, "Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər. 

Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub. 

Konsertsən əvvəl AZƏRTAC-a müsahibə verən Xalq artisti Səkinə İsmayılova bu layihənin bir neçə illərin layihəsi olduğunu qeyd edib. O deyib: “Biz bu layihə ilə Hindistanın bir neçə şəhərində birgə çıxış etmişik. Bu gün isə öz ölkəmizdə tamaşaçılar qarşısına birgə çıxırıq. Burada Hindistan musiqiçiləri ilə yanaşı, bizim musiqimizin əsası olan muğamlarımızdan "Rast"ın üzərində qurulan bir kompozisiya təqdim edirik. Onlar Raqa, biz isə muğam ifa edəcəyik. Ümumilikdə bu, ənənəvi musiqi sintezi olacaq. Burada mənimlə birgə ifaçı kimi iştirak edən solist Vasumati Badrinathan xüsusi həssaslığı ilə seçilən çoxistiqamətli ifaçıdır. Cənubi Hindistan klassik musiqi ifaçısı Vasumathi öz oxuma üslubunda ənənə və müasirliyin gözəl vəhdətini yaradır. O, Avropa və Asiya, Sakit Okean hövzəsi ölkələrində qastrol səfərlərində çoxsaylı konsertlər verib".

Xatırladaq ki, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festival iyunun 25-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.